Yığcam, oxunaqlı povest və hekayələr, esse və mənsur şeirlər müəllifi, gözəl dost və səmimi insan kimi xətrini istədiyim hörmətli yazıçımız, tanınmış Musa Quluzadənin 80 yaşı tamam olmuşdur.
İllər həqiqətən öz sözünü deyir: qara saçdan ağ saçlara qədər ləyaqətli bir yol keçmiş Musa müəllim bu gün də insani keyfiyyətlərilə mənə əzizdir.
Əvvəllər imzasını mətbuat səhifələrindən tanısam da, "Ədəbiyyat və incəsənət" qəzetində işlədiyim vaxtlarda redaksiyaya gəlişini xatırlayıram. Üç hekayə oxudu və onlardan ikisini ayrı-ayrı vaxtlarda çap elədik. Qafqaz şeyxülislamı Allahşükür Paşazadə haqqında sənədli povestdən parçalar verdik. Yeri gəlmişkən deyim ki, bu əsərdə hörmətli şeyximizə geniş yer verilsə də, orada Azərbaycan şeyxləri haqqında ilk dəfə yazıçı qələmilə danışılır, qiymətli mənbələr əsasında bədii söz deyilirdi. Yadımdadır, sonralar "Şəfqətli və mərhəmətli qəlb" adlanan bu kitab 50 min tirajla nəşr olundu.
Musa Quluzadənin hekayə və povestləri səmimiliyi, dilinin obrazlığı ilə seçildiyindən, nüfuzlu qələm sahiblərindəndi. Yaradıcılıq diapazonu genişdir və üslubu aydındı. Yazdığı hekayə və povestləri, mənsur şeirləri və fəlsəfi məzmun daşıyan esseləri, radio və televiziya pyesləri, uşaqlar üçün nağılları, hekayələri oxucularla ədəbi əlaqələrini daha da genişləndirmiş və ona yeni-yeni mövzular vermişdir. "Püstə", "Onu hamı görmək istəyirdi", "Meşədən səs gəlir", "Ötən günlərin sorağında", "Dünya yaxşılarındır", "Bu da bir ömürdür", "Xatirələrdən boylanan ömür" və s. kitabları dediklərinə misal ola bilər.
Yazıçının "Xatirələrdən boylanan ömür" adlı kitabında toplanmış povest və hekayələrində bir-birindən fərqlənən insan xarakterləri, ölkəmizin cənub bölgəsinin əvəzsiz təbiət gözəllikləri və bunların təbii boyalarla təsviri uzun müddət yadda qalır, bizi mənəvi zənginləşdirir, yaşamağa çağırır.
Musa müəllim ədəbi yaradıcılığında olduğu kimi, həyatda da olduqca səmimi insandır. İxtisasca tarixçi olsa da, mütaliəsi genişdir, dünyagörüşü zəngindir. Tarixçi olmaq dərddir, - deyir Musa Quluzadə. Bu, onun müqəddəs dərdidir. Bəlkə də, bu dərdə görə onu çox sevirəm. Bizim dostluğumuz, söhbətimiz daha yaxşı tutur. Musadan Azərbaycançılıq dərsi almaq olur. Buna görə taleyimə minnətdaram ki, onu bu cürə tanıyıram.
Musa Masallı bölgəsində pərvəriş tapıb. Masallı gözəl ziyalıları ilə seçilən bir diyardır. Böyük-kiçik, ana-bacı, ağsaqqal-qarasaqqal nüfuzu, əvəzsiz mənəvi sərvətimiz kimi bu tərəflərdə qiymətli tutulur. Bütün bunlar, ümumilikdə götürəndə Azərbaycan mədəniyyətidir, milli, mənəvi mentalitetdir, Musada bunların cəmini, demək olar, mən həmişə müşahidə edirəm. İnsan saflaşır. Səmimiyyət dedikdə, mən bunları düşünürəm.
Təbiidir ki, ədəbi yaradıcılıq da insan təbiətindən, onun mənəviyyatından süzülüb gələn ona qaynayıb-qarışan bir qüvvədir. İstisnalar da başqa cür olmur. Bu mənada Musanın əsərlərinin əksəriyyəti onun özünə bənzəyir. Səmimi, mülayim, maraqlı, yəni Musa kimi söhbətcil.
Musa Quluzadənin əsərləri dilinin obrazlığı, qələmə aldığı mövzuların insanı düşündürməsi ilə seçilir. Yaradıcılıq diapazonu genişdir və üslubu aydındır. Yazdığı povest və hekayələr, mənsur şeirləri, fəlsəfi məzmun daşıyan esseləri, radio və televiziya pyesləri, uşaqlar üçün yazdığı povest, hekayə və pyesləri həmişə maraqla qarşılanmışdır. Həcmindən asılı olmayaraq Musanın bütün əsərlərində həyat vardır və hu həyati hadisələr obrazlı şəkildə, yeni çalarlarla verilir.
Müəllifin özünəməxsus yazıçı üslubu onun yeni "Xatirələrdən boylanan ömür" kitabında toplanmış əsərlərində də görünür.
Kitabda müəllifin iki povesti, iki pyesi, on hekayəsi, əllidən çox mənsur şeir və esseləri toplanmışdır. Bu əsərlərin hamısının istər kiçikhəcmli esseləri, mənsur şeirləri olsun, istərsə də povestləri, mövzuları yenidir, təzədir. Bu əsərlər formaca, məzmunca da yenidir. Bu əsərlər insanı düşündürür, oxucunun mənəvi aləminə işıq salır, qəlb dünyasını oyadır.
Musa müəllimin bir neçə sənədli hekayəsi də kitaba salınmışdır. Bunlar: "Kəhkəşanda parlaq ulduz", "Ad günü" və "Əsgər paltarı"dır. "Kəhkəşanda parlaq ulduz" hekayəsi böyük dövlət xadimi Heydər Əliyevə həsr olunmuşdur. Əsərdə ədəbiyyatımızın, milli mədəniyyətimizin böyük bilicisi, qayğıkeşi, Azərbaycanı, Azərbaycan xalqını və onun çoxəsrlik bədii, estetik təfəkkürünün yadigarlarını dünyada tanıtmaqda misilsiz xidmət göstərmiş Heydər Əliyevin bədii obrazı məhəbbətlə yaradılmışdır. Əsər böyük uğur qazanmışdır. 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyinin və Novosibirsk şəhərindəki "Heydər Əliyev adına Beynəlxalq Forum"un keçirdiyi müsabiqədə 1-ci yeri tutmuşdur. Dəfələrlə radioda səslənmiş, qəzetlərdə dərc olunmuşdur. Əvəzolunmaz şairimiz S.Vurğuna həsr olunmuş "Ad günü" və ecazkar səsi ilə musiqi mədəniyyətində öz yeri olan Şövkət xanıma həsr olunmuş "Əsgər paltarı" hekayələri də səmimiliyi ilə seçilir.
Kitabda əllidən artıq mənsur şeir və esselər xüsusi yer tutur. Mənsur şeir və esse janrı çətin janrdır. Hər qələm sahibi bu sahədə yazmır. Burada az sözlə çox məna verilməlidir. Sözlərdə qafiyə, axıcılıq, bir sözlə, nəsrlə yazılmış şeirdir.
Ədəbiyyatımızda bu sahədə məşhurlaşan xalq yazıçısı Gülhüseyn Hüseynoğlundan sonra uğur qazanan Musa Quluzadədir.
Hörmətli qələm dostumun Dağlıq Qarabağla əlaqədar yazdığı radiopyeslərində, hekayələrində və mənsur şeirlərində vətəndaşlıq qayəsi daha aydın görünür, xalqımızın mübarizə əzmini, doğma torpaqlarımızın azad olacağı günə möhkəm inamını, milli qürur hisslərini patetikadan uzaq, sənətkarlıqla verə bilir. Çünki onun özü də müstəqillik yolundakı istiqlal mübarizəsinə səs vermiş, ulu öndərimiz Heydər Əliyevin çağırışlarına qoşulmuşdur. 1993-cü ilin yayında Lənkəranda baş verən separatçılığa qarşı Musa Quluzadənin yazıçı səsi daha gür səsləndi və eşidildi.
Onun bir-birinin ardınca mətbuatda dərc etdirdiyi "Biz daha sıx birləşməliyik", "Vətən bölünməzdir", "İndi hansı yana əyilməliyik?!" kimi tutarlı publisist yazıları, televiziya ilə çıxışları böyük əks-səda doğurmuşdur. Bütün bunlar indiki kimi yadımdadır.
Musa Quluzadə görkəmli yazıçı olduğu kimi, həm da tanınmış tarixçi alimdir, tarix elmləri doktorudur. O, 50 ilə yaxındır ali məktəblərdə dərs deyir. Hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində işləyir və Azərbaycanın dövlətçilik tarixindən mühazirələr oxuyur, Respublikanın əməkdar müəllimidir. Onun elmi və bədii təfəkkürü bir-birini tamamlayır. Bu vaxta kimi 250-dən artıq elmi məqalə, 4 monoqrafiya, bir elmi kitabı nəşr edilmişdir. Əlamətdar hadisədir ki, Musa müəllim, "Azərbaycanın dövlətçilik tarixi" kitabını yazıb nəşr etdirmişdir. Bu əsər respublikada ali məktəb tələbələri üçün yazılmış ilk tədris vəsaitidir.
Qələm dostumun "Ziyalılar cəmiyyəti"ndə sədr müavini işlədiyi vaxtlarda etdiyi çıxışları indi də xatırlayıram. Bu gün də o, müstəqil Azərbaycanın tərəqqisi yolunda fəaliyyətini davam etdirir.
Deyirlər, dost yolda sınanar. Mən Musa müəllimlə ən uzaq yola - vaxtilə Kuba adasına, Havanaya səfərə çıxmışıq. Onun daxili aləminə bir daha bələd olmuşam, mənəvi gözəlliyini - paklığını bir daha görmüşəm. Yazıçılarımızın sırasında belə təvazökar, gözü-könlü tox, istedadlı şəxsiyyətlərin olması, nəinki təkcə onun özünə, başqa yazıçı yoldaşlarına, bizim Yazıçılar Birliyinə də hörmət gətirir. Düz fikirdir ki, cəmiyyətdə yaşayıb, cəmiyyətdən kənarda qalmaq mümkün deyil.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!