Anar obrazların psixologiyasını, ruh dünyasını açmaqda ustadır - "Kitab dünyası" "Göz muncuğu" povestindən yazdı

Xalq yazıçısı Anarın "Göz muncuğu" povesti özbək dilinə çevrilib. Bu haqda Özbəkistanın "Kitab dünyası" qəzetində "Yazıçı Anar qəlbinin əbədi döyüntüləri" ("Adib Anor qalbining mangu zarblari", 12 dekabr, 2018-ci il sayı) başlıqlı geniş məqalə verilib. Məqalədə yazıçının yaradıcılığı, söz gücü, tərcümə olunan əsərləri, habelə "Göz muncuğu" povestindən söz açılıb.

 

Xalq yazıçısı Anar, sadəcə, Azərbaycanda yox, eləcə də bir çox ölkələrdə tanınmış yazıçıdır. Bu günə qədər onun əsərləri əllidən artıq xarici ölkələrdə və dillərdə tərcümə edilərək çap olunub. Özbək dilinə yeni tərcümələrdən biri də "Göz muncuğu" povestidir. Povest Özbəkistanın "Zəmin" nəşriyyatında Babaxan Məhəmməd Şərif tərcüməsində çap edilib. 

"Azərbaycan Yazıçılar Birliyinə Anar kimi böyük bir yazıçı, qabiliyyətli və zəhmətkeş insanın sədr olması Azərbaycan yazıçıları üçün bir əsl uğurdur desəm, yanılmaram" - deyir tərcüməçi, jurnalist Babaxan Məhəmməd Şərif.

"Anar ölkənin ən çətin günlərini yaşadığı qarışıq bir dövrdə  Birliyə sədr olaraq seçildi və gecə-gündüz dayanmadan çalışdı, çabaladı. Onun sədrlik dövründə Azərbaycan ədəbiyyatında bir çox işlər görüldü, yeni nəşriyyatlar açıldı, ədəbiyyata aid yeni qəzet və jurnallar çap edilməyə başladı. Eləcə də gənc yazıçılara diqqət çoxaldı, imkanlar yaradıldı. Habelə,  Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi , "Dədə Qorqud ensiklopediyasi" yaradıldı, "Ədəbiyyat və incəsənət" qəzeti Azərbaycan  Yazıçılar Birliyi təsərrüfatına keçdi və "Ədəbiyyat qəzeti" adıyla çap edilməyə başladı. Jurnalist xalq yazıçısı Anarın yaradıcılığı haqqında da fikir bildirib: "Anarın yaradıcılığı yüksək səviyyəsi və gücüylə fərqlənir. Yazıçı, demək olar ki, bütün əsərlərində oxucuya əvvəla öz dərin düşüncəsini ustalıqla çatdırmağa çalışır və hər dəfə buna nail olur. Yazıçı mövzu və forma baxımından əsərlərində hər dəfə çeşidli, fərqli yollara baş vurur, öz-özünü təkrarlamır, yeni xarakterlər, obrazlar yaradır. Onun hər bir əsəri oxucular arasında bəhslərə səbəb olur, çoxsaylı rəylər söylənir".

Jurnalist Anarın müxtəlif əsərlərini təhlil edərək qənaətlərə gəlib. "Yaxşı padşahın nağılı" hekayəsini bədii təsvir vasitələri baxımından təhlil edən jurnalist Anarın yaradıcılığı haqda belə deyir: "Azadlığı məhdudlayan, müstəbid dövlətin sonsuz hökmranlığına əsaslanan, bütün ağılsız istəkləri yaxşı niyyət olaraq qəbul edilən bu vəziyyət oxucunu dərin düşünməyə çağırır. Zəki oxucu yazıçının nə demək istədiyini yaxşı başa düşür, insanlıqdan iraq bu hadisəyə, sadəcə, müstəmləkəçilik yox, bəlkə də, insanların belə tabeçıliyə göz yummasının səbəb olduğunu anlayır. Sadəcə müstəbidliyin deyil,  intellektual yoxsulluğun da zalimliyə bilvasitə kömək etdiyini yazıçı bədii ifadələrlə anladıb. Hekayə sovet dövrünün aynası olmağı bacardı, o dövrün illətlərini ifşa edib. Bu isə o dövrdə böyük cəsarət idi".

Tərcüməçi  "Göz muncuğu" povesti haqqında fikirlərini belə ifadə edir: "Anar obrazların psixologiyasını, ruh dünyasını açmaqda  ustadır, özünəməxsus yüksək professionaldır. Bu vəziyyətdə yazıçı realistik təsvirə, bəzən  isə sürrealistik ünsürləri də yoldaş edə bilir. Əsər qəhrəmanlarının davranışları, elədiyi işlər onların batini dünyasında olan dəyişikliklərə uyğun halda təsvir edilir. Anarın "Göz muncuğu" povestində də bu hadisələri görə bilirik...

...Anar personajlararası konflikt vasitəsilə də, qəhrəmanın iç dünyasındakı zidliklər müharibəsi vasitəsilə də xarakterlər və obrazlar yaratmağı bacarır. Məsələn, Əhlimanın inkaredilməz dəlillərə söykənən tədqiqini elmi şura üzvləri bir səslə tərifləyib, amma gizli səsverməyə gələndə hamı ona qarşı çıxması Əhlimanın ürəyində nifrət oyanmasına səbəb olur, bu isə onu pislik və intiqam yoluna aparır.

Yazıçı kiçik bir detal vasitəsilə qəhrəmanlar, epizod personajların da iç dünyasını göstərir, bu isə onların yaddaşımızda möhürlənməsinə səbəb olur".

Xatırladaq ki, bu günə qədər xalq yazıçısı Anarın bir çox əsərləri özbək dilinə tərcümə edilib və çap olunub. "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Qırmızı limuzin", "Dantenin yubileyi", "Mən, sən, o və telefon" və başqa əsərləri özbək oxucularına yaxşı tanışdırdır.

"Kitab dünyası" dərgisinin materialları əsasında yazını Şahista Kamranlı hazırladı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!