- Səfər müəllim, bu gün Azərbaycan nəsrinin vəziyyəti necədir?
- Günümüzdə ədəbi nəsillərin müxtəlif təmsilçiləri tərəfindən nəsr nümunələri yaradılır. Bəzilərinin yüksək məhsuldarlığı adamı şübhəyə salır, çünki dəyərli bədii sözün və fikrin necə yaranması prinsipcə bizim hamımıza bəllidir. Əksər hallarda sadəcə qrafomaniyadan danışmaq lazımdır. Bəzən elə təəssürat yaranır ki, sanki ədəbi proses bütöv və canlı bir orqanizm olaraq heç kimi maraqlandırmır. Sanki hər kəs öz kitablarının hayındadır.
Mənim özümə gəldikdə isə deyə bilərəm ki, əlimə düşən boş vaxtın hamısını yaradıcılığa həsr etməyə çalışıram. Problem ondadır ki, mən pinti adam deyiləm, nə məişətdə, nə də düşüncədə. Ona görə o steril vəziyyətin kompleksini həmişə yaratmaq, uzun müddətə qoruyub saxlamaq bir qədər çətin olur.
- Qonşu ölkələr - rus və gürcü nəsri ilə müqayisədə Azərbaycan nəsri necə görünür?
- Gürcülərdən xəbərim yoxdur, rusların qalın ədəbi jurnallarını oxumaq imkanım olur. Ədəbi axın qeyri-adi heç nə gətirmir mənə. Məsələn, "Novıy mir" jurnalının nömrələrini mütəmadi oxuyuram, məni heyrətləndirən ciddi bir şey görmürəm. Rus nəsrində maraqla oxuduğum imza yenə də Tatyana Tolstaya olaraq qalır. Onun nəsri, məsələn, Pelevin, Sorokin, Bıkov, Limonov və bir çox başqalarının nəsri kimi oxucu diqqəti və rəğbəti qazanmaq üçün ekstravaqant ideyalarla özünü dağa-daşa çırpmır, sakitcə, çox vaxt adi məişət təsvirləri səviyyəsində öz-özünə mızıldana-mızıldana yaşayır. Oxuyursan və görürsən ki, bu adamın nəbzi ətraf dünyanın nəbzi ilə həmahəng döyünür, çox vaxt nəbzi susmuşların da yerinə çalışmaqda davam edir. Ağrıyır, amma bunu yox, onu yaradan psixoloji mühiti, gərginliyi təsvir eləyə bilir. Keçən ilin nəsr mühitində Çin yazıçısı xanım Şan Yunun (gərək ki, adı beləydi) bir povesti məni heyrətləndirdi. "Zarubejnaya literatura" jurnalında oxudum. Təsəvvür eləyin, hamilə qadınların sığınacağını, onları doğuzdurub uşaqları adicə əmtəə kimi satırlar. Bu bir ferma kimi fəaliyyət göstərir, qanuni olanı da var, lisenziyasızı da. Gözəl psixoloji təsvirlər vardı.
Ümumiyyətlə demək lazımdır ki, ədəbiyyat özünün klassik anlamında bir qədər deqradasiyaya uğrasa da, dünyanın insanlığa zidd reallıqları ilə barışmayan, onları təkbaşına dəyişmək istəyən güclü fərdlər üçün yeganə özünüifadə vasitəsi olaraq hələ uzun müddət yaşayacaq. Bu mənada, mühitin təbəddülatlarından asılı olmayaraq, mən həmkarlarıma ruhdan düşməməyi və islahına ehtiyac duyduqları problemləri bütün kəskinliyi ilə öz əsərlərində qabartmağı məsləhət görərdim. Dağınıq ədəbi mühitimizin içində işbazlara məxsus, xaricdən gətirilmiş böyük kitab konveyerləri işləyir. Onların əsas məhsulu dünya klassik ədəbiyyatı, eləcə də rusların və yəhudilərin piar kampaniyasında şişirdilib dünyaya soxuşdurulmuş adlardır. Əslində, onlar milli ədəbiyyatın yaranma prosesini boğur. Bir-birindən məşhur yazıçıların allı-güllü kitablarını vitrində görən yetim, pulsuz, evsiz azərbaycanlı gənc yazarın hansı acı hisslər keçirdiyini təsəvvür etmək çətin deyil.
- Povest janrına münasibətiniz necədir? Dünyada belə bir janr varmı, yoxsa bu, sovet realizminin qalığıdır?
- Povest, əslində, yaxşı janrdır. Romanla hekayənin arasında möhkəm dayana bilən bir nəsr həcmidir. Keçmiş sovet ədəbiyyatında povestlər vardı ki, özünün yüksək bədii məziyyətləri ilə indiki romanların çoxunun nəfəsini kəsərdi. Məsələn, oxu - E.Heminquey "Qoca və dəniz", Emmanuel Kazakeviç "Ulduz", "Çöldə iki nəfər", Rasputin, Belov, Aytmatov və b. Məsələ yazıçının əhatələdiyi həcmdə deyil, onun istedadının kaliberindədi. Bütün yazıçılar istedadlı deyil, ancaq yazmaq, şəxsi təəssüratları və narahatlıqları insanlarla bölüşmək arzusu çoxlarının ürəyində baş qaldırır. Bu, bir az da ucuz şöhrətpərəstlik cəngəlliyidir. Ona görə də bu gün azad nəşriyyat sistemi şəraitində çap məhsulu çoxdur. Bir sıra hallarda qrafomaniya həqiqi istedadı üstələyib boğur.
Mənim fikrimcə, uzunmüddətli ciddi çərçivələr məngənəsindən çıxmış bizim ədəbi mühit müəyyən bir formada tənzimlənməlidir. Ədəbiyyat publisistika kimi raqatka deyil, onun atdığı mərmilər bir qayda olaraq gözlə birbaşa görünməyən mövqelərdə hədəfləri vurur və hücum istiqamətində arxa eşelonları zərərsizləşdirir.
İstedadlı ədəbiyyat xalqın milli mənafeləri baxımından qurucu, möhkəmləndiricidir, dağıdıcı deyil. Çünki həmişə həyat həqiqətlərinə, haqqa istinad edir. İstedadsız ədəbiyyat isə, əksinə, insan psixologiyasına yetərincə nüfuz edə bilmədiyindən oxucunu ictimai avantürizmə, dağıdıcılığa, mahiyyət etibarilə, inqilablara sürükləyir. Bu baxımdan, zənn edirəm ki, onilliklər boyu formalaşmasına pis ədəbiyyatın da əmək sərf etdiyi, ən azı mənəvi dəstək verdiyi həmin şey artıq A stansiyasından yola çıxıb. İlk baxışdan, sanki əks istiqamətdə gedən, hər gün ultrapatriotik bəyanatlarla ürəklərə deyil, qulaqlara təsir etməyə çalışan publisistika bu qatarın gücü qarşısında acizdir.
- Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almısınız. Bu institut sizə nə verdi, oradan nə gətirdiniz Azərbaycan ədəbiyyatına?
- Birinci növbədə, Litinstitut Bakıda ədəbiyyatşünas müəllimlər tərəfindən zorla təlqin edilən sosrealizmi və onun yaradıcılıq prinsiplərini mənim başımdan çıxardı. Mən o vaxtlar xeyli sadəlövh idim, sosializmə də, onun yaradıcılıq prinsiplərinə də inanırdım. Bilirsiniz o prinsiplər hansılardı. Ədəbiyyat yaxşı ilə pisin mübarizəsini deyil, yaxşı ilə ən yaxşının mübarizəsini işıqlandırmalı, əsərin sonunda müsbət qəhrəman mütləq qalib gəlməli, özünün və başqalarının həyatını daha da gözəlləşdirməlidir. Təxminən belə. XIX əsr tənqidi realizminin bizə dəxli yox idi, o köhnə quruluşlarda baş vermişdi. Hələ qəbul imtahanları verəndə Litinstitutun yataqxanasında gördüm və anladım ki, burada hamı o prinsiplərə tüpürür. Elələri vardı, hətta ona da tənbəllik edib otaq yoldaşına deyirdi ki, gedəndə onun da əvəzinə tüpürsün. Moskva ilə Bakı arasında bu dərəcədə böyük fərq mənim üçün ideoloji yox, ədəbi-estetik kəşf idi. Həyat həqiqətləri və bədii məntiqin diktəsi əsərin başlıca yaradıcılıq meyarları və prinsipləridir. Özlüyündə bu, kasıb bir kənddə həyatın dibindən çıxmış gənc müəllif üçün az deyildi. Üstəgəl, klassik ədəbiyyata bələdçiliyim, mütaliəm də vardı. Müəllimlər, yaxşı yazıçılar, istedadlı tələbələr vardı o dövrün Moskvasında. Ən başlıcası, ədəbi mühit vardı. Mən bayaq "ədəbi mühit" ifadəsini təsadüfən işlətmədim. O ədəbi mühitin ən gözəl əsərləri çürümüş və riyakarlaşmış sovet gerçəkliyi ilə ideoloji ziddiyyət təşkil edirdi və bunları bizə müəllimlərimiz Axundov İnstitutunun müəllimlərindən fərqli avazla izah edib başa salırdılar. Onlar yazıçının azad yaradıcılıq düşüncəsini partiya plenumunun qərarından yüksəkdə görürdülər hər zaman. Brejnevin ədəbi fəaliyyətinə Lenin mükafatının verilməsinə Kremlin 1 kilometrliyində açıq rişxənd edirdilər. Bu mənada şərtsiz demək olar ki, insandan üz çevirib nomenklatura rejiminə çevrilmiş sovet hakimiyyətini dağıdan əsas böyük qüvvələrdən biri də ədəbiyyat idi.
- Müasir dövrdə Ə.Haqverdiyev kimi hekayə ustası varmı? Niyə hamı, xüsusən gənclər roman epidemiyasına yoluxub?
- Kəramət Böyükçöl, Şərif Ağayar kimi maraqla oxunan yazıçılarımız var. Heyif, Mövludu itirdik. Kim bilir, bəlkə, onlar da gələcəyin Haqverdiyevləridir. Roman epidemiyası haqqında mən yaxınlarda da qeyd etmişdim, sanki "yazıçı" adlanmaq üçün AYB vəsiqəsinə əlavə kimi lazımdır ki, şəxsin bir-iki romanı da olsun. Dəyərli əsər yazmaq böyük əziyyətə qatlaşmaqdır, cəmiyyətdə bizim insanımızın özünü reallaşdırmaq imkanları məhdud olduğu üçün camaat, qadınlı-kişili, ədəbiyyata qurşanmağa məcbur olub. Bu mövzuya aid olduğuna görə bir etiraf edim: mən 50 ildən artıqdır Bakı şəhərində yaşayıram, burada nazir müavinliyinə qədər müxtəlif vəzifələrim də olub, amma on beş ildir çalışıram özümə beş qəpik gəlir gətirə biləcək bir iş quram - qura bilmirəm. Sabah maaşım kəsilsə, yenə məcbur olacam ki, gedib Rusiya çöllərində batraklıq eləyəm. İndi bunu mən, bu şəhərin və ölkənin bütün cikini-bikini bilən bir adam, özümü biznes sahəsində, bir balaca da olsa, ifadə edə bilmirəmsə, gör məndən aşağı pillələrdə neçə yüz minlərlə adam qalıb çölün düzündə və onların da müəyyən hissəsi əlacsızlıqdan sığınıb ədəbiyyata. Elə belə getməyə üzü gəlmir, amma kitabını götürüb düşür qapılara, beş-on manat alıb ailəsinin məsrəfinə yönəldir. Məncə, müasir roman epidemiyasının əsas hərəkətverici qüvvəsi budur.
- Roman yazmaq indi niyə bu qədər asandı? Bəlkə, onun janr tələbləri, xüsusən həcm, süjet və kompozisiya ünsürləri yetərincə deyil?
- Roman yazmaq heç zaman asan olmayıb. İndi də asan deyil. Belə götürəndə, roman kiçik və ya böyük hekayələrdən ibarət bir nəsr tutumudur. Amma onun özünəməxsus üslubu, təhkiyəsi, fraza ritmi, hadisələri əhatə ölçüləri-filanı olmalıdır. Ona görə də hekayə yazmamış, yəni bu janrda özünü təsdiq etməmiş müəlliflərin romanında ciddi qüsurların olmaması mümkün deyil. Müasir roman, ümumiyyətlə, müasir nəsr süjet, fabula, kompozisiya və onlardan irəli gələn klassik ölçü və parametrləri bir o qədər də qəbul etmir. İndiki nəsrin əsas qayəsi dərin, fəlsəfi fikir və onun orijinal ifadə formasıdır. Qalan şeylər elə əhəmiyyət daşımır. Biz çox vaxt deyirik ki, nəsrimizdə milli istiqlal mübarizəsi və yaxud Qarabağ müharibəsi öz əksini yetərincə tapmayıb. Biz bunu klassik düşüncəmizin tələblərindən çıxış edərək istəyirik ki, bizim də "Sakit Don", "Uqryum çay", "Buddenbroklar", "Sehrli dağ", "Hay-küy və qəzəb" kimi epoxal dəyişiklikləri əks etdirən və yaxud, sadəcə, bədii salnaməçi Balzakımız, ya da Drayzerimiz olsun. Bunlar təfsilatçı roman janrının keçmişidir. Müasir roman -- müəllif və onun fəlsəfi düşüncə amplitudasının dərinliyi, genişliyidir. Süjet, kompozisiya-filan bir sıra hallarda onu oxucuya həzm etdirmək, mütaliə cazibəsində saxlamaq üçün lazımdır. Yəni diqqətli, səviyyəli oxucuya hesablanmış romanda bunlar olmaya da bilər.
- Uzun müddət "Gənclik" jurnalında işləmisiniz. Jurnal yadınızda necə qalıb?
- Hə, olub elə şeylər. Mən bu haqda vaxtilə mətbuatda bir neçə dəfə yazmışam. Bizim ora yığılmağımız bir tərəfdən tale işiydisə, o biri tərəfdən Məmməd İsmayıl kimi sözə, həqiqətə və dürüstlüyə sadiq bir ustad şairin xidməti idi. O dövrün özü maraqlı idi. "Gənclik" jurnalından sonra bizim hər birimiz ayrı-ayrılıqda və birlikdə çox yeni qəzetlərdən-filandan keçdik. Ancaq o jurnal uğurlarını təkrar edə bilmədik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxtlar sivilizasiyanın qırağında, dağda-daşda yaşayırdı. Bakıda yaşamaq, bura pasport qeydiyyatına düşmək, burada işləmək hər adamın bəxtinə düşən xoşbəxtlik deyildi. Bu xalqın gözünü XIX əsrin əvvəllərindən başlayaraq Rusiya imperiyası və ona sədaqətlə xidmətə qalxmış yerli feodallar necə qırmışdısa, hələm-hələm oyanmırdı. İki yüz il "mətbuat" adlanan o şey gecə-gündüz bunun qabırğasına çoxlu yalan döşəmişdi və bunu yalnız pambıq yığmağa ruhlandırmışdı. Birdən-birə bu iki yüz illik orkestr zırıltısının içində ayrı bir cüyültünün peyda olması o zamankı gənclik üçün çox gözlənilməz, eyni zamanda maraqlı idi. Bu gənclik bircə ilin içində bizim bütüm çağırışlarımıza cavab verməyi öyrəndi və jurnalın səhifələrindən birbaşa meydana yüyürüb haqqını tələb etməyə getdi. O mənada "Gənclik" jurnalı zamanın mətbuat inqilabi missiyasının böyük bir hissəsini yerinə yetirdi. A.Gertsenin "Zəng"i dekabristləri oyatdığı kimi, bu jurnal da sovet bürokratiyasından cana doymuş Azərbaycan gəncliyini oyadıb ayağa qaldırdı.
- "Gənclik" jurnalının ölkədə geniş şöhrət qazanması və rus dilində də nəşr olunması mətnlərlə bağlı idi, yoxsa zamanla?
- Jurnalın ruscası da ölü deyildi, amma azərbaycancasına nisbətdə bir az ütülənirdi. 20 Yanvar inqilabından sonra bizim redaksiyaya Moskvadan gəlmiş bir nomenklatur adamı nəzarətçi göndərdilər. Amma o da bizə ciddi maneçilik törədə bilmirdi. 20 Yanvardan sonra bütün sahələrdə olduğu kimi, mətbuat tariximizin də fərqli dövrü başlandı. Jurnalın etik çərçivələri bizə darlıq eləməyə başladı. Biz oxucumuzla birlikdə, sanki böyümüşdük və köhnə paltarlarımız daha əynimizə gəlmirdi. Biz, Məti Osmanoğlu, Akif Əhmədgil və mən rəhbərliyi pis vəziyyətdə qoymamaq üçün jurnalı tərk edib qeyri-leqal mətbuatın yaradılması ilə məşğul olmağa getdik. Burada imperiyaya qarşı ictimai-siyasi ittihamları daha açıq və daha sərt xarakterlə vermək mümkün idi. Moskvanın Qarabağ məsələsinə yanaşmaları, dövlət müstəqilliyi ilə bağlı imperiya siyasəti açıq-aşkar ifşa edilməyə başlandı. Rəsmi mətbuat məlum səbəblər üzündən bu işləri görə bilmirdi. Amma o iş zamanında görülməli idi və biz ora başqa həmkarlarımızı da səfərbər etməklə o işin uğuruna öz töhfələrimizi verə bildik. 1989-1991-ci illərdə ölkədə çoxlu qeyri-leqal nəşrlər, qəzetlər çap olunmağa başladı. Bu işin təşkilində mühüm rol oynamış Ağamalı Sadiq Əfəndi, Elçin Səlcuq, Azər Əbilbəyli və başqa dostlarımızın adı XX əsr mətbuat tarixində mütləq qeyd edilməlidir.
- Maliyyə imkanı olsa elə bir jurnal nəşr eləmək istərdinizmi? Baxmayaraq ki, indi "Vətəndaş cəmiyyəti" jurnalının baş redaktorusunuz...
- Yox. İndi dövrün tələbləri və problemləri bir qədər fərqlidir. İndi yenə də gəncliyin enerjili fədakarlığına ehtiyac var. Bizim torpaqlarımız işğal altındadır, dörd tərəfimiz düşmənlə doludur, dünya Qarabağ məsələsində üstümüzə gəlir, yəni gənc, müstəqil dövlətimizə qarşı təhdidlər çox güclüdür. Bu təkcə bizə qarşı deyil, dünyanı idarə edən yırtıcı qüvvələrin bütün türk-müsəlman aləminə yönəlik çox ciddi basqılarıdır. Hətta mən deyərdim ki, ölüm-dirim savaşıdır. Onlar heç zaman bizim torpaqlarımızı qaytarmayacaqlar. Onlar bizi mərhələ-mərhələ Qafqazdan sıxışdırıb çıxarmaq və bizim doğma torpaqlarımızda ermənilərdən ibarət bufer dövlət yaratmaq planını həyata keçirirlər. Bunun üçün onlara münaqişə, münaqişə üçünsə bəhanə lazımdır. Bunlar təkcə ruslar deyil, bunlar Avropanın və ABŞ-ın maraqlarını əsas götürən və o maraqlar üçün heç nəyin qarşısında dayanmaq istəməyən hegemon dairələrdir. Onlar türk dünyasının vahid qüvvə mərkəzi ətrafında birləşməsinə imkan vermək istəmirlər, bunun baş verməməsi üçün əllərindən gələn hər şeyi edirlər. Onlar XXI əsrdə bizim minlərlə vətəndaşımızın erməni əsirliyində qalmasına nəinki etiraz etmirlər, hətta Ermənistanın bütün mənfur təşəbbüslərini dəstəkləməklə buna rəvac verirlər. Rus xüsusi xidmətlərinin işğal doktrinası əsasında gündə bir politoloqun "Qarabağ Azərbaycan torpağıdır!" bəyanatını vermək bizim başımızın altına yastıq qoymaqdır. Əminəm ki, dövlət adamlarımız bunu başa düşür və müvafiq antisiyasətin həyata keçirilməsi üçün addımlar atırlar. Biz bu siyasətə hərtərəfli vətəndaş dəstəyini təmin etməklə türk dünyasının tezliklə birləşməsinə nail olmalıyıq.
- "Qasım" (hekayənizin adı) adından göründüyü kimi, sizin yaradıcılığınız əsasən kəndlə bağlıdır. Mənə elə gəlir ki, Qasım elə kəndin özüdür. Niyə nəsr kəndə şəhərdən daha çox yaxındır?
- "Qasım" hekayəsi 1981-ci ildə yazılıb. O zaman mən düşünürdüm ki, yazılan hər bir yazı insanların real həyatına bu və ya digər formada təsir etməlidir. O zaman buna ictimai tələbat çox güclü idi. Sosial və siyasi ədalətsizlik baş alıb gedirdi. İnsanın özünü reallaşdırmasının yalnız bir yolu vardı, o da raykomdam keçirdi. Ümumiyyətlə, insanlar, sanki həyatın özünü yox, onun meyit təcəssümünü yaşamağa məhkum edilmişdilər. Bunu mən Moskvadan Azərbaycana baxandan sonra daha aydın gördüm. Azərbaycan kənddən ibarət idi, Bakıda bizim Alatavalardan, Əhmədlidən və Zeynəb Xanlarovadan başqa, demək olar ki, heç nəyimiz yoxuydu. Ona görə mən o dövr yazılarımda kəndi, kənd insanını real cizgilərlə, bəzən naturalistcəsinə təsvir etməklə insanlara hansı sosial-iqtisadi və mənəvi zülmət içində yaşadıqlarını göstərmək istəyirdim. Məqsədim bunu ədəbi formada ifadə etmək idi, çünki başqa forma qeyri-mümkün idi. Şükür, sonra zaman dəyişdi, Azərbaycan böyük qanlar və ərazi itkisi hesabına da olsa, öz dövlət müstəqilliyini qazandı. Yəni Azərbaycan insanlarını azad və rifahlı yaşatmağın, öz milli identikliyini, dilini və mədəniyyətini assimilyasiyadan qorumağın yalnız perspektivini əldə etdi. Bu perspektiv bu gün də bizim hər şeyimizdən, o cümlədən ədəbiyyatımızdan üstün bir dəyərdir. Biz onu hər cür düşməndən qorumağa borcluyuq.
Son otuz ildə bizin insanımız, onun təfəkkürü xeyli dəyişdi, yəni şəhər sakini, şəhər həyatı da kütləvi azərbaycanlı oxucu üçün tipikləşməyə başladı. Mənim üçün artıq bu insanı təsvir etməyin zamanı gəlmişdi. Kənd insanı, kənd mövzusu bunun fonunda bir qədər solğun və cazibəsiz oldu. Çünki həyati əhəmiyyət kəsb edən bütün hadisələr şəhərə, paytaxta köçdü və onlarla bilavasitə bizim xalqımızın təmsilçiləri məşğul olmağa başladılar.
Əslində, yaxşı əsər insanın bu və ya digər vəziyyətdə psixoloji xəritəsini yaradır, onun üçün bu insanın sosial mənşəyi şərti xarakter daşıyır. Ancaq əsərin geniş anlamda prototiplərə, yerə, hadisəyə, şəraitə bağlılıq əmsalları da var ki, onlardan imtina etmək obrazın sxematikliyinə gətirib çıxarır.
Burada bir daha qeyd etmək istərdim ki, yazıçı əsərdən-əsərə kamilləşir, təkamül yolu keçir, öz düşüncə səviyyəsində bir pillə olsa da yüksəlir, onun üçün özünü təkrarlamaq qətiyyən maraqlı deyil. Bu bizim bəzi dəyərli yazıçılarımızda elə oldu. Tutaq ki, "Teleqram"ı, "Şəppəli"ni, "Məşhər"i yazmış İsa Hüseynov təzədən qayıdıb "Saz"ı yaza bilməzdi. Odur ki, "İdeal"ı yaratdı. Kütləvi oxucu müəllifin keçdiyi təkamülü keçmədiyi üçün onun sonuncu əsərlərini qəbul edə bilmədi.
- Uzun müddət televiziyalarda məsul vəzifələrdə işləmisiniz. Məsul vəzifədə işləmək yazıçının qələmini sındırır, yoxsa daha da kəsərli edir?
- Yazıçı həyatında çox şeylər görməlidir. Hər şeyi görmək, əlbəttə, mümkün deyil. Yüksək vəzifə yazıçıya ölkə və insanların həyatı üçün vacib qərarların qəbul edilməsinin sosial, siyasi, psixoloji mexanizmlərini, vəzifəli şəxslərin davranış norma və prinsiplərini göstərən bir alətdir. Həyata həmişə aşağıdan-yuxarı baxmaq yazıçını müəyyən mənada bəsitləşdirə bilər, yazıçının reallığa və insanlara yuxarıdan da baxmaq imkanının olması vacibdir. Yaxşı yazıçı vəzifədən ədəbiyyatın xeyrinə çox şeylər öyrənir. Pis yazıçılar ən yüksək vəzifə kreslosunda da mənasız əsərlər yaratmaqla ədəbiyyatı nüfuzdan salmaqla məşğul olurlar. Bunları biz, Məşədi İbad demişkən, çox görmüşük.
O ki qaldı televiziyaya, bu elektron informasiya vasitəsində işləməyi yazıçı üçün "xarakiri" adlandırmaq olar. TV yazıçı olmayan jurnalistlərin belə içində dəyərli nə varsa, sorub tükəndirir, ən incə hissləri istismar edib onların yerini başqa şeylərlə doldurur, ədalət duyumunu azaldır və bütün bunlardan sonra fərdi lazımsız əşya kimi kənara tullayır. Bu baxımdan TV-ni çox qəddar dost adlandırmaq olar.
Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bütün vəzifələrin icrası yazıçı üçün əlavə, lazımsız yükdür. Yazıçının əsas və başlıca işi çörək qazanmaq yox, yazmaq olmalıdır. Biz həm çörək qazanmağa, həm ailə başçısı, həm də yazıçı olmağa məhkumuq. Bugünkü yazıçı qonorar almır. Belə çıxır ki, cəmiyyətin yazıçıya ehtiyacı yoxdur. Ancaq yaradıcılıq məsələsində bu, əsas deyil, əsas odur ki, fərd özü yazıçılığa ehtiyac duyur və yazı vasitəsilə dünyanı, insanları, özünü dərk etməyə, kəşf etməyə başlayır. Bu, insanın kamilləşmək yoludur, qalan bütün nə varsa, bununla müqayisədə kiçikdir. Çünki Allaha, haqqa, ədalətə və bəşəriyyətə kamil insanın xidməti başqalarınınkından daha üstün və daha faydalıdır. İnsanlar mənəvi təkamül prosesində yazıçının kəşf etdiyi zirvə və incəliklərə varisliklə bu mükəmməllik yolunu daha asan gedə bilərlər. Yəni az səhvlər eləyərlər, məşhur kəlamda deyildiyi kimi, Allahını tanıyar, yuxarıda göydəkinin, aşağıda yerdəkinin, yerdən aşağıda sudakının təsvirindən özünə büt yaratmaz, Allahın adını yalanla dilinə gətirməz, çünki Allah onun adını yalanla dilə gətirənləri cəzasız qoymaz, öz ata-anasına hörmət edər ki, yer üzündə ömrü uzun olsun, öldürməz, zina etməz, oğurlamaz, öz qohumuna böhtan atmaz, öz qohumunun evində, öz qohumunun arvadında, qulunda, kənizində, kəlində, eşşəyində - heç nəyində gözü olmaz. Deməli, müasir cəmiyyətin və insanların yazıçıya ehtiyacının olmaması həqiqətdən çox uzaq, yanlış bir müddəadır və bunu təşviq edənlər yalnız öz maddi maraqlarından çıxış edərək toplumu mənəvi cəhətdən pozmağa çalışanlardır.
Söhbətləşdi: Nuranə Nur
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!