Sol ayağıyla roman yazan yazıçı - Kənan Hacı yazır

 

İnsanın özünüifadəsinin realizə formaları, metodları müxtəlifdir. Özümü, dünyanı dərk edəndən bu qənatə gəlmişəm ki, insanı öncə valideynləri yaradır, ikinci dəfə isə insan özü özünü yaradır, özünü yarada, şəxsiyyət kimi yetişdirə bilməyən, özünü ifadə edə bilməyən insan sanki bu dünyadan gözübağlı keçib gedir. O, özünü kəşf edə bilmir və dünya da onu görmür və bu dünyada heç bir iz qoymadan yoxluğa qarışıb gedir. Özünü ifadə edə bilmək insanın ən böyük və daimi xoşbəxtliyidir; bu xoşbəxtliyi heç kəs onun əlindən ala bilməz.

Fiziki cəhətdən qüsursuz insanların həyatın böyründən laqeydcəsinə ötüb keçməsi, öz içindəki xəzinədən xəbərsiz yaşaması məni həmişə heyrətləndirib. Onlar bu ətalət bataqlığında nə görüblər, bu insanlar həyatın mənasını nədə görürlər? Sadəcə, yaşamaqdamı? Bir insan ömrünü sadəcə, yeyib-içib yaşamaqla başa vurmaqdan dəhşətli nə ola bilər?! Axı insanın fitrətində həm də yaratmaq bacarığı var. İnsan həm də buna görə dünyaya gəlir.

Kristi Braun fiziki cəhətdən qüsurlu şəkildə dünyaya gəlmişdi. Beyin iflici ilə. Onun yeganə sağlam orqanı sol ayağı idi. Və o, sol ayağı ilə möcüzələr yaratmağı bacardı. Kristi dünya ədəbiyyatına Ceyms Coysu bəxş etmiş İrlandiya torpağında, Dublində dünyaya göz açmışdı. Ceyms Coys dünyaya əlvida deyəndə Kristinin cəmi 9 yaşı vardı. Onun dünyaya deyəcək sözü çox idi. Bəlkə də Coys Kristini tanısaydı, məşhur "Dublinlilər" kitabında onun da obrazını yaradardı. Beyin iflici ilə doğulmuş bu talesiz uşaq öz bəxtini özü yazdı və uzun illərdən sonra onun da adı irland ədəbiyyatının nəhəngləri sırasında çəkilməyə başladı. Çoxuşaqlı ailədə doğulan bu uşaq artıq 5 yaşında taleyilə amansız bir döyüşə atıldı. Mübarizə uzun, çox uzun çəkdi. Amma sonda Krsiti Braun qalib gəldi. Onun alter eqosu bütün maneələri, sədləri aşa bildi. Həkimləri onun nə vaxtsa sağalacağına ümidlərini üzdüyü halda anası hər zaman ona mənəvi dəstək oldu, bu balaca, şikəst məxluqun nə vaxtsa yararlı bir insana çevriləcəyinə ürəkdən inandı. Avstriyalı psixiatr Alfer Adler özünün "Yaşamın anlamı və məqsədi" kitabında yazır ki, "bir ananın ilk vəzifəsi uşaqda kiməsə inam hissi, güvən duyğusu oyatmaqdır, daha sonra bu inamın tədricən dərinləşməsini və sonunda bu çevrənin daha da genişləndirməsini təmin etməkdir". Kristinin anası bu ağır işin öhdəsindən uğurla gəldi. Bu kiçik təkan Kristidə toplumsallıq duyğusunu gün-gündən inkişaf etdirdi. Son nəticədə bu uşaq tanınmış bir yazıçıya çevrildi. İyirmi iki yaşında sol ayağıyla yazdığı "Sol ayağım" romanı ona bütün dünyada məşhurluq qazandırdı. Bu roman ona çox böyük fiziki və mənəvi ağrılar bahasına başa gəlmişdi. Hələ beş yaşı olanda daxili aləmini rənglərin diliylə açmağa cəhd etmişdi. Amma onun qismətinə rəssamlıq yazılmamışdı. Onun danışığında da ciddi qüsurlar vardı və o, insanlara fikrini çatdırmaqda çətinlik çəkirdi. Belə olan halda yazmağı tərcih edir. Danışa bilməyən adamın yeganə xilas yolu yazmaqdır.

Kristinin başqalarıyla ünsiyyət vasitəsi yazı idi və o fikirlərini kağıza yazmaqla çatdırırdı. Qardaşlarının sağlam həyatı ona mənəvi ağrılar qazandırırdı. Ətrafın ona mərhəmətli münasibəti Kristidə əks effekt doğurur. "Mən uşaqlığın xoşbəxt cəhaləti və gəncliyin baş qaldıran ağrısı, məyusluğu arasında qalmışdım". Kristi Braun "Sol ayağım" romanında belə yazır. O, fiziki şikəstliyinə mənəvi kamilliyi ilə qalib gəlmək istəyirdi və bunun üçün gecə-gündüz çıxış yolları axtarırdı. Beyin iflici ilə dünyaya gəlmiş uşağın beyni sürətlə işləyirdi və o, dünyadan səssiz-soraqsız çəkilib getmək istəmirdi. Hər vasitə ilə özünün yararlı olduğunu sübut etmək istəyirdi. Qardaşları çaya çimməyə gedəndə onu da özləriylə aparmağı onlardan xahiş edir və inad göstərib onların yardımı ilə suya girir. Qardaşları onu özləriylə müxtəlif yerlərə aparırlar. Kristi bu halıyla hətta qonşuluqdakı bir qıza da vurulur. Onun sevgisi yadıma Viktor Hüqonun "Paris Notrdam kilsəsi" romanındakı Kvazimodonun Esmeraldaya olan məhəbbətini saldı. Qızın bu şikəst oğlana mərhəmət hissiylə baxması Kristinin ürəyini dərindən yaralayır. O mərhəmətli baxışlar Kristi üçün bədbəxtliyinin silinməz möhürü kimiydi. Bəlkə də Kristi qardaş-bacıları kimi sağlam doğulsaydı, minlərlə irlandiyalı kimi sadə bir həyat yaşayıb heç kimin yadında qalmadan dünyadan köçüb gedəcəkdi. Onun şüurunu, iradəsini səfərbər edən gərəksizlik hissi daxilindəki yaradıcılıq qüvvəsini günbəgün gücləndirdi. Həkim ona deyir ki, sən sağalacaqsan, amma sol ayağından istifadə etmə. Kristi bir müddət sol ayağını "zərərsizləşdirir". Amma daxili instintləri bu passivliyə üsyan edir. Onun xilası sol ayağındadır və bir gün həkim qaydanı pozur, həkim bunu görür, anlayır ki, Kristi özünü məhz sol ayağıyla təsdiqləyə bilər. Nəticədə dünya ədəbiyyatı bu imzanı tanıyır - Kristi Braun.

Bu yazını yazarkən qulaqları tutulmuş Bethoveni, dünya işığından məhrum olmuş Borxesi xatırladım. Doqquzuncu simfoniyasının premyerasının sonunda Bethoven tamaşaçıların atəşli alqışlarını görmək üçün geriyə dönür. Lakin heç nə eşitmədiyini anlayıb hönkür-hönkür ağlamağa başlayır. Eşitmə qabilliyəti onun istedadına heç cür təsir edə bilməsə də, əsas gəlir mənbəyi olan konsertlərinin təşkilini həddən artıq mürrəkkəbləşdirir.

Bethoven konsertləri zamanı səsləri ayırmaq üçün pianosunun səs lövhəsindən asdığı xüsusi çubuqdan istifadə edirdi. 1814-cü ildə Bethoven eşitmə qabiliyyətini tamamilə itirir. Tamaşaçılar bəstəkarın uca səslə ifa etdiyi arpesiosunu eşidib biri-birlərinə "Ist es nicht schön?" ("Gözəl deyilmi?") deyə heyrətlərini və dahi Bethovenə dərin məhəbbətlərini ifadə edir, onun cəsarət və yumor hissinə heyran qalırdılar. Borxes dünya işığından məhrum idi, amma heç kəsin görmədiklərini görürdü. Borxesin korluğu ona yenilikçi ədəbi simvolları təsəvvürlləri vasitəsilə yaratmağa kömək etmişdi.

Yaradıcılıq olduqca yırtıcı bir qüvvədir, əzilmiş bədəndə sağlam bir yer tapıb ordan üzə çıxır; asfaltı deşib çıxan çiçək kimi. Bu əsəri oxuyarkən insan iradəsinin, səbir və dözümün nə qədər möhtəşəm gücə malik olduğuna bir daha şahid olursan. Kristi Braun reallıqdan qaçarkən özünün xoşbəxtliyini tapdı, yazıçı oldu. Bu əsər yaddaşımda dərin iz buraxdı. Kristi özünün daxili aləmini o qədər ustalıqla ifadə edir ki, bu insanın hansı zəhmətlərə qatlaşdığını təsəvvür etmək olur. Beyin iflici ilə doğulan adamın bu qədər mükəmməl təsvirlər yarada bilməsi hər cür ehtirama layiqdir. Onun bioqrafiyasına nəzər salanda adamı heyrət bürüyür. Bu adamın həyatında iki qadın olub, iki dəfə evlilik yaşayıb. "Sol ayağım"dan sonra "Hər gün nisgil", "Yay üzərinə düşən kölgə" romanlarını yazıb. "Yasıma yüngül addımlarla gəl", "Fon musiqisi" adlı şeir kitabları nəşr olunub. Aktiv ədəbi fəaliyyətlə məşğul olub. Əgər o, yazmasaydı, bütün ağrıları, iztirabları, həyatı büsbütün mənasını itirəcəkdi. Krsti Braun ağır, üzücü zəhmət bahasına özünü əzablardan yoğurub yapdı. Özünü yenidən yaratdı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!