Azər TURAN
40 gündür ki, Şirməmməd Hüseynov aramızda yoxdur.
40 gündür ki, Şirməmməd müəllimin anadan olduğu gün barədə düşünürəm. Çünki Şirməmməd Hüseynovun doğum tarixi SSRİ türklərinin milli istiqlal hərəkatının başlandığı günə təsadüf edir və bunun ədəbiyyatlaşmış bir səhifəsi də var...
Yəni bu böyük insanın doğum günü həm də o mənada əlamətdardır ki, Azərbaycanda ilk açıq antisovet şeir Şirməmməd Hüseynova və onun doğum gününə ithaf edilib. Bəxtiyar Vahabzadənin "17 dekabr" şeirini deyirəm. Şeir Şirməmməd Hüseynovun ad günü dolayısı ilə 1986-cı ilin 17 dekabrında Qazaxıstanda baş vermiş Jeltoksan hadisələrinə həsr olunub.
Hamının bildiyi bir tarixdir. Qorbaçov Dinməhəmməd Kunayevi vəzifədən uzaqlaşdırıb yerinə rus kökənli Kolbini Qazaxıstan rəhbəri təyin etdi. Bu hadisə qazax xalqı tərəfindən böyük təpki ilə qarşılandı, sovet tarixində imperiya diktaturasına, ruslaşdırma siyasətinə qarşı ilk açıq etirazlara səbəb oldu və etiraz dalğası bütün ölkəni bürüdü. Ədəbiyyat tariximizdə bu etirazın ilk yazılı örnəyi Bəxtiyar Vahabzadənin "17 dekabr" şeiridir. Və şeirin Alma-Ata hadisələrindən üç gün sonra Bakıda "Kommunist" qəzetində dərc olunduğunu da nəzərə alsaq, böyük bir ehtimalla düşünməyə əsasımız var ki, SSRİ tarixində və ölkənin hüdudları daxilində yazılmış və dərc olunmuş ilk açıq antisovet şeirin doğuluşuna görə Sovet türklərinin ədəbiyyatı Bəxtiyar Vahabzadəyə və bu şeirin ideya qaynağı Şirməmməd Hüseynova minnətdar olmalıdır. Bunu ilk dəfə müstəqil Qazaxıstanın Romadakı səfiri Oljas Süleymenov etiraf etdi. "Az i Ya"nın müəllifi yazdı ki, "SSRİ-də ilk demokratik aksiya olan dekabr etirazlarının əhəmiyyətini Sovet İttifaqında heç bir şair belə ucadan və aydınlıqla deməmişdi". Oljas Süleymenov həmin şeirlə bağlı Bəxtiyar Vahabzadə ilə yanaşı, Şirməmməd Hüseynovu da bağrına basmağı özünə borc bilirdi...
Vahabzadə "İstiqlal" kitabında "17 dekabr" barədə yazır: "Həmin gün mən uşaqlıq dostum, jurnalist, professor Şirməmməd Hüseynovla görüşdüm. Mənim rejimə qarşı yazdığım bir sıra əsərlərin - o cümlədən, "Bağışlayın, səhv olub", "Mərziyə", "Ləyaqət", "Dan yeri" və s. yazılmasının səbəbkarı Şirməmməd müəllim olmuşdur. Daha doğrusu, mövzusunu o seçmişdir. Görüşdüyümüz gün Şirməmməd müəllim Alma-Atada baş verən hadisədən ağızdolusu danışıb "İndi mən bu hadisəni qələmə ala bilən bir oğul istəyirəm", - deyə üzümə baxdı. Mən ona "sən mənim bir neçə əsərimin yaranması üçün əlimə tutalqa vermisən, indi bu hadisənin də qələmə alınması üçün əlimə bir dəstəvuz ver, gör necə yazıram" - deyincə, o, əlini cibinə salıb pasportunu çıxartdı. Baxdım ki, 17 dekabr onun ad günüdür. Bununla 17 dekabrda baş vermiş Alma-Ata hadisəsini qələmə almaq üçün ayağım altına qoyacağım dayağı tapdım. Həmin axşam "17 dekabr" adlı şeir yarandı... Şirməmməd Hüseynova həsr olunan bu şeir 3 gündən sonra "Kommunist" qəzetində çap olundu...".
Milli ədəbiyyatımızda ana dili problemini ilk dəfə daha qlobal müstəviyə çıxaran "Mərziyə" poemasının da yazılışına səbəbkar kimi Bəxtiyar Vahabzadə Şirməmməd Hüseynovu nişan verirsə, deməli, Şirməmməd Hüseynov təkcə mətbuat tariximizin deyil, Azərbaycan ədəbiyyatının da fikir atalarından biridir. Şirməmməd müəllimin təlqinləri ilə yazılmış "Bağışlayın, səhv olub", "Mərziyə", "Ləyaqət", "Dan yeri", "17 dekabr", "Körpü çaydan uzaq düşüb" şeirləri kim etiraf etməz ki, Azərbaycan poeziyasının qızıl səhifələridir.
...Şirməmməd Hüseynovun yoxluğu hər addımda özünü büruzə verir. Çünki sağ və sol təmayüllü, istər istiqlalçı, istərsə də marksist yönlü mətbuat tariximizə Şirməmməd Hüseynov qədər aşina olan ikinci bir alimimiz yoxdur. Yadıma gəlir, bir dəfə bir radio verilişində Şirməmməd müəllimlə birgə Əli bəy Hüseynzadə barədə danışırdıq. İndi bu sətirləri yazarkən həmin verilişin lent yazısını dinləyirəm. Deyir ki, Əli bəy Hüseynzadə qarşısına üç məqsəd qoymuşdu. "Birinci məqsəd bu idi ki, bu millət bilsin ki, türklər kimdir və kimlərdən ibarətdir. Çünki əgər millət özü özünü dərk etməsəydi, onun gələcəyi olmazdı. Avropanı, Amerikanı yaxşı bilirdi axı. Görürdü ki, yeni dövr milliyyətçilik əsridir. Bu milli ruh millətlərin özünü dərk etməsinə, müstəqil dövlət yaratmasına, xalqları inkişaf yoluna çıxarmağa səbəb olub. Amma biz hələ kimik, bunu bilmirik. Elə hamımız deyirik, müsəlmanıq. Müsəlman dinindir axı sənin. Bəs sən kimsən bir millət olaraq? Ona görə deyirdi, gərək əvvəlcə bilək ki, biz kimik. Biz türkük. Türklükdən sonra ikinci qayə gəlirdi. Deyirdi, biz türkük, sonra müsəlmanıq. Dinimizə, min illik islam mədəniyyətinə sahib çıxmalıyıq. Deməli, mən türkəm, mən müsəlmanam. Sonra isə üçüncü qayə: mən insanam. Mən bəşəriyyətə məxsusam. Görürsünüz, nə böyük nəzəriyyədir? İndi biz bu nəzəriyyənin əsasında müstəqil dövlət qurmuşuq. Amma bilmirik ki, bu hansı qaynaqdan gəlir. Buna görə də mən indiki qəzetlərdən həmin səviyyəni - "Həyat"ın, "Füyuzat"ın səviyyəsini istərdim. Bunun üçün də bizə müasir dünyanı dərk edən adamlar - qələm əhli lazımdır".
Şirməmməd müəllim Əli bəy Hüseynzadənin "Ey qələm" məqaləsini, zənnimcə, əzbərdən bilirdi. Deyirdi ki, mən heç yerdə qələm haqqında bu məqaləyə bərabər ikinci bir yazıya rast gəlməmişəm. "Sən dünya görmüş, qəhrəmanlar yola salmış, filosoflar əlində işləmiş, nurdan yaradılmış müqəddəs bir vücudsan. Sənin qüvvəyi-hafizən çoxdur. O vaxt ki, avropalılar sənin nə olduğunu bilməyirdilər, səni biz onlara tanıtdıq... Sevgili qələmim, sənin də böyük-böyük vəzifələrin var. Bəlkə bu parçalanmış, şirazəsi dağılmış vətənimizi hifz edək".
Şirməmməd Hüseynov özü də dünya görmüş, qəhrəmanlar yola salmış, filosoflar əlində işləmiş, nurdan yaradılmış müqəddəs bir vücudla - qələmlə bu parçalanmış, şirazəsi dağılmış vətəni hifz edən mütəfəkkirlərimizdən biri idi...
Ruhu şad olsun!
Bəxtiyar VAHABZADƏ
17 dekabr
Dostum Şirməmməd Hüseynova
On yeddi dekabr... Sənin ad günün,
Hərənin bəxtinə bir ulduz düşür.
Həm də tapmacadır yolu hər ömrün,
Sönmüş bir ocağa birdən köz düşür.
Sabahı bu gündən görmək çox çətin,
Yatır kül altında bir od külçəsi.
Birinci pilləni atan nə bilsin
İkinci pillənin nədir müjdəsi.
Birinci pillədə görmüşdünmü sən
Bu gün yetişdiyin mənzili, qardaş?
Gəl, gəl, alqışlayaq biz əvvəlcədən
Üzümüzə gələn hər ili, qardaş.
İllər yaxşı gəlir biri-birindən
Küllər çözələnir od hənirindən.
Biz hardan biləydik iyirmi yaşında
Ömrün hələ altmış düşərgəsi var.
İndi də nə bilək elçi daşında
Oturan elçinin nə müjdəsi var.
Gah olur, həsrətlə umduğumuzun
Görürük həyatda tərsini, qardaş,
Gah da gözümüzə ələnən tozun
Zaman özü verir dərsini, qardaş.
Bəzən yolda qalır gözlədiyimiz,
Gözlənməyən yerdən bəzən köz çıxır.
Bəzən qazananda uduzuruq biz,
Bəzən şərimizdən xeyrimiz çıxır.
Lal axan çayların altında yerdən
Qaynayan suları görmürük, fəqət.
Qırır qolundakı zənciri birdən
Yatmış bildiyimiz bir kölə millət.
Vaxtın axarında sular durulur,
Gerçək gül açanda solur riyalar.
Bir anın içində uçub məhv olur,
Yüzillik, minillik imperiyalar.
Bu gün dağlardakı dumanın, çənin,
Sabah gül açması bir himə bənddir.
Bu gün təşəxxüslə "mən", "mən" deyənin
Sabahkı taleyi kimə bəllidir?
Birinci pillədə görmüşdünmü sən
Bu gün yetişdiyin pilləni, qardaş?
Təbrik eyləyirəm elə indidən
Sabahkı gün ilə mən səni, qardaş!
17 dekabr 1986
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!