Cümhuriyyətimiz 101 yaşında...
"Taxt-tac" oyunlarının son seriyasında kral seçkisindəki çıxışı xatırlayıram:
"İnsanları nə birləşdirir? Ordular? Yoxsa altunlar? Bəlkə bayraqlar? İnsanları hekayələri birləşdirir. Yer üzündə hekayədən güclü heç nə yoxdur. Onun qarşısını heç nə ala bilməz. Heç bir düşmən ona qalib gələ bilməz".
Və Cümhuriyyətimizin qəmli hekayələri var.
Məhz buna görə də Cümhuriyyət əbədi olacaqdır.
Bu hekayələrin ikisini danışmaq istəyirəm.
Rəhim bəy Vəkilov Səməd Vurğunun da daxil olduğu məşhur Vəkilovlar nəslinin nümayəndəsidir. Cümhuriyyət qurulanda Rəhim bəyin cəmi 20 yaşı vardı.
Rəhim bəyin böyük bacısının əri məşhur yazıçımız Abdulla bəy Divanbəyoğludur. Divanbəyoğlu onun təhsilinə ciddi əhəmiyyət verirdi. Bakıda Realnı Məktəbdə Rəhim bəyi də o oxutdurmuşdu. Rəhim bəy nəinki gənclik, hətta yeniyetməlik illərindən siyasi proseslərə qoşulmuşdu. 1918-ci ilin əvvəllərindən Müsavat partiyasının üzvü idi. Zaqafqaziya Seyminə də üzv seçilmişdi. Seymin Azərbaycan fraksiyasına Divan rəhbərlik edirdi. Divanın rəhbəri Məhəmməd Əmin, müavini Nəsib bəy Yusifbəyli, katibi isə Rəhim bəy Vəkilov idi.
Azərbaycan tariximizin ən şanlı sənədlərindən biri olan İstiqlaliyyət Bəyannaməsini də öz qələmi və öz əli ilə Rəhim bəy qələmə almışdı.
ADR elan olunduqdan sonra Rəhim bəy parlamentə üzv seçilir.
Yenə xatırladıram, 20 yaşı vardı.
Qədim parlament ənənələrinə görə, parlamentin ən gənc üzvü ilk iclasda katib funksiyasını yerinə yetirmişdi. Onun qohumu olan Mustafa bəy Vəkilov da 23 yaşında ADR-in Daxili işlər naziri təyin edilmişdi.
Rəhim bəyin gözəl qələmi də vardı. Tez-tez Üzeyir bəyin rəhbərlik etdiyi "Azərbaycan" qəzetinə məqalələr yazırdı. ADR-in süqutundan sonra da Rəhim bəy mübarizədən kənarlaşmadı. Müsavat partiyası gizli fəaliyyətə keçdikdə onun liderlərindən biri də Rəhim bəy idi. Məhəmməd Əminin Peterburqdan qaçışını təmin edən üç nəfərlik qrupun bir üzvü də Rəhim bəy oldu. Sovet hakimiyyəti Rəhim bəyin gizli fəaliyyətindən şübhələnirdi.
Rəhim bəy BDU-ya daxil oldu, eyni zamanda Bakı-Culfa dəmir yolunda məmur işləməyə başladı. Amma əsl işi, əlbəttə ki, Müsavatdakı fəaliyyəti idi. Tezliklə işin üstü açıldı. 1923-cü ildə onu istintaqa cəlb etdilər.
Rəhim bəy istintaqda müsavat və gürcü menşevikləri arasında aparılan danışıqlarda iştirak etdiyini etiraf etdi. Onu sürgünlə cəzalandırdılar, iki il sürgündə oldu, sonra amnistiyaya düşdü. Sürgündən qayıtdıqdan bir az sonra, 1926-cı ildə yenidən həbs olundu. Səkkiz il Solovki adasında sürgündə qaldı. Sürgündə böyük gürcü yazıçısı Qamsaxurdiya ilə dostluq etdi. Cəza müddəti bitdikdən sonra ona Bakıda yaşamağa icazə vermədilər. Tiflisdə yaşamağa məcbur oldu.
Və elə 1934-cü ildə... İstiqlaliyyət Bəyannaməsini yazdığı Tiflisdə, Kür çayının körpüsündə intihar etdi. Ölümündən qabaq əmisi qızı Mədinə xanım Qiyasbəyliyə vida məktubu yazdı. Əmisi qızına çox dərin və ülvi hisslərlə bağlandığı deyilir. Bu sevgi daşa dəymişdi (Mədinə xanım da dörd il sonra, 1937-ci ildə həbs olunaraq güllələndi).
Və Azərbaycanda Sovet hakimiyyəti möhkəmləndikcə bir çoxları kimi Rəhim bəyin də ümidləri tükənmişdi.
İntihar edəndə 36 yaşı vardı və bu 36 ilin hər bir günü Vətənə, xalqa xidmətlə keçmişdi.
***
Söhbət iki qardaşdan gedir.
Onlar təkcə məslək yox, həm də qan qardaşı idilər.
Hadisə Məmmədbağır bəy və qardaşı Nağı bəy Şeyxzamanlı arasında baş verib.
Məmmədbağır bəy böyük qardaşdır.
1880-ci ildə Gəncə şəhərində anadan olub.
1919-cu ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən xüsusi xidmət orqanının - "Əksinqilab ilə mübarizə təşkilatı"nın rəisi təyin olunub.
Bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində "Müsavat" fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Vəzifəsini qardaşına həvalə ediblər, Nağı bəyə.
Məmmədbağır bəy isə deputat kimi fəaliyyət göstərib.
Aradan ağır aylar, illər keçib.
Müsavat hökuməti süqut edib.
Məmmədbağır bəy həbs edilib.
Azadlığa çıxması üçün şərt qoyulub: "Qardaşın gəlib təslim olsun, səni azad edək".
Nağı bəy ADR-in xüsusi xidmət orqanının rəhbəri kimi bolşeviklərin heç sevmədiyi bir adam idi.
Çünki bolşeviklərin gizli fəaliyyətini izlətdirirdi.
Onları daim nəzarət altda saxlayırdı.
Bu, əlbəttə ki, onun vəzifə borcuydu.
Beriya da Nağı bəyin rəhbərliyi altında, xüsusi xidmət orqanında şöbə müdiri kimi çalışmışdı.
Bolşeviklərin Nağı bəyi axtardığı bir zamanda Nağı bəy də gizlənirdi.
Qardaşının başına gələnləri öyrənir və təslim olmağa qərar verir.
Təki qardaşını buraxsınlar.
Özü öz ayağı ilə Çekaya gəlir.
Məmmədbağır bəy onu yuxarı mərtəbədəki kamerasının pəncərəsindən görür.
Pəncərəyə çıxıb qışqırır: Qaç, get burdan Nağı. Mənə heç nə edə bilməzlər. Qaç, get Gəncəyə".
Nağı bəy qardaşının səsini eşidir, amma qayıdıb getmək istəmir.
Bu anda bəlkə heç filmlərdə də görmədiyimiz dramatik bir hadisə baş verir.
Məmmədbağır bəy deyir: "İçəri girsən özümü pəncərədən atacam. Qaç, get burdan".
Nağı bəy bu sözlərdən sonra çıxıb gedir.
Gizli yollarla Gəncəyə, ordan Tiflisə qaçır.
Türkiyədə, Amerikada yaşayır.
Çox keçmədən Məmmədbağır bəyi bolşeviklər güllələyirlər.
Belə bir fəci həyat hekayəsi...
Azərbaycan Xalq Cümhuriyyəti bu cür hekayələr sayəsində qurulmuş və yaşamışdır.
Və bu hekayələri var olan Cümhuriyyət, əlbəttə ki, əbədi olacaqdır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!