Ağrı və tənhalığın Fuad Cəfərli süzgəci... - Tural Turan yazır

 

O, şeirlərində dəfələrlə doğulan adamdır. Heç zaman - heç bir sətirdə ölə bilmir. Sətirlərdəki ən qəmgin notda belə, cilalı nikbinlik buna imkan vermir. Hər dəfə ümidsizləşəndə Fuad Cəfərlinin "Latın sükutu"nu oxuyuram. Yenidən doğulmaq, güc toplamaq üçün. Onun şeirlərini oxuyanda ədəbiyyatdan qopursan, tanrısallaşırsan.

Hətta ən qorxunc tənhalıqdakı nikbinlik də bu mənada heyrət doğurur. Onun poeziyasındakı uçuruma aparan tənhalığın da içindən qəflətən ən ali nüanslar, nəsnələr, varlıqlar çıxa bilər:

Bu qədər tənha olmaqmı olar?

Tanrı olmağıma bir addım qalıb.

Sanki yer üzünün yalnızlıqları,

Yolunu ruhumdan canımdan salıb...

İlk baxışdan heca vəznində görünsə, bu misralar ruhən ağ şeirdir. Cəsarətli fikirlərdir. Orijinal poetik tapıntıdır. Sərrast müşahidədir. Fuad Cəfərli müşahidə sərrafıdır amma bu müşahidələr onun şeirlərində obraz baxımından çox da fərqli qütblərdə deyil.

Fuad Cəfərli poeziyamızın 2010-cular nəslinin ən parlaq lirik nümayəndələrindəndir. Onun poetik baxışları da, misralarındakı səmimiyyət də sabaha inanır. Son dərəcə sadə dildə yazılan şeirlərində dərin fəlsəfi qat, fikrin iti bucaq altından çatdırılması müşahidə olunur. Onun "İnanıram sabaha" adlı bir şeiri var. Həmin şeirdəki orijinal arzular toplusunu misra-misra oxuduqca düşünürsən ki, şair ancaq bu qədər saf və aristokrat düşüncəli olarsa, yazılan misralar qeyd-şərtsiz inandırıcı görünə bilər.

Suların daşı sevməsi anlayışı nə qədər harmonik səslənsə də, qarın kamilliyə çatması bir o qədər ələkdənkeçməz orijinal tapıntıdır. Hər şey - insan, su və digər varlıqlar maddi və teoloji anlamda yuxarı qalxdıqca yüksəlir, kamilliyə çatır, fəqət, qar belə deyil. Endiyi, torpaqla qucaqlaşdığı an kamilləşir. Şair "İnanıram sabaha" şeirində bunu çox ustalıqla verə bilib.

İnanıram sabaha,

inanıram ki, qəlbimiz

            torpağın üzünü qızdıracaq.

Sular daşı belə sevəcək,

Qar kamilliyə çatacaq.

Üstündən ərimək adlı lənəti götürüləcək...

İnanıram ki, rüzgar inadından əl çəkib

qucağını pəncərə təki taybatay açacaq,

insan günəşlə dostlaşacaq

...amma bu dostluq

            kölgənin qəlbini qırmayacaq...

"Yalan da deyiləm qarşında əyiləm" misrası ilə sevmişdim Fuad Cəfərli poeziyasını. "Mən aktyor deyiləm" adlı şeirində bir nüans məni elə silkələmişdi ki:

Bilməm,

ömür səhnəndən kimlər gəlib, kimlər keçib,

ən köhnə şərabını kimlər içib, nəylə içib,

bilməm kim tələsib, kim gecikib?!

(Sənmi, mənmi, omu, bumu?).

Bilməm...

Bilməm məhəbbət anaların

                        çirkab qorxusudurmu,

yoxsa uşaqların oynadığı o qummu?..

Yalnızlığın "güzgü ruleti"dir bu! Ağrılarla yüngül rəqs də demək olar. Yəni Fuad Cəfərli personajlarının ağrılarını ələkdən keçirməmiş oxucusuna yedizdirmir. Sanki o, bütün oxucularına körpə uşaq kimi baxaraq, qulluq edir, qayğısına qalır. Yuxarıdakı şeirdə qarı yerə düşürməklə kamilliyə çatdıran şair, bu dəfə onun əriməsini "lənətlənməsi" olaraq qeyd edir. Fikirlər inkar edilmir. Əksinə, qəribə burğacla bir-birinin içinə keçirilir. Bu mənada Fuad Cəfərlinin hər fikrinin öz rəngi var. Bir sözlə, Fuad Cəfərli öz ruhu, ifadə tərzi olan şairlərimizdəndir. İlk kitabı nəsr əsəri olsa da, nəsrdən ədəbiyyata keçmiş modern imzalarımızdandır. Şeirlərinin qəribə ahəngi və ruhu var. Onun poetikasında məğlubiyyətə təhrik edilmiş bir əsilzadənin, aristokratın faciəsi şeirlərinin məzmunundan asılı olmayaraq hiss edilir. Fuad Cəfərli kədərin rəngini bilən və onun dəyişən məkanda və zamanda hansı çalarlarda olduğunu verə bilən tək-tük gənc şairlərimizdəndir.

İyul 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!