"Əkinçi"də şeir davası... - Bu davada "Əkinçi" məğlub oldu - Məti Osmanoğlu yazır

XIX əsrin ikinci yarısında dram və nəsr sahəsində "avropalaşmış" Azərbaycan ədəbiyyatının gündəliyindəki ən mühüm məsələlərdən biri yeni zəmanənin şeirinin taleyi idi. Böyük ənənəsi olan divan şeirində Vaqifin yaradıcılığı ilə silkələnmə baş versə də, şeirin gedəcəyi ünvan, çatacağı mənzil hələ məlum deyildi, əsrlərdən gələn ata-baba yolunun daraldığı, dalana dirəndiyi isə getdikcə özünü daha aydın göstərirdi. Yaranan əsərlərin zəmanəyə uyğun olmadığı, şeirin yeni keyfiyyət dəyişməsinə ehtiyac duyduğu göz önündə idi. Bu məsələdə Mirzə Fətəli Axundzadənin mövqeyi daha konkret və sərt idi. O, yazırdı: ""Gülüstan" və "Zinətül-məcalis" dövrü keçmişdir. Bu gün bu cür əsərlər millətin işinə yaramır. Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər - drama və romandır". Bu fikrin nə dərəcədə doğru və ya yanlış olmasının müzakirəsi başqa söhbətin mövzusudur, ancaq aydın görünən budur ki, Mirzə Fətəlinin "millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli" olanın şeir, poeziya deyil (baxmayaraq ki, yaradıcılığının bütün dövrlərində özü də şeir yazmaq təcrübəsini davam etdirirdi), dram və nəsr olduğu qənaətində idi. Mirzə Fətəlinin Cənubi Azərbaycanda yaşayıb-yaradan Mirzə Ağaya Tiflisdən ünvanladığı bu qeydlər "Əkinçi"nin nəşrindən 4 il əvvələ - 1871-ci  ilə aiddir.

Millətin yaşamaq mübarizəsi

"Əkinçi" qəzetinin mövqeyində də ədəbiyyata, xüsusən şeirə münasibətdə Mirzə Fətəlinin mövqeyinə yaxınlıq olduğunu görürük. Ədəbiyyatla bağlı "Əkinçi"nin gündəliyə gətirdiyi, mübahisə açdığı məsələlərin birbaşa Mirzə Fətəli Axundzadədən gəldiyini iddia etmək fikrində deyilik: bu yəqin ki, zəmanənin yetişdirib tarix səhnəsinə gətirdiyi bir zərurət idi.

"Əkinçi"də istər ictimai münasibətlər, maariflənmə, istərsə də ədəbiyyat məsələləri ilə bağlı qaldırılan ideyaların başında Həsən bəy Zərdabinin özü dururdu. H.Zərdabi qəzetin 20 sentyabr 1876-cı il tarixli nömrəsində çap etdirdiyi yazıda "zindənganlıq cəngində", yaşamaq, öz varlığını davam etdirmək, başqa millətlərdən dala qalmayıb irəli getmək uğrunda mübarizədə yeganə çıxış yolunu elmdə, maariflənməkdə görürdü: "Bizim zəmanəmiz dəyişilib, biz elm sahiblərinə rast gəlmişik. Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə gedəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq".

Həsən bəy böyük mütəfəkkir düşüncəsi ilə Azərbaycanın başqa millətlərlə yaşamaq uğrunda rəqabət və mübarizə apardığını görüb göstərirdi. Onun fikrinə görə, bu mübarizədə məğlubiyyətə uğrayıb tələf olmamaq üçün ictimai psixologiya, cəmiyyətin düşüncəsi və həyat tərzi, yaşamaq üsulu dəyişməli idi. Cəmiyyət "Keçən günə gün çatmaz deyib" keçmişin xiffəti ilə yaşamaqdan əl çəkməli, müasir elmlərə yiyələnib bu günə və sabaha baxmalı, xoş güzəran üçün səy göstərməli idi: "Pəs bayatı çağırıb zəmanədən şikayət edən, sənin bayatından nə hasil? Səy et, zəhmət çək, elm təhsil elə ki, dövlət qazanıb xoşgüzəran olasan. Görürəm bu sözləri oxuyan Gülüstani-Sədini əlinə alıb oxuyur: Heç kəs sərvəti zorla əldə edə bilməz. Əzizim, o söz bəistilahi-Şirvan Fit dağı sözüdür".

Burada Sədi Şirazinin və "Gülüstan" əsərinin adının çəkilməsini təsadüfi hadisə hesab etmirik. Əvvəldə dediyimiz kimi, Mirzə Fətəli hələ 1871-ci ildə "Gülüstan"ın millətin işinə yaramadığı mülahizəsini irəli sürmüşdü. "Əkinçi" qəzetində isə Sədinin adı və "Gülüstan", eləcə də Azərbaycanda əsərləri hələ də elm əvəzinə öyrədilən bir sıra şairlər ədəbi polemikaların diqqət mərkəzində saxlanılırdı. Burada iki cəhəti nəzərə almaq məqsədəuyğundur. Birincisi, yeni tarixi və ictimai şərtləri dərk edən ziyalılar müasir zəmanəyə uyğun ədəbiyyat yaranmasının zərurətini hiss edir, bu barədə fikirlər irəli sürürdülər. İkincisi, köhnə üsullu məktəblərdə tədris Sədinin "Gülüstan"ı, "Bustan"ı tipli əsərlər üzərində qurulurdu ki, bu da həmin müəlllifləri və onların əsərlərini təhsilin müasirləşdirilməsinin, uşaqlara dünyəvi elmlərin öyrədilməsinin zəruri olduğunu dərk edən insanların  tənqid hədəfinə gətirirdi...          

Mirzə Fətəlidən fərqli olaraq Həsən bəy ədəbiyyatdan danışarkən dramaturgiyanın və nəsrin adını tutmur, cəmiyyətin ruhunu dəyişmək, ictimai düşüncəni hərəkətə gətirmək üçün şeirin təsir gücünə daha çox inanırdı. "Şeir bir alətdir ki, onunla bizim yuxuda olan qardaşlarımızı ayıltmaq çox asandır", - deyən  Həsən bəy Zərdabi "Əkinçi" qəzetində yeni zəmanədə yaranacaq şeirin və ədəbiyyatın qarşısında konkret vəzifələr qoymağa cəhd edirdi. Bu məsələ ilə bağlı onun qənaəti belə idi: "Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz" ("Həyat qəzeti", 8 yanvar, 1906).

Onu da deyək ki, "Əkinçi" qəzeti nəşrə başlayanda Həsən bəyin dramaturgiya haqqında kifayət qədər təcrübi və elmi anlayışı var idi, 1873-cü ildə şagirdi Nəcəf bəy Vəzirovla birlikdə Mirzə Fətəlinin əsərini səhnəyə gətirməklə milli teatrımızın təməlini qoymuşdu. Mirzə Fətəliyə göndərdiyi bir məktubda isə dram əsərinin tamaşaya qoyulması üçün tələb olunan estetik şərtlərə yaxından bələd olduğu diqqətdən yayınmır. Bütün bunlarla bərbər, Həsən bəy xalqın maarifləndirilməsi üçün şerin, hətta mahnının daha böyük təsir gücünə malik olduğunu xüsusi vurğulayır, mahnı mətnlərinə ciddi əhəmiyyət verirdi. Onun şeirin ictimai vəzifələri barədə düşüncələrini  "Əkinçi" qəzetinin 1 sentyabr 1877-ci il tarixli nömrəsində nəşr etdirdiyi məqalə aydın əks etdirir. Böyük maarifçi ziyalı mahnı mətninə millətin marağı və mənfəəti çərçivəsindən baxırdı: "Hər tayfanın vətəndarlıq və millətin keçmişində olan yaman və yaxşı günlərini şərh edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur"- deyən Həsən bəyin ən böyük arzusu və tələbi toplumu maariflənməyə, öz milli varlığını dərk etməyə və milli maraqlar ətrafında birləşməyə təşviq edə biləcək mahnı mətnlərinin yaranması idi. "...yaxşı olurdu ki, bizim şüəralar bir-birini həcv ya mədh etmək əvəzinə zikr olan məzmunda mahnılar düzəldəydilər ki, onlar ağızdan-ağıza düşüb xalqı nadanlıqdan danalığa təhrik etməyə bais olaydı..." ("Əkinçi" qəzeti, 1 sentyabr 1877). H.Zərdabi "zikr olunan məzmun" dedikdə "milləti birləşdirməyə bais olan" mətləbləri nəzərdə tuturdu. Bu yazıda da o, Hafizin və Sədinin şeirləri vasitəsilə toplumun beyninə yerimiş, itimai düşüncəni iflic edən ideyalara qarşı kəskin münasibət bildirirdi: "Bizim kamallı hesab olunan qardaşlarımız Hafiz ya Sədinin bu məzmunda şe'rlərini oxuyurlar: meyi düsalə və yar çəhardəh salə və ya məkün təkyə bərmali-dünya və püşt (İkillik şərab və on dörd yaşında mə'şuqə və ya dünya malına bel bağlama) ki, bunlar avam çağıran mahnılardan da yamandır". 

 

B ülbül və gül tərifi, yoxsa aşıq şeiri?

1906-cı ildə, zəmanə dəyişəndən sonra Həsən bəy Zərdabi yenidən mahnı mətnləri məsələsinin üzərinə qayıdıb yazırdı: "Keçmişdə "Əkinçi" qəzeti çıxanda o vaxtın şairlərindən yazıb təvəqqe eləmişdim ki, bülbülü və gülü tərif və bir-birlərini həcv etməkdən əl çəkib elm təhsil etməyin nəflərindən və biz müsəlmanlara olan zülmlərin barəsində şeirlər yazıb onları bizim aşıqlara xoş sövt ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar. Onlardan bircə Seyid Əzim Şirvani elm təhsil etmək nəflərindən bir neçə şeir yazmışdır ki, "Əkinçi"də çap olunmuşdu. Amma qeyri şairlərimizən heç bir cavab gəlmədi. O ki bizlərə olan zülmlərdir, o barədə məliküşşüəra Seyid Əzim Şirvani də bir şey yazmadı...". ("Həyat" qəzeti, 8 yanvar, 1906) 

Bu qeydlərdə diqqəti çəkən bir neçə məqam var. Əsas məqam budur ki, H.Zərdabi "Əkinçi"ni nəşr etdirərkən qəzetdə gedəcək şeirlər üçün konkret meyar müəyyənləşdirmişdi və o zamanın şairlərinə müraciət edərkən bu meyarlardan çıxış edirdi.

Daha bir məqam da çox maraqlıdır ki, XIX əsrdə Azərbaycanın əksər yerlərində, o cümlədən Şirvanda ədəbi məclislərdə muğam sənətinə və divan ədəbiyyatına böyük dönüş müşahidə edilməkdə olduğu halda, H.Zərdabi aşıqların toylarda oxumaları üçün şeir sifariş vermişdi. Burada məsələyə daha geniş baxış bucağından yanaşanda muğam sənətinə və divan ədəbiyyatına dönüşü "gerilik əlaməti" kimi qəbul etməyin tərəfdarı deyilik. Kapitalizmin və sənayeləşmənin bərqərar olması ilə bağlı formalaşan və özünü tanımaq məcburiyyətində olan millət qarşısına zamanın qoyduğu obyektiv vəzifələr var idi və bu proses mədəni həyatda daha parlaq, gözlə görünən əyaniliklə əks-səda verirdi. O dövrdə kapitalist münasibətlərinin formalaşdığı Şimali Azərbaycanın müxtəlif coğrafi məkanlarında fəaliyyət göstərən ədəbi məclislərdə divan ədəbiyyatına və muğam sənətinə marağın güclənməsi də bu kontekstdə baş verirdi və bizə elə gəlir ki, bir-biri ilə əlaqə saxlayan ədəbi məclislərdə divan ədəbiyyatının aparıcı mövqe qazanması tarixin təkərlərinin geri çevrilməsi cəhdi, gəlişigözəl təsadüf deyildi. Bu, hər şeydən öncə, zəmanənin sifarişinə cavab idi.

Azərbaycanda milli özünütanıma, özünütəşkiletmə prosesində, görünür, dəyərlərin milliləşdirilməsinə ehtiyac yaranmışdı.  Millətin içində yaranan, milli elitanın təşkil etdiyi ədəbi məclislərdə divan ədəbiyyatına, muğam sənətinə qayıdış vaxtilə saraylarda yaranan dəyərlərin "milliləşdirilməsi" prosesinin təzahürü və təsdiqi idi. Saray ədəbiyyatı kimi yaranan divan ədəbiyyatı, muğam sənəti millətin sərvətinə çevrilirdi. Vaxtilə şairlərə saray tərəfindən verilən titul da "milliləşdirilmişdi" - ədəbi məclislər Seyid Əzim Şirvanini məliküşşüəra elan etmişdi. ("Azərbaycan dilinin izahlı lüğəti"ndə "məliküşşüəra" sözünün izahı belə verilmişdir: "Keçmişdə: hökmdar tərəfindən ən görkəmli saray şairinə verilən fəxri ad; şairlər başçısı".)  Bu dönəmdə muğam ifaçılığına yeni bir üslub gəlirdi. Sarayın musiqisi olan muğam artıq yeni təyinat qazanırdı. Bu da heç təsadüfi deyil ki, XX əsrin başlanğıcında ilk milli operamız  - Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"u divan ədəbiyyatı ilə muğamın birliyindən yarandı!!!

O dövrdə şeirləri muğam ədəbi məclislərdə böyük populyarlıq qazanmış Seyid Əzim Şirvaninin ünvanına "O ki bizlərə olan zülmlərdir, o barədə məliküşşüəra Seyid Əzim Şirvani də bir şey yazmadı..."  tənəsi ondan irəli gəlirdi ki, Həsən bəy Zərdabi şairlərdən tarixi gerçəklikdə baş verən real ictimai prosesləri düzgün qiymətləndirməyi, millətlər arasında rəqabət başladığı bir zəmanədə öz fiziki varlığını qorumaq məcburiyyətində qalan millətin həyatını işıqlandırmağı, müsəlmanlara olan zülmləri qələmə almağı tələb edirdi. Özü də elə bir dillə qələmə almağı ki, həmin şeirləri aşıqlar el məclislərində oxuyub, milləti birliyə çağırsınlar...

Divan ədəbiyyatından - "gülün və bülbülün tərifindən" əl çəkməyi tövsiyə edən Həsən bəyin milli özünütanıma prosesində yeni ideyaların təbliği üçün aşıq sənətini daha üstün tutmağı da aşıq sənətinin kütlələrə daha yüksək təsirə malik olduğunu müşahidə etməsi ilə bağlı idi. H.Zərdabi bu barədə bir söz deməsə də, yeni tarixi şəraitdə milli mədəniyyət səciyyəsi qazanan divan ədəbiyyatı və muğam sənəti "seçilmişlərə" aid idi. XIX əsrin butan dünyada olduğu kimi Azərbaycan ictimai gerçəkliyində də "seçilmişlərlə" "kütlə" arasında ziddiyyət getdikcə dərinləşirdi, sinfi münasibətlər formalaşır və ictimai münaqişəyə doğru istiqamətlənirdi. Bizdə isə münaqişə xeyli fərqli idi, yeni yaranan kapitalist münasibətlər sistemi sinfi ziddiyyətləri deyil, millətlər arasındakı ziddiyyətləri də dərinləşdirirdi. Bu mənada, Həsən bəy Zərdabinin 1906-cı ildə "Həyat" qəzetində nəşr etdirdiyi "Bizim nəğmələrimiz" məqaləsində bir mülahizəyə xüsusi diqqət yetirmək zəruridir: "Bizim qonşularımız ermənilər belə şeirlər ilə çox iş görürlər. Bu halda onların küçələrində gözləri kor, əlində tar aşıqları bir uşaq qolundan tutub qapı-qapı gəzdirir. Heç bilirsinizmi ki, o aşıqlar nə oxuyurlar? Onlar Ermənistanın keçmişdə olan xoş və yaman günlərindən, Osmanlı dövləti onlara elədiyi zülmlərdən və qeyrə şeirlər oxuyurlar. Odur ki, bir millət işi olanda ermənilərin hamısı birdən qalxıb bir adam kimi iş görürlər. Məgər bizim belə olmağımız günahdır?!"

Xudavənda, bizim axırımız necə olacaq?

O vaxt Moskvada təhsil alan gənc Nəcəf bəy Vəzirov oradan öz müəlliminin səsinə səs verərək "Əkinçi" qəzetinin 12 may 1877-ci il tarixli nömrəsində yazırdı: "Gələcəkdə bizim tərəqqi etmək tarixini yazan indiki zəmanəyə baxanda məəttəl qalacaqdır ki, nə yazsın? Çünki bizim zəmanə tərəqqi zamanıdır və tərəqqi etməyən tayfa günü-gündən tənəzzül edib axırda puç olacaq, ona binaən bizim şüəra qardaşlarımızdan ki, onlar əlhəqq xalqın gözçüsüdürlər, iltimas edirik ki, zəmanəyə müvafiq xalqın gözünü açmağa səy eləsinlər"...

Şairlərə xalqın gözçüsü kimi yanaşan N.Vəzirov da müəllimi H.Zərdabi kimi şairlərin həcv yazmasını, ümumiyyətlə ədəbiyyatdakı həcv aludəçiliyini ciddi şəkildə tənqid edir, ictimai gerilik əlaməti sayırdı. Nəcəf bəyin "Əkinçi"nin 22 dekabr 1876-cı il tarixli nömrəsində maraqlı bir məktubu dərc edilmişdir: Nəcəf bəy Moskvada Qarabağdan iki dəftər aldığını yazırdı: "Birisi cənab Mirzə Əli Əskərin qəzəliyyatı və həcvidir ki, gəncəli cənab Mirzə Mehdinin üstə yazıb və birisi cənab Mirzə Mehdinin cavabıdır...

Xudaya, bu cənabların ağzından nə qədər nalayiq sözlər çıxıb!..

Bu həcvlərin barəsində artıq danışmağı özümüzə eyib hesab edib, zikr olan cənablara ərz edirik ki, siz çəkən zəhmət nahaq zəhmətdir. Ondan nə bizə, nə bizim övladımıza bir nəf yoxdur. Belə zəhməti öz millətimizin yolunda çəkin ki, malı yoxdur, elmi yoxdur, elm tapmaq ona müşküldür".

N.Vəzirov həcvlərin millətə heç bir xeyir vermədiyini qeyd emtəklə bərabər, ədəbiyyat faktı olmaq baxımından da tənəzzülə apardığını vurğulayırdı: "...bu halda bizlərdə kitab inşa edən yoxdur, əvəzinə həcv inşa edirik və həcvlərimiz həm tənəzzül edir. Məsələn: 30 il bundan əqdəm cənab Zakir mərhum Qasım bəy Qarabaği yazan həcv ilə indi Hadiyül-müəzzin yazan həcvlərə baxan görər ki, onların təfavütü çoxdur. Doğrudur, cənab Zakir də çox vaxtda boş sözlər, məsələn: bir başmaq itmək üstə danışıb, amma yenə onları oxumaq olur. Lakin indi yazılan həcvlər məst olan çəkməçi danışığına oxşadığına nə ki onları çap etmək olmur, hətta adam olan kəs onu oxuyanda əti ürpərər". ("Əkinçi", 12 may 1877)

Onu da deyək ki, Qasım bəy Zakirin bir həcvindən Nəcəf bəy "Ev tərbiyəsinin bir şəkli" komediyasında da istifadə etmişdir. "Əkinçi" nəşrə başlayan il yazılmış bu komediyada mülkədar ailəsinin mənəvi iflası məsələsi qoyulmuşdur. O da maraqlıdır ki, maarifçi əsərlərdə, adətən, yeni ideyaların - elmin, təhsilin təmsilçiləri gənclər olduqları halda, Nəcəf bəyin bu əsərində gənclik elmə qarşı laqeyd və aqressivdir. Övladlarının yeni üsulda savad almasını çox istəyən Bayraməli bəy isə uşaqlarına düzgün tərbiyə verə bilmədiyinə görə əməlinin cəzasını çəkir. N.Vəzirov ata ilə oğullar arasında baş verən konfliktin kökünü uşaqlara verilən tərbiyənin şəklində -  naqisliyində görürdü. Əsər ailə tərbiyəsinin düzgün olmadığını əyaniləşdirmək üçün istifadə olunan elementlərdən biri də Bayraməli bəyin övladlarına misal kimi gətirdiyi şeir nümunəsidir. Bayraməli bəy öz övladlarına münasibətini Qasm bəy Zakirin məşhur həcvi ilə ifadə etməyə çalışır:   

"Bayraməli bəy. O qarabağlı bəy oxuyan həcv nə tövr idi? "Deyirlər məsəldir məşhur törəyən itdən..." Xeyr, belə deyil. "Deyirlər məsəldir bitər öz kökü üstə ot. Axırda törəyən itdən olur köpək oğlu".

Şahmar bəy. Dadaş, bu yaxşı olmadı, bu sözün bir ucu da sizə toxunur.

Əsgər (kənara). Çox əcəb oldu. Belədir ki, belədir.

Bayraməli bəy. Eybi yoxdur... Yaxşı sözlərdir... Əsgər, qoçağım, de görüm, nə tövrdür.

Əsgər. Şahmar ağa buyurur ki, bir ucu sizə toxunur. Mən qələt elərəm, deyə bilmərəm.

Bayraməli bəy. Eybi yoxdur, de!

Əsgər (mərdanə). O qarabağlı belə oxuyurdu:

Var özgə vilayətdə də tək-tək köpək oğlu,
Hədsizdi bu viranədə, bişək, köpək oğlu.
Məşhur məsəldir ki, bitər ot öz kökü üstə,
Səgdən törəyən axır olar səg, köpək oğlu".

Nəcəf bəy Vəzirov bu nümunədə adını çəkmədiyi "qarabağlı şairin" - Qasım bəyin Zakirin şeirindən tərbiyə ölçülərini itirmiş ailədə hökm sürən mənəvi havanı, ata-oğul münasibətlərinin eybəcərliyini, bu münasibətlərdəki əxlaqi iflası oxucuya çatdırmaq üçün istifadə etmişdir. Başqa sözlə, mətnin kontekstində mənəvi iflasın daşıyıcılarından biri də ictimai təfəkkürdə kök salmış həcvdir. O da maraqlıdır ki, pyesdə bu həcvi əzbər bilən Bayraməli bəyin özü və ya övladları deyil, aşağı təbəqənin nümayəndəsi nökər Əskərdir...

N.Vəzirov da "Əkinçi"nin digər təmsilçiləri, ümumiyyətlə, əksər maarifçilər kimi şeirin yalnız ictimai funksionallığından, cəmiyyət üçün "faydalı olmaq" mülahizəsindən çıxış edir, ədəbiyyatın estetik tərəfini dilə gətirmirdi. Digər tərəfdən də klassik şeirin, divan ədəbiyyatının estetik enerjisi sənaye inqilabı ilə müşayiət olunan XIX əsrin sürətli dəyişmələri ilə ayaqlaşa bilmirdi və bilməzdi. "Sənət sənət üçündür, yoxsa həyat üçündür" dilemmasının aktual olduğu bir şəraitdə Azərbaycan ədəbiyyatında elə vəziyyət yaranmışdı ki, sənət nə sənətə, nə də həyata xidmət edə bilirdi. Tariximizin maarifçilik əsrində isə sənətdən tələb olunan onun daim dəyişən, yeniləşən həyata xidmət etməsi idi. Söz sənətinin həyata xidmət etməli olduğu mövqeyində dayanan gənc N.Vəzirovun "Əkinçi"də qaldırdığı bir sıra problemlər, cəmiyyətin ətəyindən tutub onu geri çəkən amillər uzun zaman ictimai fikrin aktual leksikasında özünü mühafizə edib saxlamışdır. "Hərdəm tənha oturub fikir edirəm: xudavənda, bizim axırımız necə olacaq? Ağlımız ata-baba ağlı, getdiyimiz ata-baba yolu, heç bir dəyişilmək yoxdur. Ata-babamız xoruz və qoç döyüşdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılına qulaq asıb, qızıl quş saxlayıb günlərin keçirdib, biz də ki, bu yolu gedirik, tələf olacağıq, Səbəb ki, zəmanə dəyişilib" ("Əkinçi", 14 aprel 1877) - Nəcəf bəyin bu qeydlərdə qaldırdığı məsələlərin, göz önünə gətirdiyi mənzərələrin 30 il sonradan "Molla Nəsrəddin" jurnalının və onun platformasından çıxış edən fikir adamlarının yazılarının leytmotivinə çevrildiyinin şahidi oluruq. "Molla Nəsrəddin"in "Əkinçi"dən fərqi onda olacaqdı ki, "Molla Nəsrədddin" dünyaya özünün estetik prinsipləri, bədiilik meyarları ilə gəldi.

"Əkinçi"nin qarşıya qoyduğu məqsəd siyasiləşmiş kütləvi bədii ədəbiyyatın yaranması idi ki, bunun divan ədəbiyyatının estetikası ilə yaradılması mümkün deyildi. Divan ədəbiyyatı milli elitanın ədəbiyyatı idi. Beləliklə, tarixin yetişdirdiyi ictimai tələbatla bədii sözün ona reaksiyası arasında qeyri-sinxronluq, tarazsızlıq özünü göstərirdi. Divan ədəbiyyatının estetikası ilə milli düşüncəni dəyişə biləcək yeni poeziyanın yaranması mümkünsüz idi və yaranmadı da...

"Əkinçi" qəzetində H.Zərdabi ideyalarının ardıcıl davamçısı, onun mövqeyini müdafiə edən həmfikri, həmməsləki kimi ciddi maraq doğuran imzalardan biri də Əhsənül-Qəvaiddir. Qəzetin "Məktubat" bölməsində fəal çıxış edən, o dövrün ən aktual və gündəliyə gətirilməsi risk tələb edən məsələlərini qəzet səhifələrinə gətirən Əhsənül-Qəvaidin kimliyi barədə ikili fikir var. Seyid Əzim Şirvaninin üçcildlik əsərlərinin ilk tərtibçisi Süleyman Rüstəmov bu imzanı Əsgər ağa Goraninin istifadə etdiyi təxəllüs hesab edirdi. Feyzulla Qasımzadə isə "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabının 1974-cü il nəşrində bir arxiv sənədinə - Əhsənül-Qəvaidin 1876-cı ildə Həsən bəy Zərdabiyə yazdığı məktuba əsaslanaraq yazırdı: "Bu məktubdan onun Həsən bəy Zərdabi ilə dost olub, çoxdan yazışdığı, əsli Gəncədən, adı Hacı Məhəmməd Sadiq olduğu və Rəştdə yaşayıb, oradan "Əkinçi"yə məqələlər göndərdiyi anlaşılır".

Əhsənül-Qəvaid də H.Zərdabi və N.Vəzirov kimi hələ öz varlığından tam xəbərdar olmayan millət qarşısında zəmanənin qoyduğu vəzifələrdən çıxış edərək bir maarifçi kimi diqqəti daha çox elm və təhsil məsələlərinə yönəltməyə çalışırdı. Onun "Əkinçi" qəzetinin 28 fevral 1876-cı il tarixli nömrəsində nəşr olunmuş yazısı, əslində, öz dövləti olmayan toplumda millət və dövlət şüurunun formalaşması probleminə həsr olunmuşdur. Əhsənül-Qəvaidin "milləti qardaşlıq" kimi istifadə etdiyi anlayış insanların milli maraqlar ətrafında birliyini ifadə edir. Müəllif Azərbaycandakı müsəlman toplumu arasında milli maraqların mövcud olmadığının, milləti təşkil edən ayrı-ayrı ictimai zümrələrin vahid maraqlar ətrafında birləşməməyinin səbəbini elmsizlikdə, cahillikdə görürdü. Başqa millətlərin tərəqqi tapmasına, bizim millətin və məmləkətin tənəzzül etməsinə səbəb axtaran Əhsənül-Qəvaid "elmdən başqa mə'muriyyət üçün bir səbəb və cəhldən savayı xarabalığa bir illət olmadığını..." göstərirdi. Elmsizliyin bir ucu isə gedib çıxırdı məktəbdə öyrənilən və öyrədilən şeirin, ədəbiyyatın üzərinə: "Çifayda bizim varlı, varsız, hər kəs öz haqqına razı olmamağına binaən bir-birinə inanmır. Belədə işlər yerdə qalır. Bunun illəti odur ki, bizim müəllimlər tüfuliyyətdə elmi-ədəb, elmi-süluk, elmi-xəvas, əşyayi-pəndiyyat və hikməti-qəvaid ilə tərbiyət etməyib, kitabi-Hafiz, Sədi, Leyli-Məcnun, Yusif-Züleyxa və hətta Qaani oxudub elmi-kəmal əvəzinə eşqbazlıq, cürəkeşlik, həzliyyat elmləri örgədirlər". Buradakı ifadələri sadələşdirsək, müəllifi müsəlmanlara uşaq vaxtı məktəbdə dünyəvi və ictimai biliklər əvəzinə eşqbazlıq, cürəkeşlik, lağlağı söyləmək kimi keyfiyyətlər aşılanması narahat edirdi. Əhsənül-Qəvaid yazının sonunda vəziyyətdən çıxış yolu da təklif etmişdi.  Göstərirdi ki, uşaqlara ziyanlı kitablar oxutmaq əvəzinə, ədəb elmini öyrədən kitablar yazıb tədris etməyə ehtiyac vardır. "Ziyanlı kitabların" içində isə Şərq divan ədəbiyyatının klassik nümunələri də nəzərdə tutulurdu. 

Əhsənül-Qəvaid "Əkinçi"nin növbəti - 15 mart 1876-cı il tarixli nömrəsində yenidən millətin tərəqqisi mövzusunun üzərinə qayıtmışdı. Onun qəzetdə dərc olunan məktubu kamala yetişməyə həsr edilmiş, bunun üçün ağıl yolunun, elm körpüsünün və doğruluğun əsas şərtlər olduğu vurğulanmışdır. Elmli adamın sözünün, mənalı kəlmənin cəvahirdən qiymətli olduğunu göstərərək, bu barədə Azərbaycan dilində bir rübai vermiş, rübaidən sonra isə özünün nəzm və şeir haqqında mülahizələrini irəli sürmüşdü. Müəllif kəlamdakı şeiri xörəkdəki duza oxşadır, bihudə və batil sözlərin yer aldığı şeirlərin çap olunub uşaqların əlinə düşməsinə isə kəskin etiraz edirdi. "Hər laübali adamın pər-puç sözləri bir-birinə toxuyub birini mədh, birini həcv, şərab və əmrədləri (bığ yeri hələ tərləməmiş oğlan uşaqlarını - M.O.) vəsf etməsini" kəskin tənqid edirdi və bu cür insanların kamal sahibləri olmadıqlarını, şeytana xidmət edib, xalqı yoldan çıxardıqlarını göstərirdi. Onun fikrincə, bu cür insanlar şeir yazmaq əvəzinə, bez toxumaqla, yaxud yamaqçılıq etməklə cəmiyyətə daha artıq fayda verə bilərdilər.

Əhsənül-Qəvaid məqalədə millət üçün iki növ hakimə ehtiyac olduğunu yazırdı: biri fiziki yaşayışa, maddi aləmə lazım olan əməllərə rövnəq və sərəncam versin; digəri isə axirət həyatına lazım olan əməllərə nizam versin.

O, insanların kamala yetmələri, cəmiyyətin cahillikdən qurtulması üçün insanın ağlını elmə sərf etməyi məsləhət görürdü. Əhsənül-Qəvaid istər ayrı-ayrı fərdlərin, istərsə də cəmiyyətin və millətin həyatında dini elmlərlə (elmi-ədyan) müqayisədə dünyəvi elmlərin (elmi-əbdan) rolunun daha üstün olduğunu iddia edirdi və bu ideya Həsən bəy Zərdabidən gəlirdi...

Cənab ağa, cəddin fədası olum...

Bu yazı nəşr olunandan altı həftə sonra - "Əkinçi"nin 28 aprel 1876-cı il tarixli nömrəsində, yenə "Məktubat" bölməsində "Şüərayi-ərbəeyi-Şirvan" ("Şirvanın dörd şairi") imzası ilə "Cəvabi-Əhsənül-Qəvaid" başlığı altında qəzəbli bir yazı dərc olundu. Əhsənül-Qəvaidin sonradan bu məktuba "Cənab Ağa, cəddin fədası olum" müraciəti ilə verdiyi cavaba əsasən, ehtimal etmək mümkündür ki, "Şirvanın dörd şairinə" başçılıq edən görkəmli maarifpərvər şair Seyid Əzim Şirvani idi (S.Ə.Şirvaninin başqa bir əsəri - "Qarabağlı Nalan təxəllüslü şairə" başlıqlı mənzum məktubu, eləcə də Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları"nda Seyid Əzimə həsr etdiyi oçerk bu ehtimalı tam təsdiqləyir).

Məktub sərt ifadələrlə başlamışdı, müəlliflər Əhsənül-Qəvaidi şairlərin məlahətli şeirlərindəki gözəlliyi və lətafəti dərk etməməkdə, zövqsüzlükdə qınayır: - "Görünür, şüəranın  şərab mədhi və şahidü səfa damağınıza dəyibdir", - deyə ona rişxənd edirdilər.

Daha sonra isə Əhsənül-Qəvaidin fikirlərinin təkzibi başlayırdı. Eşqbazlıq,  gözəllik, şərab haqqında Şərqin Şeyx Bəhayi, Əbu Əli Sina, Şeyx Sədi, Hafiz Şirazi kimi böyük mütəfəkkirlərindən farsca iqtibaslar gətirilir, Əmirəlmöminin - Həzrət Əlinin ərəbcə bir həcvinə istinad edilirdi. Şirvan şairləri Əhsənül-Qəvaidin fikirlərini təkzib etmək üçün onun sözlərindən məntiqi nəticə çıxarıb iddia edirdilər ki, Əhəsnül-Qəvaid şərabı və gözəli tərənnüm edən bu böyük insanların mərifət və kamal sahibi olmadıqları, xalqı yoldan azdırdıqları fikrindədir: "Pəs sizin fərmayişatınızdan məlum olur ki, bu büzürgüvarlar ki, biri şərabı və biri şahidi vəsf edibdilər, nəuzübillah bunlar cümlə bimərifət və bikamal kimsənələrdir ki, nə üçün biri şərab və biri şahid vəsfini edibdirlər və xəlyaqi gumrah edib zəlalətə salırlar".  

Şirvan şairlərinin məktubundakı maraqlı məqamlardan biri də şərabın və gözəl oğlan uşaqlarının vəsfi ilə bağlı Qurandan gətirilən iqtibaslardır. Onlar şərabın və gözəl oğlan uşaqlarının vəsfini Allahın buyruğu kimi qələmə verirdilər. Bu mülahizəyə əsaslanıb, Əhsənül-Qəvaidə məsləhət görürdülər ki, gərək öz etirazını şairlərə deyil, Allaha etsin:  "Əzizim, pəs gərək siz bu diqqəti və bu nüktəgirliyi xudavəndi-aləmə edəydiz ki, o da şərab vəsfin və şahid vəsfin Quranda bəyan edibdir. Şərab vəsfində buyurublar: Ənharün min xəmrin ləzzətün lişşaribin (İçənlərin ləzzət alması üçün çaxır çayları yaratdım).

Və əmaridi-vildan xüsusunda buyururlar: vildani-müxəllədun (üzünə tük gəlməmiş oğlan uşağı)".

Məktubun sonunda Əhsənül-Qəvaidə onun barəsində həcv yazılacağı ilə hədə-qorxu gəlinmişdi...

Azərbaycan ədəbiyyatşünaslığında divan ədəbiyyatı ilə bağlı üzərindən sükutla keçilən bir məqama aydınlıq gətirməyi zəruri hesab edirik.  Əhsənül-Qəvaidə ünvanlanmış məktubda cidd-cəhdlə Allah kəlamı kimi təqdim edilən "əmaridi-vildan" məsələsi, əslində, divan şeirində uşaqbazlığın təbliği ilə bağlı idi və Əhsənül-Qəvaidin kəskin tənqid etdiyi, qarşısının alınmasını istədiyi də elə bu idi. Dinin əsasları barədə kifayət qədər məlumatlı olan Əhsənül-Qəvaid Şirvan şairlərinə cavab yazısında Qurandakı "əmaridi-vildan"ın şeirə heç bir aidiyyəti olmadığını qeyd edirdi: "Ənvari-xəmr ya vildani-müxəlləd ki, Qurani-məciddə zikr olub, o ayatın şüəranın şeirinə şəbahəti yoxdur, onun ziddidir".

Onu da deyək ki, bu mövzu sonradan "Molla Nəsrəddin" jurnalının daim diqqətdə saxladığı ciddi ictimai problemlərdən biri oldu. 

Divan ədəbiyyatında uşaqbazlığın təhriki yalnız Azərbaycan və ya Şirvan şairləri ilə bağlı lokal hadisə olmayıb, müəyyən ictimai və tarixi səbəblərlə bağlı olan geniş yayılmış bir mərəz idi. "Kadını toplum yaşayışından uzaklaştıran anlayış divan şiirinde de etkisini gösterir. Divan şairi kadını ve kadın sevgisini küçümser, bunun sonucu olarak da kadına karşı duyulan sevginin anlatılmasından, giderek kadınla cinsel ilişkilerin konu edinilmesinden kaçınır. Peygamberleri bile hileyle kandıran kadına inanıp güvenmemek gerektiğini söyler. Bu anlayış onu kadınlarla hiç ilişki kurmamayı, evlenmemeyi öğütlemeye kadar götürür. Böyle olunca da kadın aşkı yerine eşcinsel ilişkilerle temellenen bir aşkın geçirilmesi doğaldır. Divanlardaki hammamiyye'lerde hamamlarda rastlanan güzel delikanlılar betimlenir, onlara duyulan cinsel istek şiirleştirilir. Kimi şairlerse sözünü ettikleri delikanlı sevgililerinin adlarını anmaktan da çekinmezler". İqtibas Konur Ertopun "Türk edebiyatında seks"kitabından götürülmüşdür. Bax: https://www.turkedebiyati.org/turk-edebiyatinda-cinsellik.html

Daş dəyəndə güzgü sınar...

Əhsənül-Qəvaidin Şirvan şairlərinin onu həcvlə təhdid etmələri ilə bağlı cavabında XX əsrin əvvəllərində yaranan ədəbiyyat və publisistika ilə səsləşmə olduğunu görürük. O, Şeyid Əzim Şirvaniyə müraciətlə yazmışdı: "Məni həcvi-şüəradan qorxutmuşduz. Mən ayinə kimiyəm, hər kəs məndə öz camalın görər və bir də kəlam şəxsin ətri və buyidir, gülün ətri öz lətafətin və mütəəffin şeyin buyi öz xəbasətin zahir edir". ("Əkinçi" qəzeti, 13 may 1876)

Əhsənül-Qəvaidin bu qeydi aradan təxminən 30 il keçəndən sonra proqram səciyyəli iki yazıda: Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının manifesti kimi yazdığı "Tiflis, 7 aprel" məqaləsində və Mirzə Ələkbər Sabirin məşhur "Nə yazım?" şeirində əks-səda verəcək və həmin yazılar Azərbaycan ədəbiyyatında yeni perspektiv müəyyənləşdirəcəkdi. Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"in oxucu ilə ünsiyyətini bu müddəa üzərində qurmuşdu: "Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza". ("Molla Nəsrəddin", 7 aprel 1906).

Mirzə Ələkbər Sabir isə öz şeirini yaxşılığı və pisliyi, aydınlığı və qaranlığı, əyrini və düzü əks etdirən ayna kimi təqdim etmişdi:

Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni tar yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs boylə bərəldirsən, a qare gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Şeyid Əzim Şirvaninin mövqeyi bu üç müəllifin mövqeyi ilə əkslik təşkil edir. Onun ayinə məsələsinə münasibəti həm şairin sözün ictimai funksiyasına yanaşmasını, həm də yaradıcılığının estetik sistemini şərh etmək baxımından çox maraqlıdır. O,  Əhsənül-Qəvaidin "mən ayinə kimiyəm, hər kəs bu ayinədə öz camalın görər" fikrinə "Qarabağlı Nalan təxəllüs şairə" müraciətlə yazdığı mənzum məktubda rişxənd edərək bildirirdi ki, şairlər daşdır, daş dəyəndə güzgü sınır:

Ey özün ayinə sanan rüsva,
Bunu da bil ki, səngdir şüəra;
Ehtiyat eylə, ey günü qarə,
Ayinə səngdən olur parə.
Bilmirəm səndə bu nə halətdir,
Şüərayə bu nə ədavətdir?

Əslində, başqa adama ünvanlanmış olsa da, həcmi 100 beytdən artıq olan bu mənzum məktub Əhsənül-Qəvaid barədə həcvdir. S.Ə.Şirvanini narahat edən məsələ Əhsənül-Qəvaidin "şairlər silkini" gümrah - yolundan azmış göstərməsi idi. S.Ə.Şirvaninin fikrincə, Əhsənül-Qəvaid şeiri məzəmmət etmək üçün Quranı dəlil gətirsə də, onun istinad etdiyi ayə bütün şairlərə aid deyil. Bunun ardınca S.Ə.Şirvani cidd-cəhdlə Qurandan, hədislərdən və imamlar haqqında rəvayətlərdən iqtibaslar gətirərək İslam dininin "batil olmayan" şairlərə rəğbətini əsaslandırırdı. S.Ə.Şirvani şairləri əhli-beytin - Məhəmməd peyğəmbərin ailəsinin məddahları adlandıraraq onların şərəfli iş gördüklərini vurğulayır, şərabın şeirdə rəmzi məna daşıdığını, meyxanə deyəndə cənnət bağının nəzərdə tutulduğunu, orada şahi-Mərdanın - Həzrət Əlinin saqi olduğunu qeyd edirdi.

İllət nə olub ki, bizim millət,
məmləkət tənəzzül etməkdədir?

"Şairlərlə ədavət" məsələsində Əhsənül-Qəvaid "Əkinçi"də çap etdirdiyi cavab yazısında öz məqsədini açıqlayaraq bildirmişdi ki, onun şairlərlə və digər sənət sahibləri ilə heç bir ədavəti yoxdur. Məqsədi başqa millətlərin tərəqqisinin və bizim millətin tənəzzülünün səbəblərini axtarmaqdır: "Mənim şüəra ilə ədavətim ya sair nas ilə xüsumətim yoxdur. Mətləbimiz əsasi-məmuriyyətə bais olan səbəbləri və ona eyib yetirən illətləri bəyan etməkdir ki, aya cəhət nə olmuş ola ki, miləli-digər bu qədər tərəqqi tapıb, millət, məmləkətləri məmur olub və illət nə olub ki, bizim millət, məmləkət tənəzzül etməkdədir". ("Əkinçi" qəzeti, 13 may 1876)  

Yaradıcılığında, xüsusən 1870-ci illəri əhatə  edən maarifçi əsərlərində dinlər və insanlar arasında birliyi təbliğ edən, hamını eyni Allahın bəndələri sayan, bu birliyi pozmaq istəyənlərə sərt münasibət göstərən Seyid Əzim bu şeirində Əhsənül-Qəvaidin Avropanın tərəqqi etdiyi, qabağa getdiyi barədə qeydlərinə böyük qısqanclıqla yanaşırdı. 

Şeirdə Əhsənül-Qəvaid "əhli-Yevropanı" öz millətimizdən yüksək tutduğu iddia edilir, haqqında təhqiramiz ifadələr işlədilirdi.

İndi ki, var məhəbbətin küfrə,
Sən də onlar kimi döşə süfrə.
Sən də gey çəkmə, başuva qoy saç,
Salgilən rəğbət ilə boynuva xaç.
Yerə çökmə, ayağun üstə i...ə,
Yayda iç pivə, romu saxla qışa.
Dəxi bundan sora yuma g...ü,
Gərçi səhvən kəsiblə sünnətüvi.
Eyləmə qüsl, getmə həmmamə,
Başuva şapqa qoy, nə əmmamə.
Hər urusə çatanda ver çasti:
"Mayo paçtenye,-söylə-izrasti!"
Məscidə getmə, gir kəlisayə,
Söylə Allahın oğlu İsayə.

Seyid Əzimin müsəlmanlarla avropalılar arasında apardığı bu müqayisələr və üstünlük verdiyi "milli keyfiyyətlər" "Molla Nəsrəddin" jurnalının, yaxud Mirzə Ələkbər Sabir satiralarındakı avam tiplərin mülahizələrindən heç də qabağa getmir: "Ölsə də verməm riza şapka qoya başına..."

Onu da deyək ki, bu yazışma ilə bağlı böyük ziyalımız, peşəkar ədəbiyyatşünaslığın yaradıcılarından olan Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı tarixi materialları"nın Seyid Əzim Şirvaniyə həsr olunmuş bölümündə geniş araşdırma apararaq Seyid Əzimin Əhsənül-Qəvaidə münasibətini haqsız hesab etmişdir. F.Köçərli bunu Seyid Əzimin şair təbiəti, xarakterinin çılğınlığı ilə bağlayırdı. F.Köçərlinin araşdrımasından o da aydın olur ki, "Şirvanın dörd şairinin" məktubundan əvvəl Seyid Əzim Əhsənül-Qəvaid haqqında həcv yazıb, H.Zərdabiyə göndərmiş, lakin Həsən bəy bu həcvin çapından imtina etmişdir...

İki ideoloji cərəyanın bünövrəsi

"Əkinçi"də şeir mövzusunda yazışmalara diqqətlə nəzər salanda bir cəhət də gözdən yayınmır: istər Əhsənül-Qəvaidin, istərsə də Şirvan şairlərinin "Əkinçi"də nəşr edilmiş yazılarının dili, məsələn, Həsən bəy Zərdabinin, yaxud Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin dili ilə müqayisədə çox qəliz və ağırdır.  Bunu ayrı-ayrı adamların savadının və ya təhsilinin səviyyəsi ilə bağlı təsadüfi hadisə kimi qiymətləndirmək istəməzdik.

İlk milli qəzetimizdə yeni formalaşmaqda olan Azərbaycan  mətbuat dilinin iki istiqamətinin rüşeymlərini görürük: bir istiqamət - sonradan Cəlil Məmmədquluzadənin funksional sərhədlərini dəqiqləşdirdiyi "türkün açıq ana dilində" - xalq danışıq dilində yazmaq təmayülünün təməlini təşkil edir; digər istiqamət isə "Füyuzat" jurnalının dilə yanaşmasının bünövrəsini nişan verir. "Əkinçi"də bu məsələ hələ konsepsiya səviyyəsinə gəlməmişdi, hadisələr öz təbii axarında davam edirdi, hər kəs dillə bağlı məsələyə öz mövqeyindən yanaşırdı. XX əsrin əvvəllərində bu iki tendensiya iki aparıcı ideoloji cərəyana çevrildi. Azərbaycançılıq və türkçülük ideologiyalarının daşıyıcıları olan dilin bir-birindən fərqlənən iki müxtəlif səviyyəsi müəyyənləşdi. "Əkinçi"də bunlar hələ bir-birinin içindədir. Bu bir yana, bəzi hallarda isə Osmanlıya münasibətdə ona qarşı müharibə aparan Rusiya imperiyasına sədaqət nümayiş etdirilirdi.  

Bir xüsusiyyəti də istisna edə bilmərik ki, o dövrün ziyalıları özlərini nəzmlə daha yaxşı ifadə edirdilər. Məsələn, Əhsənül-Qəvaidin:

Hikmətin kəlməsinin qiymətini gər bilələr.
Min ilin gövhəridir, hər birinin qiyməti var.
Sözlərin canına lütf ilə əgər fikr edələr,
Hər sözün bir canı yox, bəlkə onun min canı var

("Əkinçi" qəzeti, 15 may 1876) dördlüyünün dili publisistik yazılarının dilindən qat-qat sadədir. Eyni mənzərəni Seyid Əzim Şirvaninin nəzm və nəsrlə qələmə aldığı yazılarda da görürük. Seyid Əzimin, eləcə də "Əkinçi" qəzetində şeirlərini çap etdirmiş digər şairlərin nəzm dili klassik divan ədəbiyyatı ənənələrindən gəlir. Nəzmin publisistikaya, qəzet dilinə uyğunlaşdırılması meylinin olduğu müşahidə edilsə də, dil özünün klassik məcrasından kənara çıxa bilmir. Bunu Seyid Əzimin "Rəbiül-ətfal" kitabında uşaqlar üçün yazdığı əsərlərdə də görürük. Kitabın yazılmasının məqsədi ilə bu məqsədi yerinə yetirəcək, sözü ünvanına çatdıracaq poetik sistem bir-birini tamamlamır, hətta bəzən ziddiyyət təşkil edir.  

Sülh şəraitində məğlubiyyət

"Əkinçi"nin şeir davasında maraqlı, eyni zamanda paradoksal görünən bir fakt da var. Lap başlanğıcdan ədəbiyyatda həcvə qarşı müharibə elan edən qəzetdə 1877-ci ildə iki həcv nəşr edilmişdir: bunlardan biri Seyid Əzim Şirvaniyə aiddir və nə qədər qəribə də olsa, həmin yazıda Əhsənül-Qəvaidin mövqeyi müdafiə edilir...

Qəzetin 4 yanvar 1877-ci il tarixli nömrəsində Əhsənül-Qəvaidin ictimai fikirdə böyük qalmaqal yaratmış növbəti yazısı dərc olunmuşdu. Yazıda məhərrəmlik təziyəsi zamanı baş yarmaq adəti tənqid edilmişdi və müəllifin iddiasına görə, dinlə, şəriətlə hər hansı əlaqəsi olmayan bu adət ilk dəfə Qarabağda yaranmışdı. Yazı Mirzə Fətəli Axundzadə də daxil olmaqla o dövrün maarifpərvər ziyalıları tərəfindən rəğbətlə qarşılanmışdı. Bununla belə, bəzi mühafizəkar düşüncəli insanlar bu yazıya görə qəzeti və yazı müəllifini məhşər ayağına çəkirdilər, qəzetin ünvanına təhqir dolu məktublar göndərilirdi. "Bir şəxs bizim qəzetin əvvəlinci nömrəsində əqrəba miyanında olan kəbin xüsusunda yazılan mətləbin və Əhsənül-Qəvaid baş çapmaq üstə yazdığı sözlərin barəsində bir kağız yazıb, məxfi göndərib, bizə bietiqad, biədəb, biidrak, bielm deyib, bir vərəqin üstə olmayan sözlər yazıb deyir: əgər mərdsən, bunu basdır".  ("Əkinçi", 17 fevral 1877)

Qaragüruhçu qüvvələrin qəzetə ünvanlandığı yazılar arasında həcvlər xüsusi yer tuturdu.  "Bizə Badkubə poştuna salınan məxfi kağız göndərən kəs indi bizi həcv edib, onu Qarabağ poştuna salıb göndərib. Adına Hadiyül-Müzillin Qarabaği deyir. Çünki bir ləqəb ilə insanı tanımaq olmaz, ona binaən cənaba məlum edirik ki, özünün və atasının adını və sakin olduğu yeri yazıb məlum eləməsə, bizdə ol həcvi çap etməyə ixtiyar yoxdur". ("Əkinçi", 17  mart 1876)

Həsən bəyin reaksiyasından belə görünür ki, o bu cür yazılara çox həssaslıqla yanaşırdı. Milləti qəflət yuxusundan ayıltmaq üçün bütün varlığı ilə çalışan bir insanın ünvanına göndərilən həcvlər istər-istəməz onda psixoloji gərginlik, ruh düşkünlüyü yaradırdı: "Fikrim budur ki, bizim Zərdab kəndində Qarabağın sərhədində bir daş qoydurub onun üstündə zikr olan həcvi tamam qazdırım ki, gələcəkdə bizim övladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm!" (Həsən bəy Zərdabi. Seçilmiş əsərləri, Bakı: 1960, səh. 19)

Əhsənül-Qəvaidin yazısı ilə bağlı xüsusi canfəşanlıq göstərənlərin önündə Qarabağdan Hadi təxəllüslü şair gəlirdi. O, Əhsənül-Qəvaidi təkzib etmək üçün  "Əkinçi"yə  məxfi məktubla yanaşı, ədəb sərhədlərini keçən həcv də göndərmişdi: "Qarabağdan yazırlar ki, ağköynək barəsində bizim qəzetdə yazılan sözlərdən ötrü bəzi avamlar bizi həcv edib, hətta istəyirlər imiş bizdən ərizə versinlər ki, guya ol sözlər məzhəbə dəyən sözlərdir. Əgər bu xəbər doğru isə, Hadiyül-Müzillin həqiqət qarabağlı isə, Qarabağın anlayan kəslərinə ərz olunur ki, gözünüz aydın olsun". ("Əkinçi", 31 mart 1877)

Göründüyü kimi, "Əkinçi" elan etdiyi şeir davasında şairləri həcv yazmaqdan daşındıra bilmədiyi bir yana, özü də həcvin hədəfinə və qurbanına çevrilir. Aramsız təzyiqlərdən sonra Həsən bəy Zərdabi öz prinsiplərinin və "Əkinçi" qəzeti üçün müəyyənləşdirdiyi etik xəttin əleyhinə gedərək Seyid Əzim Şirvaninin Hadiyə ünvanlandığı həcvi nəşr etmək məcburiyyətində qalır. (Məncə, o ehtimal da yersiz sayılmamalıdır ki, bu həcv Həsən bəy Zərdabinin arzusu və ya sifarişi ilə yazılmışdır). Bu, XIX əsr Azərbaycan ictimai və mədəni reallığının obyektiv mənzərəsini əks etdirən və kədər doğuran bir illüstrasiya kimi qəbul edilməlidir: cəmi 300 abunəçisi, bir əlin barmaqlarının sayından artıq olmayan mütərəqqi yazarları olan bir qəzetlə ictimai fikri hərəkətə gətirmək, ictimai psixologiyanı dəyişmək çox çətin idi. İctimai psixologiyanın dəyişməyi bir yana, bu psixologiya ona əks çıxan, onu dəyişdirmək iddiasında olan insanları da öz uçurumunun qaşına çəkirdi. XIX əsrin tipik həcvlərindən olan şeir "Məktubi-mənzum" - "Mənzum məktub" sərlövhəsi ilə nəşr edilmişdi və bu bəndlərlə başlayırdı:

Ey olan hadiyi-ərbabi-zəlalət Hadi,
Ey Müzillini edən həqqə hidayət Hadi.
Eylədin sən ki, bu mehdiliyə adət, Hadi,
Elə bəs aləmə təbliği-risalət, Hadi!

Leyk peyğəmbər olan həcv eləməz ümmətini,
Kişi lazımdı çəkə ümmətinin qeyrətini,
Gərçi həcv eyləyənin yoxdu kəsən sünnətini,
Sənə bu həcv nə fərz oldu, nə sünnət, Hadi.

Müraciət tərzindən, leksikasının natarazlığından da göründüyü kimi, bu yazı, əslində, "Əkinçi"nin və "Əkinçi" müəlliflərinin mübarizə apardıqları zehniyyətin ifadəsidir. Ondan hər hansı maarifləndirici keyfiyyətlər ummaq da artıqdır. Müəllif bu şeirlə, sadəcə, ömrünü və düşüncəsini maarifə, yeniləşməyə həsr edən insanları müdafiə edirdi, özü də, belə demək caizsə, qarşı tərəfin silahı ilə. Bu silahın hədəfi isə "Əkinçi"nin idealları idi...

Bundan əvvəl qeyd etdiyimiz kimi, həcvlə bağlı maraqlı cəhətlərdən biri də burada Əhsənül-Qəvaidin mövqeyinin müdafiə olunması, qaldırdığı ictimai problemlə bağlı onunla həmrəyliyin nümayiş etdirilməsi idi:

"Əhsənül-Qaidənin" sahibi, yaxud özü bəg,
Yazmış idi nə rəva xəlq olur ağköynək?
Sən, oba aşrı, əzizim, nəyə lazım hürmək,
Nə üçün eylədin izhari-ədavət, Hadi?!

Bu, sadəcə, Seyid Əzimin mövqe dəyişikliyi deyildi, həm də divan şeirinin funksional poetik sistem kimi öz dövrünü başa vurduğunun bir göstəricisi idi: həcv, istər "Əkinçi" üçün, istərsə də fərqli mövqe sahibi üçün kimisə "vurmaq" lazım gələndə işə yarayırdı. Bu, cəmiyyətlə dialoq qurmaqdan, cəmiyyətə təsir göstərməkdən daha çox, fərdlə fərd arasında münasibətləri aydınlaşdırmağa xidmət edirdi. Millət kimi yeni dəyərləri dərk etməli olan bir toplumda cəmiyyətlə dialoq qurub, millətin ağırlığını daşıya biləcək sözə çox böyük ehtiyac var idi.

Həsən bəy ona həcv yazanlara qarşı həcvdən istifadə etmək təcrübəsini ziyalı ədası ilə "kompensasiya" etdi. - Hadinin Seyid Əzim Şirvaniyə ünvanlandığı həcv qəzetin 9 iyun 1877-ci il tarixli nömrəsində "Məktubat" bölməsində nəşr olundu:

Ey bizi həcv qılan şairi-dövrani-Əzim,
Seyyidü sərvərü sərdari-süxəndani-Əzim,
Dəhri-gülzari ara bülbüli-xoşxani-Əzim,
Əzizim, iki gözüm, cəddinə qurban, Əzim!  
                                                                                  

İlk milli qəzetimiz olan "Əkinçi"nin o dövrün ədəbi prosesindəki rolu ilə bağlı  qeydlərimizdən belə nəticə əldə edə bilərik ki, "Əkinçi"nin şeir davasının məğlubiyyətə uğraması XIX əsr Azərbaycan poetik fikrinin ibrətamiz bir illüstrasiyasıdır. Zaman dəyişdikcə şeirin poetik sistemi, düşüncə və düşüncənin ifadə tərzi də dəyişmək məcburiyyətində idi. Lakin dünyada sənaye inqilabının baş verdiyi XIX əsrin sonlarına doğru ənənəvi divan şeirinin dəyişmək gücü "Əkinçi"dəki şeirlərin yaranmasına, qəzetin mövqeyini müdafiə edən mənzum müraciətlərə, "Rəbiül-ətfal" hekayələrinə - "Gülüstan"ın, "Zinətül-məcalis"in "milliləşdirilməsinə" ancaq çatdı...

Millətin işinə yarayan şeirin yaranması üçün əvvəlcə ənənəvi poeziyanı astar üzünə, parodiya vasitəsinə çevirmək lazım olacaqdı. Bu tarixi vəzifənin öhdəsindən gəlmək isə Seyid Əzimin şagirdi Mirzə Ələkbər Sabirin üstünə düşdü...

"Ədəbiyyat qəzeti" 2017-ci il

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!