Müəllifin "Mülahizələr" və"Azərbaycan dilinin bugünkü vəziyyəti və gələcək vəzifələri haqqında" məqalələri əsasında
Rəsul Rza üçün ana dilinin milli varlığını və ruhunu qorumaq şərəfli bir vəzifə olmuşdur: "Dilin zənginliyi sözün çoxluğu ilə ölçülmür - dil ictimai dəyişikliklər, tarixi inkişaf nəticəsində şüurun özü kimi daim dəyişir. Dilin harmonik inkişafı üçün onun gərəkliyi mühüm şərtdir. Metal alət işlədilməsə paslanar. Dil də işlədilməsə get-gedə kəsərini, məna dəqiqliyini və dərinliyini, ifadə incəliyini və gözəlliyini itirər, inkişafdan qalar".
Dil mədəniyyətindən danışarkən "hələ çözülməmiş problemlərini açmağa çalışır". Ədibə görə, dilin formalaşmasına bir sıra siyasi, iqtisadi, mədəni-tarixi faktorlar təsir göstərir. Onlardan biri də milli və beynəlmiləl mədəniyyətlərin münasibətidir. Mədəniyyətlərin bir-birinə yaxınlaşması ilə beynəlmiləl leksika yaranır, dünyada baş verən bütün ictimai dəyişikliklər dildə öz əksini tapır. Elm və texnika sahəsində xalqlar arasında əlaqələr qüvvətlənir, bunun nəticəsində elmi terminologiya beynəlmiləl səciyyə qazanır. Bu inteqrasiya bugünün özündə də aktuallığını itirmir. Beynəlmiləl sözlər Azərbaycan dilində eyni səviyyədə yayılmamışdır, bu, hər şeydən əvvəl, cəmiyyətin, ümumiyyətlə, sosial təbəqələrin marağından asılıdır. Şair bu məsələyə toxunarkən bəzi qeyri-Azərbaycan sözlərinin vətəndaşlıq qazanmasına münasibət bildirir, bunlardan yan durub köhnəlmiş sözləri saxlamağı, köhnəyə qayıtmağı düzgün hesab etmir. Dünyanın bütün mədəni xalqlarının "internasional", "universitet", "partiya" kimi sözləri işlətməsini qanunauyğun tarixi proses kimi əsaslandırır, ondan kənarda qalmamağı tövsiyə edir. Bəzi hallarda dilimizdəki alınma ərəb və fars tərkibli beynəlmiləl sözləri aydın, səlis Azərbaycan sözləri ilə əvəz etməyi xeyirli bilir: "beynəlxalq" deməkdənsə, "xalqlararası" desək, daha yaxşı olmazmı?".
Dilin lüğət tərkibi və onun zənginləşməsi yollarından danışarkən dilə gəlmə və gətirilmə sözlərə, yeni yaranan anlayışları bildirmək, həm də dildə çoxdan alınan və geniş yayılan terminləri əvəz etmək üçün süni söz və terminlər yaratmağa - purizmə münasibətini bildirir: "Belə bir cərəyan bizdə də vardı, revolyusiyanın ilk illərində bütün azərbaycanca olmayan sözlərin hamısını Azərbaycan sözləriylə əvəz etmək istəyənlər vardı. Onlar aeroplana "uçquc", samovara "qur-qur", parovoza "buğla gedən" deyir və bu kimi yöndəmsiz sözlərlə dili düzəltmək istəyirdilər. Bu adamlar dili təmizləmək bayrağı altında dilə girmiş bütün ərəb və fars sözlərini atmağı təklif edir, dilimizi anlaşılmaz sözlərlə doldururlar. Yaxud dilimizi saflaşdırmaq pərdəsi altında dili dəmir hasar içinə almaq, ona heç bir yeni sözün gəlməsinə imkan verməmək istəyirlər. Bu təşəbbüslərin hər ikisiylə mübarizə aparmaq lazımdır. Biz ərəb, fars, osmanlı dillərinin təsiri ilə mübarizə deyəndə, o dillərin vaxtilə dilimizə soxulmuş ruhu ilə mübarizə məsələsindən danışırıq. "Şayani-diqqət", "hissi-qəbləlvüqu" və bu kimi xalqımıza yad olan, xalq tərəfindən mənimsənməmiş, xalqın dilinə girməmiş, dilimizin ruhuna uymamış sözlərin və ifadələrin dildən qovulmasından danışırıq. Bu işdə solçuluq edənlər və məsələnin mahiyyətini anlamayıb Azərbaycan dilini ancaq Azərbaycan sözlərindən ibarət bir dil etmək istəyənlər zərərli iş görürlər". Soruşur: kasıb, ağıllı, sovqat, fəhlə, fabrik, sovet və yüzlərlə belə sözləri işlədəndə kim bu sözlərin Azərbaycan sözü olmadığı barədə düşünür? Kim bu sözləri anlamır? Cavabını da özü verir: "Dilin qüdrəti də orasındadır ki, onillər sürən ərəb istilası, fars təzyiqi, osmanlı təsiri altında öz ruhunu saxlamışdır. Xalqımız ərəblərdən, farslardan, osmanlılardan və başqa millətlərdən aldığı sözləri özünün dil süzgəcindən keçirərək, onları Azərbaycan dilinin ahənginə, qanunlarına uyğunlaşdıraraq elə bir hala salmışdır ki, indi çox çətinliklə o sözlərin ibtidai halını axtarıb tapmaq olar". Təəssüf edir ki, başqa dillərdən alınmış sözlərin dilimizdə necə, nə şəkildə işlənməsi haqqında çox az danışılır, az yazılır. Xalq arasında silis, silistçi, yaranal, koburnat və bu kimi sözlər var, bunların əsli məlumdur, lakin bu şəkildə işlənməsinin mənfi, ya müsbət olduğu haqqında ümumi fikir olmadığını bildirir.
Şairə görə, elə sözlər, tərkiblər var ki, onlar dildə çox geniş işləndiyinə baxmayaraq, "gətirildikləri dilin dadına-duzuna uymamış, dil üçün özümləşməmişlər". Əhvali-ruhiyyə, rifahi-hal, sərf-nəzər, nöqteyi-nəzər, tərcümeyi-hal və bu kimi sözlərin bəzisinin anlaşıqlı Azərbaycan sözləri ilə əvəz etməyi vacib bilir. Məsələn, rifahi-hal yerinə dolanacaq, güzəran əvəzinə qırım, əhvali-ruhiyyə əvəzinə təhər-tövr. İnanır ki, bu sözlər işlənsə, dilin axarına girsə, qulağımıza yatıb adiləşəcək.
Bir çox alınma sözlərin lazımlığını nəzərə alaraq, onları dilimizdə saxlamağı məsləhət bilir. Ancaq bir şərtlə ki, qardaş xalqdan və ya başqa millətdən aldığımız sözlər mütləq Azərbaycan dilinin öz qanununa, dilimizin qrammatikasına, bütün incə xüsusiyyətlərinə tabe edilərək işlənsin: "Dilin qanunu, dilin ruhu sözlər üzərində hakim olsun". Beləliklə, həm alınma sözlərin lazımlığını vurğulayır, həm də əcnəbi sözləri onlardan fərqləndirir. Məsələ belədir ki, alınma sözlər təkcə bizim həyatımıza daxil olan başqa həyatın reallıqlarını, sosiumları bildirən işarələr deyil, ehtiyacdan dilə keçən sözlərdir; mənalarında aprobasiya baş verir, fonetik, qrafik, orfoqrafik, leksik, qrammatik, semantik cəhətdən mənimsəmə prosesi keçərək, dilin bütün normalarına uyğunlaşır və lüğət vahidinə çevrilirlər. Alınma sözün morfoloji quruluşu və digər formal mənsubiyyət elementləri dilin müvafiq quruluşuna uyğun gəlir və sözləri ilə harmoniya yaradır, söz yaradıcılığı prosesində iştirak edirlər. Əcnəbi sözlər isə Azərbaycan dili qrafikası ilə yazılsalar da, müəyyən izahsız anlaşılmırlar. Alınma müəyyən müddət ərzində dildə mövcud olan müxtəlif əcnəbi dil elementlərinin məcmusu yox, fasiləsiz bir prosesdir, o, sosial mədəni-tarixi səciyyə daşıyır. Bu antinomiyalar dilin inkişafına təkan verən stimullardır, ictimai tələbatdan dilə gələn sözlər dil sistemini dağıdıb məhv etmir, çünki inkişafda olan dilin daxili qanunları son nəticədə ictimai əhəmiyyətə malikdir. Doğru qənaətə gəlir: "Dünyada az-çox inkişaf etmiş elə bir dil yoxdur ki, o, başqa xalqların dilindən faydalanmamış olsun. Yalnız ayrı-ayrı kəlmələr deyil, bəzi ifadə formaları da bir dildən başqa dilə keçə bilir. Bu götürmələr, gətirmələr ana dilinin ruhuna, deyiminə, ahənginə, qrammatik qaydalarına, bir sözlə, qanına-canına yatırsa, xaric səslənmirsə, dili zənginləşdirir. Vay o haldan ki, o, başqa xalqın dilindən alınmış kəlmə, qanun və ahəng xüsusiyyətlərimizi nəzərə almadan dilə pərçim edilsin. Hər dilin əsrlər boyunca yaranmış biçimi, dadı-duzu var. Onun sözlərinin, ifadələrinin, deyiminin özünəməxsusluğu var. Bu çalarlar bəzən qabarıq, bəzən haman-haman duyulan olur. Dilin bu incəliklərinə toxunanda o sızlayır, göynəyir".
Rəsul Rza Azərbaycan dilinin xalqın istək-arzularını ifadə edən bir şəkildə inkişaf etməsi uğrunda mübarizə apararkən zamanın dil quruculuğunun müvəffəqiyyətlərini də yaddan çıxarmır. Dilimizi 1925-26, hətta 1930-32-ci illərlə müqayisə edir, nə qədər böyük irəliləmə, inkişaf olduğunu göstərir. Müqayisə üçün 1925-ci il "Maarif və mədəniyyət" jurnalının bir nömrəsindən misal çəkir: "Hər şeydən əvvəl şunu qeyd etməliyik ki, məktəb dərslərində olan qramer kəndisinə əfv edilən böyük diqqət və əhəmiyyətə rəğmən, məktəbli çocuqlar tərəfindən hala da hüsn-təvəccöh qazanmamışdır". Və qeyd edir ki, bu dil heç bir zaman Azərbaycan xalqının dili olmamışdır. Azərbaycan dili Vaqifin: "Ay qabaqlı, bulud zülflü gözəlin, duruban başına dolanmaq gərək; Bir evdə ki, belə gözəl olmadı, o ev bərbad olub talanmaq gərək" misralarında əks olunmuş gözəl dilin ruhunu, ənənələrini saxlayaraq inkişaf etmişdir. Bugünün Azərbaycan dili də belədir: safdır, axıcıdır, gözəldir, sadədir.
Azərbaycan dilinə "bir sıra zərərli cərəyanlar gəlməsini" vurğulayan ədib "bunlarla mübarizə eləməyi" hər bir Azərbaycan ziyalısının şərəfli işi hesab edir. Dilimizdəki nöqsanları şərti olaraq iki hissəyə bölür: 1) yerli-yersiz yeni sözlər gətirmək, onların mənasının başa düşülüb-düşülmədiyi ilə maraqlanmadan dili zibilləmək; 2) cümlə savadsızlığı, sözləri yerində işlədə bilməmək, Azərbaycan dilinin ən sadə qanun-qaydalarına tabe olmamaq. Bu nöqsanların hər ikisini qorxulu hesab edir, çünki hər ikisi dilimizi geniş xalq kütləsindən ayırır.
Rəsul Rza xüsusilə nüfuzlu və rəhbər, Mərkəzi Komitənin orqanı olan "Kommunist" qəzetində yer tutan nöqsanlara göz yuma bilmir, çünki "mərkəz və rayon qəzetləri, fəhlə və kolxozçular, ziyalılar ondan öyrənirlər". İstehzanı qrotesk səviyyəsinə yüksəldir: "Kommunist" qəzetinin bəzi əməkdaşları dilə lüzumsuz yeni sözlər gətirməkdə, həqiqətən, birinci yer tuta bilərlər: natura, uçastok, mexanizator, mobilizasiya, sort, pozisiya, transport, spekulyasiya, ekipaj, reys, produksiya, korpus, uçot, xormeyster, avariya, prosent, prostoy, komissariat, masştab, realizə etmək, maşinist, laryok, struktura, instruksiya, populyarlaşdırmaq, buksir və bundan başqa yüzlərlə belə sözləri yazan qəzet işçiləri bir balaca özlərinə zəhmət versələr, bu sözlərin əvəzini Azərbaycan dilində tapa bilərlər".
Ən görkəmli yazıçılarımızın dilində belə, hərc-mərclik olması diqqətindən yayınmır: "Onların dilində sobor, kupol, dvornik, eqoizm, kaşa, svita, interes, qeroik, traktovka sözləri ilə bərabər təhti-himayə, hissi-qəbləlvüqü və belə-belə şeylər də var. Məsələn, "Ədəbiyyat qəzeti" yazır ki, "Məcnun rolunun traktovkası düzgün deyil". Məcnun hara, traktovka hara? Ayrı-ayrı qəzetlərimizin, tərcüməçilərimizin bu və ya başqa sözü dilimizə gətirməsi ilə məsələ bitmir, yəni onlar sözlərlə birgə şəkilçiləri də işlədirlər". Məsələn, nümunələrə əsasən bildirir ki, indi bu saat çox yerdə traktorçu yerinə traktorist yazırlar, uçot sözünü peşə-sənət bildirən milli şəkilçimiz əvəzinə - çik şəkilçisi ilə uçotçik yazırlar: "Nə üçün gözəl yedək sözümüz varkən buksir yazılsın? Bizim qoca analarımız deyərlər ki, "başına yüz min qəza gəldi". Yaxud: "Görəsən, yazığa bir qəza üz verdimi?". Bunun yerinə bizim qəzetlər "qəza" deyil, "avariya" yazırlar". Dilimizi belə şəklə salanları yazı dilimizi xalqdan uzaqlaşdırmaqda suçlayır.
O, həmişə dilimizin ayrı-ayrı problemləri haqqında açıq, sərbəst, geniş müzakirələrin tərəfdarı olmuşdur. Dil haqqında fikir söyləyən bəzi mütəxəssislərin yazılarındakı ayrı-ayrı cümlə, söz birləşmələri onda təəccüblə qarışıq təəssüf hissi doğurur: "Bu eksperiment, təcrübə dildə hərc-mərcliyə, özbaşınalığa aparıb çıxarmazmı?". Hansı məntiqlə "səciyyə daşıyır" demək olar, "Vurğun kəsildim" demək olmaz? Nə üçün "anmaq" demək olar, "anımlı" demək olmaz. "Duymaq"dan "duyum" sözü yaratmaq niyə qəbahət olsun? "Olmaq" sözü var, "ölmək" sözü var. Hansı məntiqlə "olum" sözünü rədd edib, "ölüm" sözünü işlətməliyik. Deyirlər: çünki belə demirlər. Nə olsun demirlər, deyərlər. Məncə, bu və bu qəbildən olan etirazlar, mübahisələr, fikir ayrılıqları hökm şəklində deyil, müzakirə, götür-qoy eləmək üçün bir baxım nöqtəsi şəklində olmalıdır". Müəllif Azərbaycan dilindəki ötəri, keçəri, köçəri, gedəri, səfəri və bu kimi sözlərin mənasında öləri sözünü daha üstün sayır. Dilimizdə görüm, baxım, içim, gəlim, verim, atım (bir atımlıq barıtı var), yeyim, geyim və bu kimi sözlər olduğunu və onlardan düzgün istifadə etmədikdə yanlış məna alındığını qeyd edir. Məsələn: "Bu vaxta qədər böyük bir nazirliyin adı "Yeyinti sənayesi" şəklində işlənir. Məlumdur ki, yeyinti mənfi mənada olan sözdür (filan yerdə bu qədər yeyinti olmuşdur)". Nazirliyin adının "Yeyim Nazirliyi" olmasını daha doğru hesab edir.
Rəsul Rzanın tədqiqatları ən kiçik dil vahidlərindən böyüyə doğru gedir - fonetikadan başlanıb, ardıcıl şəkildə morfoloji və sintaktik səviyyələrə doğru irəliləyir. Dilin fonetik, leksik, semantik, morfoloji və sintaktik normalarına realistcəsinə yanaşır, söyləmin anlamına diqqət yetirir, real həyatda necə deyilir və necə deyilməlidir məsələlərinə aydınlıq gətirir. Sifətin çoxaltma dərəcəsi keyfiyyətin adi dərəcə ilə müqayisədə çoxluğunu bildirir. Əlamət və keyfiyyətin adi normadan artıq olduğunu ifadə etmək yollarından biri fonosintetik üsuldur. Bu halda sifətin ilk iki səsinə m, p, s, r səslərindən biri əlavə edilir və söz bütövlükdə yenidən təkrarlanır. Müəllif bu formanı qoşalaşma adlandırır: "Bəzən bir söz başqası ilə necə qoşalaşdığından asılı olaraq yeni məna çaları verir. "Qırmızı", "düz", "yaşıl" sözlərinə "qıp", "düm", "yam" əlavələr etməklə onların mənasında yeni şiddət, daha artıq məna çalarları yaranır: "qıpqırmızı", "dümdüz", "yamyaşıl". Bütün belə qoşalaşdırmalarda əlavə hissə əvvəl, sözün əsli sonra gəlir - yumyumşaq". Lakin bir istisnanı nəzərə alır: "Yalnız ağ sözündə əlavə ikinci sıraya keçir: ağappaq. Niyə?". Cavabını dilçilərin öhdəsinə qoyur.
Avropa mənbəli termin elementlər Azərbaycan dilində canlı suffiksasiya, prefiksasiyada işlənmir, bu alınma morfoformantlar müntəzəm şəkildə yeni sözlər yaratmaq qabiliyyətinə malik deyillər. Onlar söz tərkibində üzvlənmir, bağlı çıxış edir, sözlərlə birlikdə dilimizə daxil olurlar. Bununla belə, bu formantların Azərbaycan dili sözlərinə qoşulması faktlarını müşahidə etdiyindən (məsələn, bu gün də dilimizdə işlənən antimüharibə, hiponüvə və s.) ədib, rus dilində olduğu kimi, qeyri-, anti-, əks-, na-, bi- və bu kimi sözün mənasını dəyişən derivasiya, termin elementlərdən yaradıcı şəkildə istifadə etməyi, onların tətbiq dairəsini zənginləşdirməyi tövsiyə edir.
O, dillər üçün ümumi, müştərək prinsipləri müəyyənləşdirməyi, onlara rasional-fəlsəfi baxımdan qiymət verməyi bacarır. İnsanın daxilində maksimum yığcamlığa, sadəliyə meyil vardır, bu qənaət dildə də özünü göstərir, əks halda bəzi yanlışlıqlar yaranır. Məsələn, şair öz əvəzliyindən bəhs edərkən yazır: "Müşavirə işini qurtardı" yerinə, "Müşavirə öz işini qurtardı" deyirik. "Əhməd oğluna nəsihət elədi" yerinə, "Əhməd öz oğluna nəsihət elədi". Bəzən bu öz sözü gərək olur. Məsələn, belə bir cümlədə: "Əhməd uşaqların mübahisəsinə qulaq asdı, öz oğlunu danladı", ya "Əhməd kitablar arasından öz kitabını götürdü". Başqa bir nümunədə: "İndiki danışıq və yazı dilimizdə "artıqlaması ilə", "plana dair" və bu kimi sözlər geniş işlənir. Məlumdur ki, "artıq" sözünün çox ifadə edən mənasından başqa, bir də qalıq ifadə edən mənası vardır. Artıqlama isə uydurma sözdür, hələ "-sı" da əlavə ediləndə eybəcər bir söz yaranır. Bir halda ki, "daha çox", "daha artıq" deyilərsə, həm aydın, həm də yaxşı olar". Mətbuatda və danışıqda tez-tez işlədilən kol sözünü də mexaniki tərcümə bəlası hesab edir: "əslində, kust kol deyil, "dəstə, topa" mənasındadır; ata-babadan "nar topası", "gül topası", "pambıq topası" eşitmişik, indi "gül kolu", "pambıq kolu" yazırıq".
Dilimizin inkişafında yeni söz yaratmanı mühüm şərt, ehtiyacdan doğan elmi-məntiqi bir hadisə hesab edir və belə bir qənaətə gəlir ki, yeni sözlər və ya yeniləşdirilən sözlər süni yox, dilin tarixi gəlişi, axarından doğmalı, semantik əhatə dairəsində, lüğət imkanlarında olmalıdır. Bu gün də ədəbi dilimizdə, canlı danışıqda işlədilən özümləşmək, özümlü, gətirmə, bəlirmək, bəlir, gərəklik, nəğmələnmək, ayrılış, eşidimli, doyumsuz, öyrənc, çağdaş, sənətdaş, əsrdaş, çimərlik, uçarlıq kimi sözlər şairin fərdi yaradıcılıq məhsuludur. Əmindir ki, dilə gərəkli, uyar olan, dilin qəhətliyini doldura bilən sözlər qalacaq, olmayanlar lazımsız bir şey kimi sıradan çıxacaq.
"Qrammatik qaydalar mövcud dil əsasında yaranır", - deyən müəllif haqlıdır, dilin qanunauyğunluğunun sistemləşməsi də dil materialından doğur. Ehtiyat edir ki, bu gün səhv sayılan bir ifadə, söz, tərkib sabah varlığını doğrulda bilər. Məsələn, "qəzet yazır" ifadəsinə təəccüblə yanaşır, əslində, "qəzetdə yazılmışdır", "dərc olunmuşdur"u daha dürüst hesab edir. Müəllifin fikrincə, Sabir: "Adətimiz daş idi, dava günü", - deyərkən formal məntiqin qanunlarına əsaslanıb. Ədib ritorik sualla müraciət edir: adət necə daş olur? Burada "atmaq" sözü çatmır. Gərək "Adətimiz daş atmaq idi, dava günü" deyilsin. Aydındır ki, Sabirin yazdığı daha lakonik olmaqla məna anlamında heç bir "necə?" doğurmur. Sabir: "Gəl-gəl, a yaz günləri", - deyir, "Gəlin", - demir. Bu, qrammatik baxımdan "səhv", əslində isə düzdür". Belə qənaətə gəlir ki, dilin müəyyən qaydalarını gözləmək şərtdir, lakin onu məhdud çərçivəsində saxlamaq lazım və mümkün deyil.
Şair dialektləri əsərlərin bədii keyfiyyətinə müsbət təsir edən, kolorit verən bir etnoqrafik fakt, saf, etibarlı mənbə kimi dəyərləndirir, ədəbi dilimizin təkcə alınma sözlər deyil, öz daxili imkanları - dialekt və şivələrimiz hesabına zənginləşməsi üçün mənbə, baza hesab edir.
Rəsul Rza yaradıcılığı konkret poeziya ilə məhdudlaşmır, o, həm də istedadlı publisist, tərcüməçi, naşir və dilçidir. Azərbaycan poeziyasındakı novatorluğunu məşğul olduğu bütün sahələrdə, xüsusilə dilçilik görüşlərində qoruyub saxlamışdır. Yaradıcılıq simfoniyasını özü belə cavablandırır:
"Mən küləyəm, əsməsəm, kim bilər ki, mən varam".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!