Türk xalqlarının həm maddi, həm də mənəvi sərvəti olan "Kitabi-Dədə Qorqud" dastanı dünənimizin, bugünümüzün və gələcəyimizin kitabıdır. Bu dastan böyük bir millətin, bir xalqın yaşantılarını, varlığını özündə əks etdirən tarixi abidədir. Abidədə türk xalqlarının dövlətçilik ideyaları, idarəçilik qanunları, ailə prinsipləri kimi mənəvi dəyərlər öz əksini tapır.
Abidənin əsas ideyalarından biri islamın oğuzlar arasında yayılması və torpaqların qorunmasıdır. Biz bu məqalədə dastandakı təsəvvüfi məqamlardan söz açacağıq.
Qorqud Atanın qeybdən xəbər verməsi, nə deyərdisə onun olması, insanlar bir iş görmək istəyərkən onunla məsləhətləşməsi, onun dediyi ilə oturub-durmaları, ona ağ olanın əlinin göydə quruması və s. kimi amillər islam övliyalarına xas xüsusiyyətlər idi. Deməli, Azərbaycan ədəbiyyatının təsəvvüflə bağlılığına ilk öncə xalq sufizminin, oğuz abidələrinin mühüm təsiri olmuşdur. Təsəvvüf elə bir düşüncə sistemidir ki, Azərbaycan milli düşüncəsini ondan kənarda təsəvvür etmək mümkün deyildir. Azərbaycanda təsəvvüfün tarixi mürəkkəb bir məsələ olmaqla yanaşı, onun yaranması islamın ilk illərinə gedib çıxır. Təsəvvüf elmində qeyb aləmi ilə bağlılıq, geybdən xəbər vermək, ilahi varlıqla əlaqə yaratmaq islam övliyalarının başlıca əlamətlərindən biridir. İslamın yayılması həm müsəlman aləmində, həm də başqa xalqlar arasında uzun bir dövrü əhatə edir. Təsəvvüf "Qurani-Kərim"in ideya qaynağı ilə bağlı olduğu üçün bu cərəyanın meydana gəlməsinin ilkin kökləri bütün hallarda VIII əsrin sonu IX əsrin əvvəllərinə bağlıdır. Bu dövr ərzində Peyğəmbərlə bağlı rəvayətlərin yayılması, "Quran"ın müxtəlif vaizlər tərəfindən fərqli oxunması, təsəvvüf əhli adı altında daha qatı, daha mömin bir qurumun yetişməsi üçün şərait yarandı. Təsəvvüfün yarandığı ilk illərdə sufilərin islamın yayılmasında önəmli rol oynamasına dastanda da işarələrin olduğunu görürük.
Dastan bu sözlərlə başlayır: "Rəsul əleyhissalam zamanına yaxın Bayat boyunda Qorqud Ata deyilən bir kişi vardı. Oğuzun ol kişi tamam bilicisi idi, nə deyərsə, olardı. Qeybdən dürlü xəbərlər söylərdi. Haqq-Taala onun könlünə ilham verərdi". Dədə Qorqud dastanında gizli məqamların, yəni təsəvvüf çalarlarının olmasına oxucu ilk olaraq Dədə Qorqud surətində rast gəlir. Dastanın ən əsas və aparıcı surəti olan Dədə Qorqud bütün boyların sonunda gəlib boy-boyladı, soy-soyladı, bu oğuznaməni düzdü-qoşdu, onun özünün müqəddəs bir varlıq olmasına dastanda müxtəlif işarə və nümunələr var.
"Kitabi-Dədə Qorqud"da sadaladığımız təsəvvüf məqamlarından başqa, "qara donlu dərvişlərdən" bəhs edilərək siyah/qara yun xirqə geyən sufilərdən xəbər verilməsi Türk və Azərbaycan təsəvvüfünün tarixi köklərinə işıq salır. Sufilərin məmnuniyyətlə qarşıladığı islami şərtlər və mütəvazi həyat tərzi bölgə əhalisinin psixologiyasına və dünyagörüşlərinə də uyğun gəldiyi üçün təsəvvüf bu ərazilərdə geniş yayılmışdır. Azərbaycanın hər yerində rast gəlinən, tarixi çox qədimlərə gedib çıxan və xalq tərəfindən "Pir", "Övliya", "Şıx" deyə adlanan minlərlə qəbir və məqamların varlığı, bir çox yaşayış məskənlərinin adında bu anlayışların mövcudluğu zəngin təsəvvüfi keçmişdən xəbər verən zəruri faktlardır. Məsələn, dastanda göstərilir ki, "Qanturalı cəmal və kəmal yiyəsi igid idi. Oğuzda dörd igid üzü niqabla gəzərdi. Biri Qanturalı, Biri Qaraçəkür və oğlu Qırqqınuq və Boz ayğırlu Beyrək" Qanturalının camal və kamal sahibi olması təsəvvüfdəki "qazi ərən" obrazının cizgilərindəndir. "Camal və kamal" sahibi olmaq üzüniqablıların, yəni dörd oğuz igidinin, o cümlədən Beyrəyin keyfiyyətidir. Onların camal sahibi olmaları müqəddəs sayılan sifətlərini, kamal sahibi olmaları isə islami biliklərini göstərir. Onu da əlavə edək ki, camal və kamal sahibi olmaq təsəvvüfi məqamıdır və bu mənada "Kitabi-Dədə Qorqud", əslində, Azərbaycan təsəvvüfi-islami düşüncə tarxinə şahidlik edən son dərəcə möhtəşəm bir faktı qoruyub saxlamışdır
Azərbaycan ədəbiyyatının ideoloji qaynağı olan təsəvvüf özünün bütün tarixi inkişafı boyunca demək olar ki, həmişə ədəbiyyatla birgə olmuşdur. Bu ümumi qanunauyğunluq Azərbaycan təsəvvüf-təriqət tarixi üçün də xarakterik olmuş, bölgələrdə çox zəngin bir ədəbiyyatın yaranması üçün geniş şərait yaranmışdır. Odur ki, "Kitabi-Dədə Qorqud"dakı qara donlu dərvişləri təsəvvüflə əlaqələndirməsi düzgün müşahidədədir. Abidədə təsəvvüfün təməl anlayışları, obrazlar sistemi ilə bağlı ciddi məqamlar vardır. Hicrətin ikinci əsrindən (VII-VIII əsrlər - X.H.) etibarən özünü praktiki olaraq göstərən təsəvvüf hərəkatı islamın sürətlə yayılmasında təsiri olan ən önəmli faktorlardan biridir. İslami dəyərlərin fərd və toplumlar içərisində ən səmərəli şəkildə yayılıb-yaşaması idealına həyatlarını həsr etmiş sufilər təbliğ fəaliyyətinə böyük bir önəm vermiş və ilk dövrlərdən etibarən, islamın missionerliyini etmişlər.
Dastanda təsəvvüflə bağlı məqamlardan biri oğuz igidlərinin yuxu görməsidir. Yuxu görmə məqamına dastanda müxtəlif boylarda və "Salur Qazanın evinin yağmalanması" boyunda rast gəlirik. Bu boyda yuxu görənlərdən biri Qazan xan, digəri isə Qaraca çobandır.
İslam aləmində yuxu görən, görülən yuxuları yozan Yusif peyğəmbər olmuşdur. Müxtəlif yuxu yozmaq qabiliyyətinə malik olan Yusif (ə.s.) çox gözəl olub. O, bacarığı, ağlı sayəsində Misir ölkəsinin şahı kimi yüksək bir vəzifəyə yüksəlib, Misir əzizinin qızı Züleyxa ilə evlənib. Yusif qissəsi "qissələrin ən gözəli adı ilə "Qurani-Kərim"in 12-ci surəsi Yusif surəsidir".
Bir faktı nəzərə almaq lazımdır ki, oğuz türklərinin arxaik-mifoloji görüşlərini, epik dastançılıq ənənəsini özündə əks etdirən, onların özləri ilə qədəm basdıqları bütün torpaqlara apararaq yaydıqları "Kitabi-Dədə Qorqud" oğuznamələrində qara donlu dərvişlər, camal və kamal yiyəsi olan üzüniqablı igidlər kimi çoxsaylı təsəvvüfi obraz və görüşlərin qaynağı heç bir halda yazılı poeziyaya - divan ədəbiyyatına gedib çıxmır. Eposdakı və onun daşıyıcılarının (oğuzların) düşüncəsindəki epik-təsəvvüfi obraz və motivlərin mənbəyi xalq sufizmi - xalq içərisində onun öz dilində şifahi şəkildə yayılan dini-təsəvvüfi görüşlərdir.
"Kitabi-Dədə Qorqud" dastanında islami məqamların olmasının səbəblərindən biri də dastanın sonradan islam katibləri tərəfindən üzünün köçürülməsi və oraya islam elementlərinin artırılması olmuşdur. Bu xüsusiyyətlər də dastanı təsəvvüf məqamları ilə bağlayır. Bütün bunlara baxmayaraq, dastan türk xalqlarının mənəvi və maddi mədəniyyət xəzinəsidir. Türk xalqlarına aid bütün gözəl xüsusiyyətlərə bu abidədə rast gəlmək olar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!