Ağacəfər Həsənli şeirimizdə üç onillikdən artıq bir zaman kəsiyində məsuliyyətlə qələm işlədən bədii təfəkkür daşıyıcılarından biri kimi oxucuların rəğbətini qazanmışdır. Onun bədii yaradıcılığının orijinallığı bizi daim özünə cəlb etmişdir. Şairin indiyədək nəşr etdirdiyi onlarla kitabında həyat, dünya, ömür-gün, dövrün ictimai-mədəni, mənəvi-əxlaqi mənzərəsi, qayğılarımız və problemlərimiz, Qarabağ müharibəsi, şəhidlik mövzusu, dünyada və Azərbaycanda gedən proseslərə fərdi baxış rakursu daha çox özünü büruzə verməkdədir.
Bir az bundan əvvəl Azərbaycan mədəni-ədəbi ictimaiyyəti, fikir adamları, ədəbiyyatşünas və tənqidçilər, dost-tanışlar Ağacəfər Həsənlinin 65 illiyini bayram etdilər. Ona ürək dolu sözlərini, içdən keçən arzu-istəklərini bildirdilər. Xoşbəxtlikdən biz də bu törənin iştirakçılarından idik. Həmin məclisdə biz də çıxış edib Ağacəfərin yaradıcılığının spesifik konturlarına toxunmuşduq. Bununla belə, biz mülahizələrimizi daha geniş şəkildə mətbuat vasitəsilə geniş oxucu və ədəbi tənqid ictimaiyyətinə çatdırmağı özümüzə borc bilirik.
Bəri başdan söyləyək ki, Ağacəfərin təfəkkür palitrası yetərincə polifunksionaldır. O, poeziyada da, publisistikada da, tərcümə işində də eyni şövqlə, eyni məharətlə və eyni məsuliyyətlə işləməyi bacarır. Onun müraciət etdiyi mövzuya fərdi rakursdan yanaşmaq istəyi, sanki yaradıcılıq xobbisidir. Belə yanaşma, heç şübhəsiz ki, qələm adamının ən başlıca və üstün keyfiyyətidir. Ağacəfərin belə keyfiyyətinin şahidi olmaq üçün biz şairin 2018-ci ildə Bakıda "Elm" nəşriyyatında çap etdirdiyi "Ağ külək" kitabından bir neçə fraqmentə müraciət etmək istəyirik. Desək ki, bu kitabda cəm olmuş şeirlərin əksəriyyəti qəlbimizi, ruhumuzu oxşadı, onda hörmətli oxucular bizi loyallıqda qınamasınlar. Gətirəcəyimiz nümunələr sizi fikirlərimizin inandırıçılığı qənaətinə gətirəcəkdir. Bu baxımdan Ağacəfərin "Uşüyən qəbir yeriyəm" şeiri qeyri-adi poetik assosiasiya yaradır:
Bir yerdə dünyaya gəldim,
bu torpağın bir yeriyəm.
Hər qarışı məbəd bildim,
məmləkətin pir yeriyəm.
...Aşmadığım sədd qalmayıb,
könlümdə həsəd qalmayıb,
məndə can-cəsəd qalmayıb,
üşüyən qəbir yeriyəm.
Məzar, qəbir obrazının simvolikası ingilis, fransız, alman, rus, türk, Şərq və dünya ədəbiyyatlarında yetərincə işlənmişdir. Əgər əksər nümunələrdə qəbir, məzar simvolikası müəllifin o dünyayla bağlı varlığı qavrayışını əks etdirib bu konseptin çoxsaylı tərəflərini, deyək ki, ölüm, zülmət, yuxu, sükut, səssizlik və s. bu kimi anlayışlara yaxınlaşdırırsa, Ağacəfər Həsənlidə "üşüyən qəbir yeri" tamamilə fərqli yozumda təqdim olunur. Daha doğrusu, müəllifin baxışında doğma elə, obaya vurğunluq, onda doğulub, dünyaya gəlməkdən məmnunluq duymaq, burada yaşamağından razılıq ifadə etməklə Vətənin daşı üzərində ləpirinin, izinin qalmasından xoşhallıq ifadə edirsə və eyni zamanda onun özünün - qədərinin yetərincə anlanılmadığını, buna görə də ona qiymət, qədir verilmədiyi məsələsinə toxunuş, özünü "üşüyən qəbir"lə müqayisə edir. Doğrudan da, görəsən, dünya niyə belədir?! Elələri var ki, bir-iki ortabab əsər yazır-yazmır, səsindən, qışqırtısından qulaq tutulur, az qala hər şeyi əldə edir. Layiq olmadığı kürsülərə yiyələnir. Bax, belə olduqda əsl urvatlı söz də, insan da bundan üşüyür. Şair qardaşımıza elə bu məqamda onu da demək istəyirik ki, "səyyad"ın nə vaxtsa öz "toru"na baş çəkməsinə də ümidi itirmək lazımdı deyil. Onda, yəqin ki, hər şey yerbəyer olacaq. Ağacəfər heç də çox şeyə həris, çox şeylərin istəyində deyil. Amma bəzən onun da könlündən nə isə keçir... və onun buna haqqı da var. Nə isə...
Ağacəfərin adını çəkdiyimiz kitabında qeyri-adi ifadə və ibarələrlə diqqəti cəlb edən nümunələr yetərincədir. Onların sırasında "Allahın dili", "Tövbə günü", "Anlayıb aldanmaq bəxtəvərlikdir", "Gedənlər haqqında ballada", "Aydınlığın üfüqü", "Tərcümə", "Təkərin tumurcuq izləri", "Dua-qarğış", "Əlhəd daşı", "Piyada", "Berlin divarı", "Ziyarət yeri", "Ad və dad", "Tabut", "Demə", "Şuşanın işğal günü", "1990-cı ilin 20 Yanvar Bakısı", "Axtarır", "Sözün zəhmi", "Qədr gecəsi" ilə yanaşı, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin əziz ruhuna ithaf etdiyi "Rəşadətin yaşıdı" poeması öz məzmunu, obrazlılığı, fikrin deyim çaları ilə diqqətəlayiq nümunələrdəndir.
Şairin cəmi iki bənddən ibarət "Vaxtında" şeirində isə bugünkü həyatın, gedişatın adekvat mənzərəsi ustalıqla təsvir edilir:
Gündüzlərin məsafəsi qısalıb,
gecələrin boyu bir qarış olub.
Daha nə ahıllıq, nə təbii həyat,
ömür-gün Allahdan sifariş olub.
Bu nədir, qulaqda pıçhapıç gəzir,
möhlət - baxışların münbit tarlası.
Vaxtın sürətini kim almalıdır,
vaxtında gün bitsin, həftə barlasın?
Ağacəfər bu bəndlərdə poetik hiss və duyğularını elə ifadələr, düzümlərlə oxuculara təqdim edir ki, onların digər şairlərimizdə biz nə analoji sırasını görmürük, nə də fəlsəfi yozumunu. Fikrimizcə, şairin işlətdiyi "gündüzlərin məsafəsinin qısal"ması, "gecələrin boyunun bir qarış ol"ması, "ömür-günün Allahdan sifariş ol"ması, "möhlətin-baxışların münbit tarlası"na çevrilməsi, "vaxtında günün bitib, həftənin barla"ması orijinal poetik tapıntılar kimi müəllifin yaradıcılıq məharətinin göstəricisi kimi ortadadır.
Ağacəfərin "Axtarır" şeiri isə insanların iç dünyasına, qeyri-adi düşüncəsinə, sanki bir zond kimi daxil olur, onların həyata münasibəti haqqında görümlu bir təsəvvür formalaşdırır. Daha doğrusu, bu şeirdən insanın əsl mahiyyəti boylanır:
Həmişə özünü gizlədir insan,
göydə ola-ola, düzdə axtarır,
Şair də içdiyi andını hər an,
yazdığı kəlmədə, sözdə axtarır.
...Duz basdım yarama, əlim dinc durmur,
söz sinəmi yarır, dilim dinc durmur.
Hər kişi özündə nöqsanı görmür,
hər kəsi başqa bir tərzdə axtarır.
Düşünürük ki, şair bu parçalarda müasir insanın ədəb-ərkan dünyasıyla ondan sapınmalar arasında maraqlı poetik lövhə yaradıb bizlərə təqdim edə bilmişdir.
Ağacəfərin şeirlərində müşahidə qabiliyyəti də güclüdür. Bunun təsdiqini biz "Aydınlığın üfüqü" şeirində daha səmərəli axtara bilərik:
Qulağımı çalan
çalağan qıyıltısı qədər
hava aydındı.
Bizim havamız aydın deyil.
mənim,
sənin,
onun.
Səmamız tutqun!
Nədir diktəsi axırın, sonun?
Aydınlığın üfüqündə,
ulduzlar gözmuncuğudu göyün.
Bütün sirlər oyun,
müəmmalar ayın - oyun...
Gətirdiyimiz parçalardan görünür ki, Ağacəfər Həsənli üçün digər məsələlərlə yanaşı, varlığın mənəvi dünyasına baş vurmaq daha önəmlidir. Ümumiyyətlə, qeyd etməliyik ki, Ağacəfərin lirikasında mənəvi məsələlərin axtarışı heç də fraqmentar xarakter daşımır. Problem özünün ardıcıllığı, davamlılığı ilə diqqət mərkəzinə düşür. Onun lirik tutumunda dinə, sakral dəyərlərə münasibət də xüsusi ilə diqqətçəkəndir. Bu baxımdan "Allahın dili", "Adəm oğlu eşitmir", "Tövbə günü", "Qədim məzar", "Allahımla tən bölməyə", "Haqqın qapısı", "Əlhəd daşı", "Tabut", "Qədr gecəsi", "Tanrı sapa düzüb", "Mövlananın Xorasandan köçü" və s. kimi örnəklərin adını çəkmək kifayətdir. Bu şeirlərdə müəllifin lirik qəhrəmanı öz etik-mənəvi dünyasıyla bərabər, həm də obrazın lirik "mən"ini nümayiş etdirir, onun Allaha, peyğəmbərə, islama bağlılıq oriyentirlərini müəyyənləşdirir. Bütün bunlar şairin varlıqla, onun mahiyyəti ilə səsləşən fərdi axtarışları kimi ortada dayanır. Bu tipli şeirlərində Ağacəfərin dini-fəlsəfi-mistik düşüncə və münasibətləri daha qabarıq görünür. Eyni zamanda türk və Şərq metafizikasında insanın Allahla münasibətləri, ünsiyyəti əks olunmaqla nə qədər çeşidli yanaşmalar mövcud olsa da, Ağacəfər Həsənlinin şeirlərində mənəviyyat məsələsinin hələ də yetərincə kamilləşməməsi qənaəti ortadadır.
Söylədiklərimiz sübut edir ki, bugünkü Azərbaycan ədəbi-mədəni mühitini nəzərdən keçirdikdə onun poetik kontekstində, doğrudan da, Ağacəfər lirikasının özünəməxsus cizgiləri görünməkdədir. Bu cizgilər tənqidçiyə şairin yaratdığı mətnlərə, onun öz müasirləri ilə qurduğu poetik mükaliməyə dərindən nəzər salmağı diktə etdiyini sezməkdəyik. "Ağ külək" kitabındakı şeirlərə baxdıqda Ağacəfərin poetik intonasiyasının necə ustalıqla dəyişdiyi göz önünə gəlir. Onun bu məharəti isə, yuxarıda qeyd etdiyimiz kimi, əsasən şairin dünyanı dərk notları ilə bağlıdır. Ağacəfər Həsənli təhlilə cəlb etdiyimiz kitabında özünün yazı manerasının rəngarəngliyini və əlvanlığını qeyri-adi poetik ifadələrlə sübut etməkdədir. Bizimsə belə olduğu təqdirdə tənqidçi kimi baxış bucağımız müəllifin bədii-estetik manerasının əksər nüanslarına diqqət çəkməyimizi aktuallaşdırır.
Ağacəfər, sanki məsuliyyətli poetik təfəkkür daşıyıcısı kimi öz-özünə suallar da verir ki, mən həqiqi şair olmaq istəyirəmsə, deməli, öz hiss və duyğularımı elə söz və ifadələrlə ipə-sapa düzməliyəm ki, yeni fikir deyimləri ortaya qoyub, öz ritmimi, öz qafiyəmi yaradıb, öz auditoriyamı araya-ərsəyə gətirim. Ağacəfər yazıb-yaratdıqlarına məhz bu rakursdan düzüm verməyi üstün tutmaqdadır.
"Ağ külək"də müəllif çoxsaylı şeirləri ilə yanaşı, "Rəşadətin yaşıdı" (poema), "Misralar, beytlər, bəndlər", "Düşüncə yarpaqları, söz oyunları, kəlamlar, fəlsəfi etüdlər" də təqdim etmişdir. "Rəşadətin yaşıdı"nda Ağacəfər Həsənli Milli Qəhrəman Şirin Mirzəyev obrazını Vətən obrazı, Vətən konsepti ilə elə üzvi surətdə bir-birinə qovuşdurub ki, poemada onların biri digərini uğurla tamamlamaqdadır.
Bir neçə kəlmə də "Ağ külək" adıyla bağlı fikir bildirməyi gərəkli hesab edirik. Ümumiyyətlə, "külək" bir poetik metafora kimi poeziyada bütün zamanlarda şairlər tərəfindən yetərincə istifadə olunmuşdur. Burada isə "ağ külək" metaforasının şairin bu kitabındakı öz psixoloji ovqatı ilə əlaqədə olduğunu söyləməliyik. Ağacəfərin bu kitabda rəng simvolikasından fərqli olaraq, ağ külək metaforasını simvollaşdırma istəyi də onun lirikaya öz möhürünü vurması ilə səciyyəvidir. Deməli, müəllif kitabın adında da öz orijinallığını ortaya qoymağa müvəffəq olmuşdur. Bu gün şair daha tutumlu və orijinal nümunələri ilə çağdaş lirikamıza öz töhfələrini vermək qabiliyyətinin ardınca getməkdədir. Bunu onun lirik əsərlərinin məzmunu, ideyası, poetik obrazları və mündəricəsi yaxşı sübut etməkdədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!