Elnarə Akimovanın «Düşüncə zamanı – ədəbi tənqid diskurs kimi» kitabına ön söz
Azər TURAN
Elnarə Akimovanın çağdaş Azərbaycan ədəbi tənqidinin estetik iqlimini, düşüncə palitrasını və mənzərəsini bütövlükdə ifadə edən "Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi" kitabı ilə fikir həyatımıza, filoloji düşüncəmizə, modern ədəbiyyatımıza yeni bir təfəkkür dalğası yansıyır. Mən Akimovanın ədəbi-tənqidi mətnlərini çağdaş ədəbiyyatımızın ayrılmaz və tamamlayıcı parçası hesab edirəm. Ədəbiyyatşünaslığımızda belə bir intellektual-romantik üslub Akimovadan əvvəl, məncə, olmayıb, olubsa da, etiraf etməliyik ki, bu təmayülü Elnarə xanım öz yazıları ilə daha da dolğunlaşdırıb, dərinləşdirib, Mikayıl Rəfili və Yaşar Qarayev məktəblərinin gəlişdirdiyi o şairanə-nəzəri yolun ən işıqlı, ən etibarlı və ən elmi magistrallarından birini də o yaradıb.
Hər şeydən əvvəl, Elnarə Akimova yazdıqlarının örnəyində XXI yüzil Azərbaycan ədəbiyyatşünaslığı üçün cərəyanlar dövrünün tənqidçisi tipini yaratdı. Cərəyanların funksionallığının ədəbiyyatımızda nə vaxtdan müşahidə olunduğunu ilk dəfə kompleks halında və yeni ədəbi mətnlərin təhlilləri fonunda dövriyyəyə qatan, cari ədəbi prosesi cərəyanlara nəzərən dəyərləndirən və bunu predmetləşdirən tənqidçilərimizdən biri də odur. "Bu barədə yekdil nəzəri yanaşmalar elmi dövriyyəyə daxil olduqca həmin sahədəki boşluqlar da aradan qalxacaq, milli modernizm cəhdlərinin XX əsr hüdudunda gəzişən poetik palitrası bütün boyası və əlvanlığı ilə görünəcəkdir. Bu dövrdə dünya ədəbi-fəlsəfi fikrində çevriliş yaradan yazıçıların mətn içində qoyduqları Sirrin dərinlərinə enib ordan milli ədəbiyyatın üst qatlarına" çıxmasını elmi professionallıqla realizə edənlərin biri də elə məhz Elnarə Akimovanın özü oldu. Tutaq ki, müstəqillik dövrü poeziyamızda modernizm kultunun statusunu sabitləşdirən ən ciddi və polemik yazılardan birinin - "Azərbaycan poeziyasında yeni təfəkkür kultu - modernizm" məqaləsinin, əslində, manifestasiya səciyyəli bir yazı olduğunu kim etiraf etməz? Elnarə xanım öz yazıları ilə ədəbi tənqiddə 1930-cu illərdə qırılmış nəzəri estafetin yenidən vüsət almasına, itirilmiş tənqidçilər pleyadasının ruhən və fikrən (həm də üslub baxımından) ehya tapmasına səbəb olan azsaylı tənqidçilərimizdən biridir. O, modernizmi kult olaraq dəyərləndirir. Amma ədəbi fakta kifayət qədər rasional və ümumavropa kontekstindən yanaşan Akimovaya görə, bu kultun özu də çağdaş - XXI yüzil ədəbiyyatında artıq keçilmiş, arxada qalmış mərhələdir. Ona görə də onun tənqidçi təfəkkürü postmodernizm epoxasında ədəbiyyatımızın qopduğu, ayrıldığı Tanrı başlanğıcına yönəlir və çox düşündürücüdür ki, bu istiqamətdə öz mülahizələrinə zaman etibarilə artıq üçüncü onilliyini yaşadığmız müstəqillik dövrü ədəbiyyatımızın (geniş mənada postmodern mərhələnin) poetik analizini "Çağdaş Azərbaycan postmodern şeirində Tanrıya münasibət" məsələsini (və problemini) aydınlaşdırmaqla başlayır.
Kifayət qədər əhatəli və geniş ədəbi və nəzəri bilgiləri imkan verdi ki, Akimova son yüz ildə - əvvəlcə sosrealizmin ifrat və təşkilolunmuş ateizmini, sonra Tanrı mövzusunda bir az örtülü, bir az mübhəm şəkildə irfana yönəlib dəyişən poeziyamızın rakurslarını, daha sonra ən yeni ədəbiyyatımızda "mərkəzdənqaçma tendensiyaları"nı... elə son yüzildə yaşanmış "qlobal miqyaslı çaşqınlığın" metafizik təzahürü olaraq səciyyələndirdi. 90-cı illər şeirimizdə müşahidə olunan çöküş ovqatına dekadans təyini daha çox onun adıyla bağlıdır. Bu təyinat bəzən mübahisəli görünsə də, Akimova haqlıdır. Həm də ona görə haqlıdır ki, çağdaş poeziyamızın ruh halını "Allah öldü" deyən Nitsşedən başlamış Tanrısını qeyb edən dünyanın indiki zamanını "humanitar fəlakət dövrü" kimi səciyyələndirən Haideggerə qədər modernist və ekzistensialist münsiflərin iştirakı ilə təşrih edir. Və bunu da xatırlatmağı vacib sayır ki, "postmodernizmin çərçivəsində qapanıb qalmışıq. Həqiqi ədəbiyyatsa Qərblə Şərqin sərhədini mətnində əridən yazıçının intellektual düşüncəni milli dillə ifadə etmək bacarığındadır". Və Akimova tənqidçi entuziazmı, modern milli ədəbiyyatı kəşf etmək şövqü ilə həmin mətnləri axtarır, axtardığını tapanda "ədəbiyyat burdadır", - deyə düşüncəsi də, qələmi də həmin mətnlərin üzərində fokuslanır. Məsələn, o, poeziyamızın ən azı yetmiş il yol yoldaşı olmuş nəşə simvolikasının antitezisini axtarır və onu Vaqif Səmədoğlunun şeirində tapır. Yaxud "Göyüzünün bu üzünü dinləyən şair - Vaqif Bayatlı Odər" məqaləsi poetik mətnlə tənqidi mətnin bir məcrada və bir plastikada necə iç-içə girib qovuşa bilməsi, harmoniyaya dönüşməsi və bir-birinin varlığını izhar edən estetik həzz mənbəyinə çevrilməsi faktı kimi cazibədardır.
Kimlərsə Azərbaycan ədəbiyyatında 80-ci illər nəslinin timsalında mücərrəd, gerçəkliyi heç bir halda əks etdirməyən "itirilmiş nəsil" amilini qabardırsa, Akimova ədəbi-estetik baxımdan sosrealizmin zədələdiyi nəsrimizin 30-50-ci illər dövrünü Avropada eyni illərdə meydana çıxmış romanlarla müqayisəli təhlil edir və bu dövrü Azərbaycan romançılığında itirilmiş zaman adlandırır...
Ədəbiyyatda "qadınca yazmaq" deyə bir anlayış var. Bu üsluba "qan və göz yaşı kimi yumşaq yazmaq" deyə tərif verilir. Elnarə də yumşaq yazır. Üslubunun büllur şəffaflığı, həzin rəqsanlığı da bu səbəbdəndir. Amma qənaətlərini ifadə edərkən yazılarında mübahisə üçün yer qoymayacaq dərəcədə sərrast, sərt və birmənalıdır.
Elnarə Akimovanın son beş ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş yazılarının bir qisminin toplusu olan bu kitabdakı bütün məqalələrin ilk oxucusu mən olmuşam. Və ona Ön söz yazarkən baş redaktor olaraq fəaliyyətə başladığım ilk günü xatırladım. Həmin gün aradığım və qəzetin yazı həyatına dəvət etdiyim ilk müəllif Elnarə Akimova oldu. Çünki "Ədəbiyyat qəzeti" təkcə ədəbi təsərrüfatımızı sərgiləməklə məşğul olmayacaqdı, qəzet və təkcə qəzet deyil, ümumiyyətlə, çağdaş ədəbi proses yalnız mətn barədə düşünən və yazan, intonasiya və üslub fərqliliklərini, forma və məzmun axtarışlarını həssaslıqla təyin edə biləcək obyektiv bir tənqidçiyə möhtac idi... Elnarə Akimova imzasının qəzetin səhifələrində ardıcıl görünməsi "Ədəbiyyat qəzeti"ni Azərbaycan ədəbi tənqidinin episentrinə çevirdi. İndi bütün ədəbi tənqidçilər "Ədəbiyyat qəzeti"nin daimi yazarıdır. Belə olacağını bilirdim.
Bu arada Akimovanın "Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi" kitabı ilə yanaşı, "Ədəbiyyat qəzeti"ində davamlı olaraq, onun moderatorluğu ilə keçirilən müzakirə saatlarının toplusu - "Müstəqillik dövrünün ədəbiyyatı müzakirə diskursunda" kitabı da nəşr olunur. Çağdaş filoloji düşüncəmizin, modern ədəbiyyatımızdakı estetik iqlimin, müasir Azərbaycan ədəbi tənqidinin real mənzərəsini bu iki kitabın iştirakı olmadan təsəvvür etmək, sadəcə, mümkün deyil...
17 iyun 2019
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!