Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nizami Cəfərovu xarakterizə edən əsas cəhət professionallıq və universallıqdır. Əlbəttə, Nizami müəllim professionallığı ilk növbədə əsas ixtisası olan dilçilik elmi sahəsindəki əsərlərində yüksək səviyyədə nümayiş etdirməkdə davam edir. Azərbaycan dilçilik elmi ailəsi və türk dünyası elmi mühiti Nizami Cəfərovu müasir Azərbaycan dili, ədəbi dil tarixi, türkologiya və ümumi dilçilik üzrə görkəmli alim-mütəxəssis kimi qəbul edir. "Azərbaycan dilində sadə cümlənin struktur - semantik inkişafı" mövzusunda uğurla müdafiə etdiyi namizədlik dissertasiyası (1985) ilə o, yeni elmi nəslin istedadlı nümayəndəsi kimi diqqəti cəlb etmişdir. Azərbaycan dilçilik elmində ədəbi dil tarixi üzrə görkəmli alimlərin qiymətli elmi tədqiqat əsərlərinin olmasına baxmayaraq, Nizami Cəfərov bu sahədə özünün professional elmi sözünü deyə bilmişdir. Xüsusən, XVII-XVIII əsrlər Azərbaycan ədəbi dili haqqında Nizami Cəfərovun tədqiqatları ölkəmizin görkəmli dilçi alimlərinin uzun illər ərzində yaratdıqları sanballı dil tarixi tədqiqatlarına mükəmməl elmi-nəzəri əlavələrdir. Onun "XVIII əsr Azərbaycan ədəbi dili" mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası (1991) ilə Azərbaycanda ədəbi dil tarixi tədqiqatlarının yeni dövrü başlamışdır. Nizami Cəfərov Füzulidən Vaqifə qədərki dil hadisələri və proseslərinə istinad edərək, Azərbaycan ədəbi dilinin xəlqiləşdirilməsi və milliləşdirilməsi, dil normalarının sabitləşməsi və möhkəmləndirilməsi məsələlərini elmi-nəzəri cəhətdən əsaslandırılmış şəkildə təqdim etmişdir.
Cənubi Azərbaycan ədəbi dili anlayışı da həm elmi-nəzəri, həm də təcrübi və metodoloji cəhətdən Nizami Cəfərov tərəfindən yüksək professional səviyyədə işlənib hazırlanmışdır. Cənubi Azərbaycanda ədəb dil: normalar, üslublar" monoqrafiyası (1990) ədəbi dilimizin bu mühüm qolu haqqında yazılmış ciddi elmi tədqiqat əsəridir. Nizami Cəfərov bu qiymətli əsəri ilə Cənubi Azərbaycan ədəbiyyatına yaxından bələd olduğunu və cənubda yaşanan dil proseslərini dərindən öyrəndiyini, ədəbi-ictimai proseslərin fonunda əsaslı şəkildə tədqiq edib ümumiləşdirmək vəzifəsini layiqincə yerinə yetirdiyini nümayiş etdirir. Çap olunduğu vaxtdan uzun bir müddət keçməsinə baxmayaraq, cavanlıq şövqü ilə yazılmış bu əsər indi də Cənubi Azərbaycan ədəbi dilinin normaları və üslubları haqqında mötəbər elmi mənbələrdən biri hesab olunur.
Akademik Nizami Cəfərov üçün türkologiya geniş anlayış olub, yalnız dilçilik sahəsi ilə məhdudlaşmayaraq, eyni dərəcədə də ümumtürk ədəbiyyatı və mədəniyyəti anlayışlarını da özündə cəmləşdirir. Nizami Cəfərovun simasında dilçi-türkoloqla ədəbiyyatçı-türkoloq və kulturoloq vahid bir sistemdə birləşir. Tərəddüd etmədən demək olar ki, Nizami Cəfərovun hazırlayıb çap etdirdiyi dördcildlik "Türk xalqları ədəbiyyatı" geniş mənada türkologiya elminə sanballı xidmətdir. O, ilk dəfə olaraq Azərbaycanda türk xalqları ədəbiyyatının çoxcildlik elmi salnaməsini yaratmışdır. Bu sanballı nəsri Nizami Cəfərovun yaratdığı türk xalqları ədəbiyyatı epopeyası adlandırmaq olar. Görkəmli alimin türkoloji dilçilik sahəsindəki tədqiqatları da geniş ümumtürk elmi mühitində tanınır və yüksək qiymətləndirilir.
Ümumi dilçilik istiqamətində isə Nizami Cəfərov yeni bir masştab müəyyənləşdirir. İlk növbədə klassik ümumi dilçilik modeli Nizami Cəfərov tərəfindən modernləşdirilir. Belə ki, o, təkcə dil ailələri baxımından deyil, xüsusən, daha çox struktur və istiqamət nöqteyi-nəzərindən də ümumi dilçilik elmində türkologiyanın yerini və mövqeyini müəyyənləşdirmiş və daha da möhkəmləndirmişdir. Nizami Cəfərov ümumi dilçilik elminə xüsusi bir türkologiya ağırlığı gətirmişdir. Belə də demək olar ki, Nizami Cəfərov türkologiyanın ümumi dilçiliyini yaratmaq zərurətini meydana qoymuş və bu istiqamətdə ciddi elmi addımlar atmışdır. Bundan başqa, görkəmli dilçi alim dil nəzəriyyəsinə dair də sanballı tədqiqatların müəllifidir. O, hələ 2000-ci ildə çap etdirdiyi "Türkologiya tarixinə ümumi baxış" kitabını zaman-zaman təkmilləşdirmək və dərinləşdirməklə yeni dilçilik təfəkkürü əsasında "Türkologiya" tipli tədqiqatını (2018) meydana qoymuş, beləliklə, ümumi dilçilik elminin türkologiyasını yaratmağın nümunəsini göstərmişdir. Eyni zamanda, məşhur dil nəzəriyyəçisi Ferdinand de Sössürün ümumi dilçilik sahəsində bütün dünyada qəbul olunmuş "Ümumi dilçilik kursu" kitabını Azərbaycan dilinə tərcümə və nəşr etdirməklə (2013) Nizami Cəfərov ümumi dilçiliklə məşğul olanlar arasında bir addım da qabağa çıxmağı bacarmışdır. Bu kitaba yazılmış "Ferdinand de Sössür: həyatı, fəaliyyəti, dilçilik görüşləri və "Ümumi dilçilik kursu" adlı dərin məzmunlu ön sözü geniş mənada Azərbaycan dilşünasının Qərb ümumi dilçilik nəzəriyyəsinə sanballı bir müqəddimədir. Geniş elmi dünyagörüşünü və ümumi dilçilik sahəsindəki tədqiqatlarını nəzərə almaqla Nizami Cəfərovu obrazlı şəkildə Azərbaycan dilçilik elminin Ferdinand de Sössürü adlandırmaq olar.
Nizami Cəfərov ədəbiyyatşünaslıq elmi ilə də ardıcıl şəkildə məşğul olmaqda davam edir. Daha doğrusu, ədəbiyyatşünaslıqla dilçilik Nizami Cəfərovun fəaliyyətinin qoşa qanadlarıdır. Hər iki istiqamətdəki çoxillik və səmərəli elmi xidmətləri həm də ümumilikdə filologiya elminin qoşa qanadı kimi Nizami Cəfərov formatını formalaşdırmışdır. Ədəbiyyatşünaslıq məsələləri ilə, ədəbi tənqidlə məşğul olmaq Azərbaycan dilçilik elminin nümayəndələri arasında ənənəyə çevrilsə də, Nizami Cəfərov bu sahəyə xüsusi ağırlıq verməklə və ədəbiyyat haqqında elmin ən müxtəlif problemlərinə daha miqyaslı nüfuz etməsi ilə sələflərindən irəli getmişdir. Əgər biz Nizami Cəfərovun görkəmli dilçi alim olduğunu bilməsəydik, ədəbiyyatşünaslıq fəaliyyətinin onun "ikinci ixtisası" olduğunu təsəvvürümüzə gətirə bilməzdik. Nizami Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elminin ön sırasında təmsil olunan, dilçilik qədər də ədəbiyyatşünaslığın məsuliyyətini daşıyan və bu sahəyə sanballı elmi töhfələr vermiş professional bir ədəbiyyat adamıdır.
İxtisasca dilçi olan akademik Nizami Cəfərov elmi fəaliyyətə başladığı ilk vaxtlardan bu günə qədər həmişə ədəbiyyatşünaslıq məsələlərinə dair tədqiqatlar aparmış, kitablar və məqalələr çap etdirmişdir. Ədəbiyyata dərin marağından və geniş mütaliəsindən başqa, cavan yaşlarında bir müddət "Ədəbiyyat və İncəsənət" qəzetində Ədəbi tənqid şöbəsinin müdiri kimi fəaliyyət göstərməsi (1987-1991), Bakı Dövlət Universitetində Filologiya fakültəsinin dekanı vəzifəsində çalışması (1994-2001), Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodik Şurasının "Azərbaycan dili və ədəbiyyatı" bölməsinə sədrlik etməsi (1997-2003) onun dilçiliklə paralel surətdə ədəbiyyatşünaslıq sahəsində də ixtisaslaşmasını təmin etmişdir. Buna görədir ki, müxtəlif illərdə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Anar, Elçin, İsa Muğanna, Nəriman Həsənzadə, Gülhüseyn Hüseynoğlu, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Afaq Məsud, Hüseynbala Mirələmov, Gülağa Tənha, Yunis Oğuz və başqaları haqqında yazdığı çoxsaylı kitablar və məqalələr yüksək səviyyəli professional ədəbiyyatşünaslıq əsərləridir. O, eyni zamanda, orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili ilə yanaşı, ədəbiyyat üzrə də uzunömürlü dərsliklərin müəllifidir. Ədəbiyyatın mahiyyəti - ədəbiyyat tarixinin dövrləşdirilməsi, klassik şeirin poetikası, aşıq poeziyasının inkişafı, ədəbi tənqidin imkanları və iddiaları, "altmışıncıların" ədəbi simaları və problemləri haqqındakı tədqiqatları, yaxud ayrı-ayrı yazıçılarla əlaqədar portret-oçerk səviyyəsində təqdimatları Nizami Cəfərovun ədəbiyyat məsələlərinə, ədəbi prosesə dərindən bələd olduğunu, bir çox hallarda istiqamət verdiyini əyani surətdə göstərir. Nizami Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elmində "Kitabi-Dədə Qorqud" dastanlarındakı "eposdan kitaba" doğru ədəbi proseslərin əsasında bu möhtəşəm oğuznamədən həm də ortaq ümumtürk və daha çox Azərbaycan yazılı ədəbiyyatının başlanğıc dövrünün ədəbi abidəsi qismində söz açmaq təşəbbüsünü irəli sürmüşdür. Beləliklə, Nizami Cəfərovun simasında dilçilik elmi ilə ədəbiyyat haqqında elm gerçək mənada qoşa qanada çevrilmişdir. Universal düşüncə sahibi olan Nizami Cəfərov qoşa qanadların hər ikisinin məsuliyyətini daşımağa borclu olduğu kimi, çoxillik ardıcıl və səmərəli fəaliyyəti sayəsində paralel surətdə şərəfini də eyni dərəcədə yaşamağa haqqı olan elm xadimidir. Hətta ədəbi prosesdə iştirakı baxımından ədəbiyyatşünaslıq sahəsindəki fəallığı və ardıcıllığı daha qabarıq nəzərə çarpır. Dilçilik sahəsində daha çox doktorantların və dissertantların elmi rəhbəri, elmi məsləhətçisi, rəsmi opponenti kimi iştirak edən Nizami Cəfərov dilçiliyin ayrı-ayrı problemlərinə dair monoqrafik əsərləri və ya dilçilik üzrə akademik jurnallarda çap etdirdiyi məqalələri ilə təmsil olunur. Ədəbiyyatşünaslıq sahəsində isə o, elmi rəhbərlik və opponentlikdən, akademik dövri jurnallarda məqalələri ilə təmsil olunmaqdan başqa, həm də ədəbi prosesdə çox fəal və ardıcıl surətdə iştirak edir. Ölkə miqyasında keçirilmiş elə bir ciddi ədəbi-kulturoloji forum, qurultay, konfrans, müzakirə göstərmək çətindir ki, orada Nizami Cəfərovun mötəbər səsi, sözü eşidilməmiş, mövqeyi ifadə edilməmiş olsun. Azərbaycan yazıçılarının X qurultayında poeziya haqqında məruzə ilə çıxış etməsi (1997), sonrakı qurultaylarda və forumlarda əlavə məruzəyə bərabər çıxışlar etməsi Nizami Cəfərovun hələ neçə il əvvəldən ədəbiyyatşünaslıq sahəsində ön sıralara çıxmasının real göstəricilərindəndir. Bu mənada akademik Nizami Cəfərovun dilçilik istiqamətindəki xidmətlərini yüksək qiymətləndirməklə bərabər, həm də indiki halda onun çoxcəhətli fəaliyyətində ədəbiyyat tərəfinin ağır gəldiyini görməmək və göstərməmək mümkün deyildir. Əgər akademik Nizami Cəfərov elmi əsərlərinin siyahısını tərtib edərsə, həmin siyahıda ədəbiyyata həsr edilmiş kitablar və məqalələr çoxluq təşkil etmiş olar. Ədəbiyyat tədqiqatları keyfiyyət göstəricilərinə görə Nizami Cəfərovun, bir çox hallarda isə Azərbaycan ədəbiyyatşünaslıq elminin brendi statusu qazana bilir.
Fikrimizcə, 2018-ci ildə Azərbaycanda və Türkiyədə çap olunmuş "Ədəbiyyat söhbətləri" kitabı akademik Nizami Cəfərovun ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərini ümumiləşdirilmiş şəkildə qiymətləndirmək üçün əsas verir. Bir qədər genişləndirilmiş şəkildə Türkiyədə "Azərbaycan ədəbiyyatı tarixinin etüdləri" adı ilə İstanbulun "Zəngin yayıncılıq" nəşriyyatında çap olunan bu kitablar bir yerdə Nizami Cəfərovun ədəbiyyatşünaslıq əsərlərinin mükəmməl bir külliyyatıdır. Nizami Cəfərov üçün ədəbiyyat söhbəti "mənəvi-ruhi özünüifadənin (və özünütəsdiqin!), həm bir millət, həm də bir şəxs səviyyəsində... ən mühüm, ən səciyyəvi təzahürüdür". Nizaminin nəzərində "söz sənəti ədəbiyyat... həm də (əslində daha çox) dünyanı bütün çoxspektrli təzahürlərilə ən kütləvi (və təbii, səmimi) dərk etmək üsulu, onun magiyasına üstün gəlmək, nəticə etibarilə özünü (insanı!) təsdiq etmək metodudur". Ümumiyyətlə, bu kitablarda Nizami Cəfərovun Azərbaycan ədəbiyyatının mənşəyindən, dövrləşdirilməsindən tutmuş çoxəsrlik inkişafı proseslərindəki görkəmli yaradıcılarının həyatı və yaradıcılığına, hazırkı real mənzərəsinə, bundan sonrakı üfüqlərinə qədər geniş və ümumiləşdirilmiş tədqiqatları öz əksini tapmışdır. Nizami Cəfərovun yazılarının hamısındakı özünəməxsus üslubu, təhkiyəsi, sintaksisi, obrazlı yanaşmaları, ümumiləşmiş sabit elmi qənaətləri onun imzasını təsdiq edən elmi möhürüdür. Nizaminin elmi əsərlərində Azərbaycan xalqının mükəmməl ədəbiyyat fəlsəfəsi müəyyən olunmuş və təkamül prosesində təqdim edilmişdir. "Ədəbiyyat söhbətləri" kitabı (2018) sözün həqiqi mənasında Nizami Cəfərovun Azərbaycan ədəbiyyatı haqqında mənalı, tutumlu, elmi monoloqudur. Azərbaycanın ədəbiyyat cəmiyyəti onu ədəbiyyat, ədəbi proses, yazıçı, bədii əsər haqqında əsaslı və müdrik söz demək istedadına malik olan görkəmli ədəbiyyatşünas kimi qəbul etmişdir. Bütün bunlar böyük dilşünasla ədəbiyyatşünas Nizami Cəfərov arasında bərabərlik işarəsi qoymağa əsas verir.
Akademik Nizami Cəfərov ölkəmizdə "Azərbaycanşünaslığın əsasları"nın yaradılmasına öz töhfələrini vermiş mütəfəkkir elm xadimidir. Müxtəlif illərdə çap edilmiş "Azərbaycan mədəniyyəti məsələləri" (2000), "Azərbaycanşünaslığa giriş" (2001), "Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-kulturoloji əsasları" (2001), "Azərbaycan: Dil, Ədəbiyyat və Mədəniyyət" (2001), "Azərbaycanşünaslıq məsələləri" (2001), "Heydər Əliyev və Azərbaycan" (2004), "Azərbaycanşünaslığın əsasları" (2005; 2013), "Atatürkün Azərbaycan siyasəti" (2008), "Azərbaycan xalqının tarixi və tərcümeyi-halı" (2012) və sair kitabları Azərbaycanşünaslığın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən və dəyərləndirən əhəmiyyətli tədqiqatlardır. Nizami Cəfərov elmi fikirdə ümumtürk mənşəli Azərbaycançılıq ideologiyasının və nəzəri əsaslara malik Azərbaycanşünaslıq təliminin əsas tədqiqatçılarından biridir. Azərbaycanşünaslığa dair tədqiqatlarında Nizami Cəfərov professional bir dilçi və ədəbiyyatşünas olmaqdan başqa, həm aydın mövqeyə və özünəməxsus hazırlığa malik tarixçi və filosof, etnoqraf və kulturoloq missiyasını da böyük bacarıqla yerinə yetirir. Bütövlükdə akademik Nizami Cəfərovun zəngin elmi irsi möhkəm türkoloji dayaqlara malik olan Azərbaycanşünaslıq hadisəsidir. Atatürk Mərkəzinin rəhbəri kimi də o, Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etdirilməsinə öz töhfələrini verir.
Nizami Cəfərovun təqdimatında HeydərƏliyevşünaslıqla Azərbaycanşünaslıq milli dirçəliş və siyasi intibahın ifadəsi mənasında birləşir. Ayrı-ayrılıqda ümummilli lider Heydər Əliyev və ölkəmizin Prezidenti İlham Əliyev haqqındakı məqalələri ədəbiyyat ağırlı siyasi portretlərdir. Nizami Cəfərov Azərbaycan cəmiyyətinin Heydər Əliyev - İlham Əliyev epoxasının da orijinal siyasi portretini yaratmışdır. Onun kitablarında və məqalələrində bütün mənalarda HeydərƏliyevçiliklə Azərbaycançılıq bir-birini zənginləşdirir və inkişaf etdirir.
Ümumiyyətlə, Nizami Cəfərovun fəaliyyətində universallıqla professionallıq bir-birini tamamlayır. Çoxcəhətli elmi fəaliyyəti professionallıq səviyyəsində universallığın mükəmməl örnəyidir. Mətnə dərindən müdaxilə etməklə aydın dəyərləndirmə təhlilləri aparmaq, ümumiləşdirilmiş elmi nəticələr çıxarmaq, elmi-nəzəri hədəfləri düzgün müəyyən etməyi bacarmaq onun elm sahəsindəki professionallığının səciyyəvi xüsusiyyətləridir. Ədəbiyyat araşdırmalarında dil faktlarından, dilçilik tədqiqatlarında isə ədəbiyyat materiallarından yerli-yerində və yaradıcı istifadə Nizami Cəfərovun fərdi üslubunu xarakterizə edən əsas amillərdəndir. Eyni zamanda, Nizami Cəfərovun təhkiyəsində elmi-nəzəri təhlillərin aparıcılığı ilə dastan poetikası notları yanaşı yaşayır. Elmi fikirlərini obrazlı şəkildə ifadə etmək də fərdi üslubunun üzvi tərkib hissəsidir. Nizami obrazlı düşüncəni və dastan poetikası əlamətlərini şifahi nitqində olduğu kimi, yazı üslubunda da yüksək səviyyədə ifadə etməyi bacarır. Öz sözləri ilə desək, dastan təhkiyəsi notları və nəzəri təhlil Nizami Cəfərovun düşüncə texnologiyası modelinin əsaslarını şərtləndirir. Bu mənada Nizami Cəfərovun "Keçən günlərin dastanı" adlı xatirə-povestini oxuculara təqdim etməsi onun çoxcəhətli yaradıcılığının real məntiqindən, daxili dünyasından doğan qanunauyğun təbii hadisədir. Fikrimcə, elmə və maarifçi mühitə bağlı olan tərcümeyi-hal dünyası ilə yanaşı, elmi mühitin hadisələri və simaları haqqında dastan poetikası əsasında cəlbedici elmi-publisist üslubda, hətta bir çox hallarda orijinal ədəbi-bədii səviyyədə "Keçən günlərin dastanı"nı yaratması uzun illərdən bəri onun elmi əsərlərində yaşayan obrazı düşüncənin və epos təfəkkürünün məntiqi yekunu kimi səslənir. Nizami Cəfərov "Keçən günlərin dastanı"nda onu əhatə edən mühitdə tərcümeyi-halında yaşayan insanların: valideynlərinin, orta və ali məktəb müəllimlərinin, tələbə yoldaşlarının yaddaqalan portretlərini çəkmişdir.
"Ötən günlərin dastanı" onun müəllifi və əsas iştirakçısı Nizami Cəfərovun proobrazını bir yerdə ifadə edir. "Keçən günlərin dastanı" illərdən bəri Azərbaycan eposundan, eposdakı xaos və kosmos münasibətlərindən yazan, "Kitabi-Dədə Qorqud" dastanlarından, "Koroğlu dastanı"nın poetikasından bəhs edən Nizami Cəfərovun həyatının çətinliklərini və uğurlarını əks etdirən mənalı və fərqli bir tərcümeyi-hal dastanıdır. Elmdə böyük məharət göstərmiş Nizami Cəfərovun "Keçən günlərin dastanı" mənalı ömrün böyük bir dövrünün yekunu, gələcək günlərinin düşündürücü bir başlanğıcdır. Azərbaycan memuar ədəbiyyatının qiymətli nümunəsi olan bu əsərlə - "Keçən günlərin dastanı" ilə həm də mükəmməl bədii təfəkkürə, səriştəli yazıçılıq istedadına malik olduğunu da nümayiş etdirir. Ümumiyyətlə, Nizami Cəfərov həyatda da, elmdə də, bədii düşüncədə də müdrik və dərin epos yanaşmaları nümayiş etdirir. Milli Məclisin deputatı kimi də o, müasir cəmiyyətin ritmləri, templəri, qabarma və çəkilmələri miqyasında düşünməyi və konkret mövqe ifadə etməyi bacarır. Akademik Nizami Cəfərovun altmışı haqlayıb, yüzə doğru istiqamət alan ömürnaməsi onun çoxcəhətli həyatı və fəaliyyətinin gələcək günlərinin də mənalı dastanının yeni fəsillərini meydana çıxaracaqdır.
Akademik Nizami Cəfərov elmin müxtəlif istiqamətlərində universal şəkildə və yüksək professional səviyyədə fəaliyyətini uğurla və dönmədən davam etdirməkdədir.
9 sentyabr 2019-cu il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!