Oxucu, yoxsa yazıçı qıtlığı?! - Emin PİRİ

 

Bədii mətn kitablarının satışı zəifdir və ya yerli yazıçıların kitabları az alınır. Oxucu qıtlığı var. Bu kimi ifadələrə adətən yazıçılarımızın müsahibə və açıqlamalarında rast gəlirik.

Və yaxud bizdə yaxşı mətn yazan yazıçılar yoxdur, azdır və.s. Buna görə də yerli yazıçıları oxumur, kitablarını almırıq. Bunasa bir çox hallarda oxucu kütləsinin giley-güzarında rast gəlirik.

Hər iki tərəfin özünə uyğun arqumenti və yaxud özünü sığortası var. Yazıçı oxunmamasına, kitabının satılmamasına bəhanə tapır, oxucusa kitab almamağına, oxumamağına.

Hər iki tərəfin haqlı və haqsız tərəfləri var.  Ağız dolusu danışdığımız sovet ənənəsində on minlərlə müəllif kitablarını alan kütlə birdən-birə yoxa çıxa bilməzdi. Belə bir ənənə özünü ən azı bir neçə onillik irəli aparmalıydı. Ona görə də Azərbaycanda oxucu qıtlığı var deyimi tam yerinə düşmür. Kifayət qədər intelektual, şeirə, kitaba ac kütlə var.

Azərbaycanda yaxşı yazıçı yoxdur deyən oxucularınsa adətən dünyada ciddi ədəbiyyat nümunəsi sayılmayan, bədii mükafatlar kateqoriyasına daxil olmayan əcnəbi yazıçıların oxucusu olduğunu görərik. Ən yaxşı haldasa bütün dünyanın qəbul etdiyi şablon imzalarla kifayətlənirlər. Çünki bu adlar onlarda ciddi oxucu alqısı yaradır. Serial, detektiv, sevgi gündəliyi kimi əsərlərin fanatı, oxucusu olan adamın keyfiyyətli mətn axtarışı absurddur. Bu tip şəxslərin bundan sonra yerli yazıçıları qınaması ən azından ayıbdır.

Azərbaycanda oxucu yoxdur deyən yazıçıyla, Azərbaycanda yaxşı yazıçı yoxdur deyən oxucuların iksi də eyni kateqoriyaya daxildir. Bir-birlərindən fərqləri yoxdur mənim gözümdə. Hər ikisi yalan danışır.

Azərbaycan ədəbi mühitində ən böyük problem yazıçıların öz oxucusunu, oxucununsa öz yazıçısını tapa bilməməsidir. Hər iki tərəf öz bazarını ya tapa bilmir, ya da yanlış yönlərdə axtardıqlarından bu kimi bəhanələr ortaya çıxır.

Azərbaycan şairini bəyənməyib, dünya ədəbiyyatından ağız dolusu danışanların da sonradan yerli yazarlardan iki, üç qat zəif yazarların oxucusu olduğu göz önündədir.

Kitab almayan kütlənin adətən texnologiyanın inkişafını bəhanə etdiyini də görürük. Bəli, texnologiyanın inkişafı bir çox kitabları pdf, internet variantında əl çatan edib. Amma bunu kitab almamağa bəhanə gətirmək özünü sığortalamaqdır. Əslində bu kəsim ümumiyyətlə kitab oxumur və ya ara sıra başqalarından geri qalma deyə əlinə kitab alanlardır. Yəni reklam xatirinə və.s.

Kiçik nümunə gətirək. Kino istehsalının inkişafı zamanı teatrın sıradan çıxacağını söyləyirdilər. Amma müəyyən dövrdən sonra kütləviliyi azalsa da daha böyük "teatr bazarlar"ı ortaya çıxmağa başladı. Teatr canlı kinodur. Ən istedadlı aktyorun özünü təsdiqi isə teatrdan keçir. Normal zövqə malik olan kimsə "canlı kino"dan vaz keçmir.

Eynilə texnologiyanın inkişafı da kitab bazarını öldürür deyimləri kitab oxumayan kütlənin özünü sığortası, bəhanəsidir. Əksinə, texnologiyanın inkişafı sənin öz yazıçını tapmağa köməkçi olur, yeni kitab bazarlarının yaranmasına səbəb olur. Eyni zamanda zövqünü oxşayacaq müəllifi daha qısa müddətdə tapmağa, onun kitabını almağa yönləndirir.

Hər halda müasir dünyamızda bir çox nəşriyyatlar kitablarını internet üzərindən sataraq hər il milyonlarla gəlir etməsi gözümüzün qabağında baş verir.

Bir sözlə texnologiya inkişafını bəhanə etmək bizim kimi cəmiyyətlərdə kimlərçünsə keçərli ola bilər, amma ümumilikdə gülünc doğuran arqumentdir.

Bəli, texnologiya daha çox şeir kitablarına təsir edə bilər, amma bir şairi tam dərk etmək, onun haqqında yekun rəy vermək üçün internet dünyası acizdir. Bir şairi bütöv tanımaq onun kitabından keçir.

Bizim mühitdə səmimiyyət adətən özünü yaxşı anlamda doğrulda bilmir. Yazıçı-oxucu arasındakı münasibət adətən oxucu-yazıçı münasibətinə deyil, süfrə mədəniyyətinə çevrilir. Amma qərb ədəbiyyatında bu adətən süfrə ilə birgə daha sadiq oxucunun yaranmasına səbəb olduğu halda bizdə isə əksinə, o bütü dağıdır. Bu səbəbdən bir çox yazıçılarımız araya böyük bir sədd yerləşdirir.

Bəlkə də doğrusu budur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!