Sona Vəliyevanın şeirlərində körpə səsi - Elşad Barat

Mən bir fizik kimi poeziyanı daim öz oxu ətrafında sürətlə fırlanan enerji kütləsi olaraq dərk edirəm. Əgər bir varlıq fırlanırsa, deməli, burada Kariolis qüvvəsi mövcuddur. Kariolis qüvvəsinin qısa və elə izahını verim ki, hər kəs başa düşsün. Belə deyək, girin mətbəxə, bir qazan qapağı götürün və stolun üzərində əks üzü üstə fırladın. Sonra fırlanan qapağın üzərinə bir qənd parçası atın. Nə baş verdi? Qapaq qənd parçasını kənara tulladı. Həmin o qəndi kənara tullayan qüvvəyə Kariolis qüvvəsi deyilir. Poeziyanın Kariolis qüvvəsi də belədir, sözə layiq olmayan, saxta təbəssümlərə yüklənmiş, həyatın içindən süzülüb gəlməyən hər nə varsa, hamısını kənara tullayır.

İlk dəfə 6 yaşım olanda dayıma həsr etdiyim şeiri böyük bacım qələmə aldı. O vaxta qədər kəndimizin bütün dağlarına, daşlarına, ağaclarına, gül-çiçəklərinə ani hisslərdən doğan yüngül şeirlər həsr etmişdim, amma yazı yaza bilmədiyim üçün qələmə almamışdım. Elə körpəliyimdən bəri sözü - saflığı, paklığı, eşqi hiss etməyə çalışmışam. O zamanlar həmin hisslərin adını bilmirdim, amma yaşayırdım. Elə yaşayırdım ki, sanki min illərin adamıydım. Yavaş-yavaş, böyüdükcə sözün hikmətini, poeziyanın saflığını və paklığını içdən hiss etməyə, ağılla dərk etməyə doğru irəlilədim. Və dəqiq bilirəm ki, bütün xəyanətlər nisbi ola bilər, amma sözə xəyanət mütləq bir günahı əks elətdirir. Mütləq günah isə kainatın bağışlamadığı ən mənfi yüklü enerji kütləsidir.

Özüm üçün müəyyənləşdirdiyim bu və ya digər həyat, ədəbiyyat, poeziya qanunlarını rəhbər tutaraq Sona Vəliyevanın "Dünya Tanrı biçimdədir" adlı şeirlər kitabı haqqında öz fikirlərimi yazmaq istəyirəm. Öncə deyim ki, hər bir şairin şeirləri onun bioloji dili ilə yox, ruh dili ilə pıçıldadığı hissləridir. Sona xanımın şeirlərindəki pıçıltı mənim üçün aydın-açıq səsə çevrilə bilir. Mən o səslə söhbət edə bilirəm. Sual verib cavab da almağı bacarıram. Bütün səslər dalğaların tezliyinə bölünür. Məsələn, canlıların hamısı eyni tezlikdə eşitsəydi, onda bizim qulaqlarımız kar olardı. Yanımızda, ayağımızın altında, gözə görünməyən elə bir həşərat ola bilər ki, onun səs tezliyi bizim eşitmə tezliyimizlə eyni olar və biz onu əzəndə naləsindən dəli olmaq həddinə çatarıq. Deməyim odur ki, hər bir şairin şeirlərinin içində bir pıçıltı, bir səs var və mənim eşitmə tezliyim o səslərin hamısı ilə eynidir. Sona xanımın şeirlərindəki səs mənə nə deyirsə, hamısını olduğu kimi qeyd edəcəyəm.

"Dünya Tanrı biçimdədir" kitabının elə "Qapına gəldim, İlahi" adlı ilk şeirində bir körpə səsi eşitdim. Sanki anası tərəfindən cəzalandırılmış bir köpə uşaq öz paklığını, günahsızlığını pıçıldayır. Əslində, özü də bilir ki, günahı yoxdur. Amma tamdan ayrılmış zərrənin yenidən tam olmaq arzusu kainatın enerji qanunlarının, bəlkə də, ilkidir. Çünki bütün zərrələrin tam olmaq haqqı var. Şeirin içindəki uşaq səsi deyir ki, mən zərrə olaraq səndən ayrılmışam, nəyəmsə, sənəm və yenidən sən olmaq istəyirəm.

Kitabın "Tanrı" bölməsində olan bütün şeirlərin içində həmin körpənin səsi var. Körpə özünü anasına təslim etməyə hazır vəziyyətdədir. Sanki min illərdir körpə ömrü yaşayır və qoruyub saxladığı bu körpəliyi bir kəlmə "ana səsi"nə qurban verməyə qərarlıdır. Bəlkə də, o körpə böyüməkdən qorxur. Qorxur ki, böyüyər, gülüşlərinin sayı azalar.

"Söz" bölməsində şeirlərin içindən gələn körpə səsinin müdrikliyini görürəm. Adətən körpə paklığı təmsil edir. Burada isə sözün qüdrəti körpəliyə müdriklik bələyib. Şair "öz içimdən keçib yola yol oluram" deməklə dünyada hər şey bir-birinin davamıdır fəlsəfəsinə işarə edib. Və ya ""ol"dan əvvəlki sözdənəm" deyərək şair bütün yarımçıqların nə vaxtsa tam olduğunu bildirir. Kitabın hər bir bölməsindən görünür ki, Sona Vəliyeva Allaha bağlı insandır. İslama görə, dünya "Ol" sözündən yaranıb. ""Ol"dan əvvəlki sözdənəm" deməklə şair heç də İslama qarşı çıxmır. Əksinə, Allahın böyüklüyünü və tamlığını bildirir. Yəni insan dünya üçün yaranmayıb, dünya insan üçün yaranıb. Həmçinin burada bütün dünyanı ikicə hərfin hikməti, ikihərfli sözün qüdrəti ilə yaradan Allahın "ol"dan da əvvəl dediyi sözün gücündən insanın yarandığı nəticəsi çıxır. Şeirlərin içindəki körpə səsi inadkarcasına sözün dəyərini ortaya qoymağı bacarır.

"Şairlər" şeirində körpə səsi özünümüdafiəyə qalxıb. Sanki hər yerdən ümidi üzülüb və başa düşüb ki, özü özünü müdafiə etməsə, heç kim onu müdafiə etməyəcək. Həm də artıq körpə səsi reallığa inanıb və mübarizə aparmaq lazım olduğunu dərk edib. "Söz yolu" şeirində isə özündənrazı körpənin səsi eşidilməkdədir. Elə bil körpə min il yaşayıb, həyatın bütün üzlərini görüb. İndi isə arxayın şəkildə olacaqları gözləyir. Ümumilikdə "Söz" bölməsini götürəndə demək olar ki, Sona xanım Vəliyeva sözə Tanrı qədər inanır. Bəzən ona arxalanır, bəzən isə acığı tutur. Belə demək mümkünsə, sözü özünküləşdirə bilir.

Kitabın "Dünya" bölməsində Sona xanım bütün şairlər kimi gah dünyadan şikayətlənir, gah hökm verir, gah da hansısa hadisələrə öz qələmi ilə işıq tutur. Ən irihəcmli bölmə kitabın "İnsan" bölməsidir. Şair bütün yolların insandan başlayıb insanda da bitməsini çox yaxşı bilir. İnsan daxilində baş verən hər cür çaxnaşmalar, hisslərin qarmaqarışıqlığı poetik dillə və körpə səsiylə oxuculara çatdırılır. Hər bir səsin içində musiqi olur. Sona Vəliyevanın şeirlərində pıçıldayan körpə səsinin musiqisi tam fərqlidir. Məsələn, elə şeirlər var ki, onun içində körpə ağlayır, elə şeirlər də var ki, körpə eləcə gülür. Sona xanımın körpəsiz şeiri yoxdur. Bütün şeirlərində körpə səsinin paklığı hiss olunur. Bəzən isə həmin körpə nə gülür, nə də ağlayır. Sakitcə susur və bitərəf olaraq nə baş verəcəyini gözləyir.

Sona Vəliyevanın "Vətən" şeirlərində bir neçə körpə ağlayır. Biri atasını itirib, biri anasını, biri isə özünü itirib, tapa bilmir. Bir az da şeirlərin içinə girəndə körpələr adamın yaxasından yapışır, imdad diləyir. Başını götürüb şeirdən çölə qaçmaq istəyirsən. Amma körpə səsləri daban-dabana səni izləyir. Sanki şair bu şeirləri yazmadan öncə həqiqətən də yaşayıb, sonra yazıb. Elə şeir o vaxt uğurlu olur ki, həyatdan süzülüb gəlir, yaşantı olur. Bu bölmədə Sona xanım öz şeirlərinin içindəki körpə səsinin ortasında dayanır. Hərdən o səslərə qoşulub vətəndən vətənə - Ərdəbiləcən gedə bilir.

Sona xanımın poeziyasının Kariolis qüvvəsi çox güclüdür. Saxta olan hər şeyi kənara tullayır. Saxta təbəssümlər ona yapışmır. Şeirlərin əksəriyyəti müsbət enerjiyə kodlaşıb. Ümidsiz şeirləri yox səviyyəsindədir. Oxucuya ümid verə bilir. Kitabda bioloji dildə yazılmış şeir yoxdur. Bütün şeirlər ruh dili ilə, özünəməxsus tərzdə, körpə səsi ilə verilib. Tanrı, dünya və insan haqqında yazılmış şeirlərin çoxunda eşitmə tezliyi oxucuların eşitmə tezliyi ilə üst-üstə düşür. Mən arzu edirəm ki, Sona xanım içində qoruyub saxladığı, bəslədiyi körpəni heç vaxt böyütməsin. Çünki Azərbaycan qadın poeziyasının o körpənin səsinə ehtiyacı var.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!