Möhtərəm dostum akademik Nizami Cəfərovu 60 yaşı səbəbinə təbrik edir, alqışlayıram!
Mənimcə, yubiley təntənəsi, şan-şöhrət, alim ömrünün zəfər tağları akademik Nizami Cəfərov üçün coxdan fəth olunmuş zirvədir. 32 yaşında filoloji elmlər doktoru, 33 yaşında professor, 42 yaşında müxbir üzv, 58 yaşında akademik... - ad, titul, mənsəb məsələsində Nizami Cəfərov bizim humanitar elm tarixində həmişə ən cavanlarından olmuşdur. Görkəmli dilçi, ədəbiyyatçı, türkoloq, parlaq tənqidçi; onlarla kitab, yüzlərlə məqalə müəllifi, minlər-on minlərlə oxucusu, geniş ictimaiyyətin sevimlisi...
Bu uzun sevda yolunu, təbii ki, akademik Nizami Cəfərov birnəfəsə keçib başa gəlməmişdir. Həmişə belə hesab etmişəm, bugün də təkrar düşünürəm ki: Nizami Cəfərov çağdaş Azərbaycan mədəni şüuru və stixik türk təfəkkürünün yetirdiyi təkrarsız hadisədir. Nizami Cəfərov haqqında çox yazmışam, təvazödən uzaq, minnət üçün yox, yubiley şərəfinə, minnətdarlıqla anıram. 1980-1990-ların ilk elmi dartışmalarını kənara qoysam; məsələn, 1999-da, düz qırx yaşına "Ədəbiyyat qəzeti"ndə, dostumun şəninə ilk yubiley oçerkini mən dərc elətdirmişəm: "Bir alim ömrünün tipologiyası" ("Ədəbiyyat qəzeti", 24 sentyabr 1999). O vaxtlar hələ də davam edən sovet ədəbi ənənəsinə görə qırx yaşa mətbu yubiley yazısı düşmürdü; sağ olsun baş redaktor Ayaz Vəfalını, alimin hörmətinə, qızırqalanmadı...
Nizami Cəfərovun bütöv və dolğun alim ömrünün ictimai prezentasiyasını mən üç mərhələdə görür və təsnif edirəm.
1) 1980-ci illərin "tələbə kürsüləri"ndən 1990-cı illərin əvvəllərinəcən olan dövr; bu illərdə Nizami Cəfərov özünü əsasən "universitet divarları" arasında və elmi-ədəbi dairələrdə (Elmlər Akademiyası, Yazıçılar İttifaqı, "Ədəbiyyat və incəsənət" qəzeti) parlaq istedada sahib filoloq, dilçi, ədəbi tənqidçi kimi tanıdır.
2) 1990-cı illərin "müstəqillik tribunaları"nda geniş ictimai meydanlara çıxaraq, Nizami Cəfərov özünü ən müxtəlif instansiyalarda - elmi, pedaqoji, ictimai-siyasi kürsülərdə, kafedra müdiri, filoloji dekanı, partiya funksioneri, qəzet redaktoru... postlarında sınayır, təqdim edir; daha da çox cəmiyyət yanında filoloq-alim, dilçi, ədəbiyyatçı, tənqidçi, türkoloq və tarixçi olaraq şöhrətini artırır.
3) 2000-ci illərdən bugünəcən universal fəaliyyətilə Nizami Cəfərov özünü ümdə olaraq ictimai və mədəniyyət xadimi kimi təqdim və təsdiq edir...
Birinci mərhələnin zirvə əsərləri kimi "Füzulidən Vaqifə qədər" kitabı (Bakı, "Yazıçı", 1991) və "Azərbaycan türkcəsinin milliləşməsi tarixi" monoqrafiyasını (Bakı, Azərbaycan Dövlət Kitab Palatası, 1995) bilirəm. Hər iki əsər dilçilikdə və ədəbi prosesdə ciddi rezonans doğurmaqla, milli təfəkkürün oyaq olduğu təməl nöqtələrinə təkan verdi; sovet dönəmində türk köklərindən xeyli uzaq düşmüş, hardasa yabançılaşmış mədəniyyət şüurunun restavrasiyasında fəal rol oynadı və bugün də önəmini saxlamaqdadır. "Füzulidən Vaqifə qədər" kitabı haqqında ilk yazanlardan biri mən olmuşam ("Elm" qəzeti, 5 və 19 fevral 1993).
Mənimcə, ikinci mərhələnin şah əsərləri - "Eposdan kitaba" (Bakı, "Maarif", 1999) və "Azərbaycanşünaslığa giriş" (Bakı, AzAtaM, 2002) monoqrafiyaları (və bu ətrafda yazdıqları: "Türk dünyası: xaos və kosmos", "Genezisdən tipologiyaya", "Kitabi-Dədə Qorqud"da islama keçidin poetikası", "Koroğlu"nun poetikası" və s.) Nizami Cəfərovu geniş fikir əhatəsinə malik türkoloq və həmin zəmindəcə yetişmiş azərbaycanşünas alim kimi qabartdı və tanıtdı. Hər iki əsər barəsində yazmışam ("Ədəbiyyat qəzeti", 24 sentyabr 1999; Tənqid.net, № 2, 2006); fikrimcə, Azərbaycanda Əlibəy Hüseynzadədən, "Türklər kimdir və kimlərdən ibarətdir" əsərindən (1905) sonra türklərin etno-tarixi və coğrafiyasını, üç min il qədimdən günümüzəcən keçdiyi tarixi yolları bu tərzdə aydın, tipoloji, təfsilən - epoxalar, mədəniyyətlər, imperiya və dövlətlərin ard-arda qurub-yaratdığı bütöv (və diferensial) bir sivilizasiya olaraq heç zaman, heç kimsə izləməmişdi - məhz alimin təsbit etdiyi kimi: etnosdan Eposa! Nizami Cəfərovun təfsirində Azərbaycan türkləri Eposuna güvənib, hələ bugün də milli cəmiyyətini qurmaqda olan xalqdır. Bunu biz 1990-cı illərin çətin, az qala parçalanma-dağılma proseslərində yaxından hiss etdik; Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası məhz həmin enerjiyə söykənib milli cəmiyyəti qurtardı... Bu haqda çoxsaylı etiraflar sırasında Nizami Cəfərovun da ayrıca monoqrafiyası var: "Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir" (Bakı, AzAtaM, 2002).Ulu Öndər Heydər Əliyev Azərbaycançılığı Dövlət ideologiyası olaraq 1995-ci ildə Anayasamızda rəsmən təsbit etdi; və bir elm olaraq ilk "Azərbaycanşünaslığa giriş"i (2001) qələmə alanlardan biri də Nizami Cəfərov oldu.
Üçüncü mərhələ Nizami Cəfərovun tarixi fəaliyyətinin ideologiya, praqmatika və praktikada funksionallıq qazandığı illərdir... Alim 2001-ci ildə AMEA-ya müxbir üzv seçildi. Ulu Öndər Heydər Əliyev Nizami Cəfərovu Əməkdar Elm xadimi fəxri adına (2000) layiq gördü, yenicə yaratdığı Azərbaycanda Atatürk Mərkəzinə (2001) rəhbər təyin etdi və haqqında xoş sözlər söylədi: "Çox məmnunam ki, mənim təşəbbüsümlə Azərbaycan Atatürk Mərkəzi artıq fəaliyyət göstərir. O vaxt mənə Beynəlxalq Atatürk sülh mükafatı veriləndən sonra düşündüm ki, bunu etmək lazımdır və buna da böyük ehtiyac varmış. Mən çox böyük bir professoru həmin Mərkəzə başqan təyin etdim. O bizim parlamentin deputatıdır. Onlara çox qədim, gözəl bir bina vermişəm..." Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 aprel 2004-cü il tarixində Atatürk Mərkəzinin binasının rəsmən açılışında iştirak etdi, kollektivə fəaliyyətində uğurlar dilədi.
Ulu Öndər Heydər Əliyevin gənc alimə diqqəti, Nizami Cəfərovun həyatında yeni səhifələr açdı. 1990-cıların olduqca qarışıq ictimai-siyasi burulğanından sonra məhz Ulu Öndərin etimadı və etibarı sayəsində Nizami Cəfərov bu dəfə yeni yöndən - YAP-çı alim, millət vəkili, fəal ictimaiyyətçi olaraq özünü təsdiqlədi; mədəniyyət və dövlət quruculuğunda aktiv yerini tapdı və yaradıcılığının ideoloji yöntəmi ilə parlaq performanslar etdi. Rəhbərlik etdiyi Atatürk Mərkəzi intensiv tədqiq, təbliğ, nəşr, uluslararası təqdimat və ictimai prezentasiyalarla bir türkoloji və Azərbaycançılıq mərkəzi olaraq az müddətdə ölkənin qocaman elm, ədəbiyyat, mədəniyyət ocaqlarının sırasına qatıla bildi... (Bu barədə mən Azərbaycanda Atatürk Mərkəzinin beş illiyinə "İdeoloji: tarixi təcrübə, müasir tələblər, əməli iş" adlı yazımda geniş söz açmışam - Tənqid.net, № 2, 2006)
Üçüncü mərhələnin ən böyük nəticəsi, şəksiz ki, beşcildlikdir. 2007-ci ildə Nizami Cəfərovun elmi-tənqidi yaradıcılığının külliyyatı işıq üzü gördü: "Seçilmiş əsərləri. Beş cilddə" (Bakı, "Elm", 2007). Birinci cilddə - dilçilik; ikinci yerdə - ədəbiyyat (2-ci cild üzərinə bir yazı yazdım: "Nizami Cəfərovun ədəbiyyat baxışları", "525-ci qəzet"də (5 noyabr 2009) dərc olundu), üçüncü cilddə - türkologiya, dördüncü cilddə - ideologiya, beşincidə - mədəniyyət, maarifçilik və ictimailəşdirmə yazıları yer almışdı...
Bu ki, 50 yaşına Nizami Cəfərov ömrün əlli ilində elm, ədəbiyyat, mədəniyyət, humanitariya sahələrində böyük işlər görmüş adlı-sanlı alim, ictimaiyyət arasında geniş tanınmış yeri-məzhəbi bəlli xadim olaraq gəlmişdi. Yubiley qüruru və sevinclərini yaşamaq olardı, elliklə yaşandı da: haqqında neçə kitablar, onlarla məqalələr yazıldı; və o gündən bugünə yenə də yazılmaqda davam edir. Bir kitab da məndən ərməğan olsun dedim: "Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi" (Bakı, AzAtaM, 2009). O günəcən - 1990, 1993, 1996, 1998, 1999, 2000, 2001, 2002, 2006, 2007, 2009-da akademik dostum haqqında yazdığım məqalələri, fikir və mülahizələrimi kitabda bir yerə yığdım və dostlar arasında, zarafatla, özümü "Yaşar-Qarayevşünas" olmaqdan sonra ikinci yerdə "Nizami-Cəfərovşünas" bəyan etdim. Hərçənd ki, burada azca mübaliğə də vardı, möhtərəm dostumun möhtəşəm fəaliyyətinin yalnız bir tərəfindən, ədəbiyyatdan söz açmağa gücüm çatırdı ...
Tələbəlik illərindən (1970-lərin axırı, 1980-lərin əvvəli) möhtərəm dostum mənim gözümdə elə həmişə "akademik" olmuşdur. Deyək, redaktoru olduğum "Tənqid.net" jurnalının 2006-dan 2018-cən, içərisində mütləq və mütləq müxbir üzv Nizami Cəfərovun da yazıları yer almış, hər sayını möhtərəm dostuma "Akademik Nizami Cəfərova sevgilərlə" avtoqrafı ilə təqdim etmişəm. Ona görə yox ki, 2017-ci ilin may seçkilərində ən nəhayət Nizami Cəfərovun AMEA-ya həqiqi üzv seçilməsini guya gec, yaxud gec qalmış sayıram. Mənə görə, "akademiklik" ad, rütbə, elmdə bir pillə olmaqdan çox, düşüncə və fəaliyyət tərzi, həyat düsturu-amacıdır. Ki, Nizami Cəfərovu ən cavanlığından, həmən sanbalda görmüşəm. Tələbəlik auditoriyaları, elmi-ədəbi ictimaiyyət və sonra da dövlət, xalq, millət yanında Akademiki həmişə bir ölçüdə-istedadda, sabitqədəm, möhkəm, ardıcıl, öz təbirilə desəm, mütəfəkkir görmüşəm. Cəmiyyətdə nüfuzu, qiyməti, mərtəbəsi, barı-barxanası da, adekvat, tüm yerində...
Akademik görkəm, əda, jest və ibarə dostumda Allah vergisidir. Nə mövzu, ideya, motiv olursa olsun... - hər dəfə klassik görünmək bacarığında da, hansı genezis, texnologiya, tipologiya, diplomatiya, kompromis, kontekstdə (terminlər dostumun elmi leksikonundandır) gəlirsə-gəlsin... - hər növ manera və modern həvəskarlığında da Nizami Cəfərov özünü və sözünü cəmiyyətə təqdim etməyi, həm də düz-əməlli (düz və əməli) sunmağı bilir. Akademik cümləpərdazlığa nə hacət, Nizami Cəfərov snoskasız-sitatsız, hər mətnində, hərəkətində, davranışında akademikdir (vurğu 4-cü hecada) və Akademikdir (vurğusu 3-cü hecada)! Bunu son dərəcə sadə, məntiqli, Azərbaycan-türk dilinin ritmik gözəlliyini görükdürən hər nitqində, çıxışında da (xatırımdadır, hələ tələbə auditoriyalarından kürsülərə sinə gərməkliyi!) görmək olur, hər nəfəsi az qala bir abzası, fikir sırasını, bütöv bir temanı çəkən sintaksisində də (müəllifi olduğu "Azərbaycan dili" tele-verilişlərini göz önünə gətirin bir anlıq)... Akademik tərz möhtərəm dostumun daxili məziyyəti, üstün keyfiyyəti, zahiri toxdaqlığının rəhni və sirridir həm. Gizləmirəm, bu tərzə həmişə qibtəm olub; hərçənd bu barədə də "Bir qısqanclığın tarixçəsi" adlı xatirə-yazımda (oktyabr, 2009) bəhs açmışam. Və möhtərəm dostum da onu başdan-başa polemik dartışmalardan ibarət adını çəkdiyim "Konsepsion..." kitabında səxavətlə çap etdirib...
Polemika demişkən, avanqard jestlər, inkarçılıq Nizami Cəfərova yad olsa da, avanqard əməllər sahibi olub həmişə. Öz təcrübəmdən misal deyim. "Konsepsion..." kitabında alim dostumun ciddi akademik nəzərlərdən kənarda, Azərbaycan ədəbiyyatı tarixçiliyində necə sakitcənə çevriliş etməsinin sirrini açmağa çalışmışam. Belə ki, müstəqillik illəri gələndə akademik dairələrin başı: bəs bugün "Ədəbiyyat tarixi necə yazılmalıdır?" sualı ətrafında yeni metodoloji açar axtarışları və tədqiqatlara məşğul ikən, Nizami Cəfərov bu sahədə öz təsnifatını vermiş və Azərbaycan ədəbiyyatının yeni dövrünü (Yeni dövr Azərbaycan ədəbiyyatını) sovet dönəmindən fərqli olaraq XIX əsrdən deyil, XVII-XVIII əsrlərdən başlamışdı; hələ üstəlik böyük ustalıqla bu təsnifi müəllifi olduğu orta məktəb dərsliklərinə yeritmiş, yeni nəsil Azərbaycan gənclərinə oxuda bilmişdi... Onu da deyim ki, orta məktəb və ali məktəb filoloji proqramları arasında müəyyən ziddiyyət yaradan həmin məqamın ciddiyyətinə akademik araşdırmalar hələ bugün diqqət yetirmiş və akademik İsa Həbibbəyli "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" adlı sistemli tədqiqatında (2015-2018; Bakı, "Elm", 2019) orta çağlarla yeni dövrü ayıran və eyni zamanda körpü rolunu oynayan bu ədəbiyyatı "Erkən yeni dövr Azərbaycan ədəbiyyatı" adı ilə təsbit etmiş; paralel olaraq Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda eyni adda tədqiqat şöbəsi də yaratmışdır...
Üzrxahlıq məqamıdır, bir notu da deyim, ürəyimizdə xal qalmasın. Akademik İsa Həbibbəylinin konseptual tezislərini və həmin tarixi hünərini alqışladığım məqaləmi ("Ədəbiyyat qəzeti", 21 noyabr 2015) möhtərəm dostum, deyən, bir qədər səbrsiz qarşılamış, doğma "Ədəbiyyat qəzeti"ndə "tarixi ədalətsizliyimə" qarşı "Tehran Əlişanoğluna açıq məktub" dərc etdirmişdi (28 noyabr 2015). Əslində, elə bir yanlışlıq da yox idi yazdıqlarımda; bir zamanlar Nizami Cəfərovun praqmatik-empirik olaraq ədəbiyyat tarixçiliyimizə yeritdiyini, akademik İsa Həbibbəyli sistemli təsnifatında təsbit edir və yeni tədqiqatlara meydan açırdı. Bu ki, Nizami Cəfərovun "Konsepsion"una 1996-da ilk diqqət çəkən ("Press-fakt" qəzeti, 1-7 mart 1996) və həm 2009-da kitabında alqışlayan da Tehran Əlişanoğlu olmamışdımı; başqa heç kəs. Təvazönün yeri yox, elm həqiqətinə addım-addım gəlib çıxır. Ona qalsa, Firidun bəy Köçərli də milli ədəbiyyat tarixini Molla Pənah Vaqifdən başlamışdı; mühacir ədəbiyyatşünaslığımıza görə də: modern ədəbiyyatımız XVIII əsrdən ayaq açıb yeriyir; akademik Həmid Araslının ayrıcalığa diqqət çəkən ayrıca "XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi" (Bakı, ADU, 1956) tədqiqatı mövcuddur, Araz Dadaşzadənin "XVIII əsr Azərbaycan lirikası" (Bakı, "Elm", 1980) monoqrafiyası var və s. Sonra gəlir Nizami Cəfərovun təsnifləri və İsa Həbibbəylinin sistemli təsnifatı; kimin payı nə qədərdir - Ana tarix söyləsin...
Möhtərəm dostumun daha bir avanqard hünərini rəsmi çərçivələri aşıb, akademik göyləri yerə, gündəlik ədəbiyyat-cəmiyyət-mədəniyyət səngərlərinə endirməyində görürəm. Parlamentdə, ali görüşlərdə, rəsmi tribunalarda - bir yandan; geniş televiziya ekranlarında, elm və mədəniyyət tədbirlərində, təntənəli yubiley gecələrində, hər növ kitab təqdimatlarında - əksərən; o sıradan yazıçı-şair-dost-tost məclislərində, hətta bəzən şou-proqramların diletant dartışmaları içərisində... - bir sözlə, harda ictimai və ya ictimailəşən fikir-söz-müzakirə meydanı varsa, orda Nizami Cəfərov faktoru var... Bəlkə də zaman dəyişmiş, ondandır, müstəqilliyin Akademiki elə bu cür olmalıdır; humanitar fikrin (elmi, ideoloji, ədəbi-mədəni, ali, ya ictimai-məişət şüuru səviyyəsində) keçdiyi hər yerdə, Akademikliyin canlı mücəssəmi, dəfolunmaz sipəri kimi! Bəlkə də müharibələr-sınmalar epoxasında elə belə olur, hər yan səngərlərdir...
Yaxınlarda "Ədəbiyyat qəzetində" Nizami Cəfərovun yazı potensialı, iş enerjisinə heyrətimi ifadə edən fikir səsləndirmişdim, təkrar edə bilərəm: "Nizami Cəfərov çox yazır, çox şeydən yazır; dildən, dindən, türkologiyadan, milli şüurdan, aristokratiyadan, etnoqrafiyadan, o cümlədən yeri düşdükcə günün ədəbiyyatından; ötən il akademikin həm də əzəlki illər tənqidini ehtiva edən "Ədəbiyyat söhbətləri" (Bakı, "Elm və təhsil", 2018) çap olundu. Nizami Cəfərovun tənqidinin "məxrəc"i ədəbiyyatın içində(n) deyil ki, daha geniş məcrada türk, islam, Şərq, Qərb dəyərlərini həzm etmiş, özündə qapsamış milli mədəniyyətin, ideologiyanın, Azərbaycançılıq məfkurəsinin bətnində(n) qurulmuş, otuz ildir usanmadan, habelə ötən ilin yazılarında ədəbiyyatı da bu çətir altına daşıyır, geniş oxucu auditoriyalarının malı edir..." ("Ədəbiyyat qəzeti", 29 iyun 2019)
Akademik Nizami Cəfərov haqqında "Konsepsion..." kitabını ərsəyə gətirəndə, elə bilmişdim ta dostumu mən (ədəbiyyat) tərəfdən tam fəth etmişəm, qısqanclığa bir şey qalmayıbdır. 2017-nin akademik seçkiləri göstərdi ki, nə qədər yanılıbmışam; möhtərəm dostumun "ikinci nəfəsi" açılmadımı?! Daha yeni bir yöndən...
Akademik-dünya turnesinə Nizami Cəfərov akademik Nərgiz xanım Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyətilə, Londonda məşhur Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzində şərqşünas-alim Bertelsin ingilis dilinə çevrilmiş "Böyük Azərbaycan şairi Nizami" monoqrafiyasının təqdimatı mərasimindən (5 iyun 2017) başladı və həm akademik Nərgiz Paşayevanın təşəbbüsü (və rəhbərliyi) ilə Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yüksək fəaliyyəti, həm də şahidi olduğu təntənəli mərasimdən mətbuatda parlaq reportajlar dərc etdirdi (Bu barədə Tənqid.net də ətraflı yazdı; bax: Tənqid.net, № 12, 2016/2017, s. 69-89)...
Ötən il, 2018-də görkəmli ədib, yazıçı, ədəbiyyatşünas, tənqidçi, publisist, pedaqoq, sevimli müəllimimiz Mir Cəlal Paşayevin 110 illik yubileyi oldu və bu sıradan akademik Nizami Cəfərov da Mir Cəlalşünaslığa öz layiqi töhfələrini verdi. Əvvəla, uzun illərdən sonra Mir Cəlalın "Publisistika"sı və "Ədəbi tənqid"ini ehtiva edən iki kitabın (Bakı, Azərbaycan Milli Kitabxanası, 2018) akademik dürüst nəşrində elmi məsləhətçi kimi; daha da çox ədibin yaradıcılığına yeni baxışları ifadə edən "Mir Cəlalın milli idealları" monoqrafiyası ilə (Bakı, Azərbaycan Milli Kitabxanası, 2018)...
2014-də "Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi tərcümeyi-halı" kitabını ortaya qoyarkən, düşünmüşdüm ki, möhtərəm dostum çox nahaq biz ədəbiyyatşünasların haqqına girir. Amma növbəti - "Afaq Məsud dünyası" (Bakı, "Elm və təhsil", 2016), "Elçin. Yazıçının yaradıcılıq yolu" (Bakı, 2017) əsərləri də göstərdi ki, heç təsadüf deyilmiş. Dilçilik, türkologiya, ədəbiyyatşünaslıq fənlərində qələmini çox yormuş, çoxsaylı elmi monoqrafiyalar yazmış akademik Nizami Cəfərov bu dəfə özünü əsl portret-monoqrafiya ustası kimi prezentasiya etdi... Böyük bir şövqlə hər iki monoqrafiya haqqında yazdım və Tənqid.netdə (№ 12, 2016/2017) dərc etdirdim...
Daha bir not. 2017-nin mayında AMEA-ya həqiqi üzv seçilərkən zəng edib akademik dostumu təbrik etdim. Təbrikimə təbriklə, o da mənim müxbir üzv seçilməyimi alqışladı. Gur, amiranə, tövsiyə və təlqin dolu səsi indi də qulağımdadır: "Bizim, qardaş, bu yolda var qüvvəmizlə, səhər-axşam çarpışmaqdan başqa nicatımız yoxdur..."; təxminən belə.
Bu ki, hər çalınan zənglər, yubiley zəfərləri, şan-şöhrət və uğur düsturları akademik Nizami Cəfərovun coxdan uğraşdığı zirvələrdir və mənimcə, akademik dostum daha da çox olmadığı, dadmadığı yüksəklər - Everest-Comolunqmalar həvəsində, sorağındadır bugün... Möhtərəm dostumu salamlayır, "Çin olsun!" - deyirəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!