Sən ağlama, mən ağlayım, gözəlim... Əhməd Cavadın Şükriyyəsi - Günel EYVAZLI yazır - Günel EYVAZLI

Azərbaycan qadını silsiləsindən ikinci yazı

Günel EYVAZLI

Adətən süfrənin başında əyləşib səninlə duz-çörək kəsən bir insan sonra naxələf çıxırsa, çörək gözünü tutsun, deyirlər. Tülkü olub quzu qiyafəsində görünmək riyakar, alçaq adamların qədim peşəsidir. Onlar isə masanın ətrafında yaxın dostlar kimi sədaqət andı içmişdilər...

Süfrəni evin xanımı açar, həyat yoldaşının dostlarını gülərüz çöhrəsi ilə evin xanımı qarşılayardı... Şükriyyə nə bilərdi ki, elləri yara-yara gəldiyi, atasının etirazına baxmayaraq tanış olmadığı yurda gəlin köçdüyü bu məmləkət onun üçün tale adlı oyun hazırlayıbmış. O, nə biləydi ki, sevdiyi, aşiq olduğu bu kişinin daxili vətən, istiqlal eşqilə alışıb-yanır. Bir tərəfdən, sevgili vətənin ağır durumu onu əldən salırsa, digər tərəfdən, sevdiyi qadının məhəbbəti ruhdan düşməməyə səsləyirdi, şairini. İki sevginin qovuşuğu Əhməd Cavada, sənin bu məmləkətdən getməyə ixtiyarın yoxdur, deyirdi. Ona çoxu təklif etmişdi. Publisist, tərcüməçi Mirzəbala Məmmədzadəni Türkiyə sərhədinə çatdırarkən, Mirzəbala, ailəni - xanımını, uşaqlarını da götür gəl, Türkiyəyə, söyləyir. Əhməd cavabında, sən get, mən gedim... bəs bu binəva Azərbaycanı kimə tapşıraq, cavabını verir.

Vətən sənin kimi vətənsevərlərə, böyük kişilərə əmənət idi, Əhməd Cavad. Gör onlar nə etdilər... Səni "xalq düşməni" damğası ilə barmaqlıqlar arasına saldıran, olmazın işgəncəni verən, güllələyən bədbəxtlər sənin kimilərin qatili olduğundan və bu xalqı gerçək işıqdan məhrum etdikləri üçün xalqın ədəbi düşməni idilər. Xalq düşməni onlardır. İllərlə eyni tədris ocağında çiyin-çiyinə çalışdığın, süfrənin başında oturan Mir Cəfər Bağırovlar sənin ölüm hökmünü oxuyacaqdı. Çünki /Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut/ Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut!/ deyən bir kimsə onlar üçün olduqca böyük qüdrət, əzəmət sahibi idi. Onlar istəsələr də əyilməz boyunun hündürlüyünə çata bilməyəcəkdilər. O səbəbdən də əsrlərdir yaltaqların, alçaqların tətbiq etdikləri eyni qayda ilə səni susdurmağa çalışdılar. Sən, amma indi də Azərbaycan Respublikasının dövlət himnində dəfələrlə kimliyimizi bizə xatırladırsan, ey, qəhrəman övladın şanlı vətəni... Ey, şanlı vətənin gerçək qəhrəmanı...

Azərbaycan qadını silsiləsindən Əzizə Cəfərzadədən sonra Şükriyyə xanım haqqında yazı yazacağımı kimə söylədimsə, o böyük qadın olub, fikrini eşitdim. Adətən çiyindaşlar, arxadaşlar, həyat yoldaşları elə bir-birinə tən olmalıdır. Əhməd Cavad seçimində yanılmamışdı. O cür kişinin, Şükriyyə kimi xanımı olmalıydı, əlbəttə. Bu belə olmalıydı. Beləydi də...

Əhməd kimi sevgilisinin qeyrətini qorumaqdan ötrü, onun namusuna təcavüz olunmasın deyə, Şükriyyə yolçuluğun birinci günü, iki kilometr piyada gəldikləri o yolu keçəndən sonra axşam özünü ayaqyoluna çatdıraraq alt, üst paltarlarını soyunub tualetin döşəməsini silərək yenidən əyninə geyinir. Saçını, üz-gözünü murdarlayaraq özünü qorumağı bacarır. Ona görə də hər kəs cüzamlı görürmüş kimi ondan qaçır, iyrənirdilər. Yəni M.C.Bağırovun Cavaddan boşan, atanın soyadına qayıt, sürgündən azad olunacaqsan təklifinə Şükriyyə "Bəlkə də Cavadı güllələyəcəklər, amma mənim boşanma ərizəm ona güllədən ağır olacaq. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram" cavabını verir. Amma bu, hələ yolun yarısı idi. Dağ boyda kişiləri alçaltmağın yolunu yaxşı bilirdi alçaqlar. O səbəbdən yol boyu yeməkdən, içməkdən məhrum olan qadınlar son anda aclığa tab gətirməyib əsgərlərlə cinsi əlaqəyə girərək bir pay çörəyə qonaq olurdular. Əslində, bununla təkcə cismani yox, ruhlarını da bir parça çörəyə satırdılar. Şükriyyə isə barmağını deşib qanını sovuracaq qədər, özünü ələ verməyəcək qədər böyük qadın idi, hə... Elə bu qüdrətilə öldükdən sonra da yaşamağı bacaran, yaddaşlarda qüdrətli qadın simvolikası ilə özünə əbədi yer qazanmış şəxslərdən biri olmağı bacardı. Yox, bacarmaq bəsit səslənər. Heç kim sonradan dəyişmir ki... İradə böyük məfhumdur. Zindanda bütün ağrı-acılara sinə gərən, işgəncələrə dözən Əhməd Cavadın qadını elə onun kimi olmalıydı. Elə onun kimiydi. Əyilməz ruha sahib olmaq asan məsələ deyil. Topuğuna daş dəyən kimi vətənini satmağa hazır olan, əqidəsindən dönən, canını qorumaq üçün dostunu belə satmağa hazır olanlar var. Şükriyyələr, Əhmədlər başqa cür ola bilməzdi. Çünki seçilmiş idilər...

Bu yaxınlarda E.L.Ceymsin erotik hesab edilən "Bozun əlli çaları" romanını oxuyarkən çirkin pornoqrafiyanı yox, okeanın o tayında yaşayıb yaradan bir qadın yazarının əsərindəki incə nüansı özüm üçün təyin edə bildim. Dünyada tüğyan edən üryanlıq, cinsəl platformada at oynadan doyumsuz şeytan çarxı oyunbazlığı çərçivəsində romanı qələmə alan ingilis yazıçısının çirkabın içində belə vurğunu ülvi hisslərin üzərinə qoymaq istəyini müşahidə etdim.  Zahirən oyun üzərində qurulan romanın alt qatında yazıçı istəyi də paralel olaraq inkişaf edirdi. Ədəbiyyat fakültəsinin tələbəsi - qadın obraz Anasteyşa Stilin rastına çıxmış milyonçu Kristian Qreyin  dırnaqarası cinsəl oyunundan sonra, bəyəfəndinin nədən məni seçdin sualının cavabına xanımın, qarşıma çıxan bütün kişilər kitablarda oxuduğum personajlar ilə üst-üstə düşmürdü, onların heç biri Ceyn Ostinin "Qürur və qərəz"inin cənab Darsisi qədər kübar və alicənab deyildilər, söyləyir. Bəlkə də mənimçün bu element romanı davam etdirməmək üçün kifayət idi. Romanda xanımın dilə gətirdiyi bu kəlmə mazoxist düşüncəli bir erkəyi dəyişə bilir. Onun sərt qəlbinə ülvi hiss toxumunu səpə bilir.

Bəlkə də cəmiyyətin qadın, kişi qolunun zəifləməsinin əsas səbəbi hər şeyin əlçatan olmasıdır. Kişilər qadınlara sahiblənmək üçün dastanlarda oxuduğumuz kimi şücaət nümayiş etdirmirlər. Qadınlar isə əl oyuncağı kimi asan əldə olunandırlar. Acınacaqlıdır. Elə deqredasiyanın əsasında da bu dayanır. Olar bilər ki, bütün bunlar kitablardan uzaqlaşmağımızın səbəbidir. Çünki kitabların yaratdığı obrazlar yox, kino, serial sahəsində retinqə hesablanmış personajlar cəmiyyətin obrazına, dırnaqarası qəhrəmanına çevrilir. Ona görə filmlərdə müşahidə etdiyimiz ailə dramlarının gerçək həyatda sayı artmağa başlayır. Serialların həyasız qadınları, xalaları gerçək həyatımızda da öz cismini taparaq yaşamağa başlayır. Latın Amerikası filmlərinin yaratdığı həyat tərzi öz proyeksiyasını xam gənclikdə cızmağa başlayır. Və beləcə silsilə şəklində aşına, aşına gedirik... Amma onlar yox, Bəxtlilər, Mişkinazlar, Ömər Faiq Nemanzadələr, Axundovlar, Əhməd bəy Pepinovlar, Turan Cavidlər, Məhəmməd Əmin Rəsulzadələr, Topçubaşovlar, Mirzə Kazımbəylər, Hüseyn Cavidlər və başqaları obraz qalereyasına çevrilməlidirlər.

Amma həyat boyu gerçək mənfi obrazlarla da rastlaşırıq. O gerçək insanlar ki, Əhməd Cavadı anonim imzalarla qəzet-qəzet izləyib, haqqında böhtan, şər, ittiham dolu yazılarla güllə qarşısına yola salırdılar. Uf demədən, acımadan yaşamına xitam verirdilər. Əhməd Cavad isə yazılan bütün şeirlərində eyni intonasiyanı təkrarlayırdı. Susa bilmədiyindən...

Necə susum, danışmayım,

                        mən eyləyim xəyanət?

Hanı sevgi, hanı vətən,

                        de harda qaldı millət?

Mən bir qulam, yerim altun,

                        suyum gümüş, özüm ac,

Atam məhkum, anam sail,

                        əlim hər şeyə möhtac...

...

Mən Türk övladıyam,

                        dərin ağlım, zəkam var,

Nə vaxtacan çiynimizdə

                        gəzəcəkdir yağılar?

Nə qədər ki, hakimlik var,

                     məhkumluq var, mən varam,

Zülmə qarşı üsyankaram,

                        əzilsəm də susmaram!

- söyləyirdi...

Müsahibələrinin birində, babamı onun yazıçı dostları satdı, deyən Anar Axundzadə indinin indisində də Türkiyədə olunca, mən Əhməd Cavadın nəvəsiyəm, kəlməsini dilinə aldıqda necə sayğı, hörmətlə qarşılandığını söyləyir. Əhməd Cavadın "Çırpınırdın Qara dəniz"i indi də türklərin istiqlal marşıdır. Üzeyir Hacıbəyovun bu titrək sözlərə yazdığı möhtəşəm musiqini dinlədikcə heyrətini, gör kimlərin nəslindədik, başucalığını, qürurunu, məsuliyyətini vətəndaş olaraq üzərində hiss edirsən... Biz bu gerçək qəhrəmanların nəslindənik, bəli!

Qazaxıstanın o dəhşətli düşərgəsində ömrünün səkkiz ilini xərcləyir türk əsilli acar qızı Şükriyyə. Odun doğrayır, yük daşıyır, dərzilik, aşpazlıq edir. Nəm, darısqal kamerada həyatının ən gözəl çağlarını xatırlayır. Kobud əllərinə baxaraq incəliyindən bir zərrə belə qalmadığının fərqinə varır. Ayna qarşısında dayanmağın da heç bir mənası yox idi artıq. Əhməd Cavadın sevdiyi, aşiq olduğu o gözəl, incə, qarasaçlı, irigözlü xanımdan əsər-əlamət belə qalmamışdı. Həm də bilirdi ki, indi övladları pərən-pərən olub. Bilirdi ki,  ömür-gün yoldaşı hansı işgəncələrə məruz qalır. Bütün bunlar içini didik-didik edirdi, ağlını başından alırdı, məhv edirdi onu həm bir qadın kimi, həm ana, həm də həyat yoldaşı kimi... Yalnız övladlarına nə zamansa qovuşmaq istəyi anaları ayaqda saxlaya bilər. Elə onlara görə yaşayırdı Şükriyyə. Əhməd Cavad isə zatən onun içində idi. Sevimli nəğməsiydi dodaqlarında...

Deyilənə görə, Şükriyyə xanım tez-tez bir şeiri mahnı kimi zümzümə edərdi. Bu, Əhmədin toylarında dediyi gözəl şeir idi...

Məndən xoşbəxt varmı dünyada, deyin?

Ey, telli yavrusu Süleyman bəyin.

Baxtım tərlan imiş, yeyindən, yeyin,

Heç kəsə bu baxtı vermərəm, sənsiz...

Bəxtəvər idilər...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!