Pələng ovu - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Pələng ilində doğulduğum üçün ad günümdə tələbələrim mənə qızılı rəngdə, zolaqlı tükləri olan oyuncaq pələng bağışlamışdılar. Artıq düz beş ildir ki, Çin istehsalı olan həmin bu pələng divanın başında özünə yer eləyib, qəzəbli şüşə gözlərini mənə zilləyir. Düz beş ildir ki, bu pələngi  "öldürmək" istəyirəm. Bu assosiativ fraqmentlər pələnglə daxili dialoqun nəticəsidir.

 ***                                                                                                                                     

10 mart 1933-cü ildə Freydin pasientlərindən olan X.D. professorla keçirdiyi son seansdan belə danışır: "Özümü pələng kimi təsəvvür edəndə ağlıma qəribə fikirlər gəldi. Bəlkə mən özüm də pələngəm? Və bu pələng kimin üstünə atılar? Birdən qoca, zəif, köməksiz professorun üstünə şığıyar? İçimdə gizlənmiş "vəhşi" doğrudan da kimi öldürməyə qadirdir? Əski uşaqlıq fantaziyası adı altında bu haqda ona danışdım. Bütün bunlar gerçəkləşərsə, nə olar? Professor sakitcə: "Mənim müdafiəçim var", - deyib İoffini, ayağı altında yatan balaca şiri göstərdi (Eliot Uaynberqere istinad edirəm).

***                                                                                                                                         

Qədim inanca görə, pələng balasını tutub aparanda ana arxasınca gəlir, sonacan təqib edir. Ondan qurtulmaq üçün güzgünü sındırıb yollara səpirsən. Ana pələngdə qadınlıq qüruru oyanır və güzgüyə baxır, körpəsini isə tamam unudur…

***

Qadınla pələng arasında simvolik məna yaxınlığı bir hind pritçasının alt qatındadır. Deyilənlərə görə, bir məmləkətin hökmdarı qəribə məhkəmə üsulu icad edibmiş. Təqsirləndirilən şəxsi meydana çıxardırlar. O, hamının gözü qarşısında tamamilə bir-birinə bənzəyən bu iki qapıdan birini açmalı olur. Bir qapının dalında qana susamış azğınlaşmış pələng onu gözləyir, o biri qapıda isə yaşı, sosial durumu ona bərabər olan qadın çıxmalıdır. Əgər müttəhim birinci qapını açırsa, bu suçunun sübutu kimi qəbul edilir. Əgər ikinci qapını açırsa, bəraət qazanmasının mükafatı olaraq həmin qadınla evləndirilir.

Bir də söyləyirlər ki, həmin hökmdarın qızı bir kasıb və gözəl oğlana vurulubmuş. Eşq əhvalatını eşidən ata bərk qəzəblənir və oğlanı cəzalandırmaq istəyir. Məhkəmə proseduru yenə təkrarlanır: ya qapıdan oğlanı parçalamağa hazır olan pələng çıxacaq, ya da gözəllikdə hökmdar qızı ilə bəhsə girə biləcək bir xanım gözləyir.

Hökmdar qızı bu müdhiş sınaq ərəfəsi qapıların sirrini öyrənə bilir. Sevgilisi meydana çıxanda gizlicə sağ əlini tərpədərək ona işarə verir və oğlan sağ qapını açır.

Hekayətin sonunda ortaya sual çıxır: görəsən, hökmdar qızı üçün hansı mənzərəyə tamaşa etmək xoş olub? Pələngin qanlı dişlərində həlak olan oğlanın ölümünü izləmək, yoxsa gözəl bir qızın ağuşuna atılan sevgilisinə baxmaq? Qoca Şərqin  müdrik və ibrətli məntiqi maraqlı yozum istəyir…

 ***

Şərq klassiklərində pələng (şir, bars, aslan, qaplan) obrazının metaforik imkanları hamıya məlumdur. Nizami Gəncəvinin "Xosrov və Şirin" və Şota Pustavelinin "Pələng dərisi geymiş pəhləvan" poemaları "pələng və qadın" mövzusunda xeyli material verir. 

Qızmış bir şir qəflətən meşədən çıxıb qəzəblə Xosrov Pərvizin Şirinlə kef çəkdiyi çadıra hücum çəkir. Xosrov özünü itirmir. "Yumruğunu elə vurdu ki, şir huşunu itirdi. /Buyurdu başını kəssinlər/ Dərisini boynundan çıxartsınlar/ Ondan sonra şahlar üçün belə bir adət qoyuldu ki, /Kef məclisində də onların qılıncı əldə olsun. /Pərviz şir heykəlli olsa da, /Şah idi, şahlar isə təmkinli olmalıdır/ Sərxoşluq üzündən o cəsarəti göstərdi. (Sərxoşun bir adı da şirtutandır". Şahın cəsarəti və hünəri yüksək səviyyədə mükafatlandırılır. "Onun şiri yenməsini bəhanə edib /O ay əl öpmək fürsətini ələ keçirdi" (filoloji tərcümə prof. Həmid Məmmədzadənindir).

Düşünürəm ki, "Xosrovun kef keçirilən yerdə şir öldürməsi" ilə "Tariyelin şirlə pələngi necə öldürdüyünü Avtandilə nağıl etməsi" bölümləri üzərinə müqayisəli araşdırma eyni ezoterik simvolikanın fərqli şərhi baxımından maraq doğurur.

Gürcü klassiki özünün alleqorik pələngini başqa ədəbi ənənədən götürməliydi.

Gürcü dilində "vepxvi" sözü yalnız pələngi deyil, qaplanı, barsı da bildirir.

Tariyel qamışlıqda şirlə pələngin oynaşdığını seyr edərkən görür ki:

Oynaşırkən nəşə ilə,

            başladılar boğuşmağa -

Ölüm nədir - düşünmədən,

            pəncələşib vuruşmağa.

Pələng birdən qorxub qaçdı,

            hər hansı bir qadın kimi,

Kim vardı ki, toxtadaydı,

             - başlamışdı şir coşmağa.…

 

Tez sıyırıb qılıncımı

            hücum etdim lap qəflətən,

Can verməsi çox çəkməsin deyə

            kəsdim başını mən.

 

Qılıncımı atıb yerə,

            tutub qucdum pələngi mən,

Anıb yarı, istədim ki,

            öpəm o üz-bu üzündən.

Nərildəyib üz-gözümü

            cırmaqladı o qəflətən

Dözməyərək bu ağrıya

       boğdum onu mən qeyzimdən".

Tərcümə Əhməd Cavadındır

Qədim gürcü ədəbiyyatında "vepxvi" bütün zolaqlı yırtıcıların ümumi adı kimi keçir. Gürcü çarlarının və şahzadələrinin pələng ovuna getməsi haqqında tarixi salnamələrdə məlumatlara rast gəlmədik. Bildiyim qədər, İncildə pələngdən bir kəlmə də bəhs edilmir. Deməli, xristian estetikası bu obrazın mənbəyi deyil. Poemada "pələng" qadın başlanğıcının simvoludur. Tariyelin düşüncəsində və yaddaşında sevgilisinin obrazı "qızmış pələng" kimi canlanır.

Pələng dərisindən qiyafəti hər dəfə Tariyelə həmişə gözəl, yüksək və faciəli sevgisini xatırladır, bu dünyadan təcrid olunma zərurətini ifadə edir.  Mağarada yaşayan, insanlardan uzaq gəzən bu "sirli" və "məchul" cəngavərin statusu Nəstan-Darecanın Qaceti qalasından azad olmasından, Hindistana qayıtmasından və taxta oturmasından sonra məlumdur. Mağara müdriklik məqamıdır, Tariyel isə ilahi müdrikliyin daşıyıcısıdırr. Pələng dərisi Ərəbistan çöllərində onun tanınma işarəsidir.

***

Orta əsrlərin bütün hökmdarları kimi, Şah İsmayıl Xətai də ova çıxmağı sevərdi. Şah Gilan-Mazandaran meşələrində, Şahdağın, Elbrusun ətəklərində, Ərzincan yaylağında, Xorasan, Şiraz tərəflərdə ova çıxardı. Bir miniatürdə 13 yaşında ikən onun ayı ovuna çıxması əksini tapıbdır.

"Təkbaşına şiri öldürərdi. Belə bir əmr vermişdi: "Hər kəs şir sorağını gətirsə, ona yəhərli bir at verilsin. Pələng sorağını gətirsə, yəhərsiz at. Təklikdə gedib şir və pələng ovlardı" ("Cahanarayi Şah İsmayıl Səfəvi").

"Şir ovu" adlanan miniatür var. Şah İsmayılın ovçuluq məharətindən bəhs edir - əmirlər atlarının cilovunu çəkib şahla şirin qarşılaşmasını izləyirlər. Şah İsmayıl atdan enmiş, kamanını çəkmiş halda qamışlıqdan çıxan qızmış şirə yaxınlaşır.

Belə söyləyirlər ki, Bəhruzə xanım Çaldıran savaşında osmanlılara əsir düşəndən ("ovlanandan") sonra Şah İsmayıl bir daha pələng ovuna çıxmır...

***

Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" povestində ekzotik quşun (kivi) zooparkdan yoxa çıxması ilə bağlı sorğu-sual aparılır. Bu zaman Aliyə xanım gözlənilmədən quşla bərabər kisəli pələngdən söz açır. Aliyənin təhtəlşüurundakı pələng obrazı psixoanalitik yozumun mümkünlüyünü şərtləndirir:

"Əsgərov maraq qarışıq bir heyrətlə Aliyə xanıma baxdı və Aliyə xanım başa düşdü ki, pələng məsələsini mütləq aydınlaşdırmaq lazımdır:

- Mən demək istəyirdim ki, kisəli pələng bir növ kimi yoxa çıxıb, yəni qalmayıb daha yer üzündə. Qırıb qurtarıblar onu".

***

Bu gün Qafqazda pələngin kökü tamam kəsilmək üzrədir…

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!