İlyas Əfəndiyevlə başlanan yol - Kənan Hacı yazır - Kənan HACI

Kənan HACI

 

Hərdən kitabxanamda rəflərdə səliqə ilə düzülmüş kitablara nəzər salıram və bu kitabların hər biri yaddaşımda müxtəlif xatirələri oyadır. Yeniyetməlik, gənclik çağlarımda aldığım kitablar, avtoqrafla mənə bağışlanan kitablar, dostların hədiyyə etdiyi kitablar - hamısı ayrılmaz dostlar kimi bir-birinə sığınıb. Bu kitabların hər biri ayrı-ayrı mövzuları, fərqli məkan və zamanları əhatə etsə də bu, onların eyni cərgədə düzülməyinə mane olmur. Bu kitabların içində həmişə məndə qəribə, izaholunmaz duyğular oyadan altı kitab da var - xalq yazıçısı  İlyas Əfəndiyevin 1984-cü ildə nəşr edilmiş 6 cildliyi.

1984-cü ildə mənim cəmi doqquz yaşım vardı. İkinci sinfə gedirdim və ədəbiyyat müəlliməsi olan anam məni kənd kitabxanasına üzv yazdırmışdı. Doqquz yaşım olanda mən artıq "Koroğlu" dastanını oxuyub bitirmişdim, anamdan mənə təzə kitablar almasını xahiş edirdim. İndi düşünürəm ki, mənim uşaqlıq xəyallarımın inventar təsvirini tərtib etmək lazım gələrsə, kitablardan özgə heç bir əşya, predmet tapmaq mümkün olmayacaq. Həmin ilin ilıq yaz günlərindən birində İlyas Əfəndiyevin 70 illik yubileyi canlı yayımla efirə verilirdi. Yubiley gecəsi Akademik Milli Dram Teatrında keçirilirdi. Həmin yubiley gecəsini mən necə böyük bir intizarla gözləyirdim, indi bunu sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Mənim sevdiyim yazıçının yubileyi idi və bu yubiley mənim uşaq dünyam üçün ən böyük bayram idi. Bu yazını yazarkən internet vasitəsilə həmin yubileyin videogörüntülərinə baxdım və qeyri-adi hisslər keçirdim. Həmin kadrlarda Azərbaycan ədəbiyyatının və mədəniyyətinin çox böyük simaları görünür və indi onların böyük əksəriyyəti bu dünyada yoxdurlar. Bu, əlbəttə, insanda dərin bir kədər hissi oyadır. Amma digər tərəfdən düşünürsən ki, onların yaratdığı əsərlər bu gün də yaşayır və onları da yaşadır. İndi, aradan 35 il keçəndən sonra həmin kadrlara baxanda həm də məni ədəbiyyata sevgi hissiylə böyüdən, tərbiyə edən valideynlərimi də minnətdar duyğularla xatırlayıram. Mən uşaqlığımın ən böyük sevinclərini belə yaşamışam...

Kəndin yuxarısında kiçik bir kitab mağazası vardı, o mağazanın müdiri kök, qırmızıyanaq bir kişi idi. Anam ona tapşırmışdı ki, İlyas Əfəndiyevin kitabları gələndə hökmən onun üçün saxlasın. Əvvəlcə anam birinci cildi alıb evə gətirdi və mən qəribə bir şövqlə bu kitaba sarıldım, kitabdakı hekayələri ("Qəhrəman ilə bülbülün nağılı", "Qırçı və qırmızı çiçək", "Yun şal", "Qarı dağı", "Apardı sellər Saranı" və s.) nağıl kimi oxumağa başladım. Nağılvari təhkiyə məni necə sehrləmişdisə mənim üçün dünyada tək bir yazıçı vardı, o da İlyas Əfəndiyev idi. O, mənim oxuduğum ilk yazıçı idi. Mən hər dəfə uşaqlığımı xatırlayanda gözümün önünə İlyas Əfəndiyev və onun altıcildliyi gəlir. "Söyüdlü arx"dakı Nuriyyə, "Körpüsalanlar"dakı Səriyyə, Adil, Qəribcan, "Üçatılan"dakı Ərşadla Sərvinaz və digər obrazları xatırlayıram. Sözsüz, bu əsərlər doqquz-on yaşlı uşağın qavraya biləcəyi əsərlər deyil, mən sonralar dönə-dönə bu əsərləri oxudum və onların ədəbi-bədii, estetik mahiyyəti haqda düşündüm. Bu əsərlərin XX əsr insanının yaşayış tərzinə, mənəvi dünyasına necə güclü təsir göstərdiyi şübhəsizdir. İnsan nə qədər müasirləşsə də, modern dünyanın bir hissəsinə çevrilsə də, ona xas olan ali keyfiyyətlər dəyişmir və bu keyfiyyətlər dəyişmədikcə də İlyas Əfəndiyevin əsərləri hər zaman aktuallığını, mənəvi-əxlaqi dəyərini qoruyub saxlayacaq. Dünya fırlandıqca keçmiş yenidən doğulur və hər şey təkrarlanır. Məsələn, "Söyüdlü arx" romanında baş verən hadisələr bu gün də başqa formada təkrarlanır, lakin insanlar belə situasiyalarda necə davranırlar? Nuriyyə Muradı sevir, lakin tale onların yolunu ayırır, illər keçəndən sonra onlar yenidən qarşılaşırlar. Nuriyyə Muradın evli olduğunu bildikdən sonra onun səadətinə mane olmur, onun həyatından çəkilib gedir. Çağdaş dünyamızda sevgi duyğusunun bütövlüyünü korlayan, onun bütün dolğunluğu ilə gerçəkləşməsinin qarşısını alan bir psixoloji vəziyyət yaranıb. Çoxlarının yaşadığı bu psixoloji vəziyyətin adı özünün fərdi bütövlüyünü itirmək qorxusudur. Nuriyyə bitkin, bütöv xarakterdir. O, xoşbəxtliyini başqasının səadəti üzərində qurmağı özünə rəva görmür, sevgisini içində yaşadır. Yazıçı onun daxili aləmini ustacasına açır, müəllifin lirik-psixoloji üslubu qadın dünyasının mübhəm, pünhan nöqtələrinə qədər nüfuz edir. Oxucuda Nuriyyəyə qarşı rəğbət hissi yaranır, bu qadının daxili-mənəvi iztirabları onu insan olaraq formalaşdırır. Ümumiyyətlə, İlyas Əfəndiyev yaratdığı bütün qadın obrazlarında qadının sirrini açmağa çalışır, qadın hisslərinin nəfis konstruksiyasını qurur, qadının düşüncə tipologiyasını müəyyənləşdirməyə çalışır. Amma sonda qadın yenə sehrini özündə saxlayır. Bu, yazıçının gücsüzlüyü deyil, əksinə, onun qələbəsidir.

Dünyanı gerçəkliyindən ayırıb mikrokosmos olaraq özünün dünyasını yaratmaq və bu yolla insanlığı anlatmaq yazıçının ilahi missiyasıdır.  Dünya ədəbiyyatında belə misallar çoxdur; Folkner Yoknapatava adlı bir ölkə yaratmışdı və bu ölkədə insanları, təbiəti, Günəşi anladırdı. Bilmirəm, İlyas müəllimin Folkner yaradıcılığına münasibəti necə idi, amma bildiyimə görə ən çox sevdiyi yazıçılar Balzak, Stendal və Heminquey olub. Adlarını sadaladığım bu üç yazıçı da öz ədəbi dünyasını yaratmış qüdrətli yazıçılar idilər.

İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatında yeni dövrün bədii düşüncə tərzinin dəyişməsi üçün zəmin hazırlayan görkəmli yazıçılardan biri idi. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost" romanları 30-50-ci illərin ədəbi meyarlarını, leksikonunu, məzmun və mündəricəsini büsbütün dəyişdirdi, yazıçı Azərbaycan nəsrinə yeni paradiqma gətirdi.  Ədəbiyyata canlı insan obrazı gəldi. Bu əsərlər direktiv ədəbiyyata meydan oxudu. Bu yeniləşmə İlyas Əfəndiyevin Azərbaycan nəsrində ən böyük xidməti və uğuru idi. Bu baxımdan o, sözün əsl mənasında novator yazıçı idi. Həmişə düşünmüşəm ki, bizimlə eyni dünyanı yaşayıb eyni dili paylaşanları, bu dili yaradanları, zənginləşdirənləri, saflaşdıranları oxumadan dünyanın dilini anlamaq müşküldür. Nə yaxşı ki, biz əlifbanı, sözləri öyrənən vaxtımızda İlyas Əfəndiyev və onun mənsub olduğu ədəbi nəslin yazdığı əsərləri oxuduq. Əbülhəsən, Əli Vəliyev, Süleyman Rəhimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı və bu kimi müqtədir sənətkarlar bizim üçün ədəbi dil arsenalı qoyub getdilər. Gənc yazarlarla tez-tez ünsiyyətdə oluram və hər dəfə məndən soruşurlar ki, hansı yazıçıları oxumağı məsləhət görürsünüz?  Mən də hər dəfə yuxarıda adlarını çəkdiyim yazıçıların adlarını sadalayıram. Gedib oxuyurlar və bir-birlərinə tövsiyə edirlər ki, siz də bu yazıçıları mütləq oxuyun. Dil zənginliyi, süjet mükəmməlliyi, xalq həyatına, folklora dərindən bələdlik, müşahidə, fəhm  -  yazıçı üçün vacib olan bu  komponentlər  yazmağa yenicə başlayan gənclər üçün əyani vəsaitdir. XX əsr mürəkkəb və ziddiyyətli dövr idi və dövrün mənzərəsi onların, xüsusən də İlyas Əfəndiyevin yaradıcılığında daha qabarıq nəzərə çarpır. Ən çox da "Geriyə baxma, qoca" romanında. Bu roman təkcə bir elatın başına gələnlərdən bəhs etmir, həm də Azərbaycan xalqının taleyi romanda sənətkarlıqla təsvir edilir.

İlyas Əfəndiyevin romanları "külli-Qarabağın ab-həyatı"nı özündə əks etdirir. Yazıçının düşüncəsinə görə, doğma torpağın qoruduğu dəyərlər əbədidir. Öz kökündən qopmuş yazıçı heç vaxt bəşəri ola bilməz. Yazıçı hər şeydən əvvəl öz xalqının dilinin, mənəviyyatının, düşüncəsinin daşıyıcısıdır. İlyas müəllim də "Geriyə baxma, qoca" romanında minilliklərdən süzülüb gələn arxetiplərə söykənir, xalqın etnoqrafiyasından, folklorundan qaynaqlanaraq bənzərsiz bir roman yaradıb. Bu cümlələri yazarkən unudulmaz ədəbiyyatşünasımız Yaşar Qarayevin İlyas Əfəndiyev yaradıcılığı haqqında fikirlərini xatırladım. Yaşar müəllim yazılarından birində qeyd edirdi ki, İlyas Əfəndiyevin yaradıcılığı küll halında səkkizinci "Qarabağnamə"dir.

Bütün böyük əfsanələr, dinlər, fəlsəfələr bizə həyat haqqında təməl gerçəkləri öyrədir. Bütün böyük romanlar zatən bildiyimiz, amma o mövzuda böyük bir roman yazılmadığı üçün qəbul edə bilmədiyimiz reallıqları göstərmək üçün yazılır. İlyas Əfəndiyev də həyatı ədəbiyyata gətirir, təbii ki, olduğu kimi deyil, ona istedadı vasitəsilə rəng qatır, çalarlar əlavə edir, insan xarakterlərini sözlər vasitəsilə cilalayır və nəticədə həyatın bir parçası romana çevrilir.

Onun nəsri xalqın minilliklərdən gələn arxetipi üzərində kök atmışdı. Bəy nəslindən olduğu üçün atası məhrumiyyətlər içində yaşamışdı, onun səsi alınmışdı, bu ailəyə "kulak" damğası vurulmuşdu. İlyas Əfəndiyevin uşaqlığı belə bir ağır mühitdə keçmişdi. Amma aydın, işıqlı düşüncəsi onu "Aydınlıq gecələr"dən keçirib nurlu sabahlara aparıb çıxartdı. İlyas müəllim Tanrının verdiyi istedad payı ilə özü özünü yaratdı, taleyini özü yazdı. "Kənddən məktublar"la başlanan yol təxminən altmış illik bir zamanı əhatə elədi və İlyas Əfəndiyevin yaradıcı zəkası ədəbiyyatımızı bir-birindən maraqlı, mükəmməl əsərlərlə zənginləşdirdi. İlyas Əfəndiyev Azərbaycan nəsrində lirik-psixoloji üslubun yaradıcılarından idi. "Sən həmişə mənimləsən", "Unuda bilmirəm" pyeslərini kim xatırlamır ki? Onun yaratdığı obrazlar XX əsrin insanları idi, gənclər idi. Bu əsərlərdə gənclərin hiss və duyğuları, düşüncələri, gələcəklə bağlı xəyalları öz əksini tapırdı. Oxucular bu obrazlarla empati qururdular, özlərini bu obrazlara bənzədirdilər, onlar kimi yaşamağa, onlar kimi sevməyə, onlar kimi mübariz olmağa çalışırdılar.

Qloballaşan dünyada insanlar sürətlə dəyərlərdən, insanı insan edən ali keyfiyyətlərdən uzaq düşürlər. Bu, əlbəttə, bütün qələm adamlarını narahat edir. Bu gün İlyas Əfəndiyev yaradıcılığına əvvəlkindən daha çox ehtiyac var. Çünki onun əsərləri insanda insanı oyadır, katarsis baş verir və insan öz ruhunun dərinliklərindəki işığa qovuşur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!