Elnarə Akimova: "Aprelin 20-si uşaq ədəbiyyatının gözəl nümayəndələrindən olan Xanımana Əlibəylinin doğum günüdür. Bu münasibətlə şairənin qızı, yeganə övladı, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Dünya ədəbiyyatı və komparativistika" şöbəsinin müdiri Gülər Əlibəylini redaksiyamıza dəvət etdik".
- Gülər xanım, xoş gəlmisiniz redaksiyamıza.
- Çox sağ olun, "Ədəbiyyat qəzeti" mənim çox sevdiyim mətbu orqanlarından biridir, burada olmaqda şadam!
- Aprelin 20-də ananız Xanımana Əlibəylinin doğum günüdür. Yeganə övladısınız. Onsuz keçən illər çətin olar sizə.
- Anam mənim üçün hər şey idi, Azərbaycan klassik və müasir ədəbiyyatımızla məni tanış edən, sevdirən, doğma Azərbaycan dilində yüksək, mədəni, zadəgan kimi danışmağı öyrədən, məhz o olub. Mən bütün uğurlarım və nailiyyətlərim üçün ona borcluyam.
- Ümumiyyətlə, Xanımana Əlibəyli imzası sizin üçün hansı anlam, hansı çalar kəsb edir?
- Mənim üçün anam mələkdir, gözəl, zərif, xeyirxah, bütün daxili aləmindən nur saçan bir mələk.
- İstərdim, Xanımana Əlibəylinin nəsil şəcərəsindən başlayaq. Kim idi Xanımana Əlibəyli?
- Mənim anamın gözəl valideynləri olub, zadəgan ailəsində dünyaya gəlib: atası Sabir bəy Əlibəyov general Ağasəlimbəy Əlibəyovun oğlu olub. İmperator Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirən ilk azərbaycanlı hüquqşünaslardan biri olub. Məşhur tarixçi-alim Sankt-Peterburq Universitetinin müəllimi, "Roma hüququ", "Napoleonun həyatı" dərsliklərinin müəllifi, ruslaşmış fransız, akademik Y.V.Tarlenin tələbəsi olub. Rus və alman dillərini mükəmməl bilirdi. Anası - Məsumə xanım Qarayeva tacirlər Nəsir və Fərəc Qarayevlərin ailəsində böyüyüb, Hacı Zeynalabdin Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarındandır. Rus və fransız dillərini mükəmməl bilirdi, sovet dövründə əməkdar müəllim adına layiq görülmüşdür. XX əsrin əvvəllərində məsul vəzifələrdə çalışmış, Azərbaycanda maarifçiliyin inkişafında xidmətləri olmuşdur.
Xanımana Əlibəyli şeir yazırdı, şairə olmaq istəyirdi, lakin atasının tövsiyəsi ilə ki: "şairlik peşə deyil", Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil oldu. Sonra yenə də, atasının tövsiyəsi ilə həkimləri təkmilləşdirmə kurslarını bitirib, pediatr-uşaq həkimi kimi əmək fəaliyyətinə başlayır. Azərbaycanın cənubunda Masallı, Qızılavar, Boradigah kəndlərində müharibə vaxtında ailəsilə, valideynlərilə yaşayır, universal həkim kimi bütün sahələrdə yerli əhalini müalicə edir. Xalqın böyük hörmətini və məhəbbətini qazanır, 22 yaşında gənc şəhərli qızı. Bu gün də yaşlıların xatirində onun yüksək mədəniyyəti, xoş rəftarı və peşəkarlığı yaşayır. Tibbi təcrübəsini bitirdikdən sonra X.Əlibəyli Darülfünuna daxil olaraq, filologiya fakültəsini bitirir.
- Həkimlikdən şeirə, özü də uşaq şeirinə yol necə başladı?
- Şeirlər, poeziya anamın ürəyində həmişə yaşayıb, onu heç zaman tərk etməyib. Xəstə uşaqlarla görüşündə onlara şeirlərini oxuyurdu, uşaqların dilini bilirdi, ürəklərinə yolu çox asanlıqla tapırdı. Yadımdadır, "Ədəbiyyat və incəsənət" qazetində onun məftunedici poeziyasından "zarafatyana" rubrikasında belə bir fikir yazılmışdır: "Uşağınız xəstələnsə, X.Əlibəylinin şeirlərindən bir neçə misranı oxuyun, sağalacaq".
- Xanımana Əlibəyli uşaq ədəbiyyatımızın ən yaxşı şairlərindəndir. Bu barədə çox danışmaq olar. Onun yaradıcılığına hamıdan yaxşı və yaxın vaqif olan biri kimi, ananızın uşaq şairi kimi özəlliyini necə qiymətləndirirsiniz?
- Uşaqların didaktikadan zəhlələri gedir, onlar hər bir məsləhəti oyun formasında, mahnıda, gözəl misallarda daha tez və gözəl qavrayırlar, qəbul edirlər. Anamın şeirlərində qətiyyən didaktika yoxdur. Şairə uşaqlarla yüksək ədəbi, zadəgan dildə danışır, onlara Azərbaycan dilində gözəl danışmağı öyrədir. Onlarla böyüklərlə danışan kimi danışır, hörmətlə. Anamın şeirləri ideologiyadan uzaqdır. Dili şirindir, qafiyələri muncuq kimidir, bir dənə də boş, qafiyələnməmiş sətir tapmazsınız. Nigar Rəfibəylinin anamın yaradıcılığı haqqında sözü yazıçıların yadındadır: "Xanımana, nə yaxşı ki, sən uşaq poeziyasına gəldin, uşaqların pozulmuş zövqünü düzəltdin". Anamın şeirlərini uşaqlar bir dəfə oxumaqla yadda saxlayırlar, əzbərləyirlər.
- Xanımana Əlibəyli yaşadığı dövrdə də həmişə sayılıb-seçilən imza sahibi olub. Nə idi onun bu qədər sevilməsinin səbəbi?
- Xanımana Əlibəylinin balaca vətəni Abşerondur: Bakı, kəndləri, bağları, dənizi, yalnız bu guşəyə aid olan bitkilər, ağaclar: əncil, qara tut, innab, üzüm onun şeirlərində böyük məhəbbətlə təsvir olunur, şairə uşaqlara Vətənin gözəl guşələrindən biri olan Abşeronu sevdirir, biliklərini artırır, geniş məlumat verir hər ağac, hər bitki, hər meyvə haqqında. Lakin bununla yanaşı, doğma vətəninin başqa gözəl guşələrini eyni məhəbbətlə, ustalıqla təsvir edərək uşaqlar üçün Azərbaycanın coğrafi ensiklopediyasını yaradır: burada Naxçıvan, Sədərək, Lənkəran, Göyçay və başqa yerlər məhəbbətlə və ustalıqla təsvir olunur. Xeyirxahlıq şairlərin gözəl xüsusiyyətlərindən biridir. Onun üçün pis insanlar yox idi, hamıda yalnız müsbət cəhətləri görürdü. Uşaqları da elə tərbiyə etməyi tövsiyə edirdi. Bilirsiniz, uşaqları daima, anadan olandan "sən ağıllısan, xeyirxahsan, qorxmazsan" və s. kimi müsbət keyfiyyətlərin olmasına inandırmaq lazımdır. Böyüyəndə belə də olacaqlar. Uşaqların hamısı sevimlidir, qüsursuzdur.
Bir də səmimilik, daxili saflıq, sadəlik və təvazökarlıq! Xanımana Əlibəyli özü də uşaq təbiətli idi. Gözəl nitqi, gözəl səsi nəinki uşaqları, böyükləri də sehrləyirdi. İndi də onun şeirləri ilə böyüyən valideynlər Xanımana Əlibəylinin radio və televiziyada, məktəbdə olan görüşlərini, şirin-şirin şeirlər oxumasını, uşaqlarla söhbətlərini yada salırlar. Xanımana Əlibəylinin keçmiş oxucuları saxladıqları kitablardan şairənin şeirlərini uşaqlarına və nəvələrinə məhəbbətlə öyrədirdilər. Xanımana Əlibəyli uşaqlar üçün ondan artıq pyesin müəllifidir: "Dövşanın ad günü", "Cunquş", "Ləpələrin nağılı", "Aycan", "Gözəllər gözəli" və b. Uşaqlar sovet dövründə Gənc Tamaşaçılar Teatrına, Kukla Teatrına məktəbdən müəllimlər tərəfindən gətirilirdi. Xalq yazıçısı Anar Xanımana Əlibəylinin bu sahədə olan fəaliyyətini yüksək qiymətləndirərək: "X.Əlibəyli uşaq dramaturgiyasının Azərbaycan ədəbiyyatında əsasını qoymuşdur", - söyləmişdi. Anam mənə həmişə deyərdi: "Gülər kitablarımı qoru, vaxt gələcək onlar uşaqlara lazım olacaq". Burada bizim ümummilli liderimiz Heydər Əliyevə və onun davamçısı İlham Əliyevə Azərbaycan uşaq ədəbiyyatının klassiklərinə hörmət və ehtiram təzahürü olaraq kitablarının yenidən çap olunması haqqında sərəncam üçün dərin minnətdarlığımı bildirmək istəyirəm. Anamın kitabları onların diqqəti sayəsində həyatından çox sevdiyi gözəl uşaqlarımıza qayıtdı.
- Xanımana Əlibəyli dövlət tərəfindən yüksək dəyərləndirillib. Səhv etmirəmsə, Mir Cəfər Bağırovun verdiyi pula çox qiymətli bir brilyant üzük alıb. Heydər Əliyev onu həm Dövlət mükafatı ilə təltif edib, həm də hədiyyə bağışlayıb. Bu haqda geniş danışasınız, bəlkə.
- Bəli, 9 yaşında istedadlı uşaqların müsabiqəsində "Ana" şeirilə çıxış edir, Mir Cəfər Bağırovun diqqətini cəlb edir, rəhbər onu mükafatlandırır, anası isə həmin pulla balaca Xanımanaya yadigar olaraq ilk brilyant qaşlı üzük alır. Böyüyəndə isə şairənin fəaliyyətini Heydər Əliyev yüksək qiymətləndirərək ona şərəfli adlar və mükafatlar verib.
- Əsasən, kimlər yazıb Xanımana Əlibəyli haqqında. Yəni onun tədqiqi hansı səviyyədə gerçəkləşib?
- Xanımana Əlibəylinin yaradıcılığından Cəfər Cəfərov, Yaşar Qarayev, Gülrux Əlibəyli, Bəkir Nəbiyev, Nizaməddin Şəmsizadə, Anar, rus yazıçısı S.Marşak, S.Baruzdin, O.Vısotskaya, A.Barto təəssüratlarını yazaraq yüksək qiymətləndirmişlər. Mən burada xüsusi olaraq, uşaq ədəbiyyatı ilə məşğul olan gənc alimlərin adlarını çəkmək istərdim: istedadlı tədqiqatçı Aygün Bağırlı X.Əlibəylinin yaradıcılığı ilə müntəzəm məşğul olur.
Azərbaycanda və Türkiyədə 5 ildən bir Uşaq ədəbiyyatı simpoziumu keçirilir. Bizim gənc tədqiqatcılarımız uğurla konfranslarda çıxış edirlər, Xanımana Əlibəylinin yaradıcılığı da burada öz layiqli yerini tutur. Xanımana Əlibəylinin yaradıcılığı ayrıca dissertasiyalarda gənc tədqiqatçılar tərəfindən işlənilir: Səadət Ağakişiyeva və Türkiyədə Emine Kayanın adlarını çəkmək istərdim. Uşaq ədəbiyyatının ardıcıl olaraq öyrənilməsi, tətqiq olunmasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin təşəbbüsü ilə yeni açılan "Uşaq ədəbiyyatı" şöbəsinin fəaliyyətini xüsusi qeyd etmək istərdim. Çox sevinirəm ki, sizin kimi istedadlı ədəbiyyatşünas alimi həmin şöbəyə müdir təyin etdi. Əminəm ki, şöbənin gənc əməkdaşları ilə birlikdə Xanımana Əlibəylinin gələn il tamam olacaq 100 illiyi münasibətilə meydana gözəl bir kitab qoyacaqsınız.
- Bəli, artıq bu yöndə iş gedir. Xanımana Əlibəylinin yaradıcılığının bütün aspektlərini tədqiq predmetinə çevirməyə çalışacağıq.
- Mən həmin kitabı böyük həvəs və maraqla gözləyirəm. Böyük sevinc hissilə qeyd etmək istərdim ki, vaxtilə dostluq etdiyi dost çuvaş xalqının şairəsi R.Sarbi Xanımana Əlibəylinin "Elxan-Çuvaşıstanın qonağıdır" şeirlər kitabını 2018-ci ildə çuvaş dilinə tərcümə edərək kitab şəklində çap etmiş və bizə göndərmişdir. Xanımana Əlibəylinin əsərlərinin kitab şəklində çap olunmasında "Üç alma" və "Bərpaçı" nəşriyyatlarının adlarını xüsusi qeyd etmək istərdim. Anamın 90 illiyi münasibətilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi xüsusi qeyd etmişdi: pyesləri Gənc Tamaşaçılar və Kukla Teatrlarında oynanıldı, ikicildlik seçilmiş əsərləri çap olundu. Məktəblərdə, uşaq kitabxanalarında şairəyə həsr olunmuş tədbirlər keçirildi. 2020-ci ildə Xanımana Əlibəylinin 100 yaşı tamam olacaq, yəqin ki, bu hadisəni də dövlətimiz layiqincə qeyd edər, Bəkir Nəbiyev demişkən, "Uşaq ədəbiyyatının "Xanım anasının" xatirəsini yad edərlər.
- Xanımana Əlibəylinin müharibədən sonrakı dövr yaradıcılığında Qarabağ proseslərinin ştrixləri görünür. Özü də o qədər məharətlə gətirilir ki, poeziyaya. Çox ağrıdığı hiss olunur bu şeirlərdə.
- Anama müharibə ağrıları çox yaxındı. O, İkinci Dünya müharibəsində çox sevdiyi ağıllı, ali təhsilli, müharibəyə könüllü (gözləri pis görürdü, eynək taxırdı) gedən böyük qardaşını itirmişdi. Qarabağ müharibəsində, 20 Yanvarda dünyalar qədər sevdiyi doğma balaların günahsız məhv edilməsinin şahidi oldu. Onun bu hadisələrlə bağlı evdə ağlamasının şahidi mən olmuşam. Bu hadisələrlə bağlı şeirlər sarsıntılar, ağrılar içində yazılıb.
- Gülər xanım, bugünkü uşaq ədəbiyyatını oxuyur, izləyirsinizmi? Çağdaş uşaq ədəbiyyatında nə çatır, hansı çatışmazlıqlar var?
- Mən səmimi olmaq istərdim. Böyük ədəbi hadisələr, istedadlı yazarlar ədəbiyyata əsrdə bir dəfə gəlir, sonra görürük ki, durğunluq dövrü başlayır. Lakin bu əbədi olmur, yenə də Allahın hökmüylə yer üzündə bir ulduz parlayır və gözəlliklər yenidən başlayır.
Anamın yaradıcılığından bəhrələnən, şeirlərilə böyüyən bir uşaq şairəsi - Sevinc Nuruqızı var. Mən onu şəxsən tanıyıram, anam ona inam göstərərək Yazıçılar Birliyinə daxil olmaq üçün zəmanət yazmışdı. Gənc şairənin yaradıcılığında anamın şeir ruhu hiss olunur, ona bənzəməyə, onun yolu ilə getməyə çalışır. Bu gün gənc oxuculara daha çox dünya uşaq ədəbiyyatından nümunələri təqdim etməyə çalışırlar. Bu çox gözəldir. Lakin milli klassik uşaq yaradıcılığının əsərlərini də unutmaq olmaz, Azərbaycan şairlərini yeni interpretasiyada uşaqlara qaytarmaq lazımdır. Uşaqlarımız milli ruhda, milli zəmində tərbiyələnməlidirlər. Müasir uşaq şairinə çatışmayan cəhətlərdən danışmaqla onu mükəmməl etmək, ideala catdırmaq cətindir. Uşaq şairi olmaq Allah vergisidir, hər adama qismət olmur. Uşaq şairlərimiz öz bacarıqlarından istifadə edərək mümkün qədər çalışırlar uşaqların xoşuna gəlsinlər, onların tərbiyəsinə, layiqli övladlar yetişdirilməsi prosesinə öz töhfələrini versinlər. Bu niyyətin özü artıq gözəldir, təqdirolunandır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!