Salam, uşaq! - Kuklalar... Canlıların cansız prototipləri - Sevinc Nuruqızı yazır

 

Salam, uşaq! Səninlə uşaq əsərlərinin oyuncaq qəhrəmanlarından danışacağam. V.Katayevin "Yeddirəngli çiçək" hekayəsindəki qız kimi çoxlu oyuncaq arzulamanı da istəmirəm. (Həmyaşıdları arasında özünü təsdiq etmək istəyən Jenya "Dünyanın bütün oyuncaqlarını istəyirəm", - deməsiylə yerdən-göydən oyuncaq ələnməyə başlayır. Şəhər oyuncaq selinin altında qalır. Gəlinciklər, təyyarələr, atlar, ayılar, toplar, şarlar, ipatdılar, hacıyatmazlar, daha nə bilim nələr, nələr... Həyəcanlı Jenya milyonlarla oyuncaqdan canını qutarmaq istəyərkən, sehrli yeddirəngli çiçəyinin bir ləçəyini salıb itirir). Hətta uşağın çox sayda oyuncağı olmasının da tərəfdarı deyiləm. Çoxluq arasında dostluq itir, doğmalıq yoxa çıxır. Sadəcə, dünya uşaq ədəbiyyatı (Azərbaycan uşaq ədəbiyyatı da dünya uşaq ədəbiyyatının tərkib hissəsi olduğu üçün ayrıca vurğulamıram) uzun əsrlər boyu oyuncaq (ələlxüsus da, kukla) qəhrəman yaradılmasında maraqlı olub. Bu əsərlərdə oyuncaq öz sahibinin psixoloji portretini tamamlayır. Onun sevgisinə sığınır. Onun nifrətini əritməyə çalışır. Onun əvəzindən təhlükəyə atılır, bəzən xilaskar, bəzən yolgöstərən, bəzən xarakterlərin açılmasına bilavasitə təsir edən biri olur. V.Korolenkonun "Pis cəmiyyətdə" adlı əsərində varlı ailənin uşaqları yeni tanış olduqları xəstə qızı sağaltmaq üçün vəfat etmiş analarının hədiyyəsini - buruq saçları  çiyinlərinə tökülən kuklanı bir neçə günlüyə ona bağışlayırlar. "Bu bərbəzəkli saxsı kuklanın bizim xəstə dostumuza göstərdiyi təsir mənim düşündüyümdən də güclü oldu. Solan payız çiçəyinə bənzəyən qızcığaz özünə gəldi. O, yeni, əsrarəngiz rəfiqəsini bağrına basıb, çiyinlərinə tökülən buruq saçlarını sığalladı, heyranlıqla onun bəzəkli paltarına baxdı, cingiltili səslə güldü... Bapbalaca kukla möcüzə yaratdı: artıq günlərdir yorğan-döşəkdən qalxmayan xəstə qız gəzməyə başladı, hətta zaman-zaman zəif ayaqlarını döşəməyə ehmalca basa-basa qaçdı, hoppandı...".

Amerika yazıçısı Keyt Di Kamillo isə "Dovşan Edvardın qeyrı-adı səyahəti" kimi məşhur bir əsərində farfordan hazırlanmış oyuncaq dovşan Edvardın sevgiyə gedən yolunu canlandırıb. Əsərdə özündən başqa ətrafda hər şeyə və hər kəsə - hətta sevimli sahibi Abelinə belə, sevgi bəsləməyən, bahalı ipək kostyumları və qızıl saatı ilə öyünən Edvard vərəmli qızcığaz Sara-Rutun zəif, gücsüz qolları arasında sevginin nə olduğunu anlayır. Sara-Rutun yaşadığı kiçik daxma ona saray kimi gəlir, o, var gücü ilə çalışır ki, saçları günəş rəngli bu qızcığazı ölümün pəncəsindən qurtarsın. O, yalnız indi başa düşür ki, insanlar çox xoşbəxtdir. Sevgi kimi müqəddəs bir hissə sahib olduqları üçün. Sevə bildikləri üçün...

"Melissa" (müəllif - Sevinc Nuruqızı) adlı nağıl-povestin də baş qəhrəmanı parçadan hazırlanmış gəlincikdir. Amma Edvarddan fərqli olaraq, onun qəlbində böyük bir sevgi var: "Onun başqa gəlinciklərdən fərqi onda idi ki, Melissa sevə bilirdi. Hərdən ona elə gəlirdi ki, bu yerlərdən çox-çox uzaqlarda, içi cürbəcür kukla, parça kəsikləri, rəngbərəng saplar və sancaqlarla dolu olan bir emalatxanada nəğmə deyə-deyə onu hazırlayan qoca kuklaçı-qadın imkan tapıb onun pambıqla dolu bədəninə döyünən, nəfəs alıb-verən, balaca, lap balaca, tutaq ki, sərçə ürəyi boyda bir ürək yerləşdirə bilmişdi. Yoxsa Melissa onu qolları arasında sinəsinə sıxan qaragözlü qızı, yaşadığı mənzili, o mənzildəki geniş, yumşaq döşəkli çarpayını bu qədər ürəkdən sevə bilməzdi... Hərdən Melissanın yadına dünyaya gəldiyi günün kəsik-kəsik hissələri, kino dili ilə desək, fraqmentləri düşürdü. O fraqmentlərin birində Melissanı düzəldən qoca kuklaçı-qadının oxuduğu nəğmə gizlənmişdi. Nəğmə hərflərə, hecalara, sözlərə bölünüb Melissanın zərif yaddaşının müxtəlif künclərinə səpələnmişdi:

Bu dünyada xoşbəxt olan

Çəhrayısaç gəlincik var.

Qəlbi sevgi ilə dolan

Çəhrayısaç gəlincik var.

Bəlkə də, Melissanın sevgisi elə bu sözlərdən yaranmışdı. Yəni ilk gündən, hələ saçları, başı, bədəni, qolları və ayaqları bir-birinə birləşməmişdən öncə eşitdiyi söz SEVGİ olmuşdu...".

Nümunələr saysız-hesabsızdır. Bəlkə də, dünyaşöhrətli Astrid Lindqren "Mirabel"i yazmaqla hər bir uşağın körpə qəlbində doğula biləcək arzunu qələmə alıb. Hansı arzunu? Bunu bilmək üçün "Mirabel"i mütləq oxu!

Astrid Lindqren

Mirabel

Mən indi sizə başıma gələn ən qeyri-adi hadisə haqqında danışacağam.

Bu, mənim altı yaşım olanda baş verib. Adım Britta-Kaysadır. Balaca bağçası olan bir evdə yaşayırıq. Heç bir qonşumuz yoxdur. Çünki yaşadığımız balaca ev sonunda şəhər olan uzun bir şose yolunun kənarında yerləşən yeganə yaşayış məskənidir.

Atam bağbandır. O, bazarda tərəvəz və çiçək satır. Amma az pul qazanır. Həmişə nəyi isə almağa pulumuz çatmır. O zaman isə, yəni altı yaşım olanda, çox istəyirdim ki, mənə gəlincik  alsınlar.

İndi isə mən həyatımda baş verən sirli hadisəni danışa bilərəm.

Bir dəfə baharda atamla anam bazara çiçək aparmışdılar. Mən evdə tək qalmışdım. Şər vaxtı idi. Bağa getdim. Qəribə gecə idi. Birdən yolda at arabası göründü. Arabada qəribə balaca bir qoca var idi. Qaçıb həyət qapısını açdım.

Araba həyətə girdi. Qoca mənə baxıb gülümsədi:

- Qapını açdığın üçün sənə pul verməliyəm. Amma pulum yoxdur. Əvəzində başqa şey verəcəyəm. Əlini uzat.

Qəribə balaca qoca ovcuma sarı dən qoydu. Dən qızıl kimi işıq saçırdı.

- Dəni bağınızda ək. Hər gün suyunu ver. Əyləncəli cücərti çıxacaq! - qoca dedi. O, qamçısını qaldırıb-endirdi. Bir saniyə sonra araba elə gözdən itdi ki, izi-tozu da qalmadı.

Mən o saat dirriyə getdim və dəni əkdim. Hər gün dəni sulayıb həyəcanla onun cücərməsini gözləyirdim. Bir səhər yenə də susəpəni götürüb bağa qaçdım. Nə görsəm yaxşıdır? Dəni əkdiyim yerdə qıpqırmızı nə isə qabarmışdı. Günü-gündən bu qırmızı böyüyürdü. Və günlərin bir günü mən onun nə olduğunu başa düşdüm. Bu, qırmızı şlyapa idi. Şlyapa gəlinciyin başında idi. Bu gəlincik bizim dirrikdə bitmişdi!

İşə bax... Səhərlərin birində mənim dirriyimdə bütöv bir gəlincik başı bitmişdi. Gəlincik gün-gündən böyüyürdü. Artıq onun qırmızı paltarı da aydın nəzərə çarpırdı. Gəlincik dizlərinə qədər böyüyəndə mən atamla anamı dirriyə gətirdim ki, ona baxsınlar.

Onlar uzun müddət susdular. Nəhayət, atam dilləndi:

- Mən ömrümdə belə bir şey görməmişəm.

Bir bazar günü dirriyə gələndə gördüm ki, gəlincik daha çox böyüyüb. O, gözlərini açdı və düz üzümə baxdı. Mən onu astaca sığalladım. Birdən gəlincik kökündən qopub yerə düşdü. Başa düşdüm ki, gəlincik artıq yetişib. Mən onu qucağıma alıb evə qaçdım. Çox xoşbəxt idim. Gecə mən gəlinciyimə tikiş maşınının qapağında yer saldım və dedim:

- Gecən xeyrə qalsın, Marqareta!

Bilirsiniz, nə baş verdi? O, ağzını açdı və dedi:

- Adım Marqareta deyil. Haradan çıxdı Marqareta?! Adım Mirabeldir.

İşə bir bax! Gəlinciyim dayanmadan danışırdı. Deyirdi ki, ona əsl çarpayı və gecəköynəyi lazımdır, guya mən onun çox xoşuna gəlirəm, istəyir ki, anası olum.

- Anam ol, amma mənə sıyıq yedirtmə, - o, xəbərdarlıq etdi, - çünki sıyıq yeməkdən zəhləm gedir.

Hə, Mirabel belə Mirabeldi. Çox şən və qayğısız. Atamla anam otağa girəndə o, hərəkətsiz dayanır, onlar gedəndən sonra isə dəcəllik etməyə, cingiltili səslə danışıb-gülməyə başlayır. Artıq iki ildir Mirabel mənimlədir. Dünyada heç bir balaca qızın belə gəlinciyi yoxdur.  O, blini sevir. Mən balaca oyuncaq tavada hər gün ona blini bişirib yedirdirəm. Hətta bir dəfə barmağımı da dişləyib. Atam ona çarpayı düzəldib. Anam döşəkağı və gecəköynəyi tikib. Mən isə ona çoxlu önlük və paltar tikmişəm.

İstəyirsiniz, mənim ağıllı və gözəl gəlinciyim Mirabeli görəsiz? Onda uzun şose yolu ilə gəlin. Yolun kənarındakı yeganə ev bizimdir. Söz verirəm, Mirabeli qucağıma alıb sizi həyət qapısının önündə qarşılayacağam.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!