Nəsiminin Ənəlhəqqi - Ənəlhəqqin Nəsimisi... - Barat VÜSAL - ESSE

Aşiqlər Allahın dilində danışırlar.

Qeybin dilini məna əhli olanlar bilirlər.

"Örnək aşiq" Həllac Mənsurdan dərs alıbmış...

Ənəlhəqq demiş Nəsimi də!

Ənəlhəqləşibmiş!

"Mən ənəlhəqq oldum əxi!" deyən Yunus Əmrə kimi!

***

Hər adam Ənəlhəqq deyə bilməz.

"Bəzmi-Əzəl"də məna şərabı içənlər, ruhu məst olanlar deyə bilər bu sözü.

Nəsimiyə görə, cəng də, dəf də, ney də ənəlhəqq deyir. Gözəlin gözü-qaşı da!

"Mən Gözəlin üzünü görməsəydim, Ənəlhəqq deyə bilməzdim" deyərkən Nəsimi hər dəfə orda-ruhlar aləmində, yaradılış anında gördüyü Camalı, Üzü (Nurlar Nurunu) xatırlamışdı. And içirmiş kimi, "Bəli" deyirmiş kimi "Ənəlhəqq" demişdi.

Nəsimi deyirdi ki, birlik içində "izim-tozum silindi". Bu, o deməkdi ki, həmin şəkildə məhv olan Kainatın özü halına gəlir.

Nəsimi heç vaxt Yaradandan ayrı olmayıb. Bunu onun Ənəlhəqqlə bağlı dediyi daha bir fikri təsdiqləyir: "Nəsimi Ənəlhəqq deməzdi, o səni (Allahı) Ənəlhəqq deməklə tapdı".

Buldu Nəsimi səni çün, necə Ənəlhəqq deməsin,

Ey bu sözə münkir olan, dövləti-darın yox imiş!

Bəzi mənbələrdə "Allahlar diyarı" hesab olunan, rus tarixçisi Lev Qumilyovun "Sirli xalq" adlandırdığı bir xalqın şairi "Mən sirri-Ənəlhəqqəm" deməyib də, nə deyəsiydi? Ənəlhəqq olmayıb da nə olasıydı?!

***

Ənəlhəqq Əbədiyyət elmidir.

Ənəlhəqq demək küfrdüsə və söhbət Ənəlhəqq demək üstdə asılmaqdan gedirdisə, onda gərək "Həqqə bağlı deyilmiş, kim Ənəlhəqq demədi" dediyinə görə Y.Əmrəni, "Həllac Mənsurun Ənəlhəqqində rəhmət vardır" deyən C.Rumini, eləcə də "Ənəlhəqq" şeirinə görə Ə.Yəsəvini çoxdan dara çəkəydilər. Yaxud "Şah Xətai, çəkmərəm qəm, çün Ənəlhəqq demişəm" söyləyən Şah İsmayılı taxtdan endirməyə bundan münasib dəlil-sübut olmayaydı gərək!

Ənəlhəqq demək haqqını qazananlar, əslində, vəhdəti-vücudçulardı.

Nəsimi də fasiqlərin, müşriklərin və zahidlərin, mənidən (mənadan) xəbərsizlərin daşa basıb kafir elan etdikləri şair deyil.

Nəsimi budur:

- Zinhar, gəl ey adəmi, insan tələb eylə!

- Hər kişi ki, əzəldə binəsib oldu mənidən,

ayətü-təfsirü kəlam, ana xəbər nə faidə?!

- Hər nəyə ki, baxıram, həq baxıram,

Baxışım həqdir, Ənəlhəqq baxıram!

- Sirri-ənəlhəqq söylərəm,

                          aləmdə pünhan gəlmişəm,

Həm həq derəm, həq məndədir,

                        həm xətmi-insan gəlmişəm!

Hüqo deyirdi: "Allah hər şeydədir. Hər şey onun görünməsinə mane olur".

Bu fikrə oxşar bir fikir Höte də də var:

"Kim onu hər yerdə görmürsə, onunla heç vaxt üz-üzə gələ bilməz".

Həqq hər şeydədirsə, insan niyə Nəsimi kimi "Həqq mənəm, həqq məndədir, həqq söylərəm" deyə bilməsin?!

Artur Mullerin (ABŞ) "Dünyanın yaranışı və başqa-başqa işləri" adlı pyesinin cəmi 4 iştirakçısı vardır: Tanrı, Adəm, Həvva, Lusifer.

Qəribədir, Qərb dünyasına məxsus yazıçı, Tanrını öz əsərinin qəhrəmanı edə bilir, amma Şərq dünyasının mütəfəkkirləri "Ənəlhəqq" ("Mən həqqəm") deməkləri üstündə cəzalandırılıblar.

Halbuki, onlar Tanrının dilində danışa-danışa özlərinin kim olduqlarını bilmək istəyirdilər. "Əzəldə canım içində yazıldı surəti-məni "... "Mənanın surətiyəm" deyən İ.Həsənoğlu kimi Nəsimi də çoxları çata bilmədiyi bir məqama çatmışdı (çatdırılmışdı!).

Nəsimi dünyada başına gətiriləcək işləri əzəldən bilirdi. Haqqdan özü istəmişdi bu taleyi:

Yığıldı Şeyxi-şabilər, ki, yəni

                        soyalar məni,

Muradım bu idi həqqdən,

                        irişdim mən bu gün kamə!

O, "Məni yandırıb-yaxsınlar" deyə, Əzəldə Tanrıyla əhd-peyman bağlamışdı.

"Həqq mənəm" demək haqqını bulmaq mümkünmüş. Əlbəttə ki, getdikcə saflaşmaqla, işıqlanmaqla! İsa Muğannanın dediyi "Həqq" demək haqqına sahib olmaqla!

Saf Ağ elminə yiyələnməklə! Saf Ağ İnsan olmaqla!

İnsan o qədər saflaşır, işıqlanır ki, "Ağ insan", "Ağ" (həqq) deyilir ona!

XVI əsrdə yaşamış Övliya-şair Miskin Abdalın yaradıcılığında buna işarə edilib: "Dərsimi almışam mən Ağ adamdan!".

Kimdi bu Ağ adam?!

Həmin saf Ağ İnsan!

Ancaq hər adam Ağ adam ola bilmir.

Hər adam ənəlhəqq demək haqqını qazana bilmədiyi kimi!

"Quran"da Allah demirmi ki, "mən sevdiyim qulu elə hala gətirərəm ki, o, mənim görən gözüm, eşidən qulağım, danışan dilim olar!"

Az qala bütün şairlər "O, deyir, biz də yazırıq" demirlərmi?!

Hər şeyin, bütün əşyaların adını Adəmə Allah öyrədibsə onda hansı söz insana məxsusdur ki?! Heç insanın özü də insana məxsus olmadığı halda!

Demək, çəkinmədən deyə bilərik:

Ənəlhəqq sözü də Allahın özünə məxsusdur!

"Quran"da yer almış ayələrdən biri də bunu sübut edir: "Biz öz əlamətlərimizi dünyanın hər yerində və insanların özlərində göstərəcəyik ki, onun haqq (Allah) olması sübuta yetə".

Nəsimi yazır: "Vücudunun Fironunu məhv elə, sahib sənsən möcüzəyə, əsaya" Nəsimi demək istəyir ki, hər kəs vücudundakı fironu (yekəxanalığı) məhv etsə olur kim? Musa! (peyğəmbər). Əlində əsa möcüzə göstərir.

Bu cür düşünən şairin "Mən allaham" deməsinə adamın inanmağı gəlmir.

Nəsimi heç vaxt yanılıb özünə Allah deməzdi. O fikri ona Yaradan özü təlqin edirmiş:

Ol zülcəlal aydır ki, mən - sənsən!

Həmin şeytana ol üsyan gəlir.

(Yəni şeytana yer eləyən odur ki, niyə insanı Allah öz bənzərində yaradıb?)

Nəsimini oxuduqca, anladıqca birmənalı şəkildə deyə bilərik: peyğəmbərlərin xətmi- "Xatəmül Ənbiya" Məhəmməd peyğəmbər olduğu kimi, insanların xətmi də "Mən xətmi İnsanam" deyən Nəsimidir.

"Mən surəti-həqqəm", surəti Rəhmanam" deyən şairi allahsız elan edən allahsızlar bilmək istəmirdilər ki, Allah öz "Quran"ında insan haqda düşüncələrini bizlərə elə-belə ismarış edib göndərməyibdi. İnsanı sevdiyi üçün öz son böyük öyüd kitabını "Bismillah"la başlayıb İnsanla ("Nas" surəsilə) təsadüfi olaraq tamamlamamışdır.

Nəsimi isə öz "Divan"ında Allah haqqında düşüncələrindən söhbət açmaq istəmişdi...

***

Nəsiminin həyatı və yaradıcılığı 2 hissəli bir faciəyə oxşayır.

1-ci hissəni şərti olaraq "Nəsiminin Ənəlhəqqi", 2-ci hissəsini isə "Ənəlhəqqin Nəsimisi" adlandıra bilərik.

Əslində, Nəsimini Nəsiminin Ənəlhəqqində deyil, Ənəlhəqqin Nəsimisində axtarmaq lazımdır.

Zaman-zaman, əsr-əsr Nəsimiyə ha hücum çəkdilər, ha batmaq istədilər, bata bilmədilər. Çünki baxıb gördülər ki, artıq daha Nəsimi - Ənəlhəqqdir. Ənəlhəqq - Nəsimidir!

Əvvəldə Ənəlhəqq Nəsiminin sözüydü. Sonda Ənəlhəqq Nəsiminin özüydü.

Nəsiminin Ənəlhəqqi - "Eşqin yanasər çırağıdır".

Ənəlhəqqin Nəsimisi - "Eşq şəhidi"dir, "Eşq Günəşi"dir.

Nəsiminin Ənəlhəqqi - Əbədiyyət sözüdür.

Ənəlhəqqin Nəsimisi - Əbədiyyətin özüdür!

Nəsiminin Ənəlhəqqi - Onu dar ağacına qaldırdı.

Ənəlhəqqin Nəsimisi - Onu Dar ağacından endirdi!

(Ölümündən 10 il keçməmiş haqqında verilmiş fətvanı ləğv etməyə məcbur oldular).

Nəsiminin Ənəlhəqqi - guya bir kafiri yer üzündən ilim-ilim itirdi.

Ənəlhəqqin Nəsimisi - qaytarıb dahi bir şairi sağ-salim bəşərə verdi.

Nəsiminin Ənəlhəqqi - İnsanın hələ də Allah olmaq cəhdidir.

Ənəlhəqqin Nəsimisi - Allah nurunun şərhidir. ("Ol nuru hər kim bilmədi, həqqdən nəsibi nar imiş").

Nəsiminin Ənəlhəqqi - surəti-rəhmandır.

Ənəlhəqqin Nəsimisi - Xətmi-İnsandır!

Nəsiminin Ənəlhəqqi - günahdı (abidlərə görə).

Ənəlhəqqin Nəsimisi - savabdı (aşiqlərə görə.)

Nəsiminin Ənəlhəqqi - Ənəlhəqq sözündən doğulmuşdur.

Ənəlhəqqin-Nəsimisi - Özündən doğuldu!

Nəsiminin Ənəlhəqqi - sadəcə bir şair doğub.

Ənəlhəqqin Nəsimisi - şairlər doğmaq gücündədir!

Nəsiminin Əməlhəqqi - "mənəm-mənəm" deyən bircə nəfərdir.

Ənəlhəqqin Nəsimisi - hamıdı, "külli-insan"dı - bəşərdi!

Nəsiminin Ənəlhəqqi - onu bu dünyaya müvəqqəti yaşamaq üçün gətirdi.

Ənəlhəqqin Nəsimisi - Onu Kamala yetirdi. Əbədi olaraq var etdi. İnsanlara Əbədiyyət elmini öyrətdi!

Nəsiminin Ənəlhəqqi - abidlərin qırmancıydı.

Ənəlhəqqin Nəsimisi - aşiqlərin tacıydı!

Nəsiminin Ənəlhəqqi - küfrlə doluydu.

Ənəlhəqqin Nəsimisi - İmanla!

Nəsiminin Ənəlhəqqi - digər Ənəlhəqçilərin Ənəlhəqqinə oxşayırdı.

Ənəlhəqqin Nəsimisi - heç kiminkinə oxşamırdı!

Nəsiminin Ənəlhəqqi - Allahdan uzaqlaşmaq təsiri bağışlayırdı.

Ənəlhəqqin Nəsimisi - Allaha hamıdan yaxındı.

Nəsiminin Ənəlhəqqi - narahatlıq doğururdu.

Ənəlhəqqin Nəsimisi - rahatlıq!

Nəsiminin Ənəlhəqqi - insanı (nur parçasını) Göydən Yerə endirmişdi.

Ənəlhəqqin Nəsimisi - İnsanı Yerdən Göyə qaldırdı. (Öz əzəli məqamına!).

Nəsiminin Ənəlhəqqi - İnsanı Ölümə doğru aparır.

Ənəlhəqqin Nəsimisi - Həyata doğru!

Nəsiminin Ənəlhəqqi - Əzəli Yardan ayrılıqdır, hicrandır.

Ənəlhəqqin-Nəsimisi - Əzəli yara doğru gedən yoldur - Vüsaldır!

Nəsiminin Ənəlhəqqi - 28 hərflə qavranılır.

Ənəlhəqqin Nəsimisi - 32 hərflə öyrənilir.

Nəsiminin Ənəlhəqqi - olub, yaşayıb.

Ənəlhəqqin Nəsimisi - ölüb, yaşayır!

Nəsiminin Ənəlhəqqi - Allahın salamı idi.

Ənəlhəqqin Nəsimisi - Əleykümsalam! - dedi.

 

***

Nədir bu dediyim sözlər, bilmirəm. Amma həm də bilirəm ki, bu cür fikirlər fəna əhli üçün yox, Məna Əhli üçündür.

Şah Xətaiyə görə, Allah Həllac Mənsurun diliylə "Ənəlhəqq" söyləyib.

Bu məqam Nəsimidə də eynilə təcəssümünü tapıb: "O, de, dedi, mən də dedim".

Hələ də inanılası deyil, yoxsa?

Niyə də inanılmasın?

Niyə Allah istədiyi yerdə təcəlli edir, məsələn, yanan yamyaşıl Göyəm ağacından səslənib "Musa, Ənəllah"- "Musa, mən Allaham" deyə bilir, amma Öz "Eyvan"ından-İnsan ağzından, insan dilindən səslənə bilmirdi.

...Bəlkə elə-belə danışıram?

Bəlkə də elə-belə danışmıram?!

Halbuki, "Hər şeyi o, bilir, o, söylər" (F.Əttar).

"Bizi hər şeyi bilən Allah danışdırır"

"Allah dilədiyini nuruna qovuşdurur".

"Quran"da öz əksini tapmış bu ayələr bizi də Nəsiminin Ənəlhəqqindən Ənəlhəqqin Nəsimisinə doğru aparmırmı, yaxınlaşdırmırmı, qovuşdurmurmu?!

P.S. Allahı tanımaq istəyirsənsə, nəfsini bil!

İnsanı tanımaq istəyirsənsə, Nəsimini bil!

15.06.2019

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!