Akademik Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" - monoqrafiyasında ədəbiyyat və dil məsələləri - Tahirə Məmməd yazır

Ədəbiyyat, fəlsəfə, tarix və siyasət münasibətlərində ilk kəsişmə nöqtəsi insan, bir az böyük miqyasda toplum, cəmiyyət, daha sonra xalq, millət və bəşəriyyətdir. Dövlətçilik görüşü bunların əlaqələndirilməsini, birlikdə götürülməsini tələb edir; burada fərdin taleyi göstərilən digər amillərlə sıx əlaqədə müəyyənləşdirilir. Ona görə də dövlət strategiyasını ifadə edən hər hansı bir əsərdə həm fəlsəfə, həm tarix, həm siyasət, həm də bunları özündə ierarxik şəkildə əks etdirən və onlara təsiretmə gücünə malik olan ədəbiyyat nəzərə alınmalıdır; humanitar dünyagörüşünü formalaşdıran bu sahələr özləri öz arasında daima bir-birini qidalandırıb zənginləşdirir. Əgər söhbət bir xalqın, millətin tarixi taleyindən gedirsə, onun sahib olduğu vətənin sərhədləri və dilinin yaşayıb qorunması da mühüm şərtlərdən biri kimi nəzərə alınır. Dövlət bütün bunların hamısının inkişaf etdirilməsi mexanizmini elmi əsaslarla təmin etməlidir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin tariximizin son dərəcə mühüm və mürəkkəb bir dövrünə həsr olunan "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" monoqrafiyası yuxarıda qeyd olunan amillərin kompleks əlaqələndirilməsi və dəyərləndirilməsi istiqamətində yazılmışdır. Əsərdə hadisələrə sistemli yanaşılmış, tarix, siyasət, fəlsəfə ilə bərabər ədəbiyyat və dil problemlərinə də diqqət yönəldilmiş, dövlətçilik istiqamətində onların funksiyasına aydınlıq gətirilmişdir.

Məlumdur ki, özündə ierarxik qatlardan biri kimi yaşatdığı və ya bədii lövhələrdə birbaşa canlandırdığı tarixi oxuculara ünvanlamaqla ədəbiyyat insanların şüurunda, psixologiyasında dərin izlər buraxır. Bu iz milli-strateji istiqamətdə öz müsbət təsirini göstərməklə bərabər, yanlış interpretasiyalar hesabına mənfi nəticələrə də yol aça bilir. Gerçək tarixşünaslıq keçmişin şəxsiyyətləri, insanları və hadisələri haqda məlumatları obyektiv şəkildə dəyərləndirib ümumiləşdirərək müasir dövrə gətirir və gələcəyə ötürür. Lakin obyektiv tarixi qiymətləndirmələrlə bərabər, fərdi, ideoloji-siyasi amillərin təsirilə tarixin subyektiv səciyyələndirməsi halları ilə də rastlaşırıq. Hər iki vəziyyət cəmiyyətə, ədəbiyyata, sənətə özünəxas informasiya ötürür. Bu informasiyanın yenidən işlənib xalq kütlələrinin psixologiyasına təsir gücünü artıraraq ötürülməsi sahəsində ədəbiyyat, incəsənət və mətbuatın müstəsna rolu var. Bədii əsər mövzusunu götürdüyü dövrün fəlsəfəsini, mədəniyyətini, psixologiyasını əks etdirməklə bərabər, həm də tarixini özünə hopdurur. Əgər bəhs olunan mərhələnin hadisə və şəxsiyyətləri haqda yanlış tarixi qaynaqlardan alınan informasiyalardan istifadə olunubsa və ya müəllif özünün yaşadığı zamanın ideoloji basqıları nəticəsində bəzi yanıltmalara yol vermə məcburiyyətində qalıbsa, bu artıq cəmiyyətdə qeyri-düzgün məlumatların yayılmasına yol açır. Tarixi qaynaqlarla işləməyən xalq kütləsi təmsilçiləri incəsənətin ona çatdırdığı yanlış informasiyanın təsirinə məruz qalır, onda tarixin və ya şəxsiyyətin səhv modeli formalaşır və bu, zaman-zaman ayrı-ayrı fərdlərin yaddaş hadisəsindən çıxaraq xalqın yaddaşına hopur, genişlənir və yayılır, yeni təsəvvürlərin formalaşmasına rəvac verir.

Tarixə və şəxsiyyətlərin həyat yoluna, mübarizəsinə müraciət edərkən sənətkar tarixçidən fərqli olaraq daha sərbəst davranma imkanlarına malikdir. Onun üçün həyati gerçəkliklə bərabər, bir də bədii gerçəklik qanunları mövcuddur. Amma hər iki halda sənətkar öz xalqının, dövlətinin strateji maraqlarını və hədəflərini də nəzərə alır; özü də bir ideoloq kimi çıxış edir, mövqe və nüfuzunun təsir gücündən istifadə edərək cəmiyyətə müəyyən ismarışlar göndərir.

Nəzərə alsaq ki, çox mürəkkəb bir tarixi şəraitdə yaşayırıq, bədxah qonşularımız torpaqlarımızla bərabər, mədəniyyət və tariximizə də işğalçı münasibət bəsləyir, informasiya mübadiləsi imkanlarının artmasından istifadə edərək sənətin gücündən faydalanmaqla "yumşaq müharibə"də də bizi üstələməyə çalışırlar, o zaman bizim də strateji hədəflərimiz üzərində düşünmə vəzifəmizin artması qənaəti güclənir. Bu, istər-istəməz problemə dövlətçilik səviyyəsində yanaşmanı zəruriləşdirir.

Akademik Ramiz Mehdiyev Azərbaycanda xanlıqlar dövrünün mühüm siyasi sənədlərini çatdıran və həmin sənədlər işığında fəlsəfi dəyərləndirmələrlə tarixlə hazırkı dövrü əlaqələndirən monoqrafiyasında sənətkarın tarixə münasibətində obyektiv, subyektiv, ideoloji məqamlar üzərində dayanır və sənətkarın milli məsələlərdə düzgün strategiya seçməli olduğunu vurğulayır. Tarixi-siyasi və ya subyektiv səbəblər üzündən bədii əsərdə yer alan yanlışlıq uzunmüddətli və dalğavari yayılan təsirlərə yol açır; Ağa Məhəmməd şah Qacar, İbrahim xan obrazlarını yaradarkən informasiyanın tarixi gerçəkliyə uyğun şəkildə ötürülməməsinin oxucuda oyatdığı təəssürat kimi. Vaxtilə Əbdürrəhim bəy Haqverdiyevin və Səməd Vurğunun dram əsərlərində yaratdığı Qacar obrazı yaddaşlarda özünün qəddarlığı ilə daha çox yer almışdır. Doğrudur, bu məsələdə hər iki sənətkar eyni cür davranmamışdır. Əbdürrəhim bəy Haqverdiyev Ağa Məhəmməd şah Qacarın tarixi missiyasını - xanlıqları birləşdirməklə güclü dövlət yaratma planını əsərində dolğun şəkildə əks etdirmişdir. Bununla bərabər, Qacarı həm də öz qardaşlarının belə qətlindən çəkinməyən (bunu dövlətin möhkəmliyi uğrunda etsə belə) qəddar bir hökmdar kimi təqdim etmişdir. Dövlətin möhkəmləndirilməsi naminə qardaşlarını qurban verən Qacar əsərdə heç də bütün hallarda haqlı deyil. Səməd Vurğunun "Vaqif" əsərinin yazıldığı repressiya illərində isə Qacarın missiyasını canlandırmağa heç cür imkan yox idi. Müəllif Qacarın mənfi obrazını yaratmaqla, heç olmasa, tariximizin, mədəniyyətimizin bir sıra faktlarını yaşatmağa, səhnəyə gətirməyə müvəffəq olmuşdur. Eyni zamanda, Qacar obrazında mətnaltı mətləbləri saxlayaraq, Rusiya işğalına eyhamlar etmişdir. Amma hər halda, günümüz üçün fakt öz təsir gücünü saxlayır, Qacar öz qorxunc siması ilə təsəvvürdə canlanır. Lakin tarix və dövr dəyişilmişdir. Tarixə fərqli bucaqlardan nəzər salma imkanları yaranmışdır. Bunu nəzərə alaraq, akademik Ramiz Mehdiyev Şah Məhəmməd Qacarın tarixdəki başlıca missiyyasını canlandıran və onun qəddar obrazını unutduran yeni güclü əsərlərin yazılması üçün çağırış edir, tariximizin obyektiv və milli maraqlar zəminində bədiiləşdirilməsini dövlətçilik baxımından mühüm vəzifə kimi qiymətləndirir; müstəqillik dövrünün bunun üçün lazımi imkanlar yaratdığını bəyan edir. Akademik ədəbiyyatşünasları problemin aktuallığını diqqətdə saxlamağa və cəsarətli, fəal olmağa çağırır.

Yazıçıların, ziyalıların tarixin yaşanması və mənimsədilməsindəki məsuliyyəti üzərində diqqətlə dayanan müəllif, xanlıqlar dövrünün ədəbiyyatından, dilimizin inkişafında o dövrün sənətkarlarının tarixi xidmətlərindən də söz açır. Problem yenə də dövlətçilik mövqeyindən dəyərləndirilir. Monoqrafiyada xanlıqlara parçalanmanın zərərli tərəflərindən, xüsusən xarici qüvvələr qarşısnda mərkəzləşmiş bir gücün olmamasının yol açdığı fəsadlardan geniş bəhs olunur. Bununla paralel olaraq, yerli ərazi üsul-idarəsinə əsaslanan xanlıqların xalqla hakimiyyəti bir-birinə yaxınlaşdırmasının ənənəvi zümrə ədəbiyyatından fərqli olaraq xalqa, onun dilinə və folkloruna daha yaxın bir ədəbiyyatın meydana gəlməsinə yol açdığını müsbət hal kimi qiymətləndirir. Xalqla hakimiyyətin yaxınlaşmasının danışıq dili, folklor ənənələri, ictimai-real motivlərin qüvvətlənməsi ilə fərqlənən yeni ədəbi mərhələnin formalaşmasına təsirindən bəhs edərək, müəllif Vaqif və davamçılarının yaradıcılığını bu istiqamətdə əlamətdar tarixi-mədəni hadisə kimi səciyyələndirir.

Monoqrafiyada tarixi qaynaqlarla bərabər, ədəbiyyat mənbələrinə də müraciət olunmuşdur, Mehmed Fuad Köprülünün Azərbaycan ədəbiyyatı haqda əsərlərinə, təzkirələrə, Məhəmməd Əmin Rəsulzadənin ədəbi görüşlərinə istinad edilmişdir. Bundan başqa, o dövrün bir çox şairlərinin - Heyran xanımın, Məhəmmədbağır Xalxalinin və başqalarının yaradıcılıqları tarixdə yaşananlar fonunda dəyərləndirilmişdir.

Akademik Ramiz Mehdiyev Qacarların dil siyasəti üzərində xüsusilə dayanır və onların bir çox sahədə Səfəvilər ənənəsinin davamçısı olduqları kimi, dil siyasətində də sələflərin yolu ilə getdiklərini göstərir. Qacarların dövründə türk dilinin ədəbiyyatda və orduda əsas dil funksiyasında çıxış etdiyini vurğulayır. Sarayda, ticarətdə də aparıcı ünsiyyət vasitəsi türk dili idi. Sənədlər əsasında belə bir məsələyə də diqqət yönəldilir ki, Qacarların ordusunda zabitlərin bir çox hallarda fars dilini bilməməsi təəccüblə qarşılanmırdı. Çünki orduda əsas vəzifələri azərbaycanlılar tuturdu. Azərbaycan əhalisi arasında doğma dil öz mövqeyini qoruyub saxlayırdı. Sarayda və saraydan kənar fəaliyyət göstərən şairlərin yaradıcılığında Azərbaycan dili aparıcı mövqeyə malik idi. Ədəbiyyat tarixinin faktları akademikin bu fikirlərində haqlı olduğunu sübut edir. Bəhs olunan dövrdə Hacı Rza Sərraf, Raci, Şükuhi, Xalxali kimi böyük söz ustalarının yaradıcılığında ana dili aparıcı mövqeyə malik olmuşdur. Şimaldan belə, Qacarlara meyil göstərib, onların sarayı tərəfindən qiymətləndirilən şairlər var - "məliküşşüəra" adını qazanıb, saraydan məvacib alan və şairlər qəbiristanlığında Xaqaninin yanında dəfn olunan Bahar Şirvani kimi. Şamaxıda yaşadığı dövrdə fitri istedadı, şairlik qüdrəti ilə seçilən Bahar Şirvani Qacarların sarayında yaradıcılıq imkanlarının hərtərəfli inkişafı və nümayiş etdirilməsi üçün gözəl şərait əldə etdi. Onun Şərq və Avropa dillərində yazdığı şeirlər sarayın imkanları sayəsində dünyaya yayıldı.

Monoqrafiyada Qacarların sarayında yaşayan münşilərin, tarixçilərin, məmurların fars dili ilə bərabər, Azərbaycan türkcəsində də yazmalarına diqqət çəkilir. Hüseynqulu xanın, Atəşi Marağayinin bu sahədəki xidmətləri yüksək qiymətləndirilir.

Qacarların dövründə mətbuat və mətbəənin inkişafından bəhs edərkən Ramiz müəllim həm fars, həm də Azərbaycan dillərində kitabların çapından söz açır, Təbrizdə "Söhbət", Urmiyada "Fəryad" adlı türkcə qəzetlərin çapını Qacarların ana dilinin inkişafına yaratdıqları şəraitin nümunələri kimi dəyərləndirir.

Monoqrafiyadan məlum olur ki, Qacarlar anadilli təhsilin inkişafı qayğısına da qalmışlar. Məktəblərdə fars dili ilə bərabər, ana dili də öyrənilmişdir. Onların dövründə Rüşdiyyə təxəllüsü ilə tanınan Mirzə Həsənin Tehranda, Təbrizdə, İrəvanda açdığı məktəblər, "Vətən dili", "Ana dili" dərslikləri irəli sürülən müddəanı əsaslandıran dəlillər kimi göstərilir.

Akademik Ramiz Mehdiyevin tarixin düzgün çatdırılmasında, təbliğ və təlqin edilməsində ədəbiyyatın rolundan bəhs olunan bu konseptual tədqiqatı humanitar dünyagörüşünü inkişaf etdirən digər sahələrlə bərabər, ədəbiyyat üçün də qiymətli bir qaynaqdır. Burada təqdim olunan sənədlər və onların tarixi-fəlsəfi dəyərləndirilməsi həm ədəbiyyat tarixi, həm də bədii yaradıcılıq üçün son dərəcə əhəmiyyətlidir. Xanlıqlar dövründən, Ağa Məhəmməd Şah Qacarın şəxsiyyəti və tarixi missiyasından bəhs edən əsərlər yazmaq, onu teatr və kinoda canlandırmaq üçün əsərdə xeyli ciddi məlumatlar təqdim olunmuşdur. Ədəbiyyat, dil, tarix, ümumiyyətlə, mədəniyyət və dövlətçilik münasibətlərinin tənzimlənməsinin fəlsəfi əsasları istiqamətində yazılan bu monoqrafiyanın stimullaşdırıcı gücündən istifadənin genişlənməsi üçün onun elmi-mədəni mühitdə yayılması və geniş oxucu kütləsinə çatdırılması zəruridir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!