“Dünyaya çıxmaq üçün əlləşən adam deyiləm...” - Yazıçı Aqil Abbasla müsahibə

 

- Aqil müəllim, 70-80-ci illər ədəbi nəslindənsiniz. O vaxt ədəbi proses necə idi? Çap məsələsində çətinliyiniz olurdumu?

- Həmin vaxtlar çap olunmaq qeyri-mümkün idi. Gərək böyük dayaqların olaydı. Arxanda nüfuzlu şair-yazıçı durmalıydı. O zaman ədəbiyyat özü də mafiya kimi idi. Mühitin içinə düşmək, çap olunmaq çətin olurdu. Amma deyim ki, o qədər də dəhşətli deyildi vəziyyət. Çətinlik olsa da, çap oluna bilirdin. Məsələn, "Ulduz" jurnalı gənclərə yer ayırırdı, yeni imzaların yazıları orda çap olunurdu. Ədəbi dərnəklər vardı, gənc yazarları bir araya yığırdı. Yeni imzalardan ibarət almanaxlar çap olunurdu. Gənc yazarların ilk kitabları nəşr edilirdi. Nüsrət Kəsəmənli, Siyavuş Sərxanlı və başqa nüfuzlu adamlar ədəbiyyata təzə gələnlərə dəstək olurdu. Sonra Əkrəm Əylisli "Azərbaycan" jurnalında baş redaktor oldu, gənclərə böyük bir meydan verdi.

- Siz ilk dəfə harda çap olundunuz?

- İlk hekayəm "Şirinlik" "Ədəbiyyat qəzeti"ndə çap olundu. Sabir Əhmədlinin ruhu şad olsun, bəyəndi və məmnuniyyətlə çap elədi.

- O dövrün çətinliklərindən danışdınız. Deyəsən, sizin də çap probleminiz olub. "Evləri köndələn yar" povestinizi deyirəm...

- Onun çapı uzun çəkdi. "Evləri köndələn yar" povestimdə Qədir Rüstəmovun obrazını yaratmışdım. Povesti 1971-ci ildə yazmışdım.

- Bildiyimə görə, povestin təməli dərs otağında atılıb... O povestin maraqlı tarixçəsi olub...

- Hə, o tarixçə belə olmuşdu... Bəxtiyar Vahabzadənin dərsində oturmuşduq. Pəncərə açıq idi, küçədə Qədirin səsini eşitdim. Dəftərə "Sona bülbüllər" haqda cızma-qara elədim. Sonra yazdığımı Bəxtiyar Vahabzadəyə verdim. O da oxudu və çox xoşuna gəldi.

- Elə bu əsərin də çapı baha başa gəlib...

- Elədi... Deməli, Bəxtiyar müəllim onu aparıb verdi "Ulduz" jurnalına. Əhməd Cəmil "Ulduz"da işləyirdi, məni yanına çağırdı, dedi ki, burda bıçaqlanma yeri var, bu, komsomola yaraşmaz, gəl bu hissəni çıxardaq. Dedim ki, bəs əsərin əsas yeri odur, onu çıxartsam, heç nə qalmaz. Nə isə, söz-söhbət getdi. O səhnəyə görə əsəri çapa vermədilər.

- Sonra nə oldu bəs?

- Yazıçı Anarla qonşu idik. O zaman heç məni tanımırdı. Bir dəfə rastlaşdıq, nə yazdığımla maraqlandı. Mən də bu povestdən danışdım. Maraqlandı, dedi, ver oxuyum. Povesti oxuyub bəyənmişdi və mənə dedi ki, bunu mütləq çap etmək lazımdı. Ona çap problemini danışdım, dedi, həll edərik. "Ulduz"a göndərdi, dedi, Yusif Səmədoğluya deyəcəm çap etsinlər. Amma yenə çap olunmadı. Mən də üstünə düşmədim. Aradan bir az vaxt keçdi, yenə Anarla rastlaşdıq. Dedi, bəs niyə povestin çap olunmadı. Dedim, xəbərim yoxdu. Bərk əsəbiləşdi. Zəng elədi redaksiyaya, onlardan bunun səbəbini soruşdu. Ardınca mənə zəng elədilər. Dedilər ki, kim sənə deyir çap olunmayacaq. Povest çap olunacaq, darıxma. Hə, beləcə, povest 10 il sonra çap olundu. Amma ondan əvvəl hekayələrim çıxmışdı. 

- "Evləri köndələn yar" sizə məşhurluq gətirdi...

- Elədi. Bilirsiniz, cavan yaşda povest yazmaq çətin idi. Hər cavan yazıçının povestini də çap etmirdilər. O povestimə görə xeyli məktub gəlirdi redaksiyaya. Poçt işçisi məktub daşımaqdan bezmişdi, söyürdü (gülür). Demək olar ki, o məktubların 80-90 faizini oxudum. Əsas yazanlar gənclər idi. Sevgi, romantika ab-havasında məktublar yazmışdılar. Mən də o zaman əsəri çap etməyə imkan verməyənlərə, mane olanlara deyirdim ki, bəs  deyirdin bu əsəri çap etsən gözdən düşəcəksən. Nə oldu bəs? Bu oxucu rəyləri nədi? Mən o məktubları saxlayırdım. Ağdamda yandı getdi.

- Bu məşhurluq sizə problem yaratmadı ki? Yəni bəzən populyarlıq qazanmaq növbəti əsərləri yazmaqda çətinlik yaradır...

- Doğrudur. "Evləri köndələn yar" əsəri çap olunandan sonra bir müddət yazmaqdan soyudum. Aylar sonra "Ən xoşbəxt adam" povestini yazdım. "Ulduz" jurnalında çap olundu. Bu povestdən sonra ard-arda hekayələr və povestlər yazdım.

- Şeir də yazmısınız... Bu, nəsr əsərlərindən əvvəl olub, ya sonra?

- Mənim ilk yazım nəsr olub. Elə haqqında danışdığımız "Evləri köndələn yar" povesti. Əsasən hekayə, povest yazmışam. Arada şeirlər də yazmışam. Daha doğrusu, yazmamışam, əzbərimdə olub, dost-tanışa demişəm. Heç bir şeirimi qələmlə yazmamışam. Dostlarımın çoxu onu kağıza almışdı. Rasim Qaraca şeirlərimi yığıb "Alatoran" jurnalına vermişdi. Başqa bir dostum da "Ulduz" jurnalında məndən xəbərsiz çap etdirmişdi. Yəni həmişə dostlarımın sayəsində şeirlərim işıq üzü görüb.

- Gözəl şeirləriniz vardı. Niyə şeirlə davam eləmədiniz?

- Cavan vaxtımın şeirləri idi. Qız aldatmaq, qızların könlünü almaq üçün şeirə baş qoşmuşdum (gülüşmə).

- Şair olmaq istəmədiniz demək. Bildiyimə görə, evdə ədəbiyyatçı olmağınızı istəmirlərmiş...

- Evdəkilər mənim həkim olmağımı istəyirdilər. Tibb Universitetinə sənədlərimi vermişdim. Kiçik dayımla buraxılışa gedəndə birdən ağlıma gəldi ki, məndən həkim olmaz, geri qayıtdım. Sənədlərimi ədəbiyyat fakültəsinə verdim. Evdə də bunun üstündə dava düşdü. Amma mən ədəbiyyatı sevirdim. Ona görə də o fakültədə oxumaq istədim. Oxuya-oxuya da yazılar yazır, qəzetlərdə çap olunurdum.

- Çox erkən vaxtlardan yazmağa başlamısınız. Tez də məşhurlaşmısınız. Hətta Komsomol mükafatını da sizə gənc yaşlarında veriblər. O mükafata görə bir az narazılığınız olub, deyəsən.... Onun tarixçəsi necədi?

- Narazılıq deyildi. Deməli, 1988-ci ildə "Günah" adlı kitabımı təqdim etdilər Lenin Komsomol mükafatına. Mən də o mükafatı aldım. Mükafatı alandan sonra məndən müsahibələr alırdılar. "Gənclər" qəzetindəki müsahibəmdə soruşdular ki, mükafatı almağa sevindinizmi. O zaman dedim ki, əgər bu mükafatı Ramiz Rövşəndən, Vaqif Bayatlıdan sonra alsaydım, çox sevinərdim. Onlar məndən istedadlı adamlardı, necə olur ki, mən alıram, onlar almır? Bir az da problem yaratmışdı bu sözüm.

- Aqil müəllim, sizi tanıyanlar, dostlarınız deyir ki, o, çox koloritli, yumor dolu insandır. Hətta İradə xanıma (yazıçı Məmməd Arazın qızı İradə Tuncay nəzərdə tutulur - red.) elçi getdiyinizdə rəhmətlik Məmməd Arazla Füzuli üstündə münaqişə düşdüyü deyilir. Necə idi o əhvalat?

- Elə şey olmayıb. Mən bir az qabartmışam. Biz Bayat kəndindənik, atamın da üç sevdiyi şair var: Nizami Gəncəvi, Sabir, Səməd Vurğun. Atam bunları əzbər bilirdi. Deyirdi ki, o biriləri sadəcə şeir yazıb. Onun üçün göydən gələn üç şair var idi, vəssalam. Deməli, elçilikdə də Füzuli söhbəti düşdü. Bir az mübahisə yarandı. Məmməd Araz da dedi ki, məndən qız almağa gəlmisiniz, yoxsa dava eləməyə? (gülür).  Yəni sözündən belə çıxdı ki, mənlə ədəbiyyat davası eləyirsən?

- Ən məşhur romanınız "Dolu"dur. Hətta roman əsasında film də çəkilib. Müxtəlif rəylər aldınız, kimiləri çox təriflədi, kimiləri də tənqid etdi. Müsahibələrinizin birində demişdiniz ki, romanın detallarını siqaret qutularının üstünə yazmışam...

- O zaman Türkiyədə idim. Kağız tapa bilmirdim. Ya siqaret qutularının üstünə yazırdım, ya da qəzetin qırağına qeyd edirdim. Rəşad Məcidin gözünün qabağında olub bu. Rəssam "nabroska" eləyən kimi, mən də beləcə xırda-xuruş qeydlər edirdim.

- Sonra o qeydlər romana çevrildi...

- Ağdam işğal olunandan o roman beynimdə idi. Ayrı-ayrı şeylər yazmışdım. "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Qiyamət gecəsi" və s. Hiss edirdim ki, bu roman yavaş-yavaş içimə yığılır. Günlərin birində Elməddin adında bir döyüşçü ilə çay içirdik. O mənə bir əhvalat danışdı. İki dost əsgər olub, dalaşıblar. Müharibədə biri ölüb, o birisi də bunu daşıyıb. Bu əhvalatı mənə danışdı, səhərisi romanı yazmağa başladım.

- Bəs nə vaxtsa müharibə mövzusuna təkrar qayıdacaqsınızmı? Bir dəfə demişdiniz ki, müharibə haqda cəmi 10 faiz yazmışam, hamısını yazsam, aləm dəyər bir-birinə. "Dolu"nun davamı olacaqmı?

- Davamı olmayacaq, yəqin ki. Başqa bir mövzuda yaza bilərəm. Amma müharibə orda mütləq olacaq. Bilirsiniz, indi böyük həcmdə nəsr oxunmur. Daha yığcam formada nəsə yazmağı düşünürəm. İkincisi, sualınıza gələndə... Elə şeylər var ki, onları yazmaq olmur, aləm bir-birinə dəyə bilər. Adam hər bildiyini yazmaz. Bu olmaz.

- Aqil müəllim, sevimli yazıçınız Mirzə Cəlildir...

- Mirzə Cəlil stolüstü kitabımdır. Mən Mirzə Cəlil məktəbinin davamçısıyam. Mənim bütün əsərlərimdə ironiya var. Bu da Mirzə Cəlildən gəlir. Ümumiyyətlə, düşünürəm ki, Mirzə Cəlili, Haqverdiyevi, Üzeyir Hacıbəyovu oxumayan heç vaxt yaxşı yaza bilməz. İndiki gənc yazarlar elə ancaq Den Braun, Kafka adı çəkirlər. Azərbaycan dilini bilmir bu uşaqlar. Çünki bu dildə oxumayıblar. Yazdıqları da tərcümədən oxuduqları kimidir. Azərbaycan dilinin gözəlliyini, dərinliyini, incəliyini bilmirlər. Çağıraq bu dəqiqə gənc yazarların çoxunu, görək nə qədər sinonim, antonim sözlər bilirlər. Bir cümlədə iki eyni sözü işlətməzlər axı. Nəinki eyni sözü bir cümlədə, hətta bir abzasda da işlətməzlər. Bu, yazıçı işi deyil. Amma onlar bilmirlər və bu səhvləri həmişə təkrar edirlər. Biri cümlədə "müvəffəqiyyət" sözünü on dəfə yazır, bir dəfə də "uğur" yaz da...

- Oxuyursunuz gəncləri?

- Cavanların demək olar, hamısını oxuyuram. Şərif Ağayar, Kəramət Böyükçöl, Aqşin Yenisey, Seymur Baycan, Ayxan Ayvaz, Oğuz Ayvaz, Eminquey sevdiyim imzalardı. Sizə bir şey deyim. Gəncləri tənqid etmək olar, amma qolunu-qanadını qırmaq olmaz. Mən, sadəcə, dostcasına onlara iradımı demişəm...

- Postmodernizm haqda nə düşünürsünüz?

- Mən bilmirəm o postmodernizm nədir. Yazıçı yazısını yazar, onun janrını tənqidçi müəyyən edər. Yazıçı qarşısına məqsəd qoymaz ki, mən postmodern mətn yazacam. Bu mənim üçün anlaşılmaz bir şeydir.

- Sevirsiz o cür postmodern mətnləri?

- Xoşuma gələnlər olur. Məsələn, mənim üçün Azərbaycanda ən gözəl postmodernist yazıçı Kamal Abdulladır. Azərbaycan ədəbiyyatından kənara da çıxa bilib və orda da qəbul olunub.

- Yazıçı və millət vəkili. Özünüzü daha çox hansı sahədə hiss edirsiniz?

- Mən yazıçıyam. Millət vəkilli müəyyən dövr üçündür. Əslində, şairlər, yazıçılar, rəssamlar millət vəkilləridir. Millət vəkili iki cürdür: rəsmi, qeyri-rəsmi. Bu, şərəfli bir addır.

- Aqil müəllim, son sualım: Nobel mükafatı qazanmaq istəyiniz olub?

- Nobel siyasi mükafatdı. Heç bir azərbaycanlıya o mükafatı verməzlər. Məsələn, İsa Hüseynova Nobel düşürdü, amma vermədilər. Mənə gəldikdə isə... Dünyaya çıxmaq üçün o qədər əlləşən adam deyiləm.

Söhbətləşdi: Dəniz Pənahova

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!