M.F.Axundzadənin "Qəribə hekayə" əsəri və onun maraqlı tarixçəsi...
Milli dramaturgiya, realist bədii nəsr və professional ədəbi tənqidin əsasını qoyan Mirzə Fətəli Axundzadənin qələmindən çıxan bütün əsərlərin çap edilərək oxuculara təqdim edildiyini söyləmək hələ tezdir. Bunu böyük ədibin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivində, 2 saylı fondda mühafizə olunan çoxsaylı əlyazmaların bir qisminin hələ də işıq üzü görməməsi sübut edir. Digər tərəfdən, təhlillər göstərir ki, arxivdəki əlyazmalar heç də M.F.Axundzadənin bütöv külliyyatını əhatə etmir. Hər halda M.F.Axundzadənin müxtəlif səbəblərdən arxivə daxil olmayan əlyazmalarının mövcudluğundan danışmaq olar. Ən nəhayət, bəzi mənbələrdə M.F.Axundzadəyə aid olduğu iddia edilən müəyyən əsərlərin adları çəkilir ki, onların müəllifliyinin dəqiqləşdirilməsinə ehtiyac duyulur. Beləliklə, bir əsrdən çox müddət ərzində sistemli şəkildə tədqiq və təbliğ olunmasına baxmayaraq, M.F.Axundzadə irsinin tamamilə toplanıb, oxuculara çatdırıldığını söyləmək hələ tezdir.
M.F.Axundzadənin ilk peşəkar bioqrafı Firidun bəy Köçərli XX əsrin əvvəllərində əsl vətəndaş təəssübkeşliyi ilə gərgin axtarışların nəticəsi kimi qələmə aldığı, yalnız repressiya olunandan bir neçə il sonra 1925-1926-cı illərdə ayrılıqda iki cilddə çap edilən "Azərbaycan ədəbiyyatı tarixi materialları"nın birinci cildindəki "Mirzə Fətəli Axundov" oçerkində böyük ədibin "Fəqəreyi-əcibə" adlı bir əsərinin də olduğunu göstərmişdir. O, M.F.Axundzadənin yeni əlifba layihəsi hazırladığını, onun həyata keçirilməsi yolunda inadlı mübarizə apardığını, bu məqsədlə Türkiyəyə səfər etdiyini, Türkiyə və İranın rəsmi dairələrinə saysız-hesabsız müraciətlər etdiyini, arzusuna çatmayınca fars dilində Firdovsisayağı bir mənzumə və əlifba ilə bağlı bir sıra məqalələr qələmə aldığını xatırladandan sonra yazırdı: "Və bundan əlavə, "Fəqəreyi-əcibə" ünvanında əlifbamızın qüsuruna dair fars dilində türfə bir hekayə təhrir qılıbdır ki, oxuyanları İran tüccarının sadədilliyi və tərəfgirliyi heyrətə salır". Maraqlıdır, nədənsə bu vaxta qədər Azərbaycan ədəbiyyatşünasları F.Köçərlinin həmin qeydi ətrafında diqqəti çəkəcək səviyyədə ciddi axtarışlar aparmamışlar. Həmin əsər və onun mətbu ünvanı barədə görkəmli mühacir tədqiqatçı Mirzə Bala Məhəmmədzadənin 1945-ci ildə İstanbulda çap olunan "İslam Ensiklopediyası" üçün hazırladığı "Fətəli Axundzadə" məqaləsində çox qısa, lakin qiymətli məlumat var. M.B.Məhəmmədzadə məqalənin iki yerində M.F.Axundzadənin "Fikrai-acibe" adlı əsərindən bəhs etmişdir. O yazırdı: "Fətəlinin ərəb əlifbasının qüsurlarına dair "Fikrai-acibe" (Əsərin adını Türkiyə türkçəsində olduğu kimi veririk- Ş.Ş.) ünvanlı gözəl bir hekayəsi... vardır". Yaxud: "Fikrai-acibe" əlifbanın qüsuruna və tacir sinfinin safdilliyi ilə cəhalətinə dair olan farsca mizahi bir hekayədir ki, sonralar Firidun bəy Köçərli tərəfindən azəri türkçəsinə çevrilib, "Molla Nəsrəddin" məcmuəsində çap olunmuşdur". Əsərlə bağlı hər iki tədqiqatçının qısa qeydlərindən aydın görünür ki, həm F.Köçərli, həm də M.B.Məhəmmədzadə M.F.Axundzadənin eyni bir əsərindən bəhs edirlər, lakin mühacir tədqiqatçı əsərin adını təhrif etmişdir. Əslində, əsərin adı F.Köçərlinin yazdığı kimi "Fəqəreyi-əcibə" olmalıdır ("Fəqərə" sözü ərəbcə "kiçik hekayə", "əcibə" isə "qəribə" mənasını verir: "Qəribə hekayə"). Mühacir tədqiqatçımızın isə bizə ən böyük köməyi əslində, əsəri "Molla Nəsrəddin"də axtarmalı olduğumuzu göstərməsi oldu...
M.F.Axundzadə arxivinin təsvirinə dair mənbələr Əlyazmalar İnstitutunda M.F.Axundzadənin fondunda belə bir əsərin əlyazmasının olmadığını göstərdi. O zaman "Molla Nəsrəddin" jurnalının saylarını nəzərdən keçirdik, lakin M.F.Axundzadə ilə bağlı ayrı-ayrı nömrələrdə dərc olunmuş yazıların içərisində "Fəqəreyi-əcibə" əsərinin adına rast gəlmədik. Jurnalın 6 və 13 yanvar 1912-ci il tarixli 1-ci və 2-ci saylarında "Felyeton" başlığı altında dərc edilmiş bir yazı isə diqqətimizi cəlb etdi. Yazı F.Köçərlinin aşağıdakı təqdimatı ilə dərc olunmuşdur: "Mirzə Fətəli Axundovun oğlu mərhum Rəşid bəy keçən vaxtlarda uca olan atasının əlyazılarından bir neçəsini vermişdi ki, oxuyub lazım olan vaxt nəşr edim. O kağızlardan biri də həmin aşağıda dərc olunan fars dilində yazılmış bir məqalə idi ki, mən onu mirzayi-mərhumun əsəri zənn edib indi türk dilinə tərcümə elədim, göndərdim "Molla Nəsrəddin" idarəsinə. Çünki Mollanın səhifələrində çap olunmağını münasib görürəm". Mətndən görünür ki, müəllif xalq məsləhətçisi Ağa bəy Yadigarovun ərəb qrafikalı əlifbanın dəyişdirilməsinin vacibliyindən bəhs edən kitabçasını oxuduğu zaman onun yanına İran tacirlərindən olan savadlı bir tanışı gəlir. M.F.Axundzadə kitabçanın məğzi barədə tanışına məlumat verir, müsəlman xalqlarının tərəqqisinə ərəb əlifbasının mane olduğu, köhnə əlifbanın qalacağı təqdirdə İranın da, başqa müsəlman dövlətlərinin də bundan çox ciddi ziyan çəkəcəkləri haqqında Ağa bəy Yadigarovun düşüncələrini ona çatdırır. İranlı tacir isə çoxsaylı arqumentlər gətirərək bunun tamamilə əksini söyləyir...
Ortaya istər-istəməz bir sıra suallar çıxdı. Birincisi, doğrudanmı bu məhz bizim axtardığımız "Fəqəreyi-əcibə" əsəridir? İkincisi, F.Köçərli "...mən onu mirzayi-mərhumun əsəri zənn edib..." sözləri ilə əsərin M.F.Axundzadəyə aid olduğuna şübhəmi edir? Üçüncüsü, mətnin müəllifinin məhz M.F.Axundzadə olduğunu necə sübut etmək olar?
Dəqiqləşdirmə aparmaq, bir ipucu əldə etmək üçün ədibin müxtəlif şəxslərə ünvanladığı məktubları da nəzərdən keçirməyi qərara aldıq. Böyük ədibin özünün hər bir əsərinə, ən kiçicik bir əlyazmasına qarşı nə qədər diqqətli olduğunu onun araşdırıcıları yaxşı bilirlər. M.F.Axundzadə adətən məktublarında ilk baxışdan adi görünən və mətləbə guya dəxli olmayan, lakin kifayət qədər əhəmiyyət kəsb edən elə məlumatlar verir ki, onlar sözün əsl mənasında, araşdırıcıların əlindən tutur və bunu ancaq Mirzə Fətəli kimi həssas, orijinal yazı manerasına malik sənətkarlar edirlər. Buna görə də "Fəqəreyi-əcibə"dən hər hansı bir iz tapmaq ümidi ilə onun müxtəlif şəxslərə göndərdiyi məktublarına üz tutduq və axtarışlarımızda yanılmadığımızı gördük. Axtardığımız mətni M.F.Axundzadənin Şahzadə Cəlaləddin Mirzəyə yazdığı məktubun içərisində bir hissə şəklində aşkarladıq. Məktubun bir hissəsində Ağa bəy Yadigarovun əlifba məsələsi ilə bağlı məlum kitabçasından, iranlı tacirin "qəribə" arqumentlərindən bəhs olunur... Məktub tarixsiz olsa da, onun təxminən nə vaxt yazıldığını müəyyənləşdirmək mümkündür. Belə ki, M.F.Axundzadə ilə Cəlaləddin Mirzə arasında məktublaşmalar 1870-1871-ci illəri əhatə etdiyindən həmin məktubun və əsərin də həmin vaxtlarda yazıldığını güman etmək olar.
Yeri gəlmişkən, M.F.Axundzadənin Cəlaləddin Mirzəyə həmin məktubu ədibin 1955-ci ildə çap olunmuş 3 cildliyinin 3-cü cildində verilmişdir. Həmin məktub M.F.Axundzadənin 1988-ci ildə işıq üzü görmüş üç cilddən ibarət seçilmiş əsərlərinin 3-cü cildinə də daxil edilmişdir. Mətnlərin tutuşdurulması göstərir ki, sonrakı nəşrdə çox ciddi nöqsanlara yol verilmişdir. 1988-ci il nəşrinin 158-160-cı səhifələrində məktubun əvvəli və axırı olmadan ortadan bir hissəsi ədibin Mirzə Melkum xana məktubunun sonunda başlıqsız şəkildə verilmişdir ki, istənilən oxucu həmin yarımçıq hissəni Mirzə Melkum xana məktubun davamı hesab edə bilər. Məktubun əvvəli isə həmin nəşrin 164-cü səhifəsində "Ayrıca məktubun surəti" başlığı altında yenə yarımçıq şəkildə verilmişdir. Burada "Fəqəreyi-əcibə"dən əsər-əlamət yoxdur...
Hesab edirik ki, əvvəldə ortaya çıxan suallara M.F.Axundzadənin Şahzadə Cəlaləddin Mirzəyə yazdığı məktub tamamilə aydınlıq gətirir. Odur ki, təfərrüata varmadan qısa bir şərhlə kifayətlənirik. Əsərdə adı çəkilən Ağa bəy Yadigarov (1823-1892) Borçalının tanınmış Yadigarovlar nəslindən olmuşdur. Peterburqda Şərq dilləri üzrə mükəmməl təhsil almış, Qafqaz canişinliyində məsul vəzifələrdə çalışmışdır. Ağa bəy Yadigarov M.F.Axundzadənin yeni əlifba ideyasını bəyənmiş, özü də ərəb qrafikalı əlifbanın türk dili üçün yararsız olduğuna dair düşüncələrini qələmə almışdır. Ümumiyyətlə, M.F.Axundzadə Tiflisdə yaşayan Yadigarovların digər nümayəndələri ilə də yaxından ünsiyyətdə olmuşdur. Ədibin yaxınlarının xatirələrindən öyrənirik ki, ağır xəstələndiyi, son günlərini yaşadığı vaxtlarda onun yastığının yanında olanlardan biri də İsrafil bəy Yadigarov idi...
Biz əsəri ilk dəfə öz adı altında, Firidun bəy Köçərlinin tərcüməsində tam mətni ilə oxuculara təqdim edirik. Mətnin orfoqrafiyasını "Molla Nəsrəddin"də olduğu kimi saxlayırıq. Ümid edirik ki, "Qəribə hekayə" ("Fəqəreyi-əcibə") M.F.Axundzadə nəsrinin gözəl nümunəsi kimi bundan sonra çap ediləcək külliyyatlarına salınacaqdır.
Şahbaz ŞAMIOĞLU
Qəribə hekayə
(Mirzə Fətəli Axundzadə)
Narodni sovetnik cənab Ağa bəy Yadigarov ərəb, fars və türk əlifbasının dəyişdirilməyi barəsində öz xəyalatını yazıb mənə vermişdi ki, oxuyub öz təsəvvüratımı ona ərz edim. Ona binaən mən də bir gün haman məcmuənin mütaliəsinə məşğul idim. İttifaqən bu əsnadə İran əhli Sərab tüccarlarından bir nəfər tanışım yanıma gəldi. Məcmuəni görüb bir neçə sətir ondan oxuyub başını yırğaladı və məndən soruşdu ki, bu nə yazıbdır. Mən ərz elədim ki, bunu yazanın xahişi budur ki, biz - yəni əhli-islam qədimi əlifbamızı dəyişdirib təzə bir əlifba tərtib edək və yazılarımızı onun vasitəsilə yazaq. İran taciri dedi: nə üçün biz əlifbamızı gərək təğyir edək, məgər bizim əlifbanın bir qüsuru var - Dedim bəli, bizim əlifbanın qüsuru aşkardır: bir surətdə ki, kəlməni bir sayaq üzrə oxumaq mümkün deyil, o kəlməni dürüst oxumaqdan ötrü gərəkdir əvvəlcə mənanı bilmək - əlbəttə, belə əlifbanın qüsuru çoxdur. Qərəz, hər nəhvi ki, mümkün idi, əlifbamızın nəqs və eybini ona təqrir etdim.
İranlı rəfiqim soruşdu: Yadigarovdan qeyri özgələri də bu mətləbi fəhm ediblər, ya nə? Dedim bəli! Neçə il bunda əvvəl cənab Mirzə Fətəli bəy Axundov əlifbamızın təğyiri babində gözəl və mərğub bir qayda tərtib edibdi və bundan əlavə qeyriləri də bu xüsusda məqalələr və risalələr yazıblar.
Tacir dedi: - Bəs birisi ki, təzə əlifba yazır və onda başqaları ona nə deyirlər? Hər yerindən qalxan təzə əlifba tərtib eyləsə - onda min cürə əlif əmələ gələr. Dedim ki, hər birisi yaxşı və eyibsiz bir əlifba düzəltsə qeyriləri də bunu qəbul edərlər. Cənab Yadigarovun yazdığının məzmunu budur ki, islam əhlinin Avropa əhlindən dalda qalmağına ümdə bais müsəlmanların əlifbasının qüsur ilə dolu olmağıdır. Belə ki, müsəlman balaları neçə illər təlim alırlar yenə də axırda oxumağa qadir olmurlar və elm təhsil etməkdə aciz qalırlar. Və həmçinin deyir ki, bəni-Abbasiyə xilafəti və müluki-ərəb ülum və fünun təhsilində aciz və məəttəl qalıb münqəriz oldular.
Əgər əlifbamız qədimi halətində və surətində baqi qalsa gedə-gedə İran dövləti və sair islam məmləkətləri dəxi batıb tərk olacaqlar. Amma əgər əlifbanı dürüst və asan etsələr ki, uşaqlar oxumaqda məəttəl qalmayalar və cavanlıq mövsümündə lazım olan elmləri təhsil edə bilələr və bu növlə gedə-gedə elm və sənətlər əhli-islam arasında tərəqqi tapa, bu halda onlar da avropalılar kimi kamil olarlar.
İranlı rəfiqim mənim bu sözlərimi eşidib fikir dəryasına qərq oldu. Bir saatdan sonra başını fikir yaxasından qaldırıb dedi: əgər filhəqiqə Yadigarov buyurduğu kimi isə, yəni əlifbanın naqis olmağı İran dövlətinin zəvalına bais isə, əlbəttə, lazımdır tezliklə onun təğyir və təbdilinə şüru etmək, ta ki, dövləti-əliyə münqəriz olmuya və bizlər də yəhudilər kimi dünyanın üzünə dağılıb pərakəndə olmuyaq, onlar kimi hər qisim töhmət və zəhmətə düçar olub əcnəbilər nəzərində xar və zəlil olmuyaq. Vəlakin mənim zənnimə görə o adamlar ki, bu fikir və əqidədədirlər- heç şey anlamırlar, səhv edirlər və bəlkə xəbti-dimağ gətiriblər. Çünki İran əhli Yevropa əhlindən əsla geridə qalmıyıbdır. Hətta onlardan daha artıq dərəcədə tərəqqi edib rahat və kefi kök güzəran etməkdədirlər.
Belə ki, Yevropa əhlinin yeməkləri mövqufdur kələm şorbasına, qartofluya və donuz ətinə ki, onlardan min cürə naxoşluqlar törəyir, soyuqdəyməyə, bəlğəmə və qulunc azarına səbəb olur. Plovdan və çilovdan və gunagun xuruşlardan və ləzzətli təamlardan bilmərrə xəbərləri yoxdur və bir də yevropalılardan ancaq ikisi-üçü arvad alır, onda da bir nəfərini, çoxsu ömürlərini boş və bihudə keçirirlər və arvad alanların çoxu öz arvadlarını naməhrəmə baxmaqdan və naməhrəm ilə gəzməkdən qoruya bilmirlər. Amma biz kefimiz istədiyi qədər arvad alırıq və əlhəmdülillah onlardan heç birinin qüdrəti yoxdur ki, başını qapıdan çölə şıxardıb özünü naməhrəmə göstərsin. Əgər xudanəkərdə onların birindən belə iş sadir olsa onun atasının qəbrinə od vurub yandırarıq.
Bundan əlavə bilmək lazımdir ki, hansı elm ilə biz mənfəətbərdar ola bilərik və ondan bizə nəf yetişəcəkdir. Bizim tərəqqi ya tənəzzülümüzə onun dəxli vardırmı? Pəs əvvələn bizə vacibdir ki, lazım olan elmləri dürüst təyin edək ta ki, hər cəfəngiyyata elm adı qoyub onun dalına düşməyək. O elm ki, bizim - yəni ərbabi-şüurun nəzərində elm hesab olunur onlar bundan ibarətdir:
Sərf və nəhv və məntiq və məan və bəyan və fiqh. Elmi-nucum da fil- cümlə ülumilazimədən hesab oluna bilər. O ki elmi-sərf və nəhvdir və məntiq və sairlaridir bunlar ərəb dilini bilməkdən ötrü bizə lazımdır. Ta ki Quranı və hədisləri oxuyub mənasını anlayaq. Elmi-fiqhdir - o da lazımdır şəriəti öyrənməkdən ötrü. O ki elmi nücumdur onu da bir o qədəri bilmək lazımdır ki, ayın əvvəlini və axırını təyin edə bilək və saatların təhvil etməyi, nəhs və səd günlərini piş əz vəqt anlayaq, ta ki, şəxs qəflət edib qəmər əqrəbdə əlan vaxtı işə şüru etməsin, səfərə çıxmasın, alış-veriş etməsin, təzə libas biçdirməsin, həcamət qoydurmasın və habelə.
İndi buyurun görək sair elmlərdən ki, Yevropa əhalisi yad edib öyrənirlər bizə nə mənfəət hasil ola bilər? Biz ki, əhli-İran varıq, bizim o qədr cibilli qabiliyyət və hünərimiz var ki, yevropalılara məxsus olan elmlərsiz də gözəl zindəganlıq edirik. Hətta çox möhkəm və qate dəlillərimiz vardır ki, onların elmlərindən bizə bir mənfəət yetişə bilməz. Məsələn, coğrafiya elmi: əgər bizə məlum ola ki, Əlvənd dağı yeddi min dərəcə səthi-dəryadan ucadır, bundan bizim üçün nə mənfəət və fəzilət hasil ola bilər? Və ya filan şəhərdə nə qədər cəmiyyət zindəganlıq edir - bundan bizə nə mənfəət yetişə bilər? Və ya filan dəniz nə sayaqdır? Aya kim bilmir ki, dənizin suyu şordur və onun balığı haramdır? Və habelə hesab elmini oxuyub yadda saxlamağa bizim nə ehtiyacımız var? Bir halda ki, biz hesabı elmsiz də yaxşı bilirik. Aya İran tüccarının hansı birisinə bir tümən pul verib hesabında bir fülus ondan artıq almaq olar? Hələ gərəkdir ehtiyatlı olmaq ki, səni aldadıb səndən bir şey artıq öz xeyrinə çəkməsin. Və ya kim deyə bilər ki, iranlı muamiləçilər pullarına muamilə almaqda bir qəpik səhv edirlər?
Təbabət elmini öyrənməyi dəxi o vaxt lazım bilərdik ki, təbiblərimiz ki, müalicələrini cövhəriyyat vasitəsilə icra edəydilər. Bir surətdə ki, onların müalicəsi ələfiyyat ilə olunur, daha onu təhsil etməyə nə hacət, ələlxüsus bizlər üçün ki, Allah-taalanın təqdirinə bizim etiqadımız möhkəmdir. Ölmək və şəfa tapmaq təqdiri-xudaya mövqufdur və həmçinin İran mühəndislərinin və memarlarının əsla mühəndislik və memarlıq elmlərindən xəbərləri yoxdur və lakin onların tikdikləri imarətlər yevropalıların təmiratından qəşəng və möhkəmdir və lağım atmaqda və su çixartmaqda bizimkilərin yədibeyzaları var.
Fizik və elektrik elmlərini dəxi oxuyub təhsil etmək bizə lazım deyil. İngilislər elə bir tayfadırlar ki, xudavəndi-aləm onlarn vücudunda büxl və həsəd yaratmayıbdır. Belə ki, küllü pul töküb hər yerlərə və məmləkətlərə teleqraf məftili çəkiblər və hələ bizim üçün müftə dəmiryolu qayırmaq fikrinə düşüblər. Şəkil çəkmək və nəqqaşlıq elmi də şəriətimizin hökmüncə haramdır ki, o barədə danışmağımız əbəsdir. Aya heç bilirlərmi ki, əlifbanın təğyiri zimnində nə qədər zərərlər vardır? Əgər əlifbamızı dəyişsək, İran katiblərinin və xoşnəvislərinin bu qədər zəhməti puç və zaye olacaqdır. Heç bilirlərmi ki, nə qədər xoşxət ilə yazılmış ziqiymət kitablarımız var, məgər onarı yandıracaqlar və ya çölə atacaqlar? Və bir də ki, əlifbamızı dəyişdirib oxumaq-yazmağı asanlığa çıxarsaq, onda bizim arvadlarımız və qızlarımız da asanlıqla oxumaq-yazmaq öyrənəcəklər və onlar ilə naməhrəm kişilərin arasında irsal-mərsul və naməşru əlaqə vüqua gələcəkdir. Və bir də əlifba təğyirinin qəsdinə düşən adamların qövlünə görə gərəkdir yazımız da soldan sağa olsun, necə ki, nəsara millətlərinin yazısıdır. Məgər onlar bilmirlər ki, bizim evlərdə stol-kürsü yoxdur və stol-kürsüsüz də soldan sağa yazmaq mümkün deyil. Belə olan surətdə gərəkdir biz ata-babamızın adətini və Xorasan və Fərahən qalılarını və Yəzdəgürd keçələrini ki, cəmi dünyada onların şöhrəti var- ataq və kürsü üstündə oturmağa ki, bel ağrısına və bir para mərəzlərə baisdir - təzədən adət edək və bunların hamısı nədən ötrü? Soldan sağa yazamaqdan ötrü. Bilmirəm nə səbəbə bu cənablar bizlərə - ki, əlhəmdülillah əhli-islamlıq-məsləhət edirlər ki, küfarə təqlid edək və əlifbamızı dəyişdirib soldan sağa yazmağa adət edək, nə üçün onlara məsləhət görmürlər ki, onlar öz əlifbalarını dəyişdirib sağdan sola yazsınlar?
Çün gördüm ki, iranlı rəfiqimin Yevropa elmlərinin bizə lazım olmadığı barəsində gətirdikləri dəlillər xeyli qüvvəli və möhkəmdir, ona binaən cavabını əlifba yazanlara həvalə etdim…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!