Yaşar Bünyadın yazı tərzində virtual keçidlərə əsaslanma, onların üzərində dayanmağa önəm verilir. Yaşarın "Qapı" hekayəsində və ümumiyyətlə, onun nəsr poetikasında hadisə və qəhrəmanların daxili dünyasına açılan ətraf mühitin təsvirində "təhkiyə frekansı" (adi bir epizodu sadəcə becid şəkildə işarələmək keyfiyyəti) dərhal hiss olunur. "Təhkiyə frekansı" (tempi) anlayışı hansı mənanı ifadə edir, bunu izah etməyə çalışaq.
Bu hekayələrin qəhrəmanları çıxılmaz vəziyyətdə təsvir edilirlər, onları çevrələyən mühitsə belə deyək, "uzunluq ölçüsündə" (bezdiricilik-!) nəzərə çarpır, yəni acınacaqlı vəziyyətdə olan qəhrəmanla (deyək ki, "Xoşbəxtlər arasında yaşamaq" hekayəsindəki bomjla) münasibətdə onu əhatə edən mühit, eyni zamanda gəzib-dolaşdığı təbiət personajın maksimum dərəcədə daxilinə sığınıb, yığışıb kiçildiyini qabarıq nəzərə çarpdırmaq üçün xüsusi modusda vizuallaşır. Bunu necə anlamalı? Qəhrəmanın hissləri o qədər gərginləşir, içinin yumağına elə bir tərs bucaqla yığışır ki, ona qədər eni, uzunu, digər parametrləri aydınca görünən mühit bir ölçü daxilinə sığışır, ona çevrilir, qəhrəman sinəsinin başında gəzdirdiyi dərdiylə həmin "zolaq" boyu yuxarıya dırmanır, hər addımda sürüşür, bu məqamda hekayənin təsvir momenti ilə Sizif haqqında məşhur pritça arasında assosiativ bağ yaranır, mühitdə azıb qalan qəhrəman daxilindən mühitə açılan anormal "görüntüləri" gizlətmək istəsə də bacarmır, adını çəkdiyimiz ikinci hekayədəki bomjun itlər üçün salınan qəbiristanlıqda keçirdiyi hisslər, özünün dünya, gerçəkliklə yadlaşma, kiçicik bir zərrəyə dönüb hər addımda öz içində azması, dünya ilə dalaşmağa, ona qarşı durmağa, eyni zamanda onunla barışmağa körpülərin yandırıldığını anlaması... bütün bunlar onu günlərin bir günü gərəksiz edən, lazımsız əşyaya döndərən hadisənin sosial mahiyyətini açır. Günlərin bir günü həqiqəti, gördüyünü yazdığı üçün qəzetdəki işindən olur, onu partiyadan çıxardır, həyatdan, cəmiyyətdən daş-qalaq edirlər. Həyatın dibsiz quyusuna düşmüş bu adam hər şeyini - o məşum tarixi, ad gününü, əziz qohumlarının adlarını, uşaqlıq xatirələrini itirir. Belə bir mühitdə yaddaş gizlənir, ya da yerli-dibli çökür, zülmətə qovuşur. Hekayədəki bomj da elədir. Diqqət edin: "...Arada mənə elə gəlir ki, dünən doğulmuşam, dünəndən o yana heç nə yoxdu, bugünümü yaşayıb, sabah öləcəm. Kəpənək kimi... Beləcə, hər gün...". Dünən-bu gün-sabah üçbucağı onu ağuşuna alıb fırladır, bu karuseldə xilas olmağın bircə imkanı var, o da ölmək. Onsuz da ruh kimiyəm, - deyir. Hamının bədəni öləcək, mənimsə ruhum. Ürəyində dünyanın dərdini daşıyan insanın özünü kəpənəyə bənzətməsi iki şeyi eyni zamanda işarələyir: əlacsızlıq və dərddən qurtulmağın mümkünsüzlüyünü. Bu iki nəsnənin arasındakı keçid gördüyünüz kimi çox şəffafdır, bu insanın ən əsas şey - doğulduğu tarix yadından çıxıb. Sərxoş, özündən getmiş halda kafedən çıxıb səhər sübh vaxtı ayılanda özünü itlər üçün salınmış dəbdəbəli məzarlıqda görməsi, yəni bu insanın heç bir kitab-dəftərə sığmayan faciəli həyatıyla onun yaşadığı məmləkətdə indiyəcən görünməmiş bir hadisə - qudurğan adamların öz itlərinə məzarlıq salması arasında yaranan kontrast nə qədər qəribə olsa da, sonda onun dilini açır. Bu dil uzun müddət idi ki, susub qalmış, danışmaq üçün gələn sözlərin hamısı geri qayıtmışdı. İt heykəlləri elə mahir ustalıqla yaradılıb ki, sərxoşluqdan hələ tam ayılmamış bomjun heyrətinə səbəb olur, onu silkələyir. Bu heyrət və təəccüb onun susqunluğuna son qoyur. Daş üzərində rəsm edilən itlərin canlı görüntüləri bomjda qəribə və kəskin təbəddülatlar yaradır. Bu "bahalı" itlər, yəqin ki, sahibini qoruduğu zaman düşmən gülləsinə tuş gəlmiş, ya da paxıl qonşunun çəpər dibinə tökdüyü zəhərdən ölmüşlər. Amma bütün hallarda onlara sahib çıxılmış, hətta hər gün yanı-başları təzə-tər güllərə qərq edilir. İtlərə heykəl qoymaq nə qədər mənasız və qudurğanlıq olsa da, bomjun içində qat-qat yığılan həyatının acı təcrübəsini dilləndirir. Bu təcrübə müxtəlif sintaksis qəliblərə, durğu və duyğu işarələrinə, nəhayət, fərqli dillərə çevrilir. İnsanın içindəki təcrübənin (həm özünün qazandığı, həm də genetik şəkildə yığılıb qalan) dilə çevrilməsi onun yaşadığı həyatın ağrı və məşəqqətindən su içir, həmin faciələrin səbəbinə uzun illər boyu danışmamaq gücsüzlük əlaməti deyil, əksinə, bu dərdə, bu ağrıya yetərli sintaksis qəlibin olmamasına görədir. Çünki insan normal, sözlərin bir havada birləşib fikir əmələ gətirdiyi həyatın sərhədlərini keçib. Strukturalizm metodunda belə bir ayrıntı var: danışanda elə bilirik ki, ürəyimizin diktəsini ifadə edirik, nə qədər çalışsaq da, dilin diktə elədiyindən kənara adlaya bilmirik. Bura insan ağrılarının, arzu və dərdlərinin təcrübə zonasıdır. "...Ölməyimdən qorxmuram. Hər gün yüz dəfə ölüb-dirilən adamın qorxacağı olmaz!.. Unudulmaq, silinmək, yox olmaq dəhşətdi!.. Bəxtim gətirsə, məni, yəqin ki, sahibsizlər məzarlığında torpağa basdıracaqlar. Kimdi mənim əcdadlarımın məzarını axtaran? Böyük şəhərlərdə dirilər kimi, ölülər də əzizlərindən ayrı düşür... Üstündə səndən bir nişanə, adicə bir yazı belə olmayan, yaxşı halda, qəbiristanlığın qeydiyyat kitabındakı sıra nömrəsi olan taxta parçası başdaşıma çevrilsə, sevinərəm... Üstümdə sənəd tapmasalar, bəd ayaqda, kremotoriyada yandırıb bir ovuc külümü balaca çalaya da qoyarlar, hindlilər kimi su üzünə, ya çəmənliyə səpələyə bilərlər. Belə yaxşıdı. Məncə, özündən sonra izin, əməlin qalmayacaqsa, ən bahalı qranit üzərində adının qalmasında nə fayda? Tabut qızıldan olsa da, içindəki çürüməyə məhkumdu, deyilmi?..".
Yuxarıdakı "frekans" məsələsinə qayıdaq. Deyək ki, müəllif hər hansı əhvalatı (fabula) düşünür (uydurur), onu fikrən fraqmentlərə bölür, sonra bunları müvafiq ardıcıllıqla düzür (süjet). Yəni müəllif hadisələri əsərin sxemi adlandıra biləcəyimiz müəyyən xətt üzrə açır, tezlik (temp) bu zaman yaranır. Bu temp hər bir əsərdə təkrarsızdır, özünəməxsusdur. Təhkiyə frekansı (tempi) bədii süjetin əsas xarakteristikasıdır. Və burda ən əsas cəhətlərdən biri balansı gözləməkdir, hadisələrlə dolub-daşan əsərdə süjet itir. Daha sonra hadisələrin dinamikasında dönüş nöqtələri də əsasdır, dönüş ifrat dərəcədə çox olarsa, bezdiricilik, az olarsa darıxdırıcılıq yaranır. Təhkiyənin dinamikası hadisələrin sürətli əvəzolunmasını, onların inkişaf ardıcıllığını ifadə edə bilən fellərdən istifadə sayəsində yaranır. Konkret hərəkətə uyğun felin işlədilməsi də şərtdir. Dinamika, eyni zamanda fellərin mənası, onların fərqli zaman planı, izləmə qaydası, eyni bir subyektə aidliyi ilə də verilir.
Müəllifin "Qapı" hekayəsində də kəpənək metaforası var. Kişi və qadın cəbhəyə getmiş, indiyəcən öldü-qaldısından bir xəbər çıxmamış oğullarını gözləyirlər, intizar və iztirab içində. Qadın - Məsmə bu ayrılığa, bu bilinməzliyə dözməmiş, dünyadan köçüb getmişdir. Bu insanların həyatı yuxuyla reallıq arasında keçir, buna görə də nəyin yuxu, nəyin gerçəklik olduğunu kəsdirə bilmirlər. Məsmə köçdükdən sonra kişi mühüm xəbər, həm də həyatının xəbərini gözlədiyindən qapını açıq saxlayır, açarla bağlamır. Hər şey, ən xırda nöqtə belə, uçurumun kənarında qərar tutub. Ani bir hərəkət dünyanın milyon illərdən üzü bəri oturuşan düzümünü alt-üst edə bilər. Gözlərinin işığı bir zərrəyə bənddi, o getsə, qapanacaq. Nəfəsi o xəbərə bənddi, gələnə qədər gedib-gələcək. Arada namərdlik edən ürəyi də. Amma xəbər gəlmək bilmir. Qapının açılmağıyla işığın otağa, insanın ürəyinə, gözlərinə, nəfəsinə dolması kəpənək qanadlarına möhtacdı. Qanadlarında min bir rəngin bərq vurduğu yapıncı kəpənəklər... Mövlud Süleymanlının "Yel Əhmədin bəyliyi" povestində bir məqam var. Araba elə sürətlə gedirdi ki, dayandıqda, sanki atların ayaqları altına kəpənək tozu səpilmişdi... Bu anlamda kəpənək (kəpənək qanadlarının tozu) müşkülün açılması, bir qatdan başqa bir qata keçidi bildirir. Qəhrəman iki dünya arasında qaldığından (kilidli dünya...) xəbər yuxudan keçib-gəlir. İnsan bu fani dünyada son dəfə sevinir. Özü də ürəkdən, bütün varlığı ilə. Diqqət edək. Məsmə əri Mərdana deyir: "Kişi, qəribə yuxu görmüşəm, yadımdaykən danışım, amma qəribçiliyə salıb gülmə yuxuma, sən dədənin goru... Gördüm ki, dağ boyda dəmir qapıdı, bağlı, zəhmi adamı basır. Zindandı nədi, baş açmaq olmur, hər yan qapqaranlıq... Elə dağ boyda da kişilər, əllərində külüng, o nədi, toppuz kimi olur ee... hə, quvaldla çırpa-çırpa, düşüblər qapının canına, sındırıb açmaq istəyirlər, ha vururlar, ha döyəcləyirlər, qapı açılmır ki, açılmır. Birdən...a Mərdan, vallah görəcəkdin, birdən görürəm ki, minlərlə, sayı-hesabı bilinməz alabəzək kəpənək doldu yuxuma, daha doğrusu, yuxumdakı zülmətə. Vallah, ömrümdə bu qədər kəpənək görməmişdim. Heç televizorda da ...". Bir keçid aşıldıqda qəribə, bəlkə də ağılçaşdıran durum yaranır. Yuxuda gördüyün şey sadəcə işarədi, o nə xoşbəxtlik, nə də bədbəxtlik gətirir. Sadəcə, ürəyində, köksündə bütün dərdlərinin düyünləndiyi insan son dəfə bütün varlığıyla sevinməlidir, çünki vaxt tamamdır, kəpənək qanadlarının işıqlı tozuna qoşulub getməlidir. Dərd, hüzn, iztirab bu dünyada qalmalıdır. "...Kəpənəklər hərəsi bir rəngdə işıq saçır, havada elə rəqs edirdilər ki, qapını sındıran kişilər də əllərini saxlayıb onların tamaşasına durdular. Kişi, Allaha and olsun, qəflətən bir ağ kəpənək, kəpənəklərin ən irisi, dəstədən aralanıb qanad çala-çala özünü çırpdı qapıya, çırpdı, çırpdı... vallah inanmazsan, o yekəlikdə qapı taybatay açıldı. Açılan kimi də zülmət işığa qərq oldu. O iri kişlər də işığın içində yox oldular, elə bil əriyib getdilər... Gördüm qapıdan o yana ağappaq yol uzanıb gedir, aləm də nur içində... Məəttəl qalmalıdı...". Bütün dərdlər Mərdanın çiyinlərinə, ürəyinə yüklənir. Çarpayısında uzanıb gözünü qırpmadan balasının yolunu gözləyir. Otaqdakı və xatirələrindəki hər şey ona əzab verir. Birdən gözü rəngli "TAURAS" televizorunun üstündə, divardan asılmış fotoya sataşır. Bu şəklin tarixçəsi gözlərinin içindəki ağrını daha da artırır. Göz kor olana yaxın hər şeyi görür, tükü tükdən seçir. Foto quramadır. Uşaq cəbhəyə gedəndən sonra Məsmə üç ayrıca şəkli böyütdürmək üçün fotoqrafa vermişdi. Şəkil, yuxarıda, divardan asılmış mavi fonda "qaynaq" edilmiş ata, ana və balanın böyüdülmüş şəkli (İsa İsmayılzadənin "Böyüdülmüş şəkillər" poemasını yadınıza salın...) bəxtəvərliyin arxasında pusquda dayanmış faciəni göstərir. "Böyüdülmüş şəkil" metaforasında əsas olan göz obrazıdır, uşağını gedər-gəlməz yollardan var gücüylə dartıb yanına gətirmək istəyən gözlər... Həyatın bütün zərbələri, döyüşlərdə ətrafa saçılan bütün güllələr sonda o gözlərə dəyir. Bu çoxqatlı obraz Nüsrət Kəsəmənlinin şeirində də var: Analar su səpdi siz gedən yola// bəlkə izləriniz göyərdi deyə... "Xoşbəxtlər ölkəsində yaşamaq" hekayəsində bir pasaj var, bomj itlə daxili monoloqunda yaddaşı dirilər-dirilməz bir söz deyir: unudulmaq, silinmək, birdəfəlik yox olmaq dəhşətdir! Ölüm müqəddəsdir, insanın başqa bir dünyaya uğurlanmasıdır. Ölüm hər şeyi yerbəyer eləyir, bu dünyadan köçüb getmiş insan haqqında ancaq özü danışır, kimsə bunun fərqində olmasa da. Ancaq bəzən insan həyatda elə bir ağrıya, elə bir iztiraba tuş gələ bilər ki, sonda... ölümün də deməyə sözü qalmaz. "...Taqətdən düşmüş göz qapağı işığı sozalmış bəbəklərini yarıyacan qapadı və o, qorxdu. Qorxdu ki, qapı açılmamış ürəyi dayana, gözləri həmişəlik yumula. Altmış səkkiz ildə təsəvvürünə gətirmədiyi dəhşət, bir anlığa bütün hüceyrələrini heydən saldı, qurutdu. Yaşadıqlarının yanında ölüm nəydi ki?!". Kəpənək obrazı (metaforası-!) məhz bu məqamda "işə düşür", aktuallaşır, heydən düşmüş ölümün sözlərini işıq halələrinin içinə alıb təşrif gətirir. İnsan illər boyu həsrətində olduğu işığa aldanır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!