Bu gün müəllimlər müəllimi, ürəyi və qəlbi Vətən sevgisi ilə dolu, klassik mətbuatımızın, ictimai fikir tariximizin misilsiz nümayəndələrinin yaradıcılıq dünyasının yorulmaz tədqiqatçısı, ömrünü həqiqətə həsr etmiş bir insanın - Şirməmməd Hüseynovun Tanrıya qovuşmasından - dünyasını dəyişməsindən cəmi altı gün ötür. Bu altı gün onu təkcə yanında görüb tanıyanların deyil, təkcə müəllimi olmuş yüzlərlə, minlərlə jurnalistin deyil, həm də əsərlərini oxuyub maariflənmiş, milli kimliyimizi dərk etmiş hər kəsin içində qovrulan bir dərd kimi ötüb keçməkdədir. Mən qəlbimdən qopan bir ağrı ilə iyunun 24-ü axşamını - müəllimimin uzun ömrünün son dəqiqələrini yada salıram. Bu ölüm xəbəri elə o axşamın alatoranında, sanki birdən-birə bütün Azərbaycana yayıldı və yeni informasiya texnologiyası - internet aləmi yasa batdı. Birlikdə sədaqət dolu bir ömür yaşamış həyat yoldaşı - Ülkər xanımın dilində bircə sual bitmişdi: "Məni qoyub hara gedirsən?". Ülkər xanımın bu sualı yorulmadan təkrarlamasına, bir ağı, bir bayatı havasına salmasına Tanrıdan gələn bir haqqı vardı. Yaxşıdan yaxşı tanıdığım bu cütlük uzun bir ömrü görünməmiş bir sədaqətlə, Füzuli vəfası, Nəsimi idealları ilə yaşamışlar. Bu cütlük sevgiyə, ailəyə, övladlara sədaqət rəmzi kimi onları tanıyanların hamısına ideal bir nümunə idi.
"Məni qoyub hara gedirsən?". Təxminən 70 ilin ömür-gün sədaqətini yaşamış bu insanın bu suala haqqı çatırdı. Amma bir cəhət də vardı ki, Şirməmməd müəllim təkcə 70 ilin sevgisini qoyub getmirdi. O, bütöv bir nəslin havadarı kimi əzizlərini, doğmalarını qoyub gedirdi. O, qəlbini, ruhunu Azərbaycan, Vətən sevgisi ilə doldurduğu minlərlə jurnalist ordusunu qoyub gedirdi. O, varlıqları ilə qürur duyduğu və bir vətəndaşlıq qeyrəti ilə ilk dəfə gündəmə gətirdiyi Cümhuriyyət qurucularının ruhlarını qoyub gedirdi. O, təmizliyində və azərbaycançılıq ideyalarının təbliğində, millətin, xalqın maariflənməsində misilsiz rol oynamaqda olan bir universitetin təəssübünü çəkən, bu universitetin millətə layiq olmasında birbaşa əməyi olan bir müəllim kimi o böyük kollektivi, o müqəddəs universiteti qoyub gedirdi. Ona görə də Ülkər xanım, sanki birdən-birə bu itkinin təkcə ona deyil, o ailəyə deyil, bütöv bir millətə aid olduğunu xatırlayıb da ağrısına, laylasına ara verdi...
Səhəri gün ömrünün şüurlu 70 ilini həsr etdiyi Bakı Dövlət Universiteti öz övladını ağuşuna aldı, Şirməmməd Hüseynovla vida mərasimi bu doğma universitetin böyük salonunda keçirildi. Etiraf edim ki, bu vida mərasimini dünyanın ən peşəkar reportyoru belə, bütün detallarınadək ifadə edə bilməzdi. O vida saatlarında həmin salona Azərbaycanın ən mükəmməl ziyalıları, dövlət, hökumət adamları, dostlar, tanışlar axın etdilər. Bunlar hardasa adi, başa düşülən görünə bilər. Amma bir də o vardı ki, - mən bunu bütün məsuliyyətimlə deyirəm, - Azərbaycanın jurnalist ordusunun bəlkə hamısı o zala axın etmişdi. Zal dolmuşdu, zal adamları tutmurdu və jurnalistlərin bir çoxu məcbur olub qonşu zallara keçmişdi. Bu anda mən hər bir jurnalistin içində bu ağır itkinin ağrısını aydınca hiss edirdim. Onların əksəriyyəti sinxron müsahibələrdə respondentə verdiyi suallarda titrək, kövrək səslə dillənir, göz yaşında boğulurdu. Amma hər kəsin sözündə belə bir optimist fikir də vardı: Şirməmməd Hüseynov öz tədqiqatlarıyla, öz kitablarıyla, klassikləri ərəb qrafikalı Azərbaycan əlifbasından müasir Latın qrafikalı əlifbaya transliterasiyası ilə, saysız-hesabsız məqalələri və monoqrafiyaları ilə həmişə aramızdadır, həmişə sağdır. Mən də bu qiymətli optimist fikirlərə pənah gətirərək qələmə aldığım bu yazıda onun haqqında keçmiş zamanda danışmayacağam...
Mən indiyəcən yüz-yüz yazı işləmişəm. Amma heç vaxt narahatlığı, məsuliyyət anını bu qədər ağır keçirməmişəm. Birdən ağlıma gəlir ki, ömrünün ən ağır, çətin günlərində sənə təsəlli olmuş bir insan, dünyanı və həyatı dərk etməyi, necə yaşamağı öyrədən bir müəllim haqqında nəsə demək elə Tanrı haqqında söz demək qədər məsuliyyətlidir. İnsanın bioqrafiyası onun uşaqlıq çağlarından başlayır. Ən çətini budur ki, Şirməmməd müəllimin uşaqlıq dövrü olmayıb. Və deməli, bu yazının ənənəviliyinə əsas yoxdur. Universitet auditoriyasında dərsə başlayanda onun otuz yaşı olub. Qırx il əvvəl - qırx yaşında gördüyüm bu müəllimin, məncə, heç vaxt otuz yaşı, iyirmi yaşı, on yaşı, bir yaşı olmayıb. Auditoriya davranışı, elmə, tələbəyə münasibəti elə ilk gördüyüm cavan çağından klassik müəllim imicini xatırladır. Yalnız onun simasında Səhhət, Əbdürrəhimbəy, Çəmənzəminli... tipli klassik müəllim obrazları dururdu gözümüzün qabağında. Sərt və qayğılı. Sərt və içi tələbəyə məhəbbət dolu bir insan. Sərt və ədalətli. Sərt və təmiz. Sərt və elmi... Həyatının bütün anlarında sərtlik onun fəaliyyətinin birinci komponenti olub. Dünyanı zarafat sayanlara bu zarafatın zarafat olmadığını anlatmaq sərtliyi. Bir də təmənnasızlıq. Bütün həyatını təmənnasız yaşadığı dərhal gözünün içindən bilinir. Və bir az da yaxından tanıdıqca təmənnasızlığın onun həyatında ən ciddi keyfiyyət olduğunu anlayırsan. İnsanı gözükölgəli olmağa, anlamağa və düşünməyə macal verməməyə, yaltaqlıq və yalan tərifə sürükləməyə ancaq təmənnanın gücü çatır. Bizim günlərimizdə müəllim təmənnasızlığı bəlkə ona görə qəhrəmanlıq sayılır ki, insanı ləyaqətə aparan bu keyfiyyətin qarşısında hər adam tab gətirə bilmir. Şirməmməd müəllimin təmənnasızlıq dərsləri bütöv bir kollektivin ictimai gözdə, ictimai rəydə təmizliyini təmin edib. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsi müəllimli-tələbəli həmişə təmiz bir ömür yaşamaqdadır. Bu təmizlik dünyasından duyduğumuz iftixar üçün hamımızın müəllimi Şirməmməd Hüseynova borcluyuq. Hər şeydə çətini bünövrənin qoyuluşudur. Jurnalistika fakültəsinin haçansa qoyulan təmiz bünövrəsinə toxuna biləcək çirkli əlləri Şirməmməd müəllim ən ədalətli hakim sərtliyi ilə kəsib atmışdır.
Adam var ki, öz borcunu vəzifə pilləsinə görə tənzimləyir. Şirməmməd müəllim üçün bu fakültədə vəzifənin fərqi olmayıb. Lap adi müəllimdən tutmuş dekanlı günlərinədək bütün pillələrdə universitetin təmizlik ləyaqətini qoruyub.
Ləyaqətsiz, natəmiz adam ona dost ola bilməz. Adi müəllimdən tutmuş rektora qədər o, həmişə ancaq ləyaqətlilərlə ünsiyyət bağlayıb. Şirməmməd müəllim universitet ləyaqətini öz şərəfi sayan o zamankı rektor Mehdi Əliyevlə dost ola bilərdi. Şirməmməd müəllim Azərbaycan hüquqşünaslarının nadir təmizlik və ləyaqət simvolu olan Məmməd Xələfovla dostluq edə bilərdi. Şirməmməd müəllim öz poeziyasında milli-azadlıq ideyaları yayan, sovet senzurasının ağır basqıları altında "Gülüstan" kimi bir poemanı qələmə alan böyük Bəxtiyar Vahabzadə ilə dost ola bilərdi. Şirməmməd müəllim dünən də, bu gün də Azərbaycan gənclərinin idealı olan, ömrünün son anında Üzeyir bəyin ev-muzeyində Azərbaycan deyib Allaha qovuşan Xudu Məmmədovla dost ola bilərdi... Onun özünə dost saydığı hər kəsin qəlbində gizli-aşkar bir müstəqil Azərbaycan arzusu vardı. Azərbaycanın belə bir gerçəkləşmə anında o özünün "Müstəqilliyin çətin yolu..." kitabında toplanan saysız publisist yazılarını qəzetlərdə dərc etdirib milləti müstəqil dövlət uğrunda mübarizəyə səslədi. Üzeyir Hacıbəylinin əsərləri külliyyatına salınmağını sovet senzurasının vaxtilə qadağan etdiyi əsərlərini ayrıca kitab halında çap etdirdi. Bu əsərləri sovet senzurası ona görə qadağan etmişdi ki, Üzeyir bəy o əsərlərdə erməni xislətinin iç üzünü açmışdı, bu millətin nankorluğunu, bizdən yedikləri çörəyə naxələf çıxdığını bütün çılpaqlığı ilə ortaya qoyurdu.
Ş.Hüseynovun sovetlərin hökmranlığının son dövrlərində yazdığı "Dərd həmin dərddir", "Müstəqil Azərbaycan Demokratik Respublikası olmasaydı", "Bir kərə yüksələn bayraq", "Tarixin ibrət səhifələri", "Milli müqəddəsimiz" və s. kimi onlarca publisistik əsəri yeni müstəqilliyin kodu rolunu oynadı. Hələ o zaman azadlıq mücahidi Bəxtiyar Vahabzadə onun kitablarından birinə ön sözündə yazırdı: "Ömrü boyu vətəninə, millətinə, doğma ana dilinə səcdə qılan, onların taleyini öz şəxsi taleyi bilən və bu əqidəsi yolunda qələmi ilə çarpışan əsl vətəndaş jurnalistin, tarix aliminin qələmindən çıxan bu kitabın hər bir azərbaycanlının masaüstü kitabı olacağına inanıram". Xalq şairinin bu inamı elə o vaxtdan gerçəkləşdi...
Bütün bunlar belədir, amma o da var ki, Şirməmməd müəllimin ən böyük tribunası sırf gəncliyi təmsil edən Bakı Dövlət Universiteti oldu.
Universitetdə tanıdığımız və tanımadığımız Şirməmmədlər çox olub. Ancaq universitet elminin, universitet pedaqogikasının və ən əsası, universitet təmizliyinin uzun müddət həm də Şirməmməd müəllimin çiynində dayandığını heç kəs inkar edə bilməz.
Tələbəsindən təmənna uman neçə-neçə "müəllim" onun bircə işarəsi ilə universitetdən uzaqlaşıb. Nadir müəllimlərdəndir ki, heç vaxt ona tələbə "tapşırmaq" mümkün olmayıb. Həm də nadir müəllimlərdəndir ki, heç vaxt tələbəyə qeyri-obyektiv qiymət verməyib. Fakültədə saxlamaq üçün tələbələrin içərisindən zaman-zaman müəllim seçib. Bu seçimində tələbəsinin təmizliyi, elmliyi əsas ölçü olub. F.Mehdini, Y.Əlizadəni, N.Əhmədlini haçansa beləcə müştəri gözü ilə duyub və fakültədə qalmalarına şərait yaradıb. Təmiz dünyasının təmizliyindən yoğrulmuş bu adamların ölkəmizin çətin illərində bəzən bir neçə yerdə işləməyə məcbur olmasına, başqaları kimi haçansa özünə "gün ağlamasına" işarə ilə bizi sınayırmış kimi bir dəfə: - Sizi bədbəxt eləmədim ki? - dedi. İçində çox- çox qəribə, bəlkə də zamana üsyan faktı daşıyan bu sual şəxsən mənə yönəlmişdi və mənim həmin anda, nədənsə, Mirzə Cəlilin bir zaman uşaqlarının soyuq otağını qızdırmaq üçün öz əlyazmalarını sobada yandırması yadıma düşdü...
Qəm eləmə, Şirməmməd müəllim! Bu dünyada hər şey ötəri, hər şey gəldi-gedərdi. Tarix bizə həşəmət sahiblərinin miskin sonucunu çox göstərib. Ömrünü bir quru həsir üzərində başa vuran H.Zərdabinin, əlyazmalarını soyuq otağın hərarətinə çevirən Mirzə Cəlilin, tiranların əlindən didərgin düşən Məhəmməd Əminin, Ceyhun Hacıbəylinin... qarşısında neft və milyonlar sahiblərinin izi də qalmadı.
Bir az ötdü və Azərbaycan özünün Liderini yenidən hakimiyyətə qaytarması ilə universitet müəlliminin də ləyaqətini özünə qaytardı.
H.Zərdabinin "bizə bu dünyada ancaq təmiz ad və ləyaqət qalacaq" kəlamın sərt gerçəkliyi qarşısında bərbəzəkli avtomobillərin, möhtəşəm villaların, saxta tərif və saxta məhəbbətin mənasızlığını anlamamaq da nadanlıq olardı. "Vətən, vətən" deyib - ancaq arzularla yaşamaq hələ vətənə sevgi deyil. Şirməmməd müəllim pafoslu, poetik sözlərdən uzaqdır. Hər şeyi elmi məntiqlə, elmi proqnozla hesablayır. Bəlkə də ona görə ki, bu keyfiyyətin çox yaşadığı bir çağda - 1950-ci illərdə Moskvada aspiranturada oxuyub. Bu gün Azərbaycan jurnalistikasının elmi və praktik istiqamətində qəbul olunmuş Şirməmməd Hüseynov məktəbi eyni ilə Rusiyada Yasen Nikolayeviç Zasurski məktəbinə ekvivalentdir.
Moskva Universiteti kimi nəhəng bir elm, tədris müəssisəsində cəmi dörd il aspirant olub yadda qalmaq zor işdir. Şirməmməd müəllim bu universitetin elmi əsərlərində, toplularında, simpozium və seminarlarında çıxışları ilə yadda qalır. Şirməmməd müəllimin Polşa, Bolqarıstan, Çexoslovakiya, Türkiyə səfərlərinin hamısı elmi əlaqələrə xidmət edib. Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə uyuyan qəbri önündə durmaq və fikrə getmək üçün bu ölkəyə səfər etdi. Məhəmməd Əmin Rəsulzadə də pafoslu sözlər sevmədi, ancaq vətəni sevdi, sevgisini, ağrılarını böyük işlə sübut etdi. H.Zərdabini, M.Ə.Rəsulzadəni, Ü.Hacıbəylini, C.Məmmədquluzadəni, Ö.Nemanzadəni tədris edə-edə müəllimimiz bu təmiz, təmənnasız, qayğılı, ağrılı ziyalıların ömrünü özünə örnək seçdi.
Heyranlıqdan uzaq olan Şirməmməd müəllim ancaq bu sıranın ömür yolundan, sözündən, işindən heyranlıqla danışır. Bu ziyalılara etinasızlıq faktına qarşı özünə xas sərtliyini, əsəbi publisist qələmini işə salır. M.Ə.Rəsulzadə idealları ən ahıl vaxtında da sonadək qəbul etdiyi mübarizə faktıdır. Min bir çətinliklə, gecəli-gündüzlü arxiv zəhmətilə, Türkiyə, İran, Azərbaycan məkanlarının nəzərə alınması ilə böyük öndərin əsərlərini toplamış, tərtib etmiş, onun beşcildlik əsərlərini oxucuya vermişdir. O zaman bu əsərləri kitab halında çap etməyin maddi mümkünsüzlüyü qarşısında "525-ci qəzet"ə - tələbələrinə müraciət etdi və tələbələri bu müraciətə müəllimlərinə məhəbbət timsalında cavab verdilər. Artıq neçə illərdir ki, "525-ci qəzet"in oxucuları hər şənbəni M.Ə.Rəsulzadə publisistikası ilə qarşılayırlar.
Bir az da keçdi, Azərbaycan iqtisadi cəhətdən bugünkü inkişaf səviyyəsinə çatdı. Mənim də yaxşı yadımdadır. Azərbaycan Mətbuat Şurası 2013-cü ilin noyabrında Prezident İlham Əliyevə ikinci dəfə "Jurnalistlərin dostu" mükafatını təqdim edərkən orada Şirməmməd müəllim qısa bir nitq söylədi. Onun sözünün sonunda Prezident dedi: "Şirməmməd müəllimin çıxışı mənim üçün çox böyük maraq doğurdu... Sizə öz hörmətimi bildirmək istəyirəm. Mən sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm. Yadımdadır ki, 1970-ci illərdə siz Azərbaycan Televiziyasında siyasi icmal verilişi aparırdınız. Mən o vaxt sizin verilişinizi maraqla izləyirdim. O vaxt sovet televiziyasında belə bir veriliş var idi - "Politiçeskoye obozreniye". Onu Zorin aparırdı, ondan sonra başqaları aparırdı, bizdə isə siz aparırdınız. O vaxt xarici siyasətlə, başqa ölkələrdə baş verən hadisələrlə bağlı bizim məlumatımız yox idi. Çünki qəzetlərdə bu məlumatlar çox az verilirdi. Ona görə bu icmaldan biz məlumat əldə edirdik və o vaxtdan sizi mən qiyabi tanıyıram, sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm.
Azərbaycan xalqı xüsusilə Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə çox yüksək qiymət veribdir".
Şirməmməd Hüseynov Məhəmməd Əmin Rəsulzadənin çap etdirdiyi kitablarının birində kitabı Prezident təqaüdündən etdiyi qənaət hesabına nəşr etdirdiyini göstərmişdi. Prezident İlham Əliyev bu qeydi oxuyan kimi M.Ə.Rəsulzadənin əsərlərinin 5 cildinin dövlət hesabına nəşr edilməsinə göstəriş vermişdi. Bu hadisədən sonra bu böyük tədqiqatçı Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetində dərc olunan Parlament hesabatlarını da iki böyük cilddə çap etdirdi.
Şirməmməd müəllim bu qədər gərgin pedaqoji, elmi işin qarşısında publisist qələmini də heç vaxt yerə qoymayıb. 30-dan çox monoqrafiyanın, 800-dən çox elmi məqalənin müəllifi daim publisist işi də görüb. Yenidənqurmanın lap ilk illərində əlinə düşən girəvədən dərhal istifadə elədi və neçə-neçə kitab yazdı. Mən bu yerdə yenə də B.Vahabzadənin bu kitablardan birinə yazdığı ön sözə qayıdıram: "...Mən bu yazıların içindən keçən vahid bir xətt görürəm. Bu xətt bunları yazan müəllifin vahid prinsipi, fikri və əqidəsidir. Bu prinsip, bu baxış və bu əqidə məqalədən-məqaləyə dərinləşir. Və 50 ilə yaxın bir müddətə tanıdığım əqidə qardaşım Şirməmməd Hüseynovun vətəndaş obrazını tamamlayır. Şirməmmədi yaxından tanıyan çox yaxşı bilir ki, onu ömrü boyu tutduğu yoldan və tapındığı əqidədən qoparmaq, heç olmasa, bir balaca laxlatmaq belə mümkün deyil. O, inandığına inanır, nifrət etdiyinə sona qədər nifrət edir, sevdiyini isə tərəddüdsüz sevir. Bir sözlə, qələmindən çıxan bütün yazılarının arxasından onun sınmaz, dönməz, əyilməz şəxsiyyəti boylanır".
Şirməmməd Hüseynov yaradıcılığı millət, xalq yoluna işıq tutan bir aynadır. Azərbaycanın ünlü alim və sənət adamları - akademik Vasim Məmmədəliyev, yazıçı Anar, Aqşin Babayev, Milli Məclisin üzvü Fazil Mustafa, Əflatun Amaşov və neçə-neçə qələm sahibi öz yazılarında onun qiymətini verdi. Fazil Mustafa ona həsr etdiyi "Aydın görünən aydınlar" sərlövhəli yazısında belə bir həqiqət üzərində dayanır:
"Ömrünün 90-cı ilinə qədəm qoymuş bu Azərbaycan ziyalısı, ilahi mənada Yaradanın verdiyi biliyin, düşüncənin, ərdəmin zəkatını haqqıyla vermiş sayıla bilər. O, dürüst bir universitet müəllimi olmuş, yalnız aşıladığı bilgi ilə deyil, müəllim davranışı ilə yüzlərlə tələbənin faydalı insan obrazının biçilməsinə təsir göstərmişdir. Elə buradaca durmaq olardı və bu, Ona sayğı üçün ömrün sonunadək kifayət edərdi. O öz peşəsinin ustadı səviyyəsinə qalxacaq bir media bilgini idi, bununla da yüzlərlə qəzetçinin etalon olaraq müəyyənləşdirdiyi dəyəri qazanmışdır. Lakin o, burada da durmaq şansını istifadə etmədi. Azərbaycan türkcəsində bir-birinə yaxın olduğu qədər də dərin mahiyyət fərqi olan iki felin mövcudluğunda doğru istiqamət götürə bildi. Bunlar "Qayğısına qalmaq" və "Həsr etmək" felləri arasında seçim idi. Şirməmməd müəllim tələbəsinin, oxucusunun, ailəsinin, tanıdığı-tanımadığı Azərbaycan vətəndaşının qayğısına qaldı və bununla bəlkə də kifayətlənmək ona qarşı cəmiyyətdə yenə də eyni sayğınlığı qoruyacaqdı. Lakin yenə də həmin məqamda durmaqdan imtina edərək həyatını, biliyini "Həsr etmək" mərhələsinə yönəltdi. Bu ayrı bir fövqəladə ibadət sayıla bilərdi. Yaşamımızda, mövcudluğumuzda, millətə çevrilməyimizdə, dövlət qurmamızda misilsiz haqqı olan Məhəmməd Əmin Rəsulzadənin haqqını qaytarmağa özünü, biliyini həsr etdi".
Şirməmməd müəllim getdi. Amma bizim təsəllilərimiz də çoxdur. Və o təsəllilər sırasında Şirməmməd müəllimin müasiri olmaq, onun dərslərinə qulaq asmaq, yanında işləmək, sözünü, söhbətini dinləmək kimi önəmli bir faktımız var.
Xoşbəxtliyimiz odur ki, bir iş görmək istəyəndə əvvəlcə qarşımıza sual qoyuruq: Görəsən, Şirməmməd müəllim nə deyər? Biz bu sualı indən belə daha kəskin qoyacağıq. Çünki bu sual bizi şərdən və bəsit əməldən, pislikdən və səviyyəsizlikdən, ləyaqətsizlikdən və şübhəyə əl yerindən qoruyan Tanrı tələbi kimi və bəlkə də Tanrı haqqı kimi həmişə köməyimizə çatıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!