Əhməd Ağaoğlu…Atatürkün həm “dost"u, həm də “düşmən"i - Nizami CƏFƏROV yazır

Dahilərin nə dostu olur, nə də düşməni… Odur ki, kiminsə Atatürkün dostu, yaxud düşməni olduğu barədəki təsəvvür, əlbəttə, tamamilə absurd olduğuna görə hər iki anlayışa, qarşı tərəfin - Əhməd Ağaoğlunun mövqeyindən baxmaq lazım gəlir. Ancaq bu da mütləq bir məna- məzmun daşımır… Hər şeydən əvvəl ona görə ki, Atatürk öz tarixi missiyasını həyata keçirməyə başladığı ilk illərdən etibarən Əhməd Ağaoğlu (və epoxası!) artıq tarixə çevrilməkdə idi. İkincisi isə, əsrin 30-cu illərinin əvvəllərindən həmin növbə  Atatürkün özünə çatmışdı… Bir-birini sürətlə əvəz edən missiyalar (və epoxalar) yetirdikləri şəxsiyyətləri  böyük-kiçiyinə baxmayıb, aralarındakı münasibəti axıracan aydınlaşdırmağa imkan vermədən, hələ həyatda ikən tarixin arxivinə atırdı…

***

Əhməd bəy Ağaoğlu və ya Əhməd Ağaoğlu 1869-cu ildə Azərbaycanın Qarabağ mahalında doğulmuş, ibtidai məktəbi, Qərb düşüncə tərzi ilə müəyyən qədər tanış olduğu gimnaziyanı bitirdikdən sonra 1888-ci ildə təhsilini davam etdirmək, dünyagörüşünü genişləndirmək üçün Parisə getmişdi. Böyük fransız inqilabının ənənələrini yaşadıb bütün dünyaya  yayan Paris mühitində gənc azərbaycanlı müsəlman- türk hüquq, tarix və siyasi elmlər sahəsində dərin (və geniş) biliklərə  yiyələnib 1894-cü ildə Azərbaycana qayıtdı.

Əsasən, milli mətbuatın inkişafı, türk-müsəlman dünyasının tərəqqisi uğrunda çalışan müasir  dünyagörüşlü  ideoloq olaraq məşhurlaşan Əhməd bəy hələ  Parisdə yaşadığı illərdən tanış olduğu həmfikirlərinin, dostlarının dəvəti ilə 1909-cu ildə İstanbula köçür. Fəal siyasətə qoşularaq İttihad və Tərəqqi Partiyası Mərkəzi Komitəsinin üzvü olur, Osmanlı Məclisi- Məbusanına seçilir.

1918-ci ildə Qafqaz İslam ordusu ilə birlikdə komandan Nuru paşanın siyasi müşaviri kimi Azərbaycana gələn Əhməd bəy Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin də üzvü olur. Və çox keçmir ki, Paris Sülh Konfransına  göndərilən Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin  tərkibində İstanbula yollanır. Lakin İttihad və Tərəqqi Partiyasının liderlərindən olduğuna görə İstanbulda həbs olunaraq digər partiya yoldaşları ilə  birgə Maltaya sürgün  edildiyindən Sülh Konfransına gedə bilmir.

1921-ci ildə sürgündən qayıtdıqdan sonra Anadoluda Mustafa Kamal paşanın rəhbərlik etdiyi milli mücadilə hərəkatına qoşulur. Ankara hökumətinin mətbuat işlərinə rəhbərlik ona tapşırılır. İkinci və üçüncü  dönəm Türkiyə Böyük Millət Məclisinin üzvü olur.

1930-cu ildə Cümhuriyyət Xalq Partiyasına müəyyən mənada rəqib olan Cümhuriyyət Sərbəst Firqəsini yaradanlar içərisində olduğuna görə siyasi  karyeradan məhrum edilir. İstanbula köçüb Darülfünunda hüquq tarixi professoru olur. Həmin illərdə "Axın"  qəzetini yaradıb hakim partiyaya müxalif məqalələrini çap etdirir.

Ömrünün son illərini ailə, dostlar, mühitində keçirən mütəfəkkir- ideoloq, oğlu - görkəmli ictimai- siyasi xadim Səməd Ağaoğlunun məşhur "Atamın dostları" kitabında qeyd etdiyi kimi, ömrünün son günlərinə qədər "düşüncə və yazılarında Qərb liberalizmini və azadlıqlarını əsas kimi götürərkən İslam islahatçılığını və demokratik milliyyətçiliyi də  ardıcıllıqla müdafiə etmişdir".

***

Səməd Ağaoğlunun kitabını Azərbaycan dilinə çevirib nəşr etdirən professor Vilayət Quliyev həmin kitabın ön sözündə yazır:

"İstər Osmanlı imperiyası, istərsə də Türkiyə Cümhuriyyəti dövründə Əhməd Ağaoğlunun evi  ölkənin mühüm intellektual mərkəzlərindən biri kimi tanınınrdı. Bu da ilk növbədə ev sahibinin  qonaqpərvərliyindən, həmişə ən müxtəlif  fikirləri dinləməyə hazır olmasından, hətta ideya əlehdarlarına qarşı münasibətdə də ehtiram çərçivəsindən çıxmamasından  irəli gəlirdi".

"Əhməd bəyin yüksək biliyi, mütərəqqi dünyagörüşü, Şərqi və Qərbi öz şəxsiyyətində, həyat mövqeyində və yaradıcılığında sintez etməsi" (Vilayət Quliyev) həm Osmanlı, həm də Türkiyə Cümhuriyyəti dövrünün  böyük şəxsiyyətlərilə müxtəlif səviyyəli əlaqələrinin uzun zaman davam eləməsinə  səbəb olmaya bilməzdi. Çünki o, təbiətən siyasi- ideoloji müzakirələr, mübahisələr və döyüşlər cəngavəri idi.

Əhməd Ağaoğlunun yaşayıb fəaliyyət göstərdiyi mühitin miqyası və ya intellektual- ideoloji tərkibi barədə  təsəvvürümüzü aydınlaşdıran mötəbər mənbələrdən biri də qızı, Türkiyənin ilk qadın hüquqşünası Sürəyya Ağaoğlunun "Bir ömür belə keçdi…" kitabıdır. Müəllif yazır:

"…Türk ocağının, Türk yurdunun çalışmaları bizim evdə aparılır, dövrün siyasi və fikir inkişafı bizim evdə yaşanırdı. Bir yandan Ziya Göyalp, Əli bəy Hüseynzadə, Cəlal Sahir, Həmdüllah Sübhi, Yusif Akçura, Fuad Köprülü, Abdullah Cövdət, göz həkimi Əsəd Paşa, Həlim Sabit, Ömər Naci bəy kimi yazıçı və  türkçülər, Ənvər və Tələt Paşalar, digər tərəfdən Seyid Tahir əfəndi, Əbdülrəşid əfəndi kimi din adamları  tez- tez evimizə gəlirdilər".

Və eyni vəziyyətin Cümhuriyyət dövründə də davam etdiyini göstərir:

"Yazıçılar, şairlər, filosoflar - ən ifrat  solçu sayılan Nazim Hikmətdən tutmuş ən ifrat sağçı Pəyami Səfaya qədər bir çox tanınmış adamlar həftədə bir dəfə evimizdə görüşüb fikirlərini biri-birləri ilə bölüşürdülər. Onlardan indi adlarını  saya biləcəklərim Nazim Hikmət, Mehmet və Zəkəriyyə Sərtəllər, Həmdi Başar, professor Şəkib bəy, professor Hilmi Ziya Ülkən, professor Züthü bəy, professor Ziyaəddin Fəxri, Şükufə Nihal, Nizaməddin Nazif, Pəyami Səfa, bəzən Midhət Camal ilə  Nadir Naci idi. Atam dünyadan köçəndə bəzi qəzetlər "Türkiyədə intellektual  toplantılar keçirilən yeganə ev də qapandı" - deyə yazdılar".

Heç şübhəsiz, belə bir evin  (və onun sahibinin) fəaliyyəti Atatürkün diqqətindən tamamilə kənarda qala bilməzdi…

***

Səməd Ağaoğlu yazır:

"Atatürk Milli Mücadilədəki zəfərdən sonra məmləkətin bütün fikir, elm, sənət sahələrini əhatə edən insanlardan ibarət bir millət məclisi yaratmaq istəmişdi. Bu Məclis Türkiyənin əsas ruh qaynağı olacaqdı".

Atatürk hər cəhətdən özünə tabe olacaq belə bir Məclis qurmaqda, tamamilə olmasa da, dövrün (və həyata keçirdiyi inqilabların gedişatının) tələblərini yerinə yetirmək baxımından hər halda haqlı idi. Ancaq prinsip  etibarilə fərqli dünyagörüşünə mənsub Əhməd Ağaoğlu  üçün həmin Məclis heç də qəbul edilən deyildi… Cümhuriyyət Sərbəst firqəsinin yaradılmasını Atatürkün  (və həmməsləklərinin) necə qarşılayacağı  əvvəlcədən aydın olsa da, Əhməd Ağaoğlu hətta Qazinin böyük nüfuzu qarşısında belə öz ideallarına xəyanət və ya siyasi  ikiüzlülük etməyi şəxsiyyətinə  sığışdırmayıb riskə getməyə üstünlük verir. Və  ciddi cəzalandırılır…

Bir anlıq təsəvvür edək ki, Qazinin bu dövrdəki Millət Məclisi siyasətini Əhməd Ağaoğlu alqışlayıb Məclisdə əyləşir. Yəni  inamının əleyhinə gedərək fərdin yox, dövlətin hüquqlarını müdafiə etməli olur. Onda ev- ailə məclislərində ardıcıl iştirak edən  dostlarının üzünə necə çıxacaqdı?..

Doğrudur, Atatürk Əhməd Ağaoğlunu yaxşı  tanımaqla yanaşı, həm də bəzi məsələlərdə onun fikrini bilmək istəyirdi. Ancaq inanmaq çətindir ki, bu fikir Qazi üçün nə isə ciddi bir əhəmiyyət daşısın…

Səməd Ağaoğlu xatırlayır:

"Böyük nitqini söylədiyi günlərin (söhbət 1927-ci ilin 15-20 oktyabr günlərindən gedir - N.C.) birində  Məclis koridorlarında atamdan "Nitqim haqqında  nə fikirdəsən?" - deyə soruşur. Atam: "Paşam, hər cəhətdən çox mükəmməl və ibrətvericidir. Mücadilənin  necə qorxunc səhifələrinin olduğu  yalnız indi aşkara çıxır. Hələ çox diqqəti çəkən bir məqam da var.  Ən böyük iltifat və təvəccöhlə ən şiddətli  qarşıdurmanı yan-yana gətirə bilirsiniz. Adamlar özlərinin artıq heç zaman yıxılmayacaqları sandıqları anda çökməyə başlayırmışlar".

Atatürk qaşlarını çatır:

"Bunları bir-birinə qarışdırma, Əhməd bəy".

Əhməd bəy nə qədər haqlı idisə, Atatürk ondan daha  çox haqlı idi. lakin mahiyyətə varsaq, məsələ kimin az, kimin çox haqlı olmasında da deyildi. Məsələ onda idi ki, dövrün strateji hadisələrinə kimsə yox, məhz Qazi istiqamət verirdi…

***

Əhməd Ağaoğlu "Axın" qəzetini çıxarmağa  başlayır. Və təbii ki, Atatürkə müxalif mövqe nümayiş etdirir.

İstanbula gələn Qazi onu Dolmabağça sarayında keçirilən şam yeməyi məclisinə dəvət edir.

Görüşdən geri dönən atasının təəssüratını Səməd Ağaoğlu belə anladır:

"Paşa əvvəlcə çox iltifat göstərdi, yanında oturtdu. Süfrədə… xanımlarla… bəylər var idi. Arada, "Axın" qəzetini buraya gətirin!" əmrini verdi. Gətirilən qəzetdən məqalələrimi bir- bir oxutdu. Hər məqalədə nə demək istədiyimi soruşdu. Yazıların hamısının ictimai tənqidlər olduğunu, cəmiyyətimizin yaxşı tərəfləri ilə bir sırada qüsurlarını göstərməyə xidmət etdiklərini söylədim. Bu zaman Atatürk … bəyə işarə edərək "Bəyəfəndi, bir şəxs həm darülfünunda professorluq edib, həm də mövcud hakimiyyəti tənqidə başlarsa, nəticələri yaxşı ola bilərmi?" - deyə soruşdu. Həmin adam da "Əlbəttə, bu, düz iş deyil" - dedi. Sualını məclisdəkilərin bəzilərinə müraciətlə yenidən təkrarladı. Yalnız… bəy "Əgər rejim və hakimiyyət qüvvətli isə, bir şəxsin həm darülfünunda professorluq etməsi, həm də müxalifətdə qalması bir zərər gətirməz. Lakin rejim və hakimiyyət zəifləyərsə, bunun ziyanları ola bilər" - cavabını verdi. Atatürk üzünü mənə çevirərək dilləndi: "Bax, eşit, gör adamlar nə deyirlər!" "Paşam, hər kəs bir  cür düşünə bilər, mən nə edim?" - cavabını verdim.

Atatürk qəflətən "Anlaşılır! - deyə bağırdı, - onlara cavab verməyi özünə sığışdırmırsan, lap yaxşı, onda  mən deyərəm. Həm darülfünun professoru, həm də  müxalifətçi olmaq bir araya sığışmaz". Sonra əlavə etdi: "Hələ  söylə görək, sən bu qəzeti çıxarmaq üçün pulu haradan almısan?"

Əlbəttə, Əhməd bəy Ağaoğlu vəziyyətə Atatürkün tam hakim olduğunu, geri çəkilmək lazım gəldiyini bilirdi. Lakin bu cür ittiham qarşısında yox…

"Həmin anda şəxsimə qarşı necə qorxunc bir intriqanın başladığını anladım. "Paşam, - dedim, "Axın"ın nüsxələri bura gətirilib məqalələrim oxunmağa başladığı zaman  özlüyümdə nəşri dayandırmağa qərar vermişdim. Ancaq  bir halda ki, belə şübhələr var, müfəttişlər yoxlayıb pulu haradan, necə tapdığımı aydınlaşdırmayana qədər qəzeti bağlamayacağam". Bunu eşidən Qazi "Demək, baş  aparırsan! - deyə bağırdı. - Həm də unudursan ki, burada bizə boğaz ortağısan!"

Qazi bağışlanmaz səhvə yol verir…

"Paşam! - dedim, - on səkkiz yaşından bəri türk millətinin xidmətindəyəm. Həyatım boyu oxşar sözləri mənə dəfələrlə, bir çoxları  söylədilər. Hamısna gülərək keçmişəm. Amma indi sizin dilinizdən eyni kəlmələri eşitmək məni ruhumun dərinliklərinə qədər sarsıtdı. Çünki o deyənlər kiçik  adamlardı. Siz isə bir məmləkəti məhv olmaqdan qurtarmış insansınız. Bir yandan bütün dünyanın türk irqindən, türk millətindən başlanması tezisini ortaya atırsınız, o biri yandan da sərhədlərinizdən iki saatlıq  məsafədəki xalis və nə yazıq ki, əsir bir türk yurdundan bura, azadlıqlarını mühafizə etmiş soydaşlarına pənah gətirən həqiqi bir türkə "boğaz ortağı" deyirsiniz. Bu nə qorxunc təzaddır və nə üçün Allah mənə sizi belə bir qorxulu təzad uçurumu üzərində görmək fəlakəti nəsib etdi?" Sözümü qurtaran kimi ayağa qalxdım. Elə həmin anda gözləmədiyim bir şey oldu. Atatürk də ayağa durub  boynuma sarıldı. "Sən məni yanlış anladın, elə demək  istəmirdim" - deyərək üzümdən, gözümdən öpməyə başladı. Lakin orada qalacaq halda deyildim. Heç nə söyləmədən çıxıb gəldim".

"Axın" bağlanır. Və çox keçmir ki, Əhməd Ağaoğlu Darülfünundan da təqaüdə çıxmalı olur.

***

Səməd Ağaoğlu yazır:

"Atatürkün ölümü - ən ümidsiz anlarında belə ağlına gətirmədiyi bu itki  onu ciddidən ciddi düşüncələrə daldırmışdı. Həmişə gözəl və cazibədar saydığı həyata sevgisi bəlkə də ilk dəfə bu ölüm qarşısında sarsılmışdı.  Hisslərini böyük bacım Tezərə məktubunda belə açıqlamışdı:

"Neçə gündür sənə məktub yazmaq istəyirəm. Qələmi əlimə alıram, mənə qəribə bir hal gəlir, iki kəlmə söz tapıb yaza bilmirəm. Atatürkün vəfatı məni təsəvvür edilməyəcək dərəcədə sarsıtdı….

Budur, iyirmi ildən bəri Türkiyəni öz varlığı ilə  dolduran şəxsiyyət! Gözlərimiz, qulaqlarımız, ələlxüsus da qəlb və ruhumuz onunla o qədər dolmuşdu ki, indinin özündə də onu duymağa və eşitməyə  davam edir, onun yoxluğuna inanmırlar. Nə deyim, belə bir şəxsiyyətin  itirilməsi qarşısında dərin heyrətlə sükuta dalmaqdan başqa çarə yoxdur".

Atatürk öldüyü günlərdə atamın gündəlik həyatında böyük daxili sarsıntı keçirdiyini göstərən bəzi təzahürlər  meydana çıxdı. Qocalmasından, vücudunun yaşlaşmasından, çürüməsindən tez-tez danışmağa başladı"…

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!