Babullaoğlunun "Polkovnikə heç kim yazmır" kitabı polyak mətbuatında

 

Ötən 2018-ci ildə şair Səlim  Babullaoğlunun  "Polkovnikə heç kim yazmır" adlı kitabı Polşada, Qdansk şəhərində dərc edildi. Bu, Babullaoğlunun Polşada nəşr edilən ikinci kitabı idi. Ötən vaxt ərzində kitab haqqında çağdaş polyak ədəbi mətbuatında Justina Sobolevska, Mixal Nogaş, Anna Auqustınyak, Kinqa Mlınarska və başqaları rəylər və məqalələr yazdılar. "Ədəbiyyat qəzeti"nin oxucularına həmin rəylərdən ikisini təqdim edirik.

Anna Auqustınyak

"Avropanın hər bir nöqtəsində deyə bilər"

"Kutura liberalna" saytı üçün

Avropa Azadlıq Şairi Festivalının laureatı Səlim Babullaoğlu Azərbaycanın mühüm şairlərindən biridir. Onun yaradıcılığı doğma ölkəsinin gündəlik həyatından danışmasına baxmayaraq, bizə olduqca yaxın dildə "səslənir".

Onun yaratdığı sətirlər insanın öz müqəddəratını təyin etməsi və hər növ azadlıq barəsində düşüncələrlə zəngindir. Bəs azadlığın neçə növü mövcuddur? Və azadlığın harda yaşamaqdan, yəni ölkədən, mədəniyyətdən, dildən, asılı olaraq mahiyyəti fərqlənirmi? Fərqlənir, amma eyni məna daşıyır. Səlim Babullaoğlu Bakıda yaşayır və şeirlərini azərbaycanca yazır, lakin mental baxımdan öz ölkəsinin oxucu hüdudlarından kənara çıxır. Türkiyə, Rusiya, Gürcüstan, İran və b. coxsaylı ölkələrdən olan tərcüməçilərin etdiyi tərcümələr sayəsində Səlim Babullaoğlunun şeirləri mövcud olduqları dil sərhədlərini aşaraq tərçümə dillərində şəffaf səslənir. Şeirlər polyak dilində də olduqca aydın səslənir ki, burada "Polkovnikə heç kim yazmır" şeirlər kitabını tərcümə edən İlahə Kərimovanın (Qrajına Zayontsla bərabər) əməyini vurğulamaq istərdim.

***

Səlim Babullaoğlunun yaradıcılığı haqqında qırğız kinorejissoru Dalmira Tiilepbergenova belə deyir: " Onun poeziyası Avropa və Asiya arasında axan, toxunanda adamı ayıldan və adi şeylər haqqında sərt həqiqəti anladan müdriklik energetikası ilə dolu çaydır". Avropa poeziyasını yaxınlaşdıran Qdansk şəhəri məhz bu cür energetika, yəni başqa br insanda insanı oyadan energetika, axtarışındadır. Avropa Azadlıq Şairi müsabiqəsi Köhnə Qitə yaradıcılarını fərqləndirir, önə çıxarır, insan taleyinin ümumiliyini vurğulayaraq, onların dünyagörüşünə nüfuz etməyə imkan yaradır. Avropa Azadlıq Şairi... Lakin Azərbaycan Avropadırmı?

Coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyinə görə, bəli. Azərbaycana ədəbiyyat baxımından nəzər yetirdikdə, fərqli düşüncələr yaranır. Səlim Babullaoğlu öz şeirlərində göstərir ki, Zaqafqaziyada yerləşən bu dövlət o qədər də germetik bir dünya deyildir. Əslində, reallıq bütün insanlara eyni şəkildə təsir edir. Məsələn, uşağın verdiyi suallar var ki, hansılara olduqca sadə və asan formada cavab vermək istəsə də, insan bu asanlıqdan sürətlə çarəsizliyə düşür, çünki müəyyən vəziyyətləri, hadisələri, insanların bir-birinə qarşı törətdiyi əməlləri müəyyən etmək və adlandırmaq üçün bütün Avropa söz tapa bilmir.

Səlim Babullaoğlu özündə vərdiş edilməyəni adlandırmaq, vərdiş edilmişə toxunmaq və icində olub azad ola bilmədiyimiz şeylərə qarşı çıxmaq cəsarəti tapır. İçindən azad ola bilmədiyimiz şeylər isə nəsillər və əsirlər boyu içimizdə böyüyən ağrı, tikanlı məftiltək bizi bağlayan qorxudur. Təəssüf, sonadək oxunub bitmir "hərb və sülh", çünki əməllər unudulsa da, sözlər tükənmir. Azərbaycan şairinin poetik fikirləri və dünyası ilk baxışdan bizlərə, Polşadan Qafqaza uzaqdır deyə, uzaq hesab etsək də, nəticədə bizim də paylaşdığımız təcrübənin bir hissəsidir - hər iki tərəfin insanlarının arzuları və istəkləri eynidir, çünki "heç kim sabahı yaşadığı kimi gözləmir".

***

"Tale seçmir, o bizə bənd olur və hər şeyi güzgüdəki kimi əks etdirir - siçan elə siçandır, asfaltı deşən bir çiçək elə çicəkdir"... yalnız adam paltarını dəyişmiş eyni adamdı və heç vaxt "niyə öldürdün?" cavab verməyəcək, uzaqbaşı gözü dolacaq. Babullaoğıu öz şeirlərində yalnız həqiqətlə və dəyərlərlə bağlı suallar vermir, eləcə də məmləkət haqqında söhbət, susuz adama su olan, yaraya məlhəm olan poeziya, qəbilə qanunlarıyla yaşayan demokratiyalar kimi həyatın aldadıcı təqlidinı araşdırır. "Rüşvət verərək, ləhcəylə danışaraq, tüpürərək vətəni suvarın - deyir şair". "Hüququ boş verin, adətləri sevin. Ənənələr - hüququn əsasıdır. Əsas adamın öz balası, ata-anasıdır. Qalanları ya adam, ya başqasıdır" - deyir şair.

Başqaları bizi maraqlandırmamalıdır və ümumiyyətlə, başqalarının həyatı ilə maraqlanmayan, başqası ilə maraqlanmayan adamların həyatı daha asan olur. Təbii ki, bu bizim Avropada baş verənlərin açıq şəkildə parodiyasıdır, icindən azad ola bilmədiyimiz və özümüz səbəb olduğumuz vəziyyətin istehzasıdır. Biz əbədi yalan və ikiüzlülük icindəyik.

***

Səlim Babullaoğlunun şeirləri gündəlik həyatdan və yalnız fərdi təcrübə deyil, həm də bütün nəsillər üçün baş verən hadisələrin "qəlbimizdə" buraxdığı izlərdən doğulur. Şəxsi təcrübə müxtəlif fərqli vətənlərə bölünərək genişlənir, lakin mahiyyət eyni qalır - azad olmaq. Tozdan azad olmaq, sel və yaxud vulkan təhlükəsindən azad olmaq, insanlar üzərində başqa insanların gücündən azad olmaq və s. Şair "Ata və uşaqlar" şeirində belə deyir: "Bilirsən, qızım, mən həyatı kitablardan tanıdım./ Sonra onu qonşu uşaqların sifətində ağzısöyüşlü, davakar, yalançı nüsxələriylə tutuşdurdum, / bilirsən, qızım, çaşdım, ağladım, oldu ki, saatlarla susub xəyal elədim".

Onun ürəyində, dilində və torpaqda örtülməyən,  gizlədilməyə çalışlanların izi qalacaq.

"Polkovnikə heç kim yazmır" şeir kitabının tərcüməçisi İlahə Kərimova belə deyir: "Səlim Babullaoğlu xüsusən sovet dövründə Azərbaycanda kütləviləşən lirik, hətta bəlkə psevdolirik, pafoslu və aşırı sentimental şeiri rədd edən, bəzən üst qatı ilə soyuq, amma məzmununa vardıqca dərin, horizontal keyfiyyətlərini vertikal keyfiyyətlərlə əvəzləmiş, ona qədər Azərbaycan şeirində olmayan fərqli səs sırasına malik poeziya nümunələri yaratdı. Səlim Babullaoğlunun yaradıcılığı azaddır, şair özu də şeirində "avropasentrik" mövqe tutaraq azaddır, bununla da Azərbaycan lirikası azad olaraq öz dövlət hüdudlarından kənar anlaşılır və əhəmiyyət qazanır...".

Səlim Babullaoğlu müasir reallığın səsləri ilə özünəməxsus şəkildə oynayır. O yazır:

Bilirsiz, uşaqlar, mənə şeirlərində həyat yoxdur deyirlər,

bilirsiz, onlar həyat deyəndə yalnız özlərini,

yalnız öz ömürlərini nəzərdə tuturlar, mən onları qınamıram,

çünki onların başqa həyatı yoxdur və bu daha yaxşıdır.

Bilirsiz, uşaqlar, atanız şeir yazır

və anlayır: bu, heç kimə lazım deyil,

yəni dünya da düzəlməyəcək...

Bu sözləri Azərbaycanda bir ata öz övladlarına deyir və eyni sözləri Avropanın hər bir nöqtəsində, eləcə də Polşada hər bir ata, şair öz övladına deyə bilər.

Kinga Mlınarska

Səlim Babullaoğlunun "Polkovnikə heç kim yazmır" kitabı

"Szuflada.net" saytı üçün

V Avropa Azadlıq Şairi Festivalında Azərbaycanı bu ölkənin ən tanınmış şairlərindən biri olan Səlim Babullaoğlu təmsil edirdi. O, müsabiqəyə "Polkovnikə heç kim yazmır" (tərcümə: İlahə Kərimova və Qrajına Zayonts) adlı uçüncü şeir kitabı ilə qatılmşdı. Haqlı olaraq Markesin eyniadlı əsəri ilə assosiasiya yaradır kitabın adı.

"Oğlumla söhbət" şeiri ilə açılır kitab. Və müəllif sübut edir ki, böyüklərin dünya barədə soyuqqanlı mühakimələri ilə toqquşan balacaların hər şeyi öyrənmək kimi günahsız, sadəlövh istəkləri də poeziya yarada bilir... Oğlan uşağının sadə və konkret sualları refleksiya üçün qığılcım yaradır, atanın həmin suallara cavab tapmaması isə ən yaxşı məna və nəticəyə çevrilir.

Bütövlükdə bu kitabın gücünün onun sadəliyində (adiliyində deyil!) olduğunu qəti şəkildə vurğulamaq olar. "Polkovnikə heç kim yazmır" həm də səmimi, həqiqi hisslər poeziyasıdır. Babullaoğlunun yaratdığı obraz özü də birbaşa etiraf edir ki, onun üçün vacib olan həyat haqqında hekayə deyil, həyat özüdür, hisslərin təsviri deyil, hisslərin yaşanmasıır. "Dostuma cavab məktubunda" müəllif daha bir mühüm məqama toxunur - sözlər var ki, dərin məna daşıyır, sözlər də var heç bir məna kəsb etmir (xüsusilə də müəyyən vəziyyətlərdə), sözlər - maskalar bu isə ədəbiyyata da aiddir:

Siz şairlər, görünən şeirlərin xətrinə

əşyaları mənasız yerə dartmayın şeirin içinə -

buz dolabına rəf deyə, kitab yığmadınızsa...

Şair çox ağıllı şəkildə bugünkü Avropaya da, gözəl libaslarla bəzədilən yalanlar və sözlərdən ibarət (yalançı) dəyərlərə də lağ edir. S.Babullaoğlunun yaradıcılığında azadlıq yalnız mövzularda və refleksiyalarda təsvir olunmur, eləcə də həmin mövzuların və refleksiyaların təsvirində təqdim olunur - sxemlərdən, lazımsız bəzədilmələrdən və indiyədək qəbul olunmuş konvensiyalardan uzaqlaşaraq.

Şair müasir Azərbaycan poeziyasının səsinə adilik, sadəlik, səmimilik qataraq ona ton verir, dərəcə qazandırır.

Kitabşünaslıq fakültəsinin məzunu və ədəbi fəal Səlim Babullaoğlunun kitabında mədəniyyətə və sənətə çox sayda müraciətlərə də rast gəlirik. Bunlar yalnz kitabın estetik dəyərinin artırılmasına xidmət edən sitatlar və fikirlər deyil, daha çox sənətçinin ictimai rolu haqqında olan dərin düşüncələrin (konkret bir məsələni müasir dövrün ən önəmlii problemi kimi təqdim etmək) əksidir. Babullaoğlu şeirlərində onun üçün ən vacib kateqoriyalardan birinə - həqiqətə istinad edir. Şairin fikrincə, yalnız bir şeyi yaşamaq və hiss etmək bu barədə danışmaq hüququ verir - yalnız bu halda bizim təsvir etdiyimiz hekayə dürüst və etibarlıdır.

Mən sizə havanın bu gün necə gözəl olması barədə

danışmaq istədim, dostum, yazmaq istədim.

Nə deyim? Necə yazım havanın nə qədər gözəl olmasını?

Anlatmaq üçün təkrar havaya çıxmalıyam,

qələmi yerə qoyub yazmamalıyam.

Bu şeirin ən yaxşı davamı

nə vaxtsa və kim yazsa belə, mütləq bu cür olacaq, Fərid:

Bir nəfər çölə çıxdı, ciyər dolusu nəfəs aldı və susdu...

Kitabın adını daşıyan şeirdə müəllif hekayəsini dünya ədəbiyyatının məşhur nümunələrindən sitatlar və adlarla təsvir edir, əlbəttə ki, bunlar diqqətlə seçilərək, əlavə bir kontekst yaradır. Eyni zamanda bir növ ümumbəşəri xarakter daşıyan üsyan təsvir edilən ifadələrdir: "çıxır istefaya bütün kitablar o tərəfdə". Babullaoğlu təəssüflənərək qeyd edir ki, sonadək oxunub bitmir "hərb və sülh", hər şey bərkiyib, daşlaşıb, qəlblər də. Şair pulun və müxtəlif sistemlərin dəyərli olduğu, empatiya və ləyaqətin kənarda və lazımsız olduğu bu müasir dünyanı qorxu və təəssüf hissi ilə izləyir.

Onu da qeyd etmək gərəkdir ki, Səlim Babullaoğlunun kitabının əsas qəhrəmanı "şərtiliyin ən gözəli" olan Vətəndir. Azərbaycan müharibə yaşayan (Dağlıq Qarabağ münaqişəsi) ağrılı tarixi olan bir ölkədir, yalnız 1991-ci ildən azad dövlətdir (bundan öncəki azadlıq dövrü 1918-1920-ci illərə təsadüf edir). Kitabın səhifələrində rast gəlinən azadlıq və dövlətçilik mövzuları hər zaman böyük duyğularla müşayiət olunur, bəzən sadə ifadələr nəticəsində yaranaraq daha da böyük təsir bağışlayır.

Dünən oteldə, qızım qucağımda

                        güzgüyə baxırdıq, qürrələnirdik.

Amma fərqliydi bu sevinclər:

                        qızım mənimləydi deyə, sevinirdi,

mən birgəlikdən çox diriliyə.

Sonra lap az, azca da

                        Vətəndə olmağın sevinci vardı içimdə.

Bəhs edilən bir ovuc sevinc gərgin siyasi vəziyyətlə, əbədi sürgünlüklə, ayrılıqla, doğma diyardakı səfərin az sonra bitəcəyinin dərk olunması ilə, sonsuz nostalji və yadlaşma hissləri ilə qarışır. Müəllif kitabda dəfələrlə, Qara Yanvar hadisələri daxil olmaqla, Azərbaycanın mürəkkəb tarixindən bəhs edir.

Şəhidlər xiyabanında döşəmə daşlarını yağış qaraldıb.

Qoca eynəyinin şüşəsində muncuqlanmış damcıları silir.

Adlar, şəkillər dəyişir, ölüm tarixləri isə eynidir:

iyirmisi, birinci ay, doxsanıncı il.

İrəli əyilir, naməlum şəhid məzarının

adsız və şəkilsiz qara mərmər lövhəsində

öz əksini görüb diksinir...

Babullaoğlu həqiqət kateqoriyasına təbiilik, etirafların və hisslərin dürüstlüyü (bu hissləri etiraf etmə cəsarəti), özünə sədaqət kimi bir çox anlayışları daxil edir. Buna görə uşaqlar və onların yalandan uzaq məsum davranışları şair üçün çox vacibdir. O, balaca uşağın dünyaya heyranlığına və marağına biganə qalmır. Şair insanın ləyaqətinə, etik davranışına, başqa bir insanı anlamaq qabiliyyətinə, sənətlə ünsiyyətinə xüsusi diqqət yetirir.

Səmimiyyət deməkdə yox, deməməkdə ən azı alicənabdır.

Hətta yerindəysə, sükut daha səmimidir

və o qədər çox şeyi anladır ki.

Məsələn, balıqçı atalarınızdan soruşun:

balıqları niyə tutdular, öldürdülər, satdılar?

Onların gözü dolacaq və mütləq sizə zillənəcək.

Susacaqlar və bu, ən doğru-dürüst izah olacaq.

Tərcümə və məqalələri çapa hazırlayan:

İlahə Kərimova

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!