Unutmamaq haqqı - Yaxud “Yoxdur həvəsim” şeirinin doğurduğu intibalar - Azər TURAN yazır - Azər TURAN

Azər TURAN

 

İlk dəfə oxuyacağınız bu şeir 1920-ci ildə yazılıb. Rəsul Rzanın dayısı Məhəmmədhüseyn Rzayevin şeiridir. Müəllif şeiri 10 yaşlı bacısı oğluna - Rəsula həsr edib. Tariximizin o darmacalında, yəni 1920-ci ildə yaranmış nadir şeirlərdən biridir. Ona görə nadirdir ki, Məhəmmədhüseyn Rzayev zahirən, ilk baxışda cümhuriyyət ideyaları ilə yaşayan biri olmayıb, bolşevik hökumətinin təmsilçisi olub. Göyçayda raykom katibi vəzifəsində çalışıb. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bir raykom katibi belə bədbin, çöküş ruhlu, pessimist əhvallı şeir yazıb. Sındırılmış, simləri qırılmış, səsi çıxmayan saz... Çünki yurdun hər tərəfini bayquş iniltisi bürüyüb. Sırf ideoloji şeirdir. Hər halıyla, açıq antisovet mətndir. Elə ona görə də tədqiq olunmalıdır, mütləq mənada XX yüzil Azərbaycan şeiri antologiyalarına salınmalıdır. Etiraf etməliyik ki, bu günə qədər Məhəmmədhüseyn Rzayevin bu şeirindən xəbərsiz qalmaqla və XX əsrin məhz iyirminci ilində yaranmış bu şeirdən sərf-nəzər etməklə Azərbaycan ədəbiyyatşünaslığı poeziyamızda Cümhuriyyətdən sonrakı mərhələnin təsnifatını dəqiq apara bilməz. Ən azı ona görə ki, ədəbiyyatımızda 1920-ci ildə Cümhuriyyətin süqutu zamanlarında məmləkətin ruh halını ifadə etmək baxımından bu qədər kəskin ictimai-mənəvi içərikli ikinci belə bir şeirə demək olar ki, təsadüf olunmur:

Çal! - Deyirsən, fəqət, sınıqdır sazım.

Qırılmış telləri çıxmayır səsi.

Yaz! - Deyirsən, lakin bən nələr yazım? -

Yox artıq qəlbimin şeirə həvəsi.

 

Gözləyən gözlərdə yaş görüb də mən

Nə cür nəşələnim sevgidən, güldən?

Bu qəmli illərə yas çökən gündən

Duymadım qəlbimdə mən sevinc səsi.

 

Yad əllər soldurmuş şerimin gülün,

Cəfalar susdurmuş nəğməsin, dilin.

Gülündən ayrılmış nazlı bülbülün

Cəfalı zindandır qızıl qəfəsi.

 

Çal! - Deyirsən, lakin mən nə cür çalım?

Qırılmış sazımın inləyir səsi.

Sən nəğmə istərsən, qəmlidir halım,

Soyumuş qəlbimin bitmiş nəşəsi.

 

Bayquş iniltisi hər bucağında,

Yad ellər oynayır yar qucağında.

Məntək hər tərəfin qəmli çağında

Ağlatmaq istərəm ancaq hər kəsi.

 

Gəzdiyim bağçada əğyarın izi,

Sevdiyim gözəlin qəmlənmiş gözü.

Parlarkən üfüqdə ümid ulduzu

Səsləndi içimdə ayrılıq səsi.

 

Çal! - Deyirsən, fəqət, sınıqdır sazım,

Qırılmış tellərin inləyir səsi.

Yaz! - Deyirsən, lakin mən nasıl yazım? -

Könlümdə bulmuram keçmiş həvəsi.

Şeirin yalnız üç bəndini ilk dəfə 1999-cu ildə "Yeni Azərbaycan" qəzetində Rəsul Rza ilə bağlı yazdığım silsilə məqalələrin birində xatırlatmışdım. Yazı çap olunandan sonra Anar müəllimdən aldığım məktubu ömür kitabımın ən qiymətli səhifələrindən biri kimi qoruyuram: "Əzizim Azər! Neftçalada keçən o unudulmaz gündən sonra Bakıda başım cari işlərə elə qarışdı ki, yalnız iki gün bundan qabaq orda çəkilən kasetlərə baxa bildim. İmamverdi müəllimə Rəsul Rza mükafatının təqdimat mərasimi, sizin evinizdə keçirdiyimiz xoş dəqiqələr yenidən xəyalımda canlandı və o günü ilıq, xoş hisslərlə bir daha xatırladım...

...Dünən axşam isə vaxt və imkan tapıb sənin "Yeni Azərbaycan" qəzetində çap edilmiş yazılarını - Rəsul Rza haqqında fikirlərini böyük maraqla oxudum... Səni həm belə gözəl yazılarla təbrik edir, həm də öz adımdan, ailəmiz adından sənə ən səmimi təşəkkürlərimizi çatdırmaq istəyirəm. Deyə bilərəm ki, Rəsul Rzanın vəfatından keçən bu on səkkiz ildə onun haqqında oxuduğum ən dəyərli yazılardır sənin yazdıqların. Hələ çox illər bundan qabaq Rəsul Rzanın tənqidlərə məruz qaldığı, onun yaradıcılığına ağız büzənlərin çoxluq təşkil etdiyi bir dövrdə sənin atan İmamverdi müəllim böyük cəsarətlə, mərdliklə Rəsul Rzanın yaradıcılığı ilə məşğul olmağa başladı, onun haqqında qiymətli əsər yazdı. Rəsul Rza sənətinə bu sevgisini övladlarına da aşılaya bildi və çox illər sonra, artıq ədəbiyyatımızda yeni nadanlar nəsli yetişib yenə də Rəsul Rzanı özlərinə hədəf seçəndə sən atana layiq bir cəsarətlə və artıq yeni dövrün meyarlarıyla, çağdaş ədəbi səviyyədə Rəsul Rzanı anlamazlara anladırsan. Çox sağ ol. Atamın həyat və yaradıcılığına yaxşı bələd olsam da, hətta mənim üçün də sənin məqalələrində bilmədiyim faktlar var. Məsələn, atamın dayısı Məhəmmədhüseyn Rzayevin bir çox şeirləri Rəsul Rzanın arxivində saxlanılır və mənə məlumdur. Amma Məhəmmədhüseynin atama həsr etdiyi şeirinin olmasını sənin yazından bildim və onun mətniylə sənin vasitənlə tanış oldum. Bu şeirin kserosurətini mənə çatdırsan çox minnətdar olaram. Yazılarının savad səviyyəsi, geniş erudisiyan, Rəsul Rza sənətini dar milli çərçivədə deyil, geniş dünya ədəbiyyatı kontekstində görməyin, bu miqyaslarda təhlil etməyin məni çox sevindirir. İstərdim ki, mənim "Ulduz" jurnalında dərc olunmuş "Mübarizə bu gün də var" essemlə də tanış olasan. Yazılarımızda səsləşən məqamlar da məni sevindirir... Mənim ən səmimi salamlarımı böyük hörmət bəslədiyim İmamverdi müəllimə, Etibara, ailə üzvlərinizə yetir. Ən xoş arzularla Anar. 3 iyun 1999".

Aradan illər keçib və bu ötüb-keçən illərdə Anar müəllimlə həmin şeir barədə bir dəfə deyil, bir neçə dəfə söhbətlərimiz olub, 2015-ci ildə nəşr olunmuş "Mübarizə bu gün də var" kitabında Anar mənim məqaləmi nəzərdə tutaraq, "təəssüf ki, məqalədə şeirdən ancaq bir parça gətirilir. Rəsul Rzanın arxivində surəti qalmadığı üçün yalnız Azərin dərc etdirdiyi sətirləri verirəm" - deyə şeirlə bağlı fikirlərini bölüşüb. Amma nə sirdirsə, mən hələ də Məhəmmədhüseyn Rzayevin həmin şeirinin surətini Anar müəllimə çatdırmamışam. İndi isə bu yazını yazmaq üçün atamın sükuta qərq olmuş evində - kitabxanamızda onun yazı masasının arxasında səliqə ilə sıyirtmələrə yığdığı qovluqlardan birini - üzərinə "Rəsul Rza, Nigar Rəfibəyli və Anar" yazılmış qovluğu açıb bir-bir vərəqləyirəm. Ümumiyyətlə, təkcə Məhəmmədhüseyn Rzayevin şeiri ilə bağlı deyil, bütövlükdə, Rəsul Rza yaradıcılığının yeni dövr araşdırıcıları, Anar müəllimin təbiriycə, onun "ilk və dəyərli tədqiqatçısı" İmamverdi Əbilovun arxivinə mütləq baş vurmalıdırlar. Belə ki, evimizdə qorunan məktubları, əlyazmaları arasında, nəinki bir neçə şeirinin yazılma səbəbi, nəinki ədəbi dildə yaratdığı yeni sözlər barədə Rəsul Rzanın hədsiz maraqlı fikirləri, həm də anası Məryəm xanımın şeirlərinin əlyazma nüsxəsi, hətta şairin "Avtobioqrafiya"sının çap olunmuş variantlarından bəlkə daha dolğun versiyası, eləcə də, Nigar Rəfibəylinin atama yazdığı bir cavab məktubunda öz ömür-gün yoldaşının - Rəsul Rzanın şəxsiyyətilə bağlı nadir və möhtəşəm etirafı və s. var.

Məsələn, Rəsul Rzanın anası Məryəm xanımın əlyazması... Anar müəllimə bunu xatırladanda, "Məryəm xanım şeirlərini əzbər söyləyərmiş, onları kağıza köçürən babam İbrahim olub" - dedi.

İndi atamın saxlancları arasında əski əlifba ilə yazılmış iki şeir, təbii ki, Məryəm xanımındır, amma kimin xəttidir, Mirzə İbrahimindirmi? Dəqiq bilmirəm, hər halda, Anar müəllim "Mübarizə bu gün də var" kitabında Məryəm xanımın şeirlərinin bir neçəsinin hifz olunduğunu yazır. 1960-cı ildən etibarən evimizdə qorunan və qara qələmlə yazılmış bu şeirlər Mirzə İbrahimin xəttiylədirsə (məncə, Mirzə İbrahimin xəttidir), demək ki, bu üç vərəq nadir sənəddir. Rəsul Rzanın anası söyləmiş, atası yazmış... Mirzə İbrahim Məmmədxanov dünyasını 1915-ci ildə dəyişib. Deməli, bu kağızın, kağızdakı şeirin və dəst-xəttin yaşı 105 ildən artıqdır. 1915-ci ildə (bəlkə də daha əvvəl) bir Azərbaycan xanımı görün nə yazırmış:

Elm oxuyub millət əgər birləşə

Harda qalar ol şələsaqqallılar?

Yaxud Məryəm xanımın qızına yazdığı şeirin bir neçə misrasını başqa qaynaqlarda oxumuşam, amma tutaq ki, şeirin bu iki misrasına heç yerdə təsadüf etməmişəm:

Məni eylə dilşad bu dövrü-zamanda

Oxu elm, yarın xudayi-cahandır.

Yaxud Rəsul Rzanın "öləri" sözü barədə qeydləri bu barədə "Mülahizələr" məqaləsində yazdığı fikirlərdən daha əhatəlidir:

"Prometey"in tərcüməsində "öləri" sözü - "smertnoye" sözünü əvəz edir. Bu söz dilimizdə yoxdur. Ancaq xalis azərbaycancadır. Köç-köçəri, keç-keçəri, get-gedəri, öt-ötəri, öl-öləri. Təxminən 15 ildən artıqdır ki, birinci dəfə bu söz işlənib (Prometeyin tərcüməsində). Ondan bəri heç kəs bunu işlətməyib. İndi neyləyək? Bu, şairin təqsiridir, yoxsa bizim bəzi dilçi, ədəbiyyatçı və şairlərimizdə olan fikri tənbəlliyin nəticəsidir? Yəqin ki, yola düşmüş bir qəpik pulu görüb laqeyd keçən adam çox nadir tapılar. Bəs, bu yeni sözlər ki, onların çoxuna ölüm hökmü kəsirlər - bir qəpiklik qiymətə də malik deyillər? Yox, məsələ o qədər də sadə və asan deyil. Bir az da ictimai fikri tərpətmək lazımdır".

Yaxud Mayakovski barədə belə bir fikir: "Mayakovski məsələsində poetik ifadə ilə həyat həqiqətini qarışdırmaq olmaz. Sərbəst şeir meylini ona bağlamaq düzgün deyil. Heç olmasa ona görə ki, Mayakovski sərbəst şeir yazmamışdır".

Bu qovluq bir dünyadır. İndi bu sətirləri yazdıqca "Avtobioqrafiya"nın istər 1967, istərsə də 2005-ci ildə çap olunmuş variantları ilə atamın arxivində olan nüsxəsinə müqayisəli nəzər yetirirəm. Çap olunmuş variantda "...boyük bacım Kübra əri ilə Bakıda olurdular" yazılıb. Evimizdəki nüsxədə Rəsul Rzanın yaşıl rəngli qələmlə təshihi belədir: "... böyük bacım Kübra müəllimə əri Əbdülkərim Əfəndiyevlə Bakıda olurdular. Əbdülkərim Abdulla Faruqun əmisidir. Qohumluğumuz da bu xətlə olmuşdur".

Bu fikirlər də "Avtobioqrafiya"nın iki dəfə çap olunmuş heç bir variantında yoxdur: "Bəzi şeirlərim vardır ki, onlar konkret həyat faktları əsasında yazılmışdır. Məsələn, "Oğlum Anara" şeiri 1939-cu ildə mən Krımda istirahət etdiyim vaxt yazılmışdır. O zaman mən gənc ata idim. Ürəyimin yarısı Bakıda - oğlumun yanında qalmışdı. Sonralar müharibə vaxtı yazdığım "Leytenant Bayramın gündəliyi"ndə də Anarın obrazı vardır. Leytenantın məktubla müraciət etdiyi oğul həmin Anardır. Orda işarə edilən bəzi hadisələr evimizdə baş verən hadisələrdir..." və s.

Yaxud Nigar Rəfibəyli ilə tanış olduğu ilk günlərin təsvirini verən bu cümlə "Avtobioqrafiya"nın sonralar nəşr olunmuş variantlarının heç birində yoxdur: "Biz bir-birini sevən, bir-birinə dərin hörmət bəsləyən adamlar kimi yaxınlaşdıq.

Nigar xanım Rəfibəylinin 1972-ci ildə atama ünvanladığı cavab məktubuna baxıram. Akademik Bəkir Nəbiyevin təbirincə, "həm Nigar Rəfibəyli, həm də Rəsul Rza haqqında gələcəkdə elmi tədqiqat əsəri yazacaq müəlliflərin bu sənətkarların daxili dünyasını, yüksək insani keyfiyyətlərini öyrənməsi üçün əvəzsiz mənbələrdən biridir". Oxuyub özünüz də görəcəksiniz ki, Bəkir müəllim haqlıymış. Nigar xanım yazır:

"Hörmətli İmamverdi müəllim!

..."Azərbaycan" jurnalında dərc edilmiş şeirlərimə verdiyiniz yüksək qiymət üçün çox sağ olun. Şeir və sənətin qədrini bilən alim-ədəbiyyatşünas-mütəfəkkir bir şəxsiyyətdən belə qiymət almaq, əlbəttə, çox fərəhlidir...

Ailəmizin səmimi dostu, Rəsul yaradıcılığının diqqətli və həssas tədqiqatçısı kimi Sizin nəzərinizə bir şeyi də çatdırmaq istərdim. Nədənsə, bunu Sizə yazmağa daxili ehtiyac hiss edirəm. Rəsulun şeir yaradıcılığına Siz məndən də yaxşı bələdsiniz. Ancaq onun bir insan, bir həyat yoldaşı kimi mənə göstərdiyi qayğı və hörmət heç bir ölçüyə gəlməyəcək dərəcədə böyükdür. İki ay Moskvada qaldım, 35 gün xəstəxanada yatdım. Qışın lap sərt vaxtı idi. 25-27 dərəcə şaxta olurdu. Mən yatan xəstəxana - Onkoloji İnstitut mərkəzdən 15 kilometr uzaqda idi. Rəsul bütün bu soyuqlarda hər gün mənim yanıma gəlir, həkimlərimlə görüşür, aparılan müalicələrlə yaxından tanış olurdu. Nə lazımsa əsirgəmirdi. Onun keçirdiyi həyəcan və iztirabı təsvir etmək mümkün deyil. Kiçik qızım Təranə də dərslərini, yoldaşlarını, nişanlısını qoyub iki ay atası ilə bərabər Moskvada oturdu. Anar iki dəfə gəlib getdi. Operasiya zamanı Moskvada oldu... Mənə elə gəlir ki, bir dərya göz yaşı da töksəm, Rəsulun gözündə parlayan yaşları əvəz edə bilməz. Bəlkə xəstəlik məni belə həddən artıq hissə qapılmaq vəziyyətinə salıb. Sağlıq olsun, keçib gedər. Bu söhbətlərlə Sizə başağrısı verdimsə, bağışlayın məni. Yenə də yazdığınız gözəl məktub üçün təşəkkür edirəm. Hörmətlə Nigar Rəfibəyli. 6 sentyabr 1972. Buzovna"

Rəsul Rzanın atama yazdığı çoxlu məktublardan biri budur:

"Hörmətli İmamverdi! "Bioqrafiya"nı sənə bu gün göndərirəm. Bağışla, bir az gecikdirdim. İş o qədərdir ki... Bu göndərdiyim ancaq bir materialdır. Mən onun üstündə işləyəcəm, bir sıra əlavələr edəcəyəm. Sistematik cəhətdən, materialın intizama salınması cəhətdən də hələ çox iş var. Lakin zənn edirəm, sənə yarayar. Bir material kimi istifadə edə bilərsən. İki-üç əlavə və dayımın şeirlərini də bu günlərdə göndərərəm. Hələlik. Rəsul Rza. 4 II-60".

"Avtobioqrafiya"nın 23-cü səhifəsində Məhəmmədhüseyn Rzayevlə bağlı Rəsul Rzanın qeydləri bitəndən sonra heç bir nəşrində olmayan belə bir abzas diqqətimi cəlb etdi: "Onun şeirlərindən bir neçə nüsxəni bu vərəqlərə əlavə etməyi münasib bildim". İlk oxunuşdan adama elə gəlir ki,  "Avtobioqrafiya", sanki atamın "Rəsul Rzanın yaradıcılıq yolu" dissertasiya işinin daha mükəmməl alınması məqsədilə qələmə alınıb. Axı İmamverdi Əbilovun araşdırması Azərbaycan ədəbiyyatşünaslığında Rəsul Rza ilə bağlı ilk elmi tədqiqat olub. 

Növbəti məktubu isə 6 gün sonra yazıb və məktuba Məhəmmədhüseyn Rzayevin "Gənclik", "Əgri çubuq", "Xəbər" və bu yazını yazmağıma vəsilə olan "Yoxdur həvəsim" şeirini əlavə edib:

"Hörmətli İmamverdi! Mən sabah Moskvaya gedirəm. Vəd etdiyim şeirləri (dayımın şeirlərini) göndərirəm. Avtobioqrafiyamın müharibə dövrünü yazıb qurtara bilmədim. Sağlıq olsun, gələndə yazıb göndərərəm. Hələlik. Rəsul Rza. 10.II-60".

Atamın 1960-cı ildə Məsud Əlioğlunun redaktorluğu ilə nəşr olunmuş "Rəsul Rza" kitabında (bu, həm də Rəsul Rza barədə yazılmış ilk kitab idi) Məhəmmədhüseyn Rzayevlə bağlı belə fikirlər var: "Məhəmmədhüseyn Rzayev müntəzəm təhsil almadığına baxmayaraq, mədəni və hazırlıqlı bir şəxs olmuşdur. Onun əllidən artıq şeiri, yarımçıq qalmış bir romanı, hekayələri və kiçik formalı pyesləri vardır. Bacarıq və səyi nəticəsində rus, habelə, fransız dillərini öyrənmişdir... M. Rzayev, "Daş oğlu" imzası ilə "Molla Nəsrəddin" jurnalında satirik şeirlər, "Kommunist" və "Yeni yol" qəzetlərində bir sıra yazılar çap etdirmişdir".

Rəsul Rza 1960-cı ilin fevralında "Avtobioqrafiya"nı tamamlamadan, daha doğrusu, müharibə dövrünü yazmadan, amma makina nüsxəsinin üzərində ciddi təshihlər, əlavələr edərək onu atama göndərib. Evimizdəki variant "Avtobioqrafiya"nın ilk nüsxəsi olduğu üçün də əlamətdardır. Orda Məhəmmədhüseyn Rzayevlə bağlı belə məlumatlar var: "Ən çox bizim ailəmizin, şəxsən mənim qayğımı çəkən dayım olmuşdur. Dayım Məhəmmədhüseyn Rzayev ancaq ibtidai təhsil almışdı. Uşaqlıqdan özü yetim qalmış, təxminən iyirmi yaşlarında da bütün ailəmizin qayğısını çəkməli olduğundan təhsilini davam etdirə bilməmişdi. O, əsgərlik, hərbi komissar, partiya işçisi, rayon partiya komitəsi katibi, kukla teatrı müdiri, sovxoz direktoru və bu kimi vəzifələrdə işləmişdir. Sistematik təhsili və ali savadı olmamasına baxmayaraq, Azərbaycan və rus dillərini yaxşı bilirdi. Özü-özünə təhsil almaq yolu ilə fransızcanı da babat bilirdi. Yadımdadır, böyük bacımla fransızca danışar, kiçik hekayə və başqa yazıları azərbaycancaya, ya ruscaya tərcümə edərdilər. Böyük bacım Tiflisdə Zavedeniye Svyatoy Ninı məktəbində fransızca öyrənmişdi. Dayımın indi məndə olan bir qovluğunda, müxtəlif illərdə yazdığı şeirlər, hekayələr, kiçik formalı pyesləri vardır. Onun yarımçıq qalmış bir romanı da vardır. Bu romanın müəyyən hissələrini mənə oxumuşdu. İndi məndə olan materialların içində bu roman yoxdur".

Mətbuatda dərc olunan ilk ədəbi-tənqidi yazılarından etibarən atam tənqiddə birmənalı şəkildə sərbəst şeirin təəssübkeşi kimi görünür. Ədəbiyyatın o keşməkeşli zamanında Azərbaycan əyalətlərindən birində yaşayan, qəsəbə orta məktəbində ədəbiyyat müəllimi işləyən və Yazıçılar İttifaqının mətbu orqanlarında ədəbi-tənqidi məqalələri ardıcıl dərc olunan İmamverdi Əbilovun özünün də müdafiəyə ehtiyacı vardı və bu iltifatı ona 1965-ci ildə Yazıçıların IV Qurultayında ədəbi tənqidlə bağlı məruzəsində Rəsul Rzanın yaxın dostu Cəfər Cəfərov etdi, adını tənqidçilərin mötəbər siyahısında xatırlatdı: "Bizdə tənqid yoxdur" deyən səslərə, əlbəttə, haqq qazandırmaq çətindir. Mən inanmıram ki, bu cür düşünənlər M.Arifin, M.C.Cəfərovun, Əziz Şərifin, Əkbər Ağayevin, Kamal Talıbzadənin, H.Orucəlinin, İslam İbrahimovun, Əziz Mirəhmədovun, Yəhya Seyidovun, Məsud Vəliyevin, Pənah Xəlilovun, Gülrux Əlibəyovanın, Qulu Xəlilovun, Yaşar Qarayevin, İmamverdi Əbilovun və başqalarının üzərinə qələm çəkməyi özlərinə rəva bilsinlər".

1960-cı ildə Rəsul Rzanı Verxarnla, Uitmenlə, Mayakovski ilə, Araqonla, Nazim Hikmətlə müqayisə etməyə cəsarət göstərən 33 yaşlı İmamverdi Əbilovu Rəsul Rza "Azərbaycan ədəbiyyatının yeni yollarını hərarətlə təbqliğ edən" alim kimi dəyərləndirir, onu "yeni şeirin qəhməri" adlandırırdı. Doğrudan da, yeni şeirin qəhməriydi. İncə şeir zövqü vardı... Bəs niyə arxivindəki Rəsul yadigarının - "Yoxdur həvəsim"in üstündən bütün bu illər ərzində sükutla keçmişdi? Əlbəttə, buna səbəb Əhməd Cavad, Almas Yıldırım havasında və ruhunda yazılmış "Yoxdur həvəsim"in yuxarıda da qeyd etdiyim kimi, məhz 1920-ci ildə qələmə alınması olub. Axı Məhəmmədhüseyn Rzayev şeirdə qızıl qəfəsə, sındırılmış saza, yurdu sarmış bayquş iniltisinə... işarə edir, könlündə bula bilmədiyi keçmiş həvəsindən yazırdı. 1999-cu ildə Anar müəllmin məktubunda da xatırlatdığı silsilə məqalələrimin birində yazmışdım ki, "Yoxdur həvəsim"dəki incik ruhla onun yazıldığı tarix arasındakı milli kədər bağlantısı diqqəti istər-istəməz və daha çox cəlb edir". "Mübarizə bu gün də var" kitabında Anar məqaləmdəki məhz bu frazaya ayrıca diqqət yetirirdi.

Bu şeirlə, eləcə də şeirin müəllifi Məhəmmədhüseyn Rzayevlə bağlı Anar müəllimlə, dediyim kimi, bir neçə dəfə söhbət etmişik. Diqqət yetirmişəm, o, yuxarıda xatırlatdığım kitabında olduğu kimi, şəxsi söhbətlərimizdə də "Məhəmmədhüseyn Rzayev kommunist olub. Raykom katibi vəzifəsində çalışıb. Amma maraqlıdır ki, həm də belə bir bədbin ovqatlı şeir yazıb", - deyə təəccübünü gizlətmir.

Keçən dəfə - yazın ortalarında Göyçaya getmişdim. Rəsul Rzanın evinə. Həyətdə çay süfrəsinin arxasında oturub ev sahibinin atama yazdığı son məktubu xatırladım: "Vəfalı dost İmamverdi! Çox təəssüf edirəm ki, görüşümüz qısa oldu. İstəyirdim Salyanda bir neçə gün qalım. Fikrət Qocanı Bakıya çağırdılar. Onun Vyetnam səfəri vardı, odur ki, ləngiyə bilmədik... Ümid edirəm, çox çəkməz, yenə də görüşərik. Vaxtsız yağış da işə bir qədər mane oldu. Nə isə...

Bu günlərdə Göyçaya gedirəm. Olsun ki, bir ay orada qaldım. Göyçayda ev tikdirmişəm. Gəlsən gözüm üstə yerin var. Orda telefonum belədir: 42-62. Göyçayın yazı, payızı çox yaxşı olur. Hələlik. Xoş arzularla, Rəsul Rza. 20 aprel, 1977".

"Göyçayda ev tikdirmişəm". Bu evi deyirmiş. "Vəfalı dost", "Gəlsən gözüm üstə yerin var". Rəsul Rza bunu hər adama deməzdi.

Mən Rəsul Rzanı sonuncu dəfə elə son məktubunda xatırlatdığı həmin yağışlı aprel günündə görmüşdüm. 7-ci sinifdə oxuyurdum. Xəlil Rza, Fikrət Qoca ilə birgə və Fikrət Ağazadənin sürdüyü "Volqa" maşınında Neftçalaya - atama qonaq gəlmişdi. Əvvəllər müxtəlif vaxtlarda Ənvər Məmmədxanlı, Əli Kərim, Anarla birgə bu evin qapısını açsa da, bu onun bizim evə son gəlişi idi. Həzin bir aprel yağmuru yağırdı. Heç nəyi unutmamışam. Təndirdən qalxan isti çörək ətri ağ balıq kababının ətrinə qarışıb. Ləklərdən dərilən təzə göyərti... Heç nə unudulan deyil. Bir də Xəlil Rzanın şaqraq səsi...

Sonra xatirə dəftərində ürək sözləri: "Böyük şairimiz, ustad Rəsul Rza, sevimli ozanımız Fikrət Qoca, "igidcəsinə" "Volqa"mızı sürüb bizi İmam məbədinə gətirən Fikrət Ağazadə ilə keçən saatlar unudulmaz... Ucaboy, mərd alim qardaşımız İmamverdi Əbillinin balıq kababı ilə bəzənmiş dost süfrəsi böyük mənəvi süfrəyə çevrilir. Xəlil Rza. 14 nisan 1977".

Sonra Rəsul Rzanın qeydi: "Şeirə sədaqət böyük ürəkli insanın zəngin mənəviyyatından xəbər verir. 14 aprel 1977. Rəsul Rza".

Amma həmin gün daha çox unutmadığım Rəsul Rzanın özüdür. Yağış təzəcə kəsmişdi. Məndən böyük qardaşlarım kabab bişirirdi. Asta addımlarla manqalın yanına gəldi. Balığın növü ilə maraqlandı. Bizimlə söhbət etdi. "Kövrək budaq" kitabını avtoqrafla mənə bağışladı. Sonra üzünü atama tutdu: "Həzrət Əlinin şəkli qalır?". "Qalır" - dedi atam. Birlikdə evə keçdilər. Evimizin divarında əzizlənən və indi də həmin yerində qalan, amma artıq ata yurdumuzun relikviyasına çevrilmiş şəklə - Hz. Əlinin rəsminə baxdı. O zaman bu kövrək yaşantıların səbəbini bilmirdim. Bilmirdim ki, bu şəkli R.Rza 1959-cu ildə İraq səfəri zamanı gətirib və onu atama bağışlayıb. Bunu sonra bildim... Sonra onu da bildim ki, Rəsul Rzanın əlyazısı ilə redaktə və təshih etdiyi "Avtobioqrafiya"sının nadir nüsxəsi bizim evdədir və orda belə bir cümlə var: "Mənim ana babam çox mömin bir kişiymiş və Həzrət Əliyə fanatik bir məhəbbət bəsləyirmiş".

Göyçayda Rəsul Rza muzeyinin otaqlarını gəzərkən onun bizdəki bütün əmanətlərini bu muzeyə təqdim etmək olar, - deyə içimdə dəli bir istək oyandı... Dərhal da fikrimdən daşındım. Bildim ki, bununla atamın ruhunu incitmiş olaram. Bir ömür boyu o bu sənədlərin işığına sığınıb. Onlarla nəfəs alıb...Onların keşiyini və təəssübünü çəkərək qocalıb və dünyadan köçüb. Və təkcə Rəsul Rza deyil, onun mənzilində - evimizdə Azərbaycan ədəbiyyatının oxunmamış çox, lap çox səhifəsi sükuta dalıb. Dünyasını dəyişməzdən öncə də yazdığı vəsiyyətdə övladlarına - bizə arxivini tapşırıb.

1995-ci ildə onunla Rəsul Rza barədə söhbət edib, danışdıqlarını lentə köçürdüm: "Yəqin, diqqət yetirmisən, evimizə şəxsən nə qədər məhrəm olsa da, Rəsul Rza heç vaxt bizim ocaq üçün adiləşməyib, həmişə sirli dünya timsalında olub, sən bu dünyaya daxil ol - təzələnəcək, Dünya Vətəndaşı olduğunu dərk edəcəksən. Fikri tənbəlliyimiz və milli biganəliyimiz ucbatından bu bənzərsiz poeziya sehrindən hələlik dünya tam xəbərdar deyil. Dinamizm - onun poetik siqləti üçün tam səciyyəvi haldır. Əsərdən-əsərə kamilləşən, müdrikləşən bu poeziya nəhəngi qədər haqsız tənqidlərə, təqiblərə, hücumlara məruz qalan ikinci şair təsəvvürə gətirə bilmirəm. Bu hədyanlara, qara-qorxulara məhəl qoymayan Rəsul Rza altmışıncı illərdə yeni start götürdü və bədii təfəkkür tariximizi yeni töhfələrlə zənginləşdirə bildi: "Qızıl gül olmayaydı", "Pəncərəmə düşən işıq", "Dəniz nəğmələri", "Bir gün də insan ömrüdür"... Və ədəbi dünyanı bundan sonra da mütəmadi məşğul edəcək "Rənglər" silsiləsi... Mən Rəsul poeziyasının ancaq intim axarını ön plana çəkmək fikrindən uzağam. Rəsul Rza şəxsi aləmə qapılanda monumentaldır, dünyəvidir, bəşəridir; dünyəvi məsələləri qələmə alanda millidir, konkret məkanın övladıdır. Bu subyektiv, şəxsi aləmdə dünya - bütün rəngləri ilə, insan - bütün çeşidləri ilə bərqərar olub yaşayır, nəfəs alır. Rəsul Rza xəzinəsinin hələlik pünhan qalan şaxələrini siz açmalısınız. Biz nəsil sosialist realizminin, partiyalı ədəbiyyatın sərt ölçüləri daxilində iş görə bildikmi? Deyə bilmərəm. Yadda saxla ki, hər dövrün öz poeziyası olduğu kimi, öz ədəbiyyatşünaslıq lisanı, öz ədəbi tənqid manerası var. İfadə tərzinə, təhlil mədəniyyətinə, elmi səviyyəsinə görə yaşadığımız dövrün bütün mərhələlərini özünə cəlb edən ədəbiyyatşünas tənqidçilərimiz az olub: Mikayıl Rəfili, Məmməd Cəfər Cəfərov, Cəfər Cəfərov... Bunlar da müəyyən dövr üçün nə qədər işıqlı görünsələr də, nağılları heyrətdə qoyan hadisələr gedişində, sürətlə dəyişən, genişlənən mühakimələr önündə tədriclə öz təravətlərini itirirlər. Rəsul Rzanın yeni tədqiqatçıları məhz bu həqiqətə söykənib əllərinə qələm almalıdırlar. Zaman-zaman bütün nəsillərin heyrətamiz məhəbbətlə oxuduğu şairlər içərisində Rəsul Rza həmişə birincilərdən olacaq..."

Məhəmmədhüseyn Rzayevin şeiri ilə bağlı açıb baxdığım qovluqdan ayrıla bilmədim...

Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru Rəsul Rza 1970-ci ilin 1 iyununda atama 60 illik yubiley mərasiminə rəsmi dəvət və dost məktubu göndərir: "Hörmətli İmamverdi! Bu ayın on doqquzunda Bakıda mənim altmış illiyimə həsr olunmuş gecə keçiriləcəkdir. Səni əziz dostlarım arasında görsəm şad olaram. Rəsul Rza".

Hələ, rəflərdəki avtoqraflı kitablar... Anarın təbirincə, İmamverdi müəllimin "qiymətli kitabların zəngin dəstindən ibarət unikal kitabxana"sında Rəsul Rzanın "Çapey"dən başlayaraq sağlığında nəşr olunmuş bütün kitabları (hamısı da avtoqrafla) yanaşı düzülüb. Bir-bir götürüb baxıram...

"İllər və sətirlər" kitabı: "Şeirimizin fədakar dostu, vəfalı yoldaş, Azərbaycan ədəbiyyatının yeni yollarını hərarətlə təbliğ edən incə zövqlü İmamverdiyə hörmət və məhəbbətlə R. Rza. 18. VII. 60".

"Duyğular...düşüncələr" kitabı: "Şeirimizin yaxşı dostu, yeni şeirin qəhməri, əziz dost İmamverdiyə... R. Rza. 5. XII-1964".

"İşıqlar üşüyəndə" kitabı: "Həqiqi poeziyamızın yorulmaz tədqiqat və təbliğatçısı dostum İmamverdiyə hörmət və məhəbbətlə. Rəsul Rza. 29.I-1971".

"Hava haqqında" kitabı: "Yeni yüksək poeziyanın qəhməri, gözəl alim, sədaqətli dost İmamverdiyə ən yaxşı arzularla. R.Rza. 2.I. 73".

Belə... Rəsul Rza ilə bağlı sənədlər çoxdur. Lap çoxdur. Hamısını yazsam, qalın bir kitab alınar. Amma bu yazını yekunlaşdırmaq istəyirəm...

1991-ci ildə Yazıçıların Qurultayından qayıdandan sonra atam Anara məktub yazıbmış: "Əzizim, mehribanım Anar müəllim, salam! Dinc mühit, ailə səadəti, sağlam səhhət arzulayıram. Qurultaya gələndə nasaz idim. Üstəlik, iclasda elə çılğın tövr gördüm ki, əməlli-başlı xəstələnib qayıtdım... Nüfuzlu yığıncaqları az görməmişəm. Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rəhimovun diqqəti hesabına II qurultayda, daha sonra, altı qurultayda iştirak eləmişəm. Fəqət, bu dəfə, elə bil, salona yox, qumlu səhrada tufana düşmüşdüm. Foyedə ərkim çatanlara dediyimi Sizə xatırlatmaq istəyirəm: "Ərzaq qəhətə çıxıb, torpaqlarımızı alırlar, nemətlərimizi aparırlar, günahı da mərkəzin, yaxud rəhbərliyin üzərinə yıxırıq. Amma nəzərə alaq ki, abırı, həyanı - insafı əlimizdən alan yoxdur. Niyə öz-özümüzü payimal edirik?" Bilirəm ki, Sizin müdafiəyə ehtiyacınız yoxdur, Ancaq etibar gözlədiyin adamdan, yaxşılıq etdiklərindən namərdlik görmək - adama ağır gəlir. Belə zərbələrə dözmək də çətin olur. Biz Anarı qorumalıyıq, təkcə ona görə yox ki, zəkalı yazıçıdır, həm də və ən vacibi ona görə ki, indiki ağır, ziddiyyətli, təklənmiş vaxtımızda Anar kimi müdrik dövlət xadimi səviyyəli mütəfəkkir Vətən övladı həmişəkindən qat-qat artıq bizə - millətə çox-çox gərəkdir. Mirzə İbrahimov kimi ağsaqqalı hörmətsiz eləmək milli təhqirdir. Nadürüstləri inandırmaq olmur ki, bütün bayraqlar əsgi parçasındandır, hər əsgi parçası isə bayraq ola bilmir. Şəxsiyyətlərə qarşı şəxsiyyət çıxsaydı, dərd yarı idi. Böyük Rəsul Rzanın "Rənglər"i çaxnaşma salanda poeziyaya az dəxli olan bir nəfər odlu-odlu danışdı, məni də "unutmadı": "Rənglər" haqqında ibarəli fikirlər söyləyən İmamverdinin fikirləri "Rənglər"in özü kimi dumanlıdır" dedi. Həmin adamı bu dəfə qurultayda gördüm. Bu natamam ziyalı ağsaqqal kimi görünməyə can atsa da, sünilik boy göstərirdi. Yadıma 1950-ci ilin iyulunda Universitetin akt zalında Mikayıl Rəfilyə avamcasına hücum edən unudulmuş alimlər düşdü. Rəfili isə yaddaşlarda yaşayır, yaşayacaq.

Vaxtınızı aldığım üçün üzr istəyirəm. Məndən qat-qat yaxşı bilirsiniz ki, ürək boşalmayınca adam təskin ola bilmir.

Nəsil ağacınıza nəsil-nəsil hörmət bəsləyən: İmamverdi Əbilov. Sübh, 31 mart 1991. Neftçala".

Anar müəllim atamın 70-75-80 illik yubileylərində iştirak etmək üçün Neftçalaya gəldi. 2007-ci ilin 26 aprelində "Ədəbiyyat qəzeti"ndə ona bir məktub ünvanladı: "Rəhmətlik valideynlərimin sizə necə rəğbət bəslədikləri yaxşı yadımdadır. Bəlkə sizə olan böyük ehtiramım da müəyyən dərəcədə onlardan mənə miras qalıb. Amma sizinlə şəxsi görüşlərimiz, məktublaşmamız, sizin fədakar çalışmalarınız, haqqınızda eşitdiklərim, gördüklərim və bildiklərim bu hörmət hissini daha da zənginləşdirir. Qəlbimdə layiqli yeri olan insanlardan biri də sizsiniz... Siz bizim günlərdə çox təəssüf ki, get-gedə azalan həqiqi və nadir ziyalılarımızdansınız... Neftçalada mənzilinizdə yaratdığınız əsl mədəniyyət mərkəzi, Bakı da daxil olmaqla bütün Azərbaycan üçün örnək göstərilə biləcək mənəviyyat ocağıdır." Səksən illik yubileyindəki çıxışına isə "İmamverdi müəllimi təxminən 50 ildir ki, tanıyıram. Əlli il bundan əvvəl atamla bir yerdə onun evində qonaq olmuşuq" - deyə başladı...

Anar müəllim mənə təkcə millətimin deyil, həm də iki doğma insanımın ortaq dəyəri kimi əzizdir. Və bu sevginin mənimlə əbədi olacağını bilirəm. 1985-ci ildə İrkutskda - hərbi xidmətdəykən axşam bütün hərbi heyəti yığıb bizə bir film nümayiş etdirmişdilər: "Uzun ömrün akkordları". Anarın Üzeyir bəy barədə filmi. Həmin gecə ona uzun bir məktub yazmışdım. Noyabrın 1-də cavab yazmış və mənə Kəpəzin şəklini göndərmişdi. Məktubunda belə bir cümlə vardı: "Görünür, doğrudan da, bizim hər ikimizin ailələri irsən, nəsilbənəsil bir-birlərinə xoş hisslərlə yaşayıblar, yaşayırlar və əminəm ki, yaşayacaqlar".

Anam dünyasını dəyişəndə atamı tək qoymadı.

Atam dünyasını dəyişəndə təsəlli yerimiz oldu.

Atamın yas çadırında da Məhəmmədhüseyn Rzayevin "Yoxdur həvəsim" şeiri barədə, Rəsul Rza ünvanlı qovluqdakı məktublar, sənədlər barədə danışmışdıq...

Anarın ən böyük əsərlərindən biri, məncə, "Yaşamaq haqqı"dır. Rus dilində yazdığı "Yaşamaq haqqı" isə bu sözlərlə başlayır: "Bakının yaxınlığında çox da böyük olmayan Neftçala şəhərində qeyri-adi insan - alim-ədəbiyyatşünas, əsl ziyalı yaşayır - İmamverdi Əbilov. İmamverdi müəllimin evi əsl mənəviyyat ocağıdır. Bu evi çoxusu müəlliflərin öz avtoqrafı ilə olan qiymətli kitabların zəngin dəstindən ibarət unikal kitabxana adlandırmaq olar. Bu evi bütün uzun ömür boyunca toplanmş nadir eksponatlardan - əlyazmalar, fotolar, məktublardan ibarət muzey də adlandırmaq olar. Əksər görkəmli insanlardan - yazıçılar, alimlər, dövlət xadimlərindən gələn minlərlə deyilsə, yüzlərlə məktub, Bakıdan və Azərbaycanın digər şəhərlərindən, Türkiyə, İran və Rusiyadan gələn məktublar. İmamverdi müəllimi mənim valideynlərimlə isti dostluq münasibətləri bağlayırdı, Rəsul Rza və Nigar Rəfibəyli ilə yazışmalar onun arxivində əhəmiyyətli yer tutur..."

Amma yenə də mənə bu yazını yazdıran Məhəmmədhüseyn Rzayevin "Yoxdur həvəsim" şeirinə qayıdıram.

Anar "Əsrim, əslim, nəslim" əsərində "gəncliyində kommunist ideyalarına aludə olmuş Məmmədhüseyn dayı ömrünün son illərində ciddi xəyal qırıqlığına uğramış, Stalin rejiminin bütün naqisliklərini ayıq başla dərk edirmiş" deyir. Amma "Yoxdur həvəsim" elə Məhəmmədhüseyn Rzayevin gənclik illərinin, yəni "kommunist ideyalarına aludə" olduğu çağların yadigarı deyilmi?.. Deməli, Rəsul Rzaya öz soyadını verən Məhəmmədhüseyn Rzayevin şəxsiyyətini, siyasi baxışlarının alt qatını daha dərindən araşdırmağa ehtiyac var... 

Yazının əvvəlində demişdim axı, iyirmi il bundan əvvəl Anar müəllim Məhəmmədhüseyn Rzayevin "Yoxdur həvəsim" şeirinin surətini istəsə də, bu ötüb-keçən illərdə həmin şeirlə bağlı aramızda bir dəfə deyil, bir neçə dəfə söhbətimiz olsa da, nə sirdirsə, mən hələ də həmin şeirin surətini ona çatdırmamışam. Görünür, bu şeiri Anar müəllimə təqdim etməyin zamanı indi imiş...

9-10 sentyabr 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!