85 yaşlı AYB və Ağsaqqal barədə... - Elxan Zal Qaraxanlı

Azərbaycan Yazıçılar Birliyi bu il öz 85 illik yubileyinə hazırlaşır. AYB bizim ölkəmizdə dövlət tərəfindən dəstəklənən bir təşkilatdır və bu gün yazıçı təşkilatının dövlət büdcəsindən maliyyələşdirilməsi dünyada çox az təsadüf olunan hadisədir. Kapitalist dünyası gəlir gətirməyən sahəni maliyyələşdirməyi elə də məqsədəuyğun hesab etmir, çünki rentabelli deyil. Amma ümummilli lider Heydər Əliyev mənəvi sferanı dəyər, qazanc hesab edərək Azərbaycanda belə bir ənənə qoydu və Prezidentimiz canab İlham Əliyev bu ənənəni davam etdirir. Mən xaricdə olanda dəfələrlə bu məsələdən xəbərdar olan xarici yazıçıların azərbaycanlı həmkarlarına necə həsəd aparmasının şahidi olmuşam, çünki onlar bu cür dövlət dəstəyindən məhrumdurlar. Onlar deyir ki, istehlakçı cəmiyyətdə sponsorlar və kommersiya nəşriyyatları bədii əsərlərə istehsal etdikləri mal kimi baxırlar, onları əsərin bədii və mənəvi dəyəri yox, kütlənin onları istehlak edə biləcəyi xüsusiyyətləri maraqlandırır. Dövlət isə bu məsələlərdə bitərəf mövqe tutur... Və nə yaxşı ki, bizim ölkəmizin rəhbərləri bədii sənəti, qələm adamlarını matah istehsal edən sənayedən ayıra biliblər və mən inanıram ki, Azərbaycan rəhbərliyinin bu müdrik addımı başqa ölkələr üçün də örnək olacaq. Ciddi ədəbiyyat, əsl sənət nümunələri bütün tarix boyu sarayın dəstəyi ilə inkişaf edib və sonda təmsil etdiyi xalqın, sonradan isə bütün dünyanın mənəvi sərvətinə çevrilib. Tarixdə buna yüzlərlə misal var, Firdovsi, Nizami, Şekspir, Höte... davam eləsək siyahı çox uzun olar. Böyük istedadın həmişə köməyə ehtiyacı var, istedadsızlar onsuz da özlərinə yol açırlar. Ani bir zamanda bir sistemdən başqa bir sistemə adlayan postsovet məkanında, o cümlədən Azərbaycanda çoxları, xüsusən yazıçılar köməksiz hala düşdülər. Kiçik də olsa, dövlət tərəfindən Yazıçılar Birliyinə göstərilən dəstək çox yazıçılara ayaq üstdə durmaq və yaradıcılıqla məşğul olmaq imkanı verdi. Müstəqillik illərində Azərbaycanda bəzilərinin söylədiyi kimi, ədəbiyyat ölmədi, əksinə, xüsusən poeziyada təkrarsız sənət nümunələri yarandı və onlar bu gün ədəbiyyatımızın yeni sifətinin bariz nümunələridir. Bu illər ərzində ölkəmizdə yalnız həyat səviyyəsinin, şəhərlərin siması dəyişmədi, o cümlədən insanların dünya duyumu, zövqü, estetikası dəyişdi. Azərbaycan Yazıçılar Birliyi də cəmiyyətin mənəvi mərkəzlərindən biri kimi, bu proseslərdən kənarda qalmadı. Uzun illər ərzində bu təşkilata rəhbərlik etmiş, böyük çətinliklərə baxmayaraq onun bütövlüyünü qoruya bilmiş Anar təlatümlü bir dövrdən keçmiş, sistem dəyişikliyi yaşamış AYB-ni bu günlərə zamanın yaratdığı problemlərə sinə gərə-gərə, amma rahat bir şəkildə gətirib çıxara bildi. Əgər AYB-dən danışırsansa, Anardan bir az geniş danışmamaq mümkün deyil. Çünki Anar istər ədəbiyyatımız tarixində, istərsə də AYB-nin tarixində böyük bir epoxanı simvolizə edən bir şəxsiyyətdir. Əlbəttə, bu illər ərzində Azərbaycan Yazıçılar Birliyinin sıralarında çox böyük və məşhur adamlar təmsil olunub, bu təşkilata Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Mirzə İbrahimov, İsmayıl Şıxlı kimi görkəmli və işıqlı adamlar rəhbərlik ediblər. Anar müəllim də artıq uzun illərdir ki, mədəniyyət tariximizdə dərin izlər qoymuş bu böyük insanların ləyaqətli xələfi kimi yazıçılar qurumuna ağsaqqallıq edir. Məncə, Azərbaycan mədəni-mənəvi mühitinə göstərdiyi böyük müsbət təsirə görə Anar yalnız AYB ilə assosiasiya olunmamalıdır. Anar yalnız ədəbiyyatımızda deyil, ümumən mədəniyyət tariximizdə böyük bir mərhələdir. O, şübhəsiz ki, böyük yazıçıdır, amma mədəniyyətin digər sahələrində də böyük izlər qoyub. Kino, dram, dil, rəssamlıq, tərcüməçilik, tarix, esseistika, naşirlik... mədəniyyətin hansı sahəsinə baş vursan, Anarın izinə rast gələcəksən. Ölkədə onun əsərləri, filmləri ilə böyüyən artıq üçüncü nəsil yetişməkdədir. Atalarımız, özümüz, uşaqlarımız, indi də nəvələr böyüyür. "Dantenin yubileyi", "Gürcü familiyası", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Ağ liman" kimi əsərlər bir zamanlar mənim kimi əyalətdə yaşayan gənclərin düşüncəsində şəhər tablosu belə əsərlərin təsiri ilə yarandı. Şəxsən mənim şəhər poeziyamın formalaşmasında Anar və Elçin nəsrinin, Vaqif Səmədoğlu şeirinin böyük təsiri olub. Şübhəsiz ki, bu təsir başqa sənət adamlarımızdan da yan ötməyib. Həm də bu əsərlər XX əsrin 60-70-ci illər Bakısının canlı illüstrasiyasıdır. Bundan sonra biz köhnə Bakını yalnız onların və digər yazıçılarımızın əsərlərində, onların əsasında çəkilmiş filmlərdə görə biləcəyik. Bu baxımdan Anarın əsərləri yaxın tariximizin canlı tablolarıdır. Mən "Dədə Qorqud dünyası" əsərini ilk dəfə oxuyanda beynimdə, düşüncəmdə böyük dəyişimlər oldu. Onda çox gənc idim və səhifədən-səhifəyə keçdikcə özümü həmin dünyada, Oğuz bahadırlarının arasında hiss eləməyə başladım - xəyalən ox atdım, qımız içdim, bozqırlarda at çapdım. Sovet mühitində belə əsərlər bizim üçün yeni bir mövzu idi, biz "Kitabi Dədəm Qorqud"u oxusaq da, Anarın bu essesi qədim boyların qavranılmasında bizə yeni impuls verdi. Bir gün də Anar şəhər həyatından ayrılıb Oğuz zamanlarına səfər edərək bu mövzunu Azərbaycan ədəbiyyatının gündəminə gətirdı və əsərin emosional təsiri elə güclü oldu ki, bu mövzuda əsərlər yazılmağa başladı. İndi bu əsərlərin adını artıq hamı bilir. O dövrdə mən də Dədə Qorqud süjetlərində şeirlər yazmışdım və sonralar bu şeirlər "Savaş ayələri" və "Türk əsrinin türküləri" kimi şeir kitablarımın yaranmasında az rol oynamadılar. Sonradan o bu əsərin əsasında kinossenari yazdı və onun əsasında "Dədə Qorqud" filmi çəkildi. İndi Azərbaycanda kimsə həmin dövrdən yazanda və ya danışanda hadisələri həmin filmdə gördüklərinin prizmasından şərh edir. Ümumən Anar Azərbaycan cəmiyyətində, Azərbaycan dövlətçiliyində əlamətdar bir fiqurdur. İstər genetik, istər yaradıcılıq, istərsə yaşam baxımından o, Azərbaycana çox bağlıdır. Genləri barədə: Ana babası Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyəti dövrünün rəhbərlərindən və şəhidlərindəndir. Atası Rəsul Rza Hüseyn Caviddən sonrakı yeni poeziyada (klassik janrın bitişindən sonra) yeni cığır açan iki şairdən biridir. Rəsul Rza həm də AYB-nin ilk dövrlərində, çox gənc yaşlarında bu qurumun rəhbəri olub. Anar özü isə həm yaradıcılıq, həm ideoloji, həm də təşkilati işlər baxımından həmişə Azərbaycan dövlətinə, xalqına bağlı olub. Onun barəsində çox yazılıb, xüsusən bədii əsərləri barədə, mən burada bir az onun fəaliyyətinin ideoloji spektri barədə söz demək istəyirəm. Bu barədə mən "Ağ qoç, qara qoç" əsəri haqda yazdığım yazıda söz açmışam. Bir az da əlavə etmək istəyirəm. Azərbaycançılıq yeni ideologiyadır və ictimai şüurumuzda XIX əsrin sonlarından oturuşmağa başlayıb. Bir ideya olaraq qələm və fikir adamları tərəfindən ortaya qoyulub. Ədəbiyyatda bu ideyanın sütunları Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Hüseyn Cavid hesab edilir. Anar heç də təsadüfən onların barəsində yazılar yazıb, filmlərin çəkilişində yaxından iştirak etməyib, çünki bu fəaliyyət çoxsistemli bir şəkildədir. Onların arasında Mirzə Cəlil yaradıcılığı Anara xüsusən həmişə yaxın olub. O, hələ gəncliyində bu mövzuda yazılar, əsərlər yazıb. Mirzə Cəlil ruhən Azərbaycançıydı, qlobal turançı Əli bəy Hüseynzadədən, Məhəmməd Hadidən, Hüseyn Caviddən və başqalarından məhz bu ruhi xüsusiyyətinə görə fərqlənirdi. Yazılarının, buraxdığı "Molla Nəsrəddin" jurnalının ruhu təfəkkürlərdə Azərbaycan mövzusunu oluşdurmaqdaydı. Anar da ədəbiyyata gəldiyi gündən addım-addım bu xətti inkişaf etdirdi. Mir Cəlal Paşayev yazırdı ki, "Azərbaycanı şeirə Səməd Vurğun gətirdi". Onun "Azərbaycan" şeiri bu məfhumun milli şüurda oturuşmasında misilsiz rol oynadı. Anar isə bir az fərqli yol tutdu, asta-asta bu ideyanın bədii əsaslarını yazdı, onların ictimai şüurda oturuşmasında önəmli rol oynadı. Əlbəttə, bu işdə başqaları da az rol oynamayıb, amma Anarın yaradıcılığında və fəaliyyətində bu, sistemli bir haldadır. Onun Nəsimi, Füzuli və Xətai barədə möhtəşəm esseləri var. Onun "Dədə Qorqud dünyası" var, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Hüseyn Cavid barədə filmləri var, "Azərbaycançılıq barədə düşüncələr"i var. Bugünkü Azərbaycan Respublikasının ideologiyasının formalaşmasında bu əsərlər və düşüncələr əhəmiyyətli rol oynayır. Bu əsərlər yalnız keçmişə deyil, həm də gələcəyə baxışdır. Dövlətin və millətin gələcəyinin formalaşdırılmasında xeyli məsələlər var ki, Anarın müdafiə etdiyi mənəvi formulalara istinad edildiyi şübhəsizdir. Onun "Ağ qoç, qara qoç" əsərində Birləşmiş Azərbaycan Respublikasının Konstitusiyasından bəndlər verilib. Əlbəttə, bu onun arzusudur, amma gerçəkliklər həmişə arzulardan doğulur. Mən əvvəllər də yazmışam, Azərbaycan Cümhuriyyəti, onu doğuran ideya qılıncların ucunda yox, fikir adamlarının qələmlərinin ucunda yaranıb. Kim bilir, bəlkə də nə zamansa Birləşmiş Azərbaycan olacaq, onun konstitusiyası yazılacaq və Anarın "Ağ qoç, qara qoç" əsərində təklif etdiyi maddələr, bəlkə də həmin sənədə salınacaq...

Nə isə, qayıdaq AYB məsələsinə. Bu təşkilat Sovetlər dönəmində yaransa da, bu gün də bir yaradıcı qurum kimi əhəmiyyətini saxlayır. Həm də Anarın rəhbərlik etdiyi AYB postsovet məkanında parçalanmaya məruz qalmayan yeganə yazıçı təşkilatıdır. Bu illər ərzində o təşkilat Rəşad Məcid, Elçin Hüseynbəyli, İlqar Fəhmi, Azər Turan, Səlim Babullaoğlu, Qulu Ağsəs kimi yeni nəsildən olan idarəçilər yetişdirə bildi, bu da təşkilatın gələcəyinə nikbin baxmağa imkan verir. Bu sırada özünəməxsus poetik üslubu və yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən Səlim Babullaoğlunu xüsusilə qeyd eləmək istəyirəm. Onun poetik istedadı və iş qabiliyyəti artıq ölkəmizdən çox-çox uzaqlarda etiraf olunmağa başlayıb...

Bu il yubiley ilidir, sağ olsun Prezidentimiz, xeyli yazıçımızın ürəyini sevindirdi, fəxri adlar verdi, əlavə pul ayırdı. Bunlar onu göstərir ki, Azərbaycan dövlətçiliyi milli ənənələrə dayanan, sağlam təməllər üzərində durur. Sağlam köklər üzərində dayanan dövləti hər zaman rüzgarı laxlada bilməz.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!