Sartr və Kamünün Hacıbəylilərə məktubu
Vüsalə İsmətqızının "Report.az." saytında dərc olunan (20 noyabr 2018-ci il) "Paskal Hacıbəyli Büşe: "Ceyhun bəy mühacir həyatını çətin yaşayırdı" adlı məqaləsini böyük maraqla oxudum. Oradakı bir məqam diqqətimi xüsusilə çəkdi. Ceyhun Hacıbəylinin gəlini, Timuçin Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbəyli Büşe (Pascale Hadjibeyli Buchet) həyat yoldaşı haqqında danışarkən deyir: "İlk tanışlıqda insanda Timuçinin fransız olduğu təəssüratı yaranırdı. Çünki fransızca ana dili kimi danışır, fransız mədəniyyəti ilə yaxından tanış idi. Bir sözlə, o, fransız idi. Hətta Timuçin qeyri-adi bir fransız idi. Yüksək dünyagörüşə malik olmaqla yanaşı, o, fransız ədəbiyyatını, incəsənətini, musiqisini, kinosunu, teatrını çox sevirdi. Parisdə İncəsənət Akademiyasının Heykəltəraşlıq fakültəsini bitirmişdi, Fransanın dünya şöhrətli heykəltəraşı Buşarın (Bouchard) tələbəsi olmuşdu, həmçinin, Nöyi-Sür-Sen (Neuilly-sur-Seine) şəhərindəki Pastör (Pasteur) liseyində təhsil aldığı zaman böyük filosof Jan-Pol Sartrdan (Jean-Paul Sartre) da dərs almışdı. Sonradan onlar dosta çevrildilər. Mən bu gün də Sartrın Timuçin haqqında yazdığı məktubunu qoruyub saxlayıram. Fransanın bu tanınmış filosofu Timuçinin xətrini olduqca çox istəyirdi. Məktubda o, Timuçinin keyfiyyətlərindən danışır". Görkəmli yazıçı, istiqlal mücahidi Ceyhun Hacıbəylinin oğlu Timuçin Hacıbəyli haqqında hələ ötən əsrin 90-cı illərindən - "Vətən" Cəmiyyətində işlədiyim vaxtlardan kifayət qədər məlumatım olsa da, onun XX əsr fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri, 1964-cü il ədəbiyyat üzrə Nobel mükafatına ("zəmanəmizə mühüm təsir göstərən ideyalarla zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə") layiq görülsə də, bundan imtina edən Jan-Pol Sartrla dost olması, onunla məktublaşması faktı mənim üçün təzə idi. "Vətən" Cəmiyyətinin sədri işləyərkən xalq yazıçısı Elçinin Timuçin Hacıbəyli ilə Parisdə görüşdüyünü, sonralar da onunla əlaqə saxladığını və məktublaşdığını bilirdim. Elçin müəllim "Report.az." saytının məlumatının çox maraqlı olduğunu, böyük əhəmiyyət daşıdığını və həmin məktubların əldə olunmasını tövsiyə etdikdən sonra Paskal Hacıbəyli Büşenin ünvanını almaq məqsədilə Vüsalə İsmətqızına məktub ünvanladım. Vüsalə xanımın cavabı gecikmədi, o, Paskal Hacıbəylinin ünvanını göndərdi, eyni zamanda yazdı ki, yaxın vaxtlarda Timuçin Hacıbəylinin xatirələri çap olunacaq və o məktub da həmin kitabda yer alacaq. Bu xəbər məni xeyli sevindirdi, bununla belə, xanım Paskala ünvanladığım məktubda aşağıdakıları da qeyd etdim: "Mən Ceyhun bəyin tədqiqatçısıyam. Onun haqqında namizədlik dissertasiyası yazmış, doktorluq dissertasiyamda da geniş bəhs etmişəm. C.Hacıbəylinin seçilmiş əsərlərini, o cümlədən fransız dilində qələmə aldığı "Bir il xəyallarda və bütöv bir ömür" (tərcüməçi Mirzəbala Əmrahovdur) adlı memuarını nəşrə hazırlamışam və həmin kitabı bizim Elmlər Akademiyası nəşr etdirmişdir. Ümumiyyətlə isə mətbuatda C.Hacıbəyli ilə bağlı 100-dən çox məqaləm dərc olunmuşdur. Bunları deməkdə məqsədim Hacıbəyli familiyasına olan böyük marağımın təsadüfi olmadığını bildirməkdir və bütün bunlardan sonra sizdən xahiş edirəm ki, əgər mümkünsə, yuxarıda adı çəkilən məktubun surətini mənə göndərəsiniz. Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm. Vüsalə xanım mənə yazmışdı ki, siz Timuçin Hacıbəyli ilə bağlı xatirə kitabı nəşr etdirəcəksiniz. Bu çox əladır! Sizi bu münasibətlə təbrik edir, təşəkkür edirəm. Şadam ki, Timuçin bəy haqqında kitab nəşr etdirirsiniz. İnanıram ki, bu əsər böyük Hacıbəylilər nəslinin Parislə bağlı həyatının daha yaxından tanıdılmasına qiymətli hədiyyə, mötəbər mənbə olacaqdır".
Çox çəkmədi Parisdən - xanım Paskaldan məktub aldım. O yazırdı: "Sizin rəğbətli məktubunuza və Hacıbəylilər ailəsinə göstərdiyiniz marağa görə təşəkkür edirəm. Ərim Timuçin Hacıbəylinin, Ceyhun Bəy Hacıbəylinin oğlunun "Xatirələr"ini ilk öncə fransız dilində nəşr etdirmək layihəmiz vardır. Şübhəsiz ki, o, atası, anası və qardaşı barədə danışır. İstəyirəm ora illüstrasiyalar, ailə və digər fotoşəkillər, o cümlədən Jan-Pol Sartrın Timuçinə ünvanladığı məktubu da əlavə edim, madam ki, tam bir başlıq Timuçinin fəlsəfə müəllimi olmuş Jan-Pol Sartra həsr olunur. Buna görə də başa düşəcəksiniz ki, bir neçə aydan sonra nəşr olunub, sizinçün də əlçatan olacaq bu memuarlara görə hələ bu məktubu özümdə saxlamalıyam. Sizi bu barədə məlumatda saxlayacam".
Bu məktubdan bir müddət sonra xanım Paskal oğlu ilə birlikdə Bakıda qonaq olur, təəssüf ki, həmin vaxt biz onunla görüşə bilmədik. Parisə qayıtdıqdan sonra xanım Paskaldan bir məktub da aldım. O yazırdı: "Ötən həftə Bakıda olanda sizinlə əlaqə saxlaya bilmədiyim üçün məni bağışlamağınızı xahiş edirəm. Bakıya çatan kimi, sıx və bəzi dəyişikliklərə məruz qalan bir proqramla hərəkət etməli olduq. Bizi qəbul edən tərəfə bildirmişdim ki, sizinlə görüşmək niyyətim var, onlar da sizin iştirakınızla bir şam yeməyi təşkil etməli idilər. Bir az planların dəyişdiyi səbəbdən, hadisələrin gedişi də dəyişdi. Buna çox təəssüf edirəm, neyləyək, belə alındı.
Mən və oğlum Benjamin xeyli müasirləşmiş, eyni zamanda öz simasını qoruyub saxlamış gözəl Bakını görməkdən xeyli məmnun olduq. Biz, tələsik də olsa, Üzeyirin muzeyinə baş çəkdik və kifayət qədər Musiqi Akademiyasında olduq, bizi ora maraqlı proqramdan ibarət axşam konsertinə dəvət etmişdilər".
Bu günlərdə isə xanım Paskaldan daha bir məktub aldım. O, Jan-Pol Sartrın Ceyhun Hacıbəyliyə məktubundan əlavə, fransız yazıçısı və filosofu, ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi, sağlığında "Qərbin vicdanı" adlandırılan ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957) Alber Kamünün də Timuçin bəyə yazdığı məktubu ünvanıma göndərmişdi. Hacıbəylilər nəsli, xüsusilə Ceyhun Hacıbəylinin oğlu Timuçin bəy, onun həyatı, fəaliyyəti ilə bağlı məlumatları daha da zənginləşdirəcəyini nəzərə alaraq məktubları oxucuların diqqətinə təqdim edir və həmin məktublar da daxil olmaqla, xanım Paskalla yazışmalarımı təmənnasız, böyük məmnuniyyətlə tərcümə etdiyinə görə istedadlı, peşəkar tərcüməçi Mirzəbala Əmrahova minnətdarlığımı bildirirəm.
Cənab HACIBƏYLİYƏ
Paris 7, Bak küçəsi, 77
Hörmətli cənab,
Mən birisi gün İngiltərəyə yola düşürəm və ayın sonunadək Parisdə olmayacağam. Həqiqətən mən Jan-Pol Sartra demişdim ki, "La FRANÇAİSE" həftəlik qəzeti sizə iş verə bilər, lakin mənə elə gəlir ki, hal-hazırda nəsə alınmır. İstəsəniz, Kombaya, cənab J.P.VİVEnin yanına gedib, ondan "La FRANÇAİSE"lə məsələnin nə yerdə olduğunu soruşa bilərsiniz. Sizə hələ lazımi kömək edə bilmədiyimdən təəssüf hissi keçirirəm, doğrudan da, bu həmişə asan alınmır. Qayıdan kimi bu istiqamətdə digər addımlar atacağam. Görüşənədək, ən səmimi salamlarımı qəbul etməyinizi xahiş edirəm.
Alber KAMÜ
Paris, 6 yanvar 1946-cı il
Əzizim HACIBƏYLİ
Alman dilində nəşr olunmuş əsərim barədə danışmaq niyyətinizi mənə ünvanladığınız üçün xüsusən şad oldum. Düşünürəm ki, məni uzun müddətdən bəri, yaxşı tanıdığınız üçün fikirləri dinləyicilərə izah etməyi çox başqalarından siz daha yaxşı bacararsınız. Təhsiliniz, savadınız və intellektiniz isə sizə əcnəbi düşüncələri daha dəqiq və daha aydın ifadə etmək üstünlüyü verir.
Jan-Pol SARTR
25 noyabr
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!