Bu, bir danılmaz gerçəklikdir ki, qədim tarixi və zəngin ənənələri olan ədəbi dilimiz zaman keçdikcə bir tərəfdən müəyyən fonetik və leksik-semantik dəyişikliyə uğramış, digər tərəfdən isə yeni məna və anlayışlarla zənginləşərək daha da təkmilləşmiş və bugünkü duruma gəlib çatmışdır. Məhz bu mühüm və əhəmiyyətli amili - klassik yazılı ədəbi dilimizlə çağdaş ədəbi dilimiz arasında az da olsa, müəyyən ayrıntılar, fərqlər olduğunu nəzərə alaraq, anadilli klassik mətnlərin çağdaş əlifbamızla transkripsiya (daha doğrusu, transfoneliterasiya - termin mərhum Məmməd Adilovundur) məsələsində müvafiq dövrün tələffüz və yazı normalarının ciddi şəkildə gözlənilməsi və onların toxunulmazlığına tam dəqiqliklə əməl edilməsi ədəbi dil tarixi, xüsusilə də tarixi fonetika və tarixi dialektologiya baxımından olduqca vacib və əhəmiyyətli məsələlər sırasındadır.
Günümüzə qədər gəlib çatan və daha çox XV-XVI əsrlərin yadigarları olan anadilli əlyazmalar üzərindəki müşahidələr göstərir ki, dövrün savadlı şəxslərindən sayılan katiblər bir sıra hallarda ayrı-ayrı türkmənşəli sözləri eyni vərəqdə, bəzən, hətta eyni cümlə daxilində şüurlu surətdə və bilərəkdən müxtəlif şəkillərdə yazaraq bununla da həmin leksik vahidlərin türkcənin müxtəlif ağız və şivələrində fərqli şəkildə deyildiyini, onların tələffüzlərində müəyyən fərqlər olduğunu diqqətə çatdırmaq istəyində olmuşlar. Bu baxımdan dövrünün istedadlı mütərcimi və mahir xəttatı olmuş Məhəmməd bin Hüseyn Katib Nişatinin 1539-cu ildə tamamladığı "Şühədanamə" ("Şəhidlər kitabı") adlı tərcümə əsərinin Bakıda - Əlyazmalar İnstitutunda saxlanılan və dünyada yeganə əlyazma nüsxəsi xüsusilə böyük əhəmiyyət daşıyır. "Şühədanamə" fars dilindən tərcümə olunmuşdur və əsasən, imam Hüseynin Kərbəla müsibətindən bəhs edir. İrihəcmli bu tərcümə əsəri, ilk növbədə, ədəbi dil tarixinin əvəzsiz zəngin qaynaqlarından sayılır. Təkcə belə bir faktı qeyd etmək yetərlidir ki, tərcümənin dil xüsusiyyətləri haqqında indiyədək Azərbaycanda üç namizədlik dissertasiyası yazılmış və hazırda biri üzərində də iş gedir. "Şühədanamə"nin bu əvəzsiz nadir əlyazmasını Nişatinin özü köçürmüşdür ki, bu mühüm və əhəmiyyətli amil də onun tarixi orfoqrafiya baxımından nə dərəcədə böyük əhəmiyyət daşıdığını və sözügedən nüsxənin olduqca mötəbər bir qaynaq olduğunu açıq-aşkar bir şəkildə sübuta yetirir. "Şühədanamə"nin mütərcimi və katibi Nişatinin istər bişmiş və gözoxşayan xətti (nəstəliq), istərsə də tərcümənin mətnində nəşr arasında verilmiş şeir parçaları (onlardan bəziləri mütərcimin özünə məxsusdur) bu böyük istedad sahibinin istər xəttatlıqda, istərsə də klassik tərcümə sənətində peşəkarlığına, yetkinliyinə, zəngin təcrübəsinə zərrə qədər şübhə yeri qoymur. Nişatinin 1543-cü ildə fars dilindən çevirdiyi və şərti olaraq "Şeyx Səfi təzkirəsi" adlandırdığı ikinci bir tərcümə əsəri də vardır ki, onun da iki əlyazması mütərcimin öz xətti ilə köçürülmüşdür. Azərbaycan əlyazmaları içərisində həcmcə ən böyük olan "Şeyx Səfi təzkirəsi" (450 vərəq - 900 səhifə) Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin Ərdəbilinin həyatına həsr olunmuşdur və onun da farsca orijinalını ("Səfvətüs-səfa") Azərbaycan müəllifi İbn Bəzzaz Ərdəbili 1357-ci ildə qələmə almışdır. Yeri gəlmişkən qeyd edək ki, "Şeyx Səfi təzkirəsi" ilk dəfə 2006-cı ildə bu sətirlərin müəllifinin rəhbərliyi və iştirakı ilə Bakıda nəşrə hazırlanmışdır. "Şühədanamə"nin mətnini də nəşrə hazırlamışıq və yaxın zamanda onu araşdırıcıların və oxucuların ixtiyarına verməyi düşünürük.
"Şühədanamə"nin diqqətlə öyrənilməsi göstərir ki, peşəkar və təcrübəli Nişati tərcümənin mətnində bir çox hallarda ana dilinə məxsus ayrı-ayrı sözləri bilərəkdən bir neçə qrafik variantda işlətmişdir. Məsələn, o, müasir ədəbi dilimizdəki "torpaq" sözünü altı qrafik variantda yazmışdır: topraq - tobraq - tofrağ - toprağ - toprax - tobrax. Göründüyü kimi, Nişati bu sözün yazılışında həmin leksik vahidin söz ortasında və sonunda tələffüzündə baş verən hərf və səs dəyişmələrini xüsusi olaraq diqqətə çatdırmaq niyyətində olmuşdur. Qeyd edək ki, "Şühədanamə"də bu qəbildən olan sözlər kifayət qədərdir. Bu cür dil faktlarını göz önünə aldıqda istər-istəməz belə bir sual ortaya çıxır: Klassik mətnlərin transkripsiyası məsələsində belə hallarda necə hərəkət etməli? Eyni mətn daxilində müxtəlif qrafik variantda olan sözləri transkripsiyada yalnız bir yazı formasında verməli, yoxsa onları orijinalda - əlyazmada olduğu kimi saxlamalı? Bizim fikrimizcə, bu məsələdə tarixilik prinsipinin gözlənilməsi və orijinalın mətninin toxunulmazlığına ciddi şəkildə əməl edilməsi istər dilçilik yönündən, istərsə də ədəbiyyatşünaslıq baxımından doğru və düzgün sayılmalıdır.
Fikrimizi elmi şəkildə əsaslandırmaq üçün təkcə belə bir faktı diqqətə çatdırmaq istəyirik. Müasir ədəbi dilimizdə rəng adı bildirən "qara" sifətinin klassik poeziyada (hətta bəzən müasir şeirimizdə də) vəznin, xüsusilə də qafiyənin tələbinə uyğun olaraq üç qrafik variantda işlənməsi hallarına rast gəlirik: qara, qəra, qarə. Məsələn, ədəbi dilimizin zənginləşməsində və inkişafında misilsiz xidmətləri olan böyük Azərbaycan şairi İmadəddin Nəsiminin aşağıdakı qəzəlinin mətlə beytində olduğu kimi:
Düşdü könül ala gözün ağınavü qərasinə,
Ayrıq anınla kimsənin ağı nədir, qərasi nə?
Qəzəli bütünlüklə vermək fikrindən daşınaraq təkcə onu bildirmək istəyirik ki, burada qara sözünün məhz qəra şəklində verilməsi şeirdə qafiyə yerində işlənmiş dəva (dəvasinə), bəla (bəlasinə), cəfa (cəfasinə), həva (həvasinə) və s. leksik vahidlərinin işlənməsi ilə birbaşa bağlıdır. Deməli, bu məsələdə qafiyə amili öz işini görmüş və qara sözünün məhz qarə şəklində işlənməsini şərtləndirmişdir. Məqalənin həcmini nəzərə alaraq qara sözü ilə bağlı digər şeir nümunələrinin verilməsini məqsədəuyğun saymır və təkcə onu qeyd etməklə kifayətlənirik ki, bu leksik vahid çarə, parə, yarə və s. kimi sözlərlə qafiyə yerində işləndikdə, təbii ki, qəra yox, qarə kimi oxunmalı və elə bu cür də transkripsiya edilməli, yəni mövcud əlyazma nüsxəsindəki qrafik variantına uyğun olaraq yazıya alınmalıdır. Qara sözünün eynilə müasir ədəbi dilimizdəki kimi işlənməsinə dair də çoxlu nümunələr gətirmək olar.
Təəssüflə qeyd etmək lazımdır ki, klassik şair və söz ustalarımızın ana dilində yazdığı əsərlərinin müasir əlifba ilə transkripsiyası zamanı onların mətnlərinin bir sıra məqamlarda müasirləşdirilməsi, daha doğrusu, çağdaş ədəbi dilimizə uyğunlaşdırılması hallarına rast gəlirik. Yeri gəlmişkən, onu da xatırladırıq ki, yuxarıdakı beytin ilk misrasındakı ağınavü sözü istər onun əlyazmadakı qrafik şəklinə, istərsə də poetik tələblərə görə ağinəvü kimi olmalıdır. Fikrimizə sübut olaraq, yenə də İmadəddin Nəsiminin məşhur bir qəzəlinin mətlə beytinə diqqət yetirək:
Səndən iraq, ey sənəm, şamü səhər yanaram,
Vəslini arzularam, daxi betər yanaram.
Beytlə bağlı, ilk növbədə, onu demək lazımdır ki, qəzəlin əlyazmadakı yazı variantını əsas götürərək birinci misradakı iraq sözünün sonundakı "ğəyn" hərfinə əsasən bu leksik vahidi irağ şəklində transkripsiya etmək məqsədəuyğundur. Qeyd edək ki, professor Qəzənfər Paşayev Nəsiminin İraq divanında bu sözü doğru olaraq elə irağ şəklində vermişdir (İmadəddin Nəsimi. İraq divanı. Bakı, 2018, səh.178). Nəsimi divanının Bakıda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan qədim əlyazmasında da bu sözün yazılışı onun məhz irağ şəklində oxunmasını tələb edir (Həmin vərəq məqaləyə əlavə kimi oxucuların diqqətinə çatdırılır). Maraqlıdır ki, görkəmli ədəbiyyatşünas, akademik Həmid Araslının tərtib etdiyi Nəsimi divanında həmin qəzəlin üçüncü beytində haqqında danışdığımız söz elə irağ şəklindədir:
Məndən irağ olduğun bağrımı qan eylədi,
Oldu gözümdən rəvan xuni-cigər yanaram.
Nəsiminin "Seçilmiş əsərləri"nin 2005-ci il nəşrində isə qəzəlin istər mətlə beytində, istərsə də üçüncü beytində bu söz iraq şəklindədir (Altun kitab, tərtibçi: professor Xəlil Yusifli, səh.91).
Aydınlıq üçün qeyd edək ki, ərəb qrafikalı türkcə mətnlərdə "ğəyn" hərfi, söz sonunda bir qayda olaraq, ədəbi dilimizdəki [ğ] səsinin ifadəsi olaraq işlənmişdir: dağ, boyağ, çırağ və s. Onu da əlavə edək ki, bu hərf ərəb və fars dillərindən alınma kəlmələrdə söz başında işləndikdə ədəbi dilimizdə, əsasən, [q] səsinin ifadəçisi kimi qəbul edilmişdir. Məsələn: qəm, qüssə, qubar və s. Bu məsələdə, təbii ki, ədəbi dilimizdə söz əvvəlində "ğe" hərfinin (və müvafiq səsin) işlənməməsi əsas götürülmüşdür. Bununla belə, qeyd edək ki, bəzi ərəbmənşəli sözlərdə işlənən "ğəyn" hərfinin ədəbi dilimizdə qarşılığı olaraq "qe" hərfinin işlənməsi müəyyən dolaşıqlığa gətirib çıxara bilər. Məsələn, ədəbi dilimizdə çox işlək olan ərəbmənşəli qəza (insanın başına gələn hadisə; bədbəxt hadisə - danışıq dilində: "avariya") sözü ilə yanaşı, klassik ədəbiyyatda "din uğrunda aparılan müharibə", "cihad" anlamında işlənən və yenə də qəza variantında qəbul edilən ərəbmənşəli ikinci belə bir söz də vardır (bax: Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti, Bakı, 2005, səh. 388-389). Fikrimizcə, klassik mətnlərin transkripsiyası zamanı eyni bir mətn daxilində hər iki sözün qəza şəklində verilməsini məqbul saymaq olmaz. Məsələ burasındadır ki, bu iki müxtəlif mənalı sözün ərəb dilindəki yazılışı tamamilə fərqlidir. Belə ki, hadisə anlamını daşıyan qəza sözü "qaf" və "zad" hərfləri ilə, cihad mənasında işlənən söz isə bu dildə (elə anadilli mətnlərimizdə də) müvafiq olaraq "ğəyn" və "ze" hərfləri ilə yazılır. Deməli, klassik mətnlərdə bu iki müxtəlif sözün transkripsiyasında onların eyni qrafik variantda verilməsini elmi baxımdan düzgün saymaq olmaz. Bunu nəzərə alaraq, biz "Şühədanamə"də həmin sözləri qəza (hadisə) və ğəza (cihad) şəklində transkripsiya etməyi məqsədəuyğun saymışıq. Yeri gəlmişkən qeyd edək ki, professor Qəzənfər Paşayev Nəsiminin İraq divanında qəm sözünü ğəm şəklində transkripsiya etmişdir:
Müddəi yanır demiş ğəmdə, Nəsimi, vəli,
Ğəmdə yanan yarı yar çünki sevər yanıram.
İndi isə Nəsiminin "Səndən irağ, ey sənəm..." qəzəlinin yuxarıda verdiyimiz mətlə beyti ilə bağlı daha bir mühüm və əhəmiyyətli məqama öz münasibətimizi bildirmək istəyirik. Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, klassik mətnlərin transkripsiyası zamanı dil faktları ilə yanaşı, ədəbiyyat məsələlərinə, xüsusilə də poetika, vəzn və qafiyə ilə bağlı incə məqamlara da - bir sözlə, şeirin bədii imkanları və özəlliklərinə də xüsusi diqqət yetirmək olduqca mühüm və vacib məsələlər sırasındadır. Məsələyə bu mövqedən yanaşdıqda, fikrimizcə, yuxarıda verilən qəzəlin mətlə beytindəki yanaram və arzularam sözlərinin yanərəm və arzulərəm şəklində oxunuşu daha məqsədəuyğundur:
Səndən irağ, ey sənəm, şamü səhər yanərəm,
Vəslini arzulərəm, daxi betər yanərəm.
Fikrimizi əsaslandırmağa çalışaq. Birincisi, beytdə rədif kimi işlənən yanərəm sözünün, eləcə də ikinci misradakı arzulərəm lekseminin orijinalda (əlyazmada) yazılışı onların məhz bu şəkildə oxunuşunu tələb edir. İkincisi isə, bu sözlərin məhz təqdim etdiyimiz variantda oxunuşunu qəzəldə qafiyə yerində işlənən sözlər: səhər, betər (əslində bətər olmalıdır: farsmənşəli bədtər (daha pis) sözünün qısaldılmış formasıdır), qəmər, düşər, əgər və s. tələb edir. Belə olduqda şeir səs uyarlığı, poetika baxımından daha oynaq, daha ahəngdar səslənir, xüsusi bir ritm yaradır, qulağı oxşayır və şeirin musiqiliyini, axıcılığını daha da artırmış olur. Aydınlıq üçün onu da qeyd edək ki, beytin ikinci misrasındakı arzulər(əm) sözü bətər kəlməsi ilə daxili qafiyə yaradır. Yeri gəlmişkən qeyd edək ki, dahi Azərbaycan şairi Məhəmməd Füzuli məşhur "Məni candan usandırdı..." qəzəlində ilk beytdən başqa digər beytlərin hamısında böyük məharət və ustalıqla daxili qafiyələr işlətmişdir:
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçün qılmaz mənə dərman,
məni bimar sanmazmı?
Gəmim pünhan tutardım mən,
dedilər yarə qıl rövşən,
Desəm ol bivəfa bitmən inanarmı, inanmazmı?
Nəsiminin sözügedən qəzəlinin mətlə beytindəki yanaram və arzularam sözlərinin təqdim etdiyimiz variantda oxunuşuna, bəlkə də, qarşı çıxanlar, buna etiraz edənlər də tapılsın və təxminən bu cür arqumentlər ortaya qoyulsun: Sözlərin bu cür oxunuşu qəribə səslənir, onlarda ahəng qanunu pozulur və s. Bəli, həmin sözlərin bu cür oxunuşu müasir oxucu üçün qəribə səslənə bilər, həm də bu halda ahəng qanunu pozulmuş olur. Ancaq məsələ burasındadır ki, bu qəbildən olan məqamlara müasir dövrün tələbləri ilə yanaşma elmi baxımdan doğru sayıla bilməz. İkincisi, məgər qara sözünün qarə və ya qəra variantlarında ahəng qanunu pozulmur? Məgər ədəbi dilimizdə ahəng qanunu pozulan türkmənşəli sözlər yoxdur? Məlum olduğu kimi, Azərbaycan dilinin dialekt və şivələrində ahəng qanununa tabe olmayan sözlərin sayı kifayət qədərdir. O da məlum bir faktdır ki, dialekt və şivələrimiz ədəbi dil tarixinin araşdırılması baxımından ən mötəbər qaynaqlar sayılır. Deməli, yuxarıdakı sözlərin qeyd etdiyimiz variantlarda oxunuşu elmi əsaslara söykənir ki, bunun da kökündə tarixilik prinsipinə əməl edilməsi, dövrün dil və poetika faktlarının birmənalı şəkildə toxunulmazlığı, eləcə də onlara xas olan incə məqamların, səciyyəvi xüsusiyyətlərin nəzərə alınması dayanır.
Yeri gəlmişkən qeyd edək ki, Nəsiminin aşağıdakı tuyuğunun transkripsiyasında da bu qaydaya əməl edilmiş və vəznin tələbinə uyğun olaraq, müasir ədəbi dilimizdə yazaram, azaram şəklində işlənən sözlər fərqli fonetik biçimdə verilmişdir:
Adımı həqdən Nəsimi yazərəm,
Bil bu mənidən ki, siməm, ya zərəm.
Həm hidayət eylərəm, həm azərəm,
Həm büti usadıcı, həm Azərəm.
Məhz bu amilləri nəzərə alaraq, biz üzərində tamamlama işlərini apardığımız "Şühədanamə"nin akademik nəşrində ilkin qaynağın - əlyazmanın səciyyəvi yazı xüsusiyyətlərini qorumağa çalışmış və istər əsərin əsas hissəsini təşkil edən və bir çox hallarda səclə (qafiyəli nəşlə) qələmə alınmış nəşr hissəsinin, istərsə də nəsr arasında verilmiş şeir parçalarının transkripsiyasında ədəbi dil normaları ilə yanaşı, poetika məsələlərini də nəzərə almış - bir sözlə, problemə kompleks şəkildə yanaşmışıq.
Anadilli klassik mətnlərin transkripsiya məsələsi ilə bağlı daha bir vacib və incə məqama toxunmaq istəyirik. Bu, klassik sənətkarların dilində işlənmiş və müasir ədəbi dilimiz üçün arxaik səciyyə daşıyan bəzi sözlərin azacıq da olsa, təhrif olunmuş şəkildə verilməsidir. Böyük söz ustadı Məhəmməd Füzulinin aşağıdakı misraları buna nümunə ola bilər:
Tutuşdu qəm adına şad gördüyün könlüm,
Müqəyyəd oldu ol azad gördüyün könlüm.
Yuxarıdakı beyt Füzuli əsərlərinin əksər nəsrlərində bu şəkildədir, halbuki burada işlənmiş birinci söz tütüşdü şəklində olmalıdır. Aydınlıq üçün qeyd edək ki, bu sözün kökündə qədim türk leksik vahidi olan tütmək leksemi dayanır ki, onun da mənası "tüstülənmək"dir. Yazılı abidələrdə, o cümlədən Nəsimi divanında işlənən tütün (tüstü) sözü də bu kökdəndir:
Çıxdı içimdən tütün, çərxi boyadı bütün,
Gör ki, nə atəşdəyəm, gör nə qədər yanərəm.
Füzulinin yuxarıdakı beytdə işlətdiyi tütüşmək sözü də eyni kökdəndir və "tüstülənmək" anlamını daşıyır. Eyni sözləri klassik ədəbiyyatda bol-bol işlənən düş (yuxu, röya), uçmağ (behişt, cənnət) sözlərinin yanlış olaraq duş, uçmaq şəkillərində verilməsinə də aid etmək olar. Bu baxımdan ana kitabımız "Kitabi-Dədə Qorqud"un bəzi nəşrlərində yol verilmiş açıq-aşkar səhvlər daha acınacaqlıdır. Dastandakı aşağıdakı kiçik bir cümlə buna nümunə ola bilər:
Qara polad uz qılıcı gədik oğlan.
Bu cümlə eposun bəzi nəsrlərində bu şəkildə verilmişdir:
Qara poladüz (?) qılıcı gödək (?) oğlan.
Aydınlıq üçün qeyd edək ki, cümlədəki uz qədim türk sözüdür: yaxşı, münasib deməkdir. Professor Samət Əlizadənin nəşrə hazırladığı "Oğuznamə"də işlənmiş aşağıdakı atalar sözündə bu leksik vahidin daşıdığı məna göz qabağındadır:
Az söylə, uz söylə (Az danış, yaxşı danış).
Cümlədəki gədik sözü də qədim türk sözüdür və mənası həm aşırım, həm də nöqsanlı, deşilmiş, deşik-deşik deməkdir. XV əsr Azərbaycan şairi-mütərcimi Vəli Şirazi "Gülşəni-raz" tərcüməsində gədik sözünü bilərəkdən onun ərəbmənşəli sinonimi olan naqis leksemi ilə qoşa işlədərək bununla da diqqəti onun daşıdığı mənanın daha aydın şəkildə anlaşılmasına yönəltmişdir:
Kimin ki içinin ola gədügi,
Ərənlərin budur naqis dedügi.
Sonda klassik mətnlərin transkripsiya məsələsində diqqət ediləcək daha bir incə məqama toxunmağı məqsədəuyğun sayırıq. Bu, klassik türk yazılı mətnləri üçün səciyyəvi olan və "sağır nun" adlanan xüsusi bir hərfin (və müvafiq səsin) müasir akademik nəsrlərdə verilməsi ilə bağlıdır. Məlum olduğu kimi, "sağır nun" çağdaş ədəbi dilimizdə yoxdur və yalnız ayrı-ayrı dialekt və şivələrdə öz varlığını qoruyub saxlamışdır (Müasir özbək, qazax, türkmən dillərində və əlifbalarında isə bu hərf vardır və nq şəklindədir). Bununla belə, Orta əsrlərə aid əlyazmaların mətnlərinin akademik nəşrlərində "sağır nun"un saxlanılmasına ehtiyac vardır. Yenə də Nəsiminin bir məşhur beytinə nəzər salaq:
Düşdü yenə dəli könül gözlərinin xəyalinə,
Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?
Beytdəki seçdirilmiş sözün əvvəlində şəxs əvəzliyi (onun, sənin) işlənmədiyi üçün bu leksik vahidin konkret olaraq kimə aidliyi məsələsi müəyyən mənada qaranlıq qalır. Sözdə "sağır nun"un işlənməsi isə bu məsələyə tam aydınlıq gətirir. Belə ki, gözlərinin sözündəki adi "en" hərfi hər iki halda "sağır nun" şəklində olduqda bu leksik vahid sənin gözlərinin mənasını daşımış olacaqdır. Sözdə bir "sağır nun" işləndikdə isə onu belə qəbul etmək lazımdır: onun gözlərinin. Bundan əlavə, klassik türk mətnlərində "sağır nun"la işlənən mən (və ya bən) bədəndə (üzdə, burunda və s.) olan xal anlamını daşıdığı halda, bu söz "sağır nun"suz birinci şəxsin təkinin əvəzliyi mənasında anlaşılacaqdır.
Beləliklə, bütün bu qeydlərimiz əvəzsiz milli-mənəvi sərvətlərimizdən olan yazılı abidələrin, klassik mətnlərin transkripsiya məsələsinin nə dərəcədə böyük əhəmiyyət daşıdığını, eyni zamanda, çətin və ağır bir iş olduğunu, bu sahə üzrə hərtərəfli bilik və təcrübə tələb olunduğunu açıq-aşkar bir şəkildə sübut edir. Məhz buna görə də düşünürük ki, Orta əsrlərin yadigarları olan və dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan Azərbaycan əlyazmalarının, ümumiyyətlə, klassik mətnlərin akademik nəşrlərinin hazırlanması məsələsində ölkəmizin dilçi və ədəbiyyatçı, əlyazmaşünas və şərqşünas alimlərinin sıx əməkdaşlığı, səylərin birləşdirilməsi faydalı olardı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!