Heydər Əliyev və ədəbi mühit - Ulu Öndər... - Tehran Əlişanoğlu yazır

 

Əvvəli: http://edebiyyatqazeti.az/news/muzakire/4082-heyder-eliyev-ve-edebi-muhitumummilli-lider

Ulu Öndər Heydər Əliyevi yazıçılara bağlayan başlıca tel - doğma xalqına olan sədaqəti, həyatı boyu milləti yolunda, Azərbaycan naminə çalışması idi. O, bu etibarı xalqının, vətəninin parlaq sabahına sarsılmaz inamıyla qazanmışdı. Heydər Əliyevi Azərbaycan yazıçıları ilə birləşdirən - zamanından və üsullarından asılı olmayaraq millət uğrunda savaşda ideya birliyi idi. Azərbaycan yazıçılarının X qurultayında Ulu Öndər deyirdi: "Ümumiyyətlə, mən nə etmişəmsə, hamısını şüurlu etmişəm. Heç bir şeyi şüursuz etməmişəm. Bütün keçmişimə, həyatıma görə, bütün gördüyüm işlərə görə də heyfslənmirəm. Hesab edirəm ki, hamısını xalqın naminə və doğma Azərbaycanın naminə etmişəm. Mənim bu gün sizə müraciətim ondan ibarətdir ki, çox sağ olun ki, indiyədək xalqımızı vətənpərvər etmisiniz, millətini sevən etmisiniz, millətinin qayğısına qalan etmisiniz. Xalqımızın əksəriyyəti belədir. Ancaq bu proses davam etməlidir. Xalqımızı daha da vətənpərvər etmək lazımdır...".

Ulu Öndər Heydər Əliyevin ədəbi mühitlə əlaqələrinin ən fəal və parlaq dövrü (1993-2003) müstəqillik illəridir. Bu, Ümummilli liderin özünü həyatda, fəaliyyətində, xalqı və milləti qarşısında, o cümlədən ədəbi-mədəni aləmdə ən azad, sərbəst, yaradıcı, zəngin, dahiyanə miqyasda mükəmməl hiss elədiyi illərdir. Bu dövrdə Ulu Öndərin qəlbi, fikri, düşüncəsi birbaşa xalqla, milli toplumla, ziyalılarla, cəmiyyətin düşünən kəsimi ilə birgə döyünür, yaradıcı və qurucu əməllərində gerçəkləşir, intişar tapır.

Ulu Öndər 21 sentyabr 1993-cü il Azərbaycan ziyalıları ilə müstəqillik zamanında ilk görüşündə müstəqilliyimizin əvəzsiz bir nemət kimi real dəyərini verir: "İndi Azərbaycan müstəqil dövlətdir. Müstəqillik Azərbaycan üçün böyük tarixi hadisədir, taleyin xalqımıza verdiyi böyük bir fürsətdir. Şübhəsiz ki, biz bununla fəxr etməliyik... Bu, tarixin, taleyin xalqa bəxş etdiyi böyük bir nemətdir. Biz bunu qiymətləndirməliyik. Ancaq müstəqilliyi əldə etmək siyasi nöqteyi-nəzərdən o demək deyil ki, müstəqillik tamamdır və dönülməzdir. Müstəqilliyi inkişaf etdirmək, möhkəm saxlamaq, bütün sahələrdə tətbiq etmək lazımdır...".

Müstəqillik dövrü Azərbaycan ədəbi mühitinin yaşaması, intişar tapması, yeni səciyyələr qazanmasında Ulu Öndər həm müstəqil dövlətin rəhbəri olaraq bilavasitə iştirak edir, digər sahələr kimi ədəbiyyata, incəsənətə, mədəniyyətə diqqətini əsirgəmir, bu sahədə əsrlər və onillərlə qazanılmış təcrübəyə söykənir, ənənələri inkişaf etdirməyin qayğısına qalır; həm də bu illərdə Heydər Əliyevi zəngin bir şəxsiyyət və insan olaraq əsas hobbilərindən ədəbiyyat və sənətlə təmasda daha yaxından görür, ədəbiyyat və sənət adamı kimi yenidən kəşf edirik.

Ulu Öndərin tam himayəsi və qayğısı altında 30 oktyabr 1997-ci ildə keçirilən Azərbaycan yazıçılarının X qurultayında Heydər Əliyev demişdir: "İndi isə bizim bu qurultayımız tamam başqa bir şəraitdə keçir. Keçmiş zamanlarda nə qədər böyük nailiyyətlər əldə etmişiksə də, mən hesab edirəm ki, bu qurultay indiyə qədər olan bütün qurultaylardan, yazıçıların toplantılarından, konqreslərindən - hamısından üstündür. Çünki müstəqil Azərbaycan Respublikasının sərbəst yazıçıları müstəqil dövlətimizdə özlərinin ilk qurultayına toplaşmışlar. Bu, çox sevindirici haldır...".

Qurultaydakı həmin çıxışında Heydər Əliyev ənənəsini davam etdirərək, ölkənin mövcud ictimai-siyasi durumu, vacib problemlər və qarşıda duran vəzifələr, o cümlədən Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tarixi və bugünü, yaxın sovet dövrünə münasibət, müstəqilliyin gətirdiyi üstünlüklərlə yanaşı çətinlikləri, yazıçı və ziyalıların məsuliyyəti barəsində fikir və mülahizələrini auditoriya ilə bölüşməklə, həm də hər bir məqamda fərqli yanaşmaları, yeni situasiyanın diktəsini, məhz sərbəstlik və müstəqillik faktorunu qurultay iştirakçılarına çatdırmağa, tövsiyə etməyə, aşılamağa çalışmışdır. "Bu, müstəqilliyimizin bizə verdiyi töhfələrdir ki, biz indi artıq heç kəsdən, heç bir mərkəzdən, ideologiyadan asılı olmayaraq, özümüz sərbəst olaraq həyatımızın hər sahəsini araşdırırıq, o cümlədən öz ədəbiyyatımızı, mədəniyyətimizi istədiyimiz kimi müzakirə edirik və istədiyimiz istiqamətdə aparırıq. Bu azadlıq, sərbəstlik, müstəqillik əvəzsiz bir nemətdir. Ona görə də bu qurultay başqa qurultayların davamı olmaqla yanaşı, onuncu qurultaydır və əvvəlki doqquz qurultayın hamısından üstündür...".

Heydər Əliyev bir rəhbər, dövlət başçısı olaraq ilk növbədə ədəbi-mədəni mühitin onillərlə formalaşmış ənənəvi strukturunun bərpasına yardım etdi; Azərbaycan Yazıçılar Birliyinin qorunub-saxlanmasına görə, başda birliyin sədri Anar olmaqla yazıçılara minnətdarlığını bildirdi, qurumun fəaliyyətini dövlət hesabına təmin etdi, müasir ədəbi prosesin yenidən-təşkilinə şərait yaratdı. "Mən bunu dünən də dedim, bizim keçmişdə yaranmış adət-ənənələrimiz çox gözəldir və biz onları itirməməliyik, saxlamalıyıq, onlardan bu gün də, gələcəkdə də istifadə etməliyik. "Keçmişdə nə vardı, hamısını pozmaq, yenidən yaratmaq lazımdır" kimi cılız fikirlər fəlakətdən başqa heç bir şey gətirə bilməz...".

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırladığı "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyində oxuyuruq: "1990-cı illərin ortaları üçün olduqca çətin durumda olan Azərbaycan Yazıçılar Birliyinə Heydər Əliyev Dövlət himayəsini bərpa etdi. Birliyin əsas nəşrləri - "Ədəbiyyat qəzeti" və "Azərbaycan" jurnalının dövlət hesabına çıxması təmin olundu. C.Məmmədquluzadə, H.Cavid, S.Vurğun, S.Rüstəm, R.Rza, İ.Əfəndiyev və b. XX əsr ədəbiyyatı korifeylərinin yubiley mərasimlərinin də təntənəli surətdə qeyd olunması ədəbiyyata ümumxalq sevgisinin qaytarılmasında böyük rol oynadı. Heydər Əliyevin klassiklərlə yanaşı, müasir yazıçıları da dəyərləndirməsi, B.Vahabzadə, X.Ulutürk kimi canlı klassiklərə xəstə ikən baş çəkməsi, qayğı göstərməsi, M.Araz, M.Dilbazi, Anar, Y.Səmədoğlu, M.İbrahimbəyov və b. yazıçıların yubileylərində iştirakı, Xalq yazıçısı fəxri adı, İstiqlal və Şöhrət ordenləri ilə təltif etməsi də ədəbiyyata diqqətin qayıtmasını nümayiş etdirirdi. Ümummilli liderin 1997-ci ilin oktyabr ayında keçirilən Azərbaycan Yazıçıları Birliyinin X qurultayında şəxsən iştirakı, qurultaydan qabaq Prezident  İqamətgahında yazıçıların nümayəndələri ilə, həmçinin ədəbi gəncliklə səmimi görüşləri ədəbi ictimaiyyətdə böyük ruh yüksəkliyi yaratdı" (Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı. İki cilddə. I cild. Bakı, "Elm və təhsil", 2016, s. 73).

Qurultaydakı çıxışında Ulu Öndər Azərbaycan mədəniyyəti və ədəbiyyatının xarakterinə diqqət yönəldir: "Bilirsiniz, bizim mədəniyyətimiz, ədəbiyyatımız özünəməxsus xarakter daşıyır. Öz kökümüzə görə biz Şərq, İslam ölkəsiyik. Çoxları hesab edirlər ki, biz Asiya qitəsində yerləşən bir ölkəyik. Azərbaycan Asiya ilə Avropanın birləşdiyi, qovuşduğu bir ərazidə yerləşən, amma Avropaya daxil olan bir ölkədir. Ancaq Azərbaycan öz kökünə, dini mənsubiyyətinə, ənənələrinə görə Şərq aləminə, İslam, türk dünyasına daxil olubdur. Bu qəbildən olan xalqlar, millətlər içərisində Azərbaycan xalqı XIX-XX əsrlərdə öz milli köklərindən ayrılmayaraq öz ədəbiyyatını, mədəniyyətini dünyanın inkişaf etmiş Qərb mədəniyyəti, ədəbiyyatı ilə birləşdirə bilibdir. Bizim milli ədəbiyyatımızı, mədəniyyətimizi Qərb mədəniyyəti, ədəbiyyatı ilə birləşdirən, onun sintezini yaradan insanlar çox uzaqgörən, müdrik insanlar olublar...".

Ulu Öndər uzaqgörən, müdrik sələflərinin yolunu davam etdirərək, müstəqil Azərbaycan dövlətinin başçısı kimi həmin mədəniyyət kontekstinin inkişafına rəvac vermişdir. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin 1994-1996-cı illərdə Bakıda, Türkiyədə, İraqda, Moskvada, Parisdə, "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin 1997-2000-ci illərdə Bakıda, Türkiyədə, Drezdendə, Parisdə YUNESKO səviyyəsində geniş qeyd olunması bundan xəbər verirdi. Məhz Ulu Öndərin müdrik siyasəti müstəqillik illəri Azərbaycan ədəbiyyatı və mədəniyyətinə tarixi kontekstlərini bərpa etməyə şans verdi. Türk xalqlarını bir araya gətirən Türksoy yarandı. Uluslararası konfranslar keçirildi. 1992-ci ildən başlayaraq iki dəfə Türkiyədə baş tutmuş Türk dünyası yazıçılarının 6 noyabr 1996-cı il Bakıda keçirilən III qurultayının açılışında Ulu Öndər deyirdi: "Bu dəyərli təşəbbüs bu gün davam edir. Əmin olduğumu bildirmək istəyirəm ki, türk dünyasının yazıçıları və bizim ölkələrimiz, xalqlarımız bu işi davam etdirəcəklər, türkdilli xalqların, ölkələrin yazıçıları gündən-günə bir-birinə yaxınlaşacaq, bir-birinə kömək edəcək, xalqlarımızın ədəbiyyatını, mədəniyyətini, keçmişini, bu gününü daha da geniş təhlil edib yeni-yeni dəyərli əsərlər yaradacaqlar".

Bir zamanlar iki Azərbaycan - sovet Azərbaycanı və Cənubi Azərbaycan arasında  ideoloji baryerlər sayəsində ayrılıq rəmzinin təcəssümünə çevrilən böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın 90 illik yubileyinin o taylı- bu taylı xalqımız tərəfindən birgə, bayram təntənəsilə nümayiş olunması yeni tarixi reallıqların ifadəsi idi. Ulu Öndər deyirdi: "Qardaş Azərbaycan və İran xalqları arasında hərtərəfli münasibətlərin, o cümlədən elmi-mədəni əlaqələrin inkişaf etməsində Şəhriyar simasının rolu və xidməti misilsizdir".

Beləliklə, Ulu Öndər Heydər Əliyevin yazıçıların X qurultayında Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Şərq və Qərb şəcərəsi barəsində söylədiyi postulatları bu həqiqətləri müstəqil Azərbaycanda bilavasitə həyata keçirməyin, gerçəkləşdirməyin əsasını qoydu. Heç təsadüfi deyil ki, həmin ənənə zəminində bu gün müstəqil Azərbaycan dünya sivilizasiyasına inteqrasiya yollarında artıq qlobal mədəni tədbirlərin yer aldığı daimi ünvanlardan birinə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin səyi və sərəncamları ilə bir-birinin ardınca keçirilən və dünyanın ən məşhur, nüfuzlu, intellektual elitasını bir araya gətirmək gücündə olan Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumları, Nizami Gəncəvi Forumları, Beynəlxalq Nəsimi festivalı və s. kimi geniş marağa səbəb olan tədbirlərə ev sahiblik etməsi Azərbaycanın sorağını bütün dünyaya yaymışdır. Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevanın eyni zamanda YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi geniş fəaliyyəti həm də özlüyündə simvolik məna kəsb edib, Qərb və Şərqin Azərbaycanda ünvanlanan vəhdətini nişan verir.

Klassik irsə qayğı və klassiklərin yubileylərinin təntənəli bayram edilməsi, qeyd olunduğu kimi, hələ sovet dövründən Ümummilli lider Heydər Əliyev üçün mədəniyyət sahəsində başlıca prioritet olmuşdur. Həmin ədəbi-mədəni hərəkat müstəqillik illərində daha da üstün templə davam və intişar tapdı. Ulu Öndər Azərbaycan yazıçılarının X qurultayında vurğulayırdı: "Ona görə də təsadüfi deyil ki, biz Azərbaycanda yazıçıların, şairlərin yubileylərinin keçirilməsini böyük əhəmiyyətli bir hadisə hesab edirik. Bəziləri indi də buna bir az kəc baxırlar, "bu yubileylər nəyə lazımdır, indi bizim həyatımız çətindir, ağırdır", - deyirlər. Ancaq mən bu fikirlərlə heç vaxt razı olmamışam, bu gün də razı deyiləm. Əminəm ki, keçirilən hər bir belə yubiley bizim həyatımızda çox böyük yeni hissiyyatlar doğurur, yeni qüvvələr meydana gətirir...".

Klassiklərə hər yeni qayıdış ilk əvvəl Heydər Əliyevin özünün yaradıcılıq dühasına böyük enerji verir və bu tükənməz qüvvəni o, xalqı ilə bölüşür, topluma ötürürdü. Məhəmməd Füzulinin beş əsrlik şöhrəti və qüdrəti haqqında deyirdi: "Məhəmməd Füzulinin 500 illik yubileyi üç ildir ki, Azərbaycanın hər bir guşəsini fəth edibdir və dünyanı dolaşır... Məhəmməd Füzulinin yaradıcılığı, əsərləri, ədəbi irsi dünya mədəniyyətinə böyük töhfələr vermişdir, dünya mədəniyyətini zənginləşdirmişdir. Məhəmməd Füzuli 40 illik yaradıcılıq dövründə 500 il daim yaşayan böyük əsərlər yaratmışdır. O, Azərbaycan şeirinin, Şərq şeirinin ən yüksək zirvəsinə çatmış və onun yaratdığı şeirlər, onun poeziyası, poemaları, qəzəlləri, qəsidələri, rübailəri 500 ildir insanlara böyük mənəvi ruh verir...".

"Kitabi-Dədə Qorqud" yubileyində Ulu Öndər əsl Dədə Qorqud müdrikliyi ilə xalqını alqışlayırdı: "Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" kimi böyük tarixi abidəmiz var. Biz fəxr edirik ki, Dədə Qorqud övladlarıyıq. Biz fəxr edirik ki, Dədə Qorqud elində yaşayırıq. Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" bütün türkdilli dövlətlərə mənsub olaraq, eyni zamanda və birinci növbədə Azərbaycan xalqına mənsubdur. Fəxr edirik ki, biz "Kitabi-Dədə Qorqud"un sahibiyik, onu yaşadacağıq və gələcək nəsillərə daha da böyük töhfələrlə verəcəyik".

Ulu Öndərin klassiklərə yanaşma tərzi və dəyər ölçüləri müstəqillik dövrü ədəbiyyat və mədəniyyətinin əsl meyar və əyarını müəyyən etdi. O deyirdi: "Azərbaycanda yazıçı daim böyük hörmətə layiq olmuşdur. Bu, bizim tarixi ənənəmizdir, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir xüsusiyyətdir... Məmnuniyyət hissi ilə demək olar ki, XX əsrdə çox mürəkkəb, ziddiyyətli proseslərlə, böyük dəyişikliklərlə, müharibələrlə, faciələrlə dolu əsrdə də bizim xalqımızın bu gözəl ənənəsi nəinki yaşayıbdır, hətta cəsarətlə demək olar ki, daha da yüksəklərə qalxıbdır. Buna görə də bizim Azərbaycanda ədəbiyyata, şairə, yazıçıya böyük hörmət var. Böyük şairimiz Səməd Vurğun bu barədə bir şeir də yazıbdır. Bəli, bu dəyərli sözləri Səməd Vurğun əsaslı deyibdir. Həqiqətən belədir...".

Belə ki, "Biz gələcəkdə də şairlərimizin, yazıçılarımızın, mütəfəkkirlərimizin yubileylərini keçirəcəyik və hər bir belə yubiley xalqımızın bayramı olacaqdır", - deyən Ulu Öndər yanılmırdı. Həmin ənənələr bu gün də yaşayır, günün inkişaf tempinə, xalqın mənəvi tələblərinə müvafiq olaraq intişar tapır. Yalnız son bir ilə nəzər salsaq: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin az bir zamanda ədəbiyyat klassiklərinin - İmadəddin Nəsiminin 650, Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100, Həmid Araslının 110, Məmmədcəfər Cəfərovun 110  illik və s. yubileylərin keçirilməsinə dair sərəncamlar imzalaması, 2019-cu ili Nəsimi ili elan etməsi ədəbi ictimaiyyəti sevindirmiş, eyni zamanda ədəbiyyat və cəmiyyət münasibətlərinin inkişafına rəvac vermişdir.

***

Azərbaycan yazıçılarının X qurultayında Ulu Öndərin diqqət yetirdiyi məsələlərdən biri də müstəqillik dövrü ədəbiyyatının səciyyəsi, ədəbiyyatın qarşısında duran problemlər, ədəbiyyat - xalq, ədəbiyyat - cəmiyyət, ədəbiyyat - dövlət münasibətləri olmuşdur. "Mədəniyyət, ədəbiyyat gərək daim dövlətlə bir yerdə olsun. Bu baxımdan sizə bir neçə fikrimi demək istəyirəm. Keçmiş qurultaylardan fərqli olaraq, görürsünüz ki, mən sizə "hansı mövzuda yazmalısınız, nə cür yazmalısınız" kimi göstərişlər, heç məsləhətlər də vermək istəmirəm. Vermək istəmirəm, heç olmayacaq da. Siz tam sərbəstsiniz, azadsınız və sərbəstlik, azadlıq şəraitində nə cür istəyirsinizsə, o cür yazın. Hansı mövzunu götürürsünüz-götürün, sizin öz işinizdir. Dövlət bu işlərə qarışmayacaqdır. Mən bunu sizə tam qətiyyətlə deyirəm...".

Ədəbiyyatın cəmiyyətlə, mühitlə birgə azadlığa qovuşması, yazıçıların tam sərbəstliyi demokratiya mühitinin şərti, göstəricisi, yazıçıya verdiyi imtiyazdır. Bununla belə, Ulu Öndər ədəbiyyatın xalq, vətən, cəmiyyət qarşısında missiyasını da unutmamağa çağırır: "Ancaq hesab edirəm, bir məsələdə siz daha da yaxından iştirak etməlisiniz. Bu məsələ də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal edilmiş torpaqlarımızın azad olunması, Azərbaycanın qüdrətli ordusunun yaradılması, Azərbaycan vətəndaşlarının hərbi vətənpərvərlik, ümumiyyətlə vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin möhkəmləndirilməsidir. Bu çox vacibdir, çox lazımdır...".

Milli ədəbiyyatın bir əsr ərzində bu istiqamətdə xidmətlərini anaraq: "Bu, bizim şairlərimizin, yazıçılarımızın əsərlərinin hamısından keçibdir. Klassik adlandırdığımız Səməd Vurğunun əsərlərindən də, Rəsul Rzanın əsərlərindən də, Süleyman Rüstəmin əsərlərindən də, Məmməd Rahimin əsərlərindən də, Osman Sarıvəllinin əsərlərindən də, Süleyman Rəhimovun, Mehdi Hüseynin, Əbülhəsənin, Əli Vəliyevin, Mir Cəlalın, İlyas Əfəndiyevin, Mirvarid Dilbazinin əsərlərindən də keçibdir... Mən son vaxtı deyirəm, bəli, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Cəfər Cabbarlı - bunlar şübhəsizdir...";

Və məxsusi vurğulayaraq: "Ancaq sonrakı dövrü mən ona görə xüsusi vurğulayıram ki, 1937-38-ci illərdə bizim ədəbiyyatımıza böyük zərbə vuruldu, böyük itkilərimiz oldu. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Çəmənzəminli və başqaları...";

Ədəbiyyatın bu mövqedə əvəzsizliyinə isnad edərək: "Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir. Bəzi əsərlər var ki, onlar açıq-açığına xalqımıza milli dirçəliş, oyanış hissiyyatlarını çatdırıbdır: Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, başqalarının əsərləri. Amma digər əsərlər isə dolayısı ilə, ayrı-ayrı fikirlərlə millətimizdə vətəni sevmək, vətənə sadiq olmaq, Azərbaycanı sevmək, azərbaycanlı olmaq hissiyyatlarını yaradıbdır...";

Azərbaycana, azərbaycançılıq əqidəsinə sədaqət Ulu Öndər tərəfindən qurultay qarşısında əsas mənəvi tələb kimi irəli sürülür: "Gənclərimizin düzgün tərbiyə olunması və Azərbaycana, müstəqilliyimizə sədaqət, hesab edirəm ki, sizin yaradıcılığınızın əsas mövzusu olmalıdır. Bu mövzu heç vaxt köhnəlmir. Bu, elə bir mövzudur ki, heç vaxt tükənmir. Çünki biz nə qədər yaşayırıq, o qədər də gərək müstəqilliyimizi möhkəmləndirək...".

Həmin tələblər yazıçı və şairlərin, ədib və sənətçilərin xalq və cəmiyyət qarşısında şəksiz borcudursa, bəs bu məqamda dövlət öz üzərinə hansı vəzifəni götürür? Heydər Əliyev əvvəlki sistemin şirnikləndirici vərdişlərini yazıçıların yadına salırdı: "Ancaq son dövrdə , ümumiyyətlə, dövlətin yazıçılar, şairlər üçün yaratdığı şərait artıq o qədər qanuniləşmişdi ki, hamı hesab edirdi daim belə olacaq, belə də olmalıdır. Ancaq o quruluş dağıldı, biz o sistemdən imtina etdik və buna da heç vaxt heyfslənməməliyik. Əksinə, sevinməliyik. Sevinməliyik ki, o quruluş, Sovet İttifaqı dağıldı. Sevinməliyik ona görə ki, əgər o dağılmasaydı, biz dövlət müstəqilliyimizi əldə edə bilməzdik, bu, mümkün deyildi..." Və dövlət başçısı olaraq qələm əhlini seçim etməyə çağırır: "Ancaq tərəziyə qoyanda - hansı ağır gəlir, hansı yüngül gəlir, - hamı bir səslə deyəcəkdir ki, bəli, müstəqillik naminə hər çətinliyə, hər əzab-əziyyətə dözməliyik. Ancaq bu çətinliklər daimi deyildir. Bunların sonu var, bunlar müvəqqətidir...".

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin hələ kifayət qədər möhkəmlənmədiyi dövrdə də gələcəyi görür, müstəqil ədəbiyyatın inkişafı naminə mümkün addımları atmağa, yazıçılarla müəyyən pakt bağlamağa qərar verirdi: "Gənc yazıçılar var, onlar çətin şəraitdə yaşayırlar. Mən etiraz etmirəm, əgər Yazıçılar Birliyi zəmanət versə ki, bir il içərisində bunların hərəsi bir yaxşı əsər yarada bilər, mən bir il müddətinə onlara yüksək məvacib təyin edə bilərəm. Onlar bu məvacibi alsınlar, əsəri yazsınlar, əsər doğrudan da çox yaxşı olsa, ona da mükafat verərik. Yəni belə addımlar atmaq olar. Yaxud mən bu günlərdə çox düşünürəm, - doğrudur, əgər mən bu qərarı qəbul etsəm, bir az təhlükəlidir, ancaq belə fikrə gəlmişəm ki, edəm, - ola bilər, bizim bir qrup ədəbiyyat, mədəniyyət xadimlərinə dövlətin, prezidentin ehtiyat fondundan xüsusi maaş təyin edim. Məsələn, bu maaş nə qədər ola bilər, - on, on beş, iyirmi nəfərə...".

O zamandan otuz il keçmiş, Ulu Öndərin uzaqgörən proyektləri həyata keçmişdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə hər il onlarla gənc və yaşlı yazarlara Prezident təqaüdü verilir, ədəbiyyat sahəsində uğurlu fəaliyyətlərinə görə. Bu günün ədəbiyyatını yaradan məhz onlardır.  Ulu Öndər qurultayda bu istiqamətdə daha bir niyyətini açıqlayır: "Burada fondun yaranması haqqında da fikir söyləndi. Mən bunu görüşdə də dedim. Bir neçə ildir belə təkliflər alıram ki, bir fond yaransın, - "Heydər Əliyev fondu" - və bu fonddan mədəniyyətin, istedadlı adamların, ədəbiyyatın inkişafına və başqa sahələrə yardım üçün istifadə olunsun. İndi artıq görürəm ki, doğrudan da, belə bir fondun yaranması zəruriyyəti gəlib çatıbdır...". Bu gün artıq həmin niyyətlər də çin olmuşdur. On beş ildir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi "Heydər Əliyev fondu" mədəniyyət və humanitariya sahəsində geniş fəaliyyəti ilə bütün dünyada tanınıbdır.

1 mart 2019-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin bir qrup yaradıcı ziyalılarla görüşündə, AYB-nin sədri Anar minnətdarlıq nitqində demişdir: "Cənab Prezident, mən, ilk növbədə, Sizə təşəkkür etmək istəyirəm ki, iş qrafikinizin gərgin olmasına baxmayaraq, bizə vaxt ayırmısınız və bizimlə görüşürsünüz. Başqa yaradıcılıq təşkilatları kimi, Yazıçılar Birliyi də Sizin daim qayğınızı və diqqətinizi hiss edir. Yazıçılara - 50 nəfər yaşlı, 20 nəfər cavan yazıçıya Prezident təqaüdünün təyin olunması, 5 il bundan qabaq 80 illiyimizin geniş qeyd edilməsi, Yazıçılar Birliyinin binasının təmiri, klassiklərimizin və müasir yazıçılarımızın yubileyləri bu qəbildən olan işlərdir... Dekabr ayında Siz məni qəbul etdiniz və mən Yazıçılar Birliyinin bir çox təkliflərini, xahişlərini Sizə yetirdim. Çox məmnunam ki, Sizin göstərişlərinizlə bunların böyük qismi artıq həyata keçib. Bizim Şüvəlandakı yaradıcılıq evimizi vaxtilə qaçqınlara, köçkünlərə vermişik, artıq 30 ilə yaxındır orada yaşayırlar. İndi Sizin Sərəncamınızla onlara mənzillər verilir, köçürülür və o bina təmir olunacaq. Sizin tapşırığınızla Bakı Şəhər İcra Hakimiyyəti Heydər Məscidinin yanında bir sahə ayırdı, orada biz yazıçılar üçün 16 mərtəbəli bina tikiləcək, kooperativ ev. Bununla da bizim yazıçıların mənzil məsələsi demək olar ki, həll ediləcək.

Daha böyük və şad bir xəbər odur ki, bir neçə il bundan qabaq Sizin təşəbbüsünüzlə bəstəkarların, rəssamların və yazıçıların yaradıcılıq evi tikilməsi haqqında məsələ qaldırılmışdı. Mən bir daha bunu Sizdən xahiş etdim və Siz tapşırıq verdiniz. Mən gedib o yeri görmüşəm. Şabran rayonunda çox səfalı bir yerdir, meşənin içində. Amma böyük bir tala var. Ona görə deyirəm ki, orada ağac da qırılmayacaq, bulaq var, gözəl bir yerdir. Dünən mən Şabran Rayon İcra Hakimiyyətinin başçısı ilə telefonla danışdım, dedi ki, layihə artıq hazırdır. Bəstəkarlar, rəssamlar, yazıçılar üçün üç bina, bir də ümumi bina tikiləcək ki, orada konfrans zalı, poliklinika və dükanlar olacaq. Torpaq və yol işləri qurtarıb. Martda tikinti işləri başlanacaq. Mən Sizə həm Yazıçılar Birliyi adından, həm də icazələri ilə bizim Rəssamlar və Bəstəkarlar ittifaqlarının adından təşəkkürümü bildirmək istəyirəm ki, belə bir nadir şəhərcik yaranacaq...".

Daha sonra Anar Ulu Öndər Heydər Əliyevin ədəbiyyat sahəsində uzaqgörənliyinə qarşılıq olaraq təklif etmişdir: "Mən istərdim ki, bu şəhərcik Ulu Öndərimizin şərəfinə Heydərabad adlansın. Çünki bu, həm Heydər Əliyevin Azərbaycan mədəniyyətinə sevgisinin, qayğısının rəmzi olar, həm də Azərbaycanın coğrafi xəritəsində Ulu Öndərin adı ilə daha bir məskən ola bilər..." (http://www.mct.gov.az/az/umumi-xeberler/prezident-lham-liyev-ve-birinci-xanim-mehriban-liyeva-medeniyyet-ve-incesenet-xadimlerinin-bir-qrupu-ile-gorusubler).

Qətiyyətlə demək olar, bu gün müstəqillik ədəbiyyatının Heydər Əliyev modeli inamla gerçəkləşdirilməkdədir.

***

Müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin ədəbi mühitlə əlaqələrində qeyri-formal görüşlər önə çıxır və rəngarəng şəkildə özünü göstərir. İlk belə görüşlərdən biri Heydər Əliyevin 16 aprel 1995-ci ildə Məmməd Arazın yaradıcılıq gecəsinə gəlməsi və oradakı çıxışıdır.  Çıxışında ən müxtəlif məsələlərə toxunmaqla yanaşı, Ulu Öndər emosional, şəxsi təəssüratını da gizləmir, əksinə, gen-bol yer verir: "Sizə səmimi deyirəm, mən həyəcansız otura bilmirdim. Hər adam belə şeylərə cürbəcür reaksiya verir. Mən şeirə də, mahnıya da çox hissiyyatlı adamam. O misraları, o sözləri, o musiqini həyəcansız dinləyə bilmirəm. Bizim mədəniyyətimizin nə qədər dərinliyi var, yüksəkliyi var! Biz nə qədər zənginik! Biz özümüz özümüzü çox vaxt qiymətləndirə bilmirik. Xalqımızın zəngin mədəniyyəti keçmişdə də olub, bu gün də var, ümidvaram ki, gələcəkdə də olacaqdır. Mənim buna heç bir şübhəm yoxdur...".

Heydər Əliyev daha sonralar da şair və yazıçıların yaradıcılıq görüşlərində iştirak edir və emosional təəssüratını məclislə bölüşür. Bu zaman çıxışlarının ovqat zənginliyi, rəngarəngliyi, çoxçalarlığı onun bir ədəbiyyat və sənət adamı kimi şair və yazıçılarımızın yaradıcılığına necə dərindən nüfuz etdyini nümayiş etdirir. Əliağa Vahidin yüzilliyində iştirak edən Ulu Öndər deyir: "Hər bir yubileyin öz yeri var. Şübhəsiz ki, heç biri o birisini nə əvəz edə bilər, nə də onun bərabəri ola bilər. Amma hər birinin öz xüsusiyyəti, gözəlliyi var. Bugünkü Vahid gecəsinin gözəlliyi məni həddindən artıq sevindirdi, həyəcanlandırdı. Vahidin nə qədər gözəl qəzəlləri, şeirləri, sözləri varmış. Yenə də deyirəm, Vahidin əsərlərini hər birimiz oxumuşuq. Birimiz bir dəfə bir qəzəlini oxumuşuq, bir muğamı eşitmişik. Amma bu gün siz bunları bir yerə yığdınız. Həm ifa etdiyiniz musiqi, həm də oxuduğunuz şeirlərlə, mən hesab edirəm ki, hamını, o cümlədən də məni həyəcanlandırdınız...".

Xalq şairi Qabilin yubiley gecəsində Heydər Əliyev vurğulayır: "Mən şairlərin, yazıçıların, ədəbiyyatçıların son illərdə keçirilən yubileylərini xatırlayıram. Bunlar elə ədəbiyyat, şeir, poeziya bayramımızdır. Bu yubileylərdə hər bir sənətkarın yaradıcılığına qiymət verilir. Biz, məsələn, Qabilin əsərlərini oxumuşuq, lakin bu şeirləri bir daha yada salmaq çox əhəmiyyətlidir, həm də dinləyəndə o, insana zövq verir. Mən bu yubiley gecəsinə təkcə Qabilə hörmət naminə gəlməmişəm. Buraya həm də incəsənətimizlə, ədəbiyyatımızla, şeirimizlə görüşmək üçün gəlmişəm. Hesab edirəm bu yubiley gecəsi çox yaxşı oldu...".

Ulu Öndər müstəqillik illərində, yazıb-yaradan müasir şair və yazıçıların yubileylərinin rəsmi çərçivələrdən çıxıb yaradıcılıq görüşləri səciyyəsi almasını təqdir edir və dəstəkləyirdi: "Belə yubileylərin təşkil olunması ədəbiyyat gecələrinin keçirilməsi deməkdir. Mən vaxtilə düşünürdüm ki, müntəzəm olaraq şeir gecələri keçirmək lazımdır. Mənim 70-ci illərdə bu barədə bir çox fikirlərim var idi. Xalqımız tarixən, əsrlərlə şeirlə yaşayıb, şairlər yığışıblar, özləri də, oraya toplaşanlar da şeirlər deyiblər. Ona görə də mən o vaxt fikirləşirdim ki, musiqi gecələri öz yerində, şeir gecələri də keçirmək lazımdır...".

Ulu Öndər fikirləşdiklərini müstəqillik dövründə reallaşdırır. Bir yandan ölkə başçısı olaraq, müasir ədiblərə, alimlərə, sənətçilərə rəsmi Prezident təbrikləri ünvanlayır. O cümlədən bu illərdə xalq şairi Məmməd Arazın 60 illiyi (6 okyabr 1993), xalq yazıçısı İlyas Əfəndiyevin 80 illiyi (25 may 1994), yazıçı Hüseyn İbrahimovun 75 illiyi (26 iyun 1994), xalq yazıçısı İsmayıl Şıxlının 75 illiyi (4 iyul 1994), xalq şairi Nəbi Xəzrinin 70 illiyi (17 dekabr 1995), yazıçı Yusif Səmədoğlunun 60 illiyi (19 dekabr 1995), xalq şairi Qabilin 70 illiyi (15 avqust 1996), xalq şairi Balaş Azəroğlunun 70 illiyi (17 mart 1997), xalq şairi Mirvarid Dilbazinin 85 illiyi (18 avqust 1997), xalq yazıçısı Hüseyn Abbaszadənin 75 illiyi (22 noyabr 1997), yazıçı Anarın 60 illiyi (13 mart 1998), xalq yazıçısı İsa Hüseynovun 70 illiyi (11 iyun 1998), Zəlimxan Yaqubun 50 illiyi (17 yanvar 2000), xalq şairi Bəxtiyar Vahabzadənin 75 illiyi (15 avqust 2000), Nəriman Həsənzadənin 70 illiyi (3 dekabr 2001), yazıçı Elçinin 60 illiyi (29 may 2003) və bir çox digər görkəmli ədiblərin yubileyi münasibətilə dövlət rəhbəri dövlətin adından və öz adından təbriklərdə ürək sözlərini ifadə etmiş, yubilyarın tarixi-mədəni və yüksək ictimai dəyərini vermişdir.

Bununla yanaşı, Heydər Əliyev müstəqillik zamanında yubiley tədbirlərinin məhz qeyri-formal, yaradıcılıq təşəbbüslərinə üstünlük vermişdir. Məmməd Arazın yaradıcılıq gecəsində Ulu Öndər vurğulayırdı: "Belə şeir gecələri, ədəbiyyat gecələri, belə görüşlər, mənə elə gəlir ki, xalqımızın həyatının, tarixinin bu dövründə xüsusilə lazımdır. Çünki mənəviyyat bir çox yerlərdə çox tapdalanıb, unudulubdur, əxlaq pozulubdur...".

Ədəbiyyat və sənət görüşləri yazıçı və şairlərlə yaxından ünsiyyətə səbəb olur, yaradıcılıq söhbətlərinə rəvac verirdi. Bu zaman Heydər Əliyevin şeir duyğusu, ədəbi zövq və maraqları, habelə müasir auditoriyalara bələdliyi ədəbi mühiti bir daha silkələyir, hər dəfə yenidən-kəşfə təkan olurdu: "Məmməd Arazın şeirini nə üçün bu qədər sevir insanlar? Axı, şeiri insanlara zorla sevdirmək olmaz. Nə üçün sevirlər? Mən keçmişdə də bunu hiss edirdim. Uzun müddət Azərbaycanda olmadıqdan sonra, 90-cı ildə Azərbaycana qayıtdıqdan sonra hara gedirəm - Məmməd Arazın şeirləridir, Bəxtiyar Vahabzadənin şeirləridir. O vaxt bizdə çox coşqun ictimai-siyasi vəziyyət yaranmışdı. İnsanlar 20 Yanvar hadisələrindən sonra çox coşmuşdular. Çox inciklik vardı cəmiyyətdə. Eyni zamanda milli azadlıq ruhunda fikirlər daha da açıq deyilirdi. Hər yerdə Məmməd Arazın, Bəxtiyar Vahabzadənin şeirləri oxunurdu. Başqalarının da...".

Əslində, müstəqillik dövrünün ədəbiyyat və mədəniyyət siyasəti də bilavasitə bu yaradıcılıq gecələri və görüşlərində yaranır, Ulu Öndərin dərin düşüncələrindən doğurdu. Məmməd Arazın yaradıcılıq gecəsində o deyir: "Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rzanın - bu üç şəxsin adını mən fərəhlə çəkirəm. Dünən mən üç fərman vermişəm. Bildiyiniz kimi, müstəqil Azərbaycanın ən yüksək ordeni "İstiqlal" ordenidir. İndiyə qədər bu ordenlə heç bir vətəndaş, heç kəs təltif olunmayıbdır. Dünən isə mən fərman verərək Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, mərhum Xəlil Rzanı "İstiqalal" orden ilə təltif etmişəm. Bu bir təsadüf, yaxud ki, birdən meydana çıxmış, mənim tərəfimdən birdən qəbul olunmuş qərar deyil. Bu haqda mən çox düşünürəm. O mənada ki, biz milli azadlığımız uğrunda çalışmışıq, vuruşmuşuq, mübarizə aparmışıq. Amma bu mübarizə bəzən açıq getməyibdir, bəzən qəlblərdə gedibdir, bəzən o, üstü örtülü yazılarla gedibdir...".

Müasir yazıçı və şairlərin yibileylərinin qeyd olunması, fəxri adların bərpası, yazıçı və şairlərə adların verilməsi məsələsi də ilk olaraq Məmməd Arazın yaradıcılıq gecəsində səslənir. Ulu Öndər Heydər Əliyev yazıçı və şairləri  "İstiqlal" ordeni ilə təltif edir, 1998-ci il 23 may Prezident fərmanı ilə Hökumə Billuri, Fikrət Qoca, Söhrab Tahir "Xalq şairi", Anar, Elçin, Yusif Səmədoğlu, Hüseyn İbrahimov, Maqsud İbrahimbəyov və b.-ları "Xalq yazıçısı" adına layiq görülür. 1998-ci ilin 12 dekabr günü Ulu Öndər Müstəqil Azərbaycanın Dövlət mükafatlarını laureatlara təqdim edərkən deyirdi: "Siz xoşbəxt adamlarsınız, çünki yaradıcısınız. - Əsərlər yazmısınız və bu gün də yaradırsınız, gələcəkdə də yaradacaqsınız. Sizin əsərləriniz xalqa fayda verir, bugünkü nəsillər və gələcək nəsillər üçün çox gərəklidir, əhəmiyyətlidir. Mən məmnunam ki, bu gün sizinlə bir daha görüşdüm, hər birinizin əlini sıxdım və müstəqil Azərbaycanın bu yüksək mükafatlarını sizə təqdim etdim...".

***

Ulu Öndər Heydər Əliyevin müstəqillik illərində 60-cılar ədəbiyyatının nümayəndələri - Maqsud İbrahimbəyovun, Yusif Səmədoğlunun, Anarın və b.-nın 60 illik yubiley gecələrində iştirakı məxsusi xarakter və önəm daşıyır. Azərbaycanda "60-cılar" hərəkatı Heydər Əliyevin özünün də iştirakı ilə bilavasitə formalaşdırdığı mühitdir, bunu dəfələrlə "60-cılar"ın özləri də etiraf etmişlər. "60-cılar"ın məclisində milli rəhbər, Ümummilli lider olaraq Heydər Əliyev özünü daha doğma, yaxın, eyni bir tarixi zamanın təmsilçisi, həmfikir olaraq hiss edir, azad yaradıcılıq söhbətlərinə, xatirələrə rəvac verir. 14 may 1995-ci ildə Maqsud İbrahimbəyovun "Gülüstan" sarayında keçirilən yubileyində Ulu Öndər yubilyara müraciətlə deyir: "Bu illəri bir yerdə yaşamışıq, bir yerdə keçmişik. Düzdür, müəyyən vaxt ayrı da düşmüşük. Ancaq Maqsudun yaradıcılığının, bütün insani keyfiyyətlərinin xüsusiyyəti bir də ondan ibarətdir ki, o, yolunu həmişə düz gedib. Əgər belə bir söz desəm inciməz, - yolunu azmayıbdır, yolundan çıxmayıbdır. Öz əqidəsini heç vaxt hansı bir konyuktur səbəblərə görə dəyişməyibdir...".

Ulu Öndər "60-cılar"dan hər birini Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində yüksək qiymətləndirməklə, yaradıcılığına fərdi münasibətini də bildirir; dürüst olmaqla yanaşı, ən yaxından və iti müşahidələri Heydər Əliyevə imkan verir ki, hər bir yazıçıya heç kəsin demədiyi sözləri desin, başqalarının görmədiyi cəhətləri dilə gətirsin. Eyni məqamları Ulu Öndərin Yusif Səmədoğlunun yubiley gecəsinə gəlişi və çıxışında da müşahidə edirik. Heydər Əliyev Yusif Səmədoğluna ilk növbədə böyük Səməd Vurğun ailəsinin layiqli övladı və davamçısı kimi dəyər verir: "Yusif Səmədoğlu bizim millətimizin xoşbəxt insanlarından biridir. Çünki o, böyük şair, böyük insan, böyük alim Səməd Vurğunun oğludur. Səməd Vurğunun övladı olmaq, onun tərbiyəsini almaq, onun ailəsində böyümək özü böyük bir nemətdir, böyük bir xoşbəxtlikdir. Bəlkə elə bu bəs olardı. Ancaq bununla yanaşı, bu kökün üstündə, bu ailə ab-havasının içində böyüyüb, ərsəyə gəlib atasının yolunu davam etdirmək və cəmiyyətdə özünəməxsus, məhz özünəməxsus yer tutmaq, - bu, böyük xoşbəxtlikdir, cəmiyyətimizin içində insan üçün, şübhəsiz ki, nemətdir...".

Ulu Öndər eyni zamanda, görkəmli yazıçı olmaqla bərabər, Yusif Səmədoğlunun müstəqillik uğrunda azadlıq hərəkatında rolunu yada salır:  "O vaxt - yanvarın 20-də mən çox həyəcan içində idim. "Azadlıq" radiostansiyasının verilişlərini tutdum və o verilişlərdən Azərbaycanda olan vəziyyəti özüm üçün müəyyən qədər aydınlaşdırdım. Xatirimdədir, Yusifin səsi ilə - yəni o, telefonla bəyanat vermişdi, - məlumat verdilər. O, Sovetlər İttifaqının böyük qoşun hissəsinin Bakıya girməsini "Azadlıq" radiostansiyasına telefonla nə qədər həyəcan hissi ilə bildirirdi. Qoşunların vəhşiliyindən, təcavüzkarlığından danışırdı. Mən bunları "Azadlıq" radiostansiyasından Yusifin səsi ilə özüm eşitdim..."; və yüksək qiymətləndirir: "Güman edirəm ki, təkcə bu yox, - bu sadəcə mənim şəxsən hiss etdiyim bir hadisədir, haldır, - ancaq Azərbaycanın o ağır dövründə, 20 yanvar faciəsi ərəfəsində və 20 yanvar faciəsi zamanı o aylarda, o illərdə Yusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri idi və onun siyasi fəaliyyəti, ictimai fəaliyyəti çox olubdur...".

1998-ci ildə yazıçının səhhəti pisləşərkən, Heydər Əliyev Yusif Səmədoğlunun müalicəsinin qayğısına qalır, ona xəstəxanada baş çəkir, ali mənəvi dəstək göstərir, yükək təsəlli sözlərini söyləyir. Həmin qayğını müstəqillik illərində, eyni zamanda, xəstə yatan bir çox görkəmli ədəbiyyat və sənət adamlarına - Xəlil Rza Ulutürk, Tofiq Quliyev, Bəxtiyar Vahabzadə, Hökumə Billuri və b.-a münasibətdə də görür, müşahidə edirik. Bunu yalnız qayğıkeş dövlət başçısı, humanist və müdrik rəhbərin ədəbiyyat və incəsənət xadimlərinə böyük mənəvi jesti, ictimai borc və öhdəliyinin ifadəsi kimi qiymətləndirmək azdır. Xəstəxana görüşlərinin hər biri Ulu Öndərin həm də birgə mübarizə yolu keçib gəldiyi silahdaşları ilə həsb-halı, mənəvi mükaliməsi, ictimai etiraflar və ürək söhbətləri ilə qiymətlidir. Heydər Əliyevin çiyin-çiyinə çalışdığı mübarizə yoldaşlarının hər birisinə deyiləsi sözü vardı.

19 yanvar 1997-ci il tarixində Ulu Öndər M.Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında xəstə yatan xalq şairi Bəxtiyar Vahabzadəyə baş çəkir. Zəngin və maraqlı keçən söhbətdə ölkə başçısı və xalq şairi mədəniyyətə, siyasətə, elm və təhsilə, tarixə, ədəbiyyata, incəsənətə, teatra dair müxtəlif aktual məsələlərə baş vurur, münasibət bildirirlər. Dialoqun başlıca leytmotivini Azərbaycanın taleyi, dünəni, bugünü və sabahı yönəldir; Ulu Öndər şairin narahatlığına cavab olaraq, onu müstəqilliyin alternativsiz olduğuna əmin edir. Bu görüşdə Heydər Əliyev Azərbaycan mədəniyyətinin, musiqisinin, rəssamlığının, ifa sənətinin, o cümlədən ədəbiyyatının təkrarsızlığı, unikallığını böyük sevgiylə anmaqla, burda mental dəyərlərin və tarixi təcrübənin rolunu çoxsaylı örnəklərlə yada salır. Ümumən, Azərbaycan ədiblərinə yüksək dəyər verməklə, Heydər Əliyev Bəxtiyar Vahabzadənin də bu sırada yerini məxsusi görür: "Ümumiyyətlə, ədəbiyyatımızda, mədəniyyətimizdə çox şəxsiyyətlər olub. Amma elə şəxsiyyətlər olur ki, onlar özünəməxsus bir yer tutur, təkrarolunmazdırlar, onları heç kəs əvəz edə bilmir. Məsələn, Süleyman Rəhimov da, Mirzə İbrahimov da, Hüseyn Cavid də, Rəsul Rza da, Səməd Vurğun da, Cəlil Məmmədquluzadə də, Sabir də, Süleyman Rüstəm də belədir. Bu gün bizim dövrümüzdə yaşayanlardan söhbət açsaq, Bəxtiyar Vahabzadə də belədir. İkinci bir Bəxtiyar Vahabzadə yoxdur. O, başqasına bənzəmir və onu heç kəs əvəz edə bilməz. Sabah başqa bir şəxs yaranacaqdır, onun bəlkə də başqa xüsusiyyətləri olacaqdır. Bəli, xalqımız elə xalqdır ki, tarixin hər bir mərhələsində böyük, dahi insanlar yetişdirir və biz bununla fəxr etməliyik. Biz kasıb xalq deyilik. Yəni biz intellekt cəhətdən kasıb deyilik. Bəli, xalqımızın zəkası çox zəngindir...".

Söhbət 20 yanvar hadisələrinin yeddinci ildönümü günlərinə təsadüf edir. Ulu Öndər Yanvar hadisələri zamanı Bəxtiyar Vahabzadənin mərd və cəsarətli addımlarını xatırlayır: "Yadımdadır, 1990-cı il yanvarın 22-də sizin sədrliyinizlə sessiya keçirildi. Təsəvvür edin, respublikanı, hökuməti idarə edən adamlar qaçdılar, sessiyaya Bəxtiyar Vahabzadə sədrlik etdi... Yanvarın 22-də sessiyada siz qərar qəbul etdiniz ki, Sovet Ordusunun qoşunları əgər buradan tezliklə çıxmasa, Azərbaycan Sovet İttifaqının tərkibindən çıxacaqdır..." və şairin ictimai-siyasi fəaliyyətini yüksək qiymətləndirir: "Bu söhbəti sən saldın və mən də bir daha deyirəm ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə Bəxtiyar Vahabzadənin xidmətləri böyükdür. Ölkəmizin, xüsusən o çox gərgin vəziyyətində siz vətəndaşlıq, ziyalılıq cəsarəti göstərmisiniz. Ona görə də nə mən, nə də xalqımız bunu unuda bilmərik və onu yüksək qiymətləndiririk...".

Heydər Əliyevin böyük qəlbli insan və şəxsiyyət kimi həssaslığı həmməslək olduğu ədib və sənətkarları son mənzilə yola salarkən, vida dəmlərində daha da aydın görünür. Hələ sovet dönəmindən Qara Qarayev, Rəsul Rza, Fikrət Əmirov, Niyazi kimi vətən, xalq, millət qarşısında əvəzsiz xidmətləri olan insanların dəfn mərasimini ümumxalq matəmi və hüzn günü səviyyəsində rituallaşdıran Ulu Öndər müstəqillik illərində, ən ağır zamanlarda da "vaxtsız ölümləri" ümumxalq kədəri və şəxsi itkisi kimi qəbul edir, rəsmi nekroloqla yanaşı, vida mərasimində nitq söyləyir, ürək yanğısını xalqla bölüşürdü.

Xalq şairi Xəlil Rza Ulutürklə vida mərasimində Ulu Öndər deyirdi: "Xəlil Rza bir vətəndaş, bir insan kimi bütün xüsusiyyətləri ilə həmişə sevilmişdir. Mən daim onun yaradıcılığına, insanlığına, vətəndaşlığına, ən çox da cəsurluğuna, əyilməzliyinə, öz ideyalarından dönməzliyinə hörmət etmişəm, onu yüksək qiymətlərndirmişəm. Ona görə bu itki bütün Azərbaycan xalqı kimi, mənim üçün də böyük itkidir". Fərdi hiss və yaşamlarını bildirməklə yanaşı, Ulu Öndər ədibin ictimai siqlətini, vətən, xalq qarşısında xidmətlərini ümdə olaraq qabardır: "O, daim Aərbaycanın müstəqilliyi duyğuları ilə yaşamış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, böyük xidmətlər göstərmişdir. Allaha şükürlər olsun ki, o, Azərbaycanın müstəqilliyinin şahidi olmuş, bunu görmüşdür... Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı, onun böyük vətəndaşlığı, milli azadlıq uğrunda mübarizliyi bütün azərbaycanlılar üçün nümunə olacaqdər. Əminəm ki, Xəlil Rza Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır...". 

Ulu Öndər Heydər Əliyevin qəlbində tanıdığı, qiymətləndirdiyi hər bir sənətkarın öz yeri vardı. Yazıçı və şairləri obyektiv, ədəbi fəaliyyətlərinə düzgün qiymətlə dəyərləndirdiyi kimi, fərdi münasibətini də bura əlavə edir, birbaşa ünsiyyətdə olduğu məqamları xoş xatirə kimi anırdı. Xalq yazıçısı İsmayıl Şıxlı ilə vida mərasimindəki geniş nitqi sanki sağlığında imkan tapıb söyləyə bilmədiyi belə anılarla müşaiyət olunur. Ulu Öndər İsmayıl Şıxlının yaradıcılığına dəqiq qiymət verir: "Bəli, İsmayıl Şıxlının əsərlərindən gənclərimizin, hər bir Azərbaycan vətəndaşının aldığı təəssürat onları milli azadlıq ruhunda tərbiyə edibdir, bu ruhda püxtələşdiribdir, vətənpərvər kimi yetişdiribdir və xalqımızı elə bir səviyyəyə çatdırıbdır ki, o öz milli azadlığını və müstəqilliyini əldə edibdir...". Xatirəsini anır: "İsmayıl Şıxlı görkəmli ictimai xadim olubdur. Mən onunla bir çox illər əməkdaşlıq etmişəm. Ona bir yazıçı kimi, bir müəllim kimi həmişə hörmətim olubdur. Yadımdadır, 70-ci illərdə mən Yazıçılar İttifaqının rəhbərliyi haqqında düşünərkən, bizim bir sıra görkəmli yazıçılarımızın adları çəkilərkən onların içərisində İsmayıl Şıxlının namizədliyi məni daha çox cəlb etdi. Ona görə ki, İsmayıl Şıxlının həm yazıçı kimi, həm insan kimi hörməti böyük idi, həm də özünü daim təvazökar aparmışdır. Sanballı, ağır bir insan idi. Hörmətli mənada ağır insan idi... Mən çox məmnunam ki, o vaxt biz belə bir addımı atdıq. Çünki onun Yazıçılar İttifaqına rəhbərlik etdiyi dövr Azərbaycanın həyatında çox mürəkkəb bir dövr idi...". Ən nəhayət, Ulu Öndər ədibin ictimai fəaliyyətini yüksək dəyərləndirir: "Ancaq mən Azərbaycanın məhz ağır dövründə - 1990-cı il Yanvar faciəsi dövründə İsmayıl Şıxlının ictimai-siyasi və vətəndaşlıq fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Bəli, o dövr çox ağır idi. İnsanlar böyük faciə içərisində idilər. Müdriklik, eyni zamanda qabağa çıxıb xalqa yol göstərmək lazım idi. Cəsarət lazım idi. Elə şəxslərdən biri İsmayıl Şıxlı olmuşdur...".

***

Heydər Əliyevin daim diqqət yetirdiyi "60-cılar"ın öncül nümayəndələrindən biri də Xalq yazıçısı Elçindir. Xalq yazıçısı adını da müstəqillik illərində ilklər sırasında yazıçıya Ulu Öndər layiq bilmiş, 2003-cü ildə 60 illiyi münasibətilə onu Vətənin ən ali - "İstiqlal" ordeni ilə təltif etmişdir. Heydər Əliyev hələ sovet dönəmində respublikaya rəhbərliyi dövründə yazıçı və sənətçi ailələrinə həssas münasibət bəsləmiş, o cümlədən Səməd Vurğun, Rəsul Rza, İlyas Əfəndiyev ailəsində yetişən Yusif və Vaqif Səmədoğluları, Anarı, Elçini zamanında qiymətləndirmiş, yaradıcı potensialının üzə çıxmasına şərait yaratmışdır.

Elçin xatırlayır: "Səksəninci illərin lap əvvəllərində mənim "Literaturnaya qazeta"da bir məqaləm çap olunmuşdu. O vaxt "Litqazeta" bir ədəbi problem, yaxud əsər haqqında müxtəlif fikirlər verirdi. Mənim məqaləm də Yuri Boldırevin məqaləsi ilə yanaşı verilmişdi və onunla kəskin ədəbi mübahisə edirdim. Onda Həsən Həsənov Mərkəzi Komitənin ideoloji katibi işləyirdi və birdən-birə gecə mənə evə zəng elədi. Məlum oldu ki, Heydər Əliyev Soçidə (əgər səhv etmirəmsə) istirahət edir, məqaləni oxuyub və zəng eləyib bu barədə Həsən Həsənova ətraflı fikrini bildirib. Burada yəqin ki, fəxr elməli bir şey yoxdur, amma o var ki, cavan bir yazıçının, özü də sırf ədəbiyyat problemlərinə həsr olunmuş yazısı da diqqətdən (və maraqdan!) kənarda qalmırdı və bu diqqət "rəhbər diqqəti" yox, oxucu diqqəti idi..." (Elçin, Seçilmiş əsərləri. 10 cilddə, 6-cı cild, Bakı, Çinar-Çap, 2005, s. 234-235).

Heydər Əliyevin Elçinə "rəhbər diqqəti", qeyd olunduğu kimi, 1975-ci ildən cəlb olunur. Müstəqillik dövründə də Ulu Öndər Elçinə yaradıcı insan olaraq xüsusi münasibət bəsləmiş, bütün ədəbi-mədəni tədbirlərdə yaxın əhatəsinə daxil olan şəxs kimi, səmimiyyətlə, bir sıra vacib problemlərin həllində məhz ona müraciətlə sözünü demişdir. Belə münasibətdə uzun illər tanış olan, bir yerdə çalışan, bir amala xidmət edən ölkə rəhbəri və yazıçının əqidə birliyi aydın duyulur. Gənc yazıçılarla 29 oktyabr 1997-ci il tarixli görüşdə Heydər Əliyevin qəfil replikası yada düşür: "-İki-üç gün bundan öncə mənə bir kitab göstərdilər. Baxıram, kitabda Elçinlə, hansısa bir şairlə, daha kiminləsə mənim də şəklim var. Elçin o vaxt gənc idi, qara, qıvrım saçları vardı. Elçin, o şəkli görmüsənmi? ELÇİN: Görmüşəm. Nizami Xudiyevin kitabında verilib. Yeri gəlmişkən deyim ki, yaxşı kitabdır"...

Heydər Əliyev müstəqillik dövrü iqtidarında Elçin Əfəndiyevə baş nazirin birinci müavini (mədəniyyət məsələləri üzrə) postunu etibar etmiş, ədibi bilavasitə dövlət və cəmiyyət quruculuğu proseslərinə cəlb etmişdi. Elçin xatırlayır: "Əlbəttə, o uzaq 69-cu ildə bütün fikri-zikri ədəbiyyata bağlı olan bir cavan kimi, mənim heç vaxt ağlıma gəlməzdi ki, SSRİ dediyimiz o nəhəng imperiya kartdan quraşdırılmış evcik kimi, tar-mar olacaq və yeni, müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyevi mən yalnız bir yazıçı kimi kənardan yox, həm də həmin dövlətdə vəzifə tutmuş bir adam kimi yaxından müşahidə edə biləcəyəm...".      

Elçin Ulu Öndər haqqında 1992 və 1995-ci illərdə "Dünya axirət əkini" və "Tarixlə üz-üzə dayanmış adam" adlı iki esse qələmə almış və məhz həmin "yaxından müşahidə"nin imkanlarından bəhrələnərək, Heydər Əliyevin, bir çoxlarının görə bilmədiyi, təkrarsız portret cizgilərini cızmağa müvəffəq olmuşdur: "Eyni zamanda Heydər Əliyev özü tarixi məsuliyyəti dərindən dərk edən bir şəxsiyyətdir. Bəzən mənə elə gəlir ki, yalnız mühüm qərarlar qəbul edərkən yox, adicə gündəlik qayğıların həllində də o, tarixi ona baxan, onun hərəkətlərini izləyən bir varlıq kimi yanında hiss edir. Elə bilirəm ki, təəssüratım məni aldatmır, belə də var, çünki söhbət daxilən zəngin və emosional, amma impulsivlikdən uzaq, ən gərgin çağlarda belə, özünü səfərbərliyə almağı bacaran, iradəli və qorxmayan, çəkinməyən, özünə inanan və öz böyük imkanlarını qiymətləndirməyi bacaran unikal bir şəxsiyyətdən gedir - müstəqil Azərbaycanı bu günün keşməkeşli yolları arasından magistral müəyyən edib bir dövlət kimi gələcəyə doğru aparan şəxsiyyətdən..." (Elçin, Seçilmiş əsərləri. 10 cilddə, 6-cı cild, Bakı, Çinar-Çap, 2005, s. 239).

Dövlət adamı kimi birgə çalışmaqla yanaşı, Heydər Əliyev Elçinin bədii istedadına da həssaslıqla yanaşır, Azərbaycan xalqı qarşısında xidmətlərini mükafatlarla qiymətləndirməkdən əlavə, vaxt tapıb yaradıcılığına da maraq göstərirdi. 29 may 2003-cü il tarixində yubileyi münasibətilə "Xalq yazıçısı Elçin Əfəndiyevə təbrik məktubu" ünvanlaması, 2000-ci il 25 iyun günündə Ulu Öndərin Elçinin "Ah Paris, Paris" komediyasının tamaşasına gəlməsi, tamaşadan sonra aktyorlarla görüşüb söhbət etməsi bunun bariz nümunəsidir.

***

Ulu Öndər Heydər Əliyevin önəm verdiyi, yüksək qiymətləndirdiyi, inandığı və arxalandığı, eynən inamında yanılmadığı ədəbi şəxsiyyətlərdən biri, "60-cılar"ın birincisi Azərbaycan Yazıçılar Birliyinin sədri Anar olmuşdur. Anar Heydər Əliyevin maraq və diqqətinin mərkəzində olanda hələ Yazıçılar Birliyinin sədri deyildi, amma Ümummilli liderin nəzərində bu posta tam layiq idi. Yazıçıların 1981-ci il VII qurultayının kuluarlarını bir daha yada gətirsək, o zaman Mərkəzi Komitənin ideologiya üzrə katibi Həsən Həsənovun Anara söylədikləri buna şahiddir: "Qurultayda yaxşı danışdın - dedi - doğrudur, bu çıxış ədəbiyyatın vəziyyətinin obyektiv təhlilindən daha artıq sənin özünün ədəbiyyata baxışlarının ifadəsi idi. Amma sənə deməliyəm ki, Heydər Əliyeviç səni çox yüksək qiymətləndirir, belə lap yüksək. Açığı Heydər Əliyeviç də, mən də istəyirdik ki, İttifaqın rəhbəri sən olasan, amma ağsaqqallar hamısı bir ağızdan sənin əleyhinə oldular..." (Anar, Unudulmaz görüşlər. Bakı, "Təhsil", 2009, s. 66) O zaman Respublikanın başçısı "60-cılar"ın lideri olaraq məhz Anarı görür və deyirdi: "Bu günlər mən bir çox yazıçılarla söhbət etmişəm. O cümlədən Sizin barənizdə də... Onların sizə münasibəti müxtəlifdir, amma hətta sizin və atanızın bədxahları da etiraf edirlər ki, siz ciddi yazıçısınız, geniş biliyə maliksiniz, iki dili də mükəmməl bilirsiniz...".

Məqalədə dəfələrlə isnad etdiyimiz Anarın "Unudulmaz görüşlər" memuar-romanı bugünəcən "Heydər Əliyev və ədəbiyyat" mövzusunda ən mükəmməl mənbə hesab olunmalıdır. 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev həmin əsəri Heydər Əliyev mükafatına layiq görmüşdür. Anar bir ədib və yazıçı kimi 1969-cu ildən, o cümlədən "Qobustan" jurnalının adı respublika rəhbərinin çıxışında səslənəndən daim Heydər Əliyevin diqqətində, marağında, nəzərləri altda, ən nəhayət yanında, müstəqillik savaşında bir cəbhədə olmuşdur. Ulu Öndər müstəqillik illərində xatırlayırdı: "Yaxud götürək Anarı. O da dissident idi. Məsələn, "Qobustan" jurnalının yaranması və o jurnalın səhifələrində yayılan əsərlər, şübhəsiz ki, dissident xarakteri daşıyırdı... Mən həmin jurnalı o vaxtlar daim oxuyurdum, izləyirdim. Görürdüm ki, yaxşı yazılardır. Bu yazılar nə idi? Bizim milli mədəniyyətimizi, milli keçmişimizi, milli ruhumuzu o vaxtlar təbliğ edirdi. Bizim rəsmi jurnallardan fərqli olaraq, bu jurnal bunları təbliğ edirdi və insanlarda milli ruhu oyadırdı, öz tarixinə, öz keçmişinə, öz mədəniyyətinə hörmət və ehtiramı yaradırdı. Çünki o dövr belə idi - hesab edilirdi ki, Oktyabr inqilabına qədər heç bir şey olmayıbdır, hamısı Oktyabr inqilabından sonra olubdur. Bax, o illər bu cür oyanış bizim yazıçılarımızın çox əsərlərində olmuşdur. O cümlədən "Qobustan" jurnalında. Beləliklə, Azərbaycanda bu gənc insanlar həqiqəti deyirdi, düzü deyirdi və insanları həqiqətə çağırırdı...".

"Qobustan" jurnalı, "Dədə Qorqud" kino-dastanı, "Şəhərin yay günləri" pyesi, "Uzun ömrün akkordları" filmi... - sovet dönəmində hər birisinin hadisəyə çevrildiyi bu sənət nümunələrinin cəmiyyətdə istinadgah tapması, yeriməsi, kütləviləşməsində Heydər Əliyev faktoru mühüm rolunu oynamış, təzyiqlərlə qarşılaşan yazıçı çətin anlarında Ümummilli liderin isti nəfəsini yaxında, dost əlini daim çiynində hiss etmişdir. "Şəxsiyyətin miqyası" essesində Anar etiraf edir: "Respublikada elə ab-hava yarandı ki, sənətə sənət meyarlarıyla qiymət verilməyə başlandı və bizdən yaşlı nəsil artıq müəyyən dərəcədə özünü təsdiq edib qoruya bilirdisə, bizim nəslin - 60-cı illər nəslinin də ədəbiyyata, kinoya, teatra, sənətimizin başqa sahələrinə gəlib öz sözünü demək imkanı yaranmışdı. Bu imkanı bizə Heydər Əliyev yaratmışdı və onun dəstəyini, yardımını başqa nəsildaşlarım kimi mən də daima hiss etmişəm..." (Anar, Unudulmaz görüşlər. Bakı, "Təhsil", 2009, s. 37).

1981-ci il qurultayındakı kuluar söhbətində Ümummilli lider "Şəhərin yay günləri"ni anaraq, yazıçı Anara uzaqgörənliklə görüşlər vəd vermiş: "Mən sizinlə elə o zaman görüşmək, bu barədə danışmaq istəyirdim, amma bilirsiniz də, çox məşğulam, vaxtım azdır. Əlbəttə, bu o demək deyil ki, gələcəkdə biz görüşə bilməyəcəyik..." O zamandan Yazıçı və milli Liderin çoxsaylı görüşləri ən müxtəlif vaxtlarda və situasiyalarda baş tutmuş, Anar Heydər Əliyevi Moskvada vəzifədən getmiş çağlarında da uca və vüqarlı görmüş, Naxçıvanda çətin blokada şəraitində müşahidə edərkən, eynən heyrətini gizləməmiş: "Heydər Əliyev Heydər Əliyev idi. İstər Kremlin zirvəsində olsun, istər Naxçıvanda. Dəfələrlə onun yüksək rütbəli rus generalları ilə, vəzifəli şəxslərlə necə ötkəm danışdığının şahidi olmuşam. Bir neçə ölkəyə onunla səfərlərim zamanı müşahidə edirdim ki, ən böyük dövlətlərin başçılarıyla da eyni qürurla və məğrurluqla davranır... " (Anar, Unudulmaz görüşlər. Bakı, "Təhsil", 2009, s. 86-87); 1993-cü ilin 20 sentyabr günündəki tarixi görüşdə Heydər Əliyevin Xilaskarlıq missiyasına şəksiz inamını da ziyalılar adından məhz Anar bəyan etmişdir.

Bununla belə, qətiyyətlə demək olar ki, Ulu Öndər və Anar münasibətlərinin sürəkli təntənəsi müstəqillik dövrünə təsadüf edir. Ulu Öndər Anarı müstəqil dövlət və mədəniyyət quruculuğunun ən ön sıralarında görür, irəli çəkir, dəyərləndirir. Ən mötəbər yubiley və mədəniyyət tədbirlərinin təşkilat tərəfləri, komissiyaları, prezidiumları Anarsız ötüşmür; ən mühüm dil, ədəbiyyat, mədəniyyət məsələlərinin həllində, qərarların hazırlanması və qəbulunda Anarın yeri və rolu görünür. Anar millət vəkili seçilir və Milli Məclisin Mədəniyyət məsələləri komissiyasına rəhbərlik edir. Beynəlxalq əlaqələr zamanı, əcnəbi ölkələrə bir çox səfərlərdə ölkə başçısı ilə birbaşa ünsiyyət yazıçıya Ulu Öndərlə ideyalarını bölüşmək, onu yaxından seyr etmək və bu haqda yazmaq şərəfi və imkanı verir.

Heydər Əliyev Anarın müstəqillik illərində Azərbaycan yazıçılarının rəhbəri kimi,  ictimai və mədəniyyət sahəsində ardıcıl fəaliyyətini yüksək qiymətləndirir, X qurultay ərəfəsində yazıçılarla görüşündə deyir: "Mən hesab edirəm ki, Azərbaycanın Yazıçılar Birliyi bu altı il müddətində - keçən qurultaydan indiyə qədər çox iş görübdür. Yazıçılar Birliyini qoruyub saxlayıb, onun parçalanmasına, dağılmasına yol verməyibdir. Axı Yazıçılar Birliyi də böyük sınaqlardan keçib. Görürsünüz, bu altı ildə bizim Azərbaycanın başına nə işlər gəlibdir. Yazıçılar Birliyi də bütün imtahanlardan, sınaqlardan keçibdir. Ona görə də şəxsən mən belə hesab edirəm ki, bunu yüksək qiymətləndrmək lazımdır. Yazıçılar Birliyinə rəhbərlik edən şəxslərin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır...".

Ulu Öndər Anarın Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində layiqli yerini görür, təsbit edir və dəyərləndirirdi. 1998-ci ilin may ayında, müstəqillik dövründə ilklər sırasında ədibi "Xalq yazıçısı" adına layiq bilmiş, yenə də ilklər sırasında Vətənin ali - "İstiqlal" ordeni ilə təltif etmişdir. Anar "Unudulmaz görüşlər"də yazır: "Martın 14-də altmış yaşım tamam oldu. Heydər Əliyev məni o vaxt Azərbaycanın ən yüksək ordeni olan "İstiqlal" ordenilə təltif etdi. Mən bu ordenə layiq görülmüş səkkizinci şəxs və daha əvvəl təltif olunanların arasında (ölümündən sonra Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Mirvarid Dilbazi, Tofiq Quliyev, Mikayıl Abdullayev, Ömər Eldarov) ən "gənci" idim, əgər altmış yaşlı adama "gənc" demək mümkünsə. Amma mənimçün ordendən də dəyərli Heydər Əliyevin yubileyim münasibətilə mənə ünvanlanmış məktubu idi..." (Anar, Unudulmaz görüşlər. Bakı, "Təhsil", 2009, s. 121).

Ulu Öndər "60-cılar" hərəkatının lideri Anarı yazıçı olaraq məxsusi qiymətləndirir, yaradıcılığına önəm verir, 60 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunda deyirdi: "Hörmətli Anar! Sizi - xalqımızın tanınmış yazıçısı, dramaturqu və ictimai xadimini 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Siz 60-cı illərdə ədəbiyyatımıza yeni ab-hava gətirmiş yazıçılar nəslinin görkəmli nümayəndələrindən birisiniz. Müasirlərimizin zəngin mənəvi aləmini, qayğı və problemlərini yüksək bədii səviyyədə əks etdirən əsərləriniz daim ədəbiyyat həvəskarlarının diqqət mərkəzində olmuşdur. Bəşəriliklə milliliyin üzvi vəhdətini təşkil edən çoxcəhətli yaradıcılığınız cəmiyyətimizdə milli şüurun aşılanmasına  və xalqımızın bir çox ölkələrdə tanınmasına xidmət etmişdir...".

Heydər Əliyev hələ sovet dönəmində Anarı Azərbaycanın baş yazarı missiyasında görmək istəyirdi; yazıçı Anar müstəqillik illərində sürəkli olaraq və bu gün də layiqincə həmin arzuları gerçəkləşdirməkdədir.

***

Ulu Öndər Heydər Əliyevin ədəbiyyata sevgisi, ədəbi mühitə qarşı son dərəcə həssaslığı, ədib və yazıçılara səmimi münasibəti, ehtiramı və qayğısı bütün ömür yolu və bioqrafiyasının zəngin faktları ilə təsdiq olunur.

Müstəqillik illərində, uzun illər fasiləsindən sonra Ulu Öndər "Ədəbiyyatımızın yaşlı nəslinin nümayəndələri ilə Prezident Sarayında görüş"də həmin ali duyğularını belə ifadə etmişdir: "Bu gün buraya, bu salona Azərbaycanın ən mötəbər adamları toplaşıblar. Bu, tarixi bir hadisədir. Mənim üçün də tarixi hadisədir. Hər birimiz yaşayırıq, gedirik. Bəli, mən 1997-ci ildə, əsrin sonunda Azərbaycanın ən mötəbər şairləri, yazıçıları ilə görüşürəm. Bu, mənim üçün tarixi bir hadisədir...".

Heydər Əliyevin xalqına, millətinə təmənnasız xidməti dahi şəxsiyyətin mənəvi keyfiyyəti, daxili tələbatının təzahürü olduğu kimi, ədəbiyyata münasibəti də eyni səciyyə daşıyırdı. O, daim içərisində olduğu, intişarına və inkişafına çalışdığı ədəbi mühitdən şəxsən özünə mənəvi zövqdən başqa nəsə ummurdu. Sovet dönəmində hətta SSRİ Yazıçılar İttifaqının fəxri üzvlüyünə təkliflərdən də imtina etdiyini artıq xatırlatmışıq. Lakin Ulu Öndər 1998-ci ilin may ayında eyni təklifi Azərbaycan yazıçılarından məmnuniyyətlə qəbul edir; bu, Heydər Əliyevin milli ədəbi mühitlə doğmalığının daha bir faktı, təcəssümü idi.

Anar yazır: "May ayının 4-də Heydər Əliyevin 75 illiyi ərəfəsində Yazıçılar Birliyi katibliyinin və Ağsaqqallar Şurasının birgə iclasını keçirdik. İclası açaraq dedim ki, Heydər Əliyevin yazıçılara daimi qayğısı hamımıza yaxşı məlumdur. Bununla bərabər o, bizim qurultaylarda, müxtəlif beynəlxalq ədəbi tədbirlərdə, klassiklərimizin və müasir yazıçılarımızın yubileylərində çıxışlar edib və bunlar bir yerə toplansa, kitab halında çap olunsa, mötəbər bir ədəbiyyatşünaslıq əsəri alınar. Özü də yüksək professionallıqla söylənmiş və yazılmış ədəbiyyatşünaslıq əsəri. Ona görə də Heydər Əliyev Yazıçılar Birliyimizin Fəxri üzvü olmağa çoxdan layiqdir. Mirvarid Dilbazi, Hüseyn Abbaszadə, Məmməd Araz, Balaş Azəroğlu, Qabil, Fikrət Qoca, Ayaz Vəfalı, Abbas Abdulla, Fikrət Sadıq çıxış edərək bu təklifi dəstəklədilər.

Mayın 21-də, Prezident Heydər Əliyev məni, Fikrət Qocanı, Çingiz Abdullayevi, Arif Əmrahoğlunu qəbul etdi, onu ad günü münasibətilə təbrik etdik və Fəxri üzvlük kitabçasını təqdim etdik.

- Hətta kitabçası da var? - deyə Heydər Əliyev təəccübləndi və təşəkkürünü bildirdi. Aydın görünürdü ki, keçmiş Sovet İttifaqında, sonrakı dövrdə Türkiyədə, dünyanın bir sıra ölkələrində yüksək adlara layiq görülmüş prezidentimiz yazıçıların bir kiçik töhfəsindən də fərəhlənir..." (Anar, Unudulmaz görüşlər. Bakı, "Təhsil", 2009, s. 124).

Ulu Öndər "Ədəbiyyatımızın yaşlı nəslinin nümayəndələri ilə Prezident Sarayında görüş"ün sonunda arzularını bölüşürdü: "Mən bu söhbətimizin sonunda ümidvar olduğumu bildirmək istəyirəm ki, bizim yazıçılarımız öz vətəndaşlıq borcunu daim layiqli yerinə yetirəcəklər, xalqla birlikdə olacaqlar, millətin qayğıları ilə yaşayacaq, yazıçıları öz ətrafında daim sıx toplayacaqlar...".

Müdrik Rəhbər "Ədəbiyyatımızın gənc nəslinin nümayəndələri ilə Prezident Sarayında görüş"ün sonunda tövsiyyə edirdi: "Xalqımızı hansı yolla aparmaq, cəmiyyətimizdə olan nöqsanları aradan götürmək, cəmiyyətimizi təmizləmək, daha da saf etmək, ayrı-ayrı çirkin hallardan xilas etmək - bütün bunlarda ədəbiyyatın, bədii sözün imkanları da, gücü də, təsiri də çoxdur. Ona görə də siz yazıçı kimi, şair kimi tək öz istedadınızı ifadə etmirsiniz. Siz eyni zamanda, millətə, cəmiyyətə xidmət edirsiniz. Ümidvaram ki, sizin bu xidmətiniz gələcəkdə daha da səmərəli, uğurlu olacaqdır...".

Ulu Öndər Heydər Əliyev Azərbaycan yazıçılarının X qurultayında çıxışına yekun vurarkən, milli ədəbiyyatın sabahına alqışlar diləyirdi: "Ancaq mən bu gün sizinlə bərabər keçirdiyim saatlardan, gündən çox razıyam və sizə təşəkkür edirəm ki, məni səbrlə, diqqətlə dinlədiniz. Mən də öz ürəyimdə olan sözləri sizə çatdırdım. Sizə can sağlığı arzu edirəm. Ədəbiyyatımıza yeni uğurlar arzu edirəm. Heç şübhə etmirəm ki, Azərbaycan ədəbiyyatı XX əsri uğurla sona çatdıracaq və XXI əsrdə dünya, bəşər ədəbiyyatına gözəl nümunələr verəcəkdir".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!