İsa Muğanna povest və romanları XX yüzil dünyanın ən məşhur yazarlarının, Nobel mükafatı laureatlarının reklam edilən, xarici dillərə tərcümə edilib geniş yayılan kitabları ilə bir səviyyədə dayanan əsərlərdir. Onun "Məşhər" romanı, şübhəsiz, tarixi romanlarımız arasında bədii vüsəti və fəlsəfi dərinliyi ilə özəl bir yer tutur.
Orta yüzillər Azərbaycan-türk həyat və düşüncə tərzini, arasıkəsilməyən savaş və qanlı toqquşmalar mühitində, cəhalətin at oynatdığı şəraitdə insanı qoruyan, ona mütləq həqiqətin bir parçası olduğunu anladan Hürufizm cərəyanının, onun böyük təbliğçilərinin, insan sevgisi ilə dolu olan Poeziyanın və onun dahi yaradıcılarından birinin bu qədər epik genişliklə, yüksək bədiiliklə əks etdirildiyi ikinci bir nümunə göstərə bilmərik. Roman əsasında çəkilmiş Nəsimi filmi də, haqlı olaraq, tarixi filmlərimizin ən yaxşılardan sayılır.
Onun əsərlərinin hər biri ötən əsrdə yaşamış oxucuların hafizəsində silinməz izlər buraxmışdır. Bu poman və povestlər meydana çıxdıqdan sonra uzun müddət ədəbiyyat həvəskarlarının əsas müzakirə mövzusu oldu. Parlaq insan xarakterləri, kəskin dramaturgiya oxucunu sona qədər gərgin saxlayan süjet və konfliktlər və nəhayət, gözəl dil bu əsərlərin hər birini ədəbi hadisəyə çevirdi.
İsa Hüseynov adını ilk dəfə beşinci sinifdə oxuyanda eşitmişdim; daha doğrusu, həmin il oxudugum "Dan ulduzu" romanı o vaxtadək oxuduğum kitablardan fərqli idi və cəmi on bir yaşım olsa da, bunu hiss eləmişdim. Nə yaxşı ki, o illərdə onun, İsmayıl Şıxlının, Ənvər Məmmədxanlının, İlyas Əfəndiyevin nəsr əsərləri kənd kitabxanalarına da gəlib çatırdı və mən sonralar taleyimin ədəbiyyata bağlı olub-olmayacağını bilməsəm də, bu müəlliflərin mövzusu, dili, düşüncə tərzi və təravətiylə seçilən kitabları ömürlük hafizəmə köçdü və bu imzaları həmişə axtardım. İsa Hüseynovun, sonralar Muğannanın hansı əsəri çıxdısa, tapıb oxudum. "Doğma və yad adamlar", "Teleqram" kimi əsərlərin qızğın müzakirələrində iştirak etdim.
"Ədəbiyyat və incəsənət" qəzetində işlədiyim illərdə onunla tanış oldum, səfərlər, ədəbiyyat tədbirləri bizi yaxınlaşdırdı. İsa müəllim belə tədbirlərdə az-az görünərdi. Bütün ömrü boyu xırda söz-söhbətlərdən qaçaraq öz yaradıcı taleyini yaşadı. Buna görə bəziləri onun xasiyyətinin ağırlığından şikayətlənirdilər, ancaq mən hər dəfə görüşəndə onun xarakterinin fərqli bir gözəlliyini özüm üçün "kəşf" edirdim.
...Səksəninci illərin əvvəllərində SSRİ Yazıçılar İttifaqının qurultayına Azərbaycan yazıçıları bir təyyarədə uçurdular. İyirmiyə yaxın adam idik. Mən İsa müəllimə yaxın sırada oturmuşdum. Təyyarə havaya qalxandan bir az sonra yazıçının qayğıkeş yoldaşı, bizim cavanlıq dostumuz Davud Nəsibin bacısı Füruzə xanım yol çantasını açıb yuxa və pendir bükülüsünü açdı, "İsa, evdən çoxdan çıxmışıq, bir tikə yuxa ye!" deyib bir dürmək hazırlayıb ona uzatdı. İsa müəllim, dürməyi almadı, "İsmayıl şəkərdir, qırağdasan, dur, əvvəl ona apar yuxanı" - dedi. Füruzə xanım: "Bəs yanında oturanlar, ayırsaq ayıb olar..." - dedi. İsa müəllim: "Düz deyirsən, onlar üçün də hazırla!" İsa müəllimin böyük dostu İsmayıl Şıxlıya bu diqqəti mənə ləzzət verdi. Beləliklə, İsa müəllimlə Füruzə xanım az qala bütün nümayəndə heyətimizi pendir-çörəyə qonaq etdilər və nə qədər boyun qaçırsam da, mən də bu "qonaqlıqdan" kənarda qalmadım. "Rossiya" otelində də otaqlarımız üz-üzəydi və İsa müəllim otağımım daim qələbəlik olduğunu görür arada mənə söz atıb "Bəlkə, sən heç qayıtmayasan Bakıya?" - deyirdi.
İsa ziddiyyətli, amma gözəl insan idi. Xeyirxah, kimsənin pisliyini istəməyən, xırda söz-söhbətlərdən uzaq, nikbin, azı-çoxu özünə dərd eləməyən, ocağa, yurda, saza, yurda, dostlarına bağlı...
Sovet dövründə yaşamışdı, amma o dövrün ideologiyasından sıyrılıb çıxmağı, zaman sədlərini, minilliklər arasındakı sərhədləri götürməyi, bu günlə ən qədim sivilizasiyalar və ya Nəsimi dövrü arasında körpü salmağı bacarmışdı. O da Nəsimi kimi, Tanrını hər insanın özündə görür və onların arasındakı bağları və bağlılıqları, bu gün çoxlarına anlaşılmaz görünən mifik başlanğıcları, yerlə göy arasındakı əlaqələri axtarırdı.
İsa Hüseynov və İsa Muğanna dövrləri arasında ziddiyyət yoxdur. Birinci, yerə, torpağa bağlıdır. "Doğma və yad adamlar", "Yanar ürək", "Teleqram", "Kollu koxa", "Tütək səsi", "Saz", "Şəppəli" əsərlərindəki kimi. İkincisi, göyə və keçmişimizə bağlıdır. "Məşhər", "İdeal" və onların dalınca yaranan "Ölüm-dirim", "Peyğəmbərin möhürü" və s. əsərlərdə olduğu kimi.
Bu ikilik təbii qəbul olunmalıdır. Ona görə ki, insan yerin övladı olduğu kimi, göyün də övladıdır. İsa Muğanna kökünü qədim sivilizasiyanın son daşıyıcılarında, maqlarda axtarmaq və bu yolla insanla Tanrı arasındakı vəhdəti üzə çıxarmaq istəyirdisə, kim buna qarşı çıxa bilər?
O, göydən ün eşitdiyini və bu ünlərlə yazdığını deyirdi. Bunun həqiqət olub-olmadığını dəqiqləşdirmək imkanımız yoxdur, lakin içimizdə peyğımbərin meracına, yaxud ona göydən vəhy gəlməsinə şübhə yoxdursa, bir istedadlı yazıçının vəhylə yazmasına niyə dodaq büzməliyik. Vəhy də ilhamdır! Peyğəmbərin özü də Allahın qulu idi, insan idi, amma seçilmiş insan idi. Bir böyük insana vəhy gələ bilirsə, başqasına da ün gələ bilər. İsa Muğannanın yaradıcılığı ədəbiyyat tariximizdə əbədiyyət ömrü qazanmaqdır.
İsa Muğanna son illərdə evinə qapandı, bir növ unuduldu. Amma hansı sevgiylə uğurlandığını da hər kəs gördü. Onu sevənlər, anlayanlar ordaydı. Anlamayanların da bəsirət gözü açılar nə vaxtsa!
İsa Muğanna xoşbəxt adam idi. Bütün əvvəlki əsərlərinə yenidən əl gəzdirmək imkanı var idi. Mənim o imkanım yoxdur, hətta şeirlərimi də yenidən redaktə etmirəm. Bu günümü keçmişimə niyə calaq eləyim, o vaxt necə düşünüb yazmışamsa, qoy elə də qalsın. O vaxtkı şəraitlə, nəşr və senzor şərtləri ilə bağlı ixtisarlarım varsa, başqa məsələ, onları bərpa etmək olar...
"İdeal" romanı bizi daha da yaxınlaşdırdı. O vaxt mən "Yazıçı" nəşriyyatının baş redaktoruydum və bütün maneələrə baxmayaraq, bu romanın nəşr olunmasına nail oldum. "Xətai yurdu" kitabımda da bu olay haqqında belə yazmışam:
"İsa Hüsyenovun "İdeal"ına baxmısan? - Direktor bir ilişik yeri tapanda ovunu tora salmış adam kimi sevinirdi.
- Baxmışam, - dedim
- Bəs nə cür icazə vermisən?
- Sevinə-sevinə.
- Doğrudan, belə sayırsan ki, o kitabı çap edə bilərik? Boynuma ilgək keçirim? Yox, qardaş! On il gözləyəndən sonra Allah mənə bir qız uşağı verib, onu böyütməliyəm, - deyib köhnə repertuarını işə saldı:
- O kitabda qorxulu bir şey yoxdur, asılmaq vaxtı da deyil, - dedim.
- Bu gün Mərkəzi Komitədən zəng vurmuşdular. Ona görə! İndi gələcəklər.
- Qoy gəlsinlər, deyin, baş redaktor günahkardı.
Gələn olmadı, amma günortadan sonra Mərkəzi Komitədən zəng vurdular:
- Bilirik, hər kitabın öz redaktoru var, bütün əlyazmaları oxumağa borclu deyilsiniz, amma yaxşı olar ki, bu əsərə özünüz də baxasınız və çapını saxlayasınız. Bizim adımız olmasın, müəllifə deməyə ayrı bir söz tapın.
Axırıncı sözlər əsəblərimi oynatsa da, özümü saxladım.
- Düzdür, hər kitabın öz redaktoru var. Amma ciddi, mübahisəli əlyazmalara özüm də baxıram.
- Bunu ciddi əsər hesab edirsiniz?
- Şübhəsiz!
- Axı burda elə fəsillər var, ağlasığan deyil, dünyanı qatıb bir-birinə, hər şeyin kökünü bağlayıb bizə!..
- Kim?
- İsa Hüseynov, Muğanna.
- Diqqətlə oxumusunuz? - deyə soruşdum.
- Çox diqqətlə!
- Yox! Üzr istəyirəm. Diqqətlə baxmamısınız! Axı sizin dediyiniz fəsil müəllifin sözü deyil. Qəhrəmanın dilindən yazılıb.
- Nə olar qəhrəmanın dilindən yazılanda. Kitabda çıxır bu!
- İsa Muğannanın böyüklüyü elə burdadır da! Artıq söz-söhbətə yer qoymamaq və senzordan yayınmaq üçün mübahisə doğuracaq bütün sözləri qəhrəmanın dilindən səsləndirib, özü müdaxilə eləməyib. Buna heç nə demək olmaz, bədii əsərdir.
Bayaqdan guruldayan səsin hədələyici tonu azaldı:
- Axı nəyə əsaslanır, bu fikirlər hardan gəlir?
- İsa böyük yazıçıdır, belə məsələləri bizdən yaxşı bilir. Qaldı əsas məsələsinə, yenə deyirəm, bu, bədii əsərdir, hər sözünə əsas axtarılmaz.
- Böyük qalmaqal qoparacaq bu kitab!
- Olsun. Ruslar necə kitablar buraxırlar, görürsünüz?
- Onda fikrinizi ideoloji katibimizə çatdıracağam. Deyəcəyəm ki, məsuliyyəti öz boynuna götürür...
- Əlbəttə, məsuliyyət mənim boynumadır. Səmimi deyirəm, Azərbaycanda belə bir kitabın yazılmasına, hələ nəşr olunmasına demirəm... yazılmasına ürəkdən sevinirəm...
Doğrudan, sevinirdim. Əsas kitabın çıxmağıdı. Onu da həll etdik! Görəsən, kim qatıb aranı? Yəqin, senzorların işidir! Köpəy uşağı, Qaragözovlardan geri qalmırlar. İt əl çəkdi, motal əl çəkmədi. Moskva dağılır, amma bunlar hələ də quyruq bulayırlar".
"İdeal" romanının nəşr məsuliyyətini boynuma götürdüyümü bilirdi. Bu olaydan sonra romanı dəfələrlə kütləvi tirajla nəşr etdirdik. O günlərdə İsa müəllim öz səliqəli xəttiylə, qara mürəkkəblə mənə bir neçə razılıq məktubu yazmışdı. Bəziləri bir neçə səhifə olan bu məktublarda yaşadığımız mühitin dəqiq qiyməti verilirdi...
İsa Muğannanın ölümündən bir neçə il öncə ədəbiyyatımızla bağlı bir layihəmi ona danışdım. Kamera ilə yaşlı və sevdiyim yazarların evinə gedib onlarla söhbət edəcək, bu söhbətləri lentə alıb saxlayacaqdım. İsa Muğannadan başlamaq istəyirdim bu söhbəti. Tərəddüdsüz razılıq verdi. Danışdığımız vaxtda yanımda operator və fotoqraf İsa müəllimin qapısını döydüm. Gülə-gülə qarşıladı bizi. Mənzili plov ətri doldurmuşdu. Söhbətin şirin yerində dayandı: "Füruzə xanımın plovundan yeməsək, inciyər". Nə isə söhbətimizi süfrə başında davam etdirdik... Təxminən dörd saata yaxın davam edən maraqlı bir dialoq idi. Otuza yaxın foto da çəkdik. Sonra bu layihəni davam etdirə bilmədim, amma İsa Muğannanın o söhbəti arxivimdədir. Bəlkə, nə vaxtsa televiziyalardan birini maraqlandırdı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!