Eşq və ağıl Poeması... - Səlim Babullaoğlu yazır

Elxan Zalın kitabı üçün son söz yerinə yazılmış bir yazı

 

Elxanın da formalaşdığı ötən əsrin 90-cı illərindən bu yanakı çağdaş poeziyamızda Əlisəmid Kür şeirimizə gətirdiyi əsəbilik, Adil Mirseyid hüzn və melanxoliya, Kəramət mühacirət stixiyası, Əjdər Ol yüksək vətəndaşlıq plakatları, Həmid Herisçi metaforik vizuallıq, Murad Köhnəqala arxaik metafizika, Salam ironiya, Rasim Qaraca eksperimentalizm, Azad Yaşar konseptualizm, Qulu Ağsəs xəlqi modernizmi ilə yadda qalacaq. Əlbəttə, sadalanan keyfiyyətlər həmin yazarların yalnız bir keyfiyyətini ifadə edir, üstəgəl bu siyahını mövcud şairlərin sayı qədər böyütmək daha dolğun və ədalətli görünə bilər. Amma mən elə əlamətləri sadaladım ki, onların hamısına Elxan Zalın şeirlərində rast gəlinir. Onlar adları çəkilən şairlərin yaradıcılıqlarından qırmızı xətlə keçirsə, həmin xətlər Elxanın poeziyasını ana dili dəftərinə çevirir. Özü də bu xüsusiyyətlər Elxanın poeziyasında müxtəlif semantik-dil müstəvilərində, bir də mənim daha vacib saydığım rəngarəng metrikalarda baş verir.

Mövzu spektrinə görə onu Fazil Hüsnü Dağlarca, ovqatına görə ingilis Odenə, fransız Mişel Uelbekə, üslub xassələrinə görə Oljas Süleymenova bənzətmək olar. Əgər Elxan Zalın şeirlərinin "qafiyə sözlüyünü" tərtib eləməli olsalar, o, çağdaş poeziyamzın:

a) ən geniş

b) ən qədim və milli

c) ən modern və dünyəvi

d) ən gözlənilməz və maraqlı lüğəti olacaq.

"Tonqa-Konqo", "Kolizey-Quzey", "Xırdalan-Qurdalan", "Hippi-Missisippi", "Bonapart-Partapart", "Kafka-kepqa", "Müzik-bizik", "momento-sakramento", "yakamoz-boz", "axır-ilaxır", "Antik-romantik", "Donda-Anakonda", "Alay-qolay", "Mayami-daimi", "Fortepiano-Sirano" kimi cütlərlə Elxan, poeziyamızdakı qafiyə vərdişlərimizi qırır, türkün qızıl dövründən danışırsa, bizi həmin danışığa, səs-küyə, cəng səsinə qulaq asdığımıza inandırır, müasirlərindən söz edirsə, bizə təkcə günümüzün sözlərini deyil, bugünümüzün qəhrəmanları, ədəbiyyat yaradan adları da göstərir. Elxan yeni qafiyələr yaratmaqla onların dəqiqliyinə də diqqət yetirir ki, sərbəst şeir meydanlarının saysız-sonsuz və qolkipersiz qapılarına top vuran "poetik pelelik" dövründə o, ciddi, dəqiq, ölçülü-biçili, qapılı-qafiyəli poeziyanın həqiqi Maradonası kimi görünür (bu cümlə də qoy Elxanın mənə təsirinin publisistik inikası sayılsın). O, qafiyədən istifadə edirsə, bunu zərgər dəqiqliyi ilə edir, assonans və dissonansların qoltuğuna sığınmır, etmirsə, onu yenə də poeziyanın lehinə olaraq etmir. Məsələn, Elxanın "Cahana cahad" şeirində cihadı bəzi regionlarımızın şifahi nitqindəki kimi cahad yazaraq həm şeirin adında, həm də sonradan mətnin içində "cahanı" "cahadla" qafiyə tutaraq, bizim ədəbyiyyatda ilk unikal göz qafiyələrindən birini yaradır.

O, rus şeiri gümüş dövrünün nəhənglərindən olan Osip Mandelştam kimi dünya mədəniyyətinə akmeistik xiffət duyur, yunan-Roma-Misir-slavyan-şaman-türk miflərinə müraciət edir, gah İstanbulda lokantadadır, gah Varşavada və ya Krakovda oteldə polonezə qulaq asır, gah Nizami küçəsində professor Pleyşner kimi şəstlə yeriyirsə (onun məhz bu küçədə belə yeriməyə haqqı çatır), həmin küçənin "Torqovıy"a metamorfozunu, ordakı həyatı kədər, ironiya və ustalıqla qələmə alır.

Elxanın poeziyasını çoxlu rakusrlardan, mövqelərdən - ədəbiyyatşünaslıq və tənqid kanonlarından çıxış edərək, ideoloji plastda dəyərləndirmək olar əlbəttə. Bu vacibdir, həm də şeirin aid olduğu dilin qarşısında, coğrafiya qarşısında, adamlar qarşısında borcu var. Yeri gəlmişkən, həm professor Nizami Cəfərov, həm filologiya elmləri doktoru Arif Əmrahoğlu, həm Elçin Hüseynbəyli, həm də Əsəd Cahangir və Rasim Qaraca Elxanın şeirlərinin məhz bu məziyyətləri haqqında maraqlı yazılar yazıblar.

Amma məncə, Elxanın müxtəlif metrikalarda uğurla yazmasıdır ki, bunu da az əvvəldə qeyd eləmişdim. Bunu daha vacib saymışdım. İndi bu fikrə yenə qayıdıram. Niyə? Yəqin, ona görə ki, məhz metr - müəyyən elementar ritmik hissələrin mətn içindəki vaxtaşırı təkrarı şeirin həyatla, zamanla əlaqəsini göstərir, məhz zamanı imitasiya eləməyə cəhd edir, onun reprezintasiyası olur.

Bəlkə ona görə məsnəvi, qoşma, gəraylı, bayatı, müstəzad, hecanın müxtəlif müasir variantlarında verlibr yazmaqla Elxan Zal özünün zamanla bir deyil, bir neçə bağının olduğunu göstərir. Əlbəttə, bu, böyük peşəkarlıq göstəricisidir. Amma məncə, onun başlıca uğuru "pozuq heca" və "ağ şeir" ölçülərində yazmasıdır, məhz bu iki ölçüdə, bir az da dəqiqləşdirsəm, daha çox sonuncuda Elxan böyük improvizator (=şair) olduğunu sübut edir. Mən bunun niyə belə olduğunu çox fikirləşmişəm və qərara gəlmişəm ki, bu, "ağ şeir"in özünün xisləti və Elxanın bunu lazımınca dəyərləndirə bilməsi ilə bağlıdır. Sətirlərin, misraların başında sözlərin əl tutuşması olan, onları bir-birinə nişan verən qafiyəni istisna edən "ağ şeir", əslində, eyni şeyi qafiyənin yoxluğu ilə bir tərəfdən, misralarındakı heca saylarının bərabərliyi ilə digər tərəfdən edir. Bir az da qısa desəm, eyni heca sayının yaratdığı ritmika, bərabərlik duyğusu oxucunun qavrayışını zorlamır, əksinə, qafiyənin yoxluğu ona oxuduğu poetik mətnin adi nitqi ilə harmoniyada olduğunu asanlıqla hiss etdirir.

Şeirimizin əhəmiyyətli, miqyaslı və çox təəssüf ki, gözdən qaçan hadisələrindən birini də Elxan yaradıb. Mən bu kitaba daxil olan "Polonez" poemasını nəzərdə tuturam. "XVIII əsrdə 3\4 ritmli milli polyak rəqsi, rəqs-yürüşü, rəqs-alayıdır; bu rəqsin ritmində olan musiqi əsəri də polonez adlanır" (Brokqauz və Yefronun ensiklopediyasında polonez haqqında bu qeydlər var). Bəs poema adaşından nəyi əxz eləyib? Onun da taleyində 18 var, poema 18 hissədən ibarətdir; lirizm, hüzn və oynaqlıq rəqsə xas olduğu kimi, poemaya da xasdır; bir də poema "polonezin" tərifindəki yürüş xassəsinə malikdir: müəllif "mən noyon deyiləm Xan Ordasında/ içimdə bir ayrı fəth duyğusu var..." yazır ki, maraqlı arxitektonikaya malik poemanı oxuduqca, əsərin bir azərbaycanlı-türk intellektualının lirik eşq yürüşü olduğu bilinir. Görüşü, düşüncələri, Elxanın öz təbirincə desək, sevişi, Anna ilə gəzintiləri, müqayisələr, miflər və sairə. Metrikalar dəyişir, "ağ şeir"lə başlayan sətirlər hecaya, vurğu sərbəstinə, təkrar hecaya, verlibrə və yenidən "ağ şeirə" keçir. Burda həm hecanın, həm də "ağ şeirin" müxtəlif variantlarından istifadə olunur. Məsələn, "Qonaq qapısı", "Görüş önü", "Şam şöləsində vida" hissələri 11-lik "ağ şeir"lə, "Duet" "ağ şeir"in 14-lük versiyası ilə, "Qış nağılı" 10-luq məsnəvi ilə, "Sevdalı gecənin qoşqusu 10-luq pozuq çarpaz hecada, verlibr və çastuşka-krakovyak metrinə yaxın çoxlu başqa metrlərdən virtuozcasına istifadə edir Elxan. Burda nələrə rast gəlinmir? Din, siyasət, tarix, kilsələr, tevton cəngavərləri, türk igidləri, Füzuli, Mistkeviç, Şopen, Oruc bəy Bayatlı, Madonna, İsida, Mehr Banu, Kraso(a)pani, Papa, ona qəsd etmiş Əli Ağca, hətta Bzejinskiyə... Məsələn, belə bir məqam (lirik qəhrəman polyak sevgilisinə - gözəl Annaya) deyir:

"Sən Əli Ağcanı xatırlayırsan/ O, güllə atmışdı papaya bir vaxt/ Papa bağışladı xristian kimi/ türklər bağışlamır, yavuzdur yasa..." - məsələn, tarixdə türklərin daha mərhəmətli olması haqda çoxlu misallar gətirib Elxanla (müəllifin lirik inikası ilə) razılaşmamaq olarsa da, əslində, müəllif bugünkü Avropa Birliyi və ona canatımla bağlı reallığı göstərir, sonra da sanki "antimillidir" yarlığından sığortalanmaq üçün "vaxt tap Bakıya gəl, sevimli pani/ orada dualar tez çatır göyə" - deyir... Vətəni belə deyib sevmək, bu cür görmək istəmək çox gözəldir, mən burda şlyapamı astaca çıxarıram.

Ümumiyyətlə, poemanı oxuduqca Elxanın mütaliə dairəsinin genişliyi ilə üzvi şəkildə qonşuluq edən dərin romantikası və lirizminin sehrinə düşürsən. Şahanə misralara rast gəlirsən. Bayaq göstərdim, bir də oxuyaq "mən noyon deyiləm Xan Ordasında/ içimdə bir ayrı fəth duyğusu var..."; yaxud "indi Amerika/ dansları dəbdə/ mən polonez sevərdim/ orta məktəbdə"; və ya "şeir oxuyuruq urus ağzında", "buzlar suya dönür, sular buxara/ torpaqda bir az çox yaşayır kəmik..."; yenə "şaxta kar etməz eşq istisinə/ mey xumarında vaxt qovur baca...".

Belə misralar çoxdur, lap düzü isə belə olmayan misralar azdır, ona görə mən Elxanın yazdığı bir eşq və ağıl poeması olan "Polonez"in "Duet" adlı hissəsinə qısaca göz atacam. Niyə bu hissəyə? Yəqin, ona görə ki, eşqdə üçüncüyə yer yoxdur, o, həmişə duetdir; xüsusən bu duet həmişə ağla (saflıq rəngi, yataq rəngi və sairə) assosiasiya olunub, Elxanın ustacasına hakim oluduğu "ağ şeir" ölçüsü ilə yazılıbsa.

Bəzi yerləri oxuyaq: "Gecə söhbətlərində şifirlənmiş sehr var/ Gecə köynəklərində yanıqlı bir polonez". Birinci cümlədə hər şey aydındır. Bəs ikinci? Polonez qadın və kişilərin birgə alayı, yallısı, rəqsidir, adətən bunu nikahda olanlar bir yerdə edir, bəlkə bu qadının kişisiz olduğuna işarədir... Ardını oxuyaq: "Hər kəs sayğac qoşanda sənin çılpaqlığına/ Qaranlıqdan don biçir yarasa uçuşları"... Ehtimal təsdiqlənir, qadının sevgilisi olsa da, (müvəqqəti bir eşq) o, ərsizdir, hətta onun çılpaqlığına sayğac qoşanlar da var, ən azı olub, lirik qəhrəman bunu bilir... Diqqət yetirin, bütün yataq hadisələri daha çox (elə duet baş verən anda da) gecələr baş verir ki, Elxan bunu necə gözəl ifadə edir. Qaranlıq səmanı sağa-sola, aşağı-yuxarı, ziqzaqlarla, dairəvi cızan kor yarasaları təsəvvür edin və bir də oxuyun: "Qaranlıqdan don biçir yarasa uçuşları" - sarsıdıcı vizuallıq və digər tərəfdən qadının paltarsız olduğuna da, türklər demiş, nazik bir eyham... Sonra başqa şahanə poetik cümlələr: "Süvari pıçıltılar boşaldıb yüyənini..." (yəni pıçıltılar səngiyir), "blüz çalır sığalların isti barmaqlarında" (söz daha çox hərəkətə keçir), "ikonadan göz qoyur Məryəmin yasaqları" (ikona adətən divarda olur, divar özü isə hüdud və qadağa deməkdir ki, bir cümlədə qadağa və interyer çox maraqlı tərzdə göstərilir) və nəhayət, "dualı dodaqların ayələri bitəndə/ öz solo konsertinə başlayır bizim duet...". Şərhə ehtiyac yoxdur.

Sonuncu sətrə qədər güclənən hisslər artıq təxəyyülün ixtiyarına buraxılaraq çoxyozumluluq qazanır, hər kəs sonranı özü istədiyi və görə bildiyi kimi görür; bu, eyni zamanda etikdir də... Gərək Tarkovski pəncərəyə qonan göyərçinlərin qəfil uçuşuyla "çarpayı səhnə"sinə işarə etmişdi, nədənsə, bu yadıma düşdü. Fikirlərimi burda bitirir, yox, kəsirəm. Çünki "kitab üçün son söz yerinə yazılmış bir yazı" oxucunu təkrar mütaliəyə qaytarırsa, mənim fikirlərimə bundan sonra nə hacət, qaytarmırsa, davam etməyə yenə və heç ehtiyac yoxdur.

...Sadəcə, əziz oxucu, bil ki, əlində tutduğun kitab - kitab yox, vətənimizin, dilimizin dünya kodları ilə danışa bilən iki-üç şairindən birinin qaynar, romantik, hüznlü ürəyidir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!