Gündəlik xəbərləri oxumaq insanlarda psixoloji bir narahatlıq yaradır.
Əlbəttə, bütün bunları çox asanlıqla ötürmək də olur.
Ancaq bunun üçün insanda psixoloji müvazinət çox güclü olmalıdır.
Ona görə də bu haqda çox da şey eləməyək, bir az başımızı yuxarı qaldıraq.
Səmaya baxaq...
Görək, dünyada nə danışırlar...
Nə düşünürlər...
Fikirləri hardadır, xəyalları nədir?
Kolumbiya Universitetində aparılan bir təcrübə haqda yazmaq istəyirəm.
Demək, alimlər siçanların beynindəki xatirələri silməyi bacarıblar.
Və yenidən onların beyninə yeni xatirələr yaza bilirlər.
Bu xatirəni, anı siçan yaşamasa belə, onu xatırlaya bilir.
Əvvəlcə siçanlarda yüksək işıqlı bir qorxu yaradılır.
Siçan yüksək işıqla ikinci dəfə qarşılaşdıqda qorxur.
Sonra yaddaşından o qorxu silinir və siçan qorxmur.
Bu təcrübənin Altsheymer xəstəliyini anlamaq üçün çox faydalı olduğu deyilir.
Kaş anlasınlar Altsheymer xəstəliyini...
Amma məni bu təcrübə qorxudur.
Təsəvvür edin ki, beynimizdəki hansısa xatirəni silə bilirik.
Telefonumuzu çıxarıb indicə bizi tərk edən sevgilinin nömrəsini yox, yaddaşmızda tutduğu yeri silirik.
Qız (ya da oğlan) qarşımıza çıxanda deyirik: Bağışlayın, biz tanış idik?
Superdövlətlər yaddaşımıza müdaxilə etsələr necə olacaq?
Ya tarixi beynimizdən silsələr, heç nəyi xatırlamasaq?
Məncə, belə bir şey olsa, ən pis şairlər peşman olacaq.
Təsəvvür edin ki, bütün ömürləri boyu "Sən məni unuda bilməyəcəksən" kimi şeylər yazıblar.
Səndən ötrü it kimi darıxıram kimi...
İndi yaddaşdan hər şey silinsə necə olacaq?
Həyatın poeziyası öləcək...
Kimsə deyə bilər ki, mən istifadə etməyəcəm.
Avraam Linkolnun məşhur bir arzusu vardı: "Kaş beynimi süngər kimi sıxıb içindəki lazımsız informasiyaları çölə ata bilsəydim...".
Hamımızın beynində lazımsız informasiyalar var.
Kaş tanımasaydım dediyimiz adamlar...
Axı bu xatirələr insana əzab verir.
"Dün gece hic tanımadığım bir erkeğe
Sırf sana benziyor diye usulca sokulup merhaba dedim".
Təsəvvür edirsiz, daha heç kim ona oxşamayacaq...
Heç kim heç kimi xatırlamayacaq...
Ağ səhifələr açılacaq qarşımızda...
Yazdığımız bir vərəqi büküb zibilqabına atıb yeni bir vərəq götürmək kimi...
Hər şey təptəzə olacaq...
Ya da götürək uşaqlıq travmalarını...
Onlar bütün ömür boyu insana əziyyət verir.
Onları silib yeni bir başlanğıcla oyanmaq daha qəşəng olmazmı?
Hər şey necə maraqlı olacaq...
Həyat çox daha əziyyətsiz....
Çox daha işıqlı və parlaq...
Ziyanları yoxmu?
Əlbəttə ki, var...
Çünki xatirələrimiz bizi biz edən şeydir.
Heminquey haqqında oxumuşdum, ona müalicəsi üçün elektroşok verirlər, yaddaşını itirir.
Və o möhtəşəm Ustad "yaddaşsız yazıçı nəyə lazımdır?" - deyib intihar edir...
Qaramatlıq kimi çıxmasın...
Amma onun vəziyyəti fərqli idi.
Yaddaşını tamamilə silmişdilər.
Məşhur sözdür, deyir ki, film, əslində, bitəndə başlayır...
Yəni bizim zehnimizdə, ruhumuzda yenidən başlayır...
Bu yazı da bir az elə olsun...
Mümkün variantları düşünək...
Yaddaşınızı silmək istərdinizmi?
Silmək istərdinizsə, nəyi silərdiniz?
Yoxsa sizə əzab verən xatirələrlə yaşamağı seçərdiniz?
Bu sual çox güman ki, nəzəri bir sual kimi qalmayacaq.
On, ola bilsin otuz il sonra gerçək həyatda qarşımıza çıxacaq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!