Elnarə AKİMOVA
Ədəbiyyatın ən iddiasız, saf, təmənnasız sahəsidir uşaq ədəbiyyatı. Yalnız ona görə yox ki, məsum, təmiz uşaq mənəviyyatına xidmətlə məşğuldur, həm də ona görə ki, bu yöndə qələm çalanlar heç bir dəyərləndirmə, təltif, mükafat, tənqidin nəzərlərindən təhlil filan ummadan, yorulmadan tutduqları yolda irəliləməkdədirlər. Ötən il "Qızıl kəlmə" mükafatının təqdimetməsi zamanı Rafiq Yusifoğlunun bir fikri diqqətimi çəkdi: "Mən həmişə başımı aşağı salıb işlərimi görmüşəm, qaldıranda görmüşəm kimsə qiymət verib, dəyərləndirib". Məncə, uşaq ədəbiyyatı ilə məşğul olan əksər yazarların qismətinə onları qəfil yaxalayan "təltif" anı yazılır. Təbii, onun da qazananı, qazanmayanı olur.
Uşaq ədəbiyyatının keçdiyi yol, inkişaf qanunauyğunluğu, mövzu və problem dairəsi haqda çox bəhs edilib. Bəs bu gün çağdaş uşaq ədəbiyyatının problemləri, mövzu dairəsi nədir, hansılardır? Sovet dövrü materiallarına nəzər yetirəndə daha çox vətən, yurd sevgisinin, məktəbə həvəs oyadan şeirlərin qabarıqlığı, eləcə də təbiət təsvirlərinin inci boyalarla təcəssümü nəzərdən qaçmır. Teymur Elçin, Zeynal Cabbarzadə, Xanımana Əlibəyli, İlyas Tapdıq, Hikmət Ziya, Fikrət Sadıq, Məstan Günər və başqalarının şeir, poema, hekayə, pyes və təmsillərində əsas mövzu bu sadaladıqlarımdır.
Müstəqillik dövrü ədəbiyyatı başqa imzaları önə çəkir. Zahid Xəlil, Rafiq Yusifoğlu, Məmməd Namaz, Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Qəşəm Nəcəfzadə, Reyhan Yusifqızı, Mina Rəşid, Ələsgər Əlioğlu, İnqilab İsaq, İbrahim Yusifoğlu və b. Onlardan bir qisminin yaradıcılığı sovet dövrünə düşsə də, müstəqillik zamanında da prioritetləri dəyişməyib. İllərdir uşaq ədəbiyyatı bu müəlliflərin yaradıcı ruhunda qorunur, yaşanır, ədəbi estafeti ləyaqətlə zamanın sonrakı axarına daxil edir.
Müstəqillik dövrü uşaq ədəbiyyatının mövzu dairəsi əvvəlki onilliklərdən fərqlənmir. Bu, bəlkə də, uşaq ədəbiyyatının ideolojinin tələblərinə uymamaq, daha saf başlanğıcdan çıxış etmək əzminə bağlıdır. Hərçənd sovet dövrü ədəbiyyatında belə bir rakursun olması danılmazdır. Rəhbərə, zamana vurğu salan, dövrün yüksəlişini ifadə edən misraların olduğu şeirlər az çıxmır qarşımıza. Bu mənada, uşaq ədəbiyyatının yeni dil, yeni estetika, yeni baxış və ifadə qatına adlama prosesi müstəqillik dönəminin payına düşür. Bu dövr həm də azərbaycançılıq ideologiyasının bütün sahə və istiqamətlərdə önə keçdiyi zaman vahidi kimi səciyyəvidir. Uşaqlarımızda milli müəyyənlik, milli düşüncə formalaşdırmaq istəyi, üçrəngli bayrağımız, himnimizlə öyünmək, vətən, hürr, azadlıq duyğulu mətnlərin daha çox üstünlük təşkil etməsi çağdaş uşaq ədəbiyyatının aparıcı istiqamətləridir. Digər mövzu və obrazlar da oldu: Qarabağ faciəsi, işğal olunmuş yurd yerlərimizin, şəhid olan oğullarımızın obrazı, onların vəsfi, tərənnümü. Bir də dünyanı bürüyən texnoloji sivilizasiyanın uşaq baxışlarından dərki. Diqqət eləsək, bu, elə bizim müstəqillik dövrü Azərbaycan ədəbiyyatını qapsayan mövzulardır. Xalqın və millətin taleyində elə taleyüklü məqamların ifadə, vəsf, tərənnüm anı gəlir ki, bütün ədəbiyyatın ruhu, ovqatı eyni amala, eyni mərama qulluq etmiş olur.
Texnoloji sivilizasiya, informasiya partlayışı kimi məsələlər üzərində düşünərkən istər-istəməz bir neçə əsr öncələrə qayıdıram. Didaktikadan, öyüd-nəsihətdən maarifçiliyə yol alan uşaq ədəbiyyatının indi çağdaş dünyanın tələblərinə adaptasiya olunmaq cəhdləri məni XIX əsrin sonlarının maarifçi dalğasına aparır, hələ millət kimi formalaşmayan toplumun şüur oyaqlığı məsələsini qaldıran milli münəvvərlərimizin bu yöndə əvəzsiz xidmətlərini yada salır. "Ədəbiyyat qəzeti"nin ötən sayında (25 may 2019) Qan Turalının "Cümhuriyyətin qəmli hekayələri" yazısında maraqlı bir fikir yer almışdı: "İnsanları nə birləşdirir? Ordular? Yoxsa altunlar? Bəlkə bayraqlar? İnsanları hekayələri birləşdirir. Yer üzündə hekayədən güclü heç nə yoxdur. Onun qarşısını heç nə ala bilməz. Heç bir düşmən ona qalib gələ bilməz". Bəli, bütün böyük əməllərin əsasında azad, böyük fikirlər dayanır. O fikirləri reallaşdırmaq əzmi, həyata keçirmək yolunda hekayə yaradacaq müqavimət hissi dayanır. Uşaq ədəbiyyatı da belə bir müqavimətin bəhrəsidir. XIX əsrin sonu, XX əsrin əvvəllərində maarifçilik dalğasının formalaşmasında xidməti (hekayəti!) olan insanların - M.F.Axundzadə, S.Ə.Şirvani, S.Vəlibəyov, H.Qaradağski, F.Köçərli, R.Əfəndiyev, S.M.Qənizadə, M.T.Sidqi, A.Şaiq, A.Səhhət, S.S.Axundov, M.Ə.Sabir və digərlərinin qüdrəti sayəsində uşaqlarımıza "Vətən dili"ndə xitab olundu. Dilçi alimimiz Tofiq Hacıyev yazır ki, "bizim bu gün işlətdiyimiz ədəbi dil norması "Vətən dili"nin və onun yolunu gedən XX əsrin əvvəllərindəki dərsliklərin dil normasının üstündə durur". Qürurverici faktdır. Bu şərəfli tarix bizim uşaq ədəbiyyatımızın layiqli simalarının zamanında sərgiləmiş olduğu milli ruh və idrak təəssübkeşliyinə bağlıdır. Həmin illərdə milli aydınlar maarifi, oxumağın faydasını, elmlə ucalmağın zərurətini israrla ifadə edən mətnlərlə çıxış etmiş, bunu konseptual olaraq yaradıcılıqlarının amalına çevirmişlər: "Elmin izzəti payidar olur,/Cəhlin nikbəti canşikar olur,/Hər kəs elm oxur, bəxtiyar olur,/Millət elmlə, bərqərar olur" (M.Ə.Sabir).
Bu gün Azərbaycan dövlətçiliyinin əsasında azərbaycançılıq məfkurəsinin dayandığı məlumdur. Uşaq ədəbiyyatında azərbaycançılıq amilinin intişar dövrü də ötən iki əsrə sirayət edir. XIX əsrin sonu, XX əsrin əvvəllərində meydana çıxan nümunələr bunun ilk cəhdi, nümunəsi kimi maraqlıdır. O zaman Səid Ünsizadə, S.Ə.Şirvani, F.Köçərli uşaqların yaş və bilik səviyyəsinə, maraq dünyalarına uyğun əsərlər yaratmağı mühüm vəzifə kimi irəli sürməklə bahəm bir məsələnin də vacibliyini vurğulayırdılar: Uşaqlar üçün yazılan bədii əsərlər ana dillərində qələmə alınmalı, azyaşlı və yeniyetmə oxucuların yaş səviyyələri, milli xüsusiyyətləri və anlama qabiliyyətləri nəzərdə tutulmalıdır. Uşaqlar üçün yazılmış əsərlərin süjeti sadə, dili aydın və xəlqi olmalıdır ki, bağça və məktəb yaşlı uşaqların nitqlərinin, bədii zövqlərinin və dünyagörüşlərinin inkişafına kömək etsin. O zaman meydanda olan klassik əsərlərimizin - Ə.Xaqani, N.Gəncəvi, S.Şirazi kimi sənətkarların əsərləri, yaxud "Gülüstan", "Bustan", "Leyli və Məcnun" və s. kitabların heç biri Azərbaycan dilində deyildi. Bu əsərlərdə uşaq dünyası, onların yaş psixologiyası nəzərə alınmamışdı. Bu mənada, ziyalıların narahatlığı səbəbsiz deyildi. Məktəbin, maarifin faydasını anlatmaq, uşaqları oxumağa vərdiş etdirmək, mövhumat zəncirini elmin açarı ilə qırmaq əzminə inam hissi önə keçmişdir. XIX əsrin ortaları idi. Hələ meydanda milli şüurdan, milli tərəqqidən, milli düşüncədən söhbət belə getmirdi, amma əvəzində buna aparan ağır yolun yolçuluğu başlanmışdı.
Mirzə Fətəli Axundzadənin Həsən bəy Zərdabiyə ünvanladığı məktublarının birində belə fikirlər yer alırdı: "Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarında oxusalar, yer tapılmaz. Deyəcəksən ki, şəhərlərdə məktəbxanalar bina edək... Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhalimiz necə etsinlər? Kəndlərdə də məktəbxanalar açaq və müəllim gətirək, ya yox?.. Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbətən qətrədir, dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, kafeyi nas, Prus xalqı kibi və Yengidünya xalqı kibi ünasən və zükurən elmindən bəhrəyab ola... Sənin muradın o vaxtdan kamala yetər ki, bizim, hətta çobanlarımız da Prus çobanları kibi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə".
Elə bir dövr gəlmişdi ki, ziyalılar Azərbaycanda maarif və məktəb şəbəkəsinin genişləndirilməsinin, xalqın savadlanmasının vacibliyini aydın dərk edirdilər və hər kəs əlində qələm bu yolda milli mücadiləyə atılmışdı.
XX əsrin əvvəllərində maarifpərvər ziyalıları - müəllim və yazıçıları uşaq mətnləri yazmağa təhrik edən səbəblərdən biri də məktəblərdə şagirdlərin mütaliəsi üçün qiraət kitablarının yoxluğu idi. Ona görə maarifpərvər yazıçılar ana dilində yalnız dərsliklər deyil, sinifdənxaric oxu üçün kitabların yazılması qayğısına da qalırdılar. Bu ziyalıları uşaq ədəbiyyatının bütün əhatə və çalarlığında inkişafı düşündürürdü. Yəni necə yazmaqla yanaşı, həm də nə yazmaq, hansı janrda mətn meydana qoymaq barədə narahatlıqlarını izhar edirdilər. Yalnız uşaq şeirləri, təmsillər, nağıllar deyil, həm də güclü hekayələrin yazılması onları düşündürən səbəblər idi. S.M.Qənizadə M.T.Sidqiyə yazırdı: "Hekayəsiz, nəsrsiz yeni ədəbiyyatı irəli aparmaq mümkün deyildir. Təəssüf ki, bəzi cavan şairlərimiz bu mətləbi düşünmür, hekayənəvisliyi şəni-şairliyə layiq görməyib baş qaçırdırlar".
XX əsrin əvvəllərində bu sahədə azərbaycançılıq amilini gücləndirən amillərdən biri də uşaq mətbuatının yaranması olmuşdur. Bu yöndə atılan bütün addımlar nəticəsiz qalsa da, nəhayət, "Dəbistan" (1906-1908), "Rəhbər" (1906-1907) kimi jurnalların nəşrə başlaması prosesi baş tutdu. Yaradıcı fəaliyyəti qısa zamanda qapanan bu jurnallardan sonra isə 1911-ci ildə təşkil olunan "pedaqoji kurs"un iştirakçıları uşaqlar üçün "Məktəb" adlı jurnal təsis etməyə qərar verib, bu işi həyata keçirmək üçün icazə aldılar. "Hər üç jurnal Azərbaycan uşaq ədəbiyyatının yaranmasında mühüm rol oynamışdır... Əsl uşaq əsərləri 1905-ci ilə qədər yox dərəcəsində idi. Yeni-yeni məktəblər açan, qiymətli dərsliklər hazırlayan M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, S.S.Axundov, S.M. Qənizadə və başqa yazıçı, şair və maarif xadimləri uşaq ədəbiyyatının gözəl və rəngarəng nümunələrini Azərbaycan uşaq jurnallarının nəşrindən sonra yaratmışlar" (Ə.Məmmədov).
Yeni tipli məktəblərin meydana çıxması, ana dilində dərslik və dərs vəsaitlərinin yaranması, maarifçilik dalğasının geniş intişarı, mətbuat şəbəkəsinin genişlənməsi, xüsusilə uşaqlar üçün jurnalların nəşrə başlaması - bütün bunlar uşaq ədəbiyyatının inkişafına təkan verən amillər idi. Bütöv bir ziyalı zümrəsinin milli təəssübkeşliyi sayəsində yaradılan uşaq ədəbiyyatı məhz, sağlam və təməlli başlanğıcdan nəşət tapdığı üçün bu gün də yaşama və var olma gücündədir.
Ona görə bu gün həm də Onların bayramıdır! İstiqlala gedən yolda usanmayıb bir də uşaq ədəbiyyatının Var olması istiqamətində qələm çalanların, gələcəyi quracaq cümhuriyyətçi bir nəsil yetişdirənlərin! Uşaq ədəbiyyatından Vətən yaradanların yəni. Əlindən tutduğumuz, bayramını xoş keçirməyə, gününü maraqlı etməyə çalışdığımız uşaqlarımızın təbəssümündə həmin aydınların müqavimət, dirəniş və qazanc payı olduğunu unutmamalıyıq.
Mübarizəniz mübarək, əziz sələflərimiz!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!