Böyük istiqlal yolçusu... - Bədirxan ƏHMƏDLİ yazır

Milli qurtuluş hərəkatının ideoloqu, publisist, redaktor, Azərbaycan dövlətçiliyinin qurucusu, siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) xalqın ictimai, siyasi, elmi, ədəbi, kulturoloji dünyagörüşünün formalaşmasında və təşəkkülündə misilsiz xidmətləri olub. Müstəqillik ideyasının Cümhuriyyətin süqutundan sonra belə yaşamasında son nəfəsinə qədər mücadilə aparmışdır. AC-nin baş memarı olması onun milli düşüncə orbitindəki yerini müəyyən edir. İctimai-siyasi, ədəbi-mədəni irsinə daxil olan yüzlərlə məqalələri, əsərləri, tədqiqatları, çıxışları bir şəxsiyyət, dövlət və siyasət adamı, devrimçi, mütəfəkkir, mühərrir, şair, ədib, natiq obrazını bütünlüklə əhatə edir. Lakin o, yalnız bir siyasət adamı olmamış, şair, nasir, tənqidçi, nəzəriyyəçi, redaktor, publisist, araşdırmaçı, filosof, mədəniyyətşünas olaraq da geniş diapazonlu fəaliyyət göstərib.

Azərbaycanda çar rejiminə qarşı gizli mübarizə aparmaq məqsədilə ilk siyasi təşkilatını - "Müsəlman gənclik təşkilatı"nı yaradıb (1902). Bir qədər sonra bu təşkilat "Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə fəaliyyət göstərib. Ədəbi-publisistik yaradıcılığa da bu illərdə "Şərqi-Rus" qəzetində məqalə və şeirlərlə başlayıb. "Bakıdan məktub" başlıqlı ilk yazısını bütün yaradıcılığının çıxış nöqtəsi hesab edərək yazırdı: "Bakıda 1903-cü ilin baharı idi. Qala dibi parkının xiyabanında dolaşan gənclərlə bir yerdə idim. Hamısı rusca danışırdı. Ana dili olan türkcə yerinə, pozuq da olsa ruscaya üstünlük verirdilər. Bu mövzu ilə bağlı rusca danışanları tənqid edən bir məqalə yazdım və Tiflisdə çıxan "Şərqi-Rus" qəzetinə göndərdim.

Mövzunun qəzetin adına və qayəsinə uyğun olmadığını düşünmədən günlərcə Tiflis poemasını gözlədim. Bu yazının "Bakıdan məktub" başlığı ilə basıldığını görüncə, duyduğum sevinci deyə bilmərəm. Bu sevinci ilk yazısı çap olunanlar yaxşı  bilirlər.

Bu günə qədər davam edən mücadilələrimin başlanğıcı və çıxış nöqtəsi bu məqalə olmuşdur. Etiraf edirəm ki, başlanğıcda milliyyətçi olmaqdan çox, hürriyyətçi idim".

Bundan sonra M.Ə.Rəsulzadənin müxtəlif mətbuat orqanlarında məqalə və şeirləri dərc olunmağa başlayır. Məqalələrində Rusiyanın ruslaşdırma və müstəmləkəçilik siyasətinə qarşı çıxırdı.

M.Ə.Rəsulzadə gənclik illərində bədii yaradıcılıqla da məşğul olur, milli, istiqlalçı düşüncələrini müxtəlif bədii formalarda ifadə etməyə çalışırdı. "Qaranlıqda işıqlar" (1908) və "Nagəhan bəla" (1908) pyeslərinin ana xəttində də bu məsələlər dururdu. "Qaranlıqda işıqlar" əsərində Rusiyanın "parçala və hökm sür" siyasətini tənqid edirdi. Lakin cəmi üçüncü məqaləsinin sonunda "Elm tərifində deyilibdir" başlıqlı "Müxəmməs" şeirini dərc etdirməsinin özü də göstərir ki, əsrin əvvəllərində ədəbi proses onu da cəlb etmiş, xüsusilə poetik yaradıcılığa üstünlük vermişdir. "Şərqi-Rus" qəzetində (1903, 18 may) "Məhəmməd Əmin Rəsulzadə" imzası ilə dərc olunan "Müxəmməs" şeiri müəllifinin klassik poetik ənənənin davamçısı olduğunu göstərir. Görünür, on doqquz yaşlı gənc hələ özünün poetik yolunu müəyyənləşdirməmiş və buna görə də ənənəvi yolla getmişdir:

Aç qulağın bir eşit bu sözlərin ey bül füzul,

Elmə raib olgilən qafildilər küllən cühul.

Hər nə var dünyada bil ki, elmilən olmuş hüsul,

Fəsli elmi bilgilən şərilə olmuşdur qəbul,

Olmasın qafil xəlayiq eyləyib Quran nüzul.

Gənc şairin elmə rəğbət göstərməsinin müəyyən əsasları vardı, çünki bu elə bir zaman idi ki, elm, maarif, təhsil cəmiyyətin əsas problemlərindən idi. "M.Ə.Rəsulzadə" imzasıyla dərc olunan ikinci "Növhə" ("Dəvət" (1906, 20 iyul) şeirində isə şair başqa bir problemə toxunur. Əsrin əvvəllərində çar hökumətinin milli azadlıqlarına qovuşmaması üçün ayrı-ayrı xalqları bir-birinin üzərinə salışdırması mətbuatda bu və ya digər dərəcədə açıq, ya üstüörtülü şəkildə deyilirdi. Şair burada xalqlar arasında fitnə-fəsad salanları adı ilə göstərir və bu qonşu xalqların ta qədimdən mehrlə dolandığını ifadə edir:         

Tökülmüş bu qədər qanlar,

Deyilmi bəs, bu qurbanlar?

Nə vəhşilikdir ixvanlar,

Tələf əmlak olur, canlar

Olub divanə insanlar,

Amandır, dada yet, Rəbbi!

"Həsbi-hal" şeirində mövcud ictimai vəziyyətin poetik dərki verilir. Lakin şeirdə şəxsi kədər olsa da, millətin, xalqın taleyinə, mühitin problemlərinə acıma açıq şəkildə hiss olunur:

Qaranlıqdır bana dünya,

Bütün dünya və mafiha

Diyorlar cümləsi güya:

Çəkil bir yanə, sakitləş!

      

Təhəmmül, səbr mümkünmü?

Həyatə cəbr mümkünmü?

Zəvali-qəhr mümkünmü?

Çəkil bir yanə, sakitləş!

Şairin lirik məni bu vəziyyətlə heç cür barışa bilmir, "bu şücaət meydanından" çəkilməyəcəyini qətiyyətlə bildirir:

Çəkilməm, ey hərifan, bən

Bu meydani şücaətdən!

Bütün dünya bana derkən:

"Çəkil bir yana, sakitləş!".

M.Ə.Rəsulzadənin "Təsəvvürati-əhraranə"(1907), "Məzaliyyət içində mübhəmiyyət" - (Zülm içində anlaşılmazlıq - B.Ə.) (1907), "Saillərə" (1908), "Hürriyyət" (1909), "İsmayıl Qasprınskiyə" (1911), "Mayıs duyğuları" (1955) və s. şeirlərində şair yeni formalardan istifadə edir. Ümumiyyətlə, M.Ə.Rəsulzadənin ciddi, publisistik, problematik məqalələrlə yanaşı, şeirlər də yazması, hər şeydən əvvəl, mənəvi ehtiyacdan, özünü poetik formada ifadə etmək zərurətindən irəli gəlirdi. Maraqlıdır ki, M.Ə.Rəsulzadənin "Füyuzat"da dərc olunan şeirləri ideya, mövzu və üslub cəhətdən digər şeirlərindən fərqlənir. "Həsbi-hal" kimi "Füyuzat"da çıxan "Təsəvvürati-əhraranə" şeiri də mühitin, dövrün xarakterini təsvir və azadlıq ideyalarını təlqin edir. Onun fikrincə, azadlığa çatmaq bütün xalqların, dünyanın haqqıdır. Azadlıq mövzusu onun "İsmayıl Qasprınskiyə" şeirində də başlıca yer tutur. "Tərcüman" redaktoruna müraciət formasında yazılan şeirdə İ.Qasprınski böyük türk dünyasının ziyalısı və onu oyadan ziyalı olaraq təsvir edilir:

Ey ulu türk! Sən Krımın

Qanlarıyla yoğrulmuş,

Vəhşilərə əsir olmuş,

Zalim taxtlar qurulmuş,

Şərəfləri unudulmuş bir torpağı üstündə...

Onun səni qan ağladan

Qara bəxti önündə

Fəlakətli millətinə:

"Oyan", - deyə hayqırdın.

Mühacirət illərində M.Ə.Rəsulzadə poetik formaya çox az-az hallarda müraciət etmişdir. "Nizami" və "Mayıs duyğuları" bu şeirlərdəndir. Mühacirətdə  Azərbaycan şairi Nizamini və Azərbaycanın siyasi həyatında önəmli rolu olan Mayısı xatırlaması onun ömrünün sonuna qədər milli azadlıq ideyasının qoruyucusu olduğunu göstərir.  "Mayıs duyğuları"ında şair o gözəl günləri xatırlayır, xalqın min bir əzabla qazandığı istiqlalın əsarətə çevrilməsindən danışılır, lakin şairin lirik məni xalqın bir gün yenidən istiqlala "erəcəyini" qəti əminliklə söyləyir və oxucunu da buna inandırır:

Derkən qopdu bir qasırğa quzeydən,

Baharımız heyhat döndü qış oldu.

Azərbaycan Moskovların əlində

Əsarətin zəhrini dadmış oldu.

 

Azərilər sarsıldı bu zərbədən,

İstilaya qarşı üsyanlar oldu.

İstiqlalı bir kərə dadmış millət,

"Hüriyyət" fikrinə candan vuruldu.

 

Tarixin yenə gözəl bir çağında,

Qaranlıq qış keçib bahar gələcək.

Hər hankı bir yılın aydın günündə,

Azərbaycan istiqlalə erəcək.

M.Ə.Rəsulzadə ədəbi yaradıcılığında epizodik də olsa bədii nəsr formasına müraciət etmiş və "Bəbir xan" (1913), "Qəzetəçi Seyyid" (1926) hekayələrini yazmışdır. Birinci hekayədə keçmiş dəbdəbə ilə yaşayan Nəsrəddin şah sarayına məxsus gərdunənin hər gün Tehran küçələrindən keçərkən yollarda hərəkət durdurulur, əmrə tabe olmayanlar isə cəzalandırılırdı. Bu o qədər təkrarlanır ki, insanlar hər dəfə gərdunə küçədən keçəndə insanlar bir-birinə "Bəbir xan gəlir" deyə xəbərdarlıq edirdi. Beləliklə,  xalqın yaddaşında "Bəbir xan" şah yanında böyük hörmətə malik bir zat kimi tanınır. Lakin bir gün Bəbir xanın vəfatı xəbəri çıxır. Onun vəfatı böyük üzüntü ilə qarşılanır; hər yer bağlanır, xalq "matəmə qərq"  olur. Dəfn mərasimi isə icra olunmur, ona görə ki, Bəbir xan insan deyil, şahın pişiyinin adı imiş. Şahın öz pişiyini xalq arasında bu qədər əzazilcəsinə tanıtmaqla, əslində, öz qüdrətini göstərmək məqsədi güdürdü. Ədəbiyyatşünas V.Sultanlı  "Bəbir xan" hekayəsini "təsvir olunan hadisənin gərginliyi və gözlənilməz sonluğu etibarilə novella janrının tələblərinə cavab" verdiyini qeyd edir.

"Qəzetəçi Seyyid" ("Yeni Qafqaziya") hekayəsində isə Seyyidin vətənpərvər obrazını yarada bilmişdir. Azərbaycan istiqlalını can-dildən sevən və alqışlayan, lakin bolşeviklər tərəfindən məhz bu sevgisinə görə məhv edilən vətənpərvərlər Seyyid obrazında ümumiləşdirilmişdir.

M.Ə.Rəsulzadə yaradıcılığında publisistika başlıca yerlərdən birini tutur. Belə ki, o, həm peşəkar siyasətçi olana qədər, həm də ondan sonra bu janra axıra kimi sadiq qalmış, ictimai-siyasi fikirlərini ifadə etməyə çalışmışdır. Bu yazılar janrına, forma və məzmununa görə bir-birindən fərqlənmişdir. Məqalə, siyasi düşüncələr, memuarlar, ədəbi, tarixi, siyasi icmallar və s. onun publisistikasının əsas  janrlarını təşkil edir. Stalinin ölümündən az sonra çap olunan memuar janrında yazdığı "Stalinlə ixtilal xatirələri" əsərində vaxtilə münasibətləri olduğu otuz il Sovet hakimiyyətinə rəhbərlik etmiş avtoritar şəxsin bəzi xarakterik cizgilərini açmağa müvəffəq olur. XX əsrin əvvəllərində Bakıda ilk ictimai-siyasi fəaliyyətləri, Cümhuriyyətin süqutundan sonra müəllifi Bakıda həbsdən azad edərək özü ilə Moskvaya aparması və Moskva dövrünü əhatə edən xatirədə M.Ə.Rəsulzadə faktlar əsasında Stalinin real cizgilərini yarada bilir. Lakin burada əsas məqsəd Stalinin obrazını yaratmaqdan çox, Cümhuriyyətdən sonrakı dövrdə xalqın necə bir quruluşda yaşaması, onun rəhbərinin xarakterini açmaqdan ibarət olmuşdur. Əsərdə verilən bir parça Stalinin xalqa verdikləri vədlə real həyatın nə qədər fərqləndiyini göz önünə gətirir:

"Salon-vaqonda yemək süfrəsi başında ikən qatarımız qələbəlik bir stansiyada dayandı; burada bir az gözləyəcəkdi. Stalin Məhəmməd Əliyə pərdələri endir dedi. Məhəmməd Əli:

- Yoldaş Stalin, bu niyə? - deyə soruşdu.

- Bayırdakılar masamızı görməsinlər, - dedi.

- Görürlər görsünlər, nə olar ki?..

- Qulaq asın, necə yəni nə olar, səfalət və məhrumiyyət içində yaşayan bir xalq bizim bolluq içində olduğumuzu görsə inqilab olar, bilmirsən?".

M.Ə.Rəsulzadə XX əsrin əvvəllərində ictimai-siyasi proseslərdəki problemlərə də öz münasibətini bildirmiş və xalqın, millətin siyasi yolu, onu gözləyən hadisələr haqqında  mövcud durumdan çıxara bilən aydın konsepsiyaya malik olmuşdur. Türk dünyasını yeni bir mərhələyə çıxaran və üzü M.F.Axundzadədən üzü bəri C.Əfqani, Ə.Süavi, H.Zərdabi, Ə.Hüseynzadə, Z.Göyalp tərəfindən uzun bir inkişaf yolu keçib "Türkləşmək, islamlaşmaq, müasirləşmək" tezisi M.Ə.Rəsulzadənin fikirlərində bir qədər də möhkəmlənir və vətəndaşlıq hüququ qazanır. "Milliyyət, beynəlmiləliyyət, əsriyyət", "dil, din, zaman" formasında ifadəsini tapan bu fikir sonralar "türkləşmək, islamlaşmaq, müasirləşmək" şəklində daşlaşır."Açıq söz" (1915) başlığına çıxardığı həmin tezis elə qəzetin ilk sayındaca "Tutduğumuz yol" məqaləsində geniş şərhini tapır.

M.Ə.Rəsulzadə yaradıcılığında "Əsrimizin Siyavuşu" əsərinin xüsusi yeri vardır. Belə ki, Azərbaycan istiqlalı yolunda can verən şəhidlərin ruhuna ithaf etdiyi bu əsər AC-nin süqutu, Azərbaycanın mövcud vəziyyəti ilə bağlı yazılan ilk siyasi, bədii, publisistik əsərdir. Müəllifin əsərin epiqrafında türk şairi Tofik Fikrətdən gətirdiyi "Millət yoludur, haqq yoludur tutduğumuz yol, Ey haq! Yaşa, ey sevgili millət, yaşa, var ol!" misraları onun Cümhuriyyətin süqut etdiyi günlərdə belə, inamını itirmədiyini göstərir. Əsərin yazılma səbəbi də maraqlı bir tarixə söykənir; Azərbaycanı bolşevik istilasından sonra bir aya qədər Bakıda qalan M.Rəsulzadə "bir arkadaşla (A.Kazımzadə - B.Ə.) bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdı". Hadisələr və təsadüflər onları Lahıc qəsəbəsinə gətirib çıxarmışdı. Bir kəndlinin evində gizlənən M.Ə.Rəsulzadənin diqqətini bu evdəki kiçik kitabxanada olan Firdovsinin "Şahnamə" əsəri çəkir. Ev sahibindən razılıq alaraq kitabı oxuduqdan sonra "Siyavuş" hekayəsini yüksəkdən arkadaşına oxuyur və "Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Siyavuşunu yazacağam" - deyir. Hər an tutulmaq, ələ keçmək təhlükəsi yaşamasına rəğmən çox qısa bir zamanda "Əsrimizin Siyavuşu"nu yazır. Lahıcda qalmağın təhlükəli olduğunu hiss edən kimi başqa bir kəndə yer dəyişdirirlər. Sanki olacaqları görürmüş kimi əsərin üzünü təcili köçürərək bir kəndliyə əmanət edir. Ələ keçməzdən öncə özündəki nüsxəni tələf edir. Aradan üç il keçdikdən sonra İstanbulda əsərinə qovuşur. Buna qədər bu əsərə görə dostlarına üzüntüsünü bildirən M.Ə.Rəsulzadəyə "madam ki, mövzu məlumunuzdur, yenidən yazarsınız" deyə təsəlli verənlərə "1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan Əli Əhmədoğlunun (gizləndiyi zaman M.Ə.Rəsulzadənin adı - B.Ə.) əsəri ilə 1923-cü ildə İstanbulda yaşayan M.Ə.Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək" - cavabını verir.

Əsərlə bağlı müəllifin fikirləri onun məzmununu açmağa imkan verir: "Əsrimizin Siyavuşu" Türklə başlayan iki tarixin də həzin bir vaqeə və hadisənin yanğılı bir ağısıdır. Yazılan vaqeədə iştirak etmiş bir fərd sifətiylə və ətdən, qandan, sinirdən yaranmış canlı olmaqla hisslərinin təsirinə qapılmış, fəqət adıçəkilən şərtlər içərisində təsadüfən, bəlirli bir qayə güdmədən, o anda duyulan çox dərin təsiri hekayə edən bu əsərin səmimiyyəti, əlbəttə inkar olunamaz". "Əsrimizin Siyavuşu" əsəri sadə bir struktura üzərində qurulub; müəllif əvvəlcə tarixin Siyavuşuna göz gəzdirir, "Şahnamə"nin İran-Turan müharibələrinə, əsrlər uzunu axıdılan qanlara diqqət çəkir. Müəllifin fikrincə, Firdovsi Siyavuşu qanı iki millətdən olan (iranlı və turanlı) qəhrəmanlar sırasında verməklə bu iki aləmi məsud görmək, onları birləşdirmək istəyir. Müəllif yazır: "Əfrasiyab Turanı, Keykavus isə İranı mərkəzi birlikdən qaçıran qüvvədir. Söhrab ilə Keyxosrov bilavasitə əda üçün haqq bilməyən birlikçilərdir. Siyavuş isə İranınkını İrana, Turanınkını Turana vermək şərtilə orta yol tutmuş Federasyonçu, federalist bir birlikçidir. Bu xarakteriylə Siyavuş mifoloji və xəyalçı tip olsa da, İran-Turan Federasyonunun klassik bir işarətidir.

Siyavuşun siyasi hərəkət tərzi də əsrimizin siyasi ədalət idealı ilə tamam uyğundur: Turan işğalındakı İran torpaqlarını xilas edib İrana verincəyə qədər, o, düşmən və hərbçidir".

Siyavuş öz idealına sadiq qalır, onun xatirinə yurdunu da atır, atasını da tərk edir. Siyavuşun ölümü ilə barışıq nöqtəsi yox olduğundan İran ilə Turan bir-birinə qarışır.

M.Ə.Rəsulzadə əfsanədən həqiqətə, pəhləvanlıq dövründən xalq dövrünə gəlir; demokratik fikirlər dövrü olan XX əsrdə bəzən iranlıların, bəzən də turanlıların maddi və mənəvi nüfuzunda qalan Azərbaycanın yaradılışına, tarixi və bugününə diqqət çəkir: "Bir çox zaman azərbaycanlılar öz türklüklərini və türk soyundan gəldiklərini bilməyərək xalis iranlı kimi özlərini hiss etdilər. İranlı kimi  düşünüb iranlı kimi yaşadılar. Bu, o zaman idi ki, bütün Türk aləmi az-çox İran təsirində idi, o zaman idi ki, Sultan Səlim farsca şeirlər yazıb oxuyur, az qalırdı bunu rəsmi dil elan etsin".

Azərbaycanlıların özlərini tanımaları, rus istilasının faydalı tərəfləri, azərbaycanlıların Türkiyəyə müraciəti və Cümhuriyyətin qurulması   məsələlərinə də yer verilir. Türkiyənin Azərbaycanı himayəsinə alaraq Bakını qatillərdən təmizləyərək özünə verməsini böyük hadisə hesab edir. Azərbaycan Cümhuriyyətindən danışarkən müəllif Əfrasiyabın Turanın gözəl bir parçasını verməsini mənalandıraraq həqiqətən də Azərbaycanın Turanın gözəl bir parçası olduğunu bildirir və tarixlə bugünü bağlayır. Azərbaycan Cümhuriyyətinin mövcudluğunun ictimai-siyasi, iqtisadi, hərbi, təhsil, elm və texnika və s. problemlərinə toxunan M.Ə.Rəsulzadə Azərbaycanda Firdovsinin təsəvvür edə bilmədiyi bir gözəllik, qüvvət və qüdrət hasil olduğu qənaətinə gəlir. Onun fikrincə, Azərbaycan öz istiqlalını təsdiq etdiyi zaman İstanbul təntənəli mitinqlər keçirdi, Azərbaycan bayrağını Türk bayrağı ilə yanaşı qoyaraq onu qutladı və "Tanrı sənə qara gün göstərməsin" (Xalidə Ədib Adıvar - B.Ə.) dedi.

Əsərin "Cümhuriyyətin bəxtsizliyi" başlığında müəllif əsrimizin Gərsivəzləri, Siyavuşun qabaqcadan duyumu və röyası, cümhuriyyətin qatili məsələləri üzərində dayanır. Firdovsinin Siyavuşun diliylə dediyi "Bir yer gözəl və yaşıllıq olsa, hər tərəfdən istək və arzular çoxalır" fikrini Azərbaycanın bugününə şamil edir, onun sağından, solundan qara qüvvələrlə əhatə olunduğunu bildirir. Bu qüvvələr Azərbaycanda qarmaqarışıqlıq yaradır, onu rahat buraxmırdı. Birisi əlində Denikinin siyah örtüsü, digəri isə Leninin qanlı pərdəsi ilə Azərbaycanın ağ günün qara etmək istəyirdi. Gərsəvizlər qrupu artıq Siyavuşu devirmək qərarına gəlir.            

Gərsəvizlər Türkiyədəki Turançıları Azərbaycanın fikrinin ayrı olmasına, İngiltərə, Fransa, Amerika ilə əlaqəsinə, yanına gizli elçilər gəlməsinə, Turan düşməni ermənilərlə barışmasına, şiəliyi irəli verməsinə və s. yalanlarına inandırmağa nail olurlar. Nəhayət, Siyavuşun sezdiyi fəlakət yaxınlaşır, aprelin 27-də Azərbaycan Cümhuriyyəti yuxudan sərsəm halda durur, məclis toplaşır, buna "hazır olanlar" "təslim olun" ultimatunu verir, sosialistlər "O olmasın, bu olsun!" deyir. "Ömür boyu Siyavuşa isinə bilməyən bir qardaş da:

- Bizim istədiyimiz elə bu idi, - deyə hayqırdı. Birinci dəfə İranı, ikinci dəfə Turanı satmış olan qara üzlü birisi də çıxdı, üçüncü dəfə Azərbaycanı satdı.

Bir qismi isə hər zaman olduğu kimi, yenə tərəfsiz qaldı".

Hamı əsrimizin Siyavuşunu ölüm xəncərinə təslim etmişdi ki, istiqlal pərisi ("Şahnamə"də Firəngis) bir natiq donuna bürünərək deyir:

"Yalandır. Gərsəvizlərə aldanmayınız: Gərvin əlindəki dolama zəhər bulaşmış bir intiqam xəncəridir, ona inanmayınız!

Rus ordusunun hüdudumuzu keçdiyi bir vaxtda, müsəlman da olsalar, bolşeviklərin parıltılı yalanlarına uymayınız!".

Natiq Türkiyəni Azərbaycanın sığınacaq yeri adlandırır, lakin Türkiyəni qurtarmağa gedən bu qüvvənin səmimiyyətinə inanmadığını ifadə edir, oradakılara "istiqlalımızı göz bəbəyi kimi saxlamağa, hürriyyətimiz yolunda canımızı sipər etməyə" içdikləri andı xatırladır, Siyavuşumuzu aldanmış Əfrasiyabların qəzəbinə, xain Gərsəvizlərin xəbis yaradılışlı Gərvlərin xəncərinə təslim etməyək" çağırışına cavab verir. Orada olan əhali bu nitqi göz yaşlarıyla alqışlasa da məclisin əksəriyyəti tarixin gedişatına təslim olur.

Sonda müəllif  Rusiyanın hiyləsi, millətçilərin təqibi və Cümhuriyyətin qatilləri üzərində dayanır və adı müstəqil, özü Rusiyanın federativ bir hissəsi, daha doğrusu, muxtar vilayəti olan Azərbaycanın durumunu anladır. Müəllif bu işğalla barışmayaraq gələcək nəslə üz tutur: "...Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!

Sənin öhdəndə böyük bir vəzifə var.

Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki:

- Bir kərə yüksələn bayraq bir daha enməz!"

M.Ə.Rəsulzadə bir ədəbiyyat tənqidçisi də olaraq həm mühacirətdə siyasi  düşüncələrinin önə çıxması üçün ədəbi, bədii parçaların, nümunələrin roluna böyük önəm vermiş, həm də ədəbi, tənqidi məqalələr yazmışdır. Bu məqalələrdən biri "Çağdaş Azərbaycan ədəbiyyatı"nda sovetli-mühacirətli Azərbaycan bədii düşüncəsini kompleks şəkildə təhlil etmişdir. Deməliyik ki, bu məqalə həm məzmununa, həm də ədəbiyyata yanaşma metodolojisinə görə diqqəti cəlb edir. Məqalədə  mühacirətdə və sovetlərdə yazılan bədii əsərlər və ədəbi mühitdə gedən proseslər obyektiv qiymətini alır. M.Ə.Rəsulzadə Sovet Azərbaycanında gedən ədəbi prosesi diqqətlə izləyir və tamamilə başqa bir statusda, siyasi mövqedə olmasına rəğmən əsərlərə sovet tənqidçilərindən fərqli mövqedən yanaşır. C.Məmmədquluzadənin "Kamança", "Anamın kitabı", S.S.Axundovun "Laçın yuvası", H.Cavidin "Topal Teymur", "Peyğəmbər", "Uçurum", "İblis", "Səyavuş", C.Cabbarlının  "Sevil", "Od gəlini", S.Vurğunun "Vaqif", S.Rəhmanın "Vəfasız", H.Axundlunun "Kələfin ucu" və s. əsərləri yazıldığı kontekstdən  və coğrafiyadan kənarda təhlil edilərək doğru nəticəyə gəlinir. Sovet Azərbaycanındakı siyasi-ictimai proseslərdə məhəlli və milli ruhun kommunist ideologiyasına tabe etdirildiyini bildirən tənqidçi yazırdı: "Azərbaycan ədəbiyyatı indi bu şəraitdə yaşamağa məcburdur. Bu məcburiyyətlər və təzyiqlər nəticəsində ayaq üstə durmaq istəyən yazıçı, ədib və şair təsadüfi deyil ki, tarixcə bağlı olduğu islam və türk ideallarından üz çevirəcək, mədəni dünya ölçülərinə xor baxacaq və hətta 1939-cu ildən əvvəlki illərdə yazılan Sovet Azərbaycanı ədəbiyyatının əsərlərini belə rədd və inkar edəcəkdir".

M.Ə.Rəsulzadə mahacirətdə yaranan ədəbi nümunələri də təhlil edir, bu parçaların ictimai, siyasi fikrə təsirini araşdırırdı. Əli Yusifin, Gültəkinin, Almas İldırımın, Kərim Yaycılının, Sənanın yaradıcılığına geniş yer ayırırdı.

M.Ə.Rəsulzadə ölkədə və mühacirətdə, bir gün də olsa, Azərbaycan problemini başsız qoymadı, daim siyasi fəaliyyəti və publisistik, nəzəri, demokratik irsi ilə Azərbaycan mücadiləsi apardı, bu mücadilənin xalqın, millətin, ölkənin istiqlalı ilə nəticələnəcəyinə günəşin varlığı kimi inandı və inandırdı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!