BİR QALMAQALA SÖZARDI... - Xalq yazıçısı Anar son vaxtlar gündəmi zəbt etmiş söhbətlərə münasibət bildirdi

 

«İgidin başı qalda gərək» deyiblər. Bilmirəm, nə dərəcədə igidəm amma, ədəbiyyata gəldiyim gündən başım qalda olub. 1960-cı ilin dekabrında ilk hekayəm – «Keçən ilin son gecəsi» «Azərbaycan» jurnalında dərc olunan kimi «Azərbaycan gəncləri» qəzetində sərt tənqidi yazı çıxdı. İlk povestim «Ağ liman» nəşr ediləndə Azərbaycan KP MK-nın iki orqanında «Kommunist» qəzeti və «Azərbaycan kommunisti» jurnalında sovet həyatını təhrif edən zərərli, sosialist realizminə zidd olan, yabançı ideologiyaya xidmət edən əsər kimi damğalandı, müəllifin tənqiddən nəticə çıxarmadığı qınandı və povestin Moskvanın «Drujba narodov» jurnalında düzəlişsiz-filansız çap olunduğuna görə bu jurnala da irad tutuldu. Yaratdığım və redaktoru olduğum «Qobustan» incəsənət toplusunun ilk sayı çıxan kimi «Kirpi» jurnalında lağa qoyuldu, karikaturası çəkildi. İlk bədii filmimin ssenarisi çətinliklə qəbul olundu. «Gün keçdi» filminin ssenarisini Moskva buraxmaq istəmirdi, ən çox tamaşaçı toplamış «Dədə Qorqud» və «Sübhün səfiri» filmlərinin ssenariləri hələ çəkiliş başlamamışdan (çəkilişə qoymamaq üçün) yerli «mütəxəssislər» tərəfindən topa tutuldu.

Deyə bilərlər ki, axır hamısı həyata keçdi ki… Bəli, mənim iradəm, səbrim, əsəblərim və səhhətim bahasına.

Əgər Sovet dönəmində bu tənqidlər, iradlar, əngəllər beyinləri ideoloji ehkamlardan iflic olmuş bir para sital tənqidçilərin hər halda, ədəbi etika çərçivəsində haqlı haqsız iradları idisə, müstəqillik dövründə, demokratik şəraitdə mənə fasiləsiz, aramsız hücumlar təhqir, böhtan, söyüş xarakteri aldı. Söz azadlığını söz azğınlığı kimi qəbul edən bir para cızmaqaralistlər həyat amallarını konkret düsturlar şəklində ifadə etdilər.  Belə birisi «Anarın qanını şərbət kimi içərdim» – yazdı, onun başmaq tayı – başqa birisi səmimi etiraf etdi: «bilirəm ki böhtan atıram, yalan deyirəm, amma qəsdən belə yazıram ki qanı qaralsın, təzyiqi yüksəlsin, şəkəri artsın mən də bir hovur sakit olum». Maraqlı həyat məramnaməsidir, deyilmi?

Yəqin ki, Nizami Gəncəvidən Nizami Cəfərova qədər heç bir Azərbaycan yazıçısı mənim qədər hücumlara hədəf olmayıb. Özü də altmış il ərzində, iki müxtəlif siyasi quruluşda…    

İllər boyu mətbuat səhifələrində məruz qaldığım bu sayaq «güldəstələri», təhqir, hədyan, föhş, böhtan və yalanları qovluqlara yığıb saxlamışam. Mənzilimdə kiçik iş otağımın bir divarını tutan kitab dolabı bu qovluqlarla doludur. İnşallah onları toparlayıb «Şəkər – Zəhər arasında» adlı min səhifəlik kitab nəşr edəcəm. Kitabın adı vaxtilə yazdığım bir şeirdən gəlir:

                  Ədəbiyyat çabalayır

                  kəndlə şəhər arasında

                  Yazır, yazır, hey yazırlar

                  Axşam, səhər arasında

                  Mətbuat zəhərlədikcə

                 artır qanımda şəkərim

                 Böylə keçdi ömrüm mənim

                 Şəkər Zəhər arasında.

Deyə bilərlər, bu nəyə lazım, niyə bunları saxlamısan, niyə bunlara əhəmiyyət verirsən, niyə bunları toplayıb nəşr etmək istəyirsən? Cavab verirəm: bu mənim şəxsi qisasım, bədxahlarımdan hayıf çıxmağım deyil, bu bir həyat dərsi olmalıdır ki, heç bir mənfur hərəkət, yalan söz, qara böhtan unudulub itməsin, iftiraçıların, kəmfürsətlərin adları çirkaba çıxıb getməsin. Qoy müasirləri qarşısında olmasa da tarix qarşısında cavab versinlər. Qoy gələcək nəsillər hansı şəraitdə, nə kimi məxluqların arasında nələrlə üzləşə-üzləşə yolumuzdan dönmədiyimizi bilsinlər… Bu yolda da böyük və müqəddəs sələflərimizin – Mirzə Fətəlilərin, Zərdabilərin, Mirzə Cəlillərin, Sabirlərin, Üzeyir bəylərin öz dövrünün nadanlarına verdikləri sərt və sərrast cavablar bizə örnək olmalıdır.

Qəribə bir psixoloji məqam var. Bəzi insanlar öz uğursuzluqlarının səbəbini heç vaxt özlərində görmürlər, hardasa kənarda, əsasən də, hansısa müəyyən bir şəxsin simasında axtarırlar və bütün nifrət potensiallarını ona qarşı yönəldirlər. Qənim kəsildikləri adamın şəxsiyyəti, səviyyəsi, gördüyü işlərin miqyası, yazıları, ictimai fəaliyyəti bunların gözlərində heç nədir. Bir vaxt Vaqif Bayatlı çox dəqiq misralar yazmışdı: «Bazarda soğanın qiyməti artıb, güllələyin şairləri». Zaman bu misraya belə düzəliş verdi ki, şairləri yox, elə bir sədri öldürməklə toxtaya bilərsiniz. Nə çətinliklər varsa, nə kəm-kəsir varsa, nədən narazıdılarsa hamısını bir adamın ayağına yazın.

Kim xəstələnir – günah ondadır, kim ailə qura bilməyib günahkar odur, kimin təbi quruyub, gəncliyində ona bəslənilən ümidləri doğrultmayıb – təqsirkar odur. Kiminsə ad gününü hər il təbrik etmiriksə, ya yubiley təbrikimiz iki saat gecikirsə dərhal Yazıçılar Birliyindən çıxacağıyla hədələyir. Çıxıb eləməsə də…

Bəzilərinin dilində ən çox işlənən ifadə: – Yazıçılar Birliyi mənə nə verib ki? – sualıdır. Soruşan gərək, bəs sən Yazıçılar Birliyinə nə vemisən, bir dəfə də olsun onu qəfil hücumlarından müdafiə etmisənmi, üzvü olduğun təşkilatın adını, şərəfini kəmfürsətlərdən, böhtançılardan, qrafoman demoqoqlardan qorumusanmı? Yazıçılar Birliyindən hər şeyi tələb edirsən, amma ildə cəmisi on beş manat olan üzvlük haqqını belə illərlə vermirsən. Yazıçıların son zamanlar Fəxri adlar almamalarından şikatlənənlər bunun səbəbi haqqında düşünmürlərmi? Biri alır, beşi narazı qalır, beşi alır on beşi şikaytlənir, niyə filankəs aldı, beşmənkəs qaldı. Beşmənkəs alsa bəs filankəs niyə unuduldu? Əgər Yazıçılar Birliyini ancaq sağmal inək bilirsənsə heç olmasa əllini yelləyib üstünə qonan milçəkləri qovla. Bu barədə söhbət düşəndə deyir: yox, mən filan gün filan çayxanada Birliyin üstündə mübahisə etdim. İndi get yoxla gör o gün doğrudan o çayxanada olub, ümumiyyətlə, elə bir çayxana vardır ya yoxdur? Həm də haqsız hücumlar mətbuat səhifələrində, saytlarda olur, onlara guya ki cavab verənlər isə ən yaxşı halda çayxanada mızıldanırlar. Yox, insafən, bəzən mətbuat səhifələrində də bir başa sual verəndə cavab verməli olurlar. «Nə şiş yansın, nə kabab» üslubunda cavabları, ikibaşlı ifadələri nə tövr istəyirsən yoz, təki söyülənlər də inciməsin, söyənlər də…

Bədxahlarım bir gün yazsalar ki, «Anarın əsl adı Ambarsumdur» təəccüblənmərəm. Elə bil mənimçün deyilib: «Çölüm özgəni yandırır, içim özümü».

Bu geniş ricət son günlər mediada baş alıb gedən qalmaqalla bağlı düşüncələrimə bir növ girişdir.

Hər şey bir səhər saat 9-da başladı...

Adətən gec yatıram, işləyirəm, oxuyuram, TV-yə baxıram. O gecə də gec yatmışdım. Səhər doqquzda məni cib telefonum oyatdı, hansı saytdansa soruşurdular: Musa Yaqubun vəziyyətiylə bağlı Yazıçılar Birliyi nә tәdbirlər görmәk fikrindәdir? Yuxulu-yuxulu cavab verdim ki, Musa Yaquba nə olub ki, yubileyini keçirdik, indi istədiyi nədir?

Xoş niyyətləri olsaydı bu sözlərimi belə başa düşərdilər ki, şairin daha hansı xahişi, arzusu var? Bəd niyyətləri olduğu üçün qəsdən belə yozdular ki, guya mən «yubileyini keçirmişik, daha bizdən nə istəyir?» kimi kobud münasibət bildirmişəm.

Yaxın dost olmasaq belə ikimiz də eyni nəslə mənsub qələm adamları kimi Musayla həmişə xoş və mehriban münasibətlərimiz olub, onu şair kimi yetərincə qiymətləndirmişəm, haqqında yazı yazmışam, onu ən yüksək adlara təqdim etmişəm. Xəstəliyi haqqında eşitmişdim, amma onu da eşitmişdim ki, keçib gedib, indi gün gündən yaxşılaşır. Xəstəliyiylə bağlı mənə nə yazılı, nə şifahi şəkildə müraciət edib.

Bəli, mərəkə bundan sonra başlandı. Əvvəlcədən Yazıçılar Birliyinə və şəxsən mənə nə səbəbdənsə aqressiv münasibət bəsləyənlərə müraciət etdilər və onlar da açdılar gül ağızlarını.Vaxtilə bir uğurlu şeirinə görə mənim də, Fikrət Qocanın də təriflədiyimiz gənc şair deyir: «Musa Yaqub neyləməlidir, gəlib otağında növbə gözləməli, sonra növbəsi çatanda içəri keçməlidir, deməlidir ki cənab sədr, bağışlayın, gəldim deyim ki, halım pisdir. Ayıb deyilmi? Deməyib, indi demiş olsun, irəli durun, təşəbbüs göstərin. Çünki bəlkə də Tanrı bizi elə  Şairə, Şeirə, Sözə görə bağışladı».

Doğrudan da ayıbdır! Ayıbdır ki, vaxtilə bir uğurlu şeir yazmış gənc atası yerində adamlara bu tonda öyüd nəsihət verir. Tanrı kimisə bağışlamalı olsa, birinci növbədə belə başından böyük danışanların günahından keçməlidir. Kim, haçan mənim qapımda növbəyə durub? Kim haçan istəsə gəlib keçir otağıma. Ya qanımı qaraltmağa gəlir, ya nəsə qoparmağa, ya da hər ikisinə. O ki qaldı əzizim Musaya onun gəlməsi vacib deyildi. İndi guya ona qahmar duranlar  mənə zəng edib məlumat verə bilməzdilərmi? Telefon ki, çoxdan icad olunub, indi üzə görə canyananlıq göstərənlərin hansı biri bu barədə mənə xəbər çatdırıb, konkret təklif irəli sürub? Yox, bunların dərdi Musa deyil, nəyin bahasına olur olsun, hər fürsətdən istifadə edib Yazıçılar Birliyini ləkələməkdir.

Öz dedikləriylə ürəkləri soyumadı xəstə Musa Yaqubun da adından (məhz adından, özündən  yox) bəyanat  aldılar ki, guya şair belə deyib: Qorxdular. Anar bütün tədbirlərimdə  iştirak edibdirsə bu işdə, yox. Qorxub. Dövlət də kömək etmədi. Bütün xərcləri özüm çəkmişəm.

İnanmadım ki,  bu sözləri  Musa deyib, çunki o da yaxşı bilir ona münasibətimi, bir də  mən nədən qorxmalıyam axı? Qorxsaydım Musa Yaqubu yüksək ada təqdim etməzdim. Mən Buynuz meşələrində ayılardan, bir də şərə düşməkdən  başqa heç nədən qorxmuram.

Çox məmnunam ki, gözəl şair və namuslu insan olan Musa Yaqub onun adından deyilən bu hədyanları təkzib etdi.

Gənc yazıçı Ömər Xəyyam Buynuzda Musayla görüşüb. Musa Anardan narazılıq etməyib, «ümumiyyətlə, o bəyanatı adımdan yazıblar» – deyib.

Bu məlumatda məni ən çox sevindirən o oldu ki, Musanın səhhəti xeyli yaxşılaşıb. Dəyərli şairmizə tezliklə tamamilə sağalmağı arzu edirəm, kömək lazımsa əlimizdən gələni etməyə hazırıq. Bir  xahişim də var: hər yetən  kəmfürsətə etibar edib söz söyləməsin. Bu birinci dəfə deyil ki, şairin sözlərini təhrif edib təşkilatımıza qarşı yönəldirlər və Musa sonradan təkzib verməli olur.

Musa onu da deyir ki, öz hesabına müalicə olunub. Çox əcəb! Deməli, aldığı deputat təqaüdü buna imkan verir. Mən də deputat təqaüdü alıram və iki il bundan qabaq heç kəsə bildirmədən, heç kəsdən yardım almadan  öz vəsaitimlə ağır ürək əməliyyatı keçirdim. Gileylənmirəm də  ki, niyə mənim səhhətimlə heç kəs maraqlanmır əksinə, ölüm astanasından qayıdan ixtiyar yaşlı adamı  hər yuxudan kal duran Allahın ver günü qanımı qaratlmağı, zəhərləməyi öz  vətəndaşlıq  və ziyalılıq borcu  sayır.

Musa Yaqubdan başqa  çox istedadlı şairəmiz Sabirabada yaşayan Nisə Bəyim də ağır xəstədir. O da inciyir  ki, ona yardım etmirik. Telefonla soruşdum  ki, nə kimi və nə miqdarda yardım lazımdır. Deyəsən, incidi. Mən heç kəsdən incimirəm və qismətimi qəbul edirəm. Başqa müalicəyə ehtiyacı olan yazıçılarımız da var. Allah hamısına şəfa versin. Amma lətifəsi nə Musaya, nə Nisə Bəyimə, nə də heç kəsə gəlsin, xəstələrin müalicəsiylə Yazıçılar Birliyinin rəhbərliyi yox, poliklinikamız məşğul olmalıdır. Yazıçılar  Birliyinin rəhbərləri bütün yazıçıların ev həkimi deyil ki, hər gün onlara baş çəkib qızdırmalarını ölçsün, təzyiqlərini müəyyənləşdirsin, nəbzini yoxlasın. Dünyanın hansı ölkəsində yazıçı təşkilatı üzvlərinin səhhətiylə maraqlanır, müalicəsiylə məşğul olur, mənzil paylayır və mənzil növbəsi çatmayanların hücumlarına məruz qalır?

Guya Sovet quruluşunu yerli-dibli inkar edənlər hələ də sovet vaxtının  şüuruyla yaşayırlar. Sovet vaxtında böyük tirajlarla çap olunan kitabların hesabına maddi cəhətdən çox zəngin Ədəbiyyat fondu vardı və bu fond yazıçılar üçün evlər tikirdi. Sovet dönəmində  ancaq dövlət nəşriyatları vardı və nəşr olunacaq ədəbi əsərlərin planlarını Yazıçılar İttifaqında müzakirə və təsdiq edirdilər. Avtomobil almaq defisit olanda Yazıçılar İttifaqı növbədə duranlara maşın verirdi. İndi bunların heç biri yoxdur. Nə kitab çapı bizdən asılıdır, nə avtomobili bizdən alırlar.Təbii ki, Yazıçılar Birliyinin ev paylamaq imkanları da yoxdur. Buna baxmayaraq şəxsi xahişimizlə onlarla yazıçı üçün mənzil ala bildik. Müraciət etdik və  Prezident bizə ev tikdirmək üçün sahə ayırdı, orada ucalacaq binada növbədə duran yazıçılar mənzil  alacaqlar.

Yazıçı peşəsi elədir ki, səmərəli, rahat şəraitdə işləmək üçün müəyyən yaradıcılıq evləri lazımdır. Sovet vaxtında  özümüzün, yəni Əbəbiyyat fondunun hesabına Şüvəlanda  tikdirdiyimiz Yaradıcılıq evində öz təşəbbüsümüzlə qaçqınları yerləşdirdik. İndi qaçqınlarçün xüsusi şəhərçiklər salınıb  və qaçqınları ora köçürürlər. Yaradıcılıq evimiz təmir olunacaqdır. Bundan başqa Şabranda səfalı bir yerdə Yazıçıların, bəstəkarların və  rəssamlara  yaradıcılıq şəhərciyinin inşası başlanır. Hörmətli Prezidentimizin ziyalılarla görüşündə qaldırdığımız bütün bu məsələlər Prezident tərəfindən müsbət qarşılandı və lazımi tapşırıqlar verildi. Di gəl yenə narazılıqlar, yenə iradlar, yenə tənqid: gərək bunu yox onu deyəydin, gərək bu  məsələni yox, o məsələni qaldıraydın. Belələrinin  fikrincə, hər hansı bir şairin, yazıçının fərdi  problemini məsələn, fəxri ad məsələsini qaldırmaq yazıçıların ümumi mənefeyinə xidmət edəcək məsələlərdən – mənzil yaxud yaradıcılıq evi məsələlərindən daha vacib imiş. Özü də bu məsələlərdən tək yazıçılar danışsaydı dərd yarıydı. Ədəbiyyata dəxli olmayan adamlar da başımıza  ağıl qoyurlar. Hamı Yazıçılar Birliyinin işləriylə məşğul olur, ölkənin ayrı dərdi-səri yoxdur sanki. Hörmət bəslədiyim deputatlardan biri də Milli Məclislə qaldırılmalı məsələlərin məhz Prezidentin ziyalılarla  görüşündə qaldırılmasını lazım bilir və qəribə bir şey deyir. Deyir ki, o iclasda kimsə atasının heykəlinin qoyulmasını təklif edib. Mənim iştirak etdiyim görüşdə Cəlil Məməquluzadənin və H.Z.Tağıyevin heykəllərinin qoyulması təklif olundu və məncə o iclasda nə Tağıyevin, nə Mirzə Cəlilin  oğulları iştirak etmirdi…

Ümumiyyətlə, son vaxtlar bədbəxt Mirzə Cəlilin bostanına daş atanlar çoxalıb. Sağlığından, yaşadığı dövrdən bu günə qədər qaragüruh kişinin yaxasından əl çəkmirik ki, çəkmirik… Bu Qaranlığın İşıqdan qisas almasıdır. Cəhalətin açıq şüura meydan oxumasıdır. Molla İbrahim Xəlillərin, Dərviş Məstəli Şahların, Şeyx Nəsrulluhların xortdayıb qayıtmalarıdır. Mizə Cəlil rəhmətlik demişkən «bəlkə də qaytardılar» cəhaləti, avamlığı, xurafatı…

Xeyirli işlər görmüş dəyərli kitablar nəşr etmiş bir müəllif əfsus, Mirzə Cəlil fobiyasına aludə olub yazır ki, Mirzə Cəlil millətçi ola bilməzdi, çünki erməni dostları vardı. Əvvəla mən bilmirəm Mirzə Cəlilin hansı erməni dostları olub. Lap tutalım Tiflis kimi çoxmillətli şəhərdə ermənilər ya gürcülərlə salam-kəlamı da olub, bu bəyəm öz  millətini sevməyə əngəldir? Təki hamımız milləti xalqın bağrından çıxmış  Mirzə Cəlil kimi, Sabir kimi yana-yana sevə bilək. Sovet vaxtı ermənilər «Usta Zeynal» hekayəsində bir cümləyə görə («Ermənilər qorxaq bir millətdi, padşahları da yoxdu»)  Moskvaya danos yazırdılar ki, Cəlil Məmmədquluzadə qatı millətçidir, faşistdir. İndi də özümüzkülər yazırlar  ki, ermənilərlə dostluq etdiyi üçün Mirzə Cəlil millətçi ola bilməz. Ermənilər bu sözlərlə tanış olsalar (və yəqin ki olacaqlar, çünki hər sözümüzü diqqətlə izləyilər) mütləq müxtəlif  dillərə tərcümə edib yayacaqlar ki, ziyalısı belə düşünən millətlə biz necə bir yerdə yaşaya bilərik?

Milləti sevmək millətin şəninə bəlağətli tostlar demək deyil, bir iki populist çıxışla xal qazanmaq deyil, millətin dərdinə qalmaqdır, halına yanmaqdır. Keçmişimizdə Koroğlu olubsa Keçəl Həmzə də olub. Ədəbiyyatımızda ayıq başlı Kefli İskəndərlə yan-yanaşı avamlıqdan faydalanan, nadanlıqdan bəhrələnən Şeyx Nəsrullah da olub.

Həmin hörmətli deputat Ramiz Rövşənə Xalq şairi adı verilməsi məsələsini qaldırır. Sağ olsun! Yazıçılar Birliyinin fəaliyyətinə maraq göstərənlər kitablarımızı da oxusaydılar bilərdilər  ki, Ramiz Rövşənə Xalq şairi adı verilməsi haqda  mən  hələ 2006-ci ildə Prezident İlham Əliyevə müraciət etmişəm və bu müraiciətim mənim «Əsrin əsiri» kitabımda da dərc olunub («Əsrin əsiri» Azərnəşr. 2010 . səh. 560). 31 ildir Yazıçılar təşkilatının rəhbəriyəm və ən azı otuz ildir Birliyin işindən narazı olanların nədən narazı qaldıqlarını bilmirəm. Təşkilatımızda dəyişiklik olmalıdır deyənlərin hansı konkret dəyişiklikləri təklif etdiklərini bir dəfə də olsun eşitməmişəm. Bundan belə nəticə çıxarıram ki,  narazılıqların da, yeniləşmə tərəfdarlarının açıq demədikləri yeganə istək  Sədr kürsüsünü zəbt etməkdir. Çox gözəl. Mən iki əlimlə razı, amma axı kürsü birdir, onu arzulayanlar  isə onlarladır. Bir kürsüyə on adamın necə pərçim etmək olar, onda gərək ya bir-birinin qucağında otursunlar, ya da bir birinin boynuna minsinlər ki, bu da iş prosesinə müəyyən çətinliklər yarada bilər. Yaxşı, ona da razıyam ki, bir nəfəri qoydular. Bir aydan sonra ondan narazılıq başlanacaq, yeniləşmədən söhbət gedəcək. Əgər hərənin ayrı-ayrılıqda mənim otağıma gəlib başqaları haqqında nələr dediklərini eşitsəydilər. Mən o saat belə söhbətləri kəsirəm deyirəm çağırım o dediyin adamı dediklərini üzünə de.

Otuz bir il bundan əvvəl başqa rəhbərlərin əlinin altında işləyən  məşhur  yazıçı o vaxt nə bu təşkilatın işindən narazı idi, nə də yeri gəldi-gəlmədi dəyişikliklərdən dəm vururdu. İndi öz xoşuyla Birlikdən uzaqlaşandan sonra yenə dərdi-səri Yazıçılar Birliyidir. Ona Mirzə Cəlildən sual verirlər, dəxli olmadan Yazıçılar Birliyininn ünvanına yalanlar yağdırır. Beş -on gün diqqət çəkməkçün Moskva jurnalında öz millətin ermənilərin ayağına verən adam abrına qısılıb susmaqdansa (hələ xalqından üzr istəməsini demirəm) yenə də otuz il  xaric oxuduğu köhnə ariyaları yenidən oxuyur. Yazıçılar Birliyində hərəkət yoxdur, təzələnməlidir deyir. Yəqin hərəkəti və təzələnməli bir vaxt rəhbərlik etdiyi «Yazıçı» nəşriyyatını kor qoyduğu kimi, satdığı və dağıtdığı tərzdə təsəvvür edir. Keçməz o nömrə. Necə ki, vaxtilə onun fitvasıyla  «bayrağımızı Yazıçılar Birliyinə sancacayıq» deyənlərin xam xəyalları baş tutmadı.

Deyirlər ki, 20 yaşında qiyamçı olmayanın qəlbi yoxdur, 40 yaşında qiyamçı olanın ağlı. Sevinirəm ki 20 yaşında qiyamçı olanların çoxunun qırx və daha artıq yaşlarda ağılları başlarına gəlib, dərk ediblər ki, Yazıçılar Birliyinə hədyan yağdırmaqla heç  nəyə nail ola bilməyəcəklər, əksinə, bu təşkilata doğma münasibət  bəsləsələr, onun  tədbirlərində fəal iştirak etsələr, ədəbi orqanlarında gen-bol çap olunsalar bu ancaq xeyrlərinə olar. Burdakı həqiqi vəziyyəti və münasibəti görəndə daha təxribatçılara inanmazlar. İnanmazlar ki, kimsə hansı səbəbdənsə işdən çıxarılıbsa bunu Anar edib. Kimsə TV kanallarından uzaqlaşdırılıbsa bu Anarın işidir. Bu kimi şaiyələr təxrilbatçıların qərəzli yalanlarıdır. Və o da həqiqətdir ki, Yazıçılar Birliyinin tarixində heç bir vaxt cavanlara bu qədər əlverişli şərait yaradılmayıb, bu qədər imkanlar verilməyib, məsul vəzifələrə irəli çəkilməyib. (Birliyin katibləri, qəzet və jurnal redaktorları, Tərcümə Mərkəzinin sədri, seksiya rəhbərləri… Mükafatlar, kitablarının nəşri və təqdimatı, xarici səfərlər və s. də öz yerində. Qabaqlar yaşlı adamların redaktə etdikləri «Ulduz» jurnalı indi tamamilə cavanların ixtiyarına verilmişdir. İnsafı  olanlar bunları inkar edə bilməz. Katiblərin cavanlar olmasını şübhə altına alanlara bildirmək istəyirəm ki, Çingiz Abdullayev də, rəhmətlik Arif Əmrahoğlu da, Rəşad Məcid də katib seçiləndə çox gənc idilər. İllər keçdikcə cavanlar da yaşlaşır və onlarla yanaşı, İlqar Fəhmi kimi daha gənc yazıçılar  katib seçilir. Bu həyatın qanunu, dinamikası və sözdə yox, həqiqi yeniləşməsidir.

Elə bu geniş yazını yazıb ürəyimi boşaltmağımın bir səbəbi də gənc şair Şəhriyar del Geraniylə qiyabi söz duelimiz oldu.

Şəhriyarın bir neçə gün bundan qabaq və bir il bundan əvvəl  yazdığı yazıları diqqətlə oxudum. Musa Yaqubla bağlı birinci yazısından başlayım. «Sabah Ramiz Rövşən də eyni duruma düşsə, Anar yenə qorxusundan müraciət etməyəcək heç bir yerə. Bu qorxunun adı həm də söhbəti bilməməkdi (hansı söhbətdən söhbət getdiyini anlaya bilmədim –A), nədən ki, Anar şeir də bilmir, şairi də tanımır. Tam səmimi deyirəm, Anardan soruşun adı çəkilən şairlərin heç birini həqiqi əyyarla dəyərəndirə bilməyəcək, tanımayacaq. Bir bilsəniz bu amansız suallar – az-çox heysiyyəti olan adamaları necə didib dağıdır».

Doğrudan da, az-çox heysiyyəti olanlar da, şeiri zərgər meyyarlarıyla ölçənlər də, bir misqal insafı olanlar da bu sözlərin nə qədər ədalətsiz olduğunu  dərk edərlər. Ən yumşaq ifadələri seçməyə çalışıram. Bir az əvvəl hələ on üç il bundan əvvəl, yəni 2006 cı ildə Ramiz Rövşəni  Xalq şairi adına təqdim etməyimi və bu təqdimatın kitabımda da dərc etdiyimi yazmışdım. Yəqin  bunu «qorxduğum» üçün etmişdim. Kimdən? Heç nədən xəbəri olmadan məni şərləyənlərdən. Əyyarını bilmədiyim  Ramiz haqqında yazdığım məqalalər Bakıda və mənim təşəbbüsümlə Türkiyədə çıxan kitabında nəşr olunub. «Qorxa-qorxa» Ramizə etdiyim  başqa bir yaxşılıqdan mənim danışmağım yaxşı düşməz, indi Türkiyədədir gələr, oxuyar, lazım bilsə məsələyə aydınlıq gətirər.

İndi gələk mənim şairi və şeiri bilməməyimə. Əlbəttə düz deyir. Mənim şeirdən nə başım çıxır, şairlərdən kimin əyyaranı bilirəm ki?... Doğrudur,  Bakıda  iki cildlik «Min beş yüz ilin oğuz şeiri» antologiyasını, Türkiyədə «Min ilin yüz şairi» antologiyasını tərtib etmişəm, ilk dəfə Səməd Mənsurun şeirlərini toplayıb çap etmişəm, Nizami, Mövlanə, Yünis Əmrə, Nəsimi, Xətai, Füzuli, Vaqif, Aşıq Ələsgər, Sabir, Hadı, Cavid, Cavad, Səməd Vurğun, Müşfiq, Şəhriyar, Bəxtiyar Vahabzadə, Qabil, Əli Kərim, Məmməd Araz, Xəlil Rza, Cabir Novruz, Fikrət Sadıq, Fikrət Qoca, Musa Yaqub, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı və neçə-neçə Azərbaycan  şairi, habelə F.H Dağlarca, Orxan Vəli, Ataol Bəhramoğlu, Oljas Süleymenov, Mayakovski haqqında Azərbaycan, Türkiyə, Moskva mətbuatında böyük esselərim çıxıb, Nazım Hikmət və müasirləri barədə min səhifəlitk «Kərəm kimi» kitabım Bakıda və Ankarada nəşr olunub, rus və dünya ədəbiyyatından yüzdən artıq şairin şeirlərini çevirmişəm, amma bütün bunların nə dəxli var ki, mən  nə şeir bilirəm, nə şairi.

İndi keçirəm Şəhriyarın başqa  açıqlamasına və bir il bundan qabaq yazdığı mətninə. Mənə ünvanladığı açıq məktubda yazır ki, Yazıçılar Birliyi Mətbuat xidmətinin məlumatını oxuyanda gülümsəyib, daha əvvəl yazmışdı ki, bu mətni oxuyanda əti tökülüb. Aydın olmur, əti töküldüyü üçün gülümsəyib ya gülümsədiyi üçün əti tökülüb. Yaxşı, bu Şəhriyarın dediyi kimi - Okey. Bundan sonra Şəhriyar ağsaqqal kimi  mənə öyüd-nəsihət verir: «Daha bir təklifim var, çox istərdim, tənqidlərə  qarşı cavab ritorikanızı dəyişəsiniz. Çox nimdaş təsir bağışlayır, Mən deyirəm: Anar nə şairi tanıyır, nə da şeri» – ertəsi gün açıqlama verirsiniz ki, «Şəhriyar del Gerani kimdir? Mən onu tanımıram». Bəs mən nə deyirəm».

Bir dəqiqə! Sayın Erdoğan demiş one (van) minut! Mənə Sizin ilk bəyanatınızı gətirəndə del Gerani soy adınız (ya qəbul etdiyiniz təxəllüs) mənə italyan familini xatırlatdı və odur ki, bu kimdir, nə millətdir deyə soruşdum.. Sonra izah etdilər və mən əlbəttə Sizi xatırladım, amma lap tutalım fərz edək ki  mən Şəhriyar del Gerani adlı  şairi tanımram, bu  «Anar nə bilir şair nədir, şeir nədir?(Azərbaycan dilində bu cümlə bu şəkildə daha səlis səslənərdi) deməyə Sizə haqq verirmi? Yaxşı, razıyam, buna vicdan defisiti deməyək, ayrı bir ad tapaq, məsələn «nimdaş ritorika». Belə bir ritorik cümləniz də mənə maraqlı gəldi: «Əziz qələm dostumuz Anar bəy, yubiley-mubiley kimi tədbirlər  sənin kimi («sənin» kimi ha!) adamlar üçün  ciddi ola bilər. Musanın məqamından isə o tövr təpələr bilmərrə görünmür».

Əziz qələm dostumuz Şəhriyar, axı bu sözləriniz (Sizinlə bruderşaft içmədiyimiz üçün «sən»  yox, «siz» deyirəm) Musa Yaqubun  Bakıda və İsmayıllıda keçirdiyimiz təntənəli yubileyləriylə bilmərrə düz gəlmir, hansı təpədən ya dərədən baxırsan bax. Doğrudan da  «mənim   kimi adamlar üçün yubiley-mubiley o qədər  ciddidir  heç vaxt geniş yubileylərimi keçirmirəm və  bütün israrlı təkidlərə  baxmayaraq 80 illiyimi də  Bakıda  keçirmədim. Bu dedikləriniz də şübhəsiz vicdan defisiti deyil, sadəcə ritorikadır.

Axı niyə bizi bir-birimizə qarşı qoyursunuz, qan çıxmayan yerdən qaşıyıb qan çıxardırsınız, bizi bir-birimizə rəqib etmək istəyirsiniz. Bəyəm kiminsə heyranı olmaq başqasına qənim kəsilməkdir? Hamımız -  Ramiz də, Musa da, pardon, mən də, eyni ədəbiyyatın, eyni dilin əsgərləriyik. Siyasi baxışlarımız fərqli ola bilər, amma birini qaldırmaqçün digərini yıxmaq mütləqdir?

Yazırsınız: «Xahiş elirəm bir az sayğılı olaq. Trendlər çoxdan dəyişib. Yeniləşmək  isə görünür, sizin üçün artıq gecdir».

Nəyin kiminçünsə gec, kininçünsə tez olduğunu müəyyənləşdirməyi  zamanın ixtiyarına buraxaq.

Amma çox, çox  üzr istəyirəm, trendlər də, brendlər də dəyişə bilər, amma əxlaq ölçüləri, böyük-kiçik münasibətləri, mərifət, qanacaq və etika qaydaları məncə fəsildən-fəsilə dəyişməməlidir.

«Təklif edirəm bir-birimizə hörmətlə yanaşaq» deyirsiniz. Yuxarıda gətirdiyim cümlələriniz məhz bu sayaq hörmətlə yanaşmanın bariz  örnəkləridir, deyilmi? Deyirsiniz ki, sizin  iradlarınıza mətbuat xidmətinin cavabı «80 il qabaq «Kommunist» qəzetində çap edilsəydi gecə qara «Villis»  qapımı döyərdi».

Maşın qapını döyərdi? Okey! Olsun! Amma  bir balaca yadınıza salım ki 80 il bundan qabaq «Ağ liman» povestim haqqında «Kommunist» qəzetində dərc olunmuş siyasi danosdan sonra  «qara villisin» mənim «qapımı döyməsi» daha real  ehtimal  idi.  

Yazırsınız: «Mənim sizə hörmətim vә  rəğbәtim әvvəlki yerindә qalır. Bunları isә bәzi mәtlәblər aydın olsun deyә yazmalıydım». Sәmimiyyətinizә inanmaq istəyirəm vә 80 illiyimdə yazdığınız mətnə görə Sizə təşəkkür edirəm. Amma bәzi mәtləblər aydın  olsun deyə  mәn dә bәzi  şeyləri dәqiqlәşdirmәliyәm.

Yazırsınız ki, «Çox yaxşı bilirəm  yaşaya-yaşaya 82 ili geridә qoymuş bir insanın daşlaşmış qәnaәtlәri var. Vә o mamır basmış qәnaәtlәri bir mәktubda dəyişmək qeyri-mümkündür».

Mәnim daşlaşmış, mamır basmış, üstünə torpaq tökülmüş, torpağın üstündə otlar bitmiş qənaətlərimi nə bir məktubla, nə on cild kitabla dəyişmək olar, çünki bu qәnaәtlәrimə uzun ömrümün təcrübəsiylə gəlmişəm və onlara həyatım boyu sadiq olmuşam. Bu qənaətlər çox sadədir: Heç bir vaxt inandığının əksinə getmə, yaxşılığa qarşı nankor olma, heç kəsə paxıllıq etmə, ürəyində kin saxlama, kin ürəyi çürüdür, yaman günlərində dostlarından üz döndərmə, heç kəsi darda qoyma, böyük-kiçiyin yerini bil, cavanları hamam suyuyla dost tutma, onlara real əməllərlə  kömək elə, onları anlamağa çalış ki, onlar da səni anlasınlar, yaşlıların hörmətini saxla. Qocalar cavan olublar və cavanlığın nə olduğunu bilirlər, cavanlar hələ qocalmayıblar və qocalanda hansı saymazyanalıqla rastlaşacaqlarından bixəbərdirlər və sairə  və i.a. Hamsını sadalasam uzun olar.

Bir dә son söz. Mətninizin  sonunda  «piştaxtabaş tupoylar»dan yazırsınız. Doğrusu, əvvəl bunun nə demək olduğunu başa düşmədim. Sonra xatırladım ki, mәnim «Beş mәrtәbə» romanımdakı  bir yeri yada salırsınız. Sevindim Siz və sizin kimi bir sıra  cavanlar nә qәdәr mәndən narazı qalsanız da, nə qədər tikanlı atmacalar  atsanız da, nə qədər məni başqalarının ayağına versəniz də, һәr halda,  əsərlərim yaddaşınızda və deməli qəlbinizin içində yaşayır. Bu yerdə bir başqa «anarşünas» da yadıma düşdü. Nədən yazır yazsın mütləq mənim barəmdə səfeh bir söz deməlidir. Yazıdan yazıya ən çox təkrar etdiyi cümlə isə «Tələsmə Zaur»dur. Gör bu yazığa həmin sözlər necə dərin təsir bağışlayıb ki, ömrü boyu onları unuda bilmir. Nә isə…

 Sayğı vә salamlarımla, ANAR

9-10 aprel 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!