Xeyli müddətin söhbətidir. İstanbula səfərlərimin birində öyrəndim ki, Əhməd bəy Ağaoğlunun nəvəsi Tekdaş Ağaoğlu sağdır və ehtimal ki, onda babasına aid sənədlər var. Tekdaş bəylə görüşmək üçün ilk cəhdim uğursuz olsa da, fikrimdən dönmədim. Bakıya qayıtdıqdan sonra ötən əsrin 80-ci illərinin sonundan tanıdığım, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin böyük dostu, Ege Universitetinin professoru dr. Əli Yavuz Akpinara zəng etdim. O, təşəbbüsümü bəyəndi, eyni zamanda qeyd etdi ki, çoxları, o cümlədən mən də Tekdaş bəydən sənədləri əldə etmək istəmişik, lakin hələlik o buna razılıq verməyib, yəqin ki, sizə də o sənədləri verməyəcək. Bir müddət sonra Əli Yavuz Akpinara məktubla müraciət edib bu işdə mənə necə kömək edə biləcəyini soruşdum və heç olmasa Tekdaş bəyin telefonunu, ünvanını verməsini istədim. Heç bir gün keçmədi ki, yəni 2014-cü il oktyabrın 24-də Ə.Y.Akpinardan cavab gəldi: "Muhterem Abid bey, Ağaoğlu arşivi için benim hiçbir resmi ve ya özel yetkim-selahiyetim yok. Ben sadece durumu size bildirdim. Bu hususta niyetli iseniz Ağaoğlunun torunu Tektaş Ağaoğlu ile telefonda görüşünüz (Telefon nömrəsini əlavə edir - T.A.). Umarım sağlık durumu iyi olur. Yanlış anlamaya imkan ve fırsat vermemek için tekrar söylüyorum: Bildiğim kadarıyla Tektaş Ağaoğlu Bey bu arşivi bir yere vermek arayışında ve ya fikrinde değildir (kursiv - məktub müəllifinindir).
Ben size kendi görüşümü aktarıyorum. Eğer Tektaş Bey'i ikna edebilirseniz, "Azerbaycan Devlet Arşivi'ne vermeyi kabul edebilir" - diyorum. Arşivi bağışlamak için bir yer arıyor, demiyorum! Ben bu arşivin bir an önce güvenli bir yere verilmesini arzu ettiğim için size yazıyorum.
Bence niyetli iseniz, yetkili (mesul) bir resmi şahıs kendisine telefon edip bu arşivi ne yapmak istediğini sorabilir ve Tektaş Ağaoğlu uygun görürse Azerbaycan Devlet Arşivi'nin buna talip olduğunu söyleyebilir. Bunun dışında bir şey münasip olmaz ve ben arada mahcup olurum.
Sevgilerimle ve Elçin Bey'e mahsus sayğı ve selamlarımla. Yavuz Akpınar".
Sənədləri əldə etmək fikrim qəti olduğu üçün Əli Yavuz Akpinarın məktubu barədə Baş nazirin müavini, xalq yazıçısı Elçinə dedim və ondan İstanbula ezamiyyə olunmağıma razılıq verməsini xahiş etdim. Elçin özünəməxsus təbəssümlə gülümsəyərək: "Yaxşı niyyətdir" - dedi və sonra əlavə etdi: "Nə vaxtsa, mən də o sənədlər üçün çalışdım, Tekdaş bəy inadkarlıq etdi, dedi ki, sənədləri Osmanlı Arxivinə verəcəyəm. Sən də bir cəhd elə. Amma elə et ki, İstanbuldan əliboş qayıtmayasan". Elçin müəllim bir qədər fikirləşdikdən sonra "Yavuz bəy düz deyir, biz Tekdaş bəyə hökumət adından bir müraciət ünvanlayaq, onun fikrini öyrənək, sonra səni ezam edərik" - dedi.
2014-cü il noyabrın 13-də Elçin müəllim Tekdaş Ağaoğluna ünvanlandığı məktubda babasına və Ağaoğluların digər nümayəndələrinə aid sənədlərin təqdim ediləcəyi təqdirdə onların dövlətin himayəsində daha etibarlı mühafizəsini təmin etmək, eyni zamanda sənədləri daha sistemli və səmərəli araşdırmaq məqsədilə Milli Arxiv İdarəsində Əhməd bəy Ağaoğlu fondu yaradılmasının mümkünlüyünü və məqsədəuyğunluğunu bildirmişdir.
2 dekabr 2014-cü ildə İstanbuldan - Tekdaş bəydən ümidverici məktub daxil oldu: "Çox hörmətli Elçin Əfəndiyev!
13 noyabr 2014-cü il tarixli səmimi məktubunuzu aldım. Babam Ağaoğlu Əhməd bəyə aid sənədlərin mühafizəsi və onların türk aləminin istifadəsinə verilməsi məqsədilə rəsmi dövlət qurumuna verilməsini istəməyinizdən çox mütəhəssis oldum - duyğulandım. Arzunuzu yerinə yetirəcəyəm.
Soyumuzun sənədlərinin mühafizəsi üçün onları ələməyim - seçməyim lazımdır. Mən təəssüf ki, Osmanlı əlifbasını oxuya bilmirəm. Bu işi qısa zamanda tamamlamaq üçün lazımi işləri görürəm. Bir az vaxta ehtiyac var. Bu işləri bitirər-bitirməz külliyyatı nümayəndənizin əli ilə Azərbaycan Milli Arxiv İdarəsinə təhvil verməkdən böyük məmnunluq duyacağam.
İcazənizlə, bir məsələni də diqqətinizə çatdırmaq istərdim. Ağaoğlu Əhməd bəy Türkiyənin təhsil, mədəni və siyasi həyatının çox tanınmış şəxsiyyətidir. Türkiyə Cümhuriyyətinə və xalqına bu sahələrdə çox böyük xidmətlər göstərmişdir. Ona aid sənədlərin həm də, ikinci Vətən hesab etdiyi Türkiyədə də mühafizə edilməsinin münasib olacağı qənaətindəyəm. Düşünürəm ki, sağ olsaydı, özü də belə fikirləşərdi. Sənədlərin fotosurətini çıxara bilərik. Bu işin təfərrüatını tərəfinizdən göndəriləcək nümayədə ilə həll edə bilərik.
Əfəndim, ən çoxu bir və ya iki ay içində Sizi xəbərdar etmək umudu ilə qiymətli çalışmalarımızın davamını diləyirəm. Hörmətlə, Tekdaş Ağaoğlu".
Beləliklə, mən və Dövlət Tarix Arxivinin əməkdaşı Anar Mirəliyev İstanbula ezam olunduq, Tekdaş bəyin mənzilində onunla, xanımı, tanınmış rölyef və seramik heykəl sənətçisi Qədriyə Əzəl Ağaoğlu ilə görüşdük. Yeri gəlmişkən qeyd edək ki, Çarlz Dikkensin, Mixail Şoloxovun, Yevgeni Yevtuşenkonun, Fyodor Dostoyevskinin bir sıra əsərlərini orijinaldan türk dilinə tərcümə etmiş Oksford Universitetinin məzunu Tekdaş bəy kimi Əzəl xanımın əsərlərindən ibarət sərgilər dəfələrlə Türkiyədə, dünyanın müxtəlif ölkələrində uğurla nümayiş etdirilmişdir. Tekdaş bəyin yeganə övladı Əhməd Ağaoğlu isə tanınmış fotoqrafçıdır, fotolarından ibarət 320 səhifəlik nəfis tərtibatlı, irihəcmli albomu işıq üzü görmüşdür.
Tekdaş bəy atasının, babasının, özünün də çox acı-ağır, məşəqqəli, məhrumiyyətlərlə dolu, eyni zamanda şərəfli, mənalı həyat yolu keçdiklərini söylədi, qürurla bildirdi ki, sürgünlərə, həbslərə, təqiblərə baxmayaraq, əqidəmizə dönük çıxmamış, şərəfli ömür yaşamışıq. Heç şübhəsiz ki, Ağaoğluların düçar olduqları həyat tərzi onlara məxsus sənədlərin də pərən-pərən olmasına, əldən-ələ keçməsinə, bəzən itməsinə səbəb olmuşdur. Tekdaş bəy bacardıqca ata-baba yadigarlarını toplamağa, qorumağa səy etmişdir. Bizə təmənnasız olaraq verdiyi sənədlərin arasında nəşriyyat məhsulları - ərəb, latın əlifbası ilə buraxılmış qəzet, jurnal, kitablar, eyni zamanda əlyazmalar var. Həmin sənədlər, o cümlədən Əhməd bəy Ağaoğlunun Maltadan ailə üzvlərinə yazdığı 22 məktub Milli Arxiv İdarəsinə müvafiq aktla təhvil verilmişdir. Bu sətirlərin müəllifi Marmara Universiteti Türkiyyat İnstitutunun müdir müavini dos.dr. Mehdi Gəncəli ilə birlikdə Malta məktublarını KİV vasitəsilə geniş şərhlərlə ictimaiyyətə təqdim etdik. Şəxsi, ailə mənşəli həmin məktublar bu gün mühüm tarixi və ictimai əhəmiyyət kəsb edir. İstanbuldan gətirilən digər sənədlər hələ də tədqiqatçılarını gözləyir...
Yeri gəlmişkən, biz həmin vaxt İstanbulda 95 milyon sənədin mühafizə edildiyi möhtəşəm Osmanlı arxivində, 2 milyonadək sənədin mühafizə edildiyi Bəyazid Dövlət Kitabxanasında da olduq. Elə buradaca qeyd etmək istərdim ki, arxivdən Azərbaycan tarixi, erməni məsələsi və erməni vandalizmi ilə bağlı 1000-ə yaxın sənədin, kitabxanadan isə Azərbaycan ədəbiyyatı ilə bağlı 100-dən çox kartotekanın fotosurətini çıxarmışıq ki, hələ də ümid edirik, həmin sənədlər də müvafiq sahə əməkdaşlarının diqqətini çəkəcəkdir...
İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəsmi internet səhifəsində vaxtilə - 12 il bundan əvvəl rast gəldiyim bir xəbər diqqətimi dərhal çəkmişdi və onun izinə düşmüşdüm. "Tarihde iz burakan üç kızkardeş" adlı həmin yazıda (01.11.2007) bildirilirdi ki, 2007-ci il noyabr ayının 3-də İstanbuldakı Qadın Əsərləri Kitabxanası və Bilgi Mərkəzi Vəqfi Türkiyənin ictimai həyatında iz buraxan Cümhuriyyətin öncü, lider qadınlarından vəkil Sürəyya Ağaoğlu, maarif xadimi Tezər Taşkıran-Ağaoğlu və doktor Gültəkin Ağaoğlu bacılarının şərəfinə bir tədbir keçiriləcəkdir. Adlı-sanlı bacıların həyat hekayələrinə həsr olunmuş təqdimatla bağlı xəbərdə, həmçinin məlumat verilirdi ki, artıq xeyli müddətdir Ağaoğlu varisləri tərəfindən 2002-ci ildə Vəqfə bağışlanan 5 minə yaxın şəxsi mənşəli sənədin kataloqunun hazırlanması üzərində işlər davam etdirilir. Yazıda tədbirin təşkilatçıları göstərilir, proqramı açıqlanır, çıxışçılar haqqında məlumatlar verilirdi.
2015-ci ilin may ayında Əhməd bəy Ağaoğluna məxsus sənədləri nəvəsi Tekdaş Ağaoğlundan (Səməd Ağaoğlunun oğlu) əldə etmək məqsədilə İstanbula gəldiyimiz zaman bacıların Qadın Əsərləri Kitabxanasına hədiyyə etdiyi sənədlərlə də tanış olmaq istədim. Cəhdlərim nəticə vermədi. Kitabxana təmirə bağlanmışdı. Sonra kitabxanaya yazılı müraciət etdim, məktub göndərdim. Yenə uğursuz oldu. İstanbuldakı qohumlarım və dostlarıma istəyimi bildirdim. Nəhayət, Türkiyədə - İstanbul Universitetinin doktoranturu Reyhanə Səlimova arzumu həyata keçirdi. Kataloqu ünvanıma göndərdi. Fürsətdən istifadə edib Reyhanə xanıma minnətdarlığımı bildirirəm.
İstanbula növbəti səfərimiz zamanı Başbakanlıq Dövlət Arxivi, Mərmərə Universiteti, həmin Universitetin Türkiyyat Araşdırmaları İnstitutu, Bəyazid Kitabxanası, İstanbul Hərb Muzeyi, "Türk ocağı"nın İstanbul və Kadıköy şöbələri ilə yanaşı, İstanbul Şəhər Bələdiyyəsinin Qadın Əsərləri Kitabxanasında da olduq və kitabxananın müdiri Hülya İskender Hayatseven "Avukat Süreyya Ağaoğlu. Bir ömür böyle geçti". Arşiv kataloqu. 1898-1992" adlanan və nadir sənədlərin toplandığı dəyərli kitab-kataloqdan (Qadın Əsərləri Kitabxanası və Bilgi Mərkəzi Vəqfi. İstanbul Barosu yayınları, 2010. 520 səh.) bir ədəd də bizə hədiyyə etdi. Bu kataloqda yalnız Sürəyya xanıma aid sənədlər əksini tapmışdır. Tezər və Gültəkin xanıma məxsus şəxsi sənədlərlə bağlı məlumatlar kataloqa daxil edilməmişdir. Peşəkarlıqla tərtib olunmuş kataloqda Sürəyya xanıma aid 5 minə yaxın şəxsi mənşəli sənəd haqqında məlumat mövzuya uyğun təsnif edilərək nəşr olunmuşdur.
Kataloqda əksini tapan ailə şəkilləri, məktublar, iş sənədləri, vizitkalar, pasportlar, gündəliklər, qəzet kəsikləri, broşür və digər rəsmi sənədlər böyük tarixi və ictimai əhəmiyyət kəsb edir. Kataloqda adıkeçən tarixi sənədlər həm türk - islam aləminin parlaq simalarından Əhməd bəy Ağaoğlunun, həm onun Türkiyənin ictimai-siyasi, sosial-mədəni həyatında iz qoymuş övladlarının, nəvələrinin tərcümeyi-halı, fəaliyyəti ilə daha yaxından və hərtərəfli tanış olmaq imkanı yaradır.
Sürəyya Ağaoğlu (1903, Şuşa - 29 dekabr 1989, İstanbul) Şərqin, Türk-İslam dünyasının ilk qadın vəkili, hüquqşünası olmuşdur. Bir neçə dili, o cümlədən ingilis və fransız dillərini mükəmməl bilən Sürəyya xanım dəfələrlə Beynəlxalq tədbirlərdə Türkiyəni təmsil etmişdir. Beynəlxalq Hüquqçular Birliyinin üzvü (1952), sonralar Hüquqçu Qadınlar Federasiyasının ikinci katibi olmuşdur. 1960-cı ildə Qadın Hüquqçular Birliyinin BMT Cenevrə Təşkilatı təmsilçisi seçilmişdir.
1960-cı il dövlət çevrilişi zamanı həbs edilən və istintaqa cəlb olunan qardaşı, Türkiyə baş nazirinin müavini Səməd Ağaoğlunun (1909, Bakı - 6 avqust 1982, İstanbul) məhkəməsində onun vəkili olmuşdur. Sürəyya Ağaoğlu Türkiyənin siyasi həyatında fəal iştirak etmiş, Yeni Türkiyə Partiyasının qurucularından olmuş, partiyanın İstanbul təşkilatına rəhbərlik etmişdir. O, Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atmışdır: Türkiyə Hüquqçu Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olmuş, həmin dərnəklərin bir çoxuna rəhbərlik etmişdir. Sürəyya Ağaoğlu hüquqa aid fundamental məqalələrin, eləcə də "Londonda gördüklərim" və "Bir ömür böyle geçti" memuarlarının müəllifidir.
Tezər Taşqıran Ağaoğlu - (1907, Şuşa - 4 may, 1979, İstanbul) Əhməd bəyin ikinci qız övladıdır. Türkiyədə maarif xadimi, siyasətçi və yazıçı kimi tanınır. Türkiyə Böyük Millət Məclisinə (TBMM) 3 dəfə VII (1941), VIII (1946), IX (1950) çağırış millət vəkili seçilmişdir. Yeri gəlmişkən, o, Qarşı TBMM-də təmsil edən ilk qadın millət vəkili olmuşdur. İstanbul Universitetini uğurla bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olan Tezər xanım, Ankarada və İstanbulda qız məktəblərinə müdirlik etmiş, bir müddət Universitetli Qadınlar Dərnəyinin rəhbəri olmuşdur. O, Türkiyə təhsil tarixinə oğlan məktəbinin ilk qadın müəllimi kimi də düşmüşdür. Yüzlərlə məqalənin, 12 kitabın müəllifidir. Əsərlərindən "Türk ahlakının ilkeleri" (1934), "Vatandaşın el kitabı" (1971), "Cümhuriyyətin 50 yılında Türk qadınının hakları" (1973) xüsusilə dəyərlidir. Tezər Ağaoğlunun Türkiyədə xatirəsi əbədiləşdirilmiş və vaxtilə dərs dediyi məktəblərdən birinə onun adı verilmişdir.
Gültəkin Ağaoğlu Türkiyənin tanınmış pediatrlarından olmuş, ömrünün sonunadək uşaqların sağlamlığı keşiyində durmuşdur.
Əhməd bəy Ağaoğlunun 6 övladından biri Bəşir körpə ikən vəfat etmişdir. Əhməd bəy Ağaoğlunun böyük oğlu Abdurrahman iti zəkalı, fiziki baxımdan da çox qüvvətli olmuşdur, Fransada ali mühəndis təhsilinə yiyələnmiş, iş adamı kimi bir sıra uğurlara imza atmışdır. Abdurrahman 46 yaşında ikən qəflətən həyatını dəyişmişdir. Türkiyənin ictimai-siyasi, ədəbi həyatında parlaq iz qoymuş Səməd Ağaoğlu Əhməd bəyin dördüncü övladıdır. O, 3 dəfə TBMM-yə millət vəkili seçilmişdir. Səməd Ağaoğlu bir sıra bədii, publisistik, elmi əsərlərin müəllifidir. Onun "Strassburg Hatıraları", "Zürriyet", "Öğretmen Gafur", "Büyük Aile", "Hücredeki Adam", "Katırın Ölümü", "Babamdan Hatıralar", "Babamın Arkadaşları", "Aşina Yüzler", "Arkadaşım Menderes", "Marmara'da Bir Ada", "Demokrat Parti'nin Doğuş ve Yıkılış Sebepleri-Bir Soru" kimi əsərləri geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
Haqqında bəhs etdiyimiz kataloqda adıkeçən sənədlər Azərbaycanın və Türkiyənin tarixində iz buraxmış Ağaoğluların, o cümlədən nadir tarixi şəxsiyyətlərimizdən Əhməd bəy Ağaoğlunun da həyat və fəaliyyətinin daha dərindən, hərtərəfli araşdırılmasına imkan verir. Yeri gəlmişkən qeyd edim ki, kataloqda Əhməd bəy Ağaoğluna aid 137 sənədin adı qeyd olunmuşdur. Onların arasında Atatürkə, Yusif Akçuraya, Ziya Göyalpa, Əli bəy Hüseynzadəyə, Fuad Köprülüyə, Yusif Vəzir Çəmənzəminliyə, Yaqub Qədri Qaraosmanoğluna, generallara, tanınmış dövlət xadimlərinə, Türkiyənin xarici ölkələrdəki səfirlərinə yazdığı, yaxud onlardan aldığı müxtəlif məzmunlu məktublar, bir sıra əsərlərinin əlyazmaları, qəzet-jurnal məqalələri, müxtəlif simpozium, konfranslarla bağlı dəvətnamələr, fərdi, ailə üzvləri, Türkiyənin dövlət xadimləri ilə birlikdə çəkdirdiyi fotoları, həmçinin Azərbaycanla, Qarabağla bağlı materiallar, Əhməd bəyin Şuşadakı evinin şəkli, Bakıdan, Romadan, Parisdən, Sankt-Peterburqdan... ona ünvanlanan teleqramlar böyük maraq doğurur. Sürəyya Ağaoğlunun atasına, bacıları Tezərə, Gültəkinə, qardaşları Abdurrahmana, Səmədə, bibisi Humaya yazdığı, eləcə də onlardan aldığı, ailənin digər üzvlərinin bir-birinə ünvanladığı məktublar bu ünlü ailənin keçdiyi yolu, onların arzu, istəklərini, üzləşdikləri problemləri, həmçinin yaşadıqları mühitin mənzərəsini, ictimai-siyasi, ədəbi-mədəni həyatı öyrənmək və dəyərləndirmək nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Kataloqu nəşrə hazırlayanların Ağaoğluların XIX əsrdən günümüzədək olan dövrü əhatə edən şəcərəsini tərtib etməsi təqdirəlayiqdir və Türkiyədə geniş yayılmış bu soyadla bağlı bir çox suallar da cavabını tapacaqdır.
Söz yeni nəsil tədqiqatçılarınındır. İstanbuldakı Qadın Əsərləri Kitabxanasında Ağaoğlulara aid minlərlə yeni sənəd onları gözləyir...
26.09.2019
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!