Kazımzadə Kazım Ziya, yaxud məhbəsdə oynanılmış rol - Cəlal Qasımov yazır

Kazım Ziyanın ilk tamaşalarından biri "Bəxtsiz cavan" olmuşdur. Maraqlıdır ki, "Bəxtsiz cavan". K.Ziyanın təkcə səhnədə deyil, həm də həyatda yol yoldaşı oldu.

 

İntibah və renessanslar zamanı Nizamilər, Füzulilər, Puşkinlər, Dostoyevskilər, Tolstoylar, Şekspirlər, Cavidlər doğulur, inkvizisiyalar və totalitar rejimlər zamanı isə Fironlar, Stalinlər, Hitlerlər yetişir. Həmişə və hər yerdə intibahla inkvizisiya biri-birinə əks qüvvələr kimi doğulur və mübarizə aparır. Ən böyük fəlakət də hakimiyyət kürsüsündə irtica əyləşəndə baş verir. Bu zaman sənət də, ədəbiyyat da, mədəniyyət də, elə sənət adamları da, ötən əsrin 30-cu illərində olduğu kimi, despot hakimin kin, həsəd və qəzəb maşınının dəyirmanında üyüdülür.

Milli-ictimai həyatın, konkret tarixi inkişaf və hərəkatın, real gerçəkliyin fəlsəfəsini, qanunauyğunluğunu özünəməxsus ifadə və deyim tərzi ilə birbaşa səhnədən, geniş auditoriyadan xalqa çatdıran, fenomenal yaddaş sahibi Kazım Ziya Kazımzadə də totalitar rejimin ağrı-acısını yaşadı.

O, 1930-cu illərin mənəvi-psixoloji sarsıntılarını təkcə ictimai həyatda deyil, həm də Xalq Daxili İşlər Komissarlığının (XDİK) məhbəsinin dar kameralarında iki dəfə yaşadı. Lakin möhkəm iradəsi, dözümü, sabit və dəyişməz xarakteri ilə XDİK müstəntiqlərinin ona qarşı hazırladığı uydurma, saxta fakt və sənədləri, müttəhim ifadələrini, danosları inamla rədd etdi. Səhnədə xalqı, milləti, zindanda isə vicdanı ölmüş müstəntiqləri öz haqq işinə, mənəvi-əxlaqi təmizliyinə inandıra bildi.

Səhnədə oynadığı obrazlar və qiraət etdiyi şeirlərlə altun dünyasına, insanın istismarına, nadanlığa, cəhalətə lənət oxuyan, özü isə kasıb bir aktyor həyatı yaşayan K.Ziya 1932-ci ildə valyuta saxlamaqda ittiham edildi. O, istintaqa sübut etdi ki, valyuta ilə onun həyat tərzi arasındakı məsafə "zülmət" kəlməsi ilə "ziya" sözü arasındakı leksik-semantik mənadan da uzaqdır.

Məlumdur ki, o, səhnədə H.Cavidin İblisini də oynayıb, lakin bu, səhnə idi, onun yaratdığı İblis isə bədii əsər qəhrəmanı. K.Ziya həyatdakı daha amansız, daha qəddar iblisləri, onların qurduğu qətl tələlərini isə görməmişdi. 1932-ci ildə o, azadlığa buraxılsa da, növbəti bəlalarla, daha tragik-dramatik situasiyalarla üzləşəcəyini təsəvvürünə belə gətirmirdi. XDİK-in müstəntiqləri isə bu görkəmli sənət adamını nəzarətlərindən kənarda qoymur, barəsində yeni-yeni sənədlər və faktlar toplayır, həbs olunan teatr xadimlərindən onun əleyhinə fiziki-mənəvi işgəncələrlə ifadələr alırdılar. Kazım Ziyanın iş yoldaşı Ələkbər Seyfinin həbsi onun da növbəti dəfə zindana salınmasına şərait yaratdı.

Beləliklə, 1896-cı ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində kəndli ailəsində anadan olan, Məşədi Əzizbəyov adına Teatrın aktyoru Kazımzadə Kazım Ziya Cəfər oğlu əksinqilabi millətçi üsyançı təşkilatın üzvü kimi Az.SSR CM-nin 64, 73-cü maddələri ilə təqsirli bilinərək, Novruz bayramında - 22 mart 1938-ci ildə Az.SSR XDİK-in müavini dövlət təhlükəsizlik (DT) mayoru Borşevin imzaladığı orderə əsasən ikinci dəfə həbs edildi (Bax. DTX-nin arxivi. Kazımzadə Kazım Ziyanın istintaq qovluğu, PR-11722, səh. 3).

Kazım Ziya Kazımzadənin evində axtarış aparılması üçün 23 mart 1938-ci il tarixdə K-746 saylı order imzalanmış və 24 mart 1938-ci il tarixdə əməliyyat müvəkkili Qaravəliyev onun Vodovoznaya 13 küçəsindəki 12 №-li mənzilində axtarış aparmışdır. Axtarış zamanı onun mənzilindən pasport, hərbi və həmkarlar biletləri, müxtəlif yazışmalar və fotoşəkillərdən başqa heç bir şey tapılmamışdır. 01.08.38-ci ildə tərtib edilmiş akta əsasən axtarış zamanı Kazım Ziyanın evindən tapılmış müxtəlif yazışmalar və sənədlər istintaq üçün əhəmiyyət kəsb etmədiyindən təəssüf ki, məhv edilmişdir.

02.08.38-ci ildə Az.XDİK DTİ-nin 4-cü şöbəsinin rəis müavini, DT baş leytenantı Atakişiyev tərəfindən təsdiq edilmiş qərarda Kazımzadə Kazım Ziya Cəfər oğluna əksinqilabi millətçi üsyankar-terrorçu təşkilatın iştirakçısı kimi əlavə olaraq Az.SSR CM-nin 21/70-ci maddələri ilə də ittiham irəli sürüldü (DTX-nin arxivi. Kazımzadə Kazım Ziyanın istintaq qovluğu, PR-11722, səh. 5).

Bu istintaq işində irtica və inkvizisiya, yalan və həqiqət, xeyir və şər, zalım və adil, iblis və mələk üz-üzə, göz-gözə dayanır. Bir aktyor kimi, Kazım Ziya irtica, yalan, şər və iblisə qarşı öz oyununu məharətlə, həm də geniş və işıqlı səhnədə, tamaşaçı qarşısında deyil, kamerada, dar və qaranlıq məhbəsdə, müstəntiq qarşısında oynamalı idi. Bu bir aktyorun monoloqu deyil, Xeyirlə Şərin, İblislə Mələyin və nəhayət, müttəhimlə müstəntiqin dialoqu idi.

NKVD müstəntiqlərinin hazırladığı ssenaridən K.Ziya bixəbər idi. O bu tamaşada hər hansı bir ədəbi əsər qəhrəmanını yox, məhz özünü oynamalı, mənəvi-əxlaqi keyfiyyətlərini açmalı, vahidliyini, bütövlüyünü göstərməli idi.

Belə demək mümkünsə, ilk məşqlər zamanı (oxu: istintaq zamanı) Kazım Ziya dublyorsuz və suflyorsuz özünü oynadı, yəni 1938-ci il martın 25-də, aprelin 22-də və iyulun 23-də verdiyi ifadələrində əksinqilabi millətçi təşkilatın üzvü olduğunu qətiyyətlə inkar etdi.

Zamanın, rejimin və rejissorun (oxu: müstəntiqin) müdaxilə, remarka və replikaları, fiziki işgəncə və mənəvi iztirabları ona özünün obrazını yaratmağı yox, XDİK-in istədiyi Kazım Ziyanı təqlid etməyi diktə etdi.

Beləliklə də, müstəntiqin arzu və istəyinə uyğun obraz yaradan Kazımzadə Kazım Ziya 28-29 iyul 1938-ci ildə verdiyi ifadələrində Azərbaycanda fəaliyyət göstərən əksinqilabi millətçi təşkilatın üzvü olduğunu "etiraf" edir. O, həmçinin etiraf edir ki, "1928-ci ildə Tiflisə qastrol səfərinə gedərkən tanış olduğum Kirovabad Dövlət Teatrının direktoru Seyfi Ələkbər (o zaman Seyfi Ələkbər "Zarya Vostoka" qəzeti redaksiyasında işləyirdi - C.Q.) tərəfindən 1936-cı ilin sonunda bu təşkilata cəlb olunmuşam. Bakı teatrına dəvət olunduqdan sonra mən ilk günlərdən onunla ən yaxın münasibət qurdum, bundan sonra tez-tez xidməti və şəxsi görüşlərimiz oldu".

Müstəntiqin "əksinqilabi millətçi təşkilata cəlb edilməyinizin səbəbləri barədə ətraflı danışın" replikasına o, belə cavab verir: "Seyfi Ələkbərə mənim xüsusi hörmətim var idi və onun hər bir məsləhətinə, hər bir sözünə hörmətlə yanaşırdım. O mənə inanır və demək olar ki, hər bir şəxsi və xidməti məsələlər üzrə mənimlə dərdləşirdi. Ona görə də Kirovabad Teatrında (1937-38-ci illərdə) işləyərkən o mənə Sovet quruluşundan narazı olduğunu bildirərək "bizi, mədəni azərbaycanlıları hökumət qiymətləndirmir və hazırkı cəmiyyətdə azərbaycanlıların hüquqları məhdudlaşdırılmışdır. Azərbaycanlılar üçün rəhbərliyin yanına getmək çətinləşmişdir, hər yerdə rus dilini bilmək tələb olunur" - dedi. O, demək olar ki, tez-tez Sovet hakimiyyətinə və ÜK(b)P-na qarşı böhtanlar yağdırır, bunlar haqqında bəzən lətifə şəklində danışırdı.

"Bütün bu antisovet millətçi xarakterli söhbətlər mənə müvafiq əksinqilabi təsir göstərirdi. Mən həmişə Seyfi Ələkbərin dedikləri ilə razılaşırdım. Mənim söhbətlərimdən də, Seyfi Ələkbər mənim teatr fəaliyyətim dövlət tərəfindən qiymətləndirilmədiyinə görə, Azərbaycandakı Sovet hakimiyyətinə və Kommunist Partiyasının rəhbərliyinə qarşı mənfi münasibətdə olduğumu bilirdi. Mən bir neçə dəfə əməkdar artist adı almaq iddiasında olmuşam. Beləliklə də, mən antisovet mövqeyində möhkəmlənmişəm".

O, fikrini davam etdirərək bildirirdi ki, 1936-cı ilin sonunda Seyfi Ələkbər ilə olan görüşlərimizin birində mənə bildirdi ki, "Sovet quruluşundan təkcə biz səninlə deyil, bir neçə nəfər azərbaycanlı da vardır ki, narazıdırlar və onlar da Sovet hakimiyyətinin əleyhinədirlər və Azərbaycanın K(b)P MK-nın rəhbərlərinə qarşı mütəşəkkil mübarizə aparırlar. Söhbətimizin sonunda mənə bildirdi ki, Azərbaycanda millətçi təşkilat fəaliyyət göstərir və ona böyük məsul şəxslər rəhbərlik edirlər. O, incəsənət işləri üzrə komitənin keçmiş rəisi R.Axundovun, Az.SSR kommuntəsərrüfatın keçmiş xalq komissarı H.Sultanovun və Mikayıl Hüseynovun adlarını çəkdi. Bundan sonra mənə əksinqilabi təşkilata üzv olmağı və bu təşkilatın işində iştirak etməyi təklif etdi. Seyfi Ələkbərin təklifinə mən razılıq verdim" (DTX-nin arxivi. Kazımzadə Kazım Ziyanın istintaq qovluğu, PR-11722, səh. 28-29).

Kazım Ziya bu təşkilatın vəzifə, məqsəd və məramını aşağıdakı kimi açıqlayırdı:

1. Silahlı üsyan təşkil etmək yolu ilə Azərbaycanda millətçi dövlət yaratmaq.

2. Siyasi hakimiyyəti və bütün hakim mövqeləri ələ keçirmək.

3. Fərdi terror tətbiq etmək yolu ilə Kommunist Partiyasının rəhbərlərinə qarşı mübarizə aparmaq.

4. Əksinqilabi təşkilata yeni adamlar cəlb etmək.

5. Millətçi ruhda təbliğat aparmaq.

Seyfi Ələkbərin "əksinqilabi təşkilatın sizə bildirdiyi vəzifələri ilə həmrəy idinizmi" sualına - "bəli, əksinqilabi təşkilatın vəzifələri ilə tamamilə həmrəy idim", - deyə cavab verir.

Kazım Ziya əksinqilabi millətçi təşkilatın ona məlum olan üzvlərinin adlarını da müstəntiqdən gizlətmir: "Mənə əksinqilabi təşkilatın üzvlərindən "Kirovabad bolşeviki" qəzeti redaksiyasının keçmiş işçisi Cəfər Bağır, M.Əzizbəyov adına Teatrın keçmiş aktyoru Ülvi Rəcəb məlum idi (Maraqlıdır, K.Ziya o şəxslərin adını çəkir ki, onlar artıq həbs olunmuşdular).

Hətta Kazım Ziya əksinqilabi millətçi kimi Seyfi Ələkbərdən aldığı tapşırıqları da müstəntiqə elan edir:

1. Teatrın aktyorları arasında antisovet təbliğatı aparmaq, onlarda Sovet hakimiyyətinə qarşı qəzəbli əhval-ruhiyyə yaratmaq.

2. "Osman-türk" ləhcəsini populyarlaşdırmaq və səhnə vasitəsilə onu Azərbaycan dilinə daxil etmək.

3. Teatrda tamaşaların pozulması və quruluşların aşağı keyfiyyətdə olmasına gətirib çıxaran ziyankarlıq və təxribat işi aparmaq.

4. Əksinqilabi təşkilata cəlb etmək üçün münasib şəxsləri seçmək.

Kazım Ziya bir çoxları kimi, özünə də böhtanlar atır və hansı aktyorlar arasında təbliğat apardığını belə açıqlayırdı: "Millətçi ruhda söhbətləri mən ayrı-ayrılıqda Kirovabad Teatrının aktyoru İsmayıl Talıblı, teatrın aktyorları Səməd Məmmədov və Mir İbrahim Həmzəyevlə aparmışam. Bu şəxslər arasında antisovet söhbətləri lətifə formasında etmişəm. İsmayıl Talıblıya türk millətçi şairi Emin bəyin şeirlərindən oxumuşam. Mən ona əməkhaqlarının vaxtında verilməməsi, teatrda aktyorların şəraitinin pis olması və bunların Sovet hakimiyyətinin, partiyanın düzgün olmayan siyasətinin nəticəsi olduğunu demişəm. Səməd Məmmədov şeirlər yazırdı, mən də onları oxuyub düzəlişlər edirdim. Beləliklə, mən onlarla yaxınlıq edir və antisovet təbliğatı aparırdım. Onların heç biri mənim dediklərimin əleyhinə bir söz demir və mənə müqavimət göstərmirdilər". (DTX-nin arxivi. Kazımzadə Kazım Ziyanın istintaq qovluğu, PR-11722, səh.27-33, 34-43).

31 iyul 1938-ci ildən etibarən K.Ziya əvvəlki ifadələrindən tədricən imtina etməyə və özünü oynamağa başladı. Bunu görən müstəntiqlər onu əvvəlki ifadələrinə qaytarmaq məqsədi ilə 27 aprel 1938-ci ildə Seyfi Ələkbər Seyfulla oğlu ilə üzləşdirdilər. Üzləşmə zamanı da Kazım Ziya əksinqilabi təşkilatın üzvü olmadığını bildirdi (Yenə orada. səh.59).

Kazım Ziya özünün mənəvi-əxlaqi simasını hələ tam açmırdı, müstəntiqin çaldığı havanı zəif də olsa, yenə oynayırdı. O, qrimsiz və geyimsiz premyera gününü - məhkəməni gözləyirdi. Nəhayət, 13 mart 1939-cu ildə Bakı şəhərində Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalının hazırlıq iclası keçirilir. İclasın sədri 2-ci ranq hərbi hüquqşünas Kapustin, üzvləri kapitan Qetmanskiy və baş leytenant Danielyan, katib isə 3-cü ranq hərbi hüquqşünas Xolin olmuşdur.

İclasda eşidildi: Kazımzadə Kazım Ziya Cəfər oğlunun Az.SSR CM-nin 21-70 və 73-cü maddələri ilə ittihamı üzrə iş Hərbi Prokurorluğun təklifi ilə məhkəməyə verilsin.

Müəyyən edildi: Kazımzadə Kazım Ziya Az.SSR CM-nin 21-70, 73-cü və əlavə olaraq 21-64-cü maddələri ilə məhkəməyə verilsin. İttihamçı və müdafiəçi iştirak etmədən, ittihamnaməyə əlavə edilmiş siyahıda adları çəkilənlər (Kirovabad Teatrının baş rejissoru İsmayılov Həbib Əkbəroviç, Cavadov Ağa Hüseyn Xəlil oğlu və Yermakova Mariya Frolovna) şahid qismində çağırılmaqla iş qapalı məhkəmə iclasında baxılmaq üçün təqdim edilsin. Müttəhim K.Z.Kazımzadə üçün cəza tədbiri dəyişdirilməməklə həbs qüvvədə saxlanılsın. (Yenə orada. səh.70).

Yeri gəlmişkən qeyd edim ki, 30-cu illərin çoxsaylı və çoxcildli istintaq qovluqlarında saxlanılan sənədlərdə qapalı məhkəmədə şahid qismində kiminsə iştirakı təsadüfən müşahidə olunan hadisə idi. O illərdə, bir qayda olaraq bütün məhkəmələr qapalı keçirilir və orada şahidlər, müdafiəçilər iştirak etmirdi. Bəlkə də bu, ilk hazırlıq iclası idi ki, belə bir qərar qəbul edirdi.

30 iyun 1939-cu ildə Kirovabad şəhərində Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalının Səyyar Sessiyası Kazım Ziya Kazımzadənin ittihamı üzrə qapalı məhkəmə iclası keçirdi. Məhkəmə öz işinə saat 19-da başladı. Şahid kimi İsmayılov Həbib Əkbəroviç, Cavadov Ağa Hüseyn Xəlil oğlu və Yermakova Mariya Frolovna çağırılmışdılar. Çağırılmış şahidlərdən iclasa ancaq Yermakova Mariya gəlmişdi. Əvvəlki iki nəfərin məhkəməyə gəlməməsinin səbəbi həmin şəxslərin Bakı şəhərində yaşamaması ilə izah edilirdi.

Məhkəmənin sədri Kazımzadədən hər hansı bir xahişi olması barədə soruşduqda o, məhkəməyə şahid kimi artist Cəfərzadə Məmməd Abasqulu oğlunu və aktrisa Orlinskaya Nina Georgiyevnanın çağırılmasını xahiş etmişdir. O qeyd etmişdir ki, onlar mənim direktor Seyfi Ələkbər ilə olan münasibətim haqqında ətraflı danışa bilərlər.

Əvvəl adları çəkilən şahidlərin məhkəmə iclasına gəlməmələri üzürlü sayılır, müttəhim K.Z.Kazımzadənin digər şahidlərin çağırılması haqqında xahişi qəbul edilir.

Əsl məqam yetişmişdi və indi müttəhim Kazımzadə özünü oynamalı, əsl həqiqətləri bəyan etməli idi. O öz monoloquna belə başladı:

"Mənim həbsimdən sonra, məni dindirməyə başladıqda 4 ay müddətində mən özümü heç nədə müqəssir hesab etmirdim, çünki mən əksinqilabi millətçi təşkilatın üzvü olmamışam və heç kim tərəfindən də bu təşkilata cəlb edilməmişəm. Belə bir təşkilatın mövcudluğu da mənə məlum deyildi. Lakin 4 ay həbsdən və mənə qarşı törədilən repressiyadan sonra özümə böhtan yağdırmağa, eyni zamanda müstəntiqə uydurulmuş məlumat verməyə başladım. Əksinqilabi təşkilatın olması haqqında mən heç nə bilmədiyimə və belə bir təşkilatın üzvü olmadığıma görə müstəntiqə dedim ki, "Sizə yalan danışım?". Müstəntiq mənə cavab verdi ki, "Siz yalan danışın, biz aydınlaşdırarıq". Bundan sonra mən müstəntiqə hər cür cəfəngiyat danışmağa, özümə və başqalarına böhtanlar atmağa başladım. Kirovabad Teatrının keçmiş direktoru Seyfi Ələkbərin məni görməyə gözü yox idi. Mənim həyat yoldaşım ilə Seyfi Ələkbərin həyat yoldaşı küsülü idilər. 1935-ci ildə Seyfi Ələkbər məndən başqa, bütün artistlərin əməkhaqlarını artırdı, bununla əlaqədar mən işdən çıxdım. 2 ay mən işsiz gəzdim. Bu haqda şəhər partiya komitəsində Nağıyevə danışdım. Məni teatra yenidən bərpa etmək üçün iclas keçirildi və direktor Seyfi Ələkbərə təklif olundu ki, məni yenidən teatra bərpa etsin. Mən teatrdan çıxıb gedəndən sonra rollarımı teatrın rejissoru İsmayılov Həbib oynayırdı və buna görə də məni yenidən teatra qəbul etmək istəmirdilər, deyirdilər ki, "teatrda yer yoxdur". İsmayılovun bir rejissor kimi teatrda artistlərin rolunu oynamağa ixtiyarı yox idi. Bundan sonra mən Bakıya gəldim, Əzizbəyov adına Teatra düzəldim. Kirovabadda olarkən mən sadə yaşayırdım. Mən Seyfi Ələkbər tərəfindən heç bir əksinqilabi təşkilata cəlb olunmamışdım. Bütün bu uydurma ifadələri müstəntiqə qorxumdan verirdim ki, mənə qarşı repressiya törətməsinlər. Üzləşmədə mən müstəntiqə bildirdim ki, Seyfi Ələkbər mənim haqqımda düz danışmır. Mənim Cavadov Ağa Hüseyn ilə münasibətim pis deyildi. Seyfi Ələkbərin isə Cavadov Ağa Hüseyn ilə münasibətləri çox yaxşı idi. Məsələn, Seyfi mənə mənzil vermədi, Cavadova isə verdi" (DTX-nin arxivi. Kazımzadə Kazım Ziyanın istintaq qovluğu, PR-11722).

Buradan belə nəticəyə gəlmək olar ki, elə Seyfi Ələkbər də müstəntiqlərin fiziki təzyiqlərinə dözə bilmədiyindən Kazım Ziya haqqında yalan ifadələr verməyə məcbur olmuşdur. Doğrudur, Kazım Ziyanın və şahidlərin ifadələrindən aydın olur ki, onların bir-birinə münasibəti o qədər də yaxşı olmamışdır. Lakin işdə baş verən bu inciklik heç vaxt düşmənçilik səviyyəsinə qalxmamışdır. Onları teatr, səhnə və ya həyat yoldaşlarının küsülü olması yox, istintaq prosesində müstəntiqlər süni surətdə bir-birinə düşmən etmişdi.

Məhkəmə zamanı adı və ünvanı, hətta telefon nömrəsi açıq şəkildə göstərilən 20.01.39-cu ildə Az.SSR XDİK-nə ünvanlanmış bir donos da ifşaedici və nüfuzdansalıcı bir fakt kimi Kazım Ziyaya oxunur: "Xalq düşməni, artist Kazım Ziya haqqında sizə aşağıdakıları bildirməyi özümə borc bilirəm:

Mən onu 1925-ci ildən tanıyıram. 1930-cu ildə, Türk Fəhlə Teatrında işləyərkən onunla orada rastlaşmışdıq. Onda mən onu necə lazımdır tanıdım. O öz ətrafına gənc, fəaliyyətə yeni başlayan artistləri toplayaraq millətçi və pantürkist ideyaları genişləndirirdi. Gənc artistlər arasında qadağan olunmuş osman dilindəki ədəbiyyatı yayırdı. Eləcə də osmanlı, pantürkist kitablarından müxtəlif şeirlər köçürüb onlara paylayırdı. Həmçinin pantürkist xarakterli əfsanələr danışırdı. O, osmanlı pyeslərinin bizim teatrın repertuarına daxil edilməsi üçün təbliğat aparır və aktyorlar üçün yalnız pantürkist təxəllüslər seçirdi. Azərbaycan dilində rus sözləri işlədilməsinin qəti əleyhinə idi, deyirdi ki, bizim dilimiz bizə yad sözlərlə zibillənmişdir.

1928-ci ildə Türk Fəhlə Teatrının aktyoru İsmayıl Talıblı (indi respublikanın əməkdar artistidir, Kirovabad Teatrında işləyir) konsertdə çıxış edərkən açıq-aşkar millətçi şair olan Məmməd Eminin şeirini ifa etmişdir. Şeirin məzmunu belədir: "Ey, bizim vətənin göylərində qışqıran, bayquş, Sus, öz gülüşünü dayandır, mənfur...".

Bu şeirlər açıq-aşkar əksinqilabi xarakter daşıyırdı. Onda mən bu mövzuda İsmayıl Talıblı ilə söhbət etdim. O mənə cavab verdi ki, konsertdə bunu ifa etməyi mənə Kazım Ziya tövsiyə etmişdir. Kazım Ziya dəfələrlə öz rollarında düşmən obrazı yaratmış, onları böyük hiss ilə oynamış və bununla onlara böyük rəğbət bəslədiyini bildirmişdir.

"Keçən il, Kazım Ziya Kirovabaddan qayıtdıqdan sonra incəsənət məsələləri üzrə komitə onu bu teatra işə qəbul edilməsi təklifi ilə bizim teatra göndərmişdi. Mən onunla həmkarlar təşkilatının sədri və teatrın rəhbər işçilərinin yanında söhbət etdim. Mən ona hansı günahın sahibi olması barədə açıq etiraf etməsini təklif etdim. O cavab verdi ki, onun heç bir günahı və səhvi yoxdur. O bildirdi ki, Kirovabadda olarkən onun əleyhinə intriqa (və ya fitnə-fəsad) yaradılmışdır. O zaman mən ona xatırlatdım ki, 1930-cu ildə onun əhvalı necə idi. O tutularaq cavab verdi ki, o vaxtlar xalqın düşmənləri elə şərait yaratmışdılar ki, ziyalılar incimişdilər" (DTX-nin arxivi. Kazımzadə Kazım Ziyanın istintaq qovluğu, PR-11722, səh. 18).

Bəşəriyyətə "Bütün dünyanın proletarları, birləşin!" şüarı ilə müraciət edən və guya beynəlmiləlçilik prinsiplərinə üstünlük verən Sovet İttifaqında Türkiyədə yazılmış hər hansı bir əsəri tamaşaya qoymaq, hətta türk şairlərinin kitablarını oxumaq yasaqlanır, eyni zamanda həmin artist, oxucu və ya tamaşaçı üçün cinayət tərkibli iş hesab edilirdi.

Müttəhim K.Z.Kazımzadə bu donosa öz münasibətini belə bildirdi: "Mən İsmayıl Talıblıya ifa etmək üçün heç bir şeir verməmişəm və Kirovabad Teatrının repertuarına osmanlı pyeslərinin salınmasını təklif etməmişəm. Mən onun ərizəsini doğru hesab etmirəm". Heç şübhəsiz ki, hər hansı bir oxucu bu donosun kim tərəfindən yazıldığına maraq edəcək və bizi də onun adını çəkməməkdə günahlandıracaqdır. Lakin biz düşünülmüş surətdə həmin donos yazanın adını çəkmədik. Fikirləşirəm ki, indi donos yazanı deyil, həmin ziyalılarımızı donosçuya çevirən total mühitin özünü ittiham etməliyik.

Məhkəmədə Beriya adına Kirovabad Dövlət Teatrının aktrisası Yermakova Mariya Frolovna şahid kimi bildirirdi ki, mən Kirovabad Teatrının keçmiş direktoru Seyfi Ələkbəri, eləcə də müttəhim Kazım Ziyanı tanıyıram. Kazımzadə ilə Seyfi arasında münasibətlər yaxşı deyildi. Seyfi Ələkbər Kazımzadəni 1937-ci ildə işdən çıxardı və iclasda keçmiş müsavat zabiti kimi etibarsız bir şəxs olduğu üçün Kazımzadənin əleyhinə danışdı. Sonra Seyfi Ələkbər həbs olundu. Kazımzadə teatrda baş rollarda oynayırdı, aparıcı artist idi və yaxşı oynayırdı. Kazımzadə millətçi idi, rusları sevmirdi. Sonra başa düşdüm ki, mən yanılmışam.

Müttəhim K.Z.Kazımzadə izahat verir: "Nisbətən yaşlı artistlər Sarabski, Sidqi Ruhulla, Yeva Alenskaya məni çoxdan tanıyırlar, təsdiq edə bilərlər ki, mən müsavat ordusunun zabiti olmamışam və zabit formasında heç vaxt gəzməmişəm. Mən müsavat dövründə, məktəbdə oxuduğum zaman səfərbər olunmuşdum və əsgər formasında gəzirdim. Bu formanı əynimdə cəmi 15 gün gəzdirmişəm..." (DTX-nin arxivi. Kazımzadə Kazım Ziyanın istintaq qovluğu, PR-11722).

Şahid kimi dindirilən aktrisa Orlinskaya Nina Georgiyevna və Cəfərzadə Məmməd Abasqulu oğlu Kazım Ziya ilə Seyfi Ələkbərin arasında narazılığın olduğunu təsdiq etdilər. Məhkəmədə Orlinskaya Nina Georgiyevna bildirdi ki, K.Z.Kazımzadə ən yaxşı artistlərdən biridir və o, millətçi deyil.

Şahid kimi dindirilən Cəfərzadə Məmməd Abasqulu oğlu isə Kazımzadənin gənc nəslə qrammatikanın öyrənilməsində köməklik göstərdiyini xüsusilə vurğuladı.

01 iyul 1939-cu il saat 11.45-də məhkəmənin sədri Kazımzadənin istintaqı ilə bağlı bildirdi: "Tribunal müəyyən etmişdir: məhkəmənin bəraət hökmü çıxarması ilə əlaqədar, Kazımzadə haqqında əvvəl müəyyən edilmiş cəza tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun". Məhkəmə iclası saat 11.50-də başa çatmışdır.

Bütün bunlar göstərir ki, istər ədəbi məhkəmələr, istər dini təqiblər, istərsə də teatr ittihamları zamanı yalnız bir məqsəd güdülürdü, sənət adamlarını marksist-leninçi platformaya yaxınlaşdırmaq, bu təlimi sənətin gücü ilə ictimai həyata və kütlənin şüuruna yeritmək.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!