Ülvi BABASOY
XX əsr antiroman, antiteatr, antisənət erası kimi doğuldu. Antiinsan əsrindən başqa nə gözləmək olardı ki. Fəlakətlərlə gəldi XX yüz il. Bəla və fəlakətlərin, fizika və metafizikanın dialektikası sənət predmetinə çevrilmədi. Çünki mimezis estetikanın dialektik yanaşma tərzi yadlaşdırma estetikası ilə əvəzləndi.
Samuel Bekketin antiroman və antiteatr tezisi məhz XX əsrin sosial-mədəni hadisəsi olaraq yarandı. Bekketist eksperimentlərdə struktur mənanı üstələdi. Ziddiyyətlərə bağlı klassik sənət qavramı həm də Bekketin dialektikaya söykənən estetik ifadə tərzlərini və baxışları alt-üst etməsi ilə nəticələndi. Bekketin "Məhəbbətsiz münasibətlər", "Mörfi", "Qodonun intizarında", "Söz və musiqi", "Kreptin sonuncu lent yazısı", "Xoşbəxt günlər", "Mersye və Kamye", "Oyunun sonu" əsərlərində Qodonu - ölümü gözləyən insanın tragik alın yazısı həyat teatrına məhkum edilməyin absurd nəticəsidir. Mən isə Bekketi ruhdan uzaqlaşdırılan robotvarı obrazları yaradan yazıçı kimi görmək istəmirəm. Qodonu gözləmək nə vaxtsa harmoniyanı tapmaq arzusu kimi də şərh edilə bilər. Bekket təkcə Tanrını və gələcəyi gözləməyin intizarını soraqlamır. Gələcəyi gözləməyin absurd lənətini sərhədsizləşdirir. Sərhədsizləşdirir? Çünki yaşamaq, var olmaq gözləməklə heçliyə, yox olmağa bir addım daha da yaxınlaşdırır.
"Molloy", "Malon ölür", "Adsız" trilogiyası ruh-cəsəd, fərd-cəmiyyət, natura-antinatura antitezalarının inkarıdır. Etik və estetik ideologiyalar həll edilmir Bekket dünyasında. Çünki Samuel Bekket sənətin qəlbləşmiş iyerarxiya arxetipini dağıdır.
İnsan özünü tanımaq üçün özünə suallar ünvanlayır. Bu yanaşma ədəbiyyatda "kimlik" axtarışı məsələsinin ortaya çıxmasına şərait yaratmışdır. Bekket hər nə qədər elitar bir eksperimentallığı ifadə etsə də, sənətin elitar və kütləvi, bayağı və ciddi təbəqə mədəniyyətinə ayrılmasına qarşı çıxmışdır. Bekket teatrında mədəniyyət bütöv bir ekzistensiyanı, gurultulu mənasızlığı və təmkinli semantikanı sərgiləyir. Çünki qibtə ediləcək, həyatdan da mürəkkəb və maraqlı, çoxsəsli sənət yaratmaq sənətçinin əlindədir. Bekketin yaratdığı absurd reallıq sənət ilə həyat arasında olan sədləri ortadan götürmək üçün təbii, unikal bir cəhddir. Eksperimental ədəbiyyat Coysdan sonra daha çox Bekket yaradıcılığında maraq doğurur. Rolan Bart sənət əsərlərinin reallıqdan deyil, təxəyyüldən irəli gəldiyini qeyd edir. Bekketin yenilik kəşfləri təxəyyülün sərhədsizliyini sınaqdan keçirir. Bekket təxəyyül ilə yaradılan metatəhkiyədə və arxefaktlarda özünü yenidən yaratmışdır. Bekketin məna və ifadə estetikasındakı inqilabi yeniliyi, eyni zamanda fundamental antifundamentalizmi ortaya qoydu.
Bekket tamaşaları fərdin və fərdiçiliyin yox olması "həqiqəti" üzərində absurdluğun dialektikasını təbiiləşdirir. Bekketdə təkcə absurd zaman intervalı dialektik səciyyə daşıyır. Absurd mühit və məkanda insanların özlərini sorğu-suala tutmaları gərəkdiyini və yeni kimliklərin yaradılmasının əhəmiyyətli olduğu fikrini Vladimir və Estraqonun Qodonu həsrətlə gözləməyində ifadə edir. Eyni zamanda keçmişlə bağların qopmaması gələcəyə doğru yol cızmaqda olan inadkarcasına törəməyin, çoxalmağın mənasızlığındakı sirri çözür. Qodonun intizarında olmaq harmoniya axtarmaqdır, arzulamaqdır. İnsan ona verilən dəyərlər haqqında düşünməlidir. Bu fikirdən yola çıxanlar isə ictimaiyyəti transestetik, transseksual, populist, texnogen asılılıq və vərdişlərdən xilas edə bilməyəcək.
Bekket sənəti bu qədər geniş fikri potensial və elmi tədqiqatlara rəvac verdiyi halda Azərbaycan dilində nə qədər yer tutur? Əyyub Qiyas və Rasim Qaracanın Bekketi təqdim etməsi danılmaz faktdır. "Qodonun intizarında", "Söz və musiqi" (Əyyub Qiyas) uğurlu tərcümələrdir. Əyyub Qiyas "İlk məhəbbət" hekayəsini Azərbaycan dilinin sintaksisinin poetik imkanlarında səsləndirib. Ancaq Bekket daha geniş planda tərcümə edilməlidir. Çünki Coysdan sonra eksperimental ədəbiyyatın ən vacib simalarndan biri də Bekketdir. Coysun "Uliss"ni, "Bekketin "Mersye və Kamye"sini ana dilimizdə görməyi ümid edirik. Birincisi, ən çətin, ikincisi, ən asan əsər hesab edilir. Doğrudan elədir?
Bekket sənəti Tanpınar kimi "nə içindəyəm zamanın, nə də büsbütün dışında", - deyir. Tərcümənin azlığı isə həmin absurdluğu təsdiqləyir. Bir fikrə istinad etmədən başqa bir fikir axınından istifadə etmək, montajlama və estetik eksperimentləri yaratdığı obraza, şəxsə uyğun formada seçmək və fərqli insanlarda orqanik bir şəkildə əks etdirmək Bekketin düşüncə estetikasının elastik hetrogenliyinə əyani nümunədir.
Axı həyat heç vaxt izahı, şərhi mümkün olmayan möcüzədir. Təbii ki, insan dünyanı, həyatı tam olaraq dərk edə bilmir. Samuel Bekket modernist, postmodernist və ekzistensialist düşüncə və yanaşmaların fövqündə dayanan qeyri-müəyyən bir dünya yaratdı. XXI - "qeyri-müəyyənlik" əsrinin qəddar müjdəçisi oldu. "Qodonun intizarında" dünyanın imitasiyası fiziki və metafiziki qatda təqdim edildi. Əslində, həyat, var olmaq çabası Bekket dramaturgiyasının imitasiyası kimi göründü. Həyatı ədəbiyyata qibtə etməyə məcbur etdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!