"Mən" olmağımın tarixçəsi... - Niyazi Mehdi - parçalar - Niyazi MEHDİ

Niyazi MEHDİ

 

Bu yazını təkcə uşaqlarım üçün yazmıram. Bu yazını həm də Ağdamı, Azərbaycanı sevənlər üçün yazıram. Eləcə də psixoloqlar, kulturoloqlar, yazarlar və daha kimlər-kimlər üçünsə yazıram. Bu yazıda istəyirəm tapım görüm hansı travmalar-yaralar, hansı təsirli olaylar uşaqlığımda məndə dəbərtilər yaradıb və başqalarına oxşayan uşaqdan oxşamayan uşağa, sonra "yekə kişiyə" çevirib məni. Bakıya köçmüş rayonlu kimi mən necə bakılılaşmışam. İlkində elmlə ilgilənməyən mən necə alimləşmişəm. Necə dünyanın çətinliyində bütün mənəvi məğlubiyyətlərimə baxmayaraq, bəzi əxlaqiliyi saxlaya və ya qazana bilmişəm? Bir sözlə, bir azəri türkü necə olub ki, azəriləşib və türkləşib. Azərbaycan necə olub ki, öncəki yüzildə mənəvi axtarışlar, kültür axtarışları məkanı olub?  

1950-ci illər. Ağdam.

Mən 51-ci il fevralın 26-da Sarcalı və Seyidli simbiozundan yaranmış ağdamlı ailədə anadan olmuşam.

Tarixdəki olayların fizikası, maddəsi var, yəni qılıncların poladı, atların təzəyi, kəsilmiş başların bərəlmiş gözləri, göndərilmiş məktubun kağızı, döyüş anlarının hay-küyü var. Ancaq mənim kiçik qardaşım Elçin, - indi İngiltərədə "El" olmuş Elçin demişkən, bizim İndimizə musiqidə çalançının, oxuyanın yalnız keçmişdə, yəni bir neçə an öncə səsləndirdiyi səsi çatır. Onların indisi ilə bizim indimiz nə qədər yan-yana dursa da həmişə Keçmiş və İndi kimi ayrılır. Bizə çalançının, oxuyanın səpələdiyi səslərin İndisində bulunmaq imkansızdır. Günəşin şüaları təxminən 8 dəqiqəyə bizə çatır, deməli, onda baş verən partlayışları biz 8 dəqiqə sonra görə bilirik. Tarixdə baş vermiş olaylar da bizim üçün elədir. Danışanın bizə çatan sözləri də elədir. Nə bizim İndimizə girirsə, Keçmişdəndir, yəni həməncə girmir, gecikib girir. Onun fizikası keçmişdə qalır, bizə çatanı isə semiotikası, semantikası olur. Tarix olayları fiziki gerçəklikdə baş verir, di gəl ömürlərini, semantik bolluqda yaşamlarını ruhani müstəvidə (Hegelin fəlsəfəsi bu haqdadır) qazanırlar.

Hər hansı nəsnə Heçdən Vara çevrilmək üçün ilişgilər şəbəkəsinə varmalıdır. "Varlıq" sözü də bundandır. Allahın özü də bizə bilinmək üçün Qeyb aləmindən çıxmalıdır və çıxanda, tutalım, "Quran"dakı sintaktik şəbəkəyə, psixoloji intonasiyalar sırasına girməlidir ki, olaylar, məsəllər sırasında görk-şəkil-bilinti tapsın. Bax, bu, semiotik və ya semantik sahədir. Orada saysız "molekulyar", yəni incə ilişgilər var, bunu təfsirlərdən də görmək olar, ancaq orada bütün deterministik ilişgilər, yəni səbəb-nəticə bağları bəlkə, libasdır, gerçək deyil, görüntüdür. Allah dünyanın səbəbidirmi? "Hə" demək asandır, di gəl, deyəndə küfrə oxşayan axmaq fəlsəfi sorulara cavab verməlisən: səbəbidirsə, dünyadan qabaq dünyasız olmalıdır. Elədirsə, necə oldu ki, o qədər dünyasız olandan sonra birdən dünyanı yaratmaq, yəni dünyanın səbəbi olmaq fikrinə düşdü? Səbəbdirsə niyə məhz Yer üzündə insan dünyasını yaratdı, o biri planetlərdə yaratmadı? O birilərində yaradıbsa, niyə elçiləri bu haqda aydınca danışmayıblar?

Allah dünyanın səbəbi deyilsə, necə varlığın, evrənin yiyəsi ideyasını doğrulda bilər? Allah dünyanın səbəbi deyilsə, bəs onda dünyaya hansı deterministik olmayan etgiləri var ki, onlara görə Tanrı sayılır? Bu suallar cavabsız sorulardandırlar...  

İndi daha aydınca deyə bilərəm: memuarda bir olaydan çox-çox uzaqlarda olanları yazar metaforik, assosiativ və s. ilişgilərə salırsa, bunu səbəbi tapmaq üçün etmir, həmin olaya türlü yöndən varlıq qazandırmaq üçün edir, çünki varlıq hansısa ilişgilər şəbəkəsinə varmaqdır. Deməli, nəyisə anlamlarla bollandırmaq onun varlığını bollandırmaqdır. Bütün bunları mən 2003-cü ildə Şahbazın "Qanun" nəşriyyatında çap etdiyi "Azərbaycan bilinmələrindən sezilən nəsələr" (nəsnələrlə nəsələr arasında) kitabımda ələk-vələk eləmişəm, ancaq yenə də son nöqtəni qoya bilməmişəm.

Nəyisə anlamlarla bollandırmaq onu qaranlıqdan, ya torandan işığa çıxarmaqdır. Bu, yoxluqdan var etmək deyil, bilinməzlikdən bilinərliyə çıxarmaqdır və ya saysız qırnıqlardan hansılarısa seçib nəyisə (nəsnəni, simvolu, bildirəni) onlardan yığmaqdır. Yığanda kimsə hansısa ilişgiləri səbəb-nəticə əlaqəsi kimi açacaq, kimsə bunu inkar edib təsadüflərin naxışı kimi göstərəcək, başqa biri isə bu ilişgilərdə bifurkasiya tapacaq. Heç biri də düz olmayacaq, ancaq hamısının birgəliyindən alınan konsert gözəl musiqi, gözəl partiya verəcək.      

***

İndi baxım görüm mənim dünyaya gəldiyim 50-ci illərdə dünyada baş vermişlərdən nələr mənim semantikamı bollandıra bilər? Uşaqlığım keçən Ağdam dünyası mənə dəhşətli bozumtulluqda görünürdü. Bu bozluğun içindəki "Məmməd", "Vəli", "Həsən" adlarına baxanda modernist səslənən "Niyazi" ismini daşıyan qara-zırtı, hərdən "pota bala" sözünü eşidən Mən çox maraqsız görünürəm. Özümü ovundurmaq üçün deyə bilərəm ki, bəlkə Stalin də, Hitler də, Çörçil də uşaqlıqda maraqsız olublar?  Stalin, Hitler niyə tutuşdurmaq üçün ağlıma gəldi? Mən ki onların gizli fanatlarından deyiləm. Deyəsən, hamar narrativlərin (söyləmlərin) acığına onları sadaladım... Adam yazı yazanda təkcə başqaları ilə yox, özü-özü ilə də oynayır, öcəşir, özü-özünün acığına söz söyləyir.

Toğrul Nərimanbəyovun, Səttar Bəhlulzadənin kubizmdən, impressionizmdən etgilənmiş fırçaları darıxdırıcı Abşeron məişətini, çölünü, tikililərini mənalar, çalarlar sayrışdıran nəsnələrə çevirmişdi. Bu çalarların içində olanların Bakı küftə-bozbaşına, düşbərəsinə baxanda doğurduğu fərqli anışmalar fərqlə dünyanı yaradır. Küftəbozbaş öz dalınca Bakı toylarının meyxanalarından, qumarından, nəşəsindən qığılcımlanan mənaları dartıb çəkir...Toğrul da, Səttar da kubizm və impressionizmin əli ilə Abşeron qala divarlarına, dalanlarına, kasalarına, məcməyilərinə Van Qoq, Pikasso, Bart, auralarını verirdilər. İndi mən də maraqsız görünən pota, balaca Niyazi ilə semiotikləşdirici, semantikləşdirici eyləm yapım görüm bundan nə çıxacaq.  

***

8 yaşınacan Ağdamda gördüklərimin bəziləri birtəhər yadıma düşür, xatirələrimi onlardan başlayım.

O vaxtdan indiyənəcən, hazırda mənə çox qısa görünən 68 il keçib - bax, elə bu qədər də mənim dünyaya gəlməyimdən qabaq Mirzə Fətəlinin, Zərdabinin yaşadığı illər olub. Bu 136 ili iki yerə bölüb götürəndə elə də böyük görünmür. Böyüyür içini çoxlu olaylarla, adamlarla dolduranda. Çantasında yüz otuz altı min manat olan üçün bir manat heç nədir. Yalnız bircə çörək almağa pulu çatan adam axırıncı manatını itirəndə faciəyə düşür, sanki 136 min manatını itirib. Beləcə, psixolojimiz və kontekstimiz iri saylarla, özəlliklə, zaman və para sayı ilə bağlı bütün ömrümüz boyu bizi çaşqınlığa salır. Çox vaxt bu çaşqınlıq psixoloji hal kimi bizi məzələndirir. Di gəl, elə də olur ki, necə davranmaq, nə etmək məsələsi ilə bağlı doğru seçənək qarşısında duranda o çaşqınlıq bizi azdıraraq ziyana salır. Örnəyin, yaşamaqdan doymayanlar 90 yaşında ölüm gələndə "daha nə qədər yaşamaq olar?" sualı ilə özlərini ovundurmurlar, 90 yaşın qısa görüntüsü onları şaşırdıb qoymur ki, ölümü müdrik qarşılasınlar. İndi söylədiyim 136 il də elədir. Onu göz qırpımı kimi qısa bilib Zərdabi, Mirzə Fətəli dönəminə, 68 ili elə bilib öz ömrümə yanaşmam məni nədə azdırır, nədə doğru yönəldir? Bu sorunun üstündə ekzistensal fəlsəfə yapmaq olar. Ancaq bir anın roman qədər uzadılmasından modernist əsərlər də var, axı!  

Uşaqlığımın keçdiyi Ağdam dünyasına XIX yüzilin ikinci yarısından XX əsrin 50-ci illərinəcən nələr etgi yapıb, nələr iz qoyub? Bu ciddi soruya cavab tarixçi və kulturoloji araşdırmalardan doğsa yaxşıdır. Məndə o bilgi haradan?! Ancaq memuar janrı başımda olanlarla kaleydoskopik oyunlar yapıb narrativlər (söyləmlər) qurmağa imkan verir. Yadımdadır ki, 50-ci illərdə hicablı, çarşablı qadınları Ağdamda görməzdim. Mən 62-ci ildə biz Bakıya köçəndə burada, yalnız burada Sovetski məhləsində qarılar arasında çarşabla gəzənləri gördüm. Belə çıxır ki, XIX yüzildən başlamış Maarifçilik hərəkatının, sonra isə Sovet ateizminin qadınları çarşabdan qurtarmaq kampaniyası Ağdamda daha əhatəli olmuşdu, nəinki Bakıda. Bunu yazanda yadıma saldım ki, atamgilin kəndi Sarcalıda da (dəqiqləşdirmək üçün deyirdilər "Çəmənli Sarcalısı", hərçənd Sarcalı camaatı Çəmənli camaatını bəyənməzdi, bu, onların bir sovxozda olduqları illərin münaqişələrindən gəlmişdi) - bax, Sarcalıda qoca qadınlar da çarşabsız olurdu. Bəlkə bu o fikri doğrulayır ki, tərəkəmə qadınlarında çarşab olmayıb?!

Çarşabla bağlı söylədiyim sekulyarlıq Ağdam dindarlarına aid deyil. Onlar əməllicə mömin adamlar idi - düzdür, bu möminlik folklora çevrilmiş İslamdan çıxırdı.

Mən orada hamıdan "Həzrət Abbas" andını eşidərdim. Daha düzü, hamıdan yox, oğlanlardan və kişilərdən. Qadınlar daha çox uşaqlarının canına and içərdilər. Onu da deyim ki, Həzrət Abbas andını heç vaxt Bakıdakı şiələrdən eşitmədim. Həzrət Əlinin oğlu olan Həsən və Hüseynin anadan ögey qardaşı olan bu qutsal ərən hansı yerli Şiə gələnəyinə görə Ağdamda belə sevimli olmuşdu? - bunu deyəmmərəm.  Yalnız orada tez-tez istənilən adamdan Həzrət Abbas andını eşitmək olardı. Əslində, Azərbaycan bölgələrini hansı müqəddəslərə and içməsinə görə tutuşdurub ayırmaq olar. Mənim uşaqlığımda Bakıda rusdillilər arasında yox, Azərbaycandillilər arasında başlıca and Ətağanın cəddi idi. Yasamalda təzə binalara köçmüş ailələrin oğlanları da Dağlı məhləsinin və Sovetskidən gəlmişlərin etgisi ilə dəqiqədə bir Ətağa deyirdilər. Bu and cayıllıq göstəricisi kimi ev, ana uşaqlarından küçə dünyasında avaralananları ayırırdı. Bəzi qızlar elə and içəndə bilirdin ki, o, qədeş ailəsindəndir.     

İndi də bilmirəm nədən Ətağa andı ilə mən danışığımı bakılılaşdırmamışdım. Yasamalda məktəbdə uşaqların az qala yarısı dağlı məhləsindən, o biri yarısı Sovetskidən idi. Müəllim ailəsindən olsam da brutallıq yüksək dəyərləndirilən məhlə dünyasının tipik nümayəndəsi kimi olmaq və görünmək üçün dilimi və davranışımı qədeşləşdirmişdim. Bə niyə Ətağaya and içmək mənim özünüqədeşləşdirmək əməliyyatıma girməmişdi? İndi deyə bilmərəm niyə, bəlkə sonra ağlıma gəldi.

Ağdam yaşlıları arasında tez-tez işlənən and Seyid Lazım ağanın cəddi idi. Hərçənd, mənə elə gəlir ki, bu and 60-cı illərdən daha geniş yayıldı.

***

Ağdam Şuşadan qədim olsa da, Sovet dönəminəcən onun qədər mədəni həyatı olmamışdı. Elə bil bütün parlaq ziyalılar, musiqiçilər, salnaməçilər Şuşaya yığışmışdı. Hərçənd, ora camaatı Ağdam kimi ətraf yerlərdən gəlmə adamlardan toplanmışdı. Ona görə də Şuşa ilə Aran camaatının arasında ilişgilər sıx idi, onun üçün də qarabağlılar Şuşaya doğma mədəni mərkəz kimi baxırdılar.

Ağdam Sovet dönəmində yavaş-yavaş mədəni-iqtisadi mərkəz statusunu qazandı. Güman, ona görə də buraya xeyli şuşalı köçdü. Deyəsən, anamın nənəsi Firəngizin də əsli oradan idi. Ağdamlılarda fikir vardı ki, şuşalılar ağ olur, bir də simic olur. Doğrudan da mənim şuşalı qohumlarım ağ idilər, ancaq ağdamlılara simiclik kimi görünən sifətləri, əslində, qənaitcillik və qeyri-israfçıllıqdan gəlirdi. Mənim uşaqlığımda Ağdamda əliaçıq-xəsis söhbətləri o qədər geniş yayılmışdı ki, onu hamıdan eşidərdin. Bu gün Bakıda gəncləri bilmirəm, yaşlılar arasında daha bu söhbətlər getmir. 90-cı illərdə isə gedirdi, türklər haqqında, güneylilər haqqında.

Bu nədir? Simiclik qınağının ortadan getməsi qloballaşmanın etgisidir, ya nədir? Araşdırmağa dəyər.

Bu yaxınlarda Seymur Baycanın "Qukark" romanında ağbəniz adam məsələsinə yenidən rast gəldim. Orada Seymur yazırdı ki, cəbrayıllılar arasında ağbəniz adamın kultu vardı, yəni kimsə ağ idisə, ondan söz salanda bunu vurğulayırdılar. Şahbaz Xuduoğlu eyni kultu Hindistanda görmüşdü. Bütün qadınlar ağ görünmək üçün pudralanırdılar. Bu mənada ağdamlıların ağbəniz adamlara sevgisinin geniş konteksti var.     

***

Uşaqlığım keçən Ağdama XIX yüzil Şuşa mühitinin, məclislərinin etgisi ya az idi, ya da olanları mən seçib duya bilməzdim. Yalnız Xan qızını eşitmişdim, bir də indicə yadıma düşdü ki, eşitmişdim İmarəti. 

Bunu yazıb Vikipediyaya baxdım və oxudum ki, İmarət Xan qızının torpağı imiş. Orada özünün, atası Pənah bəyin, babası Mehdiqulu xanın qəbirləri varmış. Uşaqlığımda İmarətə getmişdim, evimizdən ora yarım saatlıq yol idi. Yadımdadır ki, Ağdamın tozlu asfaltlarından sonra oranın çəmənliyi kontrast prinsipində peyda olan kadr təsiri bağışlayırdı. Ağdamın öz basırığı vardı və heç yerdə belə gözəl, asudə məkan tapmazdın. Elə bil ora daha sərin, daha səssiz idi. İmarətdə məqbərələr də vardı və deyirdilər ki, "Ağdam" adı onların daş damından çıxmışdı.

***

Mən gördüklərimi yadda saxlamağa başlayanda biz, yəni gömgöy gözləri olan, qara dərisinə görə hind arvadlarına oxşayan Raxşəndə nənəm, dayım Rafiq, qardaşım Elçin Mədəniyyət Evinin qabağındakı  meydançadan 50-60 metr bu tayda yerləşən ikimərtəbəli hökumət evində yaşayırdıq. Bu Mədəniyyət Evi biz balacalara azman görünürdü. Bizdən sol tərəfdən Qobunun üstündən körpü keçirdi. Qobu həyətimizin başında idi. O çağ mən haradan biləydim ki, Ağdamdan keçən bu çayın adı həm də Abşeronda kəndin adıdır və söz kimi dərəni, dərədə axan çayı bildirir. Ağdam Qobusu, deyəsən, Qarqar çayının qolu idi, bizim evin qabağında doğrudan da dərə əmələ gətirmişdi. Qobudan ayrılan arx  bizim evin altından keçirdi. Onlar arasındakı məsafə 20-25 metr idi. Mən o vaxt bilməzdim ki, bu doğma söz olan "Qarqar"ın 3-4 min il yaşı var. Əskilərdə o adı daşıyan ulus da varmış.

Ağdamda Seydli kəndindən "Kötəl" deyilən çay keçirdi, o da Qarqarın qolu imiş. Ana babam Ağaların ikimərtəbəli daş evinin iki metrliyində 7-8 metr dərinliyində dərin uçurum vardı və dibindən çay keçirdi. Kötəl o idi. Həmişə qorxu vardı ki, bu ev ora uçacaq.    

Qobunun yaxasındakı evi sonra sökdüdər ki, poçt binası tiksinlər. Sanki Ağdamda yer qəhət idi. Sovet kasıbçılığında ikimərtəbəli evi yaxşılaşdırmaq əvəzinə sökmək israfçılıq idi. Ev söküləndən sonra biz köçdük Mədəniyyət Evi ilə üzbəüz tikilmiş üçmərtəbəli təzə hökumət evinin ikinci mərtəbəsinə. Ancaq məktəbəcən həyatımın etgili olayları körpünün yanındakı binada olmuşdu. Bizdən 400-500 m. aralı "Çaxır zavodu" deyilən məhlə vardı. Mənim bir-iki yaşımda nənəmin dükanı orada idi. Qabaqlar evimiz də orada idi. O çağlar anam atamla Bakıda oxuduqlarıından məni nənəm saxlayırdı. Dünyada nəsillərin, adamların qəribə kəsişməsi, çarpazması olur. Orada bir qadın vardı, deyəsən, nənəmin bacılığı idi. Adı Əzizə idi, Cavanşirlər nəslindəndi, bibisi Həmidə xanım idi, Mirzə Cəlilin xanım-xatın övrəti. Bakıda 158 saylı məktəbin yanındakı binada yaşayanda iki çox hündür (190-a yaxın) dostum  vardı, məhlə uşaqları idi. Onlardan biri Akif (Şaxverdiyev) idi, onun haqqında sonra danışacam. O biri Əli idi. Bu dostum çox yaraşıqlı oğlan idi və gözəl akkordion çalırdı. O, Şuşada olanda orada Əzizə xalanın qızı Sevda ilə tanış olur və evlənir. Sonra Sevda məni tanıyır və qardaşı İsa üçün baldızım Sonanı almaq istəyir. Beləcə, təsadüflərdən tarixin bir naxışı baş verir. Əzizə xalanın uşaqları ilə tanışlığım gətirib çıxardı baldızım Sonaxanımla onun oğlu İsanın evlənməsinə. "Bakılı oğlanlar" klubunun başçısı Anar Məmmədxanov İsanın əminəvəsi idi. 90-cı illərdə mən "Azadlıq" qəzetindəki "Qırmızı fikirlər" silsilə yazılarımla, bir də TV çıxışlarımla tanınmışdım, o isə "Bakılı oğlanlar" klubu ilə tanınmışdı. Ona görə hərdən restoranda-filanda rastlaşanda uzaq qohumluğumuzu anaraq dodaqqaçdı ilə salamlaşırdıq. Beləcə, mənim oğlanlarım Orxanın və Toğrulun xalası uşaqları Ucal və Ayanın bir kökü Məmmədxanovlara çıxır. Tarixin qəribə naxışı!

***

Zavod məhləsindəki günlərim yadımda deyil, ancaq söyləyirlər ki, nənəm dükanla bağlı harasa gedəndə oradakı bacılıqlarına məni tapşırardı. Bir dəfə dükanda məni yatmış qoyub gedibmiş, ayılanda elə ağlamışdım ki, qonşulara vəlvələ düşmüşdü, bu balacanı bağlı qapı arxasından necə sakitləşdirək?

İndi birdən ağlıma gəldi. Yazıq nənəm mənə görə nə qədər əziyyət çəkmişdi. Elə bu əziyyətə görə 8 nəvəsindən ən çox məni istəyirdi. Elə mən də onu hamıdan çox istəyirdim. İndinin özündə bu yazını yazanda "nənəm" sözündən heç bir sözdən axmayan isti gəlir ürəyimə. İndi Londonda yaşayan və El Koronon ayaması ilə iki parlaq roman yazmış qardaşım "Rax-Şəndə" adını personajlardan birinin adı etmişdi. "Elohim"də olaylar əski İsraildə İsus Xristosun anasının yaşadığı illərdə baş verir. "Rax-Şəndə" romanda yəhudi qarısıdır. Elçinin "Nimrod" romanında isə Ağdam "Madğa" şəklində verilir. Mən heç bilməzdim ki, balaca olduğu halda Ağdam Elçinin şüurunda belə dərin iz sala bilər. 5-6 il bundan qabaq o, "Google"da gördüyü Ağdam xarabalıqlarından danışanda birdən dedi: Sən bilirsən, Ağdam mənim dünyada ən çox sevdiyim yerdir?!

Ermənilər bizə belə dağ çəkiblər. Görəsən, bunun əvəzini qansız-qadasız çıxa biləcəyik?! Nə qədər qəzəblənsəm də, erməni uşaqlarını, qadınlarını qıran savaş mənə ağır gəlir. Bəlkə ona görə Dağlıq Qarabağ konfliktinin qansız semiotik çözümünə aid anomal avtonomiya ideyası ağlıma gəlmişdi. Məqaləni yazıb onunla Cenevrədə çıxış etmişdim - konfrans iştirakçılarının çoxu Amerikada, Avropada yaşayan ermənilər idi.

***

Çaxır zavodunun yanından Qobunun üstündəki körpünün böyrünə köçəndə 5-6 yaşım vardı. Burada da elə hadisə olmuşdu ki, mən qanmamışdım, sonradan mənə danışmışdılar. Dayım həyətdə oynayanda məni çəlləyin içinə qoyubmuş. Necəsə çəllək evimizin altından axan arxa düşür, arxın girdiyi dar tunelə çatmamış dayım cumub məni götürə bilir. Sonradan mən o tunelə gözümü zilləyib 5-6 il öncə hansı fəlakətdən qurtulduğumu düşünmüşdüm.

Başqa pis olay atamla bağlıdır. Məni güman ki, nadincliyimə görə çarpayının ayağına bağlayıblarmış. Atam unudub qucağına qaldıranda ipə görə əlindən çıxıram və çənəm çarpayının ayağına dəyir. Dodağımın altındakı çapıq bundandır.

***

Bizim günümüz Qobunun yanındakı mənzilimizin iki otağından öndəkində keçirdi. Arxa otağa "aankı ev", yəni "o yankı ev" deyirdik. Ora qışda soyuq olardu, çünki odun sobası öndəki otaqda idi. Otaqlar böyük idi, mənim uşaq qavrayışımda "aankı ev" sirlərə bürünmüşdü, çünki orada az olurduq, divarlarda, əşyalarda insan istisi yox idi. Ön otaq da böyük olduğundan "aankı evə" gərməyimiz az olurdu.

Məncə, o çağlar təkcə bizdə yox, çox yerdə otaqlarda bəzək heç səviyyəsində idi, bircə yerdəki xalça-palazdan başqa. Komodun üstündəki krujevalı ağ örtüyü mənzilin bəzəyi saymaq olardımı? Bunu bilmirəm. Xrustal qabların kultu Azərbaycana 70-ci illərdə gəldi.

Körpünün yanındakı mənzilimizdə stol və stullar vardı, ancaq o vaxtlar ağdamlılar yerdə oturub yemək yeyərdilər. Xalçanın üstündə süfrə açılırdı, nənəm, anam, dayım bardaşqurma oturub yeyirdilər ("bardaşqurma" sözünün etimolojisi nədir, bilmirəm). Mən isə bədənim elastik olsa da, elə oturub yeyə bilmirdim. Kiminsə bardaşqurma oturmağa məni məcbur etməsi yadımda deyil. Dostum Şahbaz Xuduoğlu deyir ki, Yardımlıda evdə hamıdan tələb olunurdu ki, yeyəndə süfrə başında ayaqlarını uzadıb başqalarının yerini almasınlar. Onlarda qardaş-bacı çox idi, ona görə də süfrə başında yer geniş olmurdu.

Qohumlarımgildə də çörəyi stol başında yeməzdilər. Qayda 60-cı illərin axırında dəyişdi. Hər yay Bakıdan evimizə gələndə biz, artıq stolda çörək yeyirdik. Yaşlananda bir neçə dəfə Bakıdakı evimizdə sınaq üçün yerdə oturub otağımıza tamaşa edəndə gördüm ki, buradan tamam başqa perspektivlər və duyğular açılır. Biz kürsüyə, masya keçməklə onları itirmişik.

90-cı illərin sonunda mən bir məqaləmdə "Kitabi-Dədə Qorqud"da hər olaylar silsiləsini başlayan Oğuz ərəni ilə bağlı deyilən "uru durdu"nu "vurub durdu", yəni yerdən vurub durdu kimi açdım. Daha sonra göstərdim ki, oğuzun yaşamı, ekzistensiyası iki müstəvidə, yerdə uzanılı və yuxarıda at belində, ya da ayaqları üstündə keçir. Oğuzlar aşağı müstəvini yatmaq, məclis keçirmək üçün nə qədər sevsələr də, onun qorxusunu bilirdilər, ona görə də "Kitabi-Dədə Qorqud"da deyilir: oğuzun başına nə gəlsə, yatmaqdan gələr.

Görünür, mənim bu məqaləmin içəridə psixoloji konteksti Ağdamda mütəkkəyə dirsəklənib sobanın istisindən kef çəkməyim olmuşdu. Hərənin əski dünyanın rəmzi olan bir ev əşyasına intim duyğuları olur. Kimsə bardaqdan, kimsə dəmir dolçadan, kimsə səhəngdən enerji alır. Gürcülər (onlar da kimlərdənsə götürüblər) bəlkə də Qafqazda bunu ilk dəfə bilərək araba, çıraq, dəyirman daşı və s. ilə koloritləşdirilmiş restoranlar yaratdılar. Sonra bu aqrar-əntiq estetika Azərbayana da keçdi. Bax, bu kontekstdə söyləyim, mənim üçün ən əziz nəsnə mütəkkədir.        

***

O vaxt ağdamlılarda soyuqdan, uşaq olsam da qanmadığım qəribə bir qorxu vardı. Əski toplumlarda beləcə cinlərdən, qarğışlanmış yerlərdən qorxardılar. Ağdamlılar əlüzyuyandakı suyun üstünə isti su tökürdülər ki, üzlərini, əllərini soyuq su "incitməsin". Bütün dünya, bütün Bakı səhər üzü soyuq su ilə yumaqdan ləzzət aldığı və sinirlərlə bağlı bunda xeyir gördüyü halda, ağdamlılar istibazlıq nümayiş etdirdilər. Sonralar bu istibazlığı mən güneydən gəlib kirasına evimizdə qalan turistlərdə gördüm. İlıq yazda belə otaqları isitmək üçün qaz sobalarını elə yandırırdılar ki, bizdə stereotip yaranmışdı: iranlılar istibazdırlar.

İndi ki, "Ağdam və şəhər" konusuna toxundum, bir nəsnəni də deyim. Nənəm, dayım, xalam "səhərin g...tü açılmamış" deyərdilər. Bəlkə də bu deyim Ağdamda haçansa, haradasa məzədən yaranmışdı, ancaq onlar bu sözlərə yersiz, vaxtından qabaq başlayan işə bütün qəzəblərini yağdıraraq söyləyirdilər. Deyirlər ki, İblis detallarda gizlənir. Mən yazım boyu "səhərin g..tü açılmamış" kimi deyimlərdən, detallardan tez-tez danışacam. Öz axtarışlarımdan bilirəm. Belə detallardan ulus haqqında parlaq nəzəriyyə çıxarmaq olar və ya yaxşı qurulmuş nəzəriyyə belə detalları elə açar ki, xırda nəsnəyə yox,  dəryaya çıxarsan. Səhərin açılmasının "səhərin g...tü açılması" kimi verilməsində mifoloji antropomorfizm var, yəni prosesi insan bədəni biçimində modelləşdirmək var. Fekalilər bioloji aləmdə və qrotesk mədəniyyətdə etgili rəmzlərdir, səhərlə bağlı antropomorfizmdə də gündüzün açılması fekali tökülən dünya kimi verilir - bu nədir? Dünyadan total narazılıq, ya nə? Allahdan narazılıq, ya nə?! Araşdırmaq gərək.

***

Mənim uşaqlıqda gördüyüm Ağdamda adamlar döşəkcəni, mütəkkəni yaman sevərdilər. Elə bil hamının yanbızında ət yoxdu, sümük idi, stullarda, xalçaların üstündə mütləq döşəkcə olurdu. Döşəkcə ağdamlılara qonağa sayğı və qayğı göstərmək üçün jest bəhanəsi verirdi: ala, sən Allah bunun üstündə otur, ala, altına qoy!

***

7-8 yaşımda Ağdamda ailəmiz 6 nəfər oldu. Nənəm, anam (Rəfiqə Məmmədova), Elçin (kiçik qardaşım), Arzu (bacım) mən və dayım (Rafiq Səfərov). Anamla nənəmin dalaşması yadıma düşmür. Deyəsən, anam böyük uşaq kimi anasının ərköyünü idi. Çox güman ki, onların öz kiçik münaqişələri olmuşdu: nənəm anamı maymaqlıqda suçlaya bilərdi. Özünün isə maymaqlığı yox idi. Sərçə necə balası üçün cumub ölümə gedər, nənəm də mənim, qardaşım uğrunda özünü oda atardı. Bizim binanın aşağı mərtəbəsində Qəhbə Elmira yaşayırdı (görün, "qəhbə" sözünün neçə min il yaşı var, ona Sarqonun daş yazılarında rast gəlmək olar). Elmira arıq, nimdaş, uzun bir qadın idi. Otağında cavan, "gəl-gəl" deyən qızlar saxlayardı və deyəsən, onlarca idarə rəislərinə pullu kef verərdi. Göygöz oğlu vardı, adı Soltan idi (indi haradadır, Allah bilir, bəlkə ermənilərlə döyüşdə şəhid düşüb?!). Onunla dalaşmışdım, nə idi, nənəm Elmiraya cumub saçlamışdı. Səhnə indi də yadımda qalıb, necə söyüşürlər, bir-birinn saçından tutub necə dartırlar. Nənəm xanım-xatın olmasa da, saçyoldu ona hər halda yaraşmırdı. Axırda Elmira qorxub çəkildi. Yazıq vərəm idi. O çağlar Ağdamda bir neçə vərəmli görmüşdüm, hətta, deyəsən, vərəm xəstaxanası da vardı.

Nənəmə "qara-zırtı arvad" da demək olardı. Yəqin, o çağdakı arvadların çoxu kimi, elə də təmizkar deyildi. Anam və Əminə xalam Xanlar babamdan olmuşdular. O, 30-cu illərdə dükanda əskiyi çıxdığı üçün tutulmuşdu və türmədə xəstələnib ölmüşdü - deyirdilər əskiyi ona görə çıxmışdı ki, dükanı satıcılara buraxıb qaçaqlarla savaşa getməli olmuşdu. Bununla bağlı bir olay da danışıblar. Babamgil qaçaqları əsir götürəndə arasında yaxın dostu və qohumu olur. Babam onu zaminə götürür. Qohumu fürsət düşəndə Arazın o tayına qaçır. Bu da babama bir ləkə olur.

Əri öləndən sonra nənəm Ağdamda tarzən Bəhmənə ərə getmişdi və ondan dayım olmuşdu. Deyirlər ki, tanınmış müğənni Arif Babayev ilkində Bəhmən kişinin yanında dərs almışdı. Bax, bu Bəhmən nənəmlə evli ola-ola Məleykə adında ağappaq bir gəlinlə görüşürdü. Nənəm bilir, ağacla ərinin üstünə cumur və bu qovğadan sonra ayrılırlar. Deyəmmərəm ki, Bəhmən oğluna, yəni dayıma nəsə möhkəm atalıq edirdi. Ancaq hərdən bu ər-arvadla rastlaşanda özümə qarşı nəsə mehribançılıq görürdüm. Deyəsən, keçmiş ərindən nənəm dayım üçün heç aliment də almırdı.

Anam da nənəmin taleyini təkrar etmişdi. Atam universitetin fəlsəfə fakültəsinə ondan bir il gec girdiyi üçün Bakıda qalıb oxumuşdu. Anam isə Ağdama qayıtmalı olmuşdu ki, işləsin. Sonralar xəbər gəldi ki, atam Elmira adlı bir qızla yaşayır. Onun anasını, Dürrə xanımı vaxtı ilə Səməd Vurğun sevibmiş, ona görə də məşhur olmuşdu. İndi ögey qardaşım qızına bu nənəsinin adını verib. Bax, nənəm buna görə anamın maymaqlığından öfkələnirdi ki, vəziyyətlə barışır. Eşitmişdim ki, Bakıya gedib əlində ağac atamın üstünə cummuşdu. Nəsə Dürrə arvadla söhbətdən sonra geri qayıtmışdı. İncəlikləri bilmirəm, ancaq sonralar görürdüm ki, atamla nənəm küsülüdürlər. Yəqin, arvad kişiyə dağ çəkmişdi. Nənəm hirslənəndə "şalvarını çıxararam" deyən arvadlardan idi. O, yaşamından qəzəblənəndə Allahı da söyürdü. Bir dəfə ona baxıb mən də söyəndə gözündə dəhşət ağzımı yumdu. Beləcə özü ilə bağlı Tanrı cəzasından qorxmayan arvad nəvəsi ilə bağlı panik vəziyyətə düşdü. Bir ara Allaha qarşı qiyam konusunda məqalə yazanda nənəmin bu qarğışları gözümün qabağında olurdu.        

Dayımla bağlı bir paradoks. Mənə əziz adam idi, çünki məni çox istəyirdi. Nənəmə qarşı isə tərbiyəsiz idi. Ondan ağlada-ağlada pul qoparırdı. Söyürdü, qışqırırdı, bəlkə də ona görə anamdan ona mehribançılıq görmürdüm. Ancaq bu ilişgi onun ögəkliyi ilə bağlı deyildi, bir ana qarnından çıxmağın doğmalığı onlarda da vardı.

Nənəmin atası Ağalar, anası Firəngiz idi. Mən Firəngiz nənəmi görmüşdüm, Seyidliyə hərdən gedirdik və başımı sığallayıb öpərdi. Görünüşdə adi qarı idi, mehribançılığı da vardı, ancaq yadıma düşür ki, heç kim onu yaxşı arvad saymırdı. Niyə, bilmirəm. Bəlkə 20-30 nəvə-nəticəsi olan qarıdan çox şey umurdular. Ağdam üçün nə "Ağalar", nə "Xanlar" adı tipik idi, ikisi də mənim şəcərəmə qismət olmuşdu.

Ağdamın bir yarısının adı Sarıtəpə idi. Dağların və təpələrin rənglərlə bildirilməsi əski türk gələnəyidir. "Çernoqoriya" və ya "Monteneqro" gümanım var ki, türkün "Qaradağ"ıdır. Ağdamın Yevlaxdan gələn yoldakı girəcəyi Göytəpə adlanırdı, oradan Sarcalıya 3-4 km idi.

Sarıtəpədə sıx məskənləşmə vardı və heç bir sarı təpə görünməzdi. Yəqin, çılpaq olanda təpə idi və boyası da sarı imiş. Orada mənim xalam yaşayırdı və tez-tez onlara gedirdim. Xalamın əri Şəmiş (bu nə ad idi, bəlkə "Şəmşəddin"in əzizləmə variantı idi?) onun xalası oğlu idi. Onlar haqqında sonra yazacam, hələliksə deyim ki, xalam sözü qırmızı-qırmızı üzə deyən, tərəkəmə kobudluğunda, kinayəli bir qadın idi, Şərqşünaslığı bitirmişdi, ancaq oxuduğu fars dilini bilmirdi, mənə isə iri bir fars dili sözlüyünü bağışlamışdı. Sonralar xalam maraqlı yazar Şərif Ağın qaynənəsi oldu.     

Dayıma qayıdım. Hər yemək gələndə qışqırardı: mənə moça, mənə moça! Moçanı onsuz da ona verirdilər, bə niyə qışqırırdı?! Nənəmlə qaba olsa da, deyəsən, bu qabalığa öyrəşdiyimdən heç demirdim də ki, niyə belə edirsən, ay dayı?!

"Aankı ev"in pəncərəsindən Müəllimlər evi görünürdü. Orada nəsə mədəni tədbirləri gedirdi. Günün ikinci yarısı sərin düşəndə müəllimlər, idarə işçiləri şirin-şirin söhbətləşərək ya Müəllimlər evinə gedib-gəlirdilər, ya da Körpünün üstü ilə adını unutduğum kinoteatra gedirdilər. Körpü ilə onun arasında böyük Park vardı, Allah bilir, bəlkə də Lenin adına idi, çox hündür ağacları vardı, ancaq kimsəsiz olardu. Niyə, bilmirəm. Bəlkə də ona görə ki, Ağdam küçələri qızsız oğlanlar dünyası idi. O, indiki zamandır, Masallıda, Bərdədə harasa gedən qısa don qızlar görərsən. Ağdamda adda-budda görərdin ki, arvadlar küçə ilə gedir. Qızla gəzmək yoxdursa, oğlanlar neylərdi parka getməyi?! Bəlkə də dalaşmağa gedərdilər. Parkda əyləncə yerləri də yoxdu.   

80-ci illərdə mən "qadınsız kişi dünyası" konsepti əsasında Azərbaycan problemlərini, Azərbaycan geriliyini düşünəndə seksual devrimin bizim üçün aktuallığı fikrinə gəlmişdim. Bunu eyhamlarla dərslərdə də deyirdim. Kişi dünyası qadınsız olanda, yəni çayxanaya, restorana qızla  getmək olmayanda, qızlara rəqs meydançalarına gəlmək olmayanda oğlanların psixolojisi primitivləşir - bax, bu ideyanı bir çox yazılarımda türlü variasiyalarda açıb anlatdım. Yuxarıda görükdürdüyüm Ağdam konteksti, güman ki, psixologiyamda qalaraq bu ideyaya öz anşmalarını vermişdi.

Ağdam bazarının altındakı kinoteatrın adı "Zimni" idi. Onu müharibədən qabaq tikmişdilər. Qobudan sonrakı kinoteatrı isə 50-ci illərin axırında tikmişdilər. Orada hind filmlərinə baxıb davamını yataqda yuxuqabağı romantik xülyalarda yaşayardım.

Bu kinoteatrda gördüyüm şirin hind melodramları məndə melodramatik xülyaları gücləndirdi. Böyüyəndə nə qədər lotu-potu görünməyə çalışsam da, içimdə "indeyski" oğlan qalırdı. "İndeyskiliyi" mən kino semotikasından dissertasiya yazanda da tərgitmədim. İndi o "indeyski oğlan" dərinliyimdə zorla sezilən qaraltıdır. Bəlkə də ona görə hərdən hind filmlərinə baxıram və ailəm mənim bu "zəifliyimlə" məzələnir.

Həmin kinoteatrda filmlərə baxanda mən olayların fonu olan simfonik musiqidən duyğulana bilirdim. 1989-cu ildə isə birdən özümdən soruşdum: niyə o ağdamlı balaca oğlan filmə baxanda faciəli olayın simfonik fonundan lərzəyə gəlirdi, filmsiz isə o musiqini duymurdu? Niyə simfonik musiqini qanmayan əyalət adamları kinoya baxanda bu musiqidən duyğulanırlar? Məmməd İsmayılın "Gənclik" dərgisində (Çingiz Sultansoy da orada redaktor idi) bu suallara cavab verən iki məqalə yazdım, 2018-ci ildə isə "Ədəbiyyat qəzeti"nin baş redaktoru, vaxtı ilə tələbəm olmuş Azər Turan mənə zəng vurub bu məqalələri təriflədi.

***

Mənim gözümdə Qobu üstü körpüdə ora-bura gedənlər dəyişirdi, iki nəfərdən başqa, biri Bəndi idi, biri Neji. Sonralar professor, kinoşünas Aydın Dadaşovdan eşitdim ki, Bəndi müğənni Röyanın babası imiş. Bir düşünün, tarix nə qəribə qurğular, naxışlar yapır. Yoxsul, nimdaş Bəndi və qlamur Röya. Bu qızın başqalarından ayrılan səs tembrini tapmasında, özünü incəldib ulduz imicinə salmasında, Avropa və türk Şou dünyasından yerişi, mimikanı, makiajı, oxu plastikasını götürüb Aygünlə rəqabətə girməsində Bəndidən nələr gəlib? Yoxsulluğa etirazmı, zəhmətkeşlikmi, ya nə?

Bu da tarixin naxışıdır. Röyaya tələbəm, aspirantım, sonra dostum olmuş Vaqif Gərayzadənin "Aypara"sında rast gəlmişdim, bizdə ad günümdə oxumuşdu. Sonra o, "Aypara"dan gedib ayrıca karyera etdi və bizim Bakıdakı binamızda yaşayan "Çudo peçka"nın yiyəsinin oğlu Anarla gəzdi, evləndi. İndi isə boşanıb. Tarix rəml atır və səpələnmiş daşlar birlikdə olanları elə ayırır, ayrılanları elə birləşdirir ki, az qala qışqırasan, bu necə oldu?! Bu Anarın babası ilə mən 90-cı ildə jurnalistlər dəstəsində Amerikada  olmuşdum, "Bakinski raboçi"nin baş redaktoru kimi onu dəstəyə salmışdılar. Cəbhəçilərin demokratiyasına bax, hərəkata dəxli olmayan bu adamı tanışsız-filansız salmışdılar, məni isə "Azadlığ"ın bölmə müdiri olsam da salmamışdılar. Məcbur oldum Sabit Bağırova deyim ki, salsınlar.

Ancaq Asim Cəlilovla aramızda bir ilişki sapı da vardı, bilmirdi. Onun ssenarisinə 1987-ci ildə Oqtay Mirqasımov "Maşının qabaq şüşəsinin altında şeytan" filmini çəkmişdi, mən isə onun haqqında semiotik yanaşmadan qaynaqlanan məqalə çap etmişdim. Ona dedim, heç vecinə də almadı. Amerikada həmişə krem boyalı səliqəli kostyumda şəstlə hamıdan qıraqda gəzərdi, söhbətlərdə iştirak etməzdi, zarafatlara gülməzdi, cəbhəçi jurnalistləri "gədə-güdə" sayırdı, ona görəmi, ya Azərbaycandilliləri "çuşka" sayırdı, ona görə? - bilmirəm. Bax, sonradan biləndə ki, o bu məhlə uşağının, - Anarın babasıdır, bir az qəribə gəldi, demə, o mənə göründüyü qədər cavan deyilmiş. 

Mənim üçün Bəndi satdığı qara "semişkanın", Neji satdığı ağ "semişkanın" rəmzi idi (Bakıda "tum" deməyə öyrəşdim). İkisi də mənə yazıq, tənha görünürdülər. Biləndə ki, Röya nəvəsidir, Bəndi xatirəmdə tənhalıqdan çıxdı, çünki göz qabağına gətirdim necə onun evində tum satışı "ailə biznesi" olub, arvadı tumları qovurub, uşaqları torbaya yığıb və daha nəsə. Bu yaxınlarda isə yazar Əli Əmirlidən öyrəndim ki, Bəndi ilə Neji qardaş imiş, özü də ikinci subay imiş, "semişkanı" muşğulat üçün satarmış, qadınlara boynuyoğun səslə məməşdən-filandan şeirlər deyərmiş, onlar da gülərmiş.    

Bəndi ilə Nejini şəcərə, tarix ssenarisinin bir halqası kimi götürəndə lap effektli səhnələr alınır. Onlar kimlərdən olublar, Ağdama necə gəlib çıxıblar və ya bəlkə çox ağdamlılardan daha çox ağdamlı olublar, çünki əsilləri Pənah xanın nökərlərinə və ya döyüşçülərinə gedib çıxır? Bəlkə əcdadları Qacar ordusundan qalmadır? Bu suallar İnsan Haqları baxımından adamı silkələyir, çünki "yazıq, boz, maraqsız adamlar" kateqoriyasını heçə çıxarır. Ən yazıq adam da kimlərdən, necə, haradan gəlməsinin tarixini uzadanda xəyanətlər, ərənliklər draması alınır və bu, onu Şekspir qəhrəmanına çevirir. Mənim Sarcalıdan, Seyidlidən olan nənə-babalarım, qohumlarım Nejidən elə də fərqlənmirdilər. Ancaq onların ulu babalarına doğru gedə bilsəydim, Sarcalı, Seyidli nəslindən xəyanətlər, igidliklər və maraqlı sərgüzəştlərə çıxa bilsəydim, nə dolğun semantika, mənalar, nə dolğun kontekstlər alınardı! 

Ömrüm boyu "Neji" adı mənə çox qəribə gəlirdi, sonralar "Nəciyev" soyadını eşidəndə bildim ki, "Nəci" həmən "Neji"dir - beləcə, qarabağlı ləhcəsi "Nəciyə" "jötem"dəki -j-nin ləzzətini vermişdi. Bu yaxınlarda isə bildim ki, bu ad həm də qorxunc bir islamçının ismidir. Əbu Bəkr Nəci cihadçıların baş kəsməsini, qəddar cəzalarını əsaslandıran dərsliyin müəllifidir. Bu dərsliyi oxuyan İslam Dövlətinin cəlladları başları kəsəndə özlərini əsl müsəlman kimi duyub öyünürdülər.

***

Tarixin fəlsəfəsinə aid bir haşiyə: Mənim Nejidən tum almağımda heç bir Kəpənək effekti olmamışdı. Mən Nejiyə görə maşın altına düşsəydim, ya aldığım tumun bir manatına (indiki 10 qəpiyə) görə onun başına bir iş gəlsəydi, bəlkə Kəpənək effekti prinsipi ilə Röya başqa, mən başqa olardım (hər halda olayın təsiri onun qardaşı, - Röyanın babası Bəndiyə keçməmiş olmazdı). Röya başqa olsaydı, Azərbaycan şou biznesində nə olmazdı? Mən başqa olsaydım, Azərbaycan Mediasında, fəlsəfəsində nə olmazdı? - bunu soruşub olmayanların sonuclarını üzə çıxarmaq ağıllı araşdırma istəyir. Deməli, "Neji - Röya - Mən" üçlüyündə elə bir deterministik ilişgi yoxdur ki, nəsə domino effektini versin. Ancaq mən bu memuarda onları bir müstəviyə yığıb baxışdıranda, anışdıranda mətn alınır və mətn Azərbaycanın məkan və zamanında bir parçanın şəklini verir. Bu şəkildə olaylar semantikləşir, yəni mənalarla sayrışır və Deridanın ideyasını doğruldur: tekstdən başqa heç nə yoxdur.

Davamı gələn sayımızda

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!