Füzuli inanır... - Kamal Abdulla - Esse

 

Füzuli başdan-başa bir böyük paradoksun içindədir. Bunun adına "Füzuli paradoksu" deyə bilərik. Füzuli paradoksu kəmiyyət baxımından qeyri-mütənasibdir. Paradoksun bir tərəfində şairin bütün yaradıcılığı, digər tərəfində isə cəmi bir misrası durur. O misra budur: Aldanma ki, şair sözü, əlbəttə, yalandır. İki tərəf - biri bütün yazılanlar, o biri - təkcə bir misra! Bütün yazılanlardan bir ümumiləşdirici misra seçib onların vahid "nümayəndəsi" kimi qəbul etsək, o zaman qarşı-qarşıya bu misralar duracaq:

(1) Daş dələr ahim oxu

                        şəhdi-ləbin şövqindən...

(2) Aldanma ki, şair sözü,

                        əlbəttə, yalandır.

Paradoksun mahiyyəti "yalan" və "doğru" üzərindədir.

Əgər biz 2-ci misranın doğru olduğuna inanırıqsa, o zaman bütün 1-ci tərəf yalan olacaq. Doğrudan da, "ahın oxu ilə daş dəlinməz".

Yox, əgər biz birinci tərəfin bütünlükdə doğru olduğuna (ahın oxunun daş dəldiyinə) inanırıqsa, o zaman ikinci tərəf yalan olacaq. Yəni şairin öz sözünə yalan deməsi, faktiki olaraq, özünü yalançı elan etməsi yalan olacaq. Biz bu tərəflərin ikisindən birinə inana bilərik. Füzuli isə onların hər ikisinə inanır. "Füzuli paradoksu" Füzulinin sarsılmaz inamının hər iki qütbünü ehtiva edir.

Füzuli bu qlobal qarşıdurma ilə kifayətlənirmi, kifayətlənmir. O, hər qəzəlində, hətta hər beytində belə öz yazdıqlarının "yalan" olduğuna inanır. Amma Füzuli eyni zamanda özünün o yeganə "üsyankar" misrasına, bütün yazdıqlarının yalan olduğunu iddia edən misrasına da inanır. Başqaları şübhə edərdi, Füzuli inanır.

Füzulinin inamından yazmaq onun bütün yaradıcılığından, hər beytindən, hər misrasından yazmaq deməkdir. Amma bəzən Füzulinin inamı onun qəhrəmanlarına - hökmən Leyliyə, yaxud hökmən Məcnuna aid olmur.

Leyli öz ölümü ilə barışdıqdan sonra Məcnunu da "tərki-aləm" eləməyə dəvət edir. Anası ilə ona öz vəsiyyətini göndərir. Bu vəsiyyət Məcnuna artıq sanki o biri dünyadan gəlib çatır. Leyli Məcnuna xitabən deyir:

...Gər sadiq isən bu yolda sən həm

Səbr eyləmə, eylə tərki-aləm.

Gəl kami-dil ilə olalım yar

Bir yerdə ki, yoxdur onda əğyar...

Və nəhayət, möhtəşəm sonluq! Bütün vəsiyyət boyu və xüsusilə, sonluqda inamdan çox inamsızlıq, əminlikdən çox şübhə var:

Məndən səni eyləmək xəbərdar

Bismillah, əgər iradətin var.

Leyli öz dediklərinə inanırmı? Şübhəsiz, inanır. Çünki buna Füzuli inanır. Leyli nəyə inanır? Məcnunu öz arxasınca çağırmaq haqqına. Əğyarsız aləmdə yaşamaq imtiyazına. Azad və şad-xürrəm olmasına.

Bəs Leyli Məcnunun onun arxasınca "səbr etməyəcəyinə" və "tərki-aləm eləməyinə" necə, buna da inanırmı? Buna Leyli inanmır. Çünki Məcnunun belə bir iradə sahibi olmasına ümidi yoxdur. İş burasındadır ki, Füzuli özü də bu məqamda Məcnuna inanmır. Məcnunun "iradət" sahibi olmasına hər ikisinin şübhəsi var. "Bismillah, əgər iradətin var" - Bu, Leylinin şübhəsini açıq-aşkar göstərir. Əslində, Leyli Məcnuna "əgər iradətin varsa" deyir. "Vəsl arzusu ilə verdi canın..." - bunu da Füzuli Leyli barəsində deyir. "Arzusu ilə!" sözünü işlədir. Arzu etmək hələ qəti inam deyil. "Arzu" sözündə istək, dilək, hətta tərəddüd, şübhə çalarları var. Arzu daha çox ümiddir. Füzuli ona inanır ki, Leyli şübhə edir; Leylinin ümidi var, amma Leylinin inamı yoxdur.

Və "xirədmənd" şair adından, yəni Füzulinin öz adından bu hissənin sonunda yer almış qəzəl Leyli kimi dünyadan köçənlərə, sanki bir təsəlli amacı ilə deyilir. Şair "əsiri-nəfs" olan "əhli-cahan"ın fəna qədrini bilməməsindən gileylənir və bu hissin - dünyadakı nəfsdən azad olma və fəna qədrini bilmə hissinin ancaq onun özünə - Füzuliyə "müsəlləm" olmasına (təsdiqlənməsinə, aidiyyatına) inanır. Beləliklə, Füzuli özü özünə inanır.

Əhli-nəfsdir əhli-cahan, bilməz fəna qədrin

Füzuli, tərki-təcridi sənə ancaq müsəlləmdir.

Bu beytin içində Füzuli vardır. Bu beytin içində Leyli vardır. Bəs bu beytin içində Məcnun dəxi varmıdır?! O da var. "Tərki-təcrid" adlı bu hiss dirilərdən ancaq Füzuliyə "müsəlləmdirsə", "fəna qədrini" fənaya uğrayanlar, o cümlədən, Leyli əgər bilirsə, bəs Məcnunun payına nə düşür?! Məcnun hələ ki bu beytdə "əhli-nəfs"ə uymuş "əhli-cahan" tərkibindədir, başqa yerdə deyil. Şair vaxtilə "Məndə Məcnundan füsun aşiqlik istedadı var, Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var" sözlərini nahaqdan deməmişdi...

Məcnun o zaman Məcnun olardı ki, o, Leylinin ölüm xəbərini almamış "tərki aləm" eyləmiş olaydı. Əsərin daxili ruhu, daxili məntiqi belə deyir. Məcnun isə öz aləmində olan üsyankar bir ruhdur, son dərəcə müstəqildir və əslində, əsərin müəllifinə əməlli-başlı müqavimət göstərən yeganə obrazdır. Məcnun, təbiri-caizsə, "materialın müqavimətidir". Bunun üçün də o, hərdən əsərin daxili ruhundan kənara çıxır, onunla uyğunlaşmır. O, Leylinin ölüm xəbərini alandan yalnız sonra (!) ah-naləyə başlayır. Və Füzuli məhz bu zaman ona inanmır. Hətta onun "az qaldı ki, naləsilə dildar ol xabi-əcəldən ola bidar" deyərək çəkdiyi əzab da şairə yetərli görünmür. Çünki xabi-əcəldən Leyli bidar olmur. "Az qaldı" burada sonsuzluğa bərabərdir. Və burada "əqli-huşunun getməsi"nə, "naləsinin ərşə qalxması"na baxmayaraq, Füzulinin Məcnuna hələ də inamsızlığı Məcnunun Zeydə dediyi sözlərdə öz əksini tapır. Zeyd Məcnuna Leylinin ölüm xəbərini gətirmişdi. Məcnunun ona dedikləri bəs nədir?       

Netdim sənə, qəsdi-canım etdin?

Qəsdi-dili-natəvanım etdin?

Belə çıxmırmı ki, Məcnun can hayındadır?! Belə çıxır.

"Əhli-nəfs" hənirtisi gəlmirmi bu misralardan? Gəlir.

Budurmu Məcnun? Əgər həqiqətən də, onun "qəsdi-can"ına qıyılırsa, bu, Məcnunu nə səbəbdən belə pərişan edir? Füzuli burdamı nöqtəni qoymalıdır?! Canının, könlünün əldən getməsinə "şərait yaradan" Zeydə töhmət etməsi Məcnunu Leylinin müqabilində hansı mərtəbəyə qoyur?! Füzuli onlardan hansına inanır? Leyliyəmi, yoxsa Məcnunamı?!

Füzuli Leyliyə inanır. Gorünür, İntibah dövründə - həm Qərbdə həm də Şərqdə eşq aləmində sevgili dildarın arxasınca ölümə getmək kifayət deyil. Əsas olan budur - sən bu ölümə necə gedirsən?

Füzuli Məcnunla bağlı öz əsərinə bu şəkildə nöqtə qoya bilməzdi. Bəlkə də o bunu istəmir. İnanmaq istəyir ki, istəmir. O bilir. Bilir ki, çox vacib bir vəzifəsi var. İndi o, Məcnunu xilas etməlidir. Məcnun yenə də əsərin ruhuna girməli, fəna dünyaya ləyaqətlə daxil olmalıdır.

Füzuli bunun üçün nə edir?!

... Məcnun Leylinin məzarı üstündədir. Hətta burada belə, o, əsərin daxili ruhundan çıxmağa hazırdır. Onun Leyliyə ünvanlanmış sualı budur:

Həmrahım idin bu yolda, ey mah,

Həmrahı qoyub gedərmi həmrah?!

Sualdakı əhli-nəfsin kölgəsi yenə də az qalır işığın qabağını tamamən kəssin. Amma bir qədər sonra Leyli yox, Məcnunun özü sanki yuxudan oyanır, ayaqları altında heç bir dayaq hiss etmədiyinin fərqinə varır və yenidən süjetə qayıdır, əsərin ruhuna daxil olur. Çünki Məcnunun başqa çarəsi yoxdur. Füzuli ona onun gedə biləcəyi heç bir yol qoymamışdır. Biz nakam aşiqin əcələ müraciətində bunu aydın şəkildə görürük. Məcnun əcələ belə deyir:

Qurtar məni iztirabi-qəmdən,

Ver müjdə vücudimə ədəmdən.

Rəf et nə isə arada hail,

Eylə məni ol nigara vasil.

Artıq Məcnunun əcəldən dilədiyi nəfsi-aləmdən azad olmaqdır, bu dünyanın qəmini kədərini, möhnətini atmaqdır. O, yenə də əsərin daxili ruhunun içindədir. Sonrakı beytdə isə təkcə içində olmaqla kifayətlənmir, o bu ruha qovuşur:

Təklifi-vüsal edər mənə yar,

Bir xəlvətə kim, yoxdur əğyar

Mən getməmək eyləsəm xətadır...

Bu isə artıq Leylinin vəsiyyətinə birbaşa cavabdır. Leyli o dünyada və Füzuli bu dünyada rahat nəfəs alır. Məcnun yenə də onlarınkıdır.

Yenə də Füzulinin inamı özünə qayıdır. Elə indicə Məcnun ilə Leyli ruhən qovuşdular. Və Füzuli yenidən Məcnuna inandı. Onun canını yenidən onun özünə etibar etdi. Füzuli artıq əmindir ki, Leylisiz can bu aləmdə Məcnuna gərək deyil:

Guya ki, əlində idi canı

...Çün qıldı nigar tərki-aləm

Bu aləmi tərk qıldı ol həm.

Tam oxşarlıq. Tam bənzərlik. Tam birləşmə və qovuşma. Ruhların təntənəsi. Leylinin vəsiyyətindəki şübhənin tamamən yox olması və Məcnunun "iradəti". Leyli inanmırdı. Füzuli inandı. Əğyarlar olmayan məkanda iki nakam aşiqin yer ala bilmə haqqına inanan yenə də Füzuli oldu!

Başqaları çaşqınlıq içrə tərəddüd eyləyərdi. Füzuli inanır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!