Şəhidlərlə birgə yaşayan qadın... - Eminquey yazır

"Müharibə həm həyat verən, həm də öldürücü ilan zəhəridir"

Şeirimdən çıxardığım bu misra məni boş-boşuna narahat eləmir. Gəncəyə ilk səfərimdə dostum mənə gəzməli-görməli yerləri göstərirdi. Bir xeyli maraqlı yerlər gəzdik. Təsadüfən gəlib çıxdığımız ev o misranın məna qapılarını üzümə açdı. Görək, nə olur.

Dedilər ki, evin sahibi Elnarə Tağıyevadır. O, müharibə iştirakçılarının, şəhidlərinin, bir sözlə müharibədən əlinə keçən bütün ağrılı əşyaları bir yerə toplayıb, evini muzeyə çevirib. Elədir ki var. O, bura ad da qoyub - Vətən İgidləri Muzeyi.

Divardan tüfəng asılıb...

Elnarə xanım sakit qadına bənzəyir. Həm də deyəsən, bir az utanır. Amma bu ev o qədər adam görüb ki, məncə, bu utancaqlıq çoxdan keçib getməli idi. İlk baxışdan mənzərə bəllidir. Ağ-qara, rəngli şəkillərdən boylanan yaralı, xəstə, bəzən xəfif gülüşlü insan baxışları, odlu-alovlu müharibənin dəhşət saçan, qandonduran səhnələrini əks etdirən saysız-hesabsız fotolar, al qana boyanmış əsgər geyimləri, hərbi ləvazimatlar, dəlik-deşik köynəklər, parça-parça olmuş çəkmələr, gilizlər, qəlpələr, möhürlü sənədlər, saralmış qəzet-jurnal səhifələri...

Amma içimdəki hər şeyin yerinə çatmaq arzusu məni rahat buraxmır axı. Elnarə xanımdan bütün bunları yığmağa nə vaxt başladığını soruşuram.

- Müdafiə Nazirliyinin nəzdindəki Əşya-Əmlak Xidməti Kombinatında çalışırdım. O zaman bizim camaşırxana Gəncə qarnizonunu və bütün cəbhəboyu bölgələri təmiz hərbi geyimlə təchiz edirdi. Müharibə getdikcə qızışırdı, cəbhədən ağır xəbərlər alırdıq. Hər dəfə paltarları aparmağa ayrı-ayrı əsgərlər gəlirdi. Geyimlərin bir neçəsini isə orada qoyub gedirdilər. Kombinatda yeni işə düzəldiyimə görə ilk günlər nələrin baş verdiyinin fərqində deyildim. Aparılmayan paltarları səliqə ilə bir kənara qoyur və həmin paltarların sahiblərini gözləyirdim. Bir gün kombinatımıza gələn zabit dedi ki, həmin paltarların sahibləri artıq həyatda deyillər, onlar şəhid olublar. O zaman anladım ki, bura gələn əsgəri niyə sonra görə bilmirəm. Artıq bu gün gördüyüm əsgəri bir də görəcəyimə ümidim yox idi. Ona görə də hər dəfə kombinatımıza gələn əsgərlərdən xahiş edirdim ki, siqaret qutularından bir papiros çıxarıb, üzərinə ürək sözlərini və tarixi yazıb mənə bağışlasınlar. Sonra cəbhədə baş verənləri evdə valideynlərimə danışdım və onların razılığı ilə şəxsi mənzilimizin bir otağını muzeyə çevirdik.

- Bəs, siz müharibənin içində heç təhlükə ilə rastlaşmadınız?

- Dəfələrlə ölümlə üz-üzə gəlmişəm, bəzən də şəhid olan əsgərləri öz gözlərimlə görmüşəm. Döyüşlərdən birində güllə başımı sıyırıb keçmişdi. Hər dəfə efirdə yaralanan, yaxud şəhid olan əsgər xəbərini eşitdikdə əvvəlcə onun ünvanını axtarıb tapıram, sonra da yaşadığı evə gedirəm. Yaralı əsgərlərlə, şəhid ailələri ilə həmsöhbət oluram, geri qayıdanda isə ya onların özündən, ya da ailə üzvlərindən muzey üçün bir əşya istəyirəm.

Elnarə xanım bütün bunları rahat-rahat danışsa da, içində hələ də müharibənin ağrısı hiss olunur. O, əsgər çəkmələrinin sıralandığı cərgəyə yaxınlaşır və bir tayı olmayan parçalanmış çəkməni qaldırıb deyir: "Bu çəkmələrin sahibləri şəhid olublar. Əlimdəki tək və parçalanmış çəkmə isə minaya düşən əsgərindir. Ondan qalan yalnız budur".

Aşağıdakı misralarım içimi didişdirir:

"Hələ ərinin tikələrini basdıran

o gəlin də bilmir,

Hər gün qəbri üstdə ağladığı

əridir, ya yox".

Şəhid fotoları arasından bir qadın şəkli də boylanır. Elnarə xanım bu şəklin Gəncənin yeganə qadın şəhidi olan Sevda Cabbarovaya aid olduğunu deyir. Sonra didilmiş əlcəkləri göstərib onun minaya düşən şəhidə aid olduğunu, qanlı bayrağa kimin büküldüyünü, öldüyü düşünülüb morqa qoyulan, lakin beş gündən sonra meyitlər arasından çıxarılıb əməliyyat olunan və yenidən həyata qayıdan qazinin hekayəsini söyləyir. Titrək səslə...

Kütləvi mərmi və siqaret məzarlığı...

Masanın üstündə gözümü deşən mərmilər, üstünə ad yazılan balaca kağızlar diqqətimi çəkir. Mərmilər raketə bənzəyir. Elə bil, o adamların ruhu bizi bu raketlərə minib tərk edib. Sonra siqaret gilələrini görürəm, onların da üstünə adlar yazılıb. Birində "Xoşbaxtıq ordudayıq", o birinin üstünə "Bizi unutmayın" yazılıb. Elnarə xanımdan soruşuram ki, bəs bu adları özünüz yazmısınız, yoxsa? Deyir ki, o vaxt əsgərlərdən əşyalar istəyəndə çoxusunun üstündə heç nə olmurdu. Mən də onlardan çəkdikləri siqaretlərdən bircə dənəsini üstünə ya imza, ya ad, ya öz arzularını yazıb verməsini istəyirdim. Ki, gələcəkdə sağ qalsalar özləri, şəhid olsalar doğmaları gəlib müharibə dövründə, illər qabaq nə arzuladıqlarını, hansı ovqatda olduqlarını görsünlər, xatırlasınlar.

Divardakı lövhədə 2 aprel şəhidlərinin də şəxsi əşyaları var. Bel kəməri, mərmilər, güllələr, saç darağı, dabankeş, papaqlar, hərbi geyimlər. Elə bilirəm ki, müharibə həqiqətən də hansısa evdə gizlənib, oradan bic-bic öz işini görür. Bəlkə, elə ona görə də biz hələ də şəhid veririk. O əclaf gizləndiyi yerdən idarə edir dünyanı.

Və qəfil Elnarə xanım divardan asılmış əldə hazırlanan tüfəngi göstərib deyir ki, bu tüfəng isə Gəncənin ilk şəhidlərindən olan Bəxtiyar Əliyevindir. Müharibənin ilk illərində nə ordumuz var idi, nə də silahımız. Əsasən Çaykənddə yuva salmış erməni nankorları qonşuluqdakı Azərbaycan kəndlərinə meydan oxuyurdular. Bəxtiyar erməni quldurlarının Çaykənddə fəallaşdığını eşidib evə dönür, silah hazırlayır və düşmən üstünə gedir. 1990-cı il Todanın müdafiəsində qəhrəmancasına şəhid olur...

Bu hüznlü ab-havanın içində həm də sevinirəm ki, özümə nə qədər dost qazandım. Müharibəyə toxuna bildim, qoxusunu ala bildim. Elə bu misraları Elnarə xanıma deyib sağollaşıb çıxıram.

"Külək yellədikcə bayrağı,

Göydən ata düşmür yetim uşaqlara,

Vətən də başını yelləyir baxıb taa uzaqlara..."

Hə, mən müharibənin üzünü görmüşdüm, bir az ağır oldu, görəndə astar tərəfini.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!