Böyük Füzuli çox gözəl deyib: "Novbahar olğac, tikandan bərgi-gül izhar olur". Ötən əsrin 80-ci illərinin ikinci yarısında ölkədə yaranmış nisbi azadfikirlilik atmosferində bütün keçmiş SSRİ məkanında olduğu kimi, Azərbaycan elmi-ədəbi və ictimai mühitində də yeni təfəkkürdən çox danışılırdı. Amma məhz danışılırdı, bununla bağlı şifahi və yazılı çıxışların əksəriyyəti populist hay-küydən və məzmunsuz şüarçılıqdan o yana getmirdi. Və belə bir şəraitdə Azərbaycan mətbuatında Nizami Cəfərov imzası artıq tarixi-ictimai zərurətə çevrilmiş həmin yeni təfəkkürün təcəssümü kimi meydana çıxdı, milli varlığımıza və mədəni kimliyimizə, dilimizə və ədəbiyyatımıza yeni baxışın mükəmməl nümunələrini ortaya qoydu. O illərdə hələ heç otuz yaşı olmamış Nizaminin müxtəlif qəzet və jurnallarda, xüsusən "Ədəbiyyat və incəsənət"də işıq üzü görən məqalələri, bu məqalələrdə yer alan "yaşından çox böyük" fikir və ideyaları mövcud stereotiplərə, buxovlanmış düşüncəyə əməlli-başlı meydan oxuyur, donuq elmi təfəkkürü silkələyirdi. Bu isə artıq gənc alimin özəl missiyasından xəbər verirdi və sonrakı illərdə də Nizami Cəfərov həmin missiyanı uğurla və ləyaqətlə yerinə yetirdi!
Nizami ilə mənim tanışlığım həmin ərəfədə, səhv etmirəmsə, 1985-ci ildə universitetin (o zaman respublikada bu adı daşıyan yeganə təhsil ocağının - Bakı Dövlət Universitetinin) yataqxanasında baş tutmuşdu. O, müdafiəsinə hazırlaşdığı namizədlik dissertasiyasının avtoreferatını mənə bağışladı: böyük dilçi alim və parlaq şəxsiyyət Tofiq Hacıyevin rəhbərliyi ilə ədəbi dil tariximizə dair sanballı bir iş yazmışdı. Cəmi bir neçə il sonra (33 yaşında!) isə Nizami artıq elmlər doktoru idi.
Alimin doktorluq işini ehtiva edən monoqrafiyası - "Azərbaycan türkcəsinin milliləşməsi tarixi" onun yuxarıda qeyd etdiyim missiyasının mahiyyətini və mündəricəsini əks etdirmək baxımından çox əhəmiyyətlidir. Özünün çoxşaxəli elmi-ədəbi yaradıcılığının istənilən məqamında onun milli platformadan çıxış etdiyini görürük. "Elmin vətəni yoxdur, amma alimin vətəni var!" deyimini nəzərə alsaq, bu, olduqca vacib məsələdir. Azərbaycanın müstəqillik qazandığı ilk illərdə isə bu cəhət ikiqat önəmə malik idi. Bu mənada Nizami Cəfərovun geniş spektrli məhsuldar yaradıcılığı, çoxsaylı məqalə və kitabları təkcə Azərbaycan elmi düşüncəsinin faktı olaraq qalmamış, milli ideya və ideologiyanın, milli dövlətçilik nəzəriyyəsinin tərkib hissəsinə çevrilmişdir. Elmi axtarışlarını pedaqoji fəaliyyətlə uğurla birləşdirən, uzun illər BDU-nun filologiya fakültəsinə rəhbərlik edən alim həm də müstəqil dövlətimiz üçün milli düşüncəli kadrların hazırlanmasına dəyərli töhfələr vermişdir.
Yaradıcılığının ilk dövründə Nizami Cəfərovun Füzuli, Vaqif, Səməd Vurğun, Azərbaycan İntibahı və s. barədə fikirləri hədsiz maraqla qarşılanır, geniş diskussiyalar doğururdu. Mən Elmlər Akademiyasında onun "Füzulidən Vaqifə qədər" monoqrafiyasının müzakirəsində iştirakçı olmuşam, çıxış etməyib sadəcə, kanonik və sərbəst düşüncələrin toqquşması və dialoqunu seyr etmişəm. Həmin kitab Nizaminin güclü mətn duyumunu, prosesi hissetmə və görmə qabiliyyətini, ədəbi-tarixi faktlara retrospektiv və perspektiv planda yanaşma istedadını nümayiş etdirirdi. Eyni zamanda bəlli qəliblərlə düşünənlər üçün idraki müşküllər yaradır, etirazlar doğururdu. Ən mühümü də bu idi: əsl alim hamını razı salacaq fikirlər deyil, mübahisə və müzakirələrə təkan verən, elmi düşüncə və mühitdə canlanma yaradan, həqiqət axtarışlarını stimullaşdıran ideyalar irəli sürməlidir və Nizami Cəfərov da bu vəzifəni böyük uğurla yerinə yetirirdi.
Üstəlik, onun humanitar fikrin müxtəlif problemlərinə yeni yanaşmanı təcəssüm etdirən ideyaları yeni ifadə və yazı tərzində maddiləşirdi. Və bu da bizim filoloji yaradıcılıqda xüsusi "Nizami Cəfərov üslubunun" formalaşmasına gətirib çıxarmışdır. Alimin "Türk dünyası: xaos və kosmos", "Eposdan Kitaba", "Genezisdən tipologiyaya" kimi kitabları, saysız məqalələri bu üslubun əsas parametrlərinin müəyyənləşməsinə şərait yaratmışdır. Bu isə, şübhəsiz, bir yaradıcı insanın nail ola biləcəyi ən mühüm uğur sayılmalıdır. Həmin üslubun təsir və izlərini aşkar və üstüörtülü formada müstəqillik dövründə yaranmış bir çox elmi-ədəbi və publisistik yazılarda müşahidə etmək mümkündür.
2000-ci illərdən etibarən Nizami Cəfərov fəaliyyət dairəsini daha da genişləndirərək, təkcə alim, fikir adamı kimi deyil, həm də fəal ictimai xadim kimi böyük işlər həyata keçirməkdədir. Bir neçə çağırış Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri, Atatürk Mərkəzinin direktoru kimi o, geniş diapazonlu bir şəxsiyyət olduğunu nümayiş etdirmiş, məşğul olduğu hər bir sahədə öz izini qoymağı, gördüyü hər bir işə öz möhürünü vurmağı bacarmışdır. Ən önəmlisi, bu mərhələdə Nizami Cəfərov Azərbaycançılığın bir ideologiya kimi əsaslandırılmasında, Azərbaycanşünaslığın bir elm kimi formalaşmasında sözün həqiqi mənasında müstəsna xidmətlər göstərmişdir. Onun "Azərbaycanşünaslıq məsələləri", "Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri", "Azərbaycanşünaslığa giriş", "Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları" kimi əsərləri bu baxımdan öz strateji yönümü və konseptual səciyyəsi ilə olduqca əhəmiyyətlidir.
Nizaminin parlaq şəxsiyyəti onun nəhəng yaradıcılığını üzvi şəkildə tamamlayır, elmi mövqeyindəki sabitlik şəxsiyyətindəki dəyişməzlik ilə tən gəlir. Həyatdakı uğurlarına, karyerasındakı yüksəlişə rəğmən, Nizamini tanıdığım 35 il ərzində onun davranışında, adamlarla münasibətində bir dəyişiklik hiss etməmişəm, bir insan olaraq aspirant Nizami ilə akademik Nizami arasında fərq müşahidə etməmişəm. Bu da, fikrimcə, təbiidir: bizim bir çox elm və ədəbiyyat adamlarından fərqli olaraq, onun özünütəsdiq üçün məmur ədalarına ehtiyacı yoxdur, şəxsiyyətindəki təbii cazibə və özünəməxsus xarizma bunun üçün yetərlidir.
Nizami Cəfərovun 60 yaşı tamam olur. Mən əziz dostumu, böyük alim və ictimai xadimi bu gözəl yubileyi münasibətilə ürəkdən təbrik edir, ruhunun və düşüncəsinin daim indiki kimi cavan qalmasını arzulayıram!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!