Ədəbi esselər
***
Şaxta bizi yenə də aldatmağa çalışır. Bizi inandırmağa çalışır ki, o bizim babamızdır.
***
Qarşımızda mətn var. Onu oxumağa tələsmirik, amma unuda da bilmirik. Əməliyyat masasına uzanmış xəstə kimi mətn də ürkək-ürkək öz cərrahına - tənqidçiyə baxır. Tənqidçi məhz belə məqamda dönüb şirü-pələng olur.
***
Başqa Azərbaycan da var. Bunu Niyazi Mehdi deyir. Sabirin, Mirzə Cəlilin Azərbaycanı və Əhməd Ağaoğlunun, Ə.Hüseynzadənin, Cavidin Azərbaycanı ayrı-ayrılıqda məlum və naməlumlar üzərində qurulur.
Amma, məncə, bir Azərbaycan var. Sabirin məlum Azərbaycandakı fəhləsi H.Z.Tağıyevin naməlum Azərbaycandakı zavodunda çalışır.
Başqa Azərbaycan həmişə məlum Azərbaycanın içindədir. Çox cazibədar olardı ki, biz bu Azərbaycanları paralel dünyalar kimi qəbul edək. Amma alınmır. Onların bir-birilə kəsişən, bir-birinin daxilində varolma məqamları mövcuddur. Başqa Azərbaycan məlum Azərbaycanın içindədir.
Haqverdiyevin darıxan adamları və Mirzə Səfərləri, Mirzə Cəlilin kefli İskəndərləri, Nəcəf bəyin Fəxrəddinləri Novruzəlilərin, Haqq Mövcudların, hətta Hacı Kamyabların yanındadır. Kərbəlayı Zal da uzaqda deyil, burdadı.
Və tarixin toranlığında güclə sezilən Cavidin Səyavuşları, Arifləri, Şeydaları...
Və Dədə Qorqudun qələmə aldığı Beyrəklər, Aruzlar, Şirşəmsəddinlər...
Və Sabirin əkinçiləri, fəhlələri, tacirləri, qareləri...
Və biz!
Başqa Azərbaycanla məlum Azərbaycanı bir yerdə görmək istəyən bizlər!..
Azərbaycan iki yerə - "məlum" və "başqa" deyə iki yerə bölunsə, bu bölgünün qarşısını almaq mümkün olmayacaq, bölgü sonsuza qədər uzanacaq.
***
Səhvlərimizin qrammatikasını "zülm çəkmədən" qurmaq olar. Bu qrammatika bizə doğru-düzgün yazmağı yox (dilimizin qrammatikası kimi), doğru-düzgün həyat tərzinin seçimini öyrədir.
***
Bəzən deyirlər ki, mənim son romanımda ("Unutmağa kimsə yox...") hər şey var, amma özünə ironiya yoxdur. Bunu Tehran Əlişanoğlu demişdi. Onun həssas və dərin düşüncə tərzinə inamım böyükdür, amma yenə də bununla razılaşmaq mənə çətin gəlir. İzah edim niyə. Əsərin bütün toxumalarına səpələnmiş saysız-hesabsız mötərizələr var. Bax, ən azından onlar əsl ironiya məqamlarıdır. Hətta onlar çoxplanlıdılar və onları qruplaşdırmaq belə mümkündür. Bu, a) müəllifə, yəni özümə yönəli ironiyadır; b) o biri mötərizəyə yönəli ironiyadır; c) oxucuya yönəli ironiyadır; d) personaja yönəli ironiyadır; e) təsvirə yönəli ironiyadır...
Amma bunun özü də hələ o demək deyil ki, mən bu romanda hər şeyə nail olmuşam. Əslində, bu roman, Folkneri yada salsaq, mənim ən böyük və ən gözəl məğlubiyyətimdir.
***
"Deyəsən" kimi modal sözlər cümlənin ciddi farağat durmuş qədd-qamətinə bir plastika gətirir, onu "yumşaldır". Belə desək yeri var: cümlənin quluncunu sındırır. Ona görə də yazıçılar bu kimi sözlərdən tez-tez istifadə edirlər. Mətn bütövlükdə oxucu duyumuna daha yaxın olur. Amma elə mətnlər də olur ki, bu sözləri onlara daxil etmək imkansızdır, çünki qədim dövrün canlandırılması müəllif duyğularından asılı olmamalıdır. Psixoloji durumu ondan maksimal uzaqlıqda durub cızmaq, rəsmini uzaq məsafədən çəkmək vacibdir.
***
"Səhvlərimizin qrammatikası"ndan:
Bizim bir sıra bəlalara dücar olmağımız hansısa məsələləri bilməməyimizdən deyil, əksinə, çox yaxşı bilməyimizi güman etməyimizdən qaynaqlanır.
***
Mən özüm də çox zaman belə demişəm: "Kitab çox oxuyun, ağıllı olarsınız".
Kitab az oxuyanlar guya ağıllı olmurlar. Yanlış fikirdir. Savadlı - hə, olmurlar. Amma mən o qədər adam görmüşəm ki, çoxlu kitab oxumayıb - ağıllıdır, hətta bircə kitab oxuyub, yenə də ağıllıdır, həddən artıq hiyləgərdir, həyatı içindən tanıyır və çoxlu kitab oxuyanlara həyat "dərsi" verər.
Bəs çox kitab oxumaqla biz nəyə nail oluruq? İlk növbədə - vicdanımız olur, özümüzü daha yaxşı tanıyırıq və həyatımızı ağ-qara televizordan rəngliyə keçiririk.
Vicdanımız olursa, deməli, yaşamın əsas meyarı günah hissimiz var. Özümüzü daha yaxşı tanıyırıqsa, hərəkətlərimizə obyektiv qiymət verə bilirik. Və ağ-qara televizordan rəngliyə keçiriksə, həyatımız daha gözəl və maraqlı olur.
***
"Səhvlərimizin qrammatikası"ndan:
İnanmıram, qar indi - şaxtanın bu oğlan çağında yağa. Yağsa-yağsa yazda yağa bilər. Əlbəttə ki, "iki üstəgəl ikilər" həmişə dörd eləmir. Dildə inversiya (tərsinə düzülüş) olursa, həyatda da inversiya niyə baş verməsin?!
***
Kitabxanalarımızın tarixi, mədrəsələrimizin tarixi, mollaxanalarımızın tarixi bütövlükdə mənəviyyatımızın tarixini öyrənməyə gətirib çıxara bilər. Amma bununla yanaşı, bir tarixin də öyrənilməsi zəruridir. Onun öyrənilməsi bütün yuxarıda sadalananları daha dərindən, daha çoxcəhətli görməyə imkan verərdi: bu da mənəviyyatsızlığın tarixidir.
***
İntellektual nəsr nə deməkdir? Əslində, hər bir yazıçını intellektual nəsrin nümayəndəsi saymaq olar. Əlbəttə ki, söhbət oxucunu düşündürən nəsrdən gedir. Əgər oxucu hansısa yazıçının əsərindəki cümləni ancaq işləndiyi kontekstdə deyil, başqa bir müstəvidə də araşdırırsa, yəni həmin cümləni, deyimi, sözü, metaforanı başqa yerdə də axtarırsa, o əsər intellektual əsərdir. Əgər hansısa nəsr əsəri oxucunu labirintlərlə - gizli, ya açıq şəkildə - dünya ədəbiyyatının hansısa bir adına, məsələn, Bulqakova, Ekoya, Borxesə və digər görkəmli şəxslərin yaradıcılığına apara bilirsə, təbii ki, bu, intellektual nəsrdir. Nəsr yalnız öz cümləsindən ibarət olmayıb, digər müstəvilərə də tuşlanan istiqamət verirsə, dediyimiz kateqoriyaya aiddir. Bir yazıçı kimin üçünsə intellektual nəsrin nümayəndəsi ola bilər, digəri üçün yox. Hər bir nəsrin öz intellektuallıq çəkisi var. O, diletant söhbətidir ki, filankəsin nəsri bütövlükdə intellektualdır, digərinin nəsri yox. Belə deyil. Birində az ola bilər, o birində çox. Əgər belə düşüncə tərzi sənə yaddırsa, istəyirsən, yüz il ingilis, yaxud fransız ədəbiyyatı ilə məşğul ol, yenə də provinsial diletantlığının içində qalacaqsan.
***
Professional yazıçı anlayışı çox az istisna ilə dünyaya tanış deyil. Hər kəs əlavə nə iləsə məşğuldur. Ən professionalı da hansısa universitet auditoriyasından çıxmır. Bu anlayış sovet dövrünün məhsuludur. Biz isə...
Biz isə hələ də köhnə dövrü söyə-söyə o dövrün anlayışları ilə yaşamağa davam edirik. Biz hələ də miflərin buxovundayıq. Biz hələ də Kopernik kimi düşünüb Ptolemey kimi danışırıq: "günəş çıxdı, günəş batdı" deyirik. Günəş isə nə çıxır, nə də batır. Yer kürəsi özü günəşin ətrafına fırlanır. Biz hələ də Babəkə ulu babamız deyirik və eyni zamanda müsəlman dininə, dəyərlərinə sitayiş edirik. Biz hələ də Koroğlunun nəvələriyik və eyni zamanda özümüz üçün bizi xanlara, bəylərə aparan şəcərələr düzəldirik. Halbuki, Koroğlu, əslində, dövlətçiliyə - öz xanına (nə qədər pis olsa da) qarşı çıxan bir asidir. Şah İsmayılı büt edirik və türkçülüyümüzü öyürük. Sabiri də sevirik, Cavidi də. Və bütün bunlar eyni zamanda! Bunlar isə eyni zamanda ola bilməzlər. "Ya" - "ya" ilə düzənləyəcəksən bu əkslikləri. Həm o dövrü söyürük, həm də onun prinsipləri ilə yaşayırıq. Təhtəlşüurumuzdakı bu əksliklər bizim hərəkətlərimizi özü bildiyi kimi tənzimləyir, daha doğrusu, buxovlayır və bizdəki, düşünürəm ki, özünü hər atdığımız addımda göstərən eklektizmin bir kökü də bundadır.
***
Yuxularımızın qəhrəmanı bəzən biz özümüz oluruq. Süjetlər mürəkkəb və sadə ola bilir. Biz yuxumuzdakı bütün adamları aydın və yaxud dumanlı şəkildə görürük. Birindən başqa. Bu "biri" bizim özümüzdür. Biz o yuxumuzda məhz özümüzü görmürük, tanımrıq. Amma duyuruq: bu mənəm. Görmədiyim "mən"i necə hiss etmək olar? Və ümumiyyətlə, olarmı?! Olarmış. Yuxularımın qəhrəmanı cildə girmiş "mən" deyiləm. Yuxularımın qəhrəmanı mənim gözəgörünməz ruhumdur.
Ruhla təmas bu şəkildə yuxuda baş verir. Və əgər bizim ona hansısa suallarımız varsa, onları yuxuda verməliyik. Yəqin, o da təsadüfi deyil ki, yuxudakı "mən"lə o "məni" duyan "mən" arasında həmişə keçilməz bir maneə olur. Bu maneəni də hiss etməmək mümkün deyil.
***
Bu dolaşıq dünyada hələ bir dolaşıq əsər yazmaq, nə qədər qəribə olsa da, sadəliyə gətirən kəsə yollardan biridir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!