Hər kəs öz dilinin altında gizlənib, - deyirlər! Danış, səni tanıyım - söyləyirlər! Və hər iki fikirdə də yanlışlıq yoxdur! Həyatda hamı özünü sözü ilə ifadə etməyə çalışır, elə şairlər də! Onları başqalarından seçdirənsə bircə nüansdır: o da şairlərin bir az "ayrı cür" düşünməsi, bir az qəribə fikir yürütməsi, bəzən çirkinə gözəl, gözələ vəfasız deməsi, gördüklərinə, duyduqlarına, yaşadıqlarına səndən, məndən fərqli don biçmək istəyidir! Eynən rəssamlar, heykəltəraşlar, dizaynerlər, modelyerlər kimi... Onlar rənglərə, daşa, ağaca, əşya və parçalara ikinci "ömür" verirlər, bunlar da sözlərə yeni nəfəs və ruh!
İllər boyu sakit, mütəvazi, çox-çox səmimi, canı, ruhu dilinin ucunda, gözlərinin işartısında və sözünün ağrısında, fikirlərinin kələfində olan bir insan kimi tanıdığım Vüqar Əlisoyun şeirləri ilə tanışlıqdan sonra bu qənaətə gəldim ki, əslində o, "İpi çəkilən zamanın" şairidir və "gəlişi ilə əzablarını artıracaq günəşi daşlayan", "gözləri böyümüş, yan-yana düzülmüş günahlarının hönkürtüsünü" "kölgələnmiş gözlərinin döyüntüsünü" bütün bədənində hiss edən bu yaradıcı insanın içində bir ocaq yanır, söz, fikir ocağı! Başqalarından fərqli baxışı, heç kəsi təkrarlamayan deyim tərzi, gördüklərinə bədii don biçmək bacarığı ilə seçilən Vüqar qardaşımızın şeirlərini oxuduqdan sonra, məncə: "Mənim həqiqətim - alma çiçəyi" - deyəcək qədər sadəlövh, "ürək belə böyükmü, dərdi özünə bükdü!" söyləyəcək qədər müdrik olan bir qələm sahibinin iç dünyasına bu qədər yaxından bələdlik şansınız üçün ən azı mənim qədər sevinəcəksiniz!
Nədən yazır Vüqar Əlisoy? Niyə yazır və nə üçün bu qədər qeyri-adi yazır? Həm də nöqtəsiz, vergülsüz, nida və sual işarəsiz yazır, ilk baxışdan dilimizin qrammatik kanonlarını, sanki "saymazdan" gələrək misraları bir-birinin ardınca necə sıralayır?
Vüqar bu gün çoxlarını narahat edən və sanki ilk baxışdan həlli o qədər də müşkül olmayan məişət qayğılarımızdan yazır, az qala özünü unutmağa başlayan dərdli dünyamızın ağrılarından yazır, tələbəlik illərinin gizli xatirə hücrələrindən birində hələ də ilk sevgi həsrəti ilə yol gözləyən o ismi pünhandan yazır! Bir sözlə, özünü yazır, ürəyinin bu dünyaya açılan pəncərəsindən baxarkən gördüklərini nəzmə çəkir, kövrək yaddaşında sızlayan anları dilləndirir, illər boyu könlünün bağlı qapıları arxasında yad gözlərdən gizlətdiklərini, hər kəsdən pünhan saxladıqlarını gün işığına çıxarır! Və məncə, bu görüntülərin hansı rəngdə, hansı formatda, hansı boy-biçimdə olması yox, onların hər birinin bizim gözümüzün önündə dimdik dayanması vacibdir, özünütəsdiqi önəmlidir! Nöqtəsiz, vergülsüz, durğu işarələrini inkar edərək yazır, dedim!.. Yəni əslində, sərhədsiz, qadağasız, azad, köksdolusu nəfəs almaq imkanlı bu sətirlər və sətirlərin kölgəsindən boylananlar da, elə, insanlara bənzəyir! Çünki həyat, sevgi, həsrət, ayrılıq, ölüm, məsuliyyət, vicdan, sədaqət, xəyanət, inam, etibar və s. kimi insani duyğular çox vaxt bu durğu işarələrsiz belə, toxum kimi insanın ruh tarlasına əkilir! Bu toxumun bəhrəsinin acımı, şirinmi, turşməzəmi, zərərli və ya zəhərli olması kimsəyə bəlli deyil, amma nə olursa-olsun, " bu da bir qismətdir"! - deyib dada biləcəyimiz qədər məqbuldur onun meyvələri:
Mən bir sənət əsəriyəm
qara gündən yoğrulmuşam
ağ kətanda doğulmuşam
göy əskiylə
boz divardan asılmışam
dörd bucaqdan
çərçivəylə basılmışam
asan məni hara asıb
mən də ora qısılmışam
sabah, yəqin, satılacam
ya da bəlkə
xəbərim yox
dünən artıq satılmışam...
- deyir şair!Və arif oxucu o an hiss eləyir ki, Vüqar, sözün sehri ilə oynamağa, onu öz fikirlərinin səmtinə yönəltməyə çalışır və ən başlıcası, toxunduğu mövzunun görüntülərini dəqiq cızmağa nail olur! Bəlkə də, bu vərdiş, onun televiziya jurnalisti olmasından qaynaqlanır, çünki telejurnalistikada söz və təsvir daxili bir ritmlə cilalananda, bir-birlərini tamamlayanda daha təsirli, daha gözəl olur:
...Bir Tanrı tanıyıram
ipini çəkib zamanın
boyuna biçib dünyanın
torpağa əkib insanı
öz içində
öz içindən
öz içinə axıdacaq
Klassik poeziyanın vəznli, qafiyəli ritminə alışmış orta nəsil oxucuya (onsuz da gənclər kitaba meyilli deyillər) bu, sərbəst şeir nümunələrini ""həzm eləmək" əvvəl-əvvəl bir az çətin gələ bilər. Amma, məncə, bu ilk tanışlığın, oxucu və müəllif ünsiyyətinin həyəcanı sayılmalıdır. Çünki Vüqarın şeirləri də, özü kimi səmimidir, sadədir, asan qavranılandır, ürəyəyatımlı və yaddaqalandır:
Şair:
Ağrılı bədəndə qərib ruham
azıb qalmışam öz içimdə
sən yoxsansa mən də yoxam
bu görkəmdə
bu biçimdə...
- yazanda və ya:
Dişimi dişimə qıcıyım
durum bir az da yaşayım
ölümün gələn vaxtıdı
gəlib diri görsün məni
yerdə onsuz çapılıram
bir az da o sürsün məni...
- deyəndə, biz dönüb içimizə boylanırıq və sanki beynimizin, hiss və düşüncələrimizin dərin qatlarında uyuyan "ikinci mənimizi" oyadan söz adamının bəsirət gözü ilə dünyaya baxmağa çalışırıq. Və bu fani dünyanın boyasız, retuşsuz şəklini cızan şair Vüqar Əlisoyun çox sadə bir düsturuna ayaq üstə əl çalıb , "əhsən, halal olsun!" deməklə, həm onu, həm də, bir ömür boyu "Təvəkkül, Allaha!" - deyib, qədərinlə barışdığın vaxtı yelə verdiyini etiraf edirsən:
Yuxarı baxıram - Allahdı,
aşağı baxıram - Allah...
hansı haqdı, hansı nahaq?
Kimi sevək, kimdən qorxaq
Yaşayaq?
Nə qədər asilik etsək də, yenə, sonda bu qənaətdəyik ki: Yaşamaq gözəldir! Nə qədər ağır, çətin olsa da, həyat sevənlərindir! Yaşa, sev və yarat, Vüqar Əlisoy! Yol yoldaşın olan ilham pərinlə birgə, səbrin tükənməsin, nəfəsin təngiməsin, yazmaq həvəsin sönməsin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!