Uzaq sahillərdə - Balkanlarda Azərbaycan mədəniyyətinin Cavid bayrağı - Azər TURAN yazır - Azər TURAN

Azər TURAN

Monteneqroda gecədir. Fateh zamanında Osmanlı kisvəsinə bürünsə də, elə onda da, indi də ruhunda slav mədəniyyətini hifz edən Monteneqroda Cavidi anmaq, Cavidə dalmaq xoşdur. Vaxtilə Cavid pantürkist olaraq suçlanmışdı. Əslində, pantürkizm panslavizmə qarşı meydana çıxmış türk qövmi özünüdərkinin siyasi xəttiydi. İndi isə burda, Monteneqroda, yəni vaxtilə osmanlının vilayəti olmuş, osmanlı təbirincə desəm, Balkan şibhi-cəzirəsində (yarımadasında), indiki halıyla gözəl bir Avropa ölkəsində (və NATO üzvü olan ölkədə) Cavidin "İblis" faciəsi nəşr olunub. Türklər demiş, "Gün doğmadan nələr doğar".

Monteneqroda gecədir. Yaddaşımızın uzaq sahillərindən - Adriatik dənizindən əsən rüzgar "Boscovich" otelinin pəncərəsindən otağıma yayılır, Cavidlə bağlı yaşantılarıma, duyğularıma sığal çəkir. Belə gecələr insan ömrünə bərabər paylanmır. Mən bu hissi İstanbulda da, Ankarada da, Əskişəhərdə də, Daşkənddə də, Alma-Atada da yaşamışam. Amma bu doğma şəhərlərin heç birində Cavidin abidəsi yoxdur. Burda isə... Cavidin sözü ilə desəm, "Avropanın yeşil bir yaylasında" - bir otel otağında və gecədən keçmiş bu sətirləri yazdıqca düşünürəm: bu nə möcüzədir ki, Adriatik dənizinin sahillərində Balkan mistikasını yansıdan bu qəribə şəhərdə Cavidin büstü var. Bayaq Podqoritsanın "Kral parkı"nda Cavidin abidəsini ziyarət edərkən bir daha inandım ki, bu heykəl kosmosdakı Cavid planetinin varlığından az əhəmiyyətli deyil, bəlkə daha önəmli hadisədir. Azərbaycanın müstəqilliyi Cavidin heykəlləşmiş xəyalını Avropaya 2013-cü ildə qovuşdurub. Altı il sonra - 2019-cu ildə isə Cavid Monteneqro vətəndaşının yaddaşına "İblis" faciəsi ilə daxil olur. Bu abidə də, abidənin ardınca bu kitab da bayraq kimidir - Balkanlarda Azərbaycan mədəniyyətinin Cavid bayrağı...

Bu torpaqlar ədəbiyyat adına mənim nəzərimdə daha çox İvo Andriçin torpaqlarıdır. Drina çayı həm də Monteneqrodan axır. İvo Andriçin qələmi Avropanın və Asiyanın ayrılan kültürlərini Drina körpüsündə birləşdirmişdi. Cavid bu gün Monteneqroya qədər gəlmiş "İblis" faciəsini kültürlərin ayrıldığı, mədəniyyətlərin toqquşduğu və çarpazlaşdığı həmin dönəmdə - Birinci Cahan hərbi sıralarında qələmə almışdı...

Balkanlarda əfsanəvi partizan Mehdi Hüseynzadəni çox sevirlər. İndi bu sevgiyə əfsanəvi Cavid sevgisi də əlavə olundu.

22 oktyabr 2019 Monteneqro

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!